Marionet Leyli və marionet Məcnun

 

Şənbə günü Bakı Marionet teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunub. Tamaşaya bir gün qalmış artıq itiscet.az saytında “biletlər satılıb” qeydinin verilməsi tamaşaya həddən artıq marağın olmasına bir sübutdur.

 

Tamaşa “qara kabinet” üslubunda hazırlanmışdı. Bu cür quruluşun texniki özəlliklərinə görə, tamaşaçılar aşağıdakı şərtlərə birmənalı riayət edirlər: a) gecikməmək (gecikdiyi təqdirdə tamaşaçı zala buraxılmır); b) yaş həddini gözləmək (yaşı 12-dən az olan uşaqlar zala buraxılmır); c) telefon və s. işıqlanan cihazları söndürmək (hətta cüzi ekran işığı tamaşanı pozur). 

Adətən bizim tamaşaçılar mobil telefonsuz zalda otura bilmirlər, zəng edir, mesajlaşır, fotolar çəkirlər. “Qara kabinet” üslubunda isə qaydalara riayət etmək şərtdir. 

Keçək tamaşaya. “Leyli və Məcnun” ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun, bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur... 

Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da tamaşada diqqət çəkirdi.

Bir sözlə, Marionet teatrına bu modern klassika nümayişinə görə minnətdarlıq düşür.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.