
Super User
İğdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə keçirilib
İğdır liseylərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsi keçirilib.
Müsabiqə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, İğdır Azərbaycan Evi Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Hər il ənənəvi olaraq keçirilən müsabiqədə Heydər Əliyev Fənn Liseyi ilə yanaşı, digər liseylərin şagirdləri də iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İğdırdakı Heydər Əliyev Fənn Liseyində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş olunub.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal müsabiqə barədə danışarkən ənənəvi tədbirin türkiyəli məktəblilərdə milli, vətənpərvərlik ruhunun yüksəlməsinə və onların tarixi biliklərinin artmasına böyük təsir göstərdiyini bildirib. O, çıxışında "Xocalı deyəndə yadıma soyuq bir fevral gecəsi gəlir. Xocalı deyəndə ağlıma günahsız, silahsız insanların soyqırımı gəlir. Ermənilər günahsız insanları qətlə yetiriblər. Bu hadisə dünya tarixində soyqırım kimi qalacaq. Xocalıya ədalət tələb edirik!”- deyə qeyd edib.
İğdırdakı Heydər Əliyev Fənn Liseyinin direktoru Yavuz Bağcı bildirib ki, ermənilər Xocalıda soyqırımı törədib, günahsız insanları öldürüb, işgəncə veriblər. Türk milləti olaraq bu faciənin heç vaxt unudulmayacağını vurğulayan direktor Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı heç bir uşağa, mülki şəxsə zərər vermədiyini diqqətə çatdırıb.
Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşlərinə diqqət çəkilib. Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.
Sonra münsiflər heyəti müsabiqənin müxtəlif nominasiyalar üzrə qaliblərini elan edib. Qaliblər arasında Sedanur Manaz (şeir), Zeynep Kübra Ada (bədii kompozisiya), Sıla Angay (hekayə) və Selin Ünlü (rəsm) birinci yerlərə layiq görülüblər. Qaliblərə, həmçinin digər şagirdlərə hədiyyələr təqdim edilib.
Sonda məktəblilərin iştirakı ilə Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini, eləcə də təcavüzkar dövlətin Türkiyəyə qarşı əsasız iddialara aid həqiqətləri şagirdlərə çatdırmaqdır. İştirakçılar keçirilən şeir, bədii kompozisiya, hekayə və rəsm müsabiqələrində öz yaradıcılıqları ilə Xocalı soyqırımının unudulmadığını bir daha göstəriblər.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb
London İmperial Kollecində (Imperial College London – Imperial) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi Stories of Resilience and Justice: Forced Exile and Return” (“Əzmkarlıq və ədalət hekayələri: Məcburi köçürülmə və qayıdış”) adlı tədbir London Universitet Kolleci, London Kral Kolleci, London İmperial Kolleci, London Şahzadə Meri və London Şəhər Universitetində fəaliyyət göstərən Azərbaycan tələbə cəmiyyətlərinin dəstəyi ilə baş tutub.
Tədbir Xocalıda qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı soyqırımını əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.
“2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində London İmperial Kollecində təhsil alan Azərbaycan Tələbə Cəmiyyətinin idarə heyətinin üzvləri Aygün Həsənova və Aydan Poladova Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Onlar hadisə şahidlərinin dilindən olan faktlardan və məcburi köçkün həyatının ağır izlərindən bəhs ediblər. Bildirilib ki, xaricdə təhsil alan gənclər ölkəmizə qarşı bu ədalətsizliyi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Bu dəhşətli hadisəni törədənlərin hüquqi müstəvidə cəzalandırılmasının vacibliyini vurğulayıb. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ordumuzun rəşadəti ilə ədalətin bərqərar olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər xalqımıza qələbə sevinci yaşatdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşləri xatırladılıb. Xocalının artıq dirçəldiyi vurğulanıb. İnsanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.
Sonda Əməkdar artisti, skripkaçı Ceyla Seyidova Xocalı qurbanlarının xatirəsinə musiqi parçaları ifa edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq tədbirin təşkilinə kömək məqsədilə tələbələri müxtəlif təbliğat materialları ilə təmin edib.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
Virciniya ştatının Feyrfaks şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
ABŞ-nin Virciniya ştatındakı Azərbaycan Evinin təşkilatçılığı ilə “Cinema Arts Theatre” kinoteatrında keçirilən tədbirdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Türkiyə və Azərbaycanın ABŞ-dəki Səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, anım tədbirində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Eyni zamanda Milli Qəhrəman Natiq Qasımov haqqında olan “Oğul” sənədli filmi, 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz barədə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmi nümayiş göstərilib.
Tədbirdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, soyqırımını törədənlərin ifşa olunması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Prezident İlham Əliyev, Birinci vitse – prezident Mehriban Əliyevanın gördüyü işlərdən danışılıb. Bildirilib ki, dünya ölkələri tərəfindən bu qətliama beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymət verilməli və bu cinayətin təşkilatçıları cəzalandırılmalıdır.
Qeyd edək ki, 5 günlük Xocalı həftəsi çərçivəsində tədbir iştirakçılarına soyqırımı faktlarını əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
Gənclər Kitabxanasında Xocalı Soyqırımı ilə əlaqədar silsilə materiallar hazırlanıb
Bu gün Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı Soyqırımından 33 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsinə həsr edilən silsilə materiallar – biblioqrafik icmal, tanıtım çarxları, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, biblioqrafik icmalda ölkəmizdə Xocalı Soyqımına dair imzalanan rəsmi sənədlərin tam mətni, “Xocalı indi kədərin yox, Zəfərin rəmzidir!” başlığı altında özündə faciənin tarixi, Azərbaycan xalqının yaddaşında buraxdığı silinməz izlər və sağalmaz yaralar, erməni terrorizminin ən dəhşətli siması, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlər, 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük lokal antiterror tədbirləri nəticəsində əldə edilən tarixi ədalət – Şanlı Qələbə, Xocalı şəhərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilir. Biblioqrafik icmalda “Əsir Xocalı”, “Onlar heç vaxt böyüməyəcək”, “Tarixi saxtalaşdırmaq cinayətdir”, “Xocalı qətliamı : erməni qəsbkarlığının qanlı fəsadları”, “Ölümdən o yandakı Xocalı” kimi Azərbaycan, türk, ingilis, rus və digər dillərdə nəşr edilən 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələri sərgilənir.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/tarixin-unudulmayan-xocali-izi“Tarixin unudulmayan Xocalı izi” adlı virtual sərgidə Xocalı soyqırımı hadisələrinin xronologiyası, tarixi, acı nəticələri haqqında məlumatlarla yanaşı Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Xocalı Soyqırımı mövzusunda olan tarixi çıxışlarının videogörüntüləri təqdim edilir, son illərdə Xocalı faciəsi mövzusunda qələmə alınan “Solmayan nərgiz”, “Xocalı şikəstəsi”, “Koramal”, “Ümidlərin izi ilə”, “Mələklərin soyqırımı” kimi bədii əsərlərin qısa annotasiyası haqda məlumat verilir.
Bundan əlavə Respublika Gənclər Kitabxanasının sosial platformalarında “Xocalı Soyqırımı bədii ədəbiyyatda” başlığı altında faciəyə həsr olunan ədəbiyyat nümunələrinin tanıtım çarxları paylaşılır. Kitabxana əməkdaşları tərəfindən Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyevin müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin erməni qəsbkarları tərəfindən törədilən Xocalı Soyqırımı nəticəsində yarımçıq qalan sevgi hekayəsi və qəhrəmanlıq dolu həyatından bəhs edən “Qırmızı ləçəklər” kitabının tanıtım çarxı hazırlanaraq istifadəçilərə təqdim edilib. Respublika Gənclər Kitabxanası tərəfindən “Xocalı Soyqırımı bədii ədəbiyyatda” başlığı altında daha bir neçə kitabın tanıtım çarxının hazırlanması nəzərdə tutulur.
Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar hazırlanan biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirlib.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
XOCALI FACİƏSİNİN ANIM TƏDBİRİ - Bu dəfə Oğuzda
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunun təhsil, mədəni-maarif, səhiyyə müəssisələrində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş kütləvi anım tədbirləri keçirilir.
