Super User

Super User

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

“Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur”

(Ramiz Rövşən)

 

Təbiət danışanda sözə ehtiyac qalmaz. Apreldə o, susmur — danışır, çığırır, ağlayır, sonra gülür. Bir gün göy guruldayır, sanki içində əsrlərin yığılıb qalmış səsi var. Ertəsi gün isə hər şey sakitdir, sanki heç nə olmamış. Bu dəyişkənlik insanı çaşdırmaz, əksinə, tanıdıq gəlir. Çünki bəlkə də təbiətin aprel halı, insanın özüdür. Həm qorxuludur, həm gözəl. Həm xaotik, həm tam.

 

Yağış düşür — qəfil. Qəfil olduğu üçün gözəl deyil, çünki bu qəfilin içində bir məqsəd var. Aprel leysanı göydən süzülmür sadəcə, yerin köksünə batır. O, torpağın üst qatını deyil, yaddaşını oyadır.

Torpaq suya toxunanda, oyanır. Uzun bir yuxudan qalxan insan kimidir — əvvəlcə azca titrəyir, sonra dərindən nəfəs alır. Suyun səsi bir çağırışdır: “Hazırsanmı dəyişməyə?”

Bütün bu təbiət hadisəsi — leysan, külək, günəş — əslində bir çevrilmə mərasimidir. Təbiət özünü soyundurur, yuyur, qurudur və təzələyir. Aprel bir hazırlıqdır: həyatın qapısında dayanmaq, amma içəri girməzdən əvvəl təmizlənmək.

Sular axır. Kimi daşa çırpılır, kimi sakitcə toprağın içinə süzülür. Ağacların budaqları bəzən titrəyir, bəzən səssizcə əyilir. Heç biri müqavimət göstərmir. Sanki təbiət özü-özünə boyun əyir. “Nə gəlirsə, gəlsin,” — deyir. Və bu təslimiyyət gözəldir. İnad yox, mövcudluq var. O an anlayırsan ki, təbiət gücünü mübarizədən yox, təslimiyyətdən alır.

Gün çıxır. Hər şeyin üstündən keçir. Qurutduğu yalnız su deyil — palçıq izləri, yuxular, köhnə nəfəs... Gündən sonra hər şey bir az daha yüngül görünür. Amma günəşin də öz qanunu var. O da seçir — nəyi buxarlaşdırıb göyə göndərəcəyini, nəyi torpaqda saxlayacağını. Aprel günəşi nə isti, nə soyuqdur. Səni sarsıtmaz. Səni dəyişdirər.

Sən təbiətə baxanda bir hekayə görürsən. Amma bu hekayədə qəhrəman, düşmən və final yoxdur. Bu, davam edən bir çevrilmədir.

Dağlar da, yarpaqlar da, sular da bu çevrilməyə tabedir. Təbiət heç nəyi olduğu kimi saxlamaz. Bəlkə də buna görə qorxuludur. Sən ona bir dəfə baxdın, o isə artıq dəyişib. Və sən bunu ancaq içindən hiss edirsən.

 

Bu yerləri, bu göyləri yağış yuyur, gün qurudur...

Amma biz, insanlar, çox zaman dəyişmirik. Biz yağışda gizlənirik, günəşdə üşüyürük. Təbiət isə bunu etməz. O, nə yağışdan qorxar, nə günəşdən. O, hər ikisini qəbul edər. Ona görə güclüdür. Ona görə daim təzədir.

 

Əgər bir gün içində sıxıntı, köhnəlik, bərkimiş bir hiss varsa, çıx və sadəcə bu aprel günündə bir az islan. Palçıqdan çəkinmə.

Çünki hər şeyin təmizlənməsi bir az çirklənməkdən keçir.

Və unutma: təbiət heç vaxt sənə qarşı deyil. Sənə “qayıt” deməyə çalışır.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “İrsi və dəyərləri ilə Heydər Əliyev” mövzusunda esse müsabiqəsi elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, müsabiqədə 12-16 yaş arasında məktəblilər iştirak edə bilərlər. Esselərin son göndəriş tarixi: 30 aprel 2025-ci il.

