
Super User
Gürcüstanda azərbaycanlılar şahmat turniri keçiriblər
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qızlararası şahmat turniri keçirilib.
Turnirin məqsədi gənc şahmatçılar arasında intellektual bacarıqları inkişaf etdirmək və dostluq əlaqələrini gücləndirmək olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə yarışda GAİM, İnkişaf və Təhsil Mərkəzi, Saral İnkişaf və Təhsil Mərkəzi, Qaraçöp Parlaq Gələcək Tədris Mərkəzi (Saqareco), Marneuli bələdiyyəsi şahmat məktəbinin yetirmələri iştirak ediblər.
Parlaq Gələcək Tədris Mərkəzindən Nuray Hacıyeva birinci, Yetər Əliyeva üçüncü, GAİM-dən Zəhra Allahverdiyeva ikinci, Alina Yaqubova isə üçüncü yerə çıxıblar.
Sonda qaliblər medallarla mükafatlandırılıb, iştirakçılara isə diplomlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Gənclər Kitabxanasında Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi ilə əlaqədar olaraq material hazırlanıb
Bugün Azərbaycan səhnəsinin böyük sənətkarı, Xalq artisti, komediya ustası Bəşir Səfəroğlunun anadan olmasının 100 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artistinin həyat və səhnə fəaliyyətindən bəhs edən “Güldürən və düşündürən komediya ustası” adlı material hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, Kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən biblioqrafik icmalda Bəşir Səfəroğlunun biblioqrafiyası, həyat və fəaliyyətinin əsas tarixləri haqda məlumatlarla yanaşı, “Bəşir Səfəroğlu sizin üçün kimdir?” başlığı altında mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və jurnalistlərin Xalq artisti haqqında söylədikləri dəyərli fikirlər, maraqlı faktlar yer alır. Materialda Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Güldürən və düşündürən komediya ustası”, tanınmış jurnalist, yazıçı Tahir Abbaslının “Bir aktyorun “PORTRET”ləri..Və onların cəmindən törəmiş “Bəşir Səfəroğlu AvtoPORTRETİ”...” kimi məqalələrin tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Bəşir Səfəroğlu haqqında məlumatların yer aldığı “Azərbaycan teatr tarixi”, “Azərbaycan Teatr Ensiklopediyası”, “Səhnə fədailəri”, “Həzin ömrun nağılı”, “Bəşir Səfəroğlu: sənətdə keçən ömür”, “Güldürərək düşündürən teatr” kimi 10-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələri sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə mədəni əlaqələrini genişləndirir
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşaya rəsmi səfəri çərçivəsində Polşa Respublikasının Senatının vitse-marşalı Mixal Kaminski ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüş zamanı Türk dünyası və Polşa arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni irsin qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xanım Raimkulova Fondun Türk dünyasının mədəni və tarixi irsinin qorunması və təşviqi sahəsində gördüyü işlər, eləcə də Polşa ilə bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri barədə məlumat verib.
O, Polşada yaşayan türk mənşəli icmaların – tatarların və karaimlərin mədəni irsinin qorunması və öyrənilməsi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Senatın vitse-marşalı cənab Kaminski Polşanın tarixi və mədəni irsin qorunmasına böyük önəm verdiyini qeyd edərək, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev iştirak ediblər.
Görüş tərəfləri maraqlandıran digər məsələlər üzərində müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Dahi Nizaminin yaradıcılığı gözəl rəsm əsərləri üçün mənbədir
Könül, “Ədəbiyyat və incəsənət”
Yadınızdadırsa Nobel mükafatçısı, tanınmış Türkiyə yazıçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanında Nizami “Xəmsə”sinin rəngkarlıqda təsvirindən də söz açılır.
Bunu elə-belə xatırlatmadım.
Türkiyədə dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəviyə həsr olunmuş layihələr reallaşdırılır. O cümlədən də rəngkarlığa aid bir layihə.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə, il ərzində Türkiyədə “Nizami Gəncəvi əsərləri miniatürlərdə” adlı rəsm müsabiqəsi və sözügedən əsərlərin sərgisini açacaq. Və bu barədə də AzərTAC xəbər yayıb.
Layihəyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi də müvafiq dəstək göstərəcək.
Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ankara şəhər Mədəniyyət və Turizm müdiri Erhan Karakaya arasında keçirilən görüşdə razılıq əldə olunub.
Qeyd edək ki, müsabiqə məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzi, Ankara Etnoqrafiya Muzeyi və Rəsm, heykəllər Muzeyinin mütəxəssislərindən ibarət Təşkilat Komitəsi yaradılacaq. Bu ilin mart ayında Nizami Gəncəvinin anım günlərindən başlayacaq müsabiqəyə dahi şairin doğum günlərində - sentyabr ayında yekun vurulacaq.
Türkiyəli rəssamlar arasında elan olunan müsabiqəyə əsasən Nizami Gəncəvinin “Xəmsə” personajlarının motivləri əsasında işlənən miniatürlər - rəsm əsərləri təqdim olunacaq və əsərlər hazırlanarkən Azərbaycan-Türk təsviri sənət ənənələri əsas götürüləcək.
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə Simfonik Orkestrinin iştirakı ilə dahi Nizami Gəncəvinin əsərlərindən ibarət “Şan-şöhrəti cahana sığmaz Türklərin” adlı Azərbaycan və Türkiyə vokalçılarının ifasında Ankarada möhtəşəm konsert proqramının keçirilməsi nəzərdə tutulur.
Əlbəttə ki, Nizami yaradıcılığı istənilən incəsənət sahəsi üçün geniş bəhrələnmək və ilhamlanmaq mənbəyidir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Gözündə kədər olan ən komik aktyorumuz - BƏŞİR SƏFƏROĞLUNUN 100 İLLİYİ MÜNASİBƏTİLƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Uşaqlıqdan onun tamaşalarından fraqmentləri müxtəlif proqramlardan seyr edirdim, həmişə də atam deyirdi ki, “bu rəhmətlik kimi indi aktyorlar nə gəzir”.
Xüsusən. Əliağa Ağayevlə olan “yavaş-yavaş yandı” səhnəsi, yaxud da, guya arağı tərgitdiyi məhşur səhnə... Bunlar yaddaşlardan əsla silinməz.
Və bir də o, hazırda komediya səhnəmizdə aparıcı yer tutmuş, məşhur Söylü obrazını yaratmış Afaq Bəşirqızının atasıdır.
Bəli, cəmi 44 il ömür yaşamış böyük komediya akytoru Bəşir Səfəroğlunun bu gün anadan olmasının 100-cü ildönümü tamam olur.
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.
Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək, tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.
Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu tez-tez həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Mən başlığı əbəs yerə belə qoymadım. Həqiqətən də, böyük aktyorun üzü gülsə də gözləri həmişə qəmli olardı. O, keçirdiyi sarsıntı dolu həyatın acılarını gözlərində daşıyırdı. Olsun ki, həm də vaxtsız öləcəyinin kədəri də gözlərinə çökmüşdü.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Bu gün 3-cü - Yel çərşənbəsidir
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Novruzun gəlişini müjdələyən 4 şərşənbədən 3-cüsü - Yel çərşənbəsidir. Bu çərşənbə özündə yazın nəfəsini, təbiətin canlanmasını yelin hərrəti ilə ehtiv edir.. Bu çərşənbyəə xalq arasında “Külək çərşənbəsi”, “Yelli çərşənbə” də deyirlər.
Martın 18-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək. Xatırladaq ki, bu il üçün yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir.
Bu günkü Yel çərşənbəsinin özəllikləri bəs nədir? Bu çərşənbədə yerin altındakı sular oyanır, hava isinməyə başlayır və küləklər torpağa can verir. Yel oyanan suyu hərəkətə gətirir, ağacların tumurcuqlanmasına, təbiətin yenidən doğulmasına səbəb olur.
Azərbaycan folklorunda yel mifoloji obraz kimi təqdim olunur. Deyilir ki, Yel baba dağları, çayları, düzləri gəzib, torpağa həyat verir, toxumların cücərməsinə yardım edir.
Yel çərşənbəsi ilə bağlı xalq arasında bir çox maraqlı inanclar və adətlər var. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır. İnsanlar açıq havaya çıxaraq öz arzularını küləyə pıçıldayır, onun bu istəkləri uzaqlara aparıb Tanrıya çatdıracağına inanırlar.
Folklorumuzda belə bir rəvayət var ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir - ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzilbaşına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.
