Super User

Super User

Günün fotosu: Almaniyada mühacirlərə müharibə elan edilib

 

Bir neçə gündür ki, Almaniyanın Rostok şəhərində məskunlaşmış mühacirlərə qarşı zorakılıq halları müşahidə edilir. Hadisələr bu gün də səngiməyib. 

Almanlar iqtisadi böhranın, inflyasiyanın gəlmələrə görə baş verdiyini iddia edirlər. 

 

Foto: Euronews

Cümə, 26 Avqust 2022 12:00

Başmaqlı şeir

 

“Ədəbiyyat və incəsənət” portalı Yusif Nəğməkarın “Başmaqlı şeir” gülməcəsini təqdim edir

 

 

BAŞMAQLI ŞEİR

(Təvazökarlıqdan uzaq olmasın)

 

İş-gücdən macal tapıb, yayın isti günlərində dağlara çəkilmişdim.

Düşündüm gəlmişkən bu ərazinin şairlərini başıma yığım, birlikdə təbiətin qoynunda bir samovar çayı içək, bir-birimizin yeni yazılarımızla tanış olaq.

Çağırdım, gəldilər. Bunların gəlişinə samovar çayı da gəldi, ardınca cürbəcür təamlar, "iştahaçanlar" və sair...

Ümumi və ayrı-ayrılıqda hal-xoşdan sonra soruşdum ki, kim son vaxtlarda nə yazıb?

Zərbəçi yazar (regionun gözündə qabaqcıl) dedi ki, iri bir əsər yazmışam, bu yaxınlarda Azərbaycana səs salacaq...

Sonra hərə iki-üç şeir oxudu.

Növbə mənə çatdı. Bir dodaqdəyməz və bir dildönməz (iki təcnis) söylədim.

Ölkəyə "səs salacaq" yazar heyrət və təəccüblə soruşdu ki, qağa, belə çətin şeiri nətəri yazırsan ki, dodaqlar bir-birinə dəymir, dil dönmür, məna da dərin, fəlsəfi?!

Maraqla bizi dinləyənlərdən qalanlar da maraqlandılar ki, belə əzablı, zülmlü şeirləri harda, günün hansı hissəsində yazırsan -- səhər, günorta, axşam, ya gecə?

Dedim bəzən ayıq, bəzən yuxuda, maşında, uçaqlarda, yollarda, səfərlərdə, sizinlə bax beləcə söhbət edə-edə, çay içə-içə, gülə-gülə, ağlaya-ağlaya, futbol oynaya-oynaya, musiqi dinləyə-dinləyə, saz, kaman çala-çala, oxuya-oxuya, lap elə rəqs edə-edə, ən başlıcası, öz başmaqlarımı geyib gəzə-gəzə...

"Başmaq" sözünü eşidəndə hamısı bir ağızdan -- ahaa, tapdıq, sirr o başmaqlarda imiş-dedilər -- gəlin, biz də həmin başmaqlardan alıb geyək və innən belə həmin başmaqlarla gəzintiyə çıxaq! Onda biz də o meydana girib, yəqin o çətinliyin öhtəsindən gələ bilərik...

Bayaqdan bəri məni boğan gülüşümü gizlətmədən qətiyyətli fikrimi razılıqla bəyan etdim:

-- Çox yaxşı, amma hərə öz yerişilə!..

