Super User

Super User

 

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi, mərhum Zəlimxan Yaqubun "Zarafat gəlməsin sənə bu dünya" adlı şeiri qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən "Hece Taşları" aylıq şeir dərgisinin 90-cı sayında dərc olunub. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına şair, jurnalist Kamran Murquzov məlumat verib. “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Koordinatoru və məsul katibi Kamran Murquzovdur.

Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində sevimli Xalq şairimiz Zəlimxan Yaqubun şeirləri "Usare" (Ebrar Vakfı Kültür yayın organı) və "Kardelen" üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisində dərc olunaraq Türkiyə oxucularına çatdırılıb.

 

 

İndi təmsillər demək olar ki, yazılmır. Halbuki, alleqoriya qədimdən bəri lirik janrın ən populyar növü sayılıb.

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gənc şair Əyyub Türkayın təmsilləri daxil olub. Deyək ki, çox maraqlı və kifayət qədər də ustalıqla qələmə alınmış təmsillərdir. Onları oxucularımıza təqdim edir, Əyyub Türkaya yaradıcılıq uğurları arzulayırıq.

 

 

XƏSTƏ TÜLKÜ

 

Bərk xəstələndi Tülkü,
Ölümlə pəncələşdi.
Pələng ilə Şir ona
Kömək üçün əlləşdi.
Tülkü dedi: – A dostlar,
Yaman xarabdır halım.
Mənə kömək olmasa,
Çətin həyatda qalım.
Pələng və Şir topladı
Meşədəki dostları.
Dəstək olsun Tülküyə,
Qoy çəkməsin qubarı.
Bir aydan artıq yatdı
Xəstə Tülkü yataqda.
Tanrı onu qoymadı
Ağır, çətin sınaqda.
Sağalıb xəstəlikdən,
Tülkü ayağa durdu.
Çox keçmədi dostlara
Pislik etdi – qudurdu.
Yenə hiyləgərliklə
Dedi yalan-böhtanı.
Ona əl tutanlarla
Pozdu əhdi-peymanı.

Xisləti pis olanlar
Çətin düz yola gələ.
İtirilmiş vicdanı
Tapan olmayıb hələ.

 

 

QUZĞUNUN TÖVBƏSİ

 

Bir gün Quzğun and içdi
Uzunboğaz Leyləyə.
Dedi: -Leş yemərəm mən,
Daha gəldim tövbəyə.
Qoy mənim də hörmətim
Bundan sonra çox olsun.
Keçmişdə etdiklərim
Unudulub yox olsun.
Artıq mən utanıram
İylənmiş ət yeməkdən.
Etiraf eləyirəm,
Çəkinmirəm deməkdən.
Leylək dedi: -Mən kimi
Ye qurd, balıq, qurbağa.
Bəlkə, quşlar içində
Ola bilərsən ağa.
Quzğun bir həftəyədək
Başın qatdı beləcə.
Qarşısına leş çıxdı,
Xəlvəti, sakit gecə.
Acgözlüklə başladı
Ölmüş heyvan yeməyə.
Bunu görüncə Leylək,
Söz tapmadı deməyə.

Bilin ki, xasiyyəti
Çox çətindir dəyişmək.
Mayası pis olana
Sərf eləməyin əmək.

 

 

ÖZÜNDƏNRAZI ÇAQQAL

 

Çaqqalın mənəmliyi
Lap son həddə çatmışdı.
Bu minvalla aləmi
Bir-birinə qatmışdı.
İnadkar, cılız Çaqqal
Bilmirdi böyük-kiçik.
Onun peşəsi idi
Hamı ilə qərəzlik.
Bir neçə xəbərdarlıq
Edilmişdi Çaqqala.
İkiüzlü, bu xəbis
Çəkilmirdi heç dala.
Axır bir gün Canavar
Onu kənara çəkdi.
Ləyaqətsiz canlının
Təpəsində turp əkdi.

 

 

GÜNƏŞ VƏ YAĞIŞ

 

Günəşlə Yağış
Mərcləşdi bir gün.
Öz güclərini
Göstərmək üçün.
Yağış elədi
Yekəxanalıq.
Dedi, mən yağsam,
Gərəkdir qayıq.
Düzü, aləmi
Mən su edərəm.
Həyət-bacaya
Sellə gedərəm.
Günəş dilləndi,
Bu ki güc deyil.
Əməlli-başlı
Bu pislikdir, bil.
Gücünü göstər
Sən yaxşılıqla.
Özünü öymə
Hey paxıllıqla.
Yaxşı əməlin
Məgər ki, yoxdur?
İçində pislik
Bu qədər çoxdur?
Məsləhətim var,
Sən yağ çöllərə.
Qoy bolluq gəlsin
Bizim ellərə.
Bağlar göyərsin,
Yamyaşıl olsun.
Bol məhsul ilə
Çuvallar dolsun.
Yaxşını qoyub
Pisliyə qaçma.
Şər işlər görüb
Oyunlar açma.
Yağış utanıb
Yaman pərt oldu.
Həyat dərsini
Günəşdən aldı.

