“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün “Ulduz” jurnalı və “Xalq qəzeti”nin “Xalq qəzeti” TV ilə birgə layihəsi olan “Ayrı söhbət” proqramına keçid alacağıq, proqramda Qulu Ağsəsin növbəti qonağı Xalq artisti Arif Babayevdir.
– Arif müəllim, evinizdə xoş gördük, necəsiniz?
– Xoş gəlmisiniz. Səsim bir az zəifləyib, qalan hər şey yaxşıdır. Çox şad oldum gəlişinizə.
– Sizin səsiniz yaddaşımızda musiqi möhürü kimi həkk olunub. Heç nə sizin səsinizə xələl gətirə bilməz.
– Səsi gərək qoruyasan, külək, soyuq hava ona pis təsir edir. Konsert zamanı soyuq olanda xırıltı yaranır və bu da çətinlik törədir. Ona görə də xanəndəlik çox çətin sənət sayılır. Uzun illərdir mən buna şahidəm, çox çətindir.
– Siz ömrünüzü idmançı kimi yaşamısınız. Necə ki idmançı öz formasını qoruyur, siz də səsinizi saxlamaq üçün sağlam həyat sürmüsünüz. Nə gəldi yeməmisiniz, vaxtında yatıb-durmusunuz, səsinizə qulluq etmisiniz.
– Dedikləriniz tamamilə doğrudur, səsi səhnədə əsgər kimi qorumaq lazımdır.
– Arif müəllim, deyirlər, siz səsi peşəkarlıqdan üstün tutursunuz.
– Səs Allah vergisidir o təkcə sənin yox, həm də xalqın, tamaşaçınındır. Peşəkarlığı məktəbdə öyrənmək olur, amma səs ya var, ya yoxdur. Onu qorumaq, sənətə çevirmək gərəkdir.
– Siz xalq mahnılarının, muğamların və bəstəkar nəğmələrinin mahir ifaçısısız. Hansısa bir məclisdə sizdən aşıq havası oxumağı istəyən olubmu?
– Bəli, həm də çox oxumuşam. Saz yaxşı çalınanda, mən də oxuyanda sanki özümlə danışıram.
– Operada aşıq rolu oynayanda da oxumusunuz...
– Bəli, baş rollardan biri olan Aşıq Qəribi oynamışam və aşıq kimi oxumuşam.
– Sizi ağırtaxtalı sənətkar kimi tanıyırlar. Aktyorluq və Arif Babayev necə uyuşur?
– Operalarda çox oynamışam. Üzeyir bəyin əsərləri həmişə cavandır. O yaşayıb və daim yaşayacaq. Bu operalar həm də xanəndəni aktyora çevirir. Səhnədə rol aparmaq ayrı, oxumaq isə başqa olsa da, gərək onları birləşdirməyi bacarasan.
– Məcnun rolunu oynamaq bu baxımdan çətindir. Çünki bunun üçün aktyorluq bacarığı lazımdır.
– Əlbəttə, öyrənmək lazımdır. Uzun illərdir operadayam. Səhnədə necə olmaq, xanəndə kimi necə oxumaq lazımdır, çox gözəl bilirəm. Bunu tələbələrimə də öyrətmişəm.
– Bəzən deyirlər ki, əvvəlki səslər indi yoxdur. Xüsusilə Qarabağ səsləri. İndi, şükürlər olsun, Qarabağ qayıdıb. Sizcə, yenidən o səsləri eşidəcəyikmi? Əbülfəzin, Qədirin, Arifin, Səxavətin, Şahmalının səsləri kimi... Yəni torpaq, hava, su səsin yaranmasında vacibdir...
– Niyə də olmasın? Həyatı bilmək olmaz. Deyirlər ki, bəzi səslər əvəzsizdir. Ancaq gözəl ifa edən, yaradıcılıqla məşğul olan, gələcəyin xanəndəsi cavanlarımız olub, olacaq da. Hazırda elə cavan uşaqlarımız var ki, onlar xanəndə kimi sevilirlər.
– Qarabağa getdiniz. Xəyalınızdakı Ağdam, doğulub-böyüdüyünüz Sarıhacılı və gedib gördüyünüz yerlər sizdə necə hisslər yaratdı? Efirdə sizin səfərinizə baxdım və gördüm ki, siz ermənilərin törətdiyi vəhşiliyi, barbarlığı bu dərəcədə təsəvvür etmirmişsiniz.
