Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün onun doğum günü idi.

Onu ittiham edən, qınayanlar çoxdur. Bəziləri Müşfiqə, Cavidə, Cavada qarşı satqınçılıqda ittiham edirlər. Bəziləri bu sayaq şeirlərinə görə:

Layka uçur göyə, edir ham-ham,

Mən də ona baxıb alıram ilham.

Amma bu adam Azərbaycan sovet poeziyasında sosialist realizmi cərəyanının ən qüdrətli nümayəndəsi kimi tarixdə qalacaq.”Ana və poçtalyon” kimi ədəbiyyatımızın qızıl fonduna verdiyi töhfə ilə da unudulmayacaq. Bir də, Cənub həsrətli şeirlərin ən mükəmməl müəllifi kimi xatırlanacaq.

 

Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 119 il ötdü.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Qeyd etdiyimiz kimi, Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

Onun şeirlərinin coğrafi genişliyini də ayrıca qeyd etməyə dəyər. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.

İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Ali qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib və xalçatoxuma təcrübəsində iştirak edib.

Sonra Şimali Makedoniya Prezidentinə Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qordana Silyanovska-Davkova kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Daha sonra Şimali Makedoniya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda ali qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə edilib. 

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Şimali Makedoniya Prezidentində xoş təəssürat yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

Bir neçə gündür ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşada səfərdədir. 

Səfər Azərbaycanın Polşadakı səfirliyinin dəvəti və təşkilatçılığı ilə baş tutub. 

 

Səfər çərçivəsində A.Raimkulova Polşa parlamentinin yuxarı palatası olan Senatda vitse-spiker Mixal Kaminski, Varşava Universitetinin rektoru Aloyzi Novak və Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetinin rektoru Piort Yedınak ilə görüşlər keçirib. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Varşava müxbirinə istinadən xəbər verir ki, Görüşlərdə Fonda üzv ölkələrin Polşada akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları xanım A.Raimkulovanı müşayiət ediblər.

Görüşlərdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub. 

Görüşlərdə, həmçinin Fond və Polşa arasında mədəni əlaqələrin dərinləşdirilməsi və ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Polşada Türk dünyasının zəngin mədəni və tarixi irsinin qorunması, tədqiqi və tanıdılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Habelə, Polşada yaşayan türkəsilli tatar və karaim icmalarının mədəni irsinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən mədəni abidələrin bərpası, elmi araşdırmalar və beynəlxalq sərgilər haqqında məlumat verib.

Krakov şəhərinə səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir.

Qeyd edək ki, Fond ilə Polşa ali təhsil müəssisələri arasında ilk belə memorandum 2023-cü ildə Varşava Universiteti ilə imzalanıb.

Görüşlərdə A.Raimkulovaya Polşanın tarixi və mədəni irsin qorunmasına verdiyi böyük önəm, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyəti, Varşava və Yaqellon universitetlərinin Şərqşünaslıq fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verilib. 

Fondun prezidenti, həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin və Yaqellon Universitetinin Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti ilə görüşərək onlar qarşısında mühazirə ilə çıxış edib. A.Raimkulova rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının zəngin tarixi, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb. 

Eyni zamanda, Fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlarından olan Novruzun tarixi, özündə ehtiva etdiyi ülvi dəyərlərdən bəhs edib. Varşava Universitetinin tələbələri Fonda üzv ölkələrdə Novruz bayramının qeyd edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.

Sonda tədbir iştirakçılarına türk dövlətlərinin Polşada akkreditə olunan səfirliklərinin birgə təşkilatçılığı ilə hazırlanmış Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

Qeyd edək ki, Fond ilə Polşanın akademik və mədəni qurumları, eləcə də bu ölkənin tatar və karaim icması arasında sıx əməkdaşlıq mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

 

Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  12 mart 2015-ci il tarixində baş tutub.

Bərdə regional “ASAN xidmət” mərkəzi 29 mart 2015-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, fəaliyyət göstərdiyi müddət ərzində 3 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Günlük orta müraciət sayı təxminən 1000 nəfərdir.

Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 1300 nəfərdən çox  könüllü məzun adını qazanıb.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 34 nəfərdir.  Bundan başqa, uşaq əyləncə mərkəzi və ana uşaq otağı mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2025)

 

11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir təşkil olunub.

“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, tədbir müvafiq sistem çərçivəsində 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb.

Ardınca müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

"ASAN müraciət” informasiya sistemi Prezident İlham Əliyevin 2020-ci il 21 avqust 2232 nömrəli  Sərəncamı əsasında ictimai iştirakçılığın təmin edilməsi və elektron xidmətlərdən istifadə edərək vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarına yönləndirilməsi məqsədilə yaradılıb.

Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir.

Hazırda “ASAN müraciət” informasiya sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günə kimi 25 000-ə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib. 

Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa millət vəkili həmkarı, tanınmış ictimai-siyasi xadim Eldar İbrahimovu 80 illik yubileyi münasibətilə təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik  məktubunda yubilyarın parlament fəaliyyəti xüsusi vurğulanır:

 

“Hörmətli Eldar müəllim,

Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirəm!

Siz, tanınmış ictimai-siyasi xadim, iqtisad elmləri doktoru, professor olaraq ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli, səmərəli fəaliyyətinizlə seçilirsiniz. 

Parlament fəaliyyətiniz həyatınızda xüsusi mərhələ təşkil edir. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin bütün çağırışlarının üzvü seçilmisiniz. 

Sizin qələmə aldığınız çoxsaylı elmi, publisistik məqalələr və kitablar müvafiq sahə üzrə ictimai-siyasi, elmi fikrin formalaşmasına öz təsirini göstərmişdir.

