Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. İki gündə paytaxtımız güclü yağışa qucaq açdı, hətta bəzi yerləri su da basdı.
Sevilən şairimiz Qulu Ağsəsin “Dünən bir yağış yağdı” şeiri bu yağışdan aldığı təəssüratlar barədədir.
Buyurun, oxuyun!
**
Dünən bir yağış yağdı –
Uşaq noğulu,
damlaları tərli,
yol yorğunu;
Yerə düşən kimi
biri qaçıb
dənizin kirli üz-gözünü təmizlədi,
islanmasın deyə,
tindəki heykəl
əlindəki kitabı
qoltuğunda gizlədi…
Deyirəm, imkan olsa,
bir gün yığışıb –
mahnı kimi
təzədən sifariş verək bu yağışı!
Dünən bir yağış yağdı –
dizimdəki quru yelə,
adam qocalanda
axsamır ha,
sadəcə, ayağını sürüyür
son mənzilə…
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)