ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Poetik Qiraət rubrikasında istedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər sektorunun müdiri Fərid Hüseynin şeirləri həftəsidir. İlk olaraq “Bitməz gün” şeiri təqdim olunur.

 

 

 

BİTMƏZ GÜN

 

Atama ithaf edirəm...

 

Səhər

 

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:

hələ tənbəl-tənbəl oyanırıq sənsizlikdən,

gözlərimizi ovuruq yoxluğunun əlləriylə,

sönmüş müharibənin tüstüsü çəkilməyib ölkədən.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:

Yatağına – anamın yanına su kimi dolmuşam,

o isə gələcəyimizi düşünə-düşünə alnımdakı ahdan öpür.

Dostlarının etibarını qayğılarımızla ölçürük,

hələ bizi sənə oxşadan adamların sayı çoxdu,

anamın əlindən tutub gələcəyə keçirik.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:

arzularımızı mumyalamışıq,

ümidlərimizi soyuducu könlümüzdə dondurmuşuq.

Hələ hər kəsin yaddaşı yerindədi –

hamı səni olduğun kimi xatırlayır.

Özümdən böyük qablarla su daşıyıram,

bədənimin bütün xəritəsindən tər axır.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:

Hələ kasıblıq təcrübəsi qazanıram –

qarpızı kəsdirib alıram,

qələmi yoxlayıb alıram,

kaseti oxudub alıram.

Qurban bayramlarında ətlə,

Novruzda sovqatla ürəyimiz açılır,

özgə evlərindən toplanır sevincimiz

və mən hələ Allahı əliaçıqlığından tanıyıram.

Sübhdü – sənin yoxluğunun səhər çağıdı:

Nənəmin dilindən ümid damcılayır könlümə:

sonra damlalar toplanıb olur hikmətli bir dərya:

“Allah kimi darda qoyub ki, bizi də darda qoya?!”

Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:

imperiya günəşi təzəcə sönüb ölkəmdə,

azadlıq lampasının başına yığışmışıq,

üz-gözümüz kasıblıq hisindən qapqara,

əlimiz nöyütlü,

yaş odundu xəyallarımız –

könül sobamızda asta-asta yanır,

amma sümüyümüz qızmır ki, qızmır.

Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:

Hələ ehtiyacdan bir hovur gizlənmək üçün

əldamındakı dəmir-dümürünü,

ov alətlərini satmamışıq,

hələ torpağın üzü soyumayıb,

hələ göz yaşımız sinəmizi yandırır,

nə vaxt ağlasam, anam məni qucağına alır –

Allaha sarı qaldırır...

 

Günorta

 

Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:

artıq haqqında çoxdankı, adam kimi danışırıq,

yaşaya bilmədiyin günləri bir-birimizə paylayırıq –

hər övladına neçə arzu, neçə ümid düşür,

anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür...

Günortadı – sənin yoxluğunun oğlan çağıdı:

anam təmizkar bir gəlinidi payızın,

sübhdən süpürür sənli günlərin xəzəllərini,

o, bir yandan yığır, ömür bir yandan tökür,

sevincin qanı qaçıb üzümüzdə, ata.

Xoşbəxt şəkillərimizə qayğılar çökür...

Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:

sevincimiz idman sevincləritək tez ötür.

Allah bizi çiyinlərimizdən çəkib böyüdür.

Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:

mən “rəhmətliyin oğlu”, bacım “rəhmətliyin qızı”dı,

nənəmsə qocaman bir rəngsazdır –

könlümüzü ümidlərlə boyayır.

Günortadı – sənin yoxluğunun oğlan çağıdı:

anam bir almadı ki, bir üzü qız, bir üzü gəlin,

soyuq günlərdə dolmuş buludları qovur göylərdən

haqqın dərgahına uzanan yorğun əlləri.

 

Axşam

 

Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:

anam bir zəhmət heykəlidi qayğı şəhərimizdə,

həyat bir xəstədir ki, çətinliklərimizlə ağırlaşır halı,

qayğılarımızla birgə böyüyür anamın xəyalları.

Anam həm də bir xəyal körpəsidir:

bizimlə gələcəyə “iməkləyir”, sabaha yüyürür...

Hər müşkülümüz bir əcəl məqamıdır,

ehtiyaclar “əzrail” kimi əliboş geri dönmür.

Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:

çoxdan əzbərləmişəm kişi işləri görən anamın kölgəsini,

buxar istisiylə qarsıyıb üzümü həyatın nəfəsi.

Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:

Bir xəstəxana qapısında,

zindan divarları arasında,

bir məhkəmə salonunda

dayanıb baxdım uzaqlardakı məzarına.

çarəsizlik əllərimi cibimə saldı,

çiyinlərimi çəkdi,

İkimiz bir adam olduq onda – kölgən kölgəmə bələndi.

Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:

fotoalbomuna baxıram,

əsgərsən, nişanlısan, evlisən,

zəhmətə öyrəşmiş ömrümün alın tərisən.

Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:

qayğıların dumanından göz-gözü görmür,

təkliyimin qoxusunu çəkirəm canıma,

ata, sənsizlik dolub divar saatıma,

ömür saatıma,

qol saatıma.

Axşamdı – sənin yoxluğunun zülmət vaxtıdı:

həyat bizim üzümüzə qayğı cığırları,

sənin məzarına şaxta çatları salıb,

şükür, əllərimiz çörəyə çatıb

və daha anamın ovcundakı zəhmət qırışları

“Allah” sözünün altında qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə olan əlamətdar hadisələri diqqətinizə çatdırırıq.

23 oktyabr. Hər şeyin yaxşılığa dəyişilməsi günü

Make a Difference Day. Xəyallarla, illüziyalarla yaşayan insan üçün bundan gözəl günmü ola bilər? Problemlərin, ağrı və acıların içində bir ömür sürürsən, bir gecə də yatıb ayılanda görürsən ki, hər şey yaxşılığa doğru dəyişib, sənin heç bir əvvəlki qayğın qalmayıb, varlı-hallı, şad-xürrəm ailənlə xoşbəxt yaşayırsan, üstəlik, təmsil etdiyin xalq da tüm olaraq xoşbəxtdir, tiranlar daha yel olub da onun yanından ötə bilmir.

Əziz oxucularım, bu gün səmimi qəlbdən hər şeyin yaxşılığa dəyişilməsinə ehtiyacı olan hər birinizə günün öz adını doğrultmasını arzulayıram. Amma məsəl də var, “səndən hərəkət, məndən bərəkət”. Yaxşılığın özbaşına gələcəyinə çox da bel bağlamayın, bunun üçün mütləq çaba göstərin. Allah hər birinizi arzularınıza çatdırsın.

 

23 oktyabr. Mole, tok-şou təşkilatçısı və iPod günü

Mole gününü kimyaçılar qeyd edirlər, mol adlı hissəciyin şəninə qeyd olunur bu gün. Tok-şou müasir televiziyaların proqram setkalarını dolduran bir proqramdır, tok-şouları təşkil edənlər publikaya ən aktual mövzuları transfer edirlər. iPod-u isə tanımayana lənət. Uşaqlarımızı əlimizdən alan, onların gözlərini ziyadan salan, onları dərsdən, ünsiyyətdən kənarlaşdıran bir kabusdur iPod (Apple şirkəti məni məhkəməyə verməsə yaxşıdır). Bu gün - ilk cihazın satışa çıxması şərəfinə qeyd edilir.

 

23 oktyabr. Qar bəbiri, kremli piroq və “Barama”

Beynəlxalq qar bəbiri günü. Macarıstanda Respublika günü. Rusiyada reklam işçiləri günü. Braziliyada aviator günü. Liviyada azadlıq günü. Makedoniyada inqilab günü. ABŞ-da kremli piroq günü. BMT Baş Assambleyasının 1946-cı ilə təsadüf edən ilk iclası günü.

Bir də görürsən, oxucularımdan biri şikayətlənir ki, niyə, tutalım, kosmonavtlarımızdan heç nə yazmırsız. Təbii ki, belədə cavabımız sadə olur, deyirik, rəhmətliyin oğlu, bizdə kosmonavt nə gəzir. Amma elə ki, deyirlər, niyə meyxanaçılarımızdan heç nə yazmırsız, onda adamın deməyə sözü qalmır.  Demək, bu gün tanınmış Azərbaycan meyxanaçısı, müğənni, yazar, bəstəkar və aktyor Aqşin Fatehin doğum günüdür. O, 1978-ci ilin bu günündə Tiflisdə dünyaya göz açıb. Aqşin bir ara “Kurtlar vadisin”ndən təsirlənib, həvəslənib mafiyadan bəhs edən teleserial da çəkmişdi. “Barama” adlanırdı həmin serial. Onun filmində əlində avtomat qaqaşlar Bakı küçələrində atışırdılar. Təbii ki, Aqşin Fatehə izah olundu ki, bizdə belə şeylər keçmir, o da ala-yarımçıq finalı çəkib “Brama”ya əlvida dedizdirdi.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

 

Çərşənbə, 23 Oktyabr 2024 10:25

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 9.Mütaliə məhsulu

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

 

9.