 

 

KÖRPÜ VƏ ÇAY

 

Körpü Çaya söylənib,
Elədi giley-güzar.
Dedi: -Görürəm mənə,
Heç olmursan havadar.
Sənə əziyyət deyil,
Sakit-sakit axırsan.
Mən çəkirəm əzabı,
Sən kənardan baxırsan.
Mənim üstümdən keçir
Maşınlar, həm insanlar.
Axı mənim dərdimi
Heç bilmirəm kim anlar.
Bəlkə, sel yaradasan,
Bir daşqın eləyəsən.
Suya qərq edib məni,
Yuyub aparasan sən.
Çay dedi: -Yadımdadır
Sənin qurulduğun gün.
İnsanlar sevincindən
Eləyirdi toy-düyün.
Sən həyatda hər kəsin
Ümid, güman yerisən.
Var olmana söyləyir
Hamı ürəkdən “əhsən”.
Çayın nəsihətləri
Körpüyə çox xoş gəldi.
Özünün dəyərini
İndi yaxşıca bildi.

 

 

DAĞ VƏ TƏPƏ

 

Bir gün Dağ qürrələnib,
Baxdı kiçik Təpəyə.
Dedi: -Mənim yanımda,
Oxşayırsan körpəyə.

Mənim başım ucadır,
Buludlardan nəm alır.
Sənə isə həyatda,
Balaca olmaq qalır.

Təpə bir söz demirdi,
Sakit qalıb baxırdı.
Dağın kəskin sözündən,
Yamanca darıxırdı.

Elə bu an səs gəldi,
Silkələndi obalar.
Dağı tez partlatdılar,
Dinamitli bombalar.

Dağ oldu bir düzənlik,
Yerində yol saldılar.
Uca dağın vüqarın,
Belə əldən aldılar.

Bütün bu olanlara
Təpə heyrətlə baxdı.
Lovğalığın axırı,
Dağı yandırıb yaxdı.

 

Çərşənbə axşamı, 23 Avqust 2022 12:30

Bu Murad Dadaşov o Murad Dadaşovdur?

 

 

Xalq artisti Murad Dadaşov yay tətilini Amerikada keçirir. “Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, "Xəzər TV"nin direktoru və şoumen Mayamidən fotosunu instaqramda yayımlayıb. 

Son günlər xeyli çəki atan Dadaşovu izləyiciləri tanımayıb. Bir çoxları onun çox arıqladığını, dəyişdiyini, tanınmaz halda olduğunu yazıblar.

Çərşənbə axşamı, 23 Avqust 2022 15:00

Növbədə Gülay Zeynallıdır

 

Gülay Zeynallı 26 avqust tarixində Mərdəkanda yerləşən "Dalğa beach"dəki "Şazeli Bahçe"də səhnəsində konsert verəcək.

 

Qeyd edək ki, yay boyu əyləncəli konsertlər təşkil edən "Şazeli Bahçe"də Türk və Azərbaycan estradasının ulduzlarının iştirakı ilə daha əvvəl isə Hande Yener, Ferhat Göçer, Alişan, Gülben Ergen, Çengiz Kurtoğlu, İntizar, Namiq Qaraçuxurlu, Röya Ayxan və Zamiq Hüseynov çıxış ediblər.

Yeməkli proqram təşkil olunan konsertə konsertinə biletlər sayılı saydadır. Səhərə qədər davam edən şouya rezervasiya üçün: 050 777 76 91 // 050 777 76 92

 

Nyu-Yorkun Mərkəzi Parkında səhnəyə qoyulan Uilyam Şekspirin "As You Like It" (Necə istərsən) komik əsərinə yeni quruluş verilərkən insan cəmiyyəti əlvan rənglərdə təqdim olunub.

 

Xarici KİV xəbər verir ki, sentyabrın 11-dək göstəriləcək tamaşanın rejissoru Vulleri girişin ödənişsiz olduğunu bildirib.

