Super User

Super User

Cümə axşamı, 25 Avqust 2022 16:25

Müxtəlif memorandumlar imzalandı

 

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi  ölkəmizdəki Qazaxıstan Respublikasının Səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Qazaxıstan prezidenti Kasım Jomərd Tokayevin  Azərbaycana rəsmi səfəri çərçivəsində həm də ölkənin millli mədəni tarixi, turizm potensialı, təhsil və mədəniyyət sahəsində də müxtəlif memorandumlar imzalanır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün  qazaxıstanlı və azərbaycanlı qonaqların iştirakı ilə Şimkənt şəhərinin turizm potensialının təşviqi və təqdimatı məqsədilə ROAD-show sərgisi keçirildi. Tədbirdə Şimkənt şəhərinin akimi Aybek Sattıbayev, şəhərin maslihat katibi Baxadır Narımbetov, turizm idarəsinin rəhbəri Yerlan Kıdırov, biznes dairələri, AIR ASTANA aviaşirkətinin, SANDYQ etno-restoranın nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.

Yaşı 2000 ildən artıq olan Şimkənt şəhərinin turizm potensialının və istiqsadi bazasının təqdimatı mərasimində  Qazaxıstanın musiqili qonaqları rəngarəng repertuarla tədbir iştirakçılarını salamladılar.

Şımkənt şəhərinin  maslihat katibi Baxadır Narımbetov Şimkənt şəhərinin tarixi haqqında, insanları haqqında məlumat verərək bildirdi ki, Qazaxıstanda məskunlaşan 100 mindən çox azərbaycanlının 32 faizi Şımkənt şəhərində yaşayır. Onların bu qədim şəhərdə onilliklər boyu  həmrəylik və sülh şəraitində yaşadıqlarını, qurub-yaratdıqlarını dedi. Və əlavə etdi ki, Qazaxıstanda mövcud olan xalq diplomatiyası uzun əsrlərdən bəri burada yaşayan bütün millətləri bir-birinə dost edibdir.

Şimkənt şəhər merinin müavini Aybek Sattıbayev  Cənubu Qazaxıstanın  incisi  sayılan Şimkənt şəhərində bu günümüzə qədər qorunub saxlanan, YUNESKO-nun maddi İrs siyahısına salınan müqəddəs və sakral məkanlardan bəhs etdi. Türk dünyasının mənəvi paklıq fəlsəfəsinin banisi Əhməd Yəssəvininın atası İbrahimin, anası Karasaç ananın da türbələrinin  burada yerləşdiyini bildirdi. Əlavə etdi ki, hər il dünyanın bir çox ölkələrindən Şimkəntə gələn turistlər arasında təəssüf ki, qardaş Azərbaycandan gələnlərin sayı çox azlıq təşkil edir. O gələn ilin yaz aylarında Şimkəntdə Beynəlxalq Tülpan Festivalını keçirəcəklərini də söylədi.

Şımkənt şəhərinin təqdimatı mərasimində həm də Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq memorandumları imzalandı. 

Azərbaycanın təhsil müəssisələri ilə Qazaxıstan təhsil müəssisələri arasında çoxtərəfli inkişaf proqramını nəzərdə tutan memorandumu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADNSU nəzdində Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru  Pənah Muradov və  Muxtar Auvezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru  Dariya Kojamzarova imzaladılar.  

Daha sonra SANDYQ etno restoranının təqdimatı oldu. Etno restoranın sahibəsi, milli yenəklər üzrə etnoqraf  Aygerim Musahjıyeva dünən Azərbaycan Prezidenti İlham Əliyevə məhz bu restoranın ləziz yeməklərini təqdim etdiklərini söylədi. O bildirdi ki, Azərbaycanda da bu restoran şəbəkəsini açmaq niyyətindədirlər. Çünki bu restoranın qonaqları milli türk yeməkləri ilə könüllərini xoş etməklə bərabər, həm də yeməklərin qədim tarixi haqqında məlumatlar əldə edirlər.

 

Dünyaşphrətli italiyalı tenor Luçano Pavarottinin xatirəsinə ehtiram olaraq Hollivudun əfsanəvi Şöhrət Parkında onun üçün “ulduz” həkk edilib və ötən gün bu  “ulduz”un açılışı olub. Bu, parkdakı 2730-cu ulduzdur. 

