REDAKSİYANIN POÇTUNDAN - 62 ildən sonrakı xatirələr Featured

“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktubun müəllifi Əlizadə  Əsədovdur. O, Əməkdar məşqçi,  Əməkdar  idman işçisi, Beynəlxalq səviyyəli hakim,  yazıçı, publisist, Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  Birliklərinin  üzvüdür. Əlizadə Əsədov Astara İnternat Məktəbi barədə xatirələrini bölüşüb öz yazısında.

 

Telefon  zəng  çaldı. Zəngi  qəbul  edəndə  ayırd  edə  bilməsəm də  gördüm  ki, tanış  səsdir. Bir-birimizdən  hal-əhval tutsaq  da  hələ  zəng  edənin  kimliyini müəyyənləşdirə  bilməmişdim. Açığını  deyim  ki, soruşmağa  da  çəkinirdim. Onu  dərhal  tanımadığıma  görə  inciyə  bilərdi. Nəhayət  özünü  təqdim  edəndən  sonra bildim  ki, bayaqdan  Məmməd  Kazımovla  danışırammış.

 

Xəyal  məni  1963-1970-ci  illərə  apardı. Onda Astara  şəhər  internat  məktəbində  oxuyurduq... Şagird  yoldaşlarımdan  yaddaşımda silinməz  iz  buraxanlardan  biri    Məmməd  Kazımov  idi. Məmməd  yaxşı  oxumaqla  bərabər  internat  məktəbində  yaradılmış  “Alov”  futbol  komandasının  ən  fəal  üzvlərindən  biri  idi.  İnternat  məktəbini  bitirəndən  sonra  yollarımız  ayrıldı. Öyrəndim  ki, Məmməd  kənd  təsərrüfatı  maşınlarının  təmiri    istismarı ixtisası  üzrə  ali  təhsilli  mühəndisdir. Özü    Çelyabinsk   vilayətində  yaşayır.  O, bir  müddət  vilayətdə  Neft    Qaz  Birliyində  işləyib.  Hazırda təqaüdçüdür...

Məmməd  Kazımovun  zəngi  məni  acılı-şirinli  xatirələrlə  dolu  internat məktəbində  oxuduğumuz  illərə  apardı. Sonralar  mən həyatda  hansı  uğura  imza  atmışamsa  məhz  o  illərə  borcluyam...

Biz  çoxuşaqlı  ailə  idik.  Lerik  rayonunda  uzun  illər  müəllim  işləyən  atam  İmran vaxtından  tez  dünyasını  dəyişəndən  sonra  ailənin  maddi  vəziyyəti  ciddi  şəkildə  pisləşdi. Məni    özümdən  böyük  qardaşımı  Əlimuxtarı Astara  şəhər  internat  məktəbinə  qoydular.  Bu, 1963-cü  ilə  təsadüf  edirdi. Məktəbin  direktoru  Zöhrab  Əhmədov,  sinif  rəhbərimiz  rus  dili  müəlliməsi  Nuriyyə  Cavadzadə  şagirdlərə  əsl  qayğıkeşlik  göstərirdilər. Məktəbin  şagirdlərinin  hərəsi  müxtəlif  rayonlardan, o  cümlədən Muxtar, Məhərrəm, Sahib  Fərəcov qardaşları  Tovuzdan  gəlmişdi. Qardaşlardan  Məhərrəm  elə  burda  ailə  həyatı  qurub, hazırda  da  Astarada  yaşayır. Astaranın  özündən    bizimlə  oxuyanlar  vardı.  Hazırda  Miki, Siyaku  kəndlərində  yaşayan  Sədaqət, Sabir  meşəbəyi  işləyirlər. Onların  həmkəndliləri  Əlövsət, Abbas  isə  dünyasını  dəyişiblər.

Məktəbdə  təlim-tərbiyə  işi  yüksək  səviyyədə  idi. Bizə  dərs  deyən  bütün  müəllimlərdə  hamımıza  isti  münasibət  vardı. Dərs  zamanı  ciddi  görünsələr  də, ürəkləri  xeyirxahlıq hissi ilə  döyünürdü.  Elə  şərait  yaradılırdı  ki, dərslərə  hazırlıq da, sevdikləri  fənlərin  mənimsənilməsində  bir-birindən  nümunə  götürürdülər.  Müəllimlərdən  Nəriman  (riyaziyyat) və  onun  həyat  yoldaşı  Solmaz  xanımı,  Həmdulla  (ədəbiyyat), Seyran  Şiriyev (ingilis  dili), Heybət  Hüseynov  (coğrafiya), Xoşqədəm müəllimə   (fizika  və kimya), Barat Əhmədov (ibtidai  sinif  müəllimi)  və başqalarını  indi    minnətdarlıqla  xatırlayıram. Onların  çoxu  indi  həyatda  olmasa  da, nurlu  simaları, xeyirxahlığı, qayğıkeşliyi  həmişə  gözlərimin  önündə  canlanır... Seyran  Şiriyev  pedaqoji  fəaliyyətilə  bərabər  bədii  yaradıcılıqla  da  məşğul  olurdu. O, bir neçə şeir kitabının  müəllifi  idi.