  25.08.2022-ci il.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə millət vəkili Erol Kaya, partiyanın İstanbul üzrə sədrinin müavini Cahid Altunay, AK Partinin İstanbul üzrə Qadın Qolları İdarə Heyətinin üzvü Yurdanur Bika və İstanbul Mədəniyyət Komissiyasının rəhbəri Özcan Ayma qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova ilə görüşüblər. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. Görüşlə bağlı təəssüratlarını agentliyin Türkiyə müxbiri ilə bölüşən Məlahət Abbasova deyib: “Türkiyədə uzun illər teatr və kino sahəsində fəaliyyətimi, eləcə də iki qardaş ölkə arasında mədəniyyət sahəsində qurduğum əlaqələr qardaş ölkədə yüksək qiymətləndirilir. Görüş zamanı Azərbaycanla bağlı çox gözəl söhbətimiz oldu, gələcək layihələrim haqqında məlumat verdim. Görüşün iştirakçıları qardaş xalqın nümayəndəsi olaraq hər zaman mənə dəstək olacaqlarını və fəaliyyətimin davamlı olmasını istədiklərini bildirdilər. Söhbət əsnasında Azərbaycan əsərlərinin, eləcə də ölkəmizin kino sahəsinin Türkiyədə daha geniş tanıdılması istiqamətində atılacaq addımlar müzakirə edildi. Onlar bu il dahi Azərbaycan şairi, yazıçı, dramaturq Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun “İblis” əsərinin Türkiyə Dövlət Teatrlarında səhnəyə qoyulmasında və hər iki qardaş ölkədə möhtəşəm qala gecəsinin keçirilməsində dəstək olcaqlarını bildirdilər. Əsərin Türkiyə Dövlət Teatrlarının repertuarına daxil edilməsində ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədovun çox böyük dəstəyi oldu”. 

Artıq 31 ildir dünyanın ən böyük teatrlarından olan İstanbul Şəhər Teatrlarında aktrisa-rejissor kimi fəaliyyət göstərdiyini deyən Məlahət Abbasova bildirib: “Uzun illər İstanbul Şəhər Teatrlarının direktor müavini, Teatrlar üzrə İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərmişəm. Bu 31 il ərzində 15-dən çox Azərbaycan əsəri həm İstanbul Şəhər Teatrlarında, həm də Türkiyənin Dövlət Teatrlarında səhnələşdirilib. Son olaraq mənim rejissorluğumla Hüseyn Cavidin “İblis” əsəri İstanbulda səhnəyə qoyuldu və çox uğurlu alındı. Moskvada, Ukraynada, Türkmənistanda, eləcə də Bakıda qastrol səfərlərində olmuşuq. Bundan əlavə, 1995-2012-ci illər arasında Türkiyədə Azərbaycan ilə bağlı keçirilən teatr, kino, poeziya, rəqs və opera günlərinin təşkilatçılarından olmuşam. Azərbaycan ilə Türkiyənin Mədəniyyət nazirlikləri arasında kino sahəsi üzrə ilk ortaq layihə olan “Mahmud və Məryəm” filminin ərsəyə gəlməsində də iştirak etmişəm və filmdə rol oynamışam. Ölkəmi xaricdə təmsil etmək mənim üçün qürurdur. Fəaliyyətim ölkəmizdə olduğu kimi, Türkiyədə də yüksək qiymətləndirilib, bir sıra nüfuzlu mükafatlara layiq görülmüşəm. Əməyimin yüksək qiymətləndirilməsinə görə həm dövlətimizə, həm də Türkiyəyə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət əlaqələrinin qurulmasına dəstəyinə görə görüşdə Məlahət Abbasovaya xüsusi plaket təqdim olunub.

 

Sentyabrın 21-dən 25-dək keçiriləcək “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı 6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət beynəlxalq münsiflər heyətini elan edib.

 

Bu münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: "Ən yaxşı tammetrajlı sənədli film", "Ən yaxşı qısametrajlı sənədli film" və "Əsas müsabiqədənkənar".

Bu il münsiflər heyətinə tanınmış kinorejissorlar, kino və foto dünyasının nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNICEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və “Emmy” mükafatı laureatı, “Oskar” mükafatına namizəd olan prodüser Kirstin Barfod var.

Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və ssenaristi, bir çox kino mükafatlarının laureatı Pavel Lozinskidir. O, özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək. Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.

Qeyd edək ki, “DokuBaku” Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən bəri festivalın məqsədi beynəlxalq proqramda dünyanın hər yerindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.

 

İstanbul Cumhuriyyət Baş Prokurorluğu populyar Türkiyə müğənnisi Gülşənə qarşı xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama ittihamı irəli sürüb.  