Respublika Uşaq Kitabxanası Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Türk dünyasının Bəxtiyarı” adlı şeir qiraəti müsabiqəsi də elan edib.

10-17 yaş arasında məktəblilər üçün müsabiqə iki mərhələdə – 12 may və 20 may tarixlərində kitabxanada keçiriləcək. İştirakçılar Bəxtiyar Vahabzadənin şeirini və ya poemasından bir parçanı əzbərdən qiraət etməlidirlər.

Hər iki müsabiqə haqqında ətraflı məlumat Respublika Uşaq Kitabxanasının saytının “Elanlar” bölməsində.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türklərin tarixi layihəsindəyik. Bu gün sizlərə ən böyük türk alimlərindən danışacağıq.

 

 

 

1. Əbu Nəsr Fərabi (Al-Farabi)

 

Doğum: 870, Türküstan (Fərab bölgəsi)
Vəfat: 950, Dəməşq
Məşğul olduğu sahələr: Fəlsəfə, məntiq, musiqi, sosiologiya, siyasət, fizika

 

Haqqında:

 

Əbu Nəsr Fərabi, türk-islam fəlsəfəsinin banilərindən hesab olunur. O, Aristotel və Platon fəlsəfəsini şərh edərək, İslam dünyasında fəlsəfənin yayılmasına böyük töhfələr vermişdir. Qərbdə “İkinci Müəllim” (al-Muallim as-Sani) adı ilə tanınır – bu, Aristotelin “Birinci Müəllim” hesab edildiyi anlamına gəlir.

 

Əsərləri:

 

“Əl-Mədinətül-Fazilə” (Fəzilətli şəhər) – İdeal bir cəmiyyət modeli təqdim edir. Bu əsər Platonun “Dövlət” əsərinə bənzəyir.

 

“Əl-Musiqa əl-Kəbir” – Musiqi nəzəriyyəsinə dair əhəmiyyətli bir əsərdir.

 

Əhəmiyyəti:

 

Fərabi həm Qərb fəlsəfəsi, həm də İslam düşüncəsi arasında bir körpü olmuş, rasionalizmin inkişafına yardım etmişdir.

 

 

 

2. Əbu Əli İbn Sina (Avicenna)

 

Doğum: 980, Buxara yaxınlığında Afşana kəndi
Vəfat: 1037, Həmədan
Məşğul olduğu sahələr: Tibb, fəlsəfə, kimya, astronomiya, riyaziyyat, musiqi

 

Haqqında:

 

İbn Sina türkdilli bir ailədə dünyaya gəlib və Orta Asiyada – Samanilər dövlətində yetişmişdir. O, dövrünün ən böyük həkimi və filosoflarından biri sayılır. Onun “Tibbin Qanunu” əsəri min illərlə Avropanın universitetlərində dərs vəsaiti kimi istifadə olunmuşdur.

 

Əsərləri:

 

“Əl-Qanun fi’t-Tibb” (Tibbin Qanunu) – Beş cilddən ibarət tibbi ensiklopediyadır.

 

“Əl-Şifa” – Fəlsəfə və təbiət elmləri haqqında böyük elmi traktatdır.

 

Əhəmiyyəti:

 

İbn Sina həm Qərb, həm də Şərq tibb tarixi üçün bir zirvədir. O, elmi və fəlsəfi düşüncənin təməlini qoymuş şəxsiyyətlərdən biridir.

 

 

 

3. Uluqbəy

 

Doğum: 1394, Sultaniyyə (İran)
Vəfat: 1449, Səmərqənd
Məşğul olduğu sahələr: Astronomiya, riyaziyyat

 

Haqqında:

 

Timurilər dövlətinin hökmdarı olan Uluqbəy həm də böyük bir alim idi. O, Səmərqənddə dünyanın ən inkişaf etmiş rəsədxanalarından birini inşa etdirdi. Onun dövründə Səmərqənd elmi mərkəzə çevrildi.

