
Super User
Davud Nəsib – Vətəncanlı poeziyanın VİCDANI
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, Milli Məclisin eksperti Əkbər Qoşalının görkəmli Azərbaycan şairi Davud Nəsib barədə yazısını təqdim edir. Müəllif yazını “Ədəbiyyat və incəsənət” portalında gedən “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izlədikdən sonra qələmə alıb.
Azərbaycan poeziyasının nəcib simalarından biri olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov; 25.08.1942, Qazax – 26.032003, Bakı) 22 il bundan öncə gözlərini bu dünyaya yumdu. Ruhuna şadlıq dilədiyimiz şair, şeiri yalnız sənət üçün yox, həm də insan ruhunun, milli kimliyin, mənəvi borcun ifadəsi kimi yaşadan şairlərdən idi. Şairin yaradıcılığı, təsirli duyğularla yoğrulmuş misraları, vətən sevgisi və insani dəyərlərə sadiqliyi onun poeziyasını təkcə bədii örnəklər yox, həm də bir şəxsiyyətin iç dünyasının poetik kodları kimi təqdim edir.
Örnəyi,
Davud Nəsibin “Ata”, “Ata laylası” və “Əkizlər” şeirlərində atasızlıq, ata itkisi və ataya mənəvi bağlılıq motivləri özəl yer tutur. Onun atası 2-ci Dünya Müharibəsi zamanı Mozdok uğrunda gedən döyüşlərdə həlak olduğuna görə, şairin yaşamında ata obrazı daim bir nisgil, eyni zamanda, ruhani bələdçi kimi qalıb...
“Əkizlər” şeirində atasız böyüyən övladın özündə ata izlərini axtarması və ona bənzəmək istəyi ifadə edilir. Bu, necə deyərlər, bir növ, ruhun məkan axtarışıdır – ata obrazı yalnız fiziki yox, mənəvi bir dayağa çevrilir. Davud Nəsib ata mövzusuna həm fərdi, həm də ümumi bir prizmadan yanaşır. Onun şeirlərində ata – yalnız bioloji varlıq deyil, həm də insan ruhunun aynası, yaşamın mənəvi qütbü kimi təsvir olunur.
Şairin poeziyasında vətən sevgisi, belə demək mümkünsə, gözlənilən hiss-həyəcan, ovqat kimi deyil, insanın yaşam fəlsəfəsi, yığvalı kimi ifadə olunur. Onun “Azərbaycan” və “Mənim andım” şeirləri bu baxımdan özəlliklə vurğulanmalıdır. Bəli, burada Azərbaycan yalnız coğrafi məkan deyil, tarix, yaddaş və ruhun tamlığı kimi təqdim edilir.
“Mənim andım” şeirində şairin vətənə bağlılığı hamılaşmış, normalaşmış sevgi olmaqdan çıxıb, bir ömürlük borc və and olaraq təcalla edir. Burada fədakarlıq, milli ruh və şərəf motivləri açıq-aydın görünür. Bu şeirlər, özəlliklə müstəqillik dönəmində yazılmış əsərləri, onun yalnız lirik deyil, həm də vətəndaş şair missiyası daşıdığını göstərir.
Davud Nəsibin “Ümid” və “Nəsihət” şeirləri onun poeziyasının təkcə keçmişə və indiyə yox, həm də gələcəyə yönəlik olduğunu sübut edir. Onun nəsihətləri öyüd vermək xatirinə deyil, insanın həyatında əsas prinsipləri formalaşdırmaq üçün yazılıb. Şairin poetik dünyasında ümid insanın yaşamaq, mübarizə aparmaq və öz yolunu tapmaq üçün başlıca mayak kimi çıxış edir.
Bəli, şairin poetik yaradıcılığı yalnız gözəlliyin, lirizmin yox, həm də vicdanın poeziyasıdır.
Bəli, Davud Nəsib nəinki hisslərin, həm də düşüncənin, milli ruhun və insani dəyərlərin şairidir. Bəli, onun şeirlərində sevgi romantik təlatümlər deyil, sədaqət, vəfa və dərin insanilik üzərində qurulur və işıq seli kimi yayılır, yüksəlir.
Davud Nəsibin misraları bizi hələ də düşündürür, duyğulandırır, ruhlandırır. Onun poeziyası, sanki bir vicdan aynası kimi, oxucusuna öz könlünə göz atmaq, vətən, el-oba, şenlik və ev-eşik qarşısında öhdəliklərini yenidən dəyərləndirmək üçün fürsət yaradır. Şairin poetik yaradıcılığı güncəlliyini bundan sonra da qoruyacaq - biz buna inanırıq - çün o, yalnız bir dönəmin mövzuları içində qalmayıb, şeirin, ədəbiyyatın əzəli-əbədi mövzularına üz tutub, qələm çalıb, kitab yazıb...
Mənə doğma “Ədəbiyyat və incəsənət” portalının “Poeziya antologiyası”nda “Davud Nəsib həftəsi”ni izləmək xoş oldu.
Mənə elə gəldi, Davud Nəsibin poeziyası, sanki zamanın yaddaşında həkk olunmuş şairanə bir anddır. And içmək, andlı olmaq və anda tanıqlıq sıradan olaylar deyil…
Öz gənclik illərinin ən nüfuzlu gənclik ödüllərini almış şairin ömrünün son illərində gün üzü görən “Cavanşir” tarixi romanı sübut edir ki, onun nasir kimliyi şair kimliyindən heç də geri qalmayıb…
Ocağı sönməsin, ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
“Lilparlı dərə”dən gəl bir də keçək – ŞEİR-XƏRİTƏ
1988-ci ilin qarlı 28 noyabr gecəsində öz doğma yurdunu məcburən tərk edən şair Güldərən Vəli, hələ də, Göyçə dərdi, Göyçə həsrəti ilə yazır... Bu həsrət, bu boyatlamayan dərd ruhunda daim çağlayır.
“Ədəbiyyat və İncəsənət” portalının oxucularına şairin 2007-ci ildə qələmə aldığı şeir-xəritəni təqdim edirik. Oxucular bu şeir-xəritəni oxuyaraq Göyçə mahalı Basarkeçər rayonu Dərə kəndini “ziyarət edəcək”, milli toponimlərlə də tanış olacaqlar.
Ay vətən oğlu
Dünyanı seyr edən, ay vətən oğlu,
Öz ana yurduna, gəlsənə, gedək.
“Gədölