PSİXOLOGİYA VƏ ŞEİR – Rəsmiyyə Sabir və Aysel Ərəstunqızı ilə Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. "Psixologiya və şeir" rubrikamızı çox sevdiyinizi bilirik.

Həm Psixologiya, həm də şeir ruhun dili ilə danışır. Bu rubrikamızda hisslərin sirri elmin dili ilə Sizə izah edilir. Hər buraxılışımızda biz şeirin şəfasını duyuruq.

 

Beləliklə, bugünkü rubrikamızın şair qonağı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş Baş katibi, hazırda – Məşvərət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, bir çox sevilən musiqilərin söz müəllifi Rəsmiyyə Sabirdir.

 Rubrikamızın ikinci qonağı isə Psixo-pedaqoq, metodist, təlimçi, təhsil eksperti Aysel Ərəstunqızıdır. “Hadisəni yox, nəticəni düşündürməlidir söz” deyir Aysel Ərəstunqızı.

 

RƏSMİYYƏ SABİR:

“Sözlə savaş”

 

Bir ilahi SÖZ bilir,

Özünə simsar məni.

Qoymur özümdən gedim,

Qoymur bu hasar məni.

 

Ömrümün gülşən çağı,

Qəm oldu başım tacı,

Dərdlərim dar ağacı,

İçimdə(n) asar məni.

 

Qələm – külüng,

söz – bir dağ,

Qazdıqca qazıyacaq,

Əldən düşəndə torpaq,

Bağrına basar məni.

 

 

AYSEL ƏRƏSTUNQIZI:

 

Mən obrazı insanın özü haqqında təsəvvürləridir, bu şeirdə özünüqiymətləndirmə  insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə sözlə avtoportretidir. Sözə verilən dəyər ilahiləşdirilərək müqəddəslik qazanmışdır.

Şeirin ikinci bəndində potensial davranış reaksiyaları insanın özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür edərək yeri gələr dərdi, yeri gələr sevinci ifadə edərək sığınacağı limana çevrilmişdir.

Fiziki, real, ideal, sosial tərəflərdən Mən konsepsiyasını əks etdirən sözlərə verilən bu ahəng şairin özgüvənə çağırışını bir növ oxuyucuya çatdırır…

Şəxsiyyətin dəyərləri onun interpsixoloji fenomendir. Şeirdə bu fenomen həyatın bütün çağlarına toxunularaq həm yumşaq bədiiliklə, həmçinin real axirət sərtliyi ilə yekunlaşdırılmışdır. 

Unutmayaq ki, şeir emosiya, təxəyyül və intuisiyaya diqqət yetirən romantik bir ənənədir. Bizim şeirimizdə də problemlərlə üzləşdikdə güclü xarakterin yansıması oxuyucuya ekstremal vəziyyətlərdə psixoloji gücü dəstəkləyir. Alternativ olaraq fərdin özü ilə barışıq olması fikri həm də bir çox antisosial və empatik şəxslərin özləri ilə barışıqda olması faktı ilə təkzib edilə bilər.

Pozitiv psixologiya yanaşmasında tez-tez istifadə edilən və mütəxəssislərin bu yaxınlarda psixoloji sağlamlığın göstəricisi olduğuna razılaşdıqları anlayışlardan biri də bədii ədəbiyyatdır, qısacası, poeziya müalicəvidir!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.