Ana televiziyamız olan AzTV-nin bir özəlliyi də ondan ibarətdir ki, bu televiziya böyük film istehsalçısıdır və zaman-zaman burada hətta kinomuzun Qızıl Fondunu təşkil edən bədii və sənədli fiımlər istehsal olunur. Bu ənənə hazırda da davam etdirilir.
AzTV-nin Bədii-sənədli filmlər studiyasında 2022-ci ildə nə az, nə çox, düz 51 bədii-sənədli film istehsal olunub. Bu, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı rəsmi məlumatdır.
Bundan əlavə, AzTV Vətən müharibəsinin ikinci ildönümünə də öz töhfəsini verib. Belə ki, 44 günlük Vətən müharibəsinin ildönümü münasibətilə 69 sayda videoçarx hazırlanıb və müxtəlif resurslarda paylaşılıb. Bundan başqa, şəhidlərə və qazilərə həsr olunmuş qısametrajlı bədii-sənədli filmlər də istehsal edilib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin digər məlumatında deyilir ki, ötən il “Mədəniyyət” TV-də 8 yeni kino layihəsi hazırlanıb və efirə verilib.
Qədəm qoyduğumuz 2023-cü ildə də Ana televiziyamız öz ənənələrinə sadiq qalacaq, tamaşaçıları yeni film layihələri ilə sevindirəcək. Bə bu sırada, çox şübhəsiz, Azərbaycanın ilk çoxseriyalı tarixi bədii filmi - “Atabəylər: Şəmsəddin Eldəniz” ön sırada dayanacaq.
“Ədəbiyyat və incəsənət”
(09.01.2023)