“İtirilmiş vicdanı tapan olmayıb hələ” – Əyyub Türkayın təmsilləri Featured

 

İndi təmsillər demək olar ki, yazılmır. Halbuki, alleqoriya qədimdən bəri lirik janrın ən populyar növü sayılıb.

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gənc şair Əyyub Türkayın təmsilləri daxil olub. Deyək ki, çox maraqlı və kifayət qədər də ustalıqla qələmə alınmış təmsillərdir. Onları oxucularımıza təqdim edir, Əyyub Türkaya yaradıcılıq uğurları arzulayırıq.

 

 

XƏSTƏ TÜLKÜ

 

Bərk xəstələndi Tülkü,
Ölümlə pəncələşdi.
Pələng ilə Şir ona
Kömək üçün əlləşdi.
Tülkü dedi: – A dostlar,
Yaman xarabdır halım.
Mənə kömək olmasa,
Çətin həyatda qalım.
Pələng və Şir topladı
Meşədəki dostları.
Dəstək olsun Tülküyə,
Qoy çəkməsin qubarı.
Bir aydan artıq yatdı
Xəstə Tülkü yataqda.
Tanrı onu qoymadı
Ağır, çətin sınaqda.
Sağalıb xəstəlikdən,
Tülkü ayağa durdu.
Çox keçmədi dostlara
Pislik etdi – qudurdu.
Yenə hiyləgərliklə
Dedi yalan-böhtanı.
Ona əl tutanlarla
Pozdu əhdi-peymanı.

Xisləti pis olanlar
Çətin düz yola gələ.
İtirilmiş vicdanı
Tapan olmayıb hələ.

 

 

QUZĞUNUN TÖVBƏSİ

 

Bir gün Quzğun and içdi
Uzunboğaz Leyləyə.
Dedi: -Leş yemərəm mən,
Daha gəldim tövbəyə.
Qoy mənim də hörmətim
Bundan sonra çox olsun.
Keçmişdə etdiklərim
Unudulub yox olsun.
Artıq mən utanıram
İylənmiş ət yeməkdən.
Etiraf eləyirəm,
Çəkinmirəm deməkdən.
Leylək dedi: -Mən kimi
Ye qurd, balıq, qurbağa.
Bəlkə, quşlar içində
Ola bilərsən ağa.
Quzğun bir həftəyədək
Başın qatdı beləcə.
Qarşısına leş çıxdı,
Xəlvəti, sakit gecə.
Acgözlüklə başladı
Ölmüş heyvan yeməyə.
Bunu görüncə Leylək,
Söz tapmadı deməyə.

Bilin ki, xasiyyəti
Çox çətindir dəyişmək.
Mayası pis olana
Sərf eləməyin əmək.

 

 

ÖZÜNDƏNRAZI ÇAQQAL

 

Çaqqalın mənəmliyi
Lap son həddə çatmışdı.
Bu minvalla aləmi
Bir-birinə qatmışdı.
İnadkar, cılız Çaqqal
Bilmirdi böyük-kiçik.
Onun peşəsi idi
Hamı ilə qərəzlik.
Bir neçə xəbərdarlıq
Edilmişdi Çaqqala.
İkiüzlü, bu xəbis
Çəkilmirdi heç dala.
Axır bir gün Canavar
Onu kənara çəkdi.
Ləyaqətsiz canlının
Təpəsində turp əkdi.

 

 

GÜNƏŞ VƏ YAĞIŞ

 

Günəşlə Yağış
Mərcləşdi bir gün.
Öz güclərini
Göstərmək üçün.
Yağış elədi
Yekəxanalıq.
Dedi, mən yağsam,
Gərəkdir qayıq.
Düzü, aləmi
Mən su edərəm.
Həyət-bacaya
Sellə gedərəm.
Günəş dilləndi,
Bu ki güc deyil.
Əməlli-başlı
Bu pislikdir, bil.
Gücünü göstər
Sən yaxşılıqla.
Özünü öymə
Hey paxıllıqla.
Yaxşı əməlin
Məgər ki, yoxdur?
İçində pislik
Bu qədər çoxdur?
Məsləhətim var,
Sən yağ çöllərə.
Qoy bolluq gəlsin
Bizim ellərə.
Bağlar göyərsin,
Yamyaşıl olsun.
Bol məhsul ilə
Çuvallar dolsun.
Yaxşını qoyub
Pisliyə qaçma.
Şər işlər görüb
Oyunlar açma.
Yağış utanıb
Yaman pərt oldu.
Həyat dərsini
Günəşdən aldı.

 

 

KÖRPÜ VƏ ÇAY

 

Körpü Çaya söylənib,
Elədi giley-güzar.
Dedi: -Görürəm mənə,
Heç olmursan havadar.
Sənə əziyyət deyil,
Sakit-sakit axırsan.
Mən çəkirəm əzabı,
Sən kənardan baxırsan.
Mənim üstümdən keçir
Maşınlar, həm insanlar.
Axı mənim dərdimi
Heç bilmirəm kim anlar.
Bəlkə, sel yaradasan,
Bir daşqın eləyəsən.
Suya qərq edib məni,
Yuyub aparasan sən.
Çay dedi: -Yadımdadır
Sənin qurulduğun gün.
İnsanlar sevincindən
Eləyirdi toy-düyün.
Sən həyatda hər kəsin
Ümid, güman yerisən.
Var olmana söyləyir
Hamı ürəkdən “əhsən”.
Çayın nəsihətləri
Körpüyə çox xoş gəldi.
Özünün dəyərini
İndi yaxşıca bildi.

 

 

DAĞ VƏ TƏPƏ

 

Bir gün Dağ qürrələnib,
Baxdı kiçik Təpəyə.
Dedi: -Mənim yanımda,
Oxşayırsan körpəyə.

Mənim başım ucadır,
Buludlardan nəm alır.
Sənə isə həyatda,
Balaca olmaq qalır.

Təpə bir söz demirdi,
Sakit qalıb baxırdı.
Dağın kəskin sözündən,
Yamanca darıxırdı.

Elə bu an səs gəldi,
Silkələndi obalar.
Dağı tez partlatdılar,
Dinamitli bombalar.

Dağ oldu bir düzənlik,
Yerində yol saldılar.
Uca dağın vüqarın,
Belə əldən aldılar.

Bütün bu olanlara
Təpə heyrətlə baxdı.
Lovğalığın axırı,
Dağı yandırıb yaxdı.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.