Belə tədbirlərdən biri də Oğuz Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Tədbirdə öncə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında şıxış edən Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov Xocalıdakı erməni vandalizmi, xüsusi amansızlıqla həyata keçirilən zorakılıq aktları, maddi-mədəniyyət abidələrinin məhv edilməsi, xalqımızın başına gətirilən bəlalardan danışıb. O qeyd edib ki, “Ermənilər uzun illər Azərbaycan xalqına qarşı müxtəlif terror aktları, soyqırımı törədiblər. Nəticədə, yüzlərlə azərbaycanlı faciələrin qurbanlarına çevrilib. Lakin çox qürurverici haldır ki, 2020-ci ildə başlanan 44 günlük haqq savaşımız, eləcə də 2023-cü ildə baş tutan Antiterror tədbirləri nəticəsində ölkəmizin bütövlüyü və suverenliyi tam bərpa edildi. Qürurluyuq ki, hazırda dogma Xocalı tam azaddır və artıq Xocalı sakinləri öz əzəli dədə-baba torpaqlarına qayıdır. Əlbəttə ki, azadlıq qanla qazanılır və biz də döyüşlərdə şəhidlər vermişik. Hər bir azərbaycanlı ölkəmizin bütövlüyü uğrunda canlarından keçən əziz şəhidlərimizə və qazilərimizə borcludur”.
Daha sonra tibb müəssisəsinin baş həkimi Şəlalə Tahirova, Ümumi şöbənin müdiri Lalə Salamova, Sığortanın təşkili və innovasiya şöbəsinin bölmə müdiri Məhbubə Şəfiyeva və şəhid bacısı Şükufə İbrahimova Xocalı soyqırımı haqqında çıxış ediblər.
Sonda Xocalı faciəsindən bəs edən video-çarx nümayiş etdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
CƏLİL XƏLİLOV: “Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması soyqırımı qurbanlarının xatirəsinə ehtiram, tarixi yaddaşımıza töhfədir”
“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi Sərəncam soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiram nümunəsi olmaqla yanaşı, həm də tarixi yaddaşımıza töhfədir”.
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bu kompleks sonsuza kimi erməni faşizminin tarixi cinayətlərinin daşlaşmış rəmzi olaraq hər kəsə bu cinayətlərdən danışacaq, soyqırımı cəlladlarını ifşa edəcək.
Cəlil Xəlilov söyləyib:
“Erməni faşizmi tarixən xalqımıza qarşı bir-birindən ağır, bir-birindən dəhşətli cinayətlərə yol verib, çoxsaylı soyqırımları törədib. Belə soyqırımlarından xüsusi amansızlığı və qurbanlarının sayı ilə seçilənlərindən biri də 1992-ci ilin 26 fevral tarixində baş verən Xocalı soyqırımıdır. Əminliklə demək olar ki, Xocalı soyqırımı yalnız XX əsrin deyil, bəşər tarixinin ən dəhşətli soyqırımlarındandır. Bu soyqırımı erməni faşizminin nə qədər qorxunc və təhlkəli olduğunu, habelə, insani dəyərlərdən nə qədər uzaq olduğunu bir daha göstərdi. Xocalı soyqırımı sübut etdi ki, erməni faşizmi yalnız Azəbaycan yox, bütün bəşəriyyət üçün ciddi təhlükədir.
Azərbaycan bütün şəhidləri kimi Xocalı soyqırımı qurbanlarının qisasını da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühüribəsində döyüş meydanında düşməndən aldı, həlak olanların ruhuna sevinc bəxş etdi. Lakin buna baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, erməni vəhşiliklərinin ifşası oldquca vacibdir və cənab Prezidentin Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı verdiyi Sərəncam çox böyük əhəmiyyətə malikdir.
Bu Kompleks soyqırımı qurbanlarının xatirəsinə əbədi ehtiram nümunəsi olacaq, eyni zamanda illər, əsrlər sonra da onu ziyarət edən insanlara erməni faşizminin qanlı əməllərindən, qorxunc cinayətlərindən bəhs edəcək”.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
İnsanlıq hələ sağdırmı? - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bəzi gecələr var ki, onlar heç vaxt bitmir. O gecələr tarixin tozlu səhifələrində qalmır, keçmişə qarışmır, zamanın axarında yox olub getmir. Onlar bir millətin yaddaşına həkk olunur, ruhuna hopur, min illər keçsə belə, insanın qanında, göz yaşında, dərin, susqun bir haray kimi qalır.
Xocalı gecəsi də belə bir gecə idi. Qarlı, ayazlı, soyuq bir fevral gecəsi. Amma bu soyuq qarın altında yanan evlər, alova bürünmüş bədənlər vardı. Bu qış gecəsində yalnız hava soyuq deyildi – insanlıq donmuşdu. Dünya donmuşdu. İnsanlar Xocalıda öldü, amma əslində ölməyən nə qaldı? Həqiqət? Ədalət? Vicdan? Yoxsa yalnız xatirələr?