Yel çərşənbəsini bölgələrimizdə müxtəlif cür qeyd edərlər. Ümumiliklər də az deyil. Hər yerdə Novruzunəsas atributu olan tonqallar qalanır, evlərdə südlü plov və ya bulqur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir (müasir dövrümüzdə isə hazırını alırlar). Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Şimal bölgəsində Yel çərşənbəsi günü küləyin istiqamətinə xüsusi diqqət yetirilir. Yaşlılar deyirlər ki, isti yel əsərsə, yaz erkən gələcək, soyuq yel isə qışın bir qədər də uzanacağına işarədir.
Qərb bölgəsində xalq arasında belə bir inanc var ki, əgər çərşənbə axşamı külək qapını döyərsə, bu, evə qonaq gələcəyinə işarədir. Həmçinin uşaqların küləyə ürək sözlərini deyib, arzularının çin olmasını istəməsi bu bölgədə məşhur adətlərdəndir. Cənub bölgəsində isə Yel çərşənbəsi daha çox bolluq və ruzi rəmzi kimi qəbul edilir. Burada insanlar bağlarda, bostanlarda küləyin səsini dinləyir və əkinçiliklə bağlı proqnozlar verirlər. Həmçinin bu bölgədə külək duaları etmək və küləyə qovurğa səpmək adəti var. İnanca görə, bu, gələcək məhsulun bol olmasını təmin edir.
Yel çərşənbəsi Naxçıvan bölgəsində xüsusi özəllikləri ilə seçilir. Bazar ertəsi axşamı kəndlərdə uşaqlar qapı pusmaq (qapıya qulaq asmaq) adətini icra edirlər. Eşidilən ilk sözlər uşaqlar üçün bir növ bələdçi olur. Əgər yaxşı sözlər eşidilərsə, həmin il uğurlu keçəcək, əgər pis sözlər eşidilərsə, ehtiyatlı olmaq lazımdır. Həmçinin burada qədimdən külək enerjisinə böyük önəm verilib və insanlar bu çərşənbədə küləyin səsinə diqqətlə qulaq asıblar. Naxçıvan da süfrələr bol çərəzi ilə də seçilir.
Yel çərşənbəsi qədim adət-ənənələrimizin yaşadıldığı, təbiətin oyanışının sevincini hiss etdiyimiz xüsusi gündür. Bu çərşənbədə əsən küləklər hər kəsə ruzi-bərəkət, uğur və xoş xəbərlər gətirsin.
Yel çərşənbəniz mübarək, istəkli oxucularımız!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
.
Uzaqgörənliklə düşün! – KİTAB BƏLƏDÇİSİNDƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Harvard universitetinin sosioloqu doktor Edvard Banfild Amerika sosioiqtisadiyyatinin mobilizə edilməsi məqsədi ilə əlli illik təhqiqat aparmişdır. Və bu təhqiqatdan sonra belə bir nəticə çıxarmışdır ki, böyük uğur əldə etmiş insanların hamısı üçün əsas səciyyəvi cəhət gələcək perspektivi görmək bacarığıdır.
Banfild, “zaman perspektivini”, “şəxsin indiki addımlarını hansı gələcəyə hesablayıb atması” kimi izah etmişdir. Başqa sözlə, ən uğurlu insanlar, uzaqgörənliklə düşünən insanlardır. Onlar necə gələcək istədiklərini, hansı nailiyyətlərə can atdıqlarını müəyyən etmək üçün bacardıqları qədər uzağa baxırlar. Onlar həmin bu məqsədləri nəzərə alaraq bu gün müəyyən işləri görmək, müəyyən işlərdən isə imtina etməyi qərara alırlar.
Uzaqgörənliklə düşünmək praktikası isə karyeraya, şəxsi münasibətlərə, evliliyə və pula tətbiq edilir ki, qarşıdakı hissələrdə bunları ətraflı müzakirə edəcəyik. Uğurlu adamlar, indiki fəaliyyətlərinin gələcəkdə əldə etmək istədikləri nailiyyətlərinə uyğun olmasını təmin edirlər. Onlar daim şəxsi intizama riayət edirlər.Yəqin ki, uzaqgörənliklə düşünmədə ən önəmli söz qurban verməkdir. Uğurlu insanlar ömürləri boyu gələcək böyük nailiyyətlər naminə bugünkü cılız mükafatlardan imtina edirlər.