 

“Ədəbiyyat və incəsənət” portalə TASS agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində müxtəlif vaxtlarda Pavarotti ilə birgə işləmiş amerikalı dirijor Ceyms Konlon həmkarını XX əsrin ən böyük opera müğənnilərindən biri kimi dəyərləndirib.

Pavarottinin yaradıcılıq karyerası 1961-ci ildə Beynəlxalq Vokal Müsabiqəsində qələbə ilə başlayıb. Həmin ildə o, Redjio Emiliya Teatrında Cakomo Puççininin "Boqema" operasından Rudolfun partiyasıni ifa edib. Həmçinin bu partiyanı Pavarotti 1963-cü il Vyanada və Londonun Kral Opera Teatrında ifa edib. Pavarottinin Amerikadakı debütü 1965-ci Mayami operasında baş tutub.

1971-ci ildən o.  "Arena di Verona" festivalında müntəzəm çıxış edib, həmçinin konsertlərdə iştirak edib, “La Skala" teartrı ilə Moskvaya qastrola gəlib.

Təbii ki, Şöhrət Parkında şərəfinə ulduz qoyilmasını bu dahi müğənni haqq edib. 

Qeyd edək ki, Luçano Pavarotti 2007-ci ildə 72 yaşında xərçəng xəstəliyindən

vəfat edib. Onun ölümü ilə “dünya operasının yetim qaldığı” iddia olunur.

 

Mediada Türkiyənin “Show" telekanalında yayımlanan "Aziz" serialının yayımının dayandırılması barədə məlumat yayılıb. 

Baş rolunu Murad Yıldırımın canlandırdığı ekran işi final etmədən yayımdan qaldırılıb. Bu addımın hansı səbəbdən atıldığı isə açıqlanmayıb.

Qeyd edək ki, bir müddət öncə M.Yıldırım yaxın zamanda ikinci mövsüm üçün çəkilişlərin başlayacağını demişdi.

Amma belə bir xəbər də dolaşır ki, serial kifayət qədər izləyici toplaya bilmədiyi üçün dayandırılıb.

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov biznes qurmaq qərarına gəlib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı axşam.az-a istinadən məlumat verir. 

 

Hal-hazırda instaqramda 22,5 milyon izləyicisi olan Hüseyn "Banda Foods MMC" şirkətində 40 faiz payla həmtəsisçisi olub. "Black Star Foods" şirkətinin baş direktoru və həmsahibi Yuri Levitas, eləcə də iş adamı Ravil Abramov hərəyə 30 faiz pay sahibidirlər.

Bu şirkət evlərə və ofislərə suşi, fəst-fud çatdıracaq, özü yeməklər istehsal edəcək. Blogger bildirir ki, buranın qiymətləri çox ucuz olacaq.

Qeyd edək ki, Hüseyn bundan əvvəl də restoran biznesi ilə məşğul olub.

Cümə axşamı, 25 Avqust 2022 11:41

Ebru Gündeş növbəti dəfə ailə həyatı qurub

 

Türkiyənin məşhur müğənnisi, Azərbaycanda kifayət qədər sevilən Ebru Gündeşin evləndiyi iddia olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı sfera.az-a istinadla bildirir ki, bu barədə "Taze magazin" xəbər portalı məlumat yayıb.

Deyilənə görə, sənətçi 28 yaşlı iş adamı, ərəb əsilli Rassan Xoşnavla əvvəl dini nikah bağlayıb, sonra isə rəsmi şəkildə evlənib. (Şəkildə cütlüyü birlikdə görürsünüz).

Qeyd edək ki, Ebru Gündeş Cənubi azərbaycanlı iş adamı Rza Zarrabla evli idi. Onların bir qız övladı var. Hazırda Rza həbsxanadadır.

 

Başlığa çıxardığımız sualın cavabını Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazidə ispan arxeoloqların apardığı qazıntılara rəhbərlik edən İspaniyanın Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero mediaya açıqlamasında cavablandırıb. 

 

Belə ki, cənab Vaquero söyləyib:

“Apardığımız qazıntılar "Ana zağa” yaşayış məskənində 2.5 metrlik ərazidə olub. Burada ilk qazıntı işləri ötən əsrin 70-ci illərində aparılıb. Bizim gördüyümüz iş həmin qazıntıların davamı olaraq dövrün müxtəlif təbəqələrini - Neolit, Mezolit və daha alt qatları əhatə edirdi. 