Yuxarıda  qeyd  etdik  ki, Astara  şəhər  internat  məktəbində  şagirdlərin  təlim-tərbiyyəsi, istirahəti, fiziki  hazırlığı  üçün  hər  cür  şərait  yaradılmışdı. Belə  ki, şagirdlərin asudə  vaxtlarının  səmərəli  keçməsi  üçün  məktəbdə  bədii  özfəaliyyət  kollektivi  və əlavə fənn  dərnəkləri fəaliyyət göstərirdi. Müəllimlərlə  bərabər   istedadlı  şagirdlər    bədii  özfəaliyyətə  üzv  yazılmışdılar. Bədii  özfəaliyyət  kollektivinin  rəhbəri  Aydın  Bayramov  idi.  Kollektivin  repertuarında  müxtəlif  musiqi  nömrələri, şeirlər  səslənərdi.  Musiqi  müəllimi olan  Aydın  Bayramov  konsertlərdə  həm də  kamança  çalardı.

Məktəbdə  həmçinin  şagirdlərin  idman    fiziki  hazırlığına  xüsusi  diqqət  yetirilirdi.  Məktəbin  Bədən  tərbiyyəsi    idman  müəllimi  Hüseyn  Ələkbərov  müxtəlif  növ  idman  yarışlarının  təşkilində   böyük  əmək  sərf  edirdi.  Onun  səyi  ilə  məktəbdə  “Alov”  futbol  komandası  yaradılmışdı.  Mən  komandanın hücumçusu idim. Sonralar 1990-cı il Lənkəran hadisələrində Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq  görülən  Etibar Böyükağa oğlu Əliyev    Kamran  Əliyev  qapıçı  kimi  özlərini  layiqincə  doğruldurdular.  Komandanın  üzvlərindən  Məmməd  Kazımov, Əlizadə  Ağayev, Fərhad  Həsənov, Qəribxan  Əliyev (həkim), Malik  Ağayev, Tofiq  Əhmədov (Astaranın  baş  memarı), Kamil  Həmzəyev, Azad  Məhərrəmov, Nəhmət,  Məhərrəm  Fərəcov, Barat     başqaları  yaxşı  oyunçular  sayılırdılar. “Alov”  futbol  komandası  rayon  səviyyəsində  keçirilən  yarışlarda  iştirak  edir, mükafata  layiq  yerlər  tuturdu.

Qeyd  edək  ki, Astara  Uşaq-Gənclər  İdman  məktəbi  rayonda  yarışların  əsas   təşkilatçısına  çevrilmişdi. Hər  il  keçirilən  yarışların  təsəbbüskarı  məktəbin  direktoru  Namik  Həsənov    internat  məktəbin  baş  müəllimi  Hüseyn  Ələkbərov idilər.  Məktəbdə yüngül atletika, futbol, voleybol, tennis, şahmat, bakselbol  bölmələri  fəaliyyət  göstərərdi. Məktəbimizin  “Alov”  komandası  həmişə  futbol  yarışlarına  dəvət  alardı, rayonda  çox  vaxt  birinci  və ikinci  yerləri  götürərdik.

Şagirdlərin  istirahəti, asudə  vaxtları  da  səmərəli  təşkil  olunardı. O vaxt  rayonun  Maşxan, Miki, Kələdəhnə  kəndlərində    “limon”  sovxozunda  pioner  düşərgələri  fəaliyyət  göstərərdi. Biz yay tətillərində həmin  düşərgələrdə  istirahətimizi  xoş  keçirərdik. Düşərgələrdə məktəblilərin  dünyagörüşünün  formalaşması, fiziki  hazırlığının   təkmilləşdirilməsi  üçün  müxtəlif tədbirlər,  idman  yarışları  keçirilərdi.  Xəzəryanı  istirahət  yerlərimiz    vardı, orada  da istirahətimiz şən və maraqlı keçərdi. Bir qayda  olaraq  həftənin  şənbə və bazar  günlərində  əsasən  Hind  filmlərinə  və teatrlaşdırılmış  verilişlərə  baxardıq. Biz həmin günləri  səbrsizliklə  gözləyərdik.

Yuxarıda  qeyd  etdiyimiz  kimi, idman  sahəsində  qazandığım  bütün  mailiyyətlərimə, fəxrı  adlarıma  görə  ilk  növbədə  internat  məktəbinə  borclu  olduğumu  həmişə  diqqətə  çatdırıram. Yaxşı  yadımdadır, Kamal  Əliyev  tarixdən  bizə   dərs  deyərdi. O, eyni  zamanda  boksla  məşğul  olurdu, bu  sahədə  uğurları  və idman dərəcəsi də  vardı. Boks  idmanına  ilk  marağı  məndə  məhz  Kamal  müəllim  yaradıb. Mənə  demişdi  ki, mütləq  idmanda   boksun  dalınca  get,  səni  burda  böyük  uğurlar  gözləyir.  Hər dəfə  tarix  dərsində  məni  qaldırar, ilk  sözü  bu  olardı:  “Boksyor, fikrini  dəyişməmisən  ki?..” Cavabında  deyərdim  ki, xeyr, Kamal  müəllim.