1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Qarabağın Xocalı şəhərində insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri baş verdi. Ermənistanın silahlı qüvvələri, Sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə dəstəyi ilə şəhəri işğal etdi. O gecə 613 nəfər amansızcasına qətlə yetirildi. Onların 106-sı qadın, 63-ü uşaq, 70-i isə ahıl insanlar idi.
Bu, sadəcə bir qətliam deyildi. Bu, sadəcə müharibə deyildi. Bu, xalqın ruhunu qırmağa yönəlmiş bir məhv planı idi. Çünki orada yalnız insanlar öldürülmədi – orada bir şəhər öldü, bir tarix silindi, bir xalqın yaddaşı qana boyandı.
Xocalının yolları o gecə qanla yuyuldu. Hamilə qadınların qarınları süngü ilə deşildi. Körpələrin başları daşlara çırpıldı. Əsgərlər insanların dərisini soyaraq, onlara işgəncə verdi. Gözlərini çıxardılar, başlarını kəsdilər, diri-diri yandırdılar.
Bilirsən əziz oxucu? Bəzən tarixin ən böyük cinayətləri yalnız onları törədənlər tərəfindən deyil, həm də onları görüb susanlar tərəfindən yazılır. Xocalını dünya gördü. Amma Xocalıya baxıb gözlərini yumdu.
Birləşmiş Millətlər Təşkilatı? Susdu.
Avropa? Susdu.
Amerika? Susdu.
Hətta bəzi müsəlman ölkələri belə susdu.
Hər bir dövlətin öz maraqları vardı, hər bir dövlətin öz siyasəti vardı. Amma insanlıq üçün, 613 insanın canı bahasına baş verən bir qətliam heç bir siyasətə sığmaz. İnsanlığa qarşı törədilmiş bir cinayətin bəhanəsi olmaz.
Dünya Xocalıya şahid oldu, amma cinayəti törədənləri cəzalandırmadı. Çünki bu dünya həmişə gücün tərəfində olub. Amma Xocalının qırmızı qarının üstündə ölüb qalanlar zəiflər deyildi – onlar yalnız silahsız idilər. Onlar tək idilər. Onlar unudulmuş idilər.
Amma Xocalını görüb susmayanlar da vardı. O gecənin şahidlərindən biri də Çingiz Mustafayev idi. Onun kamerası Xocalını ölümsüzləşdirdi. Onun gözləri Xocalının dəhşətini əbədi yaddaşa həkk etdi.
Çingiz Mustafayev Xocalıya ilk girən jurnalistlərdən biri idi. Onun çəkdiyi kadrlar təkcə bir reportaj deyildi – onlar tarix idi. Körpə meyitlərinin donmuş gözləri, anaların qana bulaşmış bədənləri, atılmış, çürüyən cəsədlər... Bu kadrlar insanlığın iflasını sübut edən sənədlər idi.
Amma həqiqət həmişə təhlükəlidir. Çingiz çox danışdı, çox çəkdi, çox göstərdi. O, Xocalının susmuş qurbanlarının səsi oldu. Və... həqiqətin şahidləri həmişə qurban olur. Çingiz də bir neçə ay sonra müəmmalı şəkildə həlak oldu. Amma o, ölmədi. Çünki həqiqət öldürülə bilməz.
Xocalıda yalnız qurbanlar yox, həm də qəhrəmanlar vardı. O gecə silahsız insanlar düşmənə qarşı son nəfəsinə qədər dayandı. Kimisi uşaqlarını qorumaq üçün özünü qabağa atdı. Kimisi tüfəngindəki son gülləyə qədər döyüşdü. Kimisi yaralı dostunu çiynində daşıyıb, özünü düşmən atəşinə verdi.
Orada insanlar yalnız həyatları uğrunda döyüşmürdü – onlar kimliklərini qoruyurdular. Onlar təkcə Xocalını yox, bir xalqın şərəfini müdafiə edirdilər.
Xocalı gecəsi yalnız bir soyqırım deyil. O, həm də bir millətin yaddaşına yazılmış əbədi bir yaradır.
Bəzən insanlar düşünür ki, Xocalı sadəcə bir tarixdir. Amma Xocalı bizim ruhumuzun dərinliyində bir qış gecəsi kimi qalacaq. Onun ağrısı illər keçsə belə, qarda, soyuqda donmuş bədənlər, körpələrin susmuş gözləri, qocaların kəsilmiş başları yaddaşımızdan silinməməlidir.