Onun sözlərinə görə, “Böyük Alma”nın metro stansiyalarında olduğu kimi, tamaşada da insan cəmiyyətini əlvan rənglərdə görmək olar

 

Emil Musayevin müəllifi olduğu qısametrajlı “Pupa” filmi ABŞ-ın nüfuzlu “Sundanca” film festivalına təqdim olunub.

 

Film pandemiyadan əvvəl çəkilib.

Filmin ssenari müəllifləri Emil Musayev, Sərdar Amin, Ömər Xəyyamdır. Baş rolları İlham Əziz, Səidə İsmayılova və Gülnarə Əliyeva canlandırıb.

Daha geniş növbəti buraxılışlarımızda.

Çərşənbə axşamı, 23 Avqust 2022 16:00

Məşhur yapon ifaçı Yamamoto Kyokonu Bakıda konsert verəcək

 

Sentyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində məşhur yapon ifaçısı Yamamoto Kyokonun “Dostluq ili” adlı konsert proqramı təqdim olunacaq.

 

Bu konsertdə Yamamoto Kyokonun ifasında yapon və dünya musiqiləri səsləndiriləcək.

Qeyd edək ki, məşhur caz ifaçısı olan Yamamoto Kyoko Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına töhfələr verib.

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin 2022-2023-cü il üçün yeni mövsümdə ilk konserti sentyabrın 17-də təqdim olunacaq.

 

Mərkəzin mediaya yaydığı məlumata görə, həmin gün BMM-nin solistləri, sevilən xanəndələr Rəvanə Qurbanova, Elgiz Əliyev və Səbinə Ərəbli “Humayun” və “Heyratı” muğamlarını ifa edəcəklər. Xanəndələri BMM-nin solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara), Vasif Yusibli (ud) və Rəfael Əsgərov (balaban) müşayiət edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdıran layihə böyük maraqla qarşılanır.

İlin sonuna kimi Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Rast" , "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab" və "Şirvan şikəstəsi təqdim olunacaq.

BMM “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.

 

Bakıda keçirilən III Sevil Beynəlxalq Qadın Sənədli film festivalının bağlanış mərasimi olub. Xəbər verdiyimiz kimi, yerli və əcnəbi kino mütəxəssislərin, rejissorların iştirakı ilə 8 gün ərzində davam edən festival zamanı 36 yerli və xarici film nümayiş olunub. 

 

Mükafatların təltifetmə mərasimində hər üç nominasiyada qalib olan filmlərın adları açıqlanıb. “Tammetrajlı sənədli film nominasiyası” üzrə Mina Laamonun (Finlandiya) “Kədər tərbiyəçisi”, “Beynəlxalq qısametrajlı sənədli film nominasiyası” üzrə Mariana X.Riveranın (Meksika) “Çöl çiçəkləri”, “Yerli qısametrajlı sənədli film nominasiyası” üzrə isə Aynur Kazımovanın (Azərbaycan) “Unudulmuş arzular” filmi festivalın qalibi olub. 

Yerli rejissor Aynur Kazımova “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak hüququ qazanıb.

Festivalda, həmçinin münsiflərin xüsusi mükafatı da təqdim olunub. Müvafiq kateqoriyalar üzrə Ceyms Kiklayterin (ABŞ) “Kimliyin səsi”, Sargol Eslamianın (İran) “Sükut içində pıçıltı” ekran əsərləri münsiflər heyətinin seçimi olub.

Çərşənbə axşamı, 23 Avqust 2022 17:00

İrlandiya milli rəqs şousu Bakıda təqdim ediləcək

 

Noyabrın 2-də Heydər Əliyev Sarayında dövrümüzün ən yaxşı üç İrlandiya şousundan biri olan əfsanəvi rəqs şousu - "Rhythm of the Dance" təqdim ediləcək.

 

Yerli tamaşaçıları orijinal Kelt melodiyalarından ibarət sehrli kokteyl, dünyaşöhrətli İrlandiya stepi, canlı musiqi və solistlərin valehedici ifaları gözləyir.

İnanılmaz hərəkət enerjisi, incəlik və sinxronluq, xalq elementlərinin metropolun müasir ritmləri ilə birləşməsi - bütün bunlar "Rhythm of the Dance" şousunu dünyada ən populyar şoulardan birinə çevirib.

"Rhythm of the Dance" irland rəqslərində dünya lideridir, öz ənənələrinin saflığını qorumağa çalışır, eyni zamanda, rəqsi ən müasir formada təqdim edir. "Rhythm of the Dance" öz miqyası və bacarığı ilə tamaşaçıları heyran qoyan musiqi, teatr, improvizasiya, müasir xüsusi effektlər və heyrətamiz səhnə işıqlandırmasıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.