İspaniyada da Qobustana bənzər insanların qədim yaşayış məskənlərinin olduğunu deyən ispaniyalı arxeoloq bildirib ki, onlar bir-birlərindən minlərlə kilometr məsafədə yerləşsələr də insanların yaşayış tərzində, ov zamanı istifadə etdikləri alətlərdə bir oxşarlıq sezilir. Qeyd edib ki, Azərbaycanda olduğu kimi İspaniyada da Paleolit, Mezolit dövrünün insanları ovçuluqla məşğul olub. 

Bununla bərabər arxeoloq fərqlərin olduğunu da söyləyib: “Daha sonrakı dövrlərdə formalaşan mədəni qatlarda fərqin olduğunu görürük. İnsanların istifadə etdiyi alətlər, qayaüstü öküz təsvirləri bunu deməyə əsas verir”.

 

Xalq artisti Azərin Türkiyənin Bitlis vilayətinin Ahlat rayonunda Malazgirt Zəfərinin 951-ci ildönümü münasibətilə təşkil edilən konsert proqramında çıxış edib.

 

Sözügedən konsertdən əvvəl çıxış edən Bələdiyyə başçısı Abdulalim Mümtaz Çoban qardaşlıq və birlik ruhundan təsirləndiyini bildirərək "sizin möhtəşəm obrazınız, qardaşlığınız bizi çox sevindirir" ifadəsini işlədib.

Daha sonra səhnəyə çıxan Azərin Türkiyə-Azərbaycan qardaşlığına toxunaraq, Azərbaycanın Qarabağda Qələbə qazanmasında Türkiyənin dəstəyinin çox önəmli olduğunu vurğulayıb.

Oxuduğu mahnılarla vətəndaşlara xoş anlar yaşadan Azərin onu dinləməyə gələn əlillərlə də birlikdə mahnı ifa edib.

Konsertə rayon sakinləri və qonaqlar böyük maraq göstəriblər.

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus abidə kompleksi aşkar edilib.

“Ədəbiyyat və incəsənət” portal Aida Eyvazlının bu əlamətdar hadisə ilə bağlı daha ətraflı məlumatını dərc edir.

 

Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Monqolustanın Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyənin – abidə kompleksin aşkar edilməsi, çox şübhəsiz, türk dünyası üçün olduqca əlamətdar hadisədir.

Kompleksin ümumi sahəsi 49x41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, torpaq qalaqlanaraq qala inşa edilmişdir. Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur. Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib.

Və ən əhəmiyyətlisi: Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir. Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir.

Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.

Qeyd edək ki, Akademiya Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq və Türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək.

Akademiyadan onu da bildiriblər ki, Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək. Məlumat üçün bildirək ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. “Covid-19” pandemiyası səbəbilə iki ildir fasilə verilən “Nomqon” ortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa edilib. “Nomqon-2022” ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilib, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949-2022) isə məsləhətçi-arxeoloq olaraq iştirak edib. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından Prof. Dr. Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold, Narantuyagyin Tsengel və Munkhsaikhany Uuqanbayar tədqiqat heyətində yer alıb.

Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilib Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar olunub.

Həqiqətən də Beynəlxalq Türk Akademiyasının gördüyü işlər təqdirəlayiqdir.

 

Cümə axşamı, 25 Avqust 2022 11:00

25 avqustda Nitşe doğulub, Yumsa vəfat edib

 

Bu günün – avqustun 25-nin təqviminə nəzər salsaq görərik ki, günün cəmi-cümlətanı bir neçə qeyd ediləsi çaları var.

 

1941-ci ilin 25 avqustunda sovet qoşunları ingilis qoşunları ilə birgə İranı ələ keçiriblər. Tarixin həmin dönəmində Seyid Pişəvəri hərəkatı , Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlib. İkiyə bölünmüş vətənimiz tarixin keşməkeşli dövründə birləşmək şansı əldə edib. Əfsus ki, sonda imperialistlər öz maraqları naminə Azərbaycanı xöşbəxtlikdən məhrum ediblər.

