Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA. “TORPAQ KİMİ SƏXAVƏTLİ”
Əsl insan həmişə məndə torpaqla oxşarlıq hissi oyadır. Xalq min illər boyu torpağın zənginliyindən, onun meşəsindən, bulağından istifadə edir, ondan bol məhsul götürür. Ancaq torpaq dəyişməz, səxavətli və müdrik qalır. Biz deyirik: Anamız torpağa eşq olsun!
Əsl insan xalqa özünün ürək hərarətini verir. O, xalqa əsl sevinc gətirir, insanlara yaşamaq, mübarizə aparmaq və qələbə çalmağı öyrədir. Əgər o, ictimai xadimdirsə, xalqın səadəti uğrunda ədalətli mübarizəsində məşəl olur. Əgər o, yaradıcı adamdırsa, ilhamlı sözü, musiqi rəngləri, rənglərin musiqisi ilə kütlələrdə mərdlik, Vətən məhəbbəti hissləri tərbiyə edir. O, insan xarakterlərinin dərindən dərk edilməsi sevincini bizə bəxş edir. Bizi müdrikləşdirir, təkrar-təkrar bizdə xeyirxah hisslər – zəhmət adamlarına məhəbbət, əsl insana qarşı çevrilmiş hər hansı qeyri-insani hisslərə nifrət oyadır. Əsl insanda onun azadlığa, işıqlı ideallara can atmağını ifadə edir. Biz deyirik: İnsana, onun böyük zəkasına, nəcib mübarizəsinə eşq olsun!
Yüz, iki yüz, daha çox il yaşasa da, insan əzmi, insan qüdrəti tükənmir. O, torpaq kimi öz nemətlərini bitib-tükənməyən mənəvi aləmində mühafizə edib saxlayır.
Belə adam həyatdan gedəndə, deməli, olduğu nə qədər sözü, çəkilməmiş nə qədər şəkli, bəstələnməmiş nə qədər nəğməsini özü ilə aparır. Belə adam haqqında böyük təəssüf hissi ilə deyirik: Nə tez getdi?!
Səməd Vurğun belə insan idi. O, yer oğlu idi. Torpaq kimi mehriban, müdrik idi. İndi onun 60 yaşı olardı. O, ancaq 50 il yaşadı. Əgər onun həyat yolunu nə etmiş olduğu ilə ölçsək, onda Səməd Vurğun ömrünün onlarla adi həyata bərabər olduğu görünər. Yüzlərlə şeir, onlarla poema, neçə mənzum pyes, çoxlu məqalə... Böyük istedadlı şair-dramaturqun ədəbi irsinin ancaq üzünü köçürmək lazım gəlsə, buna illər tələb olunar. Əgər özlüyümüzdə düşünsək ki, o, bir ifadəni, bir sətri yazmaq üçün nə qədər iztirab, yuxusuz gecələr keçirmişdir, aydın olar ki, şair necə gərgin enerji, iradə və ilhamla işləmişdir.
Ancaq hər halda, Səməd Vurğun aramızdan gedəndə öz xalqına, bəşəriyyətə vermək istədiyi böyük poetik zənginlikdən, məhsuldan bizi məhrum etdi. Bəlkə o, ancaq bir dənə ölməz şeir, bəlkə təzə romantik dram, bəlkə sadə insan taleyinə həsr edilmiş poema yazacaq idi.
Səmədə yaxın olanlar, onunla tez-tez görüşənlər bilirlər ki, onun ürəyi həmişə təzə sətirlərlə, surətlərlə, ideyalarla dolu olardı.
Səməd nəinki poetik əsərlər yaratmışdır, o, həmçinin tez-tez bizim ədəbiyyatın müxtəlif problemlərinə də öz münasibətini bildirmişdir. Heç də onunla mənim fikirlərimiz eyni olmurdu. Bizim zövq ixtilaflarımız az deyildi. Aramızda tez-tez ədəbiyyatın, xüsusilə poeziyanın inkişaf yolları haqqında qızğın mübahisələr gedirdi. Səməd bu gün yaşasaydı, yəqin ki, indi də belə mübahisəli məsələlər tapılardı. Səməd canlı insan idi, o, Azərbaycan, eləcə də ümumsovet ədəbiyyatının taleyi ilə maraqlı idi. Bütün bunlala bərabər, deməliyəm ki, ədəbiyyatımızın partiyalılığı və onun xalqa xidmət etməli olduğu haqqında bizim aramızda heç bir ayrılıq və mübahisə yox idi.
Mənə elə gəlir ki, indi də buna əminəm, Səməd Vurğunun böyük, mürəkkəb yolunu hamar, əvvəldən axıra kimi düz, əziyyətsiz sayanlar həqiqətin əleyhinə gedir, faktları təhrif edirlər.
