Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Qəşəm bəy, tədbirlərin birində hər kəsin Sizə olan sevgisini, dəyərini görmüşəm, hətta yadımdadır, çəkingən xarakterdə olduğum üçün özünüz hiss edib gənc istedadlı kimi haqqımda rəy bildirdiniz. Səmimiyyətinizə görə təşəkkür edirəm.
Aristotelin bir aforizmində:
"İnsanlar sünbüllərə bənzəyirlər, içləri boş olduqda başları havada, dolduqda isə aşağı əyilirlər" - söylənilir.
Qəşəm bəy içi, başı, daxili boş, burunları havada olanlara ata nəsihəti kimi nə söyləyərdi?
CAVAB
Bəli, yadımdadır, xatırlayıram. Əslində orta məktəbdə, universitetlərdə də müəllim işləyəndə, hansı tələbə susardısa, danışmırdısa, onlar məni maraqlandırırdı. Əllərini tez-tez qaldırıb cavab verənlər yox, sakit dayananlar məni düşündürüb. Poeziya görüşlərində müxtəlif dairələrdə oluram, sakit dayanan, danışmayanların suallarını eşitmək mənim üçün daha maraqlı olardı, bəzən səs-küylü zalda sakit dayanmanın yaxşı mənada özü bir reklamdır. Aforizmə əsasən, söyləyim ki, dolu sünbüllər sakit dayananlardı, əl qaldırıb " atılıb-düşənlər" isə boş sünbüllərdi ki, zamanın küləyi onları o tərəf, bu tərəfə yelləyir.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)