ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 03 İyun 2025 11:44

İki müharibə iştirakçısı Nemət Cavadlı

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Nemət Cavadlı 1995-ci il iyunun 3-də İmişli şəhərində anadan olub.

2001-ci ildə N.Nərimanov adına 1 saylı hümanitar–fənlər təmayüllü məktəb–liseyə daxil olub. 2012-ci ildə məzun olub. 2013–2014-cü illərdə Bakı şəhərində hərbi xidmət keçib.

 

2015-ci ildə gizir kurslarına gedib, kursu bitirdikdən sonra Qusar rayonunda BTR komandiri kimi hərbi fəaliyyətə başlayıb. 2016-cı il hərbi hissənin tərkibində BTR komandiri kimi döyüş bölgəsində xidmət edib. Döyüş bölgəsindən sonra öz hərbi hissəsinə qayıdaraq Hərbi Komissiyanın şeçimi ilə Xüsusi Təyinatlı Qüvvələrdə kurs keçib.

Nemət Cavadlı 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Biz Aprel döyüşlərini də müharibə adlandıra bilərik. 1-ci Qarabağ müharibəsindən sonrakı 23 ildə ilk böyük hərbi əməliyyatlar baş vermişdi həmin ərəfədə.

Taleyində ikinci – bu dəfə Vətən müharibəsi də var imiş.

2020-ci il sentyabrın 27-dən -  II Qarabağ müharibəsi başlayandan Nemət döyüş bölgəsində olub. 35-36 gün müharibədə döyüş yolu keçib. Müharibə zamanı düşmənin beş tankını, iki hərbi maşınını, içində canlı qüvvəsi olmaq şərtilə, ayrı-ayrı yerlərdə yenə xeyli sayda canlı qüvvəsini məhv edib.

Nemət Cavadlı noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub.

 

O, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qarabağ" ordeni", "Vətən uğrunda" "Xocavəndin azad olunmasına", " Kəlbəcərin azad olunması", "Cəbrayıl azad olunması", "Füzulinin azad olunmasına ", "Şuşanın azad olunmasına", "Şücaətə görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 11:13

Sumqayıtda ədəbi-bədii gecə

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Muğam Mərkəzində tanınmış şair, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

 

Öncə Əməkdar artist Rauf Ağakişiyevin ifasında şairin "Bir dəqiqəlik sükut" şeiri səslənərək Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən oğullarımızın ruhu yad edilib.

Əməkdar artist Cəlal Məmmədov şairin "Güzgüdə gördüyüm adam" şeirinin müşayiət etdiyi zaman yubilyar alqışlarla səhnəyə daxil olub.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayıb, respublikamızda və şəhərimizdə qələm adamlarına xüsusi diqqət olduğunu xüsusi olaraq vurğulayıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Qubadlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haqverdiyev, Prezidentin fərdi təqaüdçüləri Ofelya Babayeva, Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, Naxçıvandan Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov və başqaları çıxışlarında Rafiq Yusifoğlu yaradıcılığı, şəxsiyyəti və poeziyasından danışıblar.

Milli qəhrəman Polad Həşimov adına 28 saylı tam orta məktəbin, Xıdırlı kənd tam orta  məktəbinin şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar və şeirlərindən ibarət kompozisiyalar tədbirə xüsusi ovqat bəxş edib.

Ruhiyyə Qarabağlının bədii rəhbəri olduğu "Qarabağ"qrupunun, Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzrin Hüseynlinin, bəstəkar- müəllim Lalə Şirinin yetirmələri Fidan Atakişiyeva və Rəsul Məmmədovun ifaları isə hər kəsin zövqünü oxşayıb.

Sonda yubiliyar təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.

Ədəbi-bədii gecə Əməkdar artist İzaməddin Bağırovun ifasında şairin “Bu dünya durduqca” şeirinin musiqi sədaları altında səslənməsi ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 11:01

GAP Antologiyasında Ramin Yaşarın “Şeirim” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Ramin Yaşardır.

 

 

Ramin Yaşar

Təbriz

 

 

ŞEİRİM

 

Damcı-damcı, damla-damla,

Gözümə yaş düzər şeirim.

Yaranışla tanışdıqca,

Hər ağrıya dözər şeirim.

 

Təbiəti naxış-naxış,

Süzgün-süzgün, axış-axış,

Boylandıqca baxış-baxış,

Canı candan üzər şeirim.

 

Nə büdrəyib, nə də çaşıb,

Addım-addım dağlar aşıb.

Duyğu-duyğu məndən coşub,

Ürək-ürək gəzər şeirim.

 

Zaman-zaman başı duman,

Varlığında var həyəcan,

Sevgilisi Azərbaycan,

Vətən-vətən süzər şeirim.

Damcı-damcı, damla-damla,

Gözümə yaş düzər şeirim.

 

 “Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 11:33

“Ədəbiyyat milli olmamalıdır” deyir AFAQ MƏSUD

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Vəzifə yaradıcı adamları məhv edir.” Kimin sözləri olduğunu unutmuşam, amma yerində deyilən kəlmələrdir. Yəni yazıçının başı vəzifə öhdəliklərinə qarışında bədii yaradıcılıqla məşğul olmağa az vaxtı olur və oxucuları onun üzünə, yeni əsərlərinə həsrət qalırlar. Qələm adamının asudə vaxtı çox olmalıdır ki, yazı masası arxasında məhsuldar işləyə bilsin...

 

Deyir ki:- “Mən həmişə Azərbaycan ədəbiyyatından kənarda olmuşam. Əgər bəşəriyyət bir qadın və bir kişidən artıb törəyibsə, sonradan irqlərə, millətlərə bölünsə belə ədəbiyyat milli olmamalıdır…”

 

Bəlkə də haqqlıdır. Axı ədəbiyyat o zaman böyük uğur qazanır ki, hər hansı bir xalqa deyil, bəşəriyyətə ünvanlanır. Bəli, Azərbaycan ədəbiyyatına məxsus olan əsərlərin əksəriyyəti milli ruhda qələmə alındığı üçün, azərbaycanlı təfəkkürünün məhsulu olduğu ilk səhifəsindən nəzərə çarpır. Elə ona görədir ki, bizim yazarların əsərləri əcnəbilər arasında yalnız etnik ədəbiyyatın mütaliəsinə həvəsi olan oxucular üçün maraqlı olur.Daha doğrusu, milli ədəbiyyatımız çox az əcnəbini maraqlandırır…

 

Həyat eşqi ilə dolu bir xanımdır. Parlaq zəkası var. Sürətli düşünmə səriştəsi ilə fərqlənir. Həm fiziki və həm də zehni olaraq çox aktivdir. Hərəkətli yaşamaqdan xoşu gəlir. Şən və cazibədardır. Hər mövzuya maraq göstərir. Xüsusilə məzmunlu insanlarla ünsiyyətdə olmaqdan zövq alır. Yüksək mədəniyyəti, gözəl nitq qabiliyyətilə adamları heyran edə bilir. Oxuyub öyrənməyi, mütaliəni xoşlayır...

 

Məktəb illərində xeyli çətinlikləri olub. “Nə yaxşı ki, məktəb həyatını sağ-salamat bitirdim.”- söyləyir...

 

Yazmağa başlayandan bir qədər sonra anlayıb ki, ərsəyə gətirdiyi hekayələri yazıçı olmaq üçün deyil, sadəcə daxili sıxıntılardan, şahidi olduğu hadisələrin yaratdığı narahatlıqdan xilas olmaq üçün qələmə alır. Və heç zaman düşünməyib ki, niyə ənənəvi ədəbiyyatdan uzaq düşüb, hamı kimi yazmır.Özü söylədiyi qədər, onun yazdıqlarının əksəriyyəti mistik duyğuların məhsuludur, düşüncələrinin təzahürüdür…

 

Deyir ki:- “Real həyat oyuna bənzəyir. İnsan bilə-bilə ki, qocalacaq, əzizləri dünyadan köçəcək. Və qarşıda onu xəstəliklər, ölüm gözləyir, buna baxmayaraq çox rahat yaşayır. Bax budur mistika, eyni zamanda real həyat.”

