ƏDƏBİ TƏNQİD – Vasif Süleyman yaradıcılığı haqqında Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün meydan ədəbi tənqidindir. Aysel Xanlarqızı Vasif Süleymanlı yatradıcılığını təhlil edəcək.

 

Ədəbiyyat dedikdə bir şey başa düşürük – ayrı-ayrı insanların, xalqın və ya bəşəriyyətin yaratdığı elmi, bədii, fəlsəfi əsərlərin toplusu və bu əsərlərin dövrümüzdə, mənəviyyatımızda, mədəniyyətimizdə yaratdığı oyanış, inkişaf. Bəzən şair bir misrası ilə, yazıçı bir qəhrəmanı ilə ömürlük insan yaddaşına həkk olunur. Bu gün də Azərbaycan ədəbiyyatının xidmətində  dayanan böyük söz ustadlarımız gələcək nəsillərə ədəbi töhfələr verməkdə  davam edir.

Yazıçı Anarın ədəbiyyatımıza bəxş etdiyi əsərlər və unudulmaz obrazlar, Vaqif Səmədoğlu yaradıcılığındakı sehrli misralar, Sabir Rüstəmxanlı qələminin gücü, Məmməd İsmayıl böyüklüyünün açdığı cığırlar və s. (bu siyahını daha da artırmaq olar), onların  saldıqları ədəbi körpülər ölkə hüdudlarını aşaraq ərazi baxımından kiçik olan dövlətimizin böyüklüyünü dünyada bir daha təsdiq edir.

Brilyant da balacadır, amma dəyəri hər zaman böyükdür – sözünü əbəs yerə deməyiblər və o qiymətli əşya üstündə hər zaman çətin mübarizələr olub. Azərbaycanımız da dünya xəritəsinə nəzər salanda balaca boyu ilə, amma böyük ürəyi və saysız-hesabsız sənətkarları, işıqlı elm insanları, qəhrəmanları ilə, təbii, zəngin sərvətləri ilə par-par parıldayaraq tarix boyu çoxlarını narahat etsə də, incidilsə də, göz qamaşdırmaqda davam edir.

Bəlkə də, mətləbdən çox kənara çıxdığımı düşünəcəksiniz, amma heç də kənarda deyiləm... Bu gün sizə uzun illərdir əsrarəngiz misraları ilə ədəbiyyat qəzetlərinin və jurnallarının səhifələrində söz-söz döyünən Vasif Süleyman yaradıcılığı, onun şeir-şeir yaratdığı möcüzələr haqqında söz açmağı özümə mənəvi borc bildim. Vasif Süleyman haqqında yazmaq, bəlkə də, mənim üçün tezdir, çünki şairin yaradıcılığı və ədəbiyyat sahəsində sərf etdiyi əmək ən azı  yaşım qədərdir. Mənim və bir çox həmyaşıdlarımın, həmkarlarımın irəliləməsində də onun mənəvi dəstəyi danılmazdır.

 

Nə sevdin sevəntək, nə üz çevirdin,

Adi təsəlliydin, adi umuddun.

Mən səni hamıdan yaxşı sevirdim,

Sən məni hamıdan yaxşı unutdun...

 

Biz, dövrün gəncləri onu ilk bu şeiri ilə tanımışıq, öncə sosial şəbəkələrin axtarış bölməsində bu səmimi, gözəl misraların sahibinin kim olduğu ilə maraqlanıb sonra da başqa şeirlərini axtarıb oxumağa başlamışıq...

Hamıdan yaxşı unudulduğunu düşünən şair, əslində, fərqində deyildir ki, bu şeirləri ilə o, ədəbiyyat tarixinin gözəl səhifələrində hər zaman vərəqlənəcək, əsla unudulmayacaqdır. Oxuduqca bəzən  bu misraların yaranmasına səbəb olan şair yaşantılarına da təşəkkür etmək istəyirsən... Çünki ən gözəl əsərlər ağrılardan, böyük hissiyyatdan doğulur və yaradıcı insan əsər yazarkən dünyaya körpə gətirən bir ananın keçirdiyi ağrıları yaşayır, o ağrılar ki, insan  qabırğasının qırılmasına bərabər acı verən hisslərdir... Nəticədə isə öz bəhrəsini görən insan o çəkdiyi ağrıların şirinliyini də yaşayır. Və yaradıcı şəxs hisslərini ifadə edə bilməyən minlərlə insanın duyğularının ifadəçisinə  çevrilir. Qısaca desəm, şeir şairin övladı kimi doğulub insanlığın hissi kimi yaşayır...

Bu gün Vasif Süleyman yaradıcılığındakı ağrılı hisslər də öz şirinliyini ədəbiyyat dünyasında aldığı dəyərlə, dildən-dilə, ağızdan-ağıza keçərək tarixin və insanların yaddaşında yaşayır, yaşayacaqdır.

 

Səssiz harayımı indi kim duya,

Budurmu dediyin əlçatmaz röya…

Görürsən, bir yanda bu boyda dünya,

Təkcə sən durubsan bir tərəfimdə...

 

Dünyanın, yerin orbitindən kənara çıxıb, öz həssas duyğularını ürək tərəfinə, ömrünün ən gözəl tərəfinə qoyub şair...

