ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Misirin paytaxtı Qahirə şəhərində yerləşən Jurnalistlər Sindikatında “Misir-Azərbaycan - ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylər və əməkdaşlıq perspektivləri” adlı seminar keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 50-dən artıq yerli jurnalistin və tədqiqatçının iştirakı ilə keçirilən seminarda çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Misir-Azərbaycan əlaqələrinə toxunub.

Səfir hər iki ölkə Prezidentlərinin qarşılıqlı səfərlərindən sonra əlaqələrin daha da möhkəmləndiyini diqqət çatdırıb. Cari ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar aparılan hazırlıq işləri və tədbir çərçivəsində həyata keçiriləcək bir çox layihələr barədə məlumat verib. Elxan Poluxov 2022-ci ildə COP27-nin Misirin Şarm Əl-Şeyx şəhərində keçirildiyini vurğulayaraq, bu ölkənin öz təcrübəsini Azərbaycanla bölüşməsini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov Misir-Azərbaycan əlaqələrinin tarixindən bəhs edib. Xatırladaq ki, Seymur Nəsirov Qahirə Universitetinin müəllimidir, həm də misirli gənclərə Azərbaycan dilini tədris edir.

Daha sonra beynəlxalq münasibətlər üzrə tədqiqatçı xanım Ghada Caber Azərbaycanda qadınların hüquqlarının qorunmasından danışaraq Azərbaycan parlamentinin sədrinin qadın olduğunu və qadınların parlamentdə yüksək faizi ilə təmsil olunduqlarını vurğulayıb.

Seminar yerli jurnalistlər və tədqiqatçılar tərəfindən səfir Elxan Poluxova və digər məruzəçilərə ünvanlanmış çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.

Tədbir Misir mətbuatında da geniş işıqlandırılıb. Xəbərlərdə, həmçinin Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də bəhs olunub. Cəmiyyətin fəaliyyətinin əsas məqsədinin xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsi olduğu bildirilib. Qeyd edilib ki, cəmiyyətin nəzdindəki kurslarda Azərbaycan və ingilis dilləri, Qurani-Kərimin qiraəti, ərəb dilinin qrammatikası, ədəbiyyat, bəlağət, məntiq, xəttatlıq, dekorasiya, xalçaçılıq və muğam sənəti tədris olunur, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.

Tədbir haqqında və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edən məqaləni aşağıdakı linlkərə keçid edərək oxuya bilrsiniz:

https://www.gomhuriaonline.com/Gomhuria/1535411.html

https://www.alwafd.news/5468500#goog_rewarded

https://www.almasryalyoum.com/news/details/3286766

https://beladona1.blogspot.com/2024/10/blog-post_24.html

https://www.aldiplomasy.com/141780/#google_vignette

https://elalmelarby.com/?p=55266

https://alan-eg.com/2024/10/19/%D8%B1%D8%A6%D9%8A%D8%B3-%D8%AC%D9%85%D8%B9%D9%8A%D8%A9-%D8%A7%D9%84%D8%B5%D8%AF%D8%A7%D9%82%D8%A9-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D9%85%D8%B5%D8%B1-%D9%84/

https://nahr-alamal.com/%D9%83%D9%84%D9%85%D8%A9-%D8%A7%D9%84%D8%AF%D9%83%D8%AA%D9%88%D8%B1-%D8%B3%D9%8A%D9%85%D9%88%D8%B1-%D9%86%D8%B5%D9%8A%D8%B1%D9%88%D9%81-%D9%86%D8%AF%D9%88%D8%A9/

https://wwnewss.com/?p=73349

https://www.raiaam.com/Website/maqal/103776

https://www.alarb24.com/10534

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

Bazar ertəsi, 21 Oktyabr 2024 16:53

Fazil Mustafa növbəti görüşlərini keçirib

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa növbəti görüşlərini keçirib. Bu barədə "Ədəbiyyat və incəsənət" portalına komitədən məlumat verilib.

 

O, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova ilə görüşüb. 

Komitə sədri konstruktiv mövqeli QHT-lərlə müvafiq dövlət qurumları arasında səmərəli işbirliyinə bütün maraqlı tərəflərin töhfələr verməsinin, bununla, vətəndaş cəmiyyətinin daha da güclənməsinin ümumi işin xeyrinə olacağını vurğulayıb. 

RHİMİB-in fəaliyyətini yaxından bələd olduğunu bildirən Komitə sədri, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, ictimai birliyə yeni uğurlar diləyib.