– Bəli, doğulduğum yerdir Ağdam. Lənətə gəlmiş ermənilər işğal etmişdilər torpağımızı. Ürəyimiz dağlanmışdı. Mən həmişə fikirləşirdim ki, torpaqlarımız alınacaq. Çox şükür ki, dövlət başçımız İlham Əliyevin müdrik siyasəti sayəsində torpaqlarımız işğaldan azad olundu, insanlarımız sevindi və mən bunu görə bildim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, ordumuza isə güc-qüvvət versin. Biz onların sayəsində öz torpaqlarımızda rahat gəzə bilirik. Neyləyək, erməni viran qoyub, biz ondan da yaxşısını tikirik.
– Uzun illərdən sonra Şuşaya şənliyə getdiniz. Sizcə, Şuşa çox dəyişibmi?
– Quldurlar, qarətçilər Şuşanı da xeyli dağıdıblar. Şükürlər olsun ki, artıq yenidən tikilir və Şuşa daha gözəl şəhər olacaq.
– Bu yaşda evdə öz-özünüzə zümzümə edirsinizmi?
– Bəli, hərdən segahlardan zümzümə edirəm. Elə şeylər olur ki, onu məşq edirəm. Məsələn muğamı, onun şöbələrini yadıma salıram. İstəyirəm ki, bildiklərimi ömrümün axırına kimi tələbələrə çatdırım. Mən bunlarla təsəlli tapıram, sevinirəm.
– Sizi bütün tələbələriniz sevir. Bəs Arif Babayevin sevdiyi tələbələri kimlərdir?
– Bütün tələbələrimi sevirəm, onlara fərq qoymuram. Onların gözəl səsləri var.
– Görsəniz ki, bir nəfər sizin kimi oxuyur...
– Ola bilər, buna yalnız sevinərəm. O, Arif Babayevi yaşadar. Amma xanəndə sənətə başlayanda kimisə təqlid etsə də, sonra o öz yolu ilə getməlidir.
– Ağdam şəhəri tikildikdən sonra orada Arif Babayev adına musiqi məktəbi açılmağını eşitsəniz...
– Allah Prezidentimizin canını sağ eləsin. Orada böyük işlər görülür, muğam mərkəzi də tikilir. Bəli, çox istərdim ki, belə bir təşəbbüs olsun. Ömrümün 70 ilini bu sənətə həsr eləmişəm. Əlbəttə, istəyirəm ki, həyatımı dəyişdikdən sonra xalqım, musiqisevərlər məni unutmasınlar.
– İnternetlə aranız necədir? Sosial şəbəkələrdən istifadə edirsinizmi?
– Arada vaxt edəndə yutub kanallarına baxıram, ancaq başqa sosial şəbəkədən istifadə etmirəm.
– Bilirsiniz ki, süni intellektlə insan da yaradırlar – robot danışır, hətta şeir yazır, mahnı bəstələyir. Yüz il sonra ola bilərmi ki, muğamlarımızı robotlar ifa etsin?
– O barədə məlumatım yoxdur, ola bilsin ki, belə bir ifa yaratsınlar.
– Arif müəllim, siz 16-cı mərtəbədə yaşayırsınız, bəs sənətin neçənci mərtəbəsindəsiniz?
– Sənəti deyə bilmərəm… Evə gəlincə, dostlarım, yoldaşlarım və tələbələrim gəlir, məni ziyarət edirlər. Sağ olsunlar, çox razıyam. Yaxşı tələbələrim var. Onlardan biri – Səbuhi İbayev Qarabağ Universitetinin vokal və muğam kafedrasının müdiri təyin olunub. Zəng vurub təbrik elədim. Digərləri də var, adlarını yaxşı xatırlamıram.
– Sizə necə, Qarabağ Universitetindən dəvət gəlsə, gedərsinizmi?
– Onu gələcək göstərər. Sağ olsun, qədirbilən dövlətim, indiyə qədər mənə verilən dəyər var, çox razıyam. Lazım gəlsə, Xankəndinə də gedərəm. Bir də ki, tələbəm ordadırsa, mən də ordayam, sənətim ordadır.
– Vikipediyada sizin tərcümeyi-halınıza baxıram, gənc ikən fəxri adlar almısınız – Əməkdar artist, Xalq artisti, professor... Demək olar ki, dövlət tərəfindən əksər ordenlərlə, medallarla təltif olunmusunuz. Amma aydın məsələdir ki, Arif Babayevin çətin, ağır günləri də olub.
– Həyatın çətin günləri olduğu kimi, xoş günləri də var. Niyə gileylənim? Qarabağ yenidən qurulur, çox sevinirəm, alqışlayıram.