İnternat  məktəbini  bitirdikdən  sonra  mən 1970-ci  ildə  Bakının  Razin  qəsəbəsində  (indiki  Bakıxanov  qəsəbəsi)  7 nömrəli  texniki  peşə  məktəbinə  getdim. Lakin  tarix  müəllimi  Kamal  Əliyevin  sözləri  həmişə   qulaqlarımda  əks-səda  verirdi: “Fikrini  dəyişməmisən ki...”

Peşə  məktəbində  boksla  daha  ciddi  məşğul  olmağa  başladım. Sonralar  texniki  peşə  məktəbinə  “Komsomolun  50  illiyi”  adı  verildi.  Məktəbin  idman  rəhbəri, Fəxri  Bədən  tərbiyəçisi  və Əməkdar  idman  xadimi  Həsən  Qarayev də  mənə  məsləhət  gördü  ki, boksla  məşğul  olum. Sevimli  müəllimim  Kamal  Əliyevin  vaxtilə  söylədikləri  çoxdan  həqiqətə  çevrilib.  Peşəkar   boksçu  kimi  uğurlarım  göz  qabağındadır. Ən  əsası  budur  ki, Lənkəranın  boks  idmanını  dünya  səviyyəsinə  qaldırdım. İndi  yetirmələrim  və oğullarım  uğurlarımı  layiqincə  davam  etdirir, Azərbaycan  boksunun  inkişafına  öz  töhfələrini  verirlər...

Vaxtilə  Astara  şəhər  İnternat  məktəbində oxumağımdan  illər  keçir.  Sevimli  müəllimlərimin  çoxu  həyatda  yoxdur.  Lakin  yaşayanlar  da  var.  Onlardan  biri    Respublikanın  Əməkdar   müəllimi, mənə  coğrafiyadan  dərs  deyən  Heybət  Hüseynovdur. Keçən  il Heybət  müəllimin  anadan  olmasının  90  illiyi  Astara  şəhərində  təntənə ilə  keçirildi.  Təbii  ki, bu  yubileydə  başqa  şagirdləri  kimi  mən də  iştirak  edirdim. Ürək  sözlərimi  onunla  bölüşsəm  də, elə  bilirəm ki,  sevimli müəllimim haqqında  hələ  heç nə  deməmişəm.  Heybət  müəllimlə  indi    tez-tez  görüşür, yenidən  o  illərə  qayıdır, acılı-şirinli  xatirələri  dilə  gətiririk.

Bəli, Astara  şəhər  İnternat  məktəbi  ilə  bizi nə  az, nə  çox  düz  62  il  zaman  məsafəsi  ayırır.  O  vaxtdan  çox  şey  dəyişilib.  Təkcə  o  illərlə  bağlı  xatirələr  dəyişməz  qalıb. Hazırda  təqaüddə  olsam da, xatirələr  işığında  o  illəri  yenidən  yaşayıram.

Yuxarıda yazdığım kimi mənim atam İmran da müəllim olub. Mən özüm də uzun illər  müəllim, baş məşqçi işlədiyimə və Lənkəranda Beynəlxalq səviyyəli Boks məktəbi yaratdığıma görə müəllim adını həmişə uca tutmuşam. Müəllim-işıq deməkdir. Müəllimsiz dünya, həyat  yoxdur. Müəllimi zəif olan ölkə nadan ölkədir. Ona görə də dünya dahiləri müəllimlər haqqqında həmişə maraqlı fikirlər deyiblər. Həmin fikirlərdən bəzilərini mən gündəliyimə yazmışam və həmişə dyirəm. İndi istəyirəm ki, onları bura yazım və oxucular da oxuyub yaddaşlarında əbədi saxlasınınlar.

 

Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır. (Mustafa Kamal Atatürk)

***

Mənə bir hərf öyrədənin köləsi olaram. (Hz.Əli)

***

Müəllim bir  memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir. (Atalar sözü)

***

Yer üzündə, müəllimlikdən başqa şərəfli bir peşə tanımıram. (D. Roman)

***

Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. (A. Karrel)

***

Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. (Aristotel)

***

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. (Sokrat)

 

Bəli. Müəllim əməyi çox böyük  əməkdir. Gəlin müəllimləri sevək. O məmləkətdə ki, müəllim sevilir, həmin ölkə sivil ölkədir. Biz, həyatda hansı uğurlara imza atmışıqsa, müəllimləri sevdiyimizə, onlara bir valideyn kimi qiymət verdiyimizə görə nail olmuşuq.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

                                                

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.