 

Əsərləri:

 

“Zici Uluqbəy” – Ulduzların dəqiq koordinatlarını ehtiva edən əsər. Bu cədvəllər Avropada 17-ci əsrə qədər istifadə edilmişdir.

 

Əhəmiyyəti:

 

Uluqbəyin apardığı astronomik ölçmələr hətta teleskop icad olunmazdan əvvəlki dövr üçün inanılmaz dəqiqlikdə idi. Onun nəticələri daha sonra Avropada Kopernik və Tycho Brahe kimi astronomlara ilham vermişdir.

 

 

 

 4.Əbu Həmid Məhəmməd əl-Qəzali

 

Doğum: 1058, Tus (indiki İran ərazisi)
Vəfat: 1111
Məşğul olduğu sahələr: Fəlsəfə, sufizm, fiqh, ilahiyyat

 

Haqqında:

 

Qəzali türk mənşəli olub, İslam fəlsəfəsinin və teologiyasının ən nüfuzlu adlarından biridir. O, fəlsəfə ilə dini təfəkkür arasında tarazlıq yaratmağa çalışmışdır.

 

Əsərləri:

 

“Təhafutul-Fəlasifə” (Filosofların ziddiyyətləri) – Bu əsərlə fəlsəfi fikirlərin İslamla uyğunluğunu tənqid edir.

 

“İhya Ulum al-Din” (Dinin Elmlərinin Dirçəlişi) – İslam etikası və sufi təlimlərinə dair fundamental əsərdir.

 

Əhəmiyyəti:

 

Qəzali qərbdə “Algazel” olaraq tanınır və onun ideyaları həm İslam dünyasında, həm də Avropa orta əsr düşüncəsində təsirli olmuşdur.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(18.04.2025)

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Amerika Tətbiqi və Hesablama Riyaziyyatı jurnalının redaksiya heyətinin üzvü Əfqan Aslanovun doğum günü bu günə təsadüf edir. O, 18 aprel 1959-cu ildə Ağcabədi rayonunun Taynaq kəndində doğulub. Orta təhsilini Taynaq kənd orta məktəbində aldıqdan sonra indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olub və 1978-ci ildə yüksək qiymətlərlə bitirib.

Əfqan Aslanov 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda funksional analiz üzrə dissertasiya müdafiə edərək "riyaziyyat elmləri namizədi" alimlik dərəcəsini alıb.

 

1989-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1993-1995-ci illərdə baş müəllim işləmişdir. Həmçinin 1992-2001-ci illərdə Xəzər Universitetində dosent, sonra professor vəzifələrini tutmuşdur. O, 2009-cu ildə Türkiyə Cümhuriyyətində dosent elmi adını almışdır. 2014-cu ildə Beykent Universitetində professor vəzifəsinə təyin olmuşdur. Hazırda Bilgi Universitetinin riyaziyyat bölümündə çalışır.

 

Alim riyazi və funksional analiz, adi diferensial tənliklər, çoxparametrli spektral nəzəriyyə və s. sahələrdə elmi əsərlər yazmışdır. Beynəlxalq jurnallarda 20-dən artıq elmi məqalənin müəllifi olan Əfqan Aslanovun 15-dən artıq beynəlxalq konfrans materiallarında da əsərlərinə rast gəlmək mümkündür.

 

Beynəlxalq jurnallarda nəşr olunan məqalələri

1. A Aslanov, H Isaev, "On the Theory of two Parameter Spectral Problems (English Translation)", American Mathematics Society (Translation of Doklady Akademii Nauk), 225-227 (1985) SCI

2. A Aslanov, M Almamedov, "On the constructive description of the spectral measure of a three parameter spectral problem", Doklady Akademii Nauk (ISSN:0869-5652), Moscow, 780-782 (1986) SCI

3. A Aslanov, H Isaev, "On the Tensor Determinants associated with multi-parameter spectral Problems", Izvestiya: Mathematics (ISSN: 1064-5632), Moskow, (1987) SCI