Səməd Vurğunun gücü bunda deyildi ki, guya o, ilk illərdə də, yaradıcılığının çiçəkləndiyi dövründə olduğu kimi, eyni qüvvətlə, kamil şeirlər yazmışdır. Yox, Səməd poetik ürəklə doğulmuşdu, ancaq onun sənətkarlığı və istedadı gərgin zəhmət, böyük əmək nəticəsində parlamışdır. Onun bir neçə şeiri var ki, – təəssüf ki, bir neçə – şair onları ölümündən az əvvəl yazmışdır. Mən belə hesab edirəm ki, bu şeirlər incə poetik müşahidələri, dilinin şirinliyi ilə, Səmədin valehedici poeziyasında yeni, yetkin bir mərhələdir. Bu şeirlərdən biri “Şair, nə tez qocaldın sən?” adlanır. Kim bu şeiri diqqətlə oxuyubsa, o, asanlıqla fəlakət yaxınlığında nigaranlıq çəkən insan üçün təbii olan kədəri aydın duyar. Lakin buna baxmayaraq, şeirin həyatla sıx əlaqəsini, həyata bağlılığını da görər.
“Mən tələsmirəm” şeirində həyatda çox görmüş, öyrənmiş, həyat təcrübəsi ilə müdrikləşmiş insan poeziya dili ilə bizimlə danışır. Bu şeirin sətirləri o qədər təkcə və əlvandır ki, onu hər vaxt oxuyanda elə bilirsən ki, onlar yazılmayıb, birnəfəsə nəğmə kimi oxunub. Səməd məhz bu yüksək sadəlik – iztirablar, yuxusuz gecələr hesabına başa gələn sadəliklə geniş oxucu kütlələrinin rəğbətini qazanmışdır.
Səməd o xoşbəxt insanlardan idi ki, öz mənəvi zənginliyini xalqa verdikcə özü daha da zənginləşirdi, gəncləşirdi, onu qocalıq haqlamırdı.
“Vaqif”, “Fərhad və Şirin”, “Xanlar” şairin böyük dramaturgiya istedadının parlaq nümunələridir. Ancaq Səmədin dramaturqluq bacarığına hörmət bəsləməklə bərabər, mən bu fikirdəyəm ki, onun dramlarının tamaşaçıya dərin təsir bağışlaması birinci növbədə Səməd şeirinin gözəlliyi, axıcılığı ilə izah olunmalıdır.
Səməd haqqında çox yazılmış, daha çox yazmaq olar və lazımdır.
Səməd Vurğun görkəmli ictimai xadim, publisist idi. Onun xaricə səfərindən sonra yaranmış şeirləri aydın, səlis, öz ideyası ilə snaypercəsinə hədəfə tuşlanmışdır. Onun xarici, xüsusən London şeirlərində sovet vətəndaşının dünya şöhrətli poeziyası, qəhrəmanlıq tarixi olan qədim azəri oğlunun, bu gün sovet xalqlarının ailəsində yeni dünya quran xalq adından danışan bir insanın iftixarı böyük qüvvətlə səslənir.
O, bizim kəndlərin sadəlövh ibtidailiyini sevir, həm də onların yeni həyatını salamlayırdı. Şair siqlətli sətirlərlə öz əllərinin əməyi ilə bütün sovetlər vətənində şöhrət qazanmış sadə azərbaycanlı qadının – Bəstinin obrazını yaratmışdır. Onun qəhrəmanları vətəndaş və Böyük Vətən müharibəsi döyüşçüləri, Mingəçevir qurucuları, neftçilər idilər. Səməd nədən yazır-yazsın, bu əsərlər səmimi, həyəcanlı və ürəkdən olurdu.
Vurğun çox gözəl bir vaxtda, sovet xalqının ölkədə sosializm quruculuğu uğrunda mübarizə apardığı bir dövrdə yaşamışdır. Ancaq onun həyatı ölkənin həyatı kimi çox çətin və mürəkkəb olmuşdur. Çətin günlər, ağrı-acıların yanığı var idi, ancaq onlarla yanaşı qələbə və mübarizə sevinci, irəliyə, ən müqəddəs məqsədə can atma da var idi.
Səməd özünə Vurğun ləqəbi götürmüşdü. O öz vətəninə, öz xalqına vurğun idi. O, poeziyanı sevirdi. O, yer oğlu, təbiət övladı idi. O, qarlı dağları, ənginlikləri sevirdi. Bakını sevirdi, ona çoxlu şeirlər həsr etmişdir. Moskvanı məhəbbətlə tərənnüm edirdi. O, insanları, yaxşı, təmiz ürəkli, insan ləyaqətinin bayrağını yüksək tutan, yer üzündə insan səadəti uğrunda axıra kimi mübarizəyə sadiq olanları sevirdi. O, uzun müddət müxtəlif millətlərdən olan, müxtəlif yerlərdə yaşayan bu insanların qəlbində yaşayacaqdır.
“Ədəbiyyat və incəsənət”
(03.06.2025)