POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Mənə yazdığın şeiri…” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə bu dəfə sevilən şairimiz Musa Ələkbərlini görüşdürürəm. Şair bu dəfə “Mənə yazdığın şeiri özgə ada yazma gəl” deyir. Həqiqətən də bu gün fikir və xəyalları, sevgi və dostluqları əlcək kimi dəyişmək dəb halına düşməkdədir. 

Xoş mütaliələr.

 

Mənə yazdığın şeiri

 

Mənə yazdığın şeiri özgə ada yazma gəl,

Bu dərdin bir adı var, başqa səmtə yozma gəl.

Çoxdandı qəlbimdəsən, indi buyur yazıma gəl,

Qoy adın yarpaqlasın, çiçəkləsin dilimdə.

 

Mizrabını neçə yol vurmusan sarı simə,

Sənə olan bu ərki ta etmərəm heç kimə.

Elə toxunmusan ki, zərif, incə hissimə,

Yüz il bundan sonraya qor saxlayar külüm də.

 

Sayğılı dost olardım əgər sayanım olsa,

Duyğusu teldən incə bir kəs həyanım olsa,

Ömrün bu kövrək çağı sən tək duyanım olsa,

Xoşbəxtlik sayılardı bu çəkdiyim zülüm də...

 

Ömrünü, həyatını, qəlbini nurlayardım,

Şimşək kimi çaxardım, çay kimi gurlayardım.

İllərin sayğa cını geriyə fırlayardım,

Dönərdim gəncliyimə imkan olsa əlimdə...

 

Ağlar qəlbim hönkürüb, amma üzdə gülmüşəm,

Sevgisisiz keçən ömür puçdu, indi bilmişəm.

Mən bu eşqin yolunda ölmüşəm, dirilmişəm,

İndən belə mənimçün qorxusuzdu ölüm də.

 

Cavanlıq güc gələndə gözlərimdə tor oldu,

O hüsnə, o camala, gözəlliyə kor oldum.

Kəndimdən ayrı düşüb, obama nankor oldum

Səni niyə tapmadım ay elqızı elimdə?!

İndi adın od tutur dodağımda, dilimdə!!!

 

Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.