– Ağdamda sizə ev verilsəydi...
– Mənim Ağdamda evim var idi. İndi niyə olmasın?
– Ağdam alınandan sonra “Ağam!.. Adam!.. Ağdam!..” adlı şeirimi yazdım. Ağdamlı müğənnilər, xanəndələr, dirijor Əyyub Quliyev və başqaları o şeiri səsləndirmişdilər...
– Oxuya bilərsiz?
– "Sən öl"ü, "sağ ol"u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun,
son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...
Ağam şəhərim!..
Adam şəhərim!..
Ağdam şəhərim!..
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
– Çox sağ olun, gözəl yazmısınız.
– Pandemiya vaxtı AzTV-də bu barədə veriliş çəkəndə sizi tapa bilmədik. İstərdim ki, bir gün gəlib sizi çəksinlər və o şeirdən 2 bənd də olsa səsləndirəsiniz.
– Baş üstə!
– Bir gün “Moskva” qəzeti Rəşid Behbudovdan müsahibə alırmış. Sual olunur ki, Rəşid müəllim, siz SSRİ Xalq artistisiniz, fəxri adlarınız var. Həyatınızda necə, narazı olduğunuz nə isə varmı? O da bu sualın qəsdən verildiyini düşünür. Deyir ki, mən hər şeydən razıyam. Müxbir əl çəkməyib dirəşəndə sənətkar deyir: Bəli, narazıyam, o da boyumun qısa olmasıdır. Sizin isə boyunuz, maşallah, ucadır. Amma yenə də, narazı olduğunuz nə isə varmı?
– Var. Elə muğamlarımız var ki, düşünürəm, kaş bunu başqa cür ifa edəydim.
– İfa etmədiyiniz üçün təəssüfləndiyiniz mahnı varmı?
– O qədər xalq mahnıları var ki... “Segah” üstündə xalq mahnıları var. Gərək işlənsin, oxunsun.
– Hazırda mahnı bəstələyirsinizmi?
– Bəli, bəstəkarlıq iddiasında olmasam da, mahnılarımı ifa ediblər, indi də xalq mahnıları kimi yaşadılır. Qoy oxusunlar, yaşasın, mən də dinləyim.
– Bu yaşda eviniz həm də iş yerinizdir. İndi nəsə ifa edə bilərsinizmi?
– Bağışlayın, bunun üçün səhhətim yaxşı olmalıdır. Hələ ki mümkün deyil.
Segah üstə bir çox mahnılarım var: “Bəh-Bəh”, “Gül açdı”, “Apardı sellər Saranı”, “Gəlmədi” və s. Hazırda tələbələrim də onları ifa edir. Dinləyirəm. Baxıram, sevinirəm.
– Bəlkə, yeni bəstələrinizdən də verəsiniz, oxusunlar.
– Əlbəttə, verirəm, oxuyurlar.
– İndiyə qədər sizi tarda ən yaxşı müşayiət edən, sözsüz anlayan kim olub?
– Sərvər İbrahimov, Əhsən Dadaşov. Onlarla uzun müddət işləmişəm.
– Bir dəfə demişdiniz ki, indiki tarzənlər arada mahnını çox uzadırlar. Belələri ifaçını çaşdırırlar, yorurlar...
– O olmamalıdır. Bəli, müşayiət etmək çox çətindir. Bəzi xanəndələr də oxuyanda tarzənlərə müdaxilə edirlər. Hər şeyin öz yeri var. Adlarını çəkməsəm də, gənc tarzənlərimiz, ifaçılarımız var ki, onlar gələcəyin böyük sənətkarı olacaqlar, adları tarixə düşəcək.
– Arif müəllim, xanəndələrdən kimə həvəslə qulaq asırsınız?
– Hamıya qulaq asıram. Xüsusən Cabbara, Seyidə, Xan Şuşinskiyə... Allah hamısına rəhmət eləsin! Cavanlarımızdan da yaxşı xanəndələrimiz var. Yaxşı oxuyurlar.
– “Ayrı söhbət” verilişinin qonaqları sonda redaksiyaya hədiyyə verirlər…
– Haqqımda yazılan kitablar var. Mən də onlardan birini öz imzamla sizə hədiyyə edirəm.
– Arif müəllim, çox sağ olun ki, bizə vaxt ayırdınız.
– Siz də çox sağ olun ki, gəldiniz. Səhhətimdə narahatlıq olsa da, sizi görməyimə çox şad oldum.
“Ədəbiyyat və incəsənət”
(02.06.2025)