Görüşdə RHİMİB-in Layihələr üzrə koordinatoru Nilufər Lətif iştirak edib.

 Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın növbəti görüşü isə  "NƏFƏS" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva ilə olub.

İctimai birliklər və dini qurumlar komitəsində keçirilən görüşdə "NƏFƏS"in həyata keçirdiyi və nəzərdə tutduğu yeni layihələr, eləcə də, komitə ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

İctimai birlik sədri Fazil Mustafanı VII çağırış Milli Məclisin üzvü və Komitə sədri seçilməsi münasibəti ilə təbrik edib. 

Komitə sədri "NƏFƏS"in fəaliyyətini yaxından izlədiyini, xeyriyyə və ümumən humanitar aksiyaların təşəbbüskarı, uğurlu icraçısı olaraq gördüyü işləri təqdir edib, ictimai birliyə yeni uğurlar diləyib.

Sonda Fazil Mustafa öz kitabını Firəngiz Balakişiyeva üçün imzalayıb.

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Ağdam rayonunundan məcburi köçkün, Azərbaycan Rəssamlar İttifaqının həqiqi üzvləri Elnurə İsgəndərova və Aygün Əzizova bacıları 15 ildən artıqdır ki, dekorativ-tətbiqi  sənət rəssamı olaraq  uğurla fəaliyyət göstərirlər. 

 

Həmçinin sərgi, tədbir təşkilatçılığı sektorunda da müvəffəqiyyət qazanmış rəssam bacıların 10 ildən artıq müddətdir ki, davam edən  Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə layihə rəhbəri və təşkilatçısı olduqları "Vətənpərvərlik etüdləri" layihəsi respublikamızın əksər bölgələrində həyata keçirilir. Layihə çərçivəsində bölgələrdə etüd çalışmaları reallaşdıran rəssam bacılar bir sıra dövlət qurumları ilə birgə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə yönəlmiş layihələrdə münsif heyətinin üzvü, təşkilatçı olaraq fəallıq göstərirlər. Onların əməkdaşlıq etdikləri qurumlar arasında Heydər Əliyev Mərkəzləri və Yeni Azərbaycan Partiyasının rayon təşkilatları əsas yer tutur. 

BMT-nin Qadın İnkişaf Fondunun dəstəyi ilə biznes layihəsi qazanaraq Beynəlxalq Qalereyanı təsis edən rəssamlar xarici ölkələrin respublikamızdakı diplomatik nümayəndəlikləri ilə birgə çox sayda uğurlu layihələrə imza atıblar. Ölkəmizin tanıdılmasına və xalqlar arasında mədəni əməkdaşlığa mühüm töhfə olan belə tədbirlər Argentina, Meksika, Hindistan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğız Respublikası, Tacikistan, Şimali Kipr Türk Respublikası, Fələstin və.s dövlətlərin səfirlikləri ilə mütəmadi olaraq həyata keçirilir. Bu sıx fəaliyyətləri arasında rəssam olaraq ölkə daxili və beynəlxalq sərgilərdə fəal iştirak edən xanımlar sertifikat, diplomlarla yanaşı bir çox  mükafatlara layiq görülüblər. Bu qəbildən olan Azərbaycan və Qırğızıstan dövlətləri arasında mədəni əlaqələrin inkişafına verdikləri töhfələrə görə Elnurə İsgəndərova və Aygün Əzizova Qırğız Respublikasının sabiq səfiri Kairat Osmonaliev tərəfindən medal,  xüsusi təşəkkür məktubu və Manas Ödülü İlə təltif olunublar.

Vətən müharibəsində qazanılmış Zəfərdən sonra rəssam bacıların qələbəmizə həsr olunmuş müxtəlif sərgiləri keçirilib. 2021-ci ilin avqustunda Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində bacıların Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz" adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılıb. Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının, Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Elnurə İsgəndərova və Aygün Əzizovanın dekorativ-tətbiqi sənətin sanama, bədii tikmə, şəbəkə tikmə kimi növlərinə aid nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilib. 2021-ci ilin noyabrında isə Zəfər Günü münasibətilə işğaldan azad edilmiş Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü və Elnurə, Aygün bacılarının təşkilatçılığı ilə "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində "Ağdamın mənzərələri" adlı etüd-sərgi təşkil edilib. Sərgidə əsasən, işğaldan azad olunan guşələrimiz, Ağdam mənzərələri, tarixi abidələr və Azərbaycanın düşmən üzərindəki Qələbəsini əks etdirən rəsm əsərləri yer alıb. Rəssamlar Ağdamdakı İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ətrafındakı etüdləri təsvir ediblər.

Vətən müharibəsi, Aprel döyüşləri  zamanı Elnurə və Aygün bacıları silsilə şəklində gənc nəsli vətənpərvərliyə  səsləyən sərgilər, tədbirlər həyata keçiriliblər.  Şəhid və qazi  ailələrinin ziyarəti , şəhid portretlərinin hədiyyə olunması, anım günlərinin açıq havada təşkil olunmasını həyata keçiriblər. Qardaş Türkiyənin "İyilik Üretenler" dərnəyinin Azərbaycan üzrə koordinatorları olaraq bu sahədə çoxsaylı xeyriyyə fəaliyyəti göstərmişdirlər.

Elnurə İsgəndərova və Aygün Əzizova vətənpərvərlik ruhlu layihələrinin gələcəkdə də davam etdirilməsinə hazırlaşırlar. Rəssam bacıların ən böyük arzusu Ağdamda Beynəlxalq Qalereya yaradaraq fəaliyyət göstərməkdir. Onlar Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "UĞURLARIMIZLA 2025-ə" tədbirinə və mütəmadi keçirilən Vətənpərvərlik etüdləri layihəsinin yeni etüdlərinə hazırlaşırlar.

 

“Ədəbiyyat və incəaənət”

(21.10.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə bu dəfə sevilən şairimiz Musa Ələkbərlini görüşdürürəm. Şair bu dəfə “Mənə yazdığın şeiri özgə ada yazma gəl” deyir. Həqiqətən də bu gün fikir və xəyalları, sevgi və dostluqları əlcək kimi dəyişmək dəb halına düşməkdədir. 

Xoş mütaliələr.

 

Mənə yazdığın şeiri

 

Mənə yazdığın şeiri özgə ada yazma gəl,

Bu dərdin bir adı var, başqa səmtə yozma gəl.

Çoxdandı qəlbimdəsən, indi buyur yazıma gəl,

Qoy adın yarpaqlasın, çiçəkləsin dilimdə.

 

Mizrabını neçə yol vurmusan sarı simə,

Sənə olan bu ərki ta etmərəm heç kimə.

Elə toxunmusan ki, zərif, incə hissimə,

Yüz il bundan sonraya qor saxlayar külüm də.

 

Sayğılı dost olardım əgər sayanım olsa,

Duyğusu teldən incə bir kəs həyanım olsa,

Ömrün bu kövrək çağı sən tək duyanım olsa,

Xoşbəxtlik sayılardı bu çəkdiyim zülüm də...

 

Ömrünü, həyatını, qəlbini nurlayardım,

Şimşək kimi çaxardım, çay kimi gurlayardım.

İllərin sayğa cını geriyə fırlayardım,

Dönərdim gəncliyimə imkan olsa əlimdə...

 

Ağlar qəlbim hönkürüb, amma üzdə gülmüşəm,

Sevgisisiz keçən ömür puçdu, indi bilmişəm.

Mən bu eşqin yolunda ölmüşəm, dirilmişəm,

İndən belə mənimçün qorxusuzdu ölüm də.

 

Cavanlıq güc gələndə gözlərimdə tor oldu,

O hüsnə, o camala, gözəlliyə kor oldum.

Kəndimdən ayrı düşüb, obama nankor oldum

Səni niyə tapmadım ay elqızı elimdə?!

İndi adın od tutur dodağımda, dilimdə!!!

 

Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Bazar ertəsi, 21 Oktyabr 2024 16:02

Gülüş klubunda maraqlı avtobus

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

QAPAQ ŞƏKLİ BARƏDƏ

“Beşikdən qəbrə kimi sərnişin daşıyan bu avtobusun fotosunu şair Elşən Əzim çəkib göndərib. Avtobusun marşrutuna baxın: 1 nömrəli doğum evindən başlayır, Xutor qəbristanlığında bitir. 

 

2.

-Salam, mənim mifologiya fakültəsi barədə məqaləm var.

-Mifologiya fakültəsi? Nədisə beləsini xatırlaya bilmirəm.

-O qabaqlar jurnalistika fakültəsi adlanlrdı.

 

3.

Əgər tanışlar səndən “işlərin necədir” soruşmaq əvəzinə “sağlamlığın necədir” soruşurlarsa, demək, daha qocalmısan.

 

4.

Maşın-maşın cehiz əvəzinə bir çamadanla ər evinə gedən gəlinin niyyəti bəllidir, tezliklə geri qayıdacaq. 

 

5.

Blokda yazı:

Yoldaşlar (silinib)

Vətəndaşlar (silinib)

Cənablar, tərbiyıniz olsun, bloku batırmayın! 

 

6.

Müxbir: - 4 saylı doğum evində 72 körpə dünyaya gəlib. Onlardan birininə - Kopiyirmi doqquzun atası Lissabonsammiti Oktyabrinqilabıyevə yaxınlaşaraq təəssüratlarını bizimlə bölüşməsini istəyirik:

-Lisaabonsammiti müəllim, özünüzü dünyaya oğul övldı gətirən ata kimi necə hiss edirsiniz? Təəssüratlarınız necədir?

-Kaş bu günü atam Qırxbirqırxbeşmüharibəsi müəllim görə biləydi. 

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Xoydan Əmin Hacılıdır.

 

Əmin Hacılı

Xoy

 

I

Bu tək başına göstəridir

Sən məndən əskilib səhnəyə çıxırsan

Mən kinonun tualetində Merilin Monronun rəsminə boşalıram

Səhnədə səni alqışlayırlar

Tualetdə qapını.

Çıx

Düş

Bu tək başına göstəridir.

Bir kişi dörd yol ayrıcında üzərlik fırladır

Sən /birdən/ höyüşnə kimi içimə düşürsən

Şəhər boğa buynuzunda fırlanır

Sən keçirsən

Mən adını qoyacağam sonunda bu dərdin üstəlik

Sabah söyüşlərinin Background-unda siqnal səsləri

Biraz yaradıcılıq

Sabah söyüşlərinin Background-undakı siqnal səslərini.

 

*

 

Birinci qoşağın yazdığı şeirlər bütün qadınlara oxundu

Qadınlar bitdi sonra

Şeirə başlamadan əvvəl Merilin Monronun rəsminə boşaldım

Mən sənə sənin anlayacağın dildən danışdım nəsnə;

Sevgi yalnızlığın bacaqları arasında vibrator nə isə nə

İkinci pərdə

Mən hara gedəcəyimi bilmirəm

Tualetdən sonra

Şəhər boğa buynuzunda fırlanır

Qaldı ki,

Bu tək başına bir göstəridir

Sən oyunçu olaraq çaxmağını fırladırsan

Mən seyirçi olaraq siqaretimi yandırıram

Sonra hekayənin ortasından həqiqətin papağını çalıram

(Od tutdu kino

Seyircidən seçilmədi oyunçu)

Mən dörd yol ayrıcında üzərlik fırladıram

Sən səhnədə məni anladırsan

Bir kişi tualetdə...

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

 

Güney azərbaycanlı yazar Dr. Hüseyn Şərqidərəcək SOYTÜRK “Bir məzar daşına sığar” adlı çox aktual və maraqlı bir yazı yazıb. Onu oxucularımıza təqdim edirik. 

Türkiyə türkcəsindən yazını dilimizə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Ülviyyə Əbülfəzqızı uyğunlaşdırmışdır. 

 

 

BİR MƏZAR DAŞINA SIĞAR

 

Gəzməyə çıxdım gözəl  havada.

Rast gəldim qəbiristanlığa

Addımladım düşünərək, məzarlara baxa- baxa. 

Çox maraqlı yazılar satışdı gözlərimə...

Bir kasıbın, evsizin məzarı üstündə yazılmışdı:

 

“Mənim də artıq evim var, Allahıma şükür olsun".

 

Yaxınlaşdım bir başqa məzara bir varlının məzarıydı.

"Allahım, mən bu dünyada hər şeyi pul ilə edə bildim, pul ilə satın ala bildim.

Amma ölüm mələyini pul ilə ələ ala bilmədim"...

 

İrəlilədim bir az da sonrakı məzara

Qəlbi qırılımış bir qulun məzarıydı.

Onun məzar daşında

" Əlbəttə, qiyamət günü var

O dəhşətli gündə ahım sizdən çıxacaq" yazılmışdı.

 

Addımladım bir az irəli bir gənc oğlanın məzarına, yazılmışdı:

"Allaha həmd olsun ki, siz də peşman olacaqsınız

Bir- birinizlə yola gedin, bir- birinizi incitməyin"...

 

Addımladım yenə də qəbirlərə baxa-baxa.

Qarşıdakı məzarda yatırdı bir ana, yazılmışdı:

"Allaha and verirəm, məndən sonra yaxşı baxın övladlarıma"...

 

Bir az da irəlidə rast gəldim bir dəlinin düşündürən məzarına yazılmışdı:

"Mən dəli deyildim, ağıllı gəldim dünyaya. 

Ağılla yaşayırdım. Ağlınız  olmadığına görə məni dəli gördünüz…”

 

Gedə- gedə baxdım ki, bir körpə məzarı.

"Nə yaxşı ki böyümədim

Mən də öldüm gün gəlmədən

Bəlkə də, böyüyüb pis insan olacaqdım"...

 

Bir məzarlıq idi bu insanların hekayəti...

Hər məzarın bir kədəri, ayrıdır hekayəsi...

Fərqli- fərqli ömürlər var,

50, 60, 70, 80..

Uzun illər yaşasan da, yaşadığın o illər bir məzar daşına sığar.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portlının Güney Azərbaycan təmsilçisi

 

 

Güney Azərbaycanda növbəti ədəbi hadisə baş veribdir -  “Alt-şift şeir” dünya şairlərinin antologiyası çap olunubdur. Kitabı tərcümə edib hazırlayanlar güneyli Zaman Paşazadə və İsa Zeyni olmuşdur. 260 səhifəlik bu kitab “Parlaq qələm” nəşriyyatı tərəfindən nəşr edilmişdir. 

 

Kitabın ön sözündən bir parçanı təqdim edirəm: 

 

“Şeir tərcümədə, dalğaların sahilə gətirdiyi tanınmaz cəsədə oxşayır” deyir; Kevin Profer. 

Bu yozumdan şeirin tərcümədə, orjinal örnəyindən daha fərqli olduğu, zədələndiyi və ya tərcümə olmazlığınıalqılayırıq. Bəlkə də tərcümə barəsində ən tanınmış baxışlardan biri də elə budur, amma bir tərəfdən də həmişə sahilə gələn cəsəd, özü ilə çığlıq və qarğaşa gətirər. Bu o deməkdir ki, şeirin tərcüməsinin məqsədi dil və mədəniyyətdə özünəməxsus dəyişim ilə yanaşıdır və bəzən bu dəyişim o qədər etkiləyicivə təsirli olur ki, ortamın tam gözlənilməz bir duruma gəldiyi ilə sonuclana bilir. 

Bu kitab “Evdeal” və “Parlaq qələm” portallarında satışa çıxarılıbdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “SABAH” qruplarının 10 illik yubileyinə həsr olunmuş “Dünən. Bu gün. Sabah” elmi-publisistik jurnalının təqdimatı keçirilib. 

 

Akademiyadan AzərTAC-a bildirilib ki, tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli təqdim olunmuş jurnalın böyük əhəmiyyət kəsb etdiyini bildirib, tələbələri qazandıqları uğur münasibətilə təbrik edib. 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin təşəbbüsü ilə ərsəyə gələn elmi-publisistik jurnalda musiqişünaslıq ixtisasında təhsil alan tələbələrin məqalələri yer alıb. Təqdim olunan jurnalda BMA-da 10 il ərzində “SABAH” qruplarının tarixi öz əksini tapıb. Burada bir sıra konsertlər, festivallar, elmi-praktik konfranslar, müsabiqələr, “SABAH”ın məzunları, laureatları haqqında məqalələr yer alıb. 

Musiqişünaslıq ixtisası üzrə təhsil alan tələbələrdən Şəhla Cəlilova, Fəxriyyə Bayramova, Aysel Cəfərova, Günan Heydərova jurnalın ərsəyə gəlməsində iştirak edən professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər. 

Tədbirdə beynəlxalq və respublika müsabiqələr laureatları Hidayət Sadıqbəyli, Namiq Səlimov, Kənan Məmmədzadə, Nuray İsmayılova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Sonda musiqişünaslıq ixtisası üzrə “SABAH” qrupları “Xarıbülbül” xoru ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Hər şeydən öncə, Təbrizdə yaşayan insanların, xüsusilə gənclərin psixi durumunu nəzərə alıb onlarla uzun müddət danışıqlarımız, diskussiyalarımız oldu. Nəticəsində isə onların 90 faizinin depressiyada olduqları ilə qarşılaşdım. 

 

Onların bu depressiyadan bir qurtuluş yolu axtardıqlarına cəhd göstərdiklərini gördüm, ancaq ipin ucunu tapıb, yaşadıqları bu pis və absurd pozisiyadan çıxa bilmirdilər, bilmirlər, korrupsiyalar davam edərsə bilməyəcəkdirlər! 

Oxuduğum kitablara, kütlə arasında qazandığım təcrübələrə əsaslanaraq iddia ilə humanitar elmlərin hər bir budağının kütləyə buraxa biləcəyi çeşidli təsirlərindən yaza bilərəm. Ancaq bu elmlərdən Güney Azərbaycan ədəbiyyatını illər boyu araşdırıb təxəssüs qazandığım üçün ədəbiyyatı seçirəm. 

Əsas mövzuya qayıdım. Tarix boyu ədəbiyyata dünyanın hər yerində böyük dəyər verilibdir, bu dəyərləri isə burjuaziya səviyyəsindən tutmuş proletar səviyyəsinə qədər, insanlar öz instinktlərində olan duyğulara, düşüncə səviyyələrinə bağlı olaraq yaxşı və yaxud pis olaraq dəyərləndiribdirlər. Ancaq saraylar, xüsusilə İran saraylarında yaşayan şahlar, ədəbiyyata daha çox dəyər verib şairi öz nəzdlərinə dəvət edibdirlər və onu şaha, saraya, hökümətə mədhiyyələr yazmağı ilə sarayda yaşamaq təqaüdü ilə təltif edibdirlər. Örnək üçün İranın Qəznəviyyə sülaləsində Fərruxi Sistani, Əbülqasim Firdovsi, Ünsüri Bələxi adlı şairlər Mahmud Qəznəviyə mədhiyyələr yazıbdırlar. Fərruxi Sistaninin mədhiyyələrinin birində Mahmud Qəznəvini yer kürəsinin imperatoru, bəzəyi, fəxri kimi təmsil edib illüziyalar yaradır. Bu təmsillərin arxasında da Mahmud Qəznəvi öz diktator işlərini sahmana salırdı; Məlik Ayazın saçlarını dizinin üstündə sığallayırdı, qılıncını qınından çıxardb-çıxartmaz qanlar tökürdü, sonra əlləri qanlı-qanlı ölənlərin yasında meyit namazı qılırdı. Diktatorluqlara yazılan mədhiyyələr bütün ədəbi mühitdə, çoxlu ölkələrdə baş vermiş şahlar tərəfindən planlaşdırılmış prosesdir. Həmişə şahlar, ən güclü qələmə malik olan ədəbiyyatçını öz kölgələrinin altında saxlamağa çalışıbdırlar, niyə ki, klassik şeirlərin vəzninin axıcı, ürəyə yatan, xoşagələn olduğu üçün xalqın etirazlarının önünü epik, yeri gəlmiş olursa da lirik şeirlərlə alsınlar deyə şairlərin – mədhiyyəçilərin şeirlərini qızıllarla mükafatlandırıbdırlar. Buna baxmayaraq hökümətin qarşısında öz düşüncəsini qələmə alan şairlərin sayısı da az olmayıbdır. İmadəddin Nəsimi “ənəlhəq” deyib dərisi soyulur, həmin kəlmələri bir başqa formasiyada da Mikayıl Müşfiq öz düşüncəsində tərənnüm edir, repressiyada öldürülür. Həmin tərənnümlər Məhəmmədhüseyin Şəhriyarın “Heydər babaya salam”ının yazılmasına səbəb olur. O səbəblər isə, daha sonralar Təbrizli Rza Bərahənini şeirlərinə öz təsirini buraxır və İran ədəbiyyatını lərzəyə gətirən “Dəf” adlı məşhur şeiri yazılır. Amma azadlıq üçün savaşan şairlər; şahların, xanların, başda oturanların düşüncəsinə müxalifət göstərən güclü qələm adamlarının sayından, optimizm düşünməsək, az olubdur. Təəssülə! 

Saray şairlərinin mövzusuna yazının sonunda ikinci mövzuya yekun vurub konkretləşdirəcəyəm. 

Güney Azərbaycanda çox sayıda şairlər vardır, şairlər! Kiminin əlinə qələm keçirsə improvizatorluğa başlayır, şeir yazdığını iddia edir. Buna baxmayaraq ədəbiyyat təkcə şeir yazmaq deyil, humanitar elmlərin budaqları kimi, ədəbiyyatın da özünəməxsus budaqları vardır və şeir o budaqlardan biridir. Təbrizdə şeir yazan soydaşlarmızın çoxundan “Niyə şeir yazırsan?” sualını soruşduğumda təkəbbürlə “Şeir yazanda dincəlirəm”, “Şeir yazıram ki, kitablarımı çap eləyim. Məndən sonrakı uşaqlarım mənim şair olduğumu bilsinlər” kimi milyonlarla içi boş cavabla qarşılaşıram. Amma o şeir yazanlar, şeiri təkcə öz nəvələrinə görə yazmırlar, onlar yeri gəlmişkən ədəbi dərnəkləri yiyələnibdirlər, ədəbi mətbuatlardan düşmürlər, yeri gəlmişkən küçədə, marketdə, kafedə də özlərini tanıtdırmaq üçün kağızı çıxardırlar, şeirə oxşar sözləri dalbadala düzürlər, həzyan deyirlər, onlar şeirin nə olduğunu bilmədən özlərini şair kimi reklam edirlər. Əlbəttə ki, onların sözlərini diqqətlə dinləyən müxatiblərin instinktində sözlər öz təsirini buraxır. Ancaq bu təsir; mənfi təsirdən başqa heç nə ola bilməz!

Şeir hərəkətdir, şair isə cəmiyyəti oyatmaq, tərpətmək üçün şeir yazmalıdır. Bu günki insanlar ədəbiyyat ilə deyil, ədəbiyyatçı ilə fikirdaş olmaq, əsərlə əlaqə saxlamaq istəyərək yenilik axtarır. Bü günki insanlar qəzəlin axıcı vəzni ilə sərxoş ola bilmirlər. Üstdə qeyd etdiyim kimi, Güney Azərbaycanda şeir yazan çoxdur, təəssüflə şair yoxdur. Buna baxmayaraq Güney Azərbaycanda nasirlər də barmaq sayısı qədərdir. Di gəl, bu şairlərin 80 faizi isə Füzulinin yazdığı qəzəllərin bəhrindən çıxa bilmirlər. Mən bu yazıda Füzulinin şeirlərini dəyərsizləndirmək istəmirəm, sadəcə müasir dövrün insanlarını Füzulinin şeirləri xoşbəxt etməyəcəkdir. Klassik dövrün bütün ədəbiyyatçılarının müasir dövrdə təkcə heykəli, divarlardan aslanılacaq fotoşəkilləri, adına vurulacaq küçələr tarixə də, əndişəyə də kifayət qədərdir! Çünki uzun illər keçsədə, qəzəldə olan düşüncələr ruhi işgəncələrdən tutmuş siyasi diktatorluqlara qədər insanı xilas edə bilməyibdir. 

Güney Azərbaycanda hər şeyi başda oturanların diktator prosesləri ilə aparırlar. Kitablar çıxır; hamısı Azərbaycan dilinin qrammatikasını gözləmədən, qəzəlsayağı şeirlərdir, şaqqa-şaq çap olunur. Azərbaycan dilli televiziyalarda mahnılar oxunur; heç biri Füzulinin qəzəllərindən və yaxud Füzuli sayağı yazılan qəzəllərdən qurtarmaq istəmirlər. Ay sənətkarlar, Füzuli və klassik dövrdəki şairlər olmasaydı siz sənətkar ola bilməyəcəkdiniz?! Füzuli adına məclislər qurulur, Füzuli adına ədəbi müsabiqələr olur. Amma bu günün insanları Füzulinin lirik qəzəlləri ilə sadəcə ömür boyu ağlaya bilərlər, əndişə qazana bilməzlər, yaşadıqları dövrün diktatorları ilə mübarizə etməyin üsullarını anlaya bilməzlər. Şeir hərəkətdirsə, o hərəkət hansısa əndişənin kölgəsində həyata keçirilməlidir. Füzulinin başdan-ayağa əsərlərini oxuyuruq, ağlaşmaqdan, nalədən, fəryad qoparmaqdan, mərsiyyədən başqa heç nə yoxdur. Füzulini qınamıram, onun dövründə şeir yazmaq prosesi bu əndişələri tələb edirdi, bəlkə də! Ancaq indi Füzuli sayağı yazılan şeirlər ilə fəxrlənmək, hətta Füzulidən fetiş düzəltmək zamanı deyil. İndi yeni şair, yazar, rejissor vb... incəsənət adamları müasir insanların düşüncəsində yenilik yarada bilmirlərsə incəsənət də, sənətkar da, onlara maraqlanan kütlənin mədəniyyəti də, dili də məhv olmağa məhkumdur. 

