Super User

Super User

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai və elm xadimi - ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovu 70 illik yubileyi ilə bağlı təbrik edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə professor Bədirxan Əhmədovun XX yüzil Azərbaycan ədəbiyyatının mərhələli və sistemli şəkildə tədqiqinə yönəlmiş sanballı elmi fəaliyyəti ilə tanınması vurğulanır. 

Əsərlərində satira janrının inkişafı, ədəbiyyatın ideya-estetik yönləri və ictimai düşüncəyə təsiri kimi məsələlər elmi əsaslarla araşdırılıb.

 

Fazil Mustafa vurğulayıb ki, Əmin Abid və Sabit Rəhman irsinə xüsusi diqqət göstərən alim, bu yaradıcı simaların irsini həm tədqiq edib, həm də çağdaş oxucuya çatdırmaq üçün önəmli nəşrlərə imza atıb.

Təbrikdə professorun pedaqoji və elmi fəaliyyətinin geniş auditoriyalar üçün örnək təşkil etdiyi, çağdaş Azərbaycan ədəbiyyatşünaslığına verdiyi töhfələrin dəyərinin yüksək qiymətləndirildiyi vurğulanıb.

Komitə sədri professor Bədirxan Əhmədova ictimai və elmi fəaliyyətdə yeni uğurlar, uzun ömür, möhkəm cansağlığı diləyib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

          

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.

 

Norman Vinsent Pil «Pozitiv düşüncənin gücü»

Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100%  işləyir.

Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.

Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:

 - Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna  kəsb etmir. Məna kəsb edən -  sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.

 - Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.

 - Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.

 - Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.

 - Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

Cümə axşamı, 17 Aprel 2025 17:09

Qafqazın ətəyində bir inci

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Oğuz rayonu Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindəndir. Son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

 

Əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sineqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir. Turistlərin abidələrə səyahətini təşkil etmək üçün xüsusi marşrutlar müəyyənləşdirilib. Rayonda kənd yaşıl turizm növü də getdikcə daha geniş yayılmaqdadır.

Oğuz ölkəmizin ən qədim yaşayış yerləri arasında 12-ci yeri tutur. Burada arxeoloji qazıntılar zamanı Neolit dövrünə aid əşyalar tapılmışdır. Oğuz yerli turistlərin mütəmadi ziyarət etdiyi bir yer olduğundan çox sayda otel və istirahət mərkəzi var.

 

- Oğuzun ən məşhur kəndlərdən biri Xalxaldır. Hal - Hal şəlaləsi, yerli turistlərin ən çox görmək istədiyi yerlər arasındadır.

 

- Filli kəndin adı türk mənşəlidir. Və “Ağrılı” deməkdir. Əks halda acı bibərin tez-tez böyüdüyü yer deməkdir. Kəndin içindən Gur çayı axır. Hər yer yaşıl rəngdədir. Yayda da bu kəndin havası sərin olur.

 

- Baştaşağıl - Göy Bayır Yaylası kimi tanınan bu kənd hər tərəfdən yaşıl dağlarla əhatə olunmuşdur. Yayda hər yerdə yaşıl olan bu yayla mühacirət qruplarının yeridir.

 

Əlbəttə, siyahını uzatdıqca uzatmaq olar. Ancaq bugünlük bu qədər bəs edər.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Cümə axşamı, 17 Aprel 2025 16:41

Analardan övladlarına örnək məsləhətlər

 

“Ədəbiyyat və incəsənət” portalı bugünkü sitatı Anar Tağıyevdən gətirir. Müəllif yəhudi folkloruna əsaslanan nəsihət və məsləhətləri sizlərin diqqətinizə çatdıracaq. Xüsusən, yeni ailə quranlar üçün mövzumuzun maraqlı olacağı şübhəsizdir.

 

Yəhudi qadınların evlənən oğullarına məsləhətləri:

"Heç vaxt bizə xanımından şikayət etmə, unutma ki, həyat yoldaşını özün seçmisən",

"Evə qayıdarkən gülümsə, unutma ki, sən həyat yoldaşın və övladın üçün rahatlıq və ümid mənbəyisən",

 "Xanımını hər ad günündə, bayramlarda, toy gününüzün ildönümündə təbrik et, qadın üçün bu, olduqca vacibdir",

 "Həftədə cəmi bir axşamı dostlarınla keçir, qalan günlərdə ailənə vaxt ayır",

"Heç vaxt xanımının valideynlərini tənqid etmə, unutma ki, həyat yoldaşı seçdiyin qadını onlar dünyaya gətirib",

"Xanımının bişirdiyi yeməkləri pisləmə, yemək dadsız olsa belə",

"Anam daha yaxşı yemək bişirirdi" sözünü heç vaxt xanımına demə",

"Unutma ki, indi sənin həyatında əsas qadın həyat yoldaşındır",

"Hər gün kitab oxu, nəsə öyrən, bu, gündəlik və gələcək həyatında sənə çox lazım olacaq",

"Heç vaxt əliboş qonaq getmə, bu, hörmətsizlikdir",

"Gözləmə ki, xanımın sənə mənim kimi davranacaq, bu heç vaxt baş verməyəcək. Çünki səni o doğmayıb",

"Xanımına keçmişindən danışma, keçmişini unut".

