Müxtəlif memorandumlar imzalandı

 

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi  ölkəmizdəki Qazaxıstan Respublikasının Səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Qazaxıstan prezidenti Kasım Jomərd Tokayevin  Azərbaycana rəsmi səfəri çərçivəsində həm də ölkənin millli mədəni tarixi, turizm potensialı, təhsil və mədəniyyət sahəsində də müxtəlif memorandumlar imzalanır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün  qazaxıstanlı və azərbaycanlı qonaqların iştirakı ilə Şimkənt şəhərinin turizm potensialının təşviqi və təqdimatı məqsədilə ROAD-show sərgisi keçirildi. Tədbirdə Şimkənt şəhərinin akimi Aybek Sattıbayev, şəhərin maslihat katibi Baxadır Narımbetov, turizm idarəsinin rəhbəri Yerlan Kıdırov, biznes dairələri, AIR ASTANA aviaşirkətinin, SANDYQ etno-restoranın nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.

Yaşı 2000 ildən artıq olan Şimkənt şəhərinin turizm potensialının və istiqsadi bazasının təqdimatı mərasimində  Qazaxıstanın musiqili qonaqları rəngarəng repertuarla tədbir iştirakçılarını salamladılar.

Şımkənt şəhərinin  maslihat katibi Baxadır Narımbetov Şimkənt şəhərinin tarixi haqqında, insanları haqqında məlumat verərək bildirdi ki, Qazaxıstanda məskunlaşan 100 mindən çox azərbaycanlının 32 faizi Şımkənt şəhərində yaşayır. Onların bu qədim şəhərdə onilliklər boyu  həmrəylik və sülh şəraitində yaşadıqlarını, qurub-yaratdıqlarını dedi. Və əlavə etdi ki, Qazaxıstanda mövcud olan xalq diplomatiyası uzun əsrlərdən bəri burada yaşayan bütün millətləri bir-birinə dost edibdir.

Şimkənt şəhər merinin müavini Aybek Sattıbayev  Cənubu Qazaxıstanın  incisi  sayılan Şimkənt şəhərində bu günümüzə qədər qorunub saxlanan, YUNESKO-nun maddi İrs siyahısına salınan müqəddəs və sakral məkanlardan bəhs etdi. Türk dünyasının mənəvi paklıq fəlsəfəsinin banisi Əhməd Yəssəvininın atası İbrahimin, anası Karasaç ananın da türbələrinin  burada yerləşdiyini bildirdi. Əlavə etdi ki, hər il dünyanın bir çox ölkələrindən Şimkəntə gələn turistlər arasında təəssüf ki, qardaş Azərbaycandan gələnlərin sayı çox azlıq təşkil edir. O gələn ilin yaz aylarında Şimkəntdə Beynəlxalq Tülpan Festivalını keçirəcəklərini də söylədi.

Şımkənt şəhərinin təqdimatı mərasimində həm də Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq memorandumları imzalandı. 

Azərbaycanın təhsil müəssisələri ilə Qazaxıstan təhsil müəssisələri arasında çoxtərəfli inkişaf proqramını nəzərdə tutan memorandumu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADNSU nəzdində Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru  Pənah Muradov və  Muxtar Auvezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru  Dariya Kojamzarova imzaladılar.  

Daha sonra SANDYQ etno restoranının təqdimatı oldu. Etno restoranın sahibəsi, milli yenəklər üzrə etnoqraf  Aygerim Musahjıyeva dünən Azərbaycan Prezidenti İlham Əliyevə məhz bu restoranın ləziz yeməklərini təqdim etdiklərini söylədi. O bildirdi ki, Azərbaycanda da bu restoran şəbəkəsini açmaq niyyətindədirlər. Çünki bu restoranın qonaqları milli türk yeməkləri ilə könüllərini xoş etməklə bərabər, həm də yeməklərin qədim tarixi haqqında məlumatlar əldə edirlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.