Xocalını unutmaq, Xocalıda öldürülənləri bir daha öldürməkdir.
Xocalını unutmaq, Çingiz Mustafayevin kamerasındakı həqiqəti silməkdir.
Xocalını unutmaq, gələcəkdə yeni bir Xocalıya yol açmaqdır.
Amma biz unuda bilmərik. Biz unutmamalıyıq. Çünki Xocalı təkcə keçmiş deyil – o, gələcəkdir. Əgər biz onu xatırlamazsaq, əgər biz onun acısını yaşamazsaq, əgər biz onu dünyaya hayqırmasaq, bir gün başqa bir gecədə, başqa bir Xocalı yenə yaşanacaq.
Hər il fevralın 26-sı gələndə, biz təkcə ölənləri anmırıq. Biz özümüzə bir sual veririk:
– İnsanlıq hələ sağdırmı?
Və o sualın cavabı hələ də bizdən asılıdır...
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Göy üzü bir çətirdi...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:
O ay işığına bax.
Kim dəyişər altuna?
Göy üzü bir çətirdi-
Hamı girib altına.
-deyir şair. Və bu dəfə də mükəmməl deyir.
Xoş mütaliələr!
Göy üzü bir çətirdi...
Yağış yağıb...çiçəklər
Elə bil doluxsunub.
Gecəni məst eləyib
Axan çayın ovsunu.
O ay işığına bax.
Kim dəyişər altuna?
Göy üzü bir çətirdi-
Hamı girib altına.
Bu da yaşın əllisi,
Ölüm gəlib haqlayıb.
Sənin yükün ağırdı-
Ver, dərdini saxlayım...
...Çıxıb getdim evimdən,
Qaldım yağışlar ilə.
Ad günümü keçirdim
Çöldəki quşlar ilə...
İçim səhra olandan,
Gözlərimdən qum gəlir...
...Unutmuşdum adımı-
Adıma məktub gəlib…
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
Rəsm qalereyası: Pavel Astaulov, “Natürmort”
Rəsm qalereyası: Pavel Astaulov, “Natürmort”
Rus rəssamı Pavel Astaulovun 2011-ci ildə çəkdiyi “İkona və samovarla natürmort” əsəri çağdaş rəngkarlığın ən dəyərli nümunələrindən biri hesab edilir.
Kətan/Yağlı boya.
Rəsmin ölçüsü 100/75sm
KİTAB BƏLƏDÇİSİNDƏ – Napoleon Hill, «Düşün və varlan»
Könül, “Ədəbiyyat və incəsənət”
Xüsusən gənclər, ən çox da tələbələr özünüinkişaf kitabları axtarırlar, belə kitablardan ən qiymətlisi «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri sayılan Napoleon Hillin «Düşün və varlan»kitabıdır.
Hətta belə bir deyim var, həyatında müəyyən uğur qazanan insan, hökmən Napoleon Hillin sözügedən bu kitabını yəqin ki, oxumuş insandır.
Bu gün bu kitab planet boyu milyon tirajlarla çıxır, (indiyə kimi 30 milyondan çox nüsxəsi satılıb), əksər biznesmenlər Napoleon Hilli uğur psixologiyasının banisi hesab edirlər. Bu kitabın hər bir uğurlu insanın, biznesmenin stolüstü kitabı olması da iddia olunur. Həyatının 20 ili boyunca Endryu Karnegi, Henri Ford, Tomas Edison və digər ən şöhrətli varlı insanların həyatını öyrənən, 5000 ən varlı amerikalıdan həyatları ilə bağlı müsahibələr alan müəllif sonda belə bir qənaətə gəlmişdir ki, bu şəxslərin hamısı oxşar xüsüsiyyətlərə malik olmuş, müvəffəqiyyət qazanmanın eyni qanunlarına riayət etmişlər.
Bu elə bir kitabdır ki, onu təkrarən oxuyacaq və hər dəfə yeni bir şeylər tapacaqsınız. Dünyanın ən varlı insanlarının uğur sirrini bilmək sizə zarafat gəlməsin.
Kitabda xoşbəxt həyatı təmin edən müvəffəqiyyətin 13 prinsipi də verilmişdir və təsəvvür edin, bütün bu prinsiplərin mayasında inam dayanır.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)