Bu əvəzsiz duyğuları, əslində, hər kəs yaşayır və ya özünü  yaşamış kimi hiss edir, amma hər kəs bu qədər gözəl ifadə edə bilmir... Şairin gördükləri, şeirə çevrilənlər İlahinin onlara bəxş etdiyi özəl hisslərdir. Məncə, şairlər Tanrıya insanlardan daha yaxındır və Allahın Yer üzündəki duyğu, insanlıq, ədalət təmsilçiləridir. Şəxsiyyəti və insanlığı haqqın tərəzisində zəif çəkilən insan oğlu kimliyindən və vəzifəsindən asılı olmayaraq dünyaya nə əta edərsə-etsin, mənim üçün dəyərsizdir.

Vasif Süleyman isə bir şəxsiyyət olaraq da sözü ilə, əməli ilə, özü ilə, insanlığı ilə bütündür. Onun misralarından bəhrələnən çox gənclər var ki, şair böyük bir təvazökarlıqla bu gün də onların yanındadır. Vasif Süleymanın mənim və həmkarlarımın yaradıcılığını çox dəyərləndirdiyini, ata, dost qayğısını hər zaman hiss etmişəm, bu gün də edirəm...

Tanrıya “Bircə sən qalıbsan, bir də EŞQ qalıb” – deyən müəllif başqa bir şeirində də İlahidən eşqdən yananların bir yerə toplamasını istəyərək o insanların bir-birini daha yaxşı anlayacağını düşünür:

 

Qaytaraq nə varsa yerindir, yerə,

Gah göyə qarışır, gah da sirr, yerə.

Eşqdən yananları topla bir yerə,

Hamı bir-birini anlar, İlahi!

 

Və ya:

 

Göydə quşlara da nəmər verərəm

Adını gətirən xəbər boyunca.

 

– deyən şair mənəvi hisslərin dünyanın heç bir maddi neməti ilə əvəzolunmazlığını bir daha izah edərək insanları saf sevgiyə və təmiz hissləri qorumağa səsləyir... O hisslər ki, onlar satın alınmır, onların orijinallığı və təbiiliyi saflıqdan, paklıqdan ibarətdir. İnsan mənəvi zənginliyini itirincə böyük bir boşluğa düşür, həyat rəngsiz, dadsız və qoxusuz olur, günlər isə bir-birini bitirməyə tələsən ömrün ağır depressiv hissləri ilə daha da mənasızlaşır:

 

Tapdım gözlərimdə bəxtin ağını,

Arzum həsrətimnən baş eyləmədi.

Mən gördüm ürəyin ağlamağını,

Ağladı, bir damla yaş eyləmədi.

 

Bu bəndi oxuyarkən nə zamansa internet səhifələrində rastladığım “Ürək ağlayanda gözdən tər axarmış...” – sözləri yaddaşımda yenidən təzələnir.

O, ağ günü yalnız gözlərinin ağında görən arzularının yorulduğunu desə də, ürəyinin bir damla yaş belə axıtmadığı halda için-için ağlaya bildiyini şeir boyu dilə gətirir. Ağlamaq yalnız göz yaşı demək deyildir çünki. İnsan bir rəsm əsərində fırçaların hərəkəti boyunca, bir musiqinin ucalıb enən ritmində də, bir şeirin sonuncu sətrində də duyğuları ağlada bilir. Ağrıları göz yaşlarıyla ifadə etmək, əslində, insanı rahatlaşdırır, ürəyini boşaltmağa imkan yaradır, ağlaya bilməmək, kədərini içinə atmaq isə ağrıların ən əzablısıdır. O zaman ağır bir yük olaraq daşıyırsan özünü. Bəzən səssiz bir yerdə var gücünlə bağıraraq ağlayıb ayağının altındakı torpağı daşladıqdan sonra içindəki bütün yükləri ətrafda əks-səda verən səssizliyə boşaltmaq o ağırlığı içindən atmağa kömək edir. Kişilər isə çox nadir hallarda ağlaya bilirlər. Yaşantıların ağırlığını içində daşıdıqca bu yükün altında ürəyin çiyinləri bükülür, ürək zədə alır.

 

Tanrı yazdığına neyniyəsiyəm,

Bu boyda saflığın divanəsiyəm.

Mən bu məhəbbətin azan səsiyəm,

And içmək istəsəm, Quran olursan.

 

Sevgi müqəddəs hisslərlə o zaman bərabər tutulur ki, o, həqiqətən də, uğrunda hər azaba qatlanmağa dəysin. O an "Qurani-Kərim"ə yalandan and içməyə qorxan inanclı insan duyğuları yaşayırsan. Bu halda  eşq İlahiləşir, güvən yerinə, qibləgahına, and yerinə və səcdə yerinə çevrilir… Bu yaşantılar bəşər övladının həyatında ən günahsız, ən saf tərəfidir, məncə. Nə xoş belə sevməyi, sevilməyi bacaranların halına… Vasif Süleyman da şair duyğularını qələminə dolduraraq sevən ürəkləri belə fəth edir…

Ömrünün 60-cı ilinə şeir kitabları, publisistik yazıları və məqalələri ilə addımlayan şair bu zaman ərzində özüylə bərabər müsbət insani keyfiyyətlərini də yanından ayırmayıb. Yaxşılıq və xeyirxahlıq onun ömür yollarının ən vəfalı silahdaşıdır. O, sözüylə də, əməlləriylə də gözəllik və xeyirxahlıq uğrunda 60 ildir ki, ömür qət edir. Şairə yaradıcılıq və insanlıq zirvəsində daha uzun, sağlam ömür arzu edirəm.

Tanrı yaxşıları həyatımızdan və dünyamızdan əskik etməsin.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.