4. A Aslanov, "Positivity Results for operators and multi-parameter definiteness conditions", Ulyanovsk, 19 (1990)

5. A Aslanov, H. Isahanly, "A multi-dimensional complex analytical view on the multiparameter spectrum and the construction of the spectral measure (english)", Khazar Math Journal, ISSN 1028-7647, 3-65 (1998)

6. A Aslanov, "About the existence of the minimum and maximum of two positive operators", International Congress MASSEE 2003, Bulgaria, (2003)

7. A Aslanov, "Definiteness Conditions in the Multiparameter Spectral Theory", WSEAS Transactions on Mathematics, 717-721 (2004)

8. A Aslanov, "The Existence and Uniqueness Theorem from a new Viewpoint", WSEAS Transactions on Mathematics , 575-578 (2004)

9. A Aslanov, Existence of the minimum and maximum of two positive operators", Mathematika Balkanika, 19, 255-266 (2005)

10. A Aslanov, A New Approach to the Singularity, International Conf on Engineering and Mathematics, 155-159 (2006)

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

Yasın Laçınlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Aprelin 17-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə oxu mədəniyyətini təşviq edən “Əlfəcin” adlı görüş keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında mütaliə vərdişlərini inkişaf etdirmək və kitab oxumağa marağı artırmaq olub.

 

Görüşdə yazıçı-jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, Əməkdar Jurnalist Varis qonaq qismində iştirak edib. O, iştirakçılarla birlikdə kitab oxumağın gücü, mütaliənin insan həyatına təsiri, düzgün kitab seçimi və kitabın gündəlik həyata inteqrasiyası mövzularında dərin və maraqlı müzakirələr aparıb.

 

Tədbirdə Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev də çıxış ediblər. Onlar gənclərin intellektual inkişafına yönəlmiş bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Görüşün sonunda Varis fəal iştirak edən iştirakçılara öz imzası ilə kitablar hədiyyə edərək onları mütaliəyə daha da həvəsləndirib. Eləcə də, məktəblilərə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirlliyinin birgə nəşri olan “Yeniyetmə və gənclərdə mütaliə vərdişlərini necə formlaşdırmalı” adlı kitabçalar hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Güclü xarakterə malik insan olmağın, iradə və daxili intizam tətbiq edərək düzgün bildiyiniz prinsiplərə uyğun yaşamağın qarşılıqlı ödənişi heyrətamizdir. Hər dəfə, cılız əvəzinə yüksək dəyərləri seçmək, asan əvəzinə çətinə qaçmaq, yalnış əvəzinə düzgün işi görmək bacarığınız sizin özünüzə hörmətinizi artırır.

 

Özünüzlə fəxr edirsiniz. Bütün bunlardan başqa siz xarakter göstərdikdə, əziyyətli olsa belə düzgün olanı etdikdə ətrafdakıların da sizə olan münasibəti dəyişir, hörmətləri artır. Sizə pərəstiş edəcəklər. Hər bir qapı üzünüzə açıq olacaq. Gəliriniz artacaq, karyeranız daha sürətlə inkişaf edəcək və sizə daha böyük öhdəliklər verəcəklər. Siz şərəfli və güclü xarakterli insan olduqda daha da geniş imkanlarınız olacaq. Digər tərəfdən isə, insanlar sizə güvənməsələr, dünyanın ən istedadlı, ağıllı və bacarıqlı adamı olsanız belə irəliləyə bilməyəcək, karyeranızı inkişaf etdirə bilməyəcəksiniz. Sizi işə götürməyəcək, götürsələr belə tezliklə işdən çıxaracaqlar. 

Maliyyə qurumları sizə kredit verməyəcək. Çünki, “quşun lələkləri birlikdə uçur”, sizinlə ünsiyyətə can atan insanlar yalnız zəif xarakterli insanlar olacaq. Və bütün bunlara əlavə olaraq, həmin o zəif xarakterli insanlar sizin xarakter və hərəkətlərinizə təsir edərək vəziyyətinizi daha da pisləşdirəcəklər.