Şairlərin Füzuli sayağı əsərlərinin çapından sonra da kuliminasiya yaranır, şairlər də müasir insanlar kimi depressiyaya düşürlər, onların kitablarının oxunulması üçün hər yerdə şikayətlənib “Hanı o kitabsevərlər?” deyib ah çəkirlər. Ruhi xəstəliklər virus kimi hər yerə yayılmağa, insanları kütbeyinləşdirməyə başlayır. 

Bir binanın tikilmədən öncə düzəlməyində savadlı və ziyalı memarlar bir araya gəlir, təkrarsız oturumlardan sonra o binanın necə tikilməsi haqda, nə qədər tikinti materialları işlənəcəyi dəqiqləşir və o bina tikilir, o binada insanlar yaşayır. Ancaq bu binanın tikilişində çalışan memarlar savadsızlar, memarlqdan başı çıxmayanlar olsa, binanın çökülməyi qəti bir məsələdir. Mən həmişə bir camiəni bina kimi təşbih edirəm və o binanın memarlarını humanitar elmlərinin savadlı və ziyalıları adlandırıram. Bu elm adamlarının təkcə biri savadsız olarsa (təəssüflə heç biri savadlı deyil) materialların necə işləndiyini bilməyəcək və düzəltdikləri camiə - bina zaman axımı ilə çökəcəkdir. Təbii ki, amatör ədəbiyyatçılardan deyil, mən burda professional olduğunu iddia edən ədəbiyyatçılardan danışıram. 

Hansı camiənin ədəbiyyatçısı öz dilində yazan kassik qələm adamının əsərləri ilə qarrahlanırsa, onun müasir dövrdə yaza biləcəyi modern əsər qədər gücü yoxdur. O yazsa da, o ədəbiyyatçı kimi tanınsa da köhnəlmiş bazadan əllərini üzə bilmədiyi yazdığı sətirlərdə üzə çıxacaqdır. Təkrarlayıram! Klassik şairin heykəlini düzəltsinlər, adına küçələr vursunlar, bu tariximizin hafizəsini dirçəltmək üçün gözəldir, amma incəsənət laboratoriyasında sənətkar öz əsərinin mahiyyəti ilə, mühtəviyyatı ilə əsər yaratmalıdır!

Birinci mövzu ilə yazını yekunlaşdırıram. Həmin şahlar, yenə də vardırlar. Başqa ad ilə, başqa sülalə ilə başqa bir biçimdə, həmin ədəbiyyatçını saraya çəkmək prosesinin üzərində çalışırlar və bu prosesdə də demək olar uğurludurlar. İndi isə hansısa aşıqlar sazı götürüb şəhərin mərkəzində qurulan festivallarda iştirak etməyinə, onun qışqırıb sınıq-salxaq şeir oxumağına icazə verilir, hansısa Füzuli sayağı lirik şeir yazanın sinəsinə orden aslanır, ev alır, kitabı çıxır. Amma yeni düşüncəyə malik olanları isə dustaqda, zəncirlərin siluetində yaşadırlar, camiə oyanmasın deyə!

Müasir dövrdə modern, hətta postmodern əsərlərdə xalqın yaşadığı mühiti düşünə bilən bir sənətkar, yenilik yarada bilərsə, o zaman hər şey gözəl olmağa yönələcəkdir. Necə ki, Anqola ölkəsinin şairi və birinci prezidenti olan Aqostinyo Nettoişgəncələrə məruz qalsa da, azadlıq sevdasından vaz keçmədi. Öz şeirlərindəki yeniliklərlə azadlığa çatan bir camiəni sübuta yetirdi. 

İncəsənət ziyalıları kimi tanınmış adamlar, xüsusilə ədəbiyyatçı, yaşadığı dövrü ilə birgə update ola bilmirlərsə, yenilənməyi bacarmırlarsa o camiənin insanları psixologiya həkimlərinə müraciət etməyə məcbur qalacaqdırlar. O camiədə heç zaman dünya ədəbiyyatı ilə müqayisə edə biləcək həddə romanlar yazılmayacaq, fərqli mahnı səsi eşidilməyəcək, müxatibdə yeni əndişələr yarada bilən şeirlər çap olunmayacaq, kitablar satılmayacaq, dil asimilassiya olacaq, başqa xalqların mədəniyyəti xalqın doğma mədəniyyətini öhdələnərk həmin tarixdəki ədəbiyyatçıları, həmin xiyabandakı heykəlləri, həmin küçə adlarını məhv edəcəkdirlər... 

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.