TƏLƏBƏ YARADICILIĞI – “Mən kiməm və kim olmaq istəyirəm” Featured

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Sosial-İqtisad Kollecinin tələbəsi Ayşən Cəfərlinin essesi təqdim edilir.

 

Dünyaya gözlərimizi açanda ilk gördüyümüz insanlar ailə üzvlərimiz olur. Ailə – bir uşağın həm evi, həm də yuvasıdır. Onu bütün pisliklərdən və təhlükələrdən qoruyan bir sığınacaqdır. Zamanla yaş aldıqca, hər bir ailədə olduğu kimi, mənim ailəmdə də bir sual yaranmağa başladı. Daha doğrusu, bir problem: "Bu uşaq böyüyəndə nə olsun?"

 

Düşünürəm ki, abituriyentlərin 90%-nin kim olacağına ailələri qərar verir. Ailə – səni böyüdən, qoruyan və evin olduğunu düşündüyün insanlardır. Onlar sənin pisliyini istəməz, gələcəyin üçün ən yaxşısını seçərlər.

 

Mən kim olmaq istəyirəm?


Uşaq vaxtı mənim üçün böyük mənası olan bu sual, indi çox da dəyərli görünmür. Həyatda hər şey olur. Ölkədə və dünyada bir çox insan öz sənətini icra edə bilmir.

Bunu belə düşünək: balaca bir uşağı marketə aparırsınız və o, bir neçə oyuncağın içindən yalnız birini seçə bilər. O qədər gözəl oyuncaqların içindən sadəcə birini. Gələcəkdəki peşə seçimi də uşaqlar üçün belə formalaşır – sadəcə bir peşə. Halbuki uşaqlar uşaqkən bir neçə peşə sadalayır: həkim, müəllim və daha nələr-nələr... Hər ikisi olduqca gözəl sənətlərdir, sözsüz. Lakin niyə kiçik düşünək ki? Niyə mütləq həkim və ya müəllim?

Bir qız hərbiyə də sənəd verə bilərdi. Jurnalist də ola bilərdi. Tərcüməçi, xarici ölkələrə səyahət edən bloger... Lakin dediyim kimi, bizə "Kim olmaq istəyirsən?" sualını verənlər, əslində olmaq istədiyimiz şeyi seçməyimizə icazə vermirlər.

Bəzi evlərdə vəziyyət tam fərqlidir. İstedadı olan bir çox uşaq, sırf ailəsi icazə vermədiyi üçün seçdiyi yoldan geri dönür. Bu hallar xüsusilə rəssamlıq, dizaynerlik, rejissorluq, aktyorluq kimi sənətlərdə daha çox müşahidə olunur. Bir çox ailə "o sənətdə pul yoxdur", "dizayner, yaxud aktyor nə işdir?", "dövlət işi daha yaxşıdır" deyib uşaqlarının həm arzularını, həm də istedadını öldürür.

Nəticə nədir? "Kim olmaq istəyirsən?" deyib, övladlarını olmalarını istədikləri insanlara çevirirlər. Bəzi ailələr yaşaya bilmədikləri uşaqlıqlarını, ola bilmədikləri insanı, öz uşaqlarında yaşatmağa çalışırlar.

Mən ilk vaxtlar ədəbiyyat müəllimi olmaq istəmişdim. Bir il sonra isə tibb bacısı. Mənim fərqim ondadır ki, hər iki sənətə qarşı dərin bir sevgim var idi. Bu da ətraf mühitlə bağlı idi. Hər iki sənəti sevdirən insanlar olmuşdu həyatımda.

Və bir də ətraf mühiti unutmayaq. Əsas yerə qohumları qoyaq. Axı dedim, ailə ana və atanızdır, qardaş-bacılarınızdır  – bu onun görünən hissəsidir. Qalanı isə uzaq-yaxın fərq etməz – qohumlarınızdır. "Kim olmaq istəyirsən?" sualında onların da rolu böyükdür.