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN

 

MƏN TƏLƏSMİRƏM...

 

Dostlar, badələri qaldırın içək!
Gecə ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin

İsti qucağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.

Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…

Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
                            Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!

 

Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən-dənizə atsa da məni,
Qorxma! Ürəkdən de: “Uğurlar ola!”

Dur, bütün aləmi gəzək qol-qola,
Sellərdən, sulardan yeyin axşam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!

 

Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!

 

Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın… sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?

 

Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa-yağa...
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!

 

 “Ədəbiyyat və incəsənət”

  (17.04.2025)

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş keçirilib. Görüşdə yazıçının yaradıcılığı və yeni nəşr olunan kitabları müzakirə olunub.

 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tamella Əsgərova Eluca Atalının ədəbiyyata gətirdiyi fəlsəfi-bədii-miniatür janrından, onun fərdi yaradıcılıq üslubundan və Azərbaycançılıq ideologiyasının təbliğindəki fəaliyyətindən bəhs edib.

Tədbirdə çıxış edən Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, kitabxana əməkdaşları və tələbələr yazıçının “Ənqa quşu”, “Uzaq səfərin qəribə sonluğu”, “Odunçunun nağılı”, “İran Hizbullah zindanında” kimi əsərləri haqqında fikirlərini bölüşüb, onun türk dünyası və milli-mənəvi dəyərlərə verdiyi önəmi vurğulayıblar.

Görüşdə iştirakçılar Eluca Atalıya suallar ünvanlayıb, müəllif onlara cavab verib və yeni nəşr olunan kitablarını kitabxanaya hədiyyə edib.

Fürsətdən istifadə edib müəllidən portalımız üçün müsahibə də götürmüşük. Yaxın saatlarda müsahibəni sizlərə təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

 

 

Cümə axşamı, 17 Aprel 2025 15:06

KİTAB BƏLƏDÇİSİ - Uğurun özü mükafatdır

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Uğur qazanmaq üçün göstərilən fəaliyyətin ən yaxşı cəhəti odur ki, bu istiqamətdə atılan hər bir addım özü özlüyündə mükafatdır. Daha yaxşı şəxsiyyət olmaq istiqamətində atılan hər bir addım və əvvəlkindən daha yaxşı bilik və bacarıqlara yiyələnmək sizi daha xoşbəxt, inamlı və cəsarətli edir. Uğurun ən böyük mükafatı qazandığınız pul və sərvət deyil, Uğur qazanmaq uğrunda apardığınız mübarizə nəticəsində daha yaxşı və fərqli bir insana çevrilmənizdir. Növbəti hissədə, potensialınızın imkan verdiyi ən mükəmməl insan olmaq bacarığı haqda danışacağıq.

 

Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Cümə axşamı, 17 Aprel 2025 14:38

Komitə sədri BEYTÜM başqanını təbrik edib

Millət vəkili, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) başqanı, AYB Mətbuat Xidmətinin və İLESAM-ın Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, şair-publisist Xəyal Rzanı 45 illik yubileyi ilə bağlı təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda Fazil Mustafa Xəyal Rzanın təşkilatçılığına, ictimai fəaliyyətinə yüksək qiymət verərək vurğulayıb ki, onun özəlliklə Türk dünyası nəşriyyatçıları, kitabçıları arasında əməkdaşlıq və müəllif hüquqları sahəsindəki təşəbbüsləri ortaq türk ədəbi yaddaşının güclənməsinə xidmət edir.

“Ədəbi sözə və hüquqa yanaşmanızda məsuliyyət və ardıcıllıq hissi, ictimai müstəvidə isə milli ruhun və çağdaş düşüncənin vəhdəti xüsusi olaraq seçilir” – deyə Fazil Mustafa vurğulayıb.

Komitə sədri yubilyara yeni uğurlar, sağlam ömür və yaradıcılıq enerjisi arzulayıb, onun Türk dünyası üçün dəyərli töhfələrinin davamlı olacağına inandığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

Памяти великого поэта России Константина Кедрова от Всемирной организации писателей WOW и литературного совета Ассамблеи народов Евразии и Африки.

 

Ушёл из жизни Константин Александрович Кедров (12 ноября 1942 — 16 апреля 2025) — поэт, философ, литературный критик, автор теории метакода и термина метаметафора, создатель и вдохновитель метаметафоризма в русской поэзии. Его слово было точным, как формула, и бесконечным, как Вселенная.

 

Константин Кедров родился в Рыбинске в 1942 году. При рождении носил фамилию Бердичевский. В поэзии — с начала 1960-х годов. Его творчество стало ярчайшим проявлением интеллектуальной и философской поэзии, где наука и космос, лирика и логика соединялись в мощную литературную энергию.