 

Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının UŞAQLARINIZ ÜÇÜN OXUYUN rubrikasında bu gün də sizlərə dünyaşöhrətli fransız yazıçının dünyaşöhrətli əsəri təqdim ediləcək. Bəli, söhbət Antuan dö sənt Eqzüperidən və onun “Balaca şahzadə”sindən gedir. Əsəri dilimizə Cavanşir Yusifli tərcümə edib.

 

XXI FƏSİL

 

Hə, indi də tülkü peyda oldu.

– Salam, – dedi.

– Salam, – Balaca şahzadə nəzakətlə cavab verdi, sonra böyür-başına baxsa da, heç kəsi görmədi.

– Mən burdayam, – səs eşidildi, – alma ağacının altındayam.

– Sən kimsən? – Balaca şahzadə soruşdu,– sən necə də gözəlsən...

– Mən tülküyəm, – o cavab verdi.

– Gəl səninlə oynayaq, – Balaca şahzadə ona təklif etdi. – Mən çox kədərliyəm...

– Mən səninlə oynaya bilmərəm, – tülkü dedi. – Mən əhliləşdirilməmişəm.

– Onda üzr istəyirəm, – Balaca şahzadə cavab verdi.

Ancaq nə fikirləşdisə, əlavə etdi:

– “Əhliləşmək” nə deməkdir?

– Sən buralı deyilsən, – tülkü dedi, – buralarda nə axtarırsan?

– İnsanları axtarıram, – Balaca şahzadə dedi. “Əhliləşdirmək” sözünün mənası nədir axı?

– İnsanların silahı var, – tülkü dedi, – bu silahla onlar bizi ovlayırlar. Bu heç də xoşa gələn bir hadisə deyildir. Onlar toyuq da saxlayırlar, bu da onların sevdikləri məşğuliyyətdir. Sənə toyuq lazımdır?

– Yox, – Balaca şahzadə dedi.– Mən özümə dost axtarıram. Demədin axı “əhliləşmək” nə deməkdir?

– Bu, çoxdan unudulmuş bir şeydir, – tülkü, nəhayət, dilləndi. – Mənası “bağlamaq, əlaqə yaratmaq” deməkdir.

– Bağ?

– Hə, – tülkü cavab verdi. – Sən mənimçün indi, bu saat yüz minlərlə oğlan uşağına bənzəyən bir uşaqsan. Üstəlik, sənə heç bir ehtiyacım yoxdur. Sənin də mənə. Mən də sənin üçün yüz minlərlə tülkünün biriyəm. Ancaq sən məni əhliləşdirsən, bizim bir-bi- rimizə ehtiyacımız ola bilər. Sən mənim üçün dünyada yeganə adama çevrilərsən. Mən də sənin üçün... eləcə...

– Hə, artıq mən anlamağa başlayıram, – Ba laca şahzadə cavab verdi. – Bir gül var... məncə, o məni artıq əhliləşdirib, yəni özününküləşdirib.

– Ola bilər, – tülkü cavab verdi. – Bu dünyada, bu Yer üzündə nə desən, ola bilər...

– Yox, mən deyən yer Yer üzü deyil. – Balaca şahzadə cavab verdi.

Tülkünü maraq götürdü.

– Başqa bir planetdən söz gedir?

– Hə, elədir.

– O planetdə ovçu varmı?

– Yoxdur.

– Bu ki çox maraqlıdır! Toyuq bəs?

– Yoxdur.

Heç nə mükəmməl deyil, Balaca şahzadə düşündü.

Ancaq Balaca şahzadə bayaq vurğuladığı fikrinə qayıtdı:

Mənim həyatım darıxdırıcıdır. Mən toyuqları tuturam, insanlarsa məni ovlayırlar.

Bütün toyuqlar bir-birinə oxşayır, bütün insanlar da eləcə... Həyat mənim üçün çox darıxdırıcıdır. Sən əgər məni əhliləşdirsən, həyatım günəş kimi parlayacaq. Sənin addım səslərini minlərlə səsin arasından seçib fərqləndirəcəyəm. İnsanların ayaq səslərini eşidən kimi qaçır, gizlənirəm. Ancaq sənin gəlişin məni özünə çəkəcək, həzin bir musiqi kimi, bu səsi eşitcək gizləndiyim yerdən çıxacağam. Sonra. Oralara bax, çöldə buğda yetişir. Mən çörək yemirəm. Sünbül nəyimə gərəkdir ki? Buğda zəmiləri məni qəti maraqlandırmır, gözümdə onların heç bir əhəmiyyəti yoxdur. Bu isə çox kədərlidir! Ancaq sənin saçların qızılıdır. Məni əhli ləş dirsən, bilirsən, necə füsunkar olar? Qızılı zəmilər səni mənə xatırladacaq. Mən külək əsəndə sünbüllərin bir-birinə dəyib səs çıxarmasını sevməyə başlayacağam.

Tülkü susdu və uzun-uzadı Balaca şahzadəyə baxdı:

– Nə olar, əhliləşdir məni...

Mən də bunu çox istəyirəm, – Balaca şahzadə dedi, – ancaq mənim bir elə vaxtım yoxdur. Hələ neçə-neçə dost tapmalıyam, hələ neçə-neçə məsələni aydınlaşdırmalıyam...

Sən bir şeyi əhliləşdirdikdən sonra onu bilə bilərsən, bunun başqa bir yolu yoxdur. İnsanların nəyisə öyrənməyə vaxtları heç olmur. Onlar həmişə tacirlərin satdığı malı almağa həvəslidirlər. Ancaq bu dünyada elə bir dükan yoxdur ki, orda dost satsınlar, bəlkə, bu səbəbdən insanların artıq dostları yoxdu. Dostun olmasını istəyirsənsə, məni, çox xahiş edirəm, əhliləşdir.

Nə etməliyəm ki?.. – Balaca şahzadə soruşdu.

Əvvəla, çox səbirli olmalısan, – tülkü cavab verdi. – Orda, məndən bir az aralıda otur. Bax belə. Ordan sənə gözümün ucuyla baxacam. Sənsə susarsan. Sözlər insanların bir-birlərini anlamasına mane olur. Ancaq hər gün bir az yaxınlaş mənə. Oturduğun yerdən bircə qarış mənə tərəf gəl.

Sabahı gün Balaca şahzadə həmin yerə gəldi.

Yaxşı olardı, hər gün eyni saatda gələsən bura, – tülkü dedi. – Sən əgər bir gün gü-nortadan sonra saat dörddə gəlirsənsə, saat üçdən sonra mən artıq özümü xoşbəxt hiss eləməyə başlayacağam. Saatlar irəli lədikcə mənim xoşbəxtliyim də artacaq. Saat dörd tamamda mən həyəcanlanmağa və naraha olmağa başlayacağam; mən xoşbəxtliyin mükafatını alacam. Ancaq hər dəfə fərqli saatlarda gəlsən, ürəyimi hansı xoşbəxtliyə hazır layacağımı bilməyəcəyəm. Ənənəyə əməl eləmək ciddi şərtdir.

Ənənə nə deyən şeydir? – Balaca şahzadə soruşdu.

Bu da öz növbəsində artıq çoxdan unudulmuş bir şeydir, – tülkü dedi. – Bu, elə bir şeydir ki, günlərdən biri digərindən fərq lənir, onlara oxşamır, hansısa bir saaatın digər saatlardan kəskin şəkildə fərqlənir. Məsələn, məni ovlamaq istəyən insanlarda belə bir adət var: cümə axşamları onlar kənd qızları ilə rəqs edirlər. Bax, bu cümə axşamı necə də ecazkar bir gündür. Mən özüm də gəzintiyə çıxıram, ta üzümlüklərə qədər gedirəm. Ancaq həmin ovçular cümə axşamı deyil, istədikləri vaxt rəqsə getsəydilər, bütün günlər bir-birinə bənzəyərdi və mən də is tirahət edə bilməzdim, nəfəsim kəsilərdi.

