ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Məşədi Məlik bəy Mansurov onun atasının babası olub. Zəmanəsinin görkəmli muğam ustalarından biri idi. Bütün ömrü boyu milli musiqimizi təbliğ edib, Bakı və Abşeronda klassik muğam məclislərinin ilk qurucularından biri kimi tanınır. Bu məclislərə Azərbaycanın hər yerindən muğam biliciləri toplaşardı. Qədim Azərbaycan muğamlarının öyrənilməsində və eləcə də geniş yayılmasında onun böyük rolu olub...

 

Deyir ki:- “Mənim bu sənətə gəlməyim nəslimizlə bağlıdır. Bizim nəslimiz musiqiçilər nəsli olub və musiqiyə böyük maraq göstəriblər. Bu maraq babama, ondan da atama- tanınmış tarzən Bəhram Mansurova keçib. Təbiidir ki, bu istək və maraq atamdan da bizə keçib. Evdə üç qardaş idik. Anamın arzusu o idi ki, oğlanlarından biri bəstəkar, biri tarzən, biri də dirijor olsun. Mənim də bəxtimə bəstəkar olmaq düşdü...”

 

Bəli, bu gün sizə “Şöhrət” ordenli, əməkdar incsənət xadimi, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, bəstəkar Eldar Mansurovdan söhbət açmaq istəyirəm. O, 1952-ci ildə Bakıda, İçərişəhərdə anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb...

 

“Zövqlərimiz artıq korlanıb. Korlanma prosesi də 1990-cı illərdən başlanıb. Çünki televiziya və radiolarda o qədər zəif, bayağı və xarici mahnılar səsləndirirlər ki, artıq insanların beyinlərinə təcavüz ediblər. Mən bir çox müğənnilərlə işləmişəm. Flora Kərimova, Mirzə Babayev, Elmira Rəhimova, Akif İslamzadə, Yalçın Rzazadə, Brilliant Dadaşova, Mübariz Tağıyev, İlqar Muradov, Ağadadaş Ağayev, Aygün Kazımova, Faiq Ağayev, Manana və s. müğənnilər mənim mahnılarımı ifa ediblər. Bu gün bu ifaçıların bəziləri ümumi axınla gedir. Onlar efirlərdə daha çox həvəskarların mahnılarını oxuyurlar. Bizlim mahnılarımıza isə bir növ retro kimi baxırlar. Onu deyim ki, mahnının təzəsi, köhnəsi yoxdur. Var yaxşı mahnı və pis mahnı. Nəyə görə Tofiq Quliyevin musiqisi bu gün də toylarda, şənliklərdə oxunur? Desinlər ki, köhnə mahnıdır da... Niyə oxuyurlar bəs? Ona görə ki, peşəkarın qələmindən çıxan mahnı pis və ya zəif ola bilməz!”- söyləyir.

 

"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1989-cu ildə bəstələdiyi “Bayatılar” mahnısı isə dünyada papulyardır...

 

Deyir ki:- “Elə musiqi əsərləri var ki, bəxtlərinə daha çox sevilmək düşür. Leanordo da Vinçinin Cokondadan – “Mona Liza”dan başqa əsəri yox idimi? Var idi. Amma ən çox sevilən o portret oldu..”

 

İngilis musiqişünas Mayk Diksonun 2022-ci ildə işıq üzü görən “Geri dön və təzim et! Mənim musiqili həyatım” kitabının, “Burada, orada və hər yerdə” yarımbaşlığında Azərbaycan bəstəkarlarından da söhbət açılır: “Mən iş prosesində gözgörəti heyrət doğuran Azərbaycan bəstəkarlarının yazdığı ecazkar musiqi mətnləri haqqında çox şey öyrəndim. Onlar əsərləri təkcə orada deyil, dünyanın bütün konsert salonlarında səslənməyə layiq bəstəkarlardır. Üzeyir Hacıbəyli, Qara Qarayev, Eldar Mansurov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Arif Məlikov, Maestro Niyazi və inanılmaz Fikrət Əmirov kimi adları biz Qərbdə, sadəcə olaraq, tanımırıq. Bir qisminə Azərbaycansayağı rus irsi hopsa da, bu, zəngin ənənədir, olduqca çox musiqi fərdi şəkildə səslənir. Rus, İran və türk dilləri qarışığıdır, amma Azərbaycanın coğrafi vəziyyətini nəzərə alsaq, gözlənildiyi kimi, tamamilə nadir tərzdə səslənir...” 

 

Bəli, Eldar Mansurovun adının böyük korifeylərlə yanaşı çəkilməsi elə-belə, təsadüfi deyil. O, doğrudan da Azərbaycan bəstəkarlarlıq məktəbinin mogikanlarından biridir...