 

“Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin prokurora ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözləri Hatip liseyində  oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Tviterdə Gülşənin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib.

“Ədəbiyyat və incəsənət” portal LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşür.

 

 

1. "Alisa möcüzələr ölkəsində" kitabı orada danışan heyvanlardan bəhs edilməsi  səbəbindən Çində qadağan edilib. Sən demə bu, Çində kommunistin əxlaq kodeksinə, hakim ideologiyaya ziddir.

 

2. R. R. Tolkin "Üzüklərin hökmdarı" trilogiyasının bütün mətnini kompüterdə ikicə barmaqla yığıb .

 

3. “1001 gecə" nağıllarında sehirli çırağı olan Ələddin əvvəlcə çinli olub, sonradan onun vətəndaşlığını dəyişiblər.

 

4. "Hamlet"in rus dilinə ilk tərcüməsini yazıçı Aleksandr Sumarokov yerinə yetirib və əsəri "Hamlet - Danimarka şahzadəsi" adlandırıb.

 

5. Harvard Universitetinin kitabxanasında 4 qeyri-adi kitab qorunub saxlanılır. Bu hüquqi kitablar insan dərisində yazılıbdır.

 

 

Bu ilin iyulunda Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıçılar İttifaqının üzvü, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyevin “Azərbaycan–Baltik mədəni əlaqələri” komparativistik araşdırmalar kitabı çap olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC Azərbaycanın Litvadakı səfirliyinə istinadən məlumat yayıb. 

Bildirilir ki, kitab ölkəmizin Litvadakı səfirliyinin dəstəyi ilə işıq üzü görüb. Onun nəşri 1918-ci ildə müstəqil Azərbaycan, Estoniya, Latviya və Litva respublikalarını yaratmış, həmin dövrdə dövlətlərarası əlaqələrimizin təməlini qoymuş, istiqlalın tanınması yolunda birgə mübarizə aparmış Azərbaycan və Baltik xalqlarının Vətən sevdalı övladlarının şanlı xatirəsinə həsr edilib. 

Beş yüz səhifədən ibarət bu irihəcmli nəşrə müəllifin Azərbaycan və Baltik xalqları (litvalılar, latışlar və estonlar) arasındakı çoxvektorlu mədəni əlaqələrə dair müxtəlif illərdə və fərqli janrlarda yazdığı 130-dan çox müqayisəli araşdırma işi və KİV-lərə verdiyi müsahibələr daxil edilib. 

Ensiklopedik xarakter daşıyan kitab Azərbaycan və Baltik dövlətləri müstəqillik əldə etdikdən sonra bu mövzuda dilimizdə çap edilən ilk nəşrdir. Mövzuların çoxu dövlətlərimizin istiqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyasəti doktrinasına uyğun ideoloji yanaşmalar, keçmişə yeni baxış və yeni konseptual dəyərləndirmələrə əsaslanan tədqiqat bucağı altında araşdırılıb. 

Topluda, həmçinin ədəbiyyatlarımızın qarşılıqlı təsiri, “Kitabi-Dədə Qorqud” eposunun Litva, latış və eston dillərinə tərcüməsi ilə bağlı tədqiqatlar, dahi Azərbaycan şairi Nizaminin yaradıcılığının XIX əsrdən başlayaraq Litvada öyrənilməsi və əsərlərinin burada yayımlanması barədə tarixi araşdırmalar, habelə bir sıra Azərbaycan müəlliflərinin yaradıcılığının Baltik mədəniyyətləri ilə əlaqələri haqqında ədəbi məqalələr yer alıb. 

Kitabın əsas məramı Azərbaycan və Baltik xalqları arasındakı tarixi və ictimai-mədəni əlaqələrin köklərini axtarıb üzə çıxarmaq, bu əlaqələr əsasında ölkələrimiz arasında yeni məzmunlu mədəni körpülər salmaq, müasir dövrdə münasibətlərimizi genişləndirmək, xalqlarımızı mənəvi cəhətdən bir-birinə yaxınlaşdırmaq, Baltik ölkələrində bizə dost münasibət bəsləyənlərin sıralarını genişləndirməkdən ibarətdir.