Beləcə, Balaca şahzadə tülkünü əhli ləşdirdi. Ancaq ayrılıq günü gəlib çatanda:

Ah! – tülkü dedi... – mən ağlayacam.

Bu ancaq və ancaq sənin səhvindir, – Balaca şahzadə dedi, mən sənə pis heç nə arzu lamırdım, sən özün istədin ki, səni əhliləşdirim...

Əlbəttə. Mən özüm istədim, – tülkü kədərlə cavab verdi.

– Sən ağlayacaqsan amma...

– Əlbəttə, necə ağlamayım ki... – tülkü cavab verdi.

– Demək, sən çox pis olubsan ... ağrıyırsan..

– Yox, elə demə, mən yaxşıyam, pis deyiləm, yadına sal qızılı buğda saçaqları haqqında sənə nələr dediyimi...

Sonra o əlavə etdi:

– Get, bir də qızılgüllərə tamaşa elə! Anlayarsan ki, sənin qızılgülün dünyada, doğ-rudan da, yeganədir. Mənimlə vidalaşmaq üçün geri qayıtdıqda isə sənə bir sirr açacağam. Bu sənə mənim hədiyyəm olacaq.

Balaca şahzadə qızılgüllərə baş çəkməyə getdi.

– Siz heç də mənim gülümə bənzəmirsiniz, siz hələ heç nəsiniz. Hələ kimsə gəlib sizi əhliləşdirməyib, elə siz də heç kəsi əhli ləşdirməmisiniz. Siz həmin tülkünün günündəsiniz. O da minlərlə tülküdən biriydi o zaman. Ancaq onunla dost oldum, indi isə o, dünyada yeganədir, təkdir, hamıdan fərqlənir.

Qızılgüllər bundan çox təsirləndilər.

Siz gözəlsiniz, ancaq içinizdə dəhşətli bir boşluq var, – onlara xitabən dedi. – Si-zin üçün can fəda etmək, ölmək olmaz, buna dəyməz. Əlbəttə, yoldan ötən bir şəxs üçün mənim gülüm də eynən sizin kimidir.

Ancaq heç kəs bilmir ki, bircə o, sizinhamınızdan daha dəyərlidir, çünki mən hər gün onu sulayıram. Çünki sizin yox, məhz onun üstünü şüşə qapaqla örtmüşəm ki, soyuqdan qoruna bilsin. Onu acı küləklərdən qorumuşam. Məhz ona görə mən qum-qumaları öldürmüşəm (ancaq iki-üçünü saxlamışam ki, kəpənəklərin toxumu kəsilməsin). Çünki mən məhz onun göz yaşlarını, necə ağlamasını görmüşəm. Çünki o, mənim qızıl gülümdür.

Bunu deyib Balaca şahzadə tülküyə yaxınlaşdı:

Əlvida, – dedi.

Əlvida, – tülkü dedi. – Bu da mənim sirrim.

O, çox sadədir: sən yalnız qəlbinlə nəyisə, doğrudan da, görə bilərsən. Mahiyyət gözlər üçün qapalıdır.

Mahiyyət gözlərə görünmür, – onun ardınca Balaca şahzadə təkrar etdi, təkrar etdi ki, yadda saxlasın.

Sən gülünü ona görə belə çox dəyərləndirirsən ki, onu bütün qəlbinlə sevirsən. Ona görə ki, sən ona bütün qəlbini vermisən... - yaddan çıxarmamaq üçün Balaca şahzadə bu sözləri təkrar etdi.

İnsanlar bu həqiqəti çoxdan yaddan çıxarıblar, – tülkü dilləndi. Ancaq bunu yaddan çıxarmamalısan. Sən bir dəfə əhliləşdirdiyin şeyə görə əbədi məsuliyyət daşımalısan. Sən o gül üçün cavabdehlik daşıyırsan...