MÜTALİƏ MƏHSULU

Mütaliə məhsulu anlayışına uzun illər yalnız müxtəlif çap məhsulları – kitablar, qəzetlər, jurnallar, broşürlər daxil idi. Orta və yaşlı nəsil o dövrü xatırlayanda mütləq altından cızmalıdır ki, kitab mağazalarında və qəzet köşklərində uzun növbələr o dövr üçün səciyyəvi idi. İnsanlarda heç olmasa həftədə bir dəfə yeni kitab almaq, hər gün təzə qəzet almaq vərdişi formalaşmışdı. Üstəlik, insanların kitabxanalara kütləvi axını vardı. Oxu zalında oturub oxumaq, yaxud evə kitab götürmək – milyonların sevimli məşğuliyyəti idi.

Amma 21-ci əsrdə mütaliə məhsullarının çeşidləri xeyli genişləndi, bu sferanı İnformasiya Kommunikasiya Texnologiyalarının gündəmimizə daxil etdiyi elektron mütaliə mənbələri – elektron kitablar, öyrədici və tanıdıcı saytlar, xəbər portalları xeyli zənginləşdirdi. İndi insanlar kitab mağazaları, kitabxanalar və qəzet köşklərinə səfər etməyi yadırğayaraq evdə kompüterin, müxtəlif qadjetlərin, ən əsası, ağıllı mobil telefonların qarşısında əyləşib mütaliə etməyə başladılar.

Və təbii ki, elektron mütaliə mənbələrinə ayrılan zaman elektron əyləncə mənbələrinə ayrılan zamandan xeyli az olması ilə səciyyələnməkdədir.

 

Növbəti: 10.Mütaliə növləri

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

 

 

Çərşənbə, 23 Oktyabr 2024 10:16

“Güven edebiyatı” - Büşra Ekinci

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

“Güven edebiyatı”

Büşra Ekinci

 

Doğruluğun hükmünün her an adım-adım sorgulandığı asırların emanetçisi olmuştu ahiri zaman elçileri. 

Durup dururken doğması gereken gerçek yerini isteklerin, arzuların ve beklentilerin evrimine, şekillenmesine bırakmıştı. Sürükleyici filmlerin içine kapılmış, anın içerisinde idealize olmuş bir gerçeklikte oluşturduğumuz ideada, ama haksız bir ideada kendimize hak, doğruluk arar olmuştuk. Yolda yürüyen insan, yuvada yavrusunu besleyen kuş, rüzgarın dalgalandırdığı ağaç yaprağı, bulutların yer değiştirişi ve topraktan biten çiçekle sınırlı kalmıştı artık dürüstlük gerçeği. 

Kadim arzuların sınırını AVM'lerin döner kapıları ve sohbet ortamındaki mobilya markaları belirler olmuştu. Emin olabilmek kişilerarası çelişkilerde insanın kendisini savunmak için oluşturduğu mekanizmalarda kullandığı sözcükler olarak anılır olmuştu. Asrın doğası gereğiydi belki bu. Belki bu asır bunu doğurmuştu, doğrulamıştı. Değerler yüzyıllar üzerinde kulaç atarken her bir ilerleyişte kendinden bir parçasını bırakıyor, kendine ait olmayan sulara dalmaya çalışıyordu. Bunu yaparken fark etmediği husus ise buydu: gün be gün, ay be ay, yıllar geçtikçe insan yalnızlaşıyordu.