Bu gün Braziliyada əsgərlər günü,  Koreyada Sunqun günüdür (1960-cı ilin bu günündə Kim Çen İr Sunqunda hakimiyyətə gəlib). Belarus öz müstəqilliyini bayram edir. ABŞ-da Banan spliti günü kimi qeyd edirlər. Bu, desertdir, bananı kəsib içinə sirop doldururlar.

1609-cu ilin bu günündə Qalileo Qaliley ilk teleskopu nümayiş etdirib. 1970-ci ildə alman top modeli və aktrisası Klaudiya Şiffer, 1930-cu ildə şotland aktyoru və prodüsseri Şon Konneri, 1912-ci ildə ADR rəhbəri Erik Honneker, 1724-cü ildə “Atın anatomiyası” əsərini yazmış britaniyalı rəssam, animator, yazar Corc Stabbs, 1530-cu ildə isə Moskva knyazı İvan Qroznıy dünyaya gəliblər. Bu gün vəfat edənlərdən ikisinin adını çəkəcəyik. İki zirvənin. Bunlardan biri 1900-cü ildə dünyadan köçən dünyaşöhrətli alman filosofu Fridrix Nitşe, digəri 1776-ci ildə gözlərini əbədi yuman şotland filosofu və tarixçisi Devid Yumdur.

Və mütləq Nitşedən bir sitat gətirək. Görün dahi alman nə deyib: “Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalan olmadan bu reallıq, bu "həqiqət" üzərində qələbə çalmaq qeyri-mümkündür.”.

 

 

 

  

“Ədəbiyyat və incəsənət” portalı şair, publisit Əkbər Qoşalının “KURMANQAZI - Ulu Qazax sənətkarının adı Qarabağ torpağında!” yazısını oxucularına təqdim edir.

  

Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş ölkənin “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmaları tarixi anlar idi. Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsi Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddət içində hazırlanıb. Artıq 2 ha ərazidə məkan müəyyən edilib. Orada çağdaş memarlığa və Füzuli şəhərinin baş planına uyğun binalar, amfiteatr inşa ediləcək. Mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür ortam olacaq.

 

Gəlin Qazax bavurlarımızın klassik bəstəkarı, instrumentalist və ulu el sənətkarı

Kurmanqazını yaxından tanıyaq: Kurmanqazı Sağırbayulı (Kurmangazy Sagyrbayuly (1823–1896) Bökey Ordasında (indiki Qazaxıstan Respublikasının Günbatar Qazaxıstan vilayətinin Bökeyorda rayonunda) kasıb Sağırbayın ailəsində anadan olub. Qazax xalqını təşkil edən üç jüzdən “Kiçik jüz”ün Bayulı nəslinin Qızılqurd tirəsindəndir. O, hələ uşaq yaşlarındaykən dombra çalmağa başlayıb. Kurmanqazıda erkən yaşlarından musiqiyə qarşı duyulan böyük həvəs və vurğunluq atası tərəfindən birmənalı qarşılanmasa da anası sevimli oğluna dəstək durub. Parlaq şəxsiyyət və güclü iradə sahibi olan Alka xanım oğlunun musiqiyə olan sevgisini düzgün dəyərləndirib, ona inanıb.

Kurmanqazının uşaqlığı çətin ortamlarda keçib (Ağır yoxsulluğun təsiri altında o, bir müddət (4 il) çobanlıq etməli olub). Bununla belə, Kurmanqazı doğma auluna gələn küyşiləri (musiqiçiləri) həvəslə dinləyirdi. O, qoşasimli dombranın səsinə aşiqdi; o, böyük çölün parlaq musiqiçisi Sokir Eszhanı dinləməkdən doymur, onun dombrasının “dil”ini, “din”ini anlayır, ona dərin vurğunluq içində, öz xəyallarını qururdu. Kurmanqazının doğma auluna gələn küyşilər sırasında ünlü küyşi Uzaközəlliklə seçilirdi və məhz o, gənc Kurmanqazının musiqiyə böyük marağını fərq edir, onun gələcəkdə parlaq sənətkar ola biləcəyinə inanır. Beləliklə, Kurmanqazı 18 yaşında doğma aulunu tərk edərək, (necə deyərlər, bir növ) dərvişanə yaşama – köçəri küyşinin “sərsəri həyat”ına başlayır. O, Bayjuma, Balamaysan, Baybaktı, Yesjan və Şerkeşkimi (o dövrün) ünlü dombraçılardan dərs alaraq, ustalığını inkişaf etdirməyə davam edir. Kurmanqazı ustadı Uzak ilə yaxın-uzaq ellərdəki müxtəlif sənət yarışlarında iştirak edir və görkəmli dombraçılar sırasına yüksəlməyi bacarır.