 

Babası Əli Vəliyev Azərbaycanın xalq yazıçısı idi. Atası Məsud Əlioğlu isə filolologiya elmləri doktoru olub…

 

Haqqında söhbət açdığım xalq yazıçısı Afaq Məsud 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət "Azərbaycantelefilm"də sıravi redaktordan direktor vəzifəsinədək yüksələ bilib. Sonra Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 2019-cu ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq yazıçısı” fəxri adına layiq görülüb…

 

Texnologiya inkişaf edəndən üzü bəri dünyanın bu başından o başına on beş saata getmək, hər hansı bir məlumatı bir anda göndərmək olur. Bəli, dünya bu qədər balacalaşıbsa, ədəbiyyat da dünyanı əhatə etməyi, ümumbəşəri olmağı bacarmalıdır. Afaq xanımın sözü olmasın, bu gün Azərbaycan ədəbiyyatı dünyanı fəth edə bilmirsə, deməli balaca bir topluma xidmət göstərir, hələ də beynəlmiləl ola bilmir...

 

Bu gün - iyunun 3-də Afaq xanımın növbəti ad günüdür. Ona möhkəm cansağlığı, firəvan həyat və yeni-yeni əsərləri ilə oxucularının qarşısında görünməsini arzulayırıq...

Çox yaşayın, Afaq xanım!

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

 

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Ulduz" jurnalının baş redaktoru, Azərbaycan Respublikasının prezident təqaüdçüsü, əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, tədbirdə şəhid ailələri, Xəzər rayon MKS-nin fəal oxucuları, Binə qəsəbəsində yerləşən 149, 121 və 292 nömrəli məktəbin müəllim və şagird kollektivi, 24 saylı musiqi məktəbinin müəllim və tələbələri və Binə mədəniyyət mərkəzinin üzvləri iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qulu Ağsəsin yaradıcılığı haqqında slayd nümayiş etdirilib.

Görüş zamanı Qulu Ağsəs izləyicilər tərəfindən verilən sualları cavablandırıb və yeni şeirlərini səsləndirib.

Qeyd edək ki, kitabxana mütəmadi olaraq şair, yazıçı və incəsənət xadimləri ilə görüşlər keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 10:27

Oxumaq – başqasının ruhunda gəzməkdir, ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Oxumaq – təkcə hərfləri, sözləri, cümlələri izləmək deyil, eyni zamanda bir ruhu izləməkdir. Bir yazıçının iç dünyasında gəzmək, onun ağrısını, sevincini hiss etməkdir. Onun fikirləri ilə danışmaq, düşüncələri ilə susmaqdır. Və sən, oxuduğun sətirlərdə özünü də tanıyırsan. Çünki orada bir az da sən varsan.

 

Oxumaq sadəcə öyrənmək deyil. Oxuduğun bir kitabda uşaqlığını, axtardıqlarını, itirdiklərini tapa bilərsən. Oxumaq – yaşamaq istədiyin həyatları düşünməkdir. Bəzən də yaşaya bilmədiklərini bir obrazın kölgəsində yaşamaqdır.

Hər kitab açılan bir qapıdır. Kitablar danışmaz, amma səni danışdırar. Onlar səssiz yoldaşlardır – səni nə yorar, nə də yarımçıq buraxar. Hər dəfə təkrar oxuduğun sətirlər belə sənə başqa bir yerindən toxunar. Çünki sən dəyişirsən. Və oxumaq da səninlə birgə dəyişir.

Əgər hər dəfə oxuduqların səni bir az da dəyişdirirsə, demək ki, sən təkcə oxumursan – yaşayırsan.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

 

 

2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının yaradıcılıq nümunələrindən ibarət virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə bir sıra rəsmi sənədlərin tam mətni, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birincı vitse-prezident Mehriban xanım Əliyevanın yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır. İstifadəçilər müəllifin müxtəlif illərdə qələmə aldığı, Azərbaycan, ingilis, rus dillərində nəşr edilən və yazıçıya geniş oxucu auditoriyası qazandıran “Qoy o bizimlə qalsın”, “Qala paltarlı qadın”, “Uşaqlığın son gecəsi”, “Müdrik Sfinks gülümsəyir”, “Ondan yaxsı qardaş yox idi” kimi 20-ə yaxın kitabının tam mətnindən yararlana bilərlər. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı, geniş ictimai fəaliyyəti haqqında qələmə alınan “Ədəbiyyatımızın zədagan nasiri”, “Maqsud İbrahimbəyov: yazıçı, sənətkar, düşüncə adamı”, “İbrahimbəyov fraqmentləri” kimi 10 -dan çox məqalənin tam mətni də sərgilənir.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 10:00

Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, adlarını tarixə yazan qadınlar xüsusi qadınlarıdr, onlar hörmət və ehtirama layiqdirlər. Bu gün sizlər üçün Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadından -  Elmira Aslanovadan danışacağam. Bu gün bu cəsur xanım həm də doğum gününü qeyd edir.

 

Esmira Aslanova 1982-ci il 3 iyun tarixində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Ukraynanın Luqansk vilayətinin Karpovo-Krepenko kəndinə köçübdür. Bir il sonra ailəsi Sverdolvsk (indiki Doljansk) şəhərində məskunlaşmalı olub.

2000–2005-ci illərdə Esmira Xarkov Milli V. N. Karazin Universitetində təhsil alıb və ingilis, alman dilləri üzrə filoloq, tərcüməçi, həmçinin ingilis dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.

Elmira Aslanovanın alpinizmə olan marağı nəhayət ki, öz bəhrəsini verib, o,  alpinist fəaliyyətinə 2018-ci ildə Nepalda Torong-La (5416 m) aşırımından keçməklə - trekking yürüşü ilə başlayıb.

Daha sonra Tibetə səfər edərək 5600 m hündürlükdə yerləşən Kailas dağının Dolma La aşırımını fəth etmişdir. 8848 metrik dünyanın ən hündür dağ zirvəsini – Everesti isə Esmira 2023-cü ilin 19 may tarixində fəth etmişdir.

 

Əsas yüksəlişləri

 

- Kailas dağı, Dolma La aşırımı (Çin, 05.2018) — 5600 m

- Ağrı dağı (Türkiyə, 10.2020) — 5165 m

- Kazbek (Gürcüstan, 07.2021) — 5033 m

- Kilimancaro (Tanzaniya, 11.2021) — 5895m

- San-Fransisko (Çili, 01.2023) — 6018 m

- Ojos-del-Salado (Çili, 01.2023) — 6893 m

- Akonkagua (Argentina, 02.2023) — 6960.8m

- Everest (Çin–Nepal, 19.05.2023) — 8848.86 m

- Bazardüzü (Azərbaycan, 31.07.2023) — 4466 m

- Şahdağ (Azərbaycan, 17.09.2023) — 4243m

 

Sonda bu cəsur qadını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. “Həmişə zirvələrdə” deyirik ona.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 09:43

Bayrağımız Kanadanın Saskatun şəhərində ucaldılıb

28 May – Müstəqillik Günü münasibətilə Kanadanın Saskaçevan əyalətinin Saskatun şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərasim Saskaçevandakı Azərbaycan Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Saskaçevan Qanunvericilik Assambleyasının üzvləri – “Saskatoon Willowgrove” seçki dairəsindən Ken Çeveldeyoff və “Saskatoon Silverspring” dairəsindən Hyu Qordon, eləcə də Şəhər Şurasının 9-cu dairə üzrə üzvü Bev Dübua və 2-ci dairə üzrə üzvü Senos Timon, həmçinin yerli Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan və Kanadanın Dövlət himnlərinin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

Çıxışçılar Kanada azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edib, əyalətin mədəni müxtəlifliyinə verdikləri töhfələrə görə soydaşlarımıza təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qardaş türk xalqları mədəni əlaqələrini daha da genişləndirir, tez-tez müxtəlif səpkili tədbirlərdə bir araya gəlirlər. Ədəbiyyat sahəsi də istisna deyil. Budur, növbəti belə tədbir - Kazanda çıxan “Çağdaş Azərbaycan hekayəsi” antologiyası Bakıda təqdim olundu.