Mən gülümə görə cavabdehəm... – Balaca şahzadə təkrar elədi ki, unutmasın...

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Şıltaq aprel öz soyuğu, küləyi, yağışı ilə fərlənməkdədir, amma bu günlərə ədəbiyyatsevərlərin sevimli jurnalı olan “Ulduz” işıq üzü görərək sanki bu soyuğu xeyli səngitdi. Bir sözlə, yağışlı aprelin günəşli “Ulduz”una çevrildi o.

 

“Ulduz”un aprel sayı istedadlı gənc şair Aqşin Evrənin “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“Nəsr” rubrikasında Cavid Zeynallının “25 il sonra”, Mirmehdi Ağaoğlunun “Ayda həyat var?”, Nuray Nəzərovanın “Anamın “Xoşbəxtlik qutusu”, Məhliqa Eyvazqızının “Alça ağacı”, Oğuz Ayvazın “Soyuducuya aşiq olan adam”, Maya İmranın “Qara xal” hekayələrini təqdim edilir.

Jurnalın baş redaktoru, sevilən şair Qulu Ağsəs “Nəsrin ... mərtəbəsi”ndə gənc yazıçı Məmməd Məmmədlinin kitabından söz açır.

“Şeir vaxtı”nda Sahibə Yusif, Təranə Dəmir, Namiq Dəlidağlı, Aysel Fikrət, Adil Həsənoğlu və Şəhriyar Heydərdir bu aprelsayında.

“Yazı masası”nda Taleh Mansurun qonağı məşhur detektiv yazıçısı Çingiz Abdullayevdir.

“Təbriz eli”ndə “Şahmat” əsəri ilə bizim “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Əli Çağladır.

“Tribuna”da Azər Fəraqi “Ürfan ədəbiyyatı İslamın budaq dili”ndən söz açır.

“Tənqid”də Vaqif Yusifli “Zövlədən Ufaya: Baloğlan Cəlil” yaradıcılığını incələyir.

“Sənət”də istedadlı rəssam Nəvai Metin “Səttar Bəhlulzadənin özünəməxsus üslubu, realizmə və kökə bağlılığı”nı günümzə daşıyır.

Havar Şəfiyeva və Cabir Həsənin şeirləri  də “Ulduz”un aprel sayındadır.

“Tərcümə saatı”  Fidan Vahidin tərcüməsində Corc Oruellin “Fili öldürdüm” hekayəsini oxucularla görüşdürür.

“Debüt”də “Sular hədiyyəsini geri alır” hekayəsi ilə Turqut Nəhmətlidir.

“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin Məhəmməd Füzuli yaradıcılığından II yazısını təqdim edir.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə  istedadlı məktəbli Xədicə Şahbazovadır.

Bir sözlə, bir-birindən gözəl yazılarla sizlərə qonaq gələn “Ulduz”u alın, oxuyun!

 

“Ədəbiyyat və incəcənət”

(18.04.2025)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

17 aprel 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müzəffər Ali Baş Komandan və Suverenliyə gedən yol” mövzusunda tədbir keçirilib.

 

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etidirməsindan, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs etmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2025)

 

 

 

 

Səyyar ASAN xidmət avtobusu cari ilin 3 aprel tarixindən Zaqatala rayonu, Nizami Gəncəvi küçəsi 10 ünvanında vətəndaşlara xidmət göstərir. 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Zaqatala rayonunda ümumilikdə, 49 dəfə Səyyar ASAN xidmət avtobusu vasitəsilə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində  142.000-dən çox vətəndaş müraciəti daxil olub.   

“Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının aidiyyəti hissələrinin icrası ilə əlaqədar isə 2022-ci ilin 6 yanvar tarixindən Zaqatala rayonunda Səyyar ASAN xidmət avtobusuna 45 mindən çox vətəndaş müraciəti daxil olub. 

 Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyondan çox,  2025-ci il ərzində isə 40 mindən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

“Ədəbiyyat və incəsənət”

(17.04.2025)

28 -dən səhifə 2153

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.