Oysa bir vakitler evdeki çocuk, yedek anahtar, manalı eşyalar ve kalpler emanet ediliyordu bir başkasına. Belki kilitlenmiyordu kapılar, sırtlar değil yüzler bakıyordu bir-birine. Kelimeler bu kök üzerinden şekilleniyordu. Başka dillerde yer buluyor, başka dillere akıtıyordu anlamını. Emin olmak isim oluyordu kişi başına. İnsanlar emin oluyorlardı verdikleri emanetlerden. Emaneti devralan teminatı veriyordu sadakatinden. Dört başı mamur o örtünün her bir ucundan tutan anlaşmazlıkları Emin olmasıyla asırlara timsal olmuş Esved emanetçisi çözüyordu dürüstlüğüyle.

Zaman kadim gerçeğini yine acımasız bir savurmayla sunuyordu. Zamanla daldığımız yabancı sulardan dengesini kaybetmeye yüz tutan egomuz, isteklerin mantıksallaştırılması gibi birlikte olamayacak zıtlığı haklılaştırmış, bizler de arzuların yönlendirmesiyle sadakati kaybetmeye başlamıştık. Bağlanamıyorduk eşik altı etrafımızdakilere ve ya yanlış bağlanıyorduk. Süreç bu şekilde devir daim ederken önümüzde kelimelerimize, ruhumuza, gerçekliğimize takla attıracak yeni bilinmeyenler bizi bekliyordu. 

Süreç, okumadıkça, klas bir duruşu yedirmedikçe kapılma eşiğimize, asrın doğal seçilimi tersine dönecek ve geriye güvensiz ve arzuların himayesinde bir toplum bırakacak. Bu sebeple gerçekliğin, hakikatin ve doğruluğun varoluşumuzdaki yansımalarını içe bakarak düzenlemek sürecin gidişatını sekteye uğratabilecek. Bu sayede “güven” kelimesini daha iyi anlatabilmek için belki metaforlara ihtiyaç duyulmayacak. 

Kalemler ve klavyeler oluşlarıyla bilenebilecekler.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 22 Oktyabr 2024 11:43

Çikaqo şəhərində Azərbaycan Bayrağı ucaldılıb

ABŞ-nin Çikaqo şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi ABŞ-nin İllinoys ştatında fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə həyata keçirilib.

Hər il olduğu kimi bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

Bayraqqaldırma mərasimi şəhər əhalisinin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycan haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan bayrağı gün ərzində Çikaqo meriyasının qarşısındakı  “The Daley Center”də dalğalanıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. İki gündə paytaxtımız güclü yağışa qucaq açdı, hətta bəzi yerləri su da basdı. 

Sevilən şairimiz Qulu Ağsəsin “Dünən bir yağış yağdı” şeiri bu yağışdan aldığı təəssüratlar barədədir. 

Buyurun, oxuyun! 

 

**

 

Dünən bir yağış yağdı –

Uşaq noğulu,

damlaları tərli,

yol yorğunu;

 

Yerə düşən kimi

biri qaçıb

dənizin kirli üz-gözünü təmizlədi,

 

islanmasın deyə,

tindəki heykəl

əlindəki kitabı

qoltuğunda gizlədi…

 

Deyirəm, imkan olsa,

bir gün yığışıb –

mahnı kimi

təzədən sifariş verək bu yağışı!

 

Dünən bir yağış yağdı –

dizimdəki quru yelə,

adam qocalanda

axsamır ha,

sadəcə, ayağını sürüyür

son mənzilə…

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Çərşənbə axşamı, 22 Oktyabr 2024 17:40

POETİK QİRAƏTdə Əlizadə Nurinin “Fırlanır…” şeiri

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə bu dəfə yenidən sevilən şairimiz Əlizadə Nurini görüşdürürəm. Şair bu dəfə “Bu dünya bir yelləncəkdi. Nə qədər naşı fırlanır” deyir. Həqiqətən də bu gün naşılar meydan sulamaqdadırlar.

Xoş mütaliələr.

 

Fırlanır

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Hər uçana quş deməyən,

Bayquşa bayquş deməyən,

Ayranına turş deməyən

Şeytanın  aşı fırlanır.

 

Yarpaq özü də  çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi-

Nə qədər naşı fırlanır..

 

Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Çərşənbə axşamı, 22 Oktyabr 2024 17:15

BİR SUAL, BİR CAVAB Qəşəm Nəcəfzadə ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Qəşəm bəy, tədbirlərin birində hər kəsin Sizə olan sevgisini, dəyərini görmüşəm, hətta yadımdadır,  çəkingən xarakterdə olduğum üçün özünüz hiss edib gənc istedadlı kimi haqqımda rəy bildirdiniz. Səmimiyyətinizə görə təşəkkür edirəm. 