 

Şənbə günü Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyində Tatarıstanın “Yazıçı” nəşriyyatında tatarca gün üzü görmüş “Çağdaş Azərbaycan hekayəsi” antologiyanın təqdimat törəni keçirildi. Çıxışlarda bu antologiya Azərbaycanla Tatarıstan arasında ədəbi-mədəni işbirliyinin daha bir bariz örnəyi kimi dəyərləndirildi.

Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə baş tutdu. Tədbirə tanınmış yazıçılar, alimlər, rəsmi şəxslər və mədəniyyət xadimləri qatılmışdı.

 

Salamlama nitqi söyləyən Daimi Nümayəndəliyin məsləhətçisi, “Kayum Nasiri İnstitutu” Bakı Təhsil-Mədəniyyət Mərkəzinin rəhbəri Elmira Yusifli nəşri ədəbi-mədəni diplomatiyanın nəticəsi kimi qiymətləndirərək söylədi:

 

“Bu antologiya – dil və ruh yaxınlığımızın bariz sübutudur. Azərbaycan hekayəsinin tatar oxucusuna çatdırılması ədəbi tərcümənin yox, mədəni tərcümənin örnəyidir. Tatar oxucusuna belə bir töhfənin verilməsi bizim üçün qürurvericidir”.

 

Təqdimatın aparıcısı tanınmış şair və ictimai xadim Əkbər Qoşalı tədbiri açaraq, antologiya, ondan öncə görülmüş və planlaşdırılan ədəbi-mədəni layihələr haqqında ətraflı bilgi verdi, törənin ümumi məramından söz açdı:

 

“Bu antologiya – təkcə Azərbaycan ədəbiyyatının qardaş Tatarıstanda tanıdılması, təbliği deyil, həm də türk xalqları arasında daha bir yaddaş, söz və ruh körpüsüdür. Antologiya Azərbaycan-Tatarıstan işbirliyinin ədəbi təcəssümünü, səciyyəsini göstərir.

2023-cü ildə "Çağdaş tatar hekayələri" antologiyası bizim təşəbbüsümüzlə Bakıda gün üzü gördü; həmin antologiya qardaş xalqın nəsri, yazıçıları, onların ən ümdə təmayülləri, çağdaş tatar nəsrində müşahidə olunan əsas tendensiyalar və s. - bir sözlə, qardaş xalqın ədəbi, mədəni-mənəvi dünyası haqqında təsəvvür qazanmaq baxımından yeni və önəmli qaynağa dönüb. Budur, biz artıq Azərbaycan yazıçılarının Kazanda yayınlanmış antologiyasının təqdimatına yığışmışıq. 

Təqdim edilən antalogiya hansı mədəni irsə arxalandığımızı, hazırda necə bir ovqatda olduğumuzu və hansı üfüqlərə yönəldiyimizi özünəxas şəkildə ifadə edir. Əsl sənət əsərləri, yaradıcılıq aktları, bugünkü misalda, hekayələr yalnız müəllifin deyil, onun doğulduğu, yaşayıb-yaratdığı mühitin aynası kimi çıxış edir. Bu anlamda, son qərinə boyu keşməkeşli illər yaşamış və artıq gərginlikləri önəmli dərəcədə arxada qoymuş Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi və s. kateqoriyalar üzrə halı, ovqatı, qayğı və uğurları, kədər və sevinci ədəbiyyatımızdan keçib”…

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, təqdimatı keçirilən antologiyanın önsöz müəllifi Fazil Mustafa isə öz çıxışında belə qeyd etdi:

 

“Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində yeni nəsil Azərbaycan yazıçılarının hekayələrindən ibarət antologiyanın gün üzü görməsi əlamətdar hadisədir.

Ümidvaram ki, Kazanda gün üzü görən kitablar, necə deyərlər, yalnız Kazanda qalmır, bütün Tatarıstana, Volqaboyuna, Sibir ellərinə də yayılır. Azərbaycan adı bu dəfə yazıçılarımızın hekayələri əsasında, onların istedadı, yaradıcılıq üfüqləri və məzmun dərinliyi ilə Kazandan dünyaya dalğa-dalğa yayılıb, yeni sevgi ünvanları qazanmaqdadır.