Qurban vermək bacarığını gunlərlə, aylarla, hətta illərlə kiçik əyləncələri qurban verib vaxtlarını, uğurlu gələcək qurmaq üçün vacib olan şəxsi inkişaflarına və təhsillərinə sərf edən insanlarda görə bilərsiniz.
Lonqfellou bir dəfə yazmışdır:
“Uca zirvələr güclü insanlar tərəfindən,
Edilməmişdir fəth qəfil sıçrayışlarla.
Yatarkən digərləri şirin yuxuda,
İrəliləyirdilər onlar gecələri də.”
Sizin bu gün planlaşdırmaq və zəhmət çəkmək bacarığınız əyləncəli olmasa da, lazım olan işləri görmək intizamınız uğurlu gələcəyinizin açarıdır. Uzaqgörənliklə düşünmək bacarığı inkişaf etdirilə bilən xüsusiyyətdir. Bu bacarığınızı inkişaf etdirdikcə, bugünkü hərəkətlərinizə tam nəzarət edə bildiyinizdən, gələcəyinizin nə qədər uğurlu olacağını daha dəqiqliklə deyə biləcəksiniz. Bu fərqli düşünənlərin xüsusiyyətidir.
Brayan Treysi/ Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Tarixin tozlu səhifələri - adı dəyişdirilən Qərbi Azərbaycan rayonları
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bir məsəl var. Deyir ki, “Qonşu, qonşu olsa kor qız ərə gedər”. Həqiqətən də insanın yaxşı və etibarlı bir qonşusunun olması bəxtəvərliliyin yarısıdır. Lakin dövlət olaraq qonşu sarıdan bəxtimizin gətirdiyini demək çətindir. Bu gün ermənilərin işğalı nəticəsində adı dəyişdirilən Qərbi Azərbaycan rayonları barədə danışmaq istəyirəm.
Ağbaba mahalı, Amasiya rayonu (Şirak). 1930-cu ildə yaradılan rayonun sahəsi 608 kv.km-dir. Rayonun mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub. Sovet dönəminə qədər rayonda yerləşən 40 kənddən cəmi 3-də: Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərində ermənilər yaşayıb. Bölgənin Ermənistana qatılması fikri ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldixan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə Türkiyəyə köçüblər.
Qızıl Qoç rayonu (Qukasyan). 1937-ci ildə yaradılan Qızıl Qoç rayonunun sahəsi 547 kv.km-dir. Rayon mərkəzi Qızıl Qoç qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 165 km-dir.
Şörəyel mahalı, Ağin rayonu. 1937-ci ildə yaradılmışdır. Sahəsi 429 kv.km-dir. Rayon mərkəzi şəhər tipli qəsəbə olan Molla Göyçə idi. Rayon mərkəzindən İrəvana olan məsafə 100 km-dir.
Düzkənd (Axuryan) rayonu. Bu rayon da Şörəyel mahalına aid olub, 1937-ci ildə yaradılmışdır. Sahəsi 576 kv.km-dir. Rayon mərkəzi Düzkənd qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 126 km-dir. Rayon ərazisinin böyük bir hissəsini qədim türk tayfalarından olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir. Şirək sıra dağları isə rayonun Qızıl Qoç rayonu ilə sərhəddən keçir. Rayon boyu Arpaçay axır.
Ərtik rayonu (Şirak). 1930-cu ildə yaradılmışdır. Sahəsi 533 kv.km-dir. Rayonun mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvana olan məsafə 122 km-dir. Ərtik şəhəri yaxınlığında e.ə XIV-XI əsrlərə aid katakombalar aşkar edilmişdir. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.
Loru Mahalı, Allahverdi (Tumanyan) rayonu. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra isə Tiflis quberniyasının Borçalı qəzasının tərkibinə daxil olunmuşdur. Allahverdi rayonu 1930-cu ildə yaradılmışdır. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Allahverdi şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 191 km-dir. Rayon mərkəzindən Tona çayı axır.
Barana (Noyemberyan) rayonu. 1937-ci ildə yaradılmışdır. Rayon mərkəzi Barana şəhəridir. Rayon mərkəzindən İrəvana olan məsafə 187 km-dir.
Cəlaloğlu (Stepenavan) rayonu. 1930-cu ildə yaradılmışdır. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. 7 Noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikası Prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikası inzibati-ərazi bölgüsü haqqında qanuna əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.