Nəşr həm də Azərbaycanla Baltik ölkələri arasında mədəni əməkdaşlıq və dialoq strategiyasını daha məzmunlu və dinamik tərzdə həyata keçirməyə stimul vermək məqsədi daşıyır. 

Kitab Vilnüsdəki məşhur “BALTO print” mətbəəsində 500 tirajla çapdan çıxıb. 

Əsər geniş oxucu auditoriyası, o cümlədən kulturoloqlar, tarixçilər, ədəbiyyatçılar, politoloqlar, konfliktoloqlar, etnoloqlar, beynəlxalq icmalçılar, eləcə də multikultural cəmiyyət, dövlətlərarası münasibətlər, diaspor, mədəniyyət və etniklər siyasəti sahəsində çalışanlar üçün nəzərdə tutulub.

 

Diqqət: “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinin bir elanını diqqətinizə çatdırır. 

 

Cari ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanmışdır.

Test imtahanında uğurlu nəticə göstərərək müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 29 avqust 23:59-dək “Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması”nı (https://bit.ly/3pJmaZL) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılır, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcəkdir.  

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcəkdir. 

Müsahibə mərhələsi 5-9 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.

Qeyd: Hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Nazirlik tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir.

Cümə, 26 Avqust 2022 09:49

Xeyirxahlıq mücəssəməsi

 

Avqustun 26-sı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı siyasi elmlər doktoru Adəm İsmayılovun “Xeyirxahlıq mücəssiməsi” yazısını oxucularına təqdim edir. 

 

 

Mehriban xanım Əliyeva xalqımızın, əsasən də imkansız ailələrin, uşaqların və yaşlı insanların maraqlarını müdafiə edən böyük xeyriyyəçidir. O, uşaqlara və imkansız ailələrə daimi qayğısı, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsi, ümummilli lider Heydər Əliyevdən bizə miras qalan tolerantlıq və əməksevərlik ruhunda tərbiyə olunması üçün bütöv bir dəyərlər sistemini yaratması ilə insanların məhəbbətini qazanıb.

Hüdudsuz xeyriyyəçilik fəaliyyəti Mehriban Əliyevanın xalqına səmimi məhəbbətlə dolu geniş ürəyinin çağırışıdır. Ehtiyacı olanlara yardım göstərmək, sadə insanlara xeyirxah və həssas yanaşmaq Mehriban xanımın pak və nümunəvi obrazının təbii süjetini təşkil edir, nəsildən-nəslə ötürülən həqiqi humanizm ənənələrini davam etdirir.

Birinci xanımın bu xüsusiyyəti onun hər zaman, istənilən, hətta ən ümidsiz məqamda kömək etmək, mövqe tutmaq səyindəki səmimiyyətin təzahürüdür. İnsanlara yaxın olması, onları öz nümunəsi, mənəvi dözümlülüyü ilə ruhlandırması, mütərəqqi gələcəyə inamı bütün insanların qəlbində ona parlaq məhəbbət və dərin minnətdarlıq hissi aşılayır.

Təəccüblü deyil ki, Mehriban Əliyeva hər gün respublika vətəndaşlarından xeyli sayda məktublar alır. Çünki insanlar ehtiyaclarının, problemlərinin həllində ondan yardım tapacağına əmindirlər. 

Mehriban xanım istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonra əhalinin həssas təbəqələrinin, xüsusən də, məcburi köçkünlərin problemlərinin həllinə xeyli vaxt ayırır. Mehriban xanım Birinci vitse-prezident statusunda ilk görüşünü Bakıda və Sumqayıtda yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni evlərə köçürülməsinə həsr etmişdir.

2004-cü ildən onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil və sosial sahədə aktiv fəaliyyətə, ölkədə xalqın rifahının yaxşılaşdırılmasına, təhsilin və incəsənətin inkişafına yönəlmiş çoxsaylı layihələrin həyata keçirilməsinin episentrinə çevrilmişdir.