 

Fevralın 28-i Eldar Mansurovun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Yarpaq əllərin də xəzəli varmış,

Bəlkə bu yazıda öz əli varmış?

İlahi, qəmin də gözəli varmış-

İlahi, nə gözəl ağlayır o qız.

-deyir şair. Və bu dəfə də mükəmməl deyir. 

Xoş mütaliələr!

 

Bu güllər içində o GÜL birərdi,

Onun bildiyini gül nə bilərdi?

İlahi, nə gözəl gülə bilərdi-

İlahi, nə gözəl ağlayır o qız...

 

İndi neynəsin ki o  naşı gözəl?

Hardan tapıb belə nəqqaşı gözəl?!

Gözəl gözlərində göz yaşı gözəl-

İlahi, nə gözəl ağlayır o qız.

 

Yarpaq əllərin də xəzəli varmış,

Bəlkə bu yazıda öz əli varmış?

İlahi, qəmin də gözəli varmış-

İlahi, nə gözəl ağlayır o qız.

 

Neynəsin bu boyda ahla, ilahi?

Bu qəmin yolunu bağla, ilahi

Yağan yağışları saxla, ilahi-

İlahi, nə gözəl ağlayır o qız.

 

Gör nələr çəkirmiş həyatda təklər,

İlahi, beləmi ölür çiçəklər?!

Ona yaşamağı öyrət,  ilahi,

Onsuz da ölməyi öyrədəcəklər.

İlahi, nə gözəl ağlayır o qız...

 

Çəkib, həyat ona silləsin çəkib,

Çəkir, qorxa- qorxa nəfəsin çəkir...

...İlahi, bəlkə də ağlamır o qız-

Qəminə bənzəyən bir rəsm çəkir?!-

İlahi, nə gözəl ağlayır o qız...

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun layihəsi əsasında “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” III Respublika müsabiqəsinin təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 

Akademiyadan AzərTAC-a bildirilib ki, müsabiqə Üzeyir Hacıbəylinin 140 və BMA-nın İxtisas musiqi məktəb-studiyasının 45 illiyinə həsr olunub.

 

Tədbirdə BMA-nın və İxtisas musiqi məktəb-studiyasının professor və müəllim heyəti, o cümlədən Azərbaycanın müxtəlif şəhər və rayon musiqi məktəblərinin nümayəndələri iştirak edirdilər.

 

Tədbirdə BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova çıxış edərək Azərbaycan musiqi elm və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi Üzeyir Hacıbəylini anaraq, onun bizə miras qoyduğu Azərbaycan məqam sisteminin əhəmiyyətindən bəhs edib.

 

Daha sonra milli musiqimizin gənc nəsillər tərəfindən mənimsənilməsi və öyrənilməsi üçün bir sıra mühüm addımlar atmış müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun birgə səylərini vurğulayıb. Natiq onların yaradıcı iş birliyindən bəhs edərək, milli məqamların geniş təbliğinə yönəlmiş layihələrdən, xüsusilə də musiqi tədrisi sisteminə daxil edilən “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı Proqramı”nın əhəmiyyətindən söz açıb.

 

Qeyd edib ki, müsabiqə iki mərhələdən ibarət idi. Belə ki, birinci mərhələdə yutub kanalına yerləşdirilən videoyazılar əsasında seçilən iştirakçılar ikinci mərhələdə Bakı Musiqi Akademiyasının Böyük zalında öz əsərlərini canlı ifa ediblər.

 

Müsabiqənin münsiflər heyətinin həmsədri, professor Nərminə Quliyeva başa çatmış müsabiqə ilə bağlı bir sıra vacib məqamlara toxunaraq layihənin nəticələrinə əsasən müsbət və mənfi tərəflərini vurğulayıb. O, “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” Respublika müsabiqəsinin və analoji müsabiqələrin davamlı olaraq keçirilməsinin zəruri olduğunu qeyd edib.

 

Sonra müsabiqədə iştirak etmiş və uğur qazanmış şagirdlər mükafatlandırılıblar. Şagirdlərin müsabiqəyə hazırlanma prosesində xüsusi əməyi olan müəllimlər də təşəkkürnamə ilə təltif olunublar.

Sonda qaliblər konsert proqramı ilə çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Fevralın 27-də Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi mövzusunda dəyirmi masa keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Mədəni irs sahəsində dövlət siyasətinə toxunan nazir bildirib ki, Azərbaycanda mədəni mülkiyyətin qorunması daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub və bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. 