Abaran mahalında yerləşən eyni adlı Abaran (Araqçotn) rayonu. 1930-cu ildə yaradılmışdır. 1935-ci ilə qədər Abaran adlanan rayon daha sonra Aparan adlandırılmışdır. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran qəsəbəsidir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir.
Dərəçiçək mahalı, Dərəçiçək (Axta) rayonu. Dərəçiçək rayonu 1930-cu ildə yaradılmışdır. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 50 km-dir. Dərəçiçək rayonu ərazisindən Zəngiçay və onun sol qolu olan Böyükçay axıb gedir. Dərəçiçək rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Dərəçiçəkdən şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb.
Göyçə mahalı. Aşağı Qaranlıq rayonu. 1930-cu ildə yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə söykənən rayon, digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür.
Basarkeçər rayonu. 1930-cu ildə yaradılıb. 1969-cu ilə qədər Basarkeçər adlanan rayon, sonradan Vardenis olaraq dəyişdirilib. Ərazisi 1151 kv.km-dir. Rayon mərkəzi Basarkeçər şəhəridir. Rayon mərkəzindən İrəvana qədər olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı olan çoxlu dağ zirvələri və çaylar vardır. Onlardan ən böyüyü Məzrə çayıdır. Çaxırlı yaylası da bu rayonda yerləşir. 1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən Xanlar (indiki Göygöl) rayonuna 100 ailə məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndindən 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi. Basarkeçər rayonu həmçinin məhşur el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma Ağkilsə kəndində idi. Azərbaycanın Milli Qəhrəmanı 1-ci Qarabağ müharibəsi şəhidi Mehman Sayadov da məhz burda doğulmuşdur. 28 noyabr 1988-ci ildə erməni daşnaklarının Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya və Zod kəndinə etdiyi basqınlar nəticəsində nəqliyyat vasitələri olmayan, əliyalın əhalidən 34 nəfər əsir götürülüb, vəhşicəsinə döyülərək qətlə yetirilmişdir. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən keçməli olublar.
Nəticədə borana düşən 12 nəfər donvurmadan vəfat edib.
Şəkildə: Azərbaycanlılar qondarma Ermənistandan deportasiya olunurlar.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
“Qızdırmalı xəstənin dodaqarı tək, çatlayan "şoran torpağam"
Nəsib Abid, filoloq, Ucar rayonu. “Ədəbiyyat və incəsənət” üçün
Fikir duyğusallığı insanın könül dünyasının həyat axtarışını gücləndirir.
Duyğuların həyat tablosu, insanın həyat qayğılarının duyğu analizini üzə çıxardır.
Hisslərin yaratdığı həyati ümiddən doğan fikirlər düşüncəyə çevriləndə, insan ruhunun həyata dyğusal münasibəti yaranır.
Gənc şairə Ülviyyə Əbülfəzqızının lirikasının həyati dərinliyindəki hikmətin ecazkarlığı insani münasibətlərin dərin təması ilə seçilir..
Şairənin "Xərçəngxəstəliyi" şeritam mənası iləruhun ağrı-acısını bəlli edir.
Qızdırmalı xəstənin
- dodaqarı tək,
çatlayan,"şoran torpağam"!
Yorğun Göylərin,
- alın təri tək.
Damlaya çevrilib,
hopmusan ta..
- dərinliyə kimi !
Əsrin bəlasına çevrilmiş "Xərçəng xəstəliyi" insanlığın həyat faciəsi kimi öz qorxunc xisləti ilə bəşəriyyəti təhdid edir.
Xərçəng xəstəliyinin qarşısını almaq, onu bəşəriyyətin "baş bəlası" olmasından çıxarmaq olduqca ciddi problemlərə üzləşdirir bəşəriyyəti.
Elmi biliklərin əldə olunması hələ kifayət etmir Xərçəng xəstəliyinin qarşının alınması üçün .
Ülviyyə Əbülfəzqızının şerində şairənin könül duyğularının həyat ahəngi, bu xəstəliyə qarşı duyğuların həssaslığı ilə oxucunu qayğılandırır..
Yarpaqları tərəfindən,
-tərk edilmiş ..
soyuqdan üşüyən
bağdakı nar ağacının
əlçatmaz budaqda
bir barı olan ,
Od kimi qırmızı ...
nara həsrət qalanam ,
- Ta sağalana kimi...