Mehriban xanımın bəşəri dəyərlərə söykənən xeyriyyəçilik konsepsiyası ölkəmizi sivilizasiyalararası dialoq səviyyəsinə yüksəltmiş, Azərbaycanın bu sahədə də nüfuzunu görünməmiş zirvəyə qaldırmışdır.

Heydər Əliyev Fondunun maliyyə və tikinti layihələrinin həyata keçirilməsi nəticəsində yüzlərlə uşaq bağçası, uşaq evləri, parklar, məktəblər, idman kompleksləri tikilmiş və yenidən qurulmuşdur.

Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" və digər proqramlar təhsilin bütövlükdə inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanan "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramı çərçivəsində 500-ə qədər məktəb binası istifadəyə verilmişdir ki, hazırda bu məktəblərdə 100 mindən çox şagird təhsil alır. "Uşaq bağçalarının və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində isə 40-a qədər uşaq müəssisəsi əsaslı təmir olunmuşdur.

Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə xüsusi diqqəti son dərəcə mühüm layihələrdə və "Şəkərli diabetli uşaqlara yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və tikintisi" adlı çoxsaylı xeyriyyə aksiyalarında öz əksini tapmışdır. Həyata keçirilən bu layihələrin müxtəlif perspektivləri müasir Talassemiya Mərkəzinin, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiyası Mərkəzinin, Cərrahiyyə və Mərkəzi Neftçilər Xəstəxanasında Orqan və Transplantasiya Mərkəzinin, Uşaq Psixonevroloji Mərkəzinin və digər səhiyyə müəssisələrinin tikintisinə və əsaslı təmirinə səbəb olmuş bu fəaliyyət təkcə Bakını deyil,  regionları da əhatə etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkənin müxtəlif şəhərlərində tibbi maska istehsalı fabriklərinin, modul tipli xəstəxanaların yaradılmasına təşəbbüs göstərmiş və açılışında iştirak etmişlər.

Dünyanı bürüyən COVID-19 pandemiyası zamanı Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük!" sosial layihəsi çərçivəsində on minlərlə ailəyə ərzaq yardımı göstərilmişdir. Karantin rejimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına ölkənin demək olar bütün təbəqələrindən olan insanlar qoşulmuşdu.

Ümumiyyətlə, tibb müəssisələrinin yenidən qurulması və müasir avadanlıqla təchiz olunmasında Mehriban xanımın titanik səyləri həmişə böyük fayda verib. Belə ki, onun təşəbbüsü ilə Türkan qəsəbəsində poliklinika, təcili yardım stansiyası, aptek, Xəzər rayonunun Şüvəlan kəndində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinikalar yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur.

Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna hədiyyə edilmiş 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə təhvil verilmişdir. Fransanın "Servye" şirkəti tərəfindən Fonda bağışlanan "Diabeton MR" preparatları şəkərli diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Təkcə 2007-ci ildə ürək xəstəliyindən əziyyət çəkən 1 300 uşaq müalicə olunmuş, onlardan bəziləri bir sıra xarici ölkələrin ən yaxşı klinikalarına əməliyyat olunmaq üçün göndərilmişdir.

Həmin dövrdə Heydər Əliyev Fondu Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birlikdə "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirmişdir. Azərbaycanda həyata keçirilən bu layihə çərçivəsində 2004-2006-cı illər ərzində 14 yaşınadək şəkərli diabetdən əziyyət çəkən uşaqlar mütəmadi olaraq lazımi miqdarda insulin və şprislərlə təmin edilmişdir.

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində  xəstəliyin Azərbaycanda geniş yayıldığını nəzərə alaraq, müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin əsası qoyulmuşdur. Bununla yanaşı, Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin edilməsi, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika ilə xəstəliyin proqnozlaşdırılması məqsədilə donor xidməti də fəaliyyət göstərir.