Aristotelin bir aforizmində:

 "İnsanlar sünbüllərə bənzəyirlər, içləri boş olduqda başları havada, dolduqda isə aşağı əyilirlər" - söylənilir.

Qəşəm bəy içi, başı, daxili boş, burunları havada olanlara ata nəsihəti kimi nə söyləyərdi?

 

CAVAB

Bəli, yadımdadır, xatırlayıram. Əslində orta məktəbdə, universitetlərdə də müəllim işləyəndə, hansı tələbə susardısa, danışmırdısa, onlar məni maraqlandırırdı. Əllərini tez-tez qaldırıb cavab verənlər yox, sakit dayananlar məni düşündürüb. Poeziya görüşlərində müxtəlif dairələrdə oluram, sakit dayanan, danışmayanların suallarını eşitmək mənim üçün daha maraqlı olardı, bəzən səs-küylü zalda sakit dayanmanın yaxşı mənada özü bir reklamdır. Aforizmə əsasən, söyləyim ki, dolu sünbüllər sakit dayananlardı, əl qaldırıb " atılıb-düşənlər" isə boş sünbüllərdi ki, zamanın küləyi onları o tərəf, bu tərəfə yelləyir.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Çərşənbə axşamı, 22 Oktyabr 2024 16:33

Nüşabə Məmmədlinin “Zəngulə”si - TƏƏSSÜRAT

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Həyata, insanlara sevgisi ilə hər kəsin doğmasına çevrilən Vaqif Bayatlı Odər yazır ki,

Dünyaya baca kimidir şair qələmi,

baca evin tüstüsünü,

hisini çəkəntək

şair qələmi də çəkər,

çəkər ötürər canından

dünya deyilən

damlar damının dərdlərini.

 

Şair də, yazıçı da, bir sözlə qələm adamları dünyanın, yaşadığı mühitin, mənsub olduğu xalqın dərdlərini bir başqa cür çəkər. Sanki süçəkən kimi bu dərdlər onun canına hopar, qanına keçər. Onu elə bir hala gətirər ki, yazıçı son anda təsəlli kimi əlini ən yaxın dostu, həmdəmi olan qələmə uzadar. Qələm də sevdiyi əllərə, ürəklərə könül verər. Qələmlə ürək birləşəndə bir hayqırtı, zəngulə meydana gələr.

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəngulə”si kimi...

Hələ illər öncə topaqlarımız yağı tapdağında qalanda Nüşabə xanımın elə bu dərdlərdən ürəyinin qanı ilə yazdığı “Zəngulə” romanını oxumuşdum. Sonra müəlliflə görüşüb yazı hazırlamışdım. Sən demə, Nüşabə xanım erməni qaniçənlərinə əsir düşmüş azərbaycanlı qadın və uşaqların həyatını, həmin anda onların çəkdiyi sözə sığmayan əzablarını qələmə alarkən sarsıntıdan üstünə dəfələrlə təcili yardım maşını gəlib…

Amma o bir az özünə gələn kimi yenə qələmə sarılıb. Çünki ədəbiyyatın qanunu budur və yazmaq onun taleyidir... Tənqidçi deyir ki, yazıçı ən çətin məqamları, faciəni, dəhşəti qələmə almalı, amma soyuqqanlığını da itirməməli, əsəri yarımçıq qoyub ölməməlidir!

Yəqin elə bu cür əziyyətdən doğulduğuna görə “Zəngulə” romanı ötən günlərin birinə təsadüf edən yubiley törənində yazıçının başına toplaşanların dilindən düşmədi. Kim onun hansı əsərindən danışsa da, sonu gəlib “Zəngulə”yə çıxırdı...

Doğrudan da, musiqi, səs və incəsənətin bütün növləri kimi ədəbiyyat da, qələm də, söz də bir silahdır. 30 ildə gözlədiyimiz bu gözaydınlığına qədər ədəbiyyatımız susmadı, nə şairimiz dayandı, nə yazıçımız durdu. Nüşabə Məmmədlinin “Zəngulə”si də beləcə bütün dünyaya hayqırdı. Əsərin qəhrəmanı kimi, romanın özü də Azərbaycanın sərhəddini aşdı. Azərbaycanda 2005-ci ilin kitabı seçilən “Zəngulə” romanına görə müəllif Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən milli ədəbiyyatımıza verdiyi samballı töhfəyə görə Q. R. Derjavin adına orden ilə təltif edildi.