Bu, ədəbi-mədəni bağların getdikcə daha qüvvətli şəkildə davam və inkişafını ifadə edir. İnanıram ki, Kazanda çıxan yeni antologiya, Azərbaycan yeni nəsil yazıçılarının üslub özəllikləri, habelə xalqımızın içindən keçdiyi ən yeni tarix haqqında, bizim mənəvi dünyamız haqqında dolğun təsəvvürlər yaradacaqdır.

Mən Kazan şəhərinin, ümumən Tatarıstanın ilk növbədə mədəniyyət və elm-təhsili, həmrəylik və dialoqu, bir sözlə, humanitar təfəkkürü təcalla etdirdiyinə inanıram. 

Əminəm ki, qələm qardaşlığı, ədəbiyyat dostluğu eyni kökdən gələn xalqlarımızın qardaşlıq-dostluq dünyasını daha da zənginləşdirir, təbiətin, cəmiyyətin və sənətin ən gözəl rənglərini həmin dünyaya qatır.

Biz qardaş xalqlar olaraq bir-birimizi sevirik, kədər və sevincimizə biganə deyilik; bununla belə, bir-birimizin iç dünyasına, ruhuna daha yaxından bələd olmağımız vacibdir. 

Ədəbiyyat xalqları birləşdirən ən təsirli vasitədir. Bu kitabda təqdim olunan hekayələr təkcə müəlliflərin deyil, bütövlükdə Azərbaycanın çağdaş ruhunun da daşıyıcılarıdır. Bu əməkdaşlıq davamlı olmalıdır və inanıram ki, müvafiq ictimai və dövlət qurumlarının əməkdaşlığı ilə davamlı da olacaqdır”. 

 

Tədbirdə antologiyada yer alan müəlliflər – Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli, Natəvan Dəmirçioğlu, Varis, Hümbət Quliyev, İlqar Türkoğlu və Prof.Dr. Güllü Yoloğlu çıxış edərək nəşrin dəyəri, seçilən mətnlər və ədəbi üslub barədə fikirlərini bölüşdülər.

Çıxışçılar belə tədbirlərin Türk dünyasında ədəbi inteqrasiyanı gücləndirəcəyini vurğuladılar.

 

Tədbir zamanı tatar folklor, estrada ansamblları – “Ağ Kalfaq” və “Lalə”nin musiqili çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

 

Törən çərçivəsində Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyi tərəfindən antologiyanın ərsəyə gəlməsində xidmətləri olan müəllif və təşkilatçılara “Fəxri Fərman”lar, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi tərəfindən isə Daimi nümayəndə Murad Qadılşinə və Elmira Yusifliyə “Təşəkkür məktubu” təqdim olundu. 

Daimi nümayəndə Murad Qadılşin Komitə sədri Fazil Mustafaya “Tatar dünyası” kitabı və tatar tübətəyi bağışladı.

 

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı və layihənin rəhbəri olan Əkbər Qoşalının layihə barədə bilgilər aldıq.

Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Əkbər Qoşalının layihə rəhbərləri olduğu “Çağdaş Azərbaycan hekayəsi” antologiyası Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayınlanıb. Kazandakı ünlü “Yazıçı” nəşriyyatında nəfis şəkildə gün üzü görən antologiyanın tərtibçisi Tatarıstan Yazıçılar Birliyinin başqan müavini İlsiyar Qaripova, məsləhətçisi Tatarıstanda yaşayan tanınmış azərbaycanlı vəkil İsmət Orucəliyev, rəyçiləri AYB-nin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşar, “Çukurova Ədəbiyyatçılar Dərnəyi” İB-nin fəxri başqanı İlqar Türkoğludur.

Tatarıstan Dövlət Şurasının Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər Komitəsinin üzvü Rkail Zəydullanın önsözü və Azərbaycan Respublikası Milli Məclisinin Komitə sədri Fazil Mustafanın “Bakıdan Kazana ədəbi və əbədi salam” uğurlaması ilə açılan antologiyanın I cildində əsasən 90-cılar ədəbi nəslinə mənsub olan 18 yazıçının hekayəsi toplanıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.