1961-ci ildən başlayan məhsuldar əmək fəaliyyətiniz boyunca müxtəlif məsul dövlət vəzifələrində çalışaraq, bilik və bacarıqlarınızı xalqımızın rifahına yönəltmisiniz. Harada və hansı vəzifədə çalışmağınızdan asılı olmayaraq, Siz hər zaman peşəkarlığınız, işgüzarlığınız və xeyirxahlığınızla fərqlənmisiniz.

Hazırda Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz.

Dövlət qarşısında xidmətləriniz yüksək qiymətləndirilmiş, Siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2025), “Şərəf” (2015) və “Şöhrət” (2005) ordenləri ilə təltif olunmusunuz.

Sizi bu əlamətdar yubiley münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayıram”!

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Polşaya səfəri çərçivəsində ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetin rektoru Aloyzi Novak ilə görüş keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Fond ilə Varşava  Universitetinin Türk xalqlarının mədəni irsinin təşviqi yönündə iş birliyi məsələləri müzakirə olunub. Universitetdə Fondun himayəsi ilə Türk Dünyasının elmi tədqiqat və araşdırmaları mərkəzinin yaradılması müzakirə olunub. 

Qeyd edilməlidir ki, Türk Mədəniyyəti və İrsi Fondu və Varşava Universiteti arasında Əməkdaşlıq Memorandumu 2023-cü ildə imzalanıb. 

Rektor professor Aloyzi Novak universitetin Türk dünyası ilə elmi və mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətini vurğulayıb. O, universitetin Şərqşünaslıq Fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verib. Xanım Raimkulova Fondun geniş fəaliyyət istiqamətləri, türk xalqlarının mədəni və tarixi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirilən layihələr haqqında danışıb. 

 Varşava universitetinə ziyarət çərçivəsində Şərqşünaslıq Fakültəsinin tələbələri ilə interaktiv formatda görüş keçirilib, Türk mədəni irsi və Türk dövlətlərinin beynəlxalq mədəni əməkdaşlıq sahəsində rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə London Beynəlxalq Kitab Sərgisində zəngin nəşrlərlə təmsil olunur.

AzərTAC xəbər verir ki, bu beynəlxalq tədbir Azərbaycan ədəbiyyatının, tarixi və mədəni irsinin dünyaya tanıdılması baxımından mühüm platforma hesab edilir.

Martın 11-də açılışı baş tutan sərgidə dünyanın 60-a yaxın ölkəsindən 1000-dən çox iştirakçı, o cümlədən tanınmış naşirlər, yazıçılar və media nümayəndələri iştirak edib.

Sərgidə Azərbaycanın milli stendi müxtəlif bölmələrdən ibarət olub. Burada ölkəmizin tarixi və mədəni irsini əks etdirən ən yeni və dəyərli nəşrlər təqdim edilir. Bununla yanaşı, sərgi çərçivəsində bir sıra tanınmış yerli və xarici nəşriyyatlarla əməkdaşlıq imkanlarının müzakirəsi üçün xüsusi guşələr təşkil edilib.

Sərgi martın 13-dək ziyarətçilər üçün açıq olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

Qahirədə yeni təsis edilmiş Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında müxtəlif fənlər üzrə keçirilən kurslarda ödənişsiz əsasda təhsil alan 70 uşağa diplomların təqdim edilməsi mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Dostluq Cəmiyyətindən  verilən məlumata görə, cəmiyyətin nəzdində təsis olunmuş akademiyada hazırda 175 uşaq müxtəlif fənlər üzrə təhsil alır.

Cəmiyyətin sədri, tədqiqatçı alim Seymur Nəsirov qeyd edib ki, bu fəaliyyətlər xalqlar arasında, xüsusilə Misir və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə, mədəni təmasların inkişafına töhfə verir.

Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Akademiyada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.

Uşaqlara diplomların təqdim edilməsi mərasimi ilə bağlı xəbər ərəb ölkələri mediasında geniş şəkildə dərc olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə “Yazarlar” jurnalı tərəfindən hər il həyata keçirilən “25 yarpaq” layihəsi çərçivəsində daha bir kitab nəşr edilib. 

 

Kitabın müəllifi BDU-nun Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, gənc yazıçı-jurnalist Südabə Məmmədovadır. Qeyd edək ki, “Debüt” adlı kitab müllifin ilk kitabıdır. Milli mətbuatımızın 150 illiyinə töhfə olan kitab məqalə, hekayə və dram əsərlərindən ibarətdir. Kitabın redaktoru yazıçı, şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, rəyçi və ön sözün müəllifi Qərənfil Dünyaminqızı, məsləhətçi və tərtibatçısı Ayətxan Ziyad (isgəndərov), naşiri isə Tuncay Şəhrilidir.

Kitabı gənc həmkarının ilk işi olduğu üçün “Debüt” adlandıran tərtibatçı redakror Ayətxan müəllim müəllifi oxuculara belə təqdim edir: “Südabə Məmmədova. 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları "Yazarlar" jurnalı, "525-ci qəzet", "Bütöv Azərbaycan" qəzeti və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun "Yaşıl dünya naminə həmrəylik ili" adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub”.

Südabə Məmmədova ilk kitabının nəşri ilə bağlı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub. Kitab artıq əsas kitabxanalarımızın fondlarına daxil edilib və bu proses ilin sonuna qədər mərhələli şəkildə davam etdiriləcək. Arzu edənlər kitabı “Kitabevim.Az” kitab mağazaları şəbəkələrindən əldə edə bilərlər. Bundan əlavə kitabı “Novella” kitab evindən simvolik bir qiymətə kirayə də götürüb oxumaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.