Nüşabə Məmmədli 1000-ə yaxın publisistik məqalənin müəllifidir. O, Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərində yaşayan zaman Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmaq məqsədilə məqalələrini “Комсомольская правда”, “Аргументы и факты”, “Усть-Илимская правда” qəzetlərində dərc etdirib.

N. Məmmədli Türkiyədə baş verən dağıdıcı zəlzələdən bəhs edən 10-dan çox hekayə yazıb. Avrasiya Kitabxanaçılar Birliyi Dərnəyi tərəfindən I Uluslararası Avrasiya Türk Dünyası Uşaq Ədəbiyyatı Nəşri Simpoziumunda iştirak etdiyinə görə sertifikart alıb (2014).

İstedadlı yazıçının əsərləri rus, türk, ingilis, özbək və Ukrayna dillərinə tərcümə olunub. Kitabları İngiltərə, Rusiya Federasiyası, Türkiyə, Çexiya, Almaniya, Serbiya, Sloveniya, Ukrayna, Özbəkistan, Türkmənistan kitabxanalarının fondlarına daxil edilib. Bir çox mükafat və fəxri fərmanlarla təltif edilib.

Yasamal rayon İcra Hakimiyyətinin Heydər Əliyev Mərkəzində yazıçının yaradıcılığına və 70 illik yubileyinə həsr edilmiş tədbirdə çıxış edən tanınmış ziyalılar, mədəniyyət xadimləri, eləcə də, ədəbiyyatşünas alimlər, şair və nasirlər iştirak etdilər. Professorlar- Asif Rüstəmli, Rüstəm Kamal, Azad Şükürov, millət vəkili Aydın Mirzəzadə, Əli Əmirli, eləcə də tanınmış iqtisadçı alim Azər Əlioğlu, ehtiyatda olan polis polkovniki Sahib Həsənov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz və başqaları yazıçının həyat və fəaliyyətindən maraqlı xatirələr, əsərlərinin bədii üslubundan danışdılar.

Yasamal MKS-nin təşkil etdiyi həmin tədbirdə yubilyara Yazıçılar Birliyinin, Heydər Əliyev Mərkəzinin mükatları təqdim edildi.

Yazıçıya hər kəsin bir arzusu da bundan sonra Azərbaycanın 44 günlük Zəfər yürüşündən, möhtəşəm qələbələrimizdən və dogma torpaqlara, Qarabağa, Şərqi Zəngəzura əbədi qayıdışımızdan yazması oldu...

Hörmətli Nüşabə xanım, Sizi növbəti doğum gününüz münasibətilə təbrik edir və dünyaya göz açdığınız dogma Ağdamın işğaldan azad edilməsi ilə bağlı Sizə gözaydınlığı veririk.

Qələminiz həmişə əlinizdə, ömrünüz bərəkətli və sevinciniz belə möhtəşəm olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

 

Çərşənbə axşamı, 22 Oktyabr 2024 16:06

Gülüş klubunda Bakı yağışı

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Dəlisov oğrular həbsxanaya, ağıllı oğrular “Forbes”in siyahısına düşürlər.

 

2.

Nazir elan edir:

“Nazirlik insanlara xoşbəxt olmağa maneçilik törətməyəcək”

Yarım saatdan sonra nazirin mətbuat xidməti düzəliş edir: 

“Nazirlik insanlara xoşbəxtlik barədə düşünməyə maneçilik törətməyəcək”

 

3.

Qoca kişi danışır:

-Mən 4 yaşım olanda televizoru üstümə aşırmışdım. Ailəmizin bir qismi mənə, bir qismi televizora yanırdı. Axı Sovet ölkəsində uşağı 9 ay, televizoru isə düz 14 ay gözləməli olurdular. 

 

4.

Məlum deputat İngiltərəyə səfərə gedib qayıdır, ondan təəsaüratlarını soruşanda söyləyir:

-Qardaş, çox savadlı millətdirlər, hamısı ingiliscə bilir.

 

5.

Əzizizm yağdı yağış.

Təpədi, dağdı yağış.

Bakı selə büründü,

Hamını tutdu qarğış. 

 

Müəllif: Zülqərneyn Vəsfipur

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.