Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Ağdam rayonunundan məcburi köçkün, Azərbaycan Rəssamlar İttifaqının həqiqi üzvləri Elnurə İsgəndərova və Aygün Əzizova bacıları 15 ildən artıqdır ki, dekorativ-tətbiqi sənət rəssamı olaraq uğurla fəaliyyət göstərirlər.
Həmçinin sərgi, tədbir təşkilatçılığı sektorunda da müvəffəqiyyət qazanmış rəssam bacıların 10 ildən artıq müddətdir ki, davam edən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə layihə rəhbəri və təşkilatçısı olduqları "Vətənpərvərlik etüdləri" layihəsi respublikamızın əksər bölgələrində həyata keçirilir. Layihə çərçivəsində bölgələrdə etüd çalışmaları reallaşdıran rəssam bacılar bir sıra dövlət qurumları ilə birgə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə yönəlmiş layihələrdə münsif heyətinin üzvü, təşkilatçı olaraq fəallıq göstərirlər. Onların əməkdaşlıq etdikləri qurumlar arasında Heydər Əliyev Mərkəzləri və Yeni Azərbaycan Partiyasının rayon təşkilatları əsas yer tutur.
BMT-nin Qadın İnkişaf Fondunun dəstəyi ilə biznes layihəsi qazanaraq Beynəlxalq Qalereyanı təsis edən rəssamlar xarici ölkələrin respublikamızdakı diplomatik nümayəndəlikləri ilə birgə çox sayda uğurlu layihələrə imza atıblar. Ölkəmizin tanıdılmasına və xalqlar arasında mədəni əməkdaşlığa mühüm töhfə olan belə tədbirlər Argentina, Meksika, Hindistan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğız Respublikası, Tacikistan, Şimali Kipr Türk Respublikası, Fələstin və.s dövlətlərin səfirlikləri ilə mütəmadi olaraq həyata keçirilir. Bu sıx fəaliyyətləri arasında rəssam olaraq ölkə daxili və beynəlxalq sərgilərdə fəal iştirak edən xanımlar sertifikat, diplomlarla yanaşı bir çox mükafatlara layiq görülüblər. Bu qəbildən olan Azərbaycan və Qırğızıstan dövlətləri arasında mədəni əlaqələrin inkişafına verdikləri töhfələrə görə Elnurə İsgəndərova və Aygün Əzizova Qırğız Respublikasının sabiq səfiri Kairat Osmonaliev tərəfindən medal, xüsusi təşəkkür məktubu və Manas Ödülü İlə təltif olunublar.
Vətən müharibəsində qazanılmış Zəfərdən sonra rəssam bacıların qələbəmizə həsr olunmuş müxtəlif sərgiləri keçirilib. 2021-ci ilin avqustunda Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində bacıların Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz" adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılıb. Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının, Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Elnurə İsgəndərova və Aygün Əzizovanın dekorativ-tətbiqi sənətin sanama, bədii tikmə, şəbəkə tikmə kimi növlərinə aid nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilib. 2021-ci ilin noyabrında isə Zəfər Günü münasibətilə işğaldan azad edilmiş Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü və Elnurə, Aygün bacılarının təşkilatçılığı ilə "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində "Ağdamın mənzərələri" adlı etüd-sərgi təşkil edilib. Sərgidə əsasən, işğaldan azad olunan guşələrimiz, Ağdam mənzərələri, tarixi abidələr və Azərbaycanın düşmən üzərindəki Qələbəsini əks etdirən rəsm əsərləri yer alıb. Rəssamlar Ağdamdakı İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ətrafındakı etüdləri təsvir ediblər.
Vətən müharibəsi, Aprel döyüşləri zamanı Elnurə və Aygün bacıları silsilə şəklində gənc nəsli vətənpərvərliyə səsləyən sərgilər, tədbirlər həyata keçiriliblər. Şəhid və qazi ailələrinin ziyarəti , şəhid portretlərinin hədiyyə olunması, anım günlərinin açıq havada təşkil olunmasını həyata keçiriblər. Qardaş Türkiyənin "İyilik Üretenler" dərnəyinin Azərbaycan üzrə koordinatorları olaraq bu sahədə çoxsaylı xeyriyyə fəaliyyəti göstərmişdirlər.
Elnurə İsgəndərova və Aygün Əzizova vətənpərvərlik ruhlu layihələrinin gələcəkdə də davam etdirilməsinə hazırlaşırlar. Rəssam bacıların ən böyük arzusu Ağdamda Beynəlxalq Qalereya yaradaraq fəaliyyət göstərməkdir. Onlar Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "UĞURLARIMIZLA 2025-ə" tədbirinə və mütəmadi keçirilən Vətənpərvərlik etüdləri layihəsinin yeni etüdlərinə hazırlaşırlar.
“Ədəbiyyat və incəaənət”
(21.10.2024)