“Ədəbiyyat və incəsənət” portalının çox sevilən Güneydən səslər rubrikasında portalımızın Cüney Azərbaycan təmsilçisi Əli Çağla bu bazar ertəsində sizləri Arda Xaninin şeirləri ilə tanış edir.
Qeyd: Yazının orfoqrafiyasına toxunulmayıb.
Arda Xani 1993-cü ildə Xiyox şəhərində anadan olubdur. Arda bu günlər gənc şairlər arasında şeirləri bəyənilən xarakterə çevrilibdir. Sosial şəbəkələrdə Azərbaycan ədabiyyatının təbliğatında çalışır.
SƏHƏR
Özümə hər axşam şeir yazıram,
Yazdığım nə varsa, silirəm səhər.
Gecələr yanımda olsan da mənim,
Yuxu olduğunu bilirəm səhər.
Dəli tək özumlə danışsam da mən,
Duyduğum hər sözlə alışsam da mən,
Özümdən qaçmağa çalışsam da mən,
Dolanıb özümə gəlirəm səhər.
Darıxıb, sıxılıb hey dığlasam da,
Gördüyüm hər şeyə göz bağlasam da,
İçimdə yas tutub çox ağlasam da,
Hamının üzünə gülürəm səhər.
Çevrəmdə hamı var, yalnız qalıram,
Divara baxıram, hara dalıram,
Hər gecə yaşayıb nəfəs alıram,
Yenə də ölürəm, ölürəm səhər.
BU GÜNLƏR
Gülüşüm ağacdan tökülən yarpaq,
Pəncərə önündə gözüm yoldadı.
İçimə atdığım neçə xətt şeir,
Bəlkə də hər şeyim qalma-qaldadı.
Nə qədər dayansam, nə qədər getsəm,
Yolumu tapmağa həvəs yox daha.
Dağlayıb çox zaman əlimin dalın,
Hər dönə batıram yeni günaha.
Gördüyüm bu insan, mənə bənzəmir,
Bu günlər uduram çox sözlərimi.
Gözümü yumanda ölürəm sanki,
Qorxuram bağlayam, aç gözlərimi.
Bu günlər görürsən acı çəkirəm,
Beynimdə sevginin gülləsi qalıb.
Üstümə qar yağıb, qış-borandayam,
Canımda ölümün çilləsi qalıb.
AD GÜNÜM
Mən nə yaşamışam?! Neçə yaşım var?!
Yaşamaq illərdir yorur qəlbimi.
Yaşımın üstünə artırdı ancaq,
Xəyalım saçı ağ bir uşaq kimi.
Başımda dünyalar oynayır mənim,
Baxışım yenə də süzülür, axır.
Güzgüdə qorxduğum cansız bir şəkil,
Mən ona baxmıram, o mənə baxır.
Gördüyün bu insan mənə bənzəmir,
Mən hələ özümdən nəsə bilmirəm.
Mənim həsrətimi kağazlar bilir,
Danışa bilmirəm, susa bilmirəm.
Bir otaqdır, bir mən, bir də siqaret,
Çəkirəm ölümə nəfəs-nəfəs can!
Pəncərə önündə şeir oxuyur,
İçimdə illərdir yalnız yaşayan.
Yaşadım deyirəm! Neçə yaşım var?!
Özümlə edirdim mən, inad Günüm.
Üzgünəm, yorğunam, biraz ümidsiz,
Və bu gün deyəsən, mənim ad günüm...
URMU
Urmuya qan dolub su şəkilində,
İntihar edilən yerdə dayanıb.
İçində gəzdiyim torpağın indi,
Hər evdə iki-üç satqın oyanıb.
Hələ də axacaq damcı-damcı su,
Urmu quruyunca bizim damlardan.
Urmunu evimdə gizlədirəm mən,
Ölkədə qan içən bu adamlardan.
Keçdiyim Urmuda qorxu səsi var,
Ölüm qoxusunu unutmamışam.
Əlimi vurduğum yaşlı gəlindən,
İllərdir gölümdən su tutmamışam.
Həsrətim göyərir su damcısına,
Nisgilim boy atır duzlu su ilə.
Aylardır köçürəm öz vətənimdən,
Hər gecə yatıram bu qorxu ilə.
Urmunun duzların al-ver edirlər,
Ölkədə insanlar duz-çörək yeyir.
Ölümün özünü görürük burda,
Urmunun duzundan qoxuyur şeir.
ÖZÜN GƏL
Mənə məktub yaz
Dəlicəsinə göydə dans edən ulduzları.
Mənə məktub yaz
Özləmlərini bilmirəm.
Səni hiss edə biləcək şəklini yox məndə
Şəkilini qoy paketə göndər.
Can alan dəqiqələrdən vaz keç
Ömrünü yaz.
Gecələr hansı düşüncəylə uyuduğunu
Səhərlər hansı öpücüklə oyandığını
Küçələrdə qorxduqca hansı əllərə sığındığını
Mənə məktub yaz.
Hər sabah günəş burdan çıxıb, orda batır
Sən yaşamın o tayındasan!
Mən bu tayında çırpınıram
Hər gün batıram sizin oralarda...
Hər gecə bir çillədir bizim buralarda
Soyuqdur soyuq!
Günəşi gizlədirsən gözlərində
Qaynağı yox bu gecələrin səhər olmağı.
Yarımçılıq qaldı
Yaşanmadıq
Yaşaya bilmədik
Yaşlandıq
Yaşayış, yaş-yaş axır gözümdən
Canlı bir ölü dolaşır şeir dəftərimdə
Mənə məktub yaz.
Olduğun yeri anlat mənə
Hələ də Türkcə danışan varmı orda?
“Divar-divar mirizəm
Dər la be laye şəhri ke to ra qom kərdeəm”.
İncə-incə qalınlaşır sözlərim
Telefonun o biri ucunda duran qadın!
Səsini məktub yaz.
Qucağını məktub yaz.
Qələmi burax, mənə məktub yazma...
Özün gəl!
“Ədəbiyyat və incəsənət”
(09.01.2023)