Birinci vitse-prezident Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti təhsil sahəsindən də  yan keçməmiş, onun rəhbərliyi ilə Fond müxtəlif təhsil ocaqlarını dərs vəsaitləri və digər ədəbiyyatlarla təmin etmişdir. Belə ki, Rusiyanın "Puşkin kitabxanası" Fondu ilə əməkdaşlıq çərçivəsində son illərdə elmin müxtəlif sahələrinə aid Rusiyada nəşr edilmiş 5 minə yaxın kitab respublikamızın ali təhsil müəssisələrinə verilmişdir. "World Vision" təşkilatı tərəfindən Fonda hədiyyə edilmiş və xüsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-ə yaxın nəfis tərtibatlı kitab uşaq evləri və internat məktəblərinə paylanmışdır.

Ali təhsil müəssisələrinə dünya üzrə maliyyə xidmətləri göstərən ən böyük Amerika şirkəti olan "JP Morgan" tərəfindən Fonda bağışlanan müxtəlif adlarda xaricdə nəşr edilmiş kitablar verilmişdir.

Mehriban xanımın xeyriyyəçilik kredosu respublikanın bütün əhalisinin tam və mütləq dəstəyini almışdır. Hələ 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə o, "İlin qadını" adına layiq görülmüşdür. 2005-ci il iyunun 9-da isə ictimai xeyriyyəçilik və himayədarlıq fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə mühüm töhfəyə görə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Mehriban Əliyeva Rusiya "Əsrin himayədarları" Xeyriyyə Fondu Beynəlxalq Təşkilatı tərəfindən "Yaqut Xaç" ordeni ilə təltif edilmişdir.

Mehriban xanım "The Business Year" jurnalına 8 may 2012-ci il tarixli müsahibəsində Azərbaycan dövlətində humanitar sahənin inkişafının müəyyən nəticələrinə yekun vuraraq bu prosesin gedişinə bir dövlət xadimi, ictimai xadim prizmasından yanaşmışdır: "Azərbaycanın uğurları göz qabağındadır. Dövlət büdcəsi 16 dəfə artıb, minlərlə məktəb, yüzlərlə səhiyyə müəssisəsi, onlarla idman obyekti tikilib. Yoxsulluğun səviyyəsi 5 dəfə, 49 faizdən 9 faizə endirilib. Sevimli Bakımız çox dəyişib, Azərbaycanın bölgələri də dəyişib. Bu, ölkədəki inkişafın miqyasını və dərəcəsini əyani şəkildə nümayiş etdirir. Buna baxmayaraq, qeyri-kommersiya sektorunda hələ çox işlər görülməlidir. İlk növbədə, mədəniyyət sahəsində. Bu gün Azərbaycan daha çox neft və qaz ixracatçısı kimi tanınır. Amma bizim tariximiz, mədəniyyətimiz də mühüm milli irsdir. Biz də lazımi sosial layihələri gözləyirik, lakin sosial-iqtisadi inkişaf hələ o səviyyədə deyil".

Mehriban Əliyeva Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin də ehtiyaclarını daim diqqət mərkəzində saxlayır.  Onun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda fədakarcasına mübarizə aparmış müharibə iştirakçılarına  belə münasibəti təkcə respublika ərazisində yaşayanlar üçün deyil, həm də hazırda başqa dövlətlərin vətəndaşı olanlar üçün xarakterikdir. Onlardan biri də Azərbaycan Hərbi Hava Qüvvələrinin əfsanəvi pilotu, 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından təqaüdə çıxmış, hazırda Ukraynada yaşayan Aleksey Şvarevdir. Qızının onurğa beyninin ağır xəstəliyinə tutulması barədə məlumat alan Mehriban xanımın adından qəhrəman pilotun ailəsinə yardım edilmişdir.

Mehriban xanım istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonra əhalinin həssas təbəqələrinin, xüsusən də, məcburi köçkünlərin problemlərinin həllinə xeyli vaxt ayırır. Yeri gəlmişkən, Mehriban xanım Birinci vitse-prezident statusunda ilk görüşünü Bakıda və Sumqayıtda yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni evlərə köçürülməsinə həsr etmişdir. Bu görüşdən dərhal sonra müvafiq tədbirlər planı hazırlanmış,  real işlərə başlanılmış və  qısa müddətdə 300 minə qədər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Nəticədə, 5 923 məcburi köçkün ailəsi, 2019-cu ilin birinci rübündə isə bu kateqoriyaya aid olan daha 2 227 ailə yeni mənzillərə köçürülmüşdür.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2016-cı ilin aprel döyüşlərində sağlamlığını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilmişdir.