– Mən jurnalist olmaq istəyirəm!
– Qız uşağı hara, jurnalist hara? Bizim ailədə kimsə televizora çıxa bilməz!

Bu kimi nümunələri daha çox sadalaya bilərəm, lakin düşünürəm ki, siz oxuduqca öz səbəbləriniz gözünüzün önündə canlanır.

Bir yerdə oxumuşdum: "Gələcəkdə kim olacağınıza 17-18 yaşında bir yeniyetmə qərar verir." Lakin bu doğru deyil. Gələcəkdə kim olacağınıza əslində ailəniz qərar verir. Bəzi ailələr uşaqlarını sərbəst böyüdür, olmaq istədikləri insan olması üçün şərait yaradır. Bəziləri isə tam əksinə.

Bir də, niyə insanın yalnız bir peşəsi olsun ki? Eyni anda həm müəllim, həm tibb bacısı ola bilməzdimmi? Olardım. İnsan istəsə, hər şey olar. Sadəcə çabalamaq lazımdır. Dediyim kimi, ailə hər şeydir – sözsüz. Lakin gələcək sənindir. O seçilən peşədə illərini sən xərcləyəcəksən. Öz peşmançılıqlarını və səhvlərini başqalarını günahlandıraraq gizlətmə.

Kitablar həyatıma daxil olduqdan bir neçə ay sonra seçdiyim bütün peşələri unutdum. Artıq gündəliyimə yeni bir peşə əlavə olunmuşdu: Yazarlıq. İnsanların, qohumlarımın və ailəmin tənqid edəcəyi, heç vaxt qəbul etməyəcəyi, vaxt itkisi adlandıracağı bir "peşə". Hətta buna peşə deməyənlər də var.

Mən kim olmaq istəyirəm? – uzun müddət bu sual mənim üçün əhəmiyyətsiz idi. Əsas olan maaş olsun, dövlət işi olsun deyib keçirdiyim bu sual artıq mənim üçün vacibləşmişdi. Çünki artıq kim olmaq istədiyimi tapmışdım – yazar.

İnsan seçdiyi peşəni sevərək icra etməlidir. Sevgi, hər şeyin ən gözəl halını yaradar. Sevgiylə görülən hər iş sözsüz mükəmməl olar. Həyatda kim olmaq istədiyinizi, hal-hazırda olduğunuz yeri və gələcəyinizi düşünün. Peşəni maaşınıza, evə yaxınlığına, ailənizin istəyinə görə yox, qəlbinizə görə seçin. Ömrünüzü xərcləyəcəyiniz o peşəni özünüz seçin.

Siz kimsiniz? Bir xəyalpərəst, yoxsa realist?

Hər axşam olmaq istədiyiniz yer haqqında qurduğunuz o xəyallar niyə gerçəkləşməsin ki? Yaxud siz onları gerçəkləşdirmək üçün nə etmisiniz?

Mən kiməm və kim olmaq istəyirəm?

Mən tələbəyəm, hazırda müəllim olma yolunda addımlayıram. Lakin bu, mənim ömürlük seçdiyim peşə deyil. İkinci təhsil almaq fikrim var. Mən eyni zamanda yazıram. Yazmanın, oxumanın insanı daha da yaxşılaşdırdığına inanıram. Qapanmayan hər yaranın yazaraq sağaldığına inanıram.

Hər zaman öyrənməyə açıq olun. Çalışın, bir yerdə ilişib qalmayasınız. Və... son olaraq: Xəyallarınızı öldürməyin. Onların arxasınca gedin və onları xəyal olmaqdan azad edin. Kim və ya nə olacağınıza başqaları deyil, siz özünüz qərar verin. Heç bir şey üçün gec deyil.

Çox sevdiyim bir söz var:

“Hələ son deyil, ümidini itirmək üçün isə hələ tezdir.”

Kim olmaq istədiyinizi düşünün. Və bu dəfə sadəcə qəlbinizin səsini dinləyin.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.