Kurmanqazının “Kişkentay” (“Кішкентай” – “Kiçik”) adlı ilk küylərindən (bəstələrindən) biri xalq üsyanına həsr olunub. O, xalqdan qopuq yaşayan, xeyirxahlıq damarı olmayan varlıları açıq tənqid etdiyi üçün təqib olunurdu. Haqsevər sənətkar bir neçə dəfə həbsə atılsa da, təslim olmayıb. O, Uralsk, Orenburq (və bəzi qaynaqlara görə İrkutsk) şəhərlərinin qazamatlarında tutulub (Onu da vurğulayaq ki, adıkeçən şəhərlərdə o vaxtlar qazaxlar və digər türk xalqları üstünlük təşkil edirdi. Qazaxıstan respublika olaraq qurulanda ilk paytaxtı Orenburq olub). Öz sənətkar həyatı boyunca, özəlliklə gənclik illərində təhqir və təqiblər görmüş Kurmanqazı bəstələdiyi“ Alatau” və “Sarıarka” küylərində (mahılarında) xalqın azadlıq düşüncələrini, qazax ellərinə dərin məhəbbətini təcalla etdirib.

Kurmanqazı Sağırbayulının davamçısı – Urallı jurnalist və şair Nikita Saviçev “Uralskiyevoyskovıyevedomosti” qəzetində yazırdı: “Sağırbayulınadir musiqi ruhuna sahibdir və əgər o, Avropa təhsili alsaydı, musiqi dünyasının bir saylı ulduzu olardı”...

Kurmanqazı 1862-ci ildə həmyerlisi – başqa bir böyük kuyşi Dəuletkerey ilə görüşüb, tanış olur. Hər iki dombra improvizəçisi bir-birini nəzərəçarpacaq dərəcədə təsirləndirib. Təsadüfi deyil ki, Kurmanqazı Dəuletkereyin “Bülbül” bəstəsini öz repertuarına daxil edib.

“Sınıracam”, “Sabah gedəcəm”, “Kisən akkan”, “Həbsxanadan qaçıb”, “Araba vurdu” və b. mahnılar Kurmanqazının ünlü əsərlərindəndir...

                                                                  

***

Kurmanqazının beşinci babası (çox güman ki), Baltabaylar nəslindən olan sənətkar olub. Onun yeddinci babası Ərşi isə odlu-alovlu danışığı, bəlağəti, natiqliyi ilə seçilən bir insan kimi tanınıb. O, Beriştirəsi ilə də sıx qohumluq bağlarına malik olub. (Qazax elinə qıraqdan basqılar zamanı igidliyi ilə seçilən Ağatay Batırın adı Beriş tirəsinin şüarı sayılıb; o vaxtdan Ötəmişbi, Mahambet Ötemisulu, İsatay Taymanulı təkcə Beriştirəsinin deyil, bütövlükdə qazaxların şərəfli oğulları olaraq sevilib).

Sənətkar fiziki ömrünün son illərini də şagirdlər tərbiyə etməyə və habelə ovçuluğa həsr edib. O, indiki Həştərxan vilayəti, Volodar qəzasının Altınjar şəhərində vəfat edib. Ruhu şad olsun!

Sənətkarın doğulduğu rayon hazırda onun şərəfinə Kurmanqazı adlanır. Qardaş Qazaxıstanın böyük oğlunun adı, onun vəfatından 126 il sonra Türk dünyasının, başqa bir böyük sənətkarı – Şərqin qüdrətli söz ustadı Füzulinin adını daşıyan rayonda da əbədiləşdirilir. Qazaxıstanın Qafqazdakı bavuru Azərbaycanın Füzuli şəhəri 44 günlük Vətən müharibəsinin gedişində (17 oktyabr 2020) azad olunan ikinci şəhərimizdir.

Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzində Füzulinin gələcək şən sakinləri, yetənəkli balalarımız dörd istiqamətə yararlana biləcək:

musiqi – vokal və xor oxuma;

çağdaş texnologiyalar;

sənət və yaradıcılıq (dulusçuluq, heykəltaraşlıq) və

idman, xoreoqrafiya...

Qardaşlığımıza xeyirli-uğurlu olsun! Belə bir düşüncəyə gəlmək, fikir hasil etmək, layihələndirmə aparmaq və gerçəkləşdirmək özlüyündə xeyirdir, uğurdur.

 

Paralellər

Kurmanqazının həyatı çox mürəkkəb idi, o, yeniyetmə və gənc yaşlarındaykən doğru ilə yanlışı ayırmağa, həyatda fəal mövqe tutmağa çalışırdı. Onun yeniyetməlik, gənclik illəri Çar Rusiyasının həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tüğyan etdiyi, qanlar axıdıldığı illərə düşmüşdü.

O, taleyin sərt üzünə sənətin gücü ilə çıxırdı.

Kurmanqazının həyat eşqi tükənməzdi və bu tükənməzliyi tərənnüm edirdi.

Kurmanqazının sənətkar şəxsiyyəti onun konseptual musiqiçi olması ilə səciyyələnir. Yalnız öz dövrünə qapanıb qalmamaq, nəsillərin taleyinə təsir edən  hadisələri, tarixi, çağdaşlığı və gələcəyin üfüqlərini öz yaradıcılığında təcalla etdirmək Kurmanqazının mənəvi təlabatına, sənətçi təbiətinə xas özəllik idi.

 

Kurmanqazının sənətkarlığı, onun malik olduğu sənətkar hünəri, ülvi ruhu yalnız özünü ifadə etmir, onu yetirən mühiti, mənsub olduğu xalqın mənəvi zənginliyini göstərir. Kurmanqazı təkcə öz sənəti ilə deyil, həm də Ömrü ilə doğma xalqının bütün keyfiyyətlərini, keşməkeşli dönəmlərdə xalqı diri tutan ruhu, xəlqi cəsarəti təcəssüm etdirir. Onun haqqında belə deyilir: şeirdə Məhəmbət (M.Ötəmişulu) kimi, elmdə Şokan (Ş.Vəlixan) kimi, döyüş meydanında Kenesarı (K.Kasımulı; xan) kimi şan-şöhrətə, var-dövlətə aldanmadan mərd yaşadı...

 

Füzili şəhərinin, Qarabağın, Azərbaycanın da taleyi keşməkeşli olub. Bəzən bir insanın ömrü bir şəhərin, ölkənin taleyinə oxşaya bilər. (Türk dünyası bir bütövdür, bizim ortaq keçmişimiz olduğu kimi ortaq gələcəyimizi düşünməyimiz, belə düşüncələrimizi gerçəkləşdirmək haqqımız var)! Şəhərlərin, ölkələrin və qardaşlığın (!) ömrü şəxsiyyətlərin, sənətkarların ömrü ilə zənginləşir, üfüq ötəsinə uzanır... Sənətkarlarımız, aydınlarımız kimi, şəhərlərimiz, Qarabağımız, Azərbaycanımız da çətin günlər yaşayıb, amma sınmayıb, dirəniş göstərib, hünər göstərib və Zəfər qazanıb. Qardaş Qazax xalqının mübariz sənətkar oğlunun adı Füzuli şəhərindəki yeni mədəniyyət ocağına çox yaraşacaq! Orada yetişən, qanadlanan yeniyetmə və gənclər Füzulinin, Qarabağın, Azərbaycanın gözəlliklərini bütün Türk dünyasına yayacaqdır!

 

Heç nə təsadüfi deyil! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qazaxıstanın ən yüksək dövlət təltifi “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif olunması da özündə rəmzlər və dərin məna daşıyır. Qardaş ölkənin ən yüksək ordenini dövlət başçımıza təqdim edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu qürurverici tarixi sözləri dedi: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

 

Dövlətlərimiz, dövlət başçılarımız var olsun!

Altın kıranın – Qızıl qartalın qanadlandığı göy üzü heç vaxt qaralmasın,

üfüqü heç vaxt daralmasın!

Füzulinin və Kurmanqazının ruhu şad olsun!

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.