Birinci xanım 44 günlük Vətən müharibəsində Böyük Qələbədən sonra Azərbaycan xalqına müraciətində şanlı Azərbaycan əsgərlərinin qəhrəmanlığından, fədakarlığından və yüksək peşəkarlıq hazırlığından qürur hissi ilə danışmış, eyni zamanda, döyüş əməliyyatlarında həlak olan əsgərlərimizi kədər hissi ilə yad edərək demişdir: "Bu gün şəhidlərimizin ailələri ilə birlikdə yas tuturam, Vətən uğrunda canından keçməyə hazır oğullar böyüdən valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı əbəs yerə tökülmədi - tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Tariximizə əbədi yazılan qələbə! Bu Qələbənin nəyin bahasına qazanıldığını xatırlamaq hər birimizin borcudur! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə əbədi qalacaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Ailələrinə və yaxınlarına güc və səbir. Qoy Uca Allah Azərbaycanı və Azərbaycan xalqını qorusun!".

Qədim yunan filosofu Platonun fikrincə, yaxşı işlər özümüzə güc verir və başqalarını da yaxşı işlər görməyə təşviq edir. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işləri nəinki insanların yaddaşında əbədi qalacaq, Vətən tarixinə qızıl hərflərlə yazılacaq, həm də başqalarını xeyirxah işlər görməyə ruhlandıracaq!

Prezident İlham Əliyevin 2021-ci il avqustun 25-də imzaladığı "Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Sərəncam Mehriban xanımın bu istiqamətdəki fəaliyyətində əsl bələdçi oldu. Ötən il təkcə Abşeron rayonunda müharibə veteranlarına və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil, müharibə əlilləri üçün isə 50 minik avtomobili verilmişdir. Rayon ərazisində iki böyük yaşayış kompleksi yaradılmışdır. Birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər iki kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz olunub.

Bu, uzun illərdir bütün respublika üçün xarakterikdir. Belə ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10500 mənzil və fərdi yaşayış evi verilmişdir. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.

2018-2020-ci illərdə bu kateqoriyadan olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiya isə 60 faiz artmış, müharibədən sonrakı dövrdə isə 26 min nəfərə 36 min xidmət göstərilmişdir.

Prezident İlham Əliyev 2021-ci il avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və minik avtomobillərinin verilməsi mərasimindəki çıxışında qeyd etmişdir: "Müharibə başa çatdıqdan sonra 9 min nəfərə sosial müavinət verilib. Orta hesabla hər adam iki ödəniş alırdı. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin olunublar. Belə imkanlar yaradılıb, son nəsil protezlər alıblar. Mənə verilən məlumata görə, 180-dən çox insanın protezə ehtiyacı var, onlardan 140-ı artıq onlarla təmin olunub və bu protezlər onları normal həyata qaytarır...".

Bütün bunların məcmusu əyani və əsaslı şəkildə onu göstərir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xeyirxahlığı ilə bu proses ardıcıllıqla həyata keçirilir. 

Təbiət gözəlliyinin mütləq harmoniyasını özünün əqli, intellekti ilə təcəssüm etdirən Mehriban xanım Əliyevanın qeyri-adi şəxsiyyəti nümunəvi həyat yoldaşı, qayğıkeş ana, möhtəşəm ictimai və dövlət xadiminin misilsiz örnəyidir.

Qədim yunan filosofu Platonun fikrincə, yaxşı işlər özümüzə güc verir və başqalarını da yaxşı işlər görməyə təşviq edir. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işləri nəinki insanların yaddaşında əbədi qalacaq, Vətən tarixinə qızıl hərflərlə yazılacaq, həm də başqalarını xeyirxah işlər görməyə ruhlandıracaq!