Xəstəliyi idrak etmək, insanoğlunun düşüncəsinin ruhaniyyətinə bağlılığını göstərir.
Hər bir kəsin yaşam döngüsünün həyati sıxıntılarını üzə çıxardan xəstəliyin ağırlığı və yüngüllüyü ilə yaranan ümid yolçuluğudur.
Tale yolçuluğu ilə, həyat yolçuluğunun kəsişdiyi yerdə, xəstəliklər insanı sınağa çəkir.
Ülviyyə Əbülfəzqızının şerində düşüncənin fikir kamilliyi oxucu üçün olduqca kövrəldici ruh dünyasını inşa edir.
Sevginin atəşini
- sala bilməyən təbibin !
Ağxalatlı həkimim qara üzündən
Oxudum, analizin cavablarını.
Sağalmaz "sən" adlı,"məni " yeyən
"Xərçəng" tək,xəstəliyim var !
Vücuduma aşiq, ta ölənə kimi!
İnsanın özünüdərki , həyatın məğzini üzə çıxardır.
Qəlbin həyat nuru, insanın həyat ruhununun daşıyıcısı kimi insanın mənəvi aləmini tənzimləyir.
Həyata şüurlu münasibətin alqoritması, insanın səyi ilə öz həllini tapır.
Ülviyyə Əbülfəzqızı nın lirikasının həyati dərinliyindəki duyğusallığın könül körpüsü, insanın mənəvi cəhətdən sağlam əqidəyə götürür.
Ölümdən sonra,nə var ?
Niyə, tez-tez soruşursan?!
Sarılıdığın "əsir"in ,dilindəki,-
Son misraları dinlə:
- Ruhuma hopmusan,
Əgər sonu varsa,
- Ta , sonuna kimi !
Mənəvi düşüncə aləminin gözəlliyinə rəng qatan, insanın kövrək duyğularıdır.
Qəlb evinin işığının axtarışı, insanın yaşam duyğularını ifadəsidir.
Həyatın ağır yükünü daşımaq, insanın könül sevgisinin həyat üzündəki saflığıdır .
Ülviyyə Əbülfəzqızının lirikasının həyati-ruhi düşüncədəki üstünlüyü oxucunu düşünməyə kökləməsidir.
Şairənin könül duyğularının həyat ahəngi olduqca mükəmməl duyğuların həyat enerjisini artırır.
Uğurlar arzulayıram gənc şairəyə.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
..
PORTAL AKADEMİYASINDA - Mənbələr və tələb olunan vəsaitin həcmi
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.
Mənbələr və tələb olunan vəsaitin həcmi
Bu bölümdə siz aşağıdakı məqamlarla bağlı mülahizələrinizi təqdim etməlisiniz:
· Tələb olunan vəsaitlərin həcmi;
· Bu vəsaitləri haradan, hansı şəkildə və hansı müddətə almaq ehtimalı;
· Vəsaitin qaytarılma müddəti.
Maliyyə planı və risklərin analizi
Biznes-planın bu bölümünün vəzifəsi əvvəlki materialları ümumiləşdirmək və onların rəqəmli, daha doğrusu, dəyər ifadəsini təqdim etməkdir. Rəqəmlərdə sehrli və təhlükəli heç nə yoxdur. Onlar əvvəlki bölümlərdə yazılı ifadə etdiyiniz qərarları əks etdirir. Əgər siz hər həftə əmtəənizin reklamını yerli KİV-də yerləşdirmək qərarına gəlmisinizsə, sizin maliyyə planınızda bu qərarı əks etdirən rəqəm mütləq olmalıdır. Əgər siz əmtəənin bir hissəsini ucuz qiymətə satmaq istəyirsinizsə, müvafiq rəqəm bunu biznes-planda əks etdirəcək.
Hər bir işgüzar qərar rəqəmlə müşayiət olunur. Bir yerdə götürülmüş bu rəqəmlər isə sizin maliyyə planınızın əsasını təşkil edir. Bu rəqəmləri «havadan» götürmək olmaz. Çünki bütün maliyyə formaları bir-biri ilə əlaqədardır və buraxılmış bir səhv digərini doğurur. Buna görə də sizin rəqəmlər həmişə dəqiq hesablamaların nəticəsi olmalıdır.
Növbədə: Müfəssəl maliyyə planı
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)