A.Kərimli çıxışı zamanı ölkəmizdə tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, abidələrin bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, mədəni irsin qorunması işinin təkmilləşdirilməsi (qanunsuz müdaxilələrin qarşısının alınması) və digər məsələlərə toxunub. Diqqətə çatdırılıb ki, ölkəmizdə mədəni irsin dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı qanunverici və institusional baza yaradılıb. Azərbaycan mədəni irsin mühafizəsi məsələlərini tənzimləyən bütün beynəlxalq universal konvensiyalara qoşulub. 

Nazir Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasından da söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet siyasət istiqamətlərindən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli Liderin iradəsi ilə geri qaytarılmışdır. Buna bariz nümunə olaraq Şuşada güllələnmiş heykəllərin Gürcüstandan gətirilməsini göstərə bilərik. Bunlar Azərbaycanın üç dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləridir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını etmişdir. Prezident tərəfindən Ulu Öndərin siyasətinin davam etdirilməsi və postmünaqişə dövründə dağıdılmış abidələrin surətli şəkildə bərpası həyata keçirilir. 

Nazir bildirib ki, bugünkü tədbirdə mədəni irsin qorunmasına cavabdeh olan qurumların nümayəndələri iştirak edir və təqdimatlar, müzakirələr bu sahədə vacib məqamlara aydınlıq gətirəcək.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən tədbirdə Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı, Türkiyənin Mədəniyyət Nazirliyinin Mədəni irs və muzeylər şöbəsinin müdir müavini Bülent Gönültaş və başqaları çıxış edərək mədəni mülkiyyətin qorunması sahəsində görülən işlərdən danışıblar.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

“Xəzər” Universitetində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Köhnə çamadanlar” filmi nümayiş olunub.

 

AzərTAC xəbər verir ki, müəllim və tələbələrin izlədiyi nümayişdən öncə universitet nümayəndələri və filmin yaradıcı heyət üzvləri çıxış edərək Xocalı qurbanlarını, onların timsalında Qarabağ müharibəsi şəhidlərini ehtiramla yad etdilər.

 

Bildirilib ki, zorla cəlb olunduğumuz və minlərlə dinc soydaşımızın əziyyət çəkdiyi müharibə və onun izləri uzun illər yaddaşlardan silinməyəcək. Sözsüz ki, bu gerçəkliyin ədəbiyyatda, teatrda, kinematoqrafiyada, ümumilikdə yaradıcılığın bütün sahələrində geniş şəkildə əks olunması və gələcək nəsillərə ötürülməsi vacib amildir.

 

Real hekayələr əsasında ərsəyə gələn “Köhnə çamadanlar” filminin bu mənada tarixi həqiqətlərimizi, savaşdan əziyyət çəkən insanların, xüsusən qadın və uşaqların ümumiləşmiş obrazını yaratdığını bildiriblər.

 

Ekran işi maraqla izlənilib və nümayişin ardınca tamaşaçıları maraqlandıran suallar cavablandırılıb.

 

Xatırladaq ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifləri Sevda Sultanova və Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur.

 

Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və digər aktyorlar canlandırıblar. Həmçinin filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Rusiyanın Primorye diyarının Ussuriysk şəhərində fəaliyyət göstərən “Bizim era” diaspor təşkilatı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, önncə Xocalı soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarx və fotomateriallar nümayiş olunub.

Təşkilatın sədri Ziyadxan Camalov və onun övladları çıxış edərək tədbir iştirakçılarına erməni quldur dəstələrinin Xocalının dinc sakinlərinə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı törətdiyi amansız qətliam barədə məlumat veriblər.

Azərbaycan xalqının və dünya azərbaycanlılarının erməni hərbi birləşmələrinin insanlığa zidd hərbi cinayətlərinin unutdurulmasına yol verməyəcəyi, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərqərar etdiyi kimi, Xocalı soyqırımının günahkarlarının ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olacağına əminlik ifadə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

Böyük Britaniyada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü Fəridə Pənahovanın təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Xocalı həqiqətlərini əks etdirən LED ekranlı maşınlar London və Edinburq şəhərlərində hərəkət edib, eləcə də əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq soyqırımı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.

Qeyd edək ki, əvvəllər olduğu kimi bu il də Böyük Britaniyada həyata keçirilən aksiya geniş ictimai maraq doğurub. Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş bu tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması, soyqırımın tanıdılması və erməni işğalçılarının törətdiyi cinayətlərin dünya miqyasında ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

Azərbaycanın İsmayıllı şəhəri ilə qardaşlaşmış Kiryat Bialik şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib. Tədbir “Beyt a-Yadidut” (Dostluq Evi) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Kiryat-Bialik bələdiyyəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Mədəniyyətlərarası Əlaqə” Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə “Azİz” Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşadığı dövrlə bağlı xatirələrini bölüşüb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını ruh yüksəkliyi və ümidlə qarşıladığını qeyd edib.

İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətin tarixindən danışıb.

“Azİz” İsrail-Azərbaycan Mədəniyyətlərarası Əlaqə” Assosiasiyasının prezidenti Adam Amilov, Kiryat Bialik şəhərinin mer müavini Naxum Raxevski hər zaman Azərbaycan xalıqının yanında olduqlarını vurğulayıblar.

Tədbir “Sevgi” ansamblının musiqiçiləri – tarzən və solist Salman Rabayev, nağara ifaçısı Rüstəm Yunayev və muğam ifaçısı Yaqub Məmmədovun çıxışları ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Echos of Khojaly: Remembering the İnnocence” (“Xocalı sədaları: Məsumluğun Anımı”) adlı anım tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portlına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumta görə, Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də Kolumbiya, Harvard və digər universitetlərdə təhsil alan gənclər, Nyu York yaşayan Azərbaycan və türk  diasporlarının təmsilçiləri  iştirak ediblər.

Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanları, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova qonaqları salamlayaraq Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına beynəlxalq arenada hüquqi-siyasi qiymət verilməsi üçün işlərin aparıldığını qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından söz açıb.

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin əməkdaşı Ceyhun Novruzov soyqırımın ABŞ-də hüquqi qiymət verilməsinə nail olmaq üçün səfirliyin gördüyü işlərdən bəhs edib.  

“Geo TV”-nin rəhbəri, BMT-də akkreditə olunmuş jurnalist Azim Mian ölkəmizə səfəri barədə danışıb, səfər zamanı Azərbaycanın işğaldan azad olmuş ərazilərdəki erməni vandalizminin şahidi olduğunu, minalanmış zonaların insanların həyatına təhlükə törətdiyini və gələcəkdə Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə ümid etdiyini bildirib.

Sonra Heydər Əliyev Fondunun hazırladığı və Xocalı soyqırımı şahidlərinin o dəhşətli gecədən bəhs edən fikirlərinin yer aldığı videomateriallar nümayiş olunub.

Azərbaycan Amerika Gənclər Federasiyasının üzvü, Kolumbiya Universitetinin tələbəsi Kamran Həsənov Xocalı soyqırımı ilə bağlı araşdırma əsasında məruzə ilə çıxış edib. 

Anım tədbirində Xocalı soyqırımının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməli olduqları auditoriyanın diqqətinə çatdırılıb.

Tədbirdə Nyu-Yorkda yaşayan sənətçilər-Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (fortepiano) və diaspor fəalı Aqil Hüseynovun (tar) ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuş həzin musiqi səsləndirilib.

“My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan uşaqların əl işindən ibarət Xocalı soyqırımının dəhşətlərini əks etdirən sərgi, eyni zamanda Mərkəzin mədəniyyət üzrə direktoru, azərbaycanlı rəssam-heykəltəraş Emin Quliyevin müəllifi olduğu "Xocalı Harayı" kompozisiyası nümayiş olunub.

Qeyd edək ki, Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Ermənistanın işğalçı siyasəti nəticəsində insanlığa qarşı törədilmiş cinayətin, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, yayılmış erməni dezinformasiyalarının qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi prosesinə diqqətin cəlb olunması məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyəti olduqca faydalıdır.

 

“Ədəbiyyat və incəsənər”

(28.02.2025

Xocalı soyqırımının 33-cü ildönümü Kanadanın Alberta vilayətinin Kalqari şəhərində anılıb. Kalqaridə yaşayan Azərbaycan icması Xocalı faciəsi qurbanlarının xatirəsinə qoyulmuş skamyanın ətrafına toplaşaraq soyqırımında həlak olmuş dinc əhalini bir dəqiqəlik sükutla yad edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, çıxışçılar bu hadisənin təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayaraq, onun dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər. Sonda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq lövhənin önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, 2014-cü ildə Kalqarinin “Edworthy” parkında açılışı olan skamyanın üzərində “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri yazılmış memorial lövhə vurulub. Kalqaridə yaşayan Azərbaycan icmasının üzvlərinin soyqırımı qurbanlarına olan ehtiramının və tarixi ədalətin bərpası üçün apardıqları davamlı fəaliyyətin nəticəsində lövhənin orada qalma müddəti daha 10 il artırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.