Cümə axşamı, 25 Avqust 2022 16:25

Müxtəlif memorandumlar imzalandı

 

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi  ölkəmizdəki Qazaxıstan Respublikasının Səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Qazaxıstan prezidenti Kasım Jomərd Tokayevin  Azərbaycana rəsmi səfəri çərçivəsində həm də ölkənin millli mədəni tarixi, turizm potensialı, təhsil və mədəniyyət sahəsində də müxtəlif memorandumlar imzalanır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün  qazaxıstanlı və azərbaycanlı qonaqların iştirakı ilə Şimkənt şəhərinin turizm potensialının təşviqi və təqdimatı məqsədilə ROAD-show sərgisi keçirildi. Tədbirdə Şimkənt şəhərinin akimi Aybek Sattıbayev, şəhərin maslihat katibi Baxadır Narımbetov, turizm idarəsinin rəhbəri Yerlan Kıdırov, biznes dairələri, AIR ASTANA aviaşirkətinin, SANDYQ etno-restoranın nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.

Yaşı 2000 ildən artıq olan Şimkənt şəhərinin turizm potensialının və istiqsadi bazasının təqdimatı mərasimində  Qazaxıstanın musiqili qonaqları rəngarəng repertuarla tədbir iştirakçılarını salamladılar.

Şımkənt şəhərinin  maslihat katibi Baxadır Narımbetov Şimkənt şəhərinin tarixi haqqında, insanları haqqında məlumat verərək bildirdi ki, Qazaxıstanda məskunlaşan 100 mindən çox azərbaycanlının 32 faizi Şımkənt şəhərində yaşayır. Onların bu qədim şəhərdə onilliklər boyu  həmrəylik və sülh şəraitində yaşadıqlarını, qurub-yaratdıqlarını dedi. Və əlavə etdi ki, Qazaxıstanda mövcud olan xalq diplomatiyası uzun əsrlərdən bəri burada yaşayan bütün millətləri bir-birinə dost edibdir.

Şimkənt şəhər merinin müavini Aybek Sattıbayev  Cənubu Qazaxıstanın  incisi  sayılan Şimkənt şəhərində bu günümüzə qədər qorunub saxlanan, YUNESKO-nun maddi İrs siyahısına salınan müqəddəs və sakral məkanlardan bəhs etdi. Türk dünyasının mənəvi paklıq fəlsəfəsinin banisi Əhməd Yəssəvininın atası İbrahimin, anası Karasaç ananın da türbələrinin  burada yerləşdiyini bildirdi. Əlavə etdi ki, hər il dünyanın bir çox ölkələrindən Şimkəntə gələn turistlər arasında təəssüf ki, qardaş Azərbaycandan gələnlərin sayı çox azlıq təşkil edir. O gələn ilin yaz aylarında Şimkəntdə Beynəlxalq Tülpan Festivalını keçirəcəklərini də söylədi.

Şımkənt şəhərinin təqdimatı mərasimində həm də Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq memorandumları imzalandı. 

Azərbaycanın təhsil müəssisələri ilə Qazaxıstan təhsil müəssisələri arasında çoxtərəfli inkişaf proqramını nəzərdə tutan memorandumu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADNSU nəzdində Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru  Pənah Muradov və  Muxtar Auvezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru  Dariya Kojamzarova imzaladılar.  

Daha sonra SANDYQ etno restoranının təqdimatı oldu. Etno restoranın sahibəsi, milli yenəklər üzrə etnoqraf  Aygerim Musahjıyeva dünən Azərbaycan Prezidenti İlham Əliyevə məhz bu restoranın ləziz yeməklərini təqdim etdiklərini söylədi. O bildirdi ki, Azərbaycanda da bu restoran şəbəkəsini açmaq niyyətindədirlər. Çünki bu restoranın qonaqları milli türk yeməkləri ilə könüllərini xoş etməklə bərabər, həm də yeməklərin qədim tarixi haqqında məlumatlar əldə edirlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.