Он был профессором Литературного института имени Горького, доктором философских наук, кандидатом филологических наук, членом Союза писателей СССР с 1989 года, членом исполкома Российского ПЕН-клуба. Создатель литературной группы и аббревиатуры ДООС — Добровольного общества охраны стрекоз, одного из самых поэтичных и вольных объединений в истории современной литературы.

Константин Александрович был представлен на соискание Нобелевской премии в области литературы (2003–2005), стал лауреатом южнокорейской премии Манхэ (2013) и Всемирной литературной премии WOW, учреждённой в 2023 году. Его «метаметафора» стала понятием, изменившим представление о поэтическом образе как об универсуме.


Он учил видеть Вселенную в каждой строчке, чувствовать бесконечность в каждом слове. Его идеи и стихи будут жить — как живёт свет далёких звёзд.

Светлая память поэту, мыслителю, человеку, для которого поэзия была дыханием космоса.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"

 

Öyrəşmək

Öyrəşmək hər-halda pisdir. Hər halda. İnsan öz sonunu gətirəcək olana öyrəşir və sonunun hazırlanışında ləvazimat kimi istifadə olunur. 

Bağlılıq 

İnsanın məhvini gətirən öyrəşmək və nəyəsə həddindən artıq bağlılıq duymasıdır. Ona görə də, öyrəşmədən öncə özünü hansı cəhənnəmə hazırlayacağına baxmalı, hazır olmalısan. İnsan oğlu öyrəşir. 

Bədbəxlik və xoşbəxtlik

Bədbəxliklərə də, xoşbəxtliklərə də öyrəşir. Bilirsiniz, ikisi də onun məhvini gətirir. Çünki, bədbəxtliyə öyrəşsə, onu qəbul edir, içinə düşdüyü döngüdən çıxa bilmir və halqanın içində döngü vurub çıxmağa çalışdığını zənn etsə də, dönüb-dolaşıb eyni yerə gəlir. Xoşbəxtlik anlayışına öyrəşmək daha çətindir. Çünki, mənə görə xoşbəxtlik sadəcə bir an olur. Hə, bircə an, bir hiss gəlir və sən xoşbəxt olduğunu zənn edirsən. Daha sonra, gələn hissin arxasında duran hadisə gedir və hisslər çılpaq şəkildə ortada qalır və bununla da biz həmin xoşbəxt hisslərə sahiblənirik, lakin hər zaman gözümüz onun sahibini axtarır. Necə ki, sevgisini verdiyin insanı itirəndə ata-ananın getdikləri yerdə uşaqlarını unutması kimi. Bu halda unudulan uşaq sən olursan. 

Bəzən isə, bilirsinizmi nə olur? 

İki insan özünün izinə düşmür. Düşəndə də, həmin yolda tanımadığı biri ilə rastlaşır və hər ikisi gedəcəkləri yolu unudub eyni yol seçirlər. Rastlaşdıqları üçün, eyni yoldan gedəcəklərinə məcbur olurlar. Halbuki, həmin yolun sonu onları özləri ilə yox, tamam  fərqli bir yerə aparıb çıxarır. Bu halda onlar özlərini unudurlar və bir-birlərini tanımaq yolunda getməyi qərar alırlar. Sonda da bilirsiniz nə olur? Heç dəyişməz! Həmin insanlar yorular və hərəsi bir tərəfdə oturar. Artıq nə özlərini tanıma, nə də qarşısındakını tanıma yolunu getməyə taqətləri qalmaz. Bu halda artıq qopa da bilməzlər. Axı onlar elə bilir ki, qarşılaşıblar deyə mütləq eyni yolu getməlidirlər? Halbuki həyat onlara salamdan, bəlkə də, bir baxışmadan ötəsini yazmamışdı. Onlar isə sonunda yazılan yerə çatmamış, ömürlərini səhv şəkildə xərcləyib, ikisi də bir-birini bədbəxt edər. 

Ona görə də,

insan özünü tanıma yolunu tam bitirmədən, o yola kimləsə çıxmağa, yolları birləşdirməyə çalışmamalıdır. 

Sən düşünürsən ki, 

yolun başında qarşılaşdıq deyə, eyni yerə gedəcəyik? Xeyr. Hər dayanacaqda biri düşəcək və səfər sonu səninlə təyin olumam yerə gedən bir neçə, bəlkə də heç kim olmaycaq. Bu müddətdə, onlar yol yoldaşı olub səfər müddəti bir-birləri ilə yeməklərini paylaşa bilər. 

Həyat səfəri

Lakin, həyat səfəri buna bənzəmir. Həyat səfərində hisslərini başqası ilə paylaşsan, o həmin hissləri götürüb səndən fərqli bir yoldan davam edəcək və nəticədə sənin hisslərin onda, onunkilər səndə qalacaq və bu hisslər bir-biri ilə heç vaxt qarşılaşmayacaq deyə bir-biri üçün darıxacaq.. 

Özünüzə çatmadan, başqasına yetməyə çalışmayın. 

Sonda özünüzə gecikəcəksiniz, özünə. 

Ruhlar arasındakı bağı qoparmaq, iynədən sapı kəsmək qədər asan deyil..

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

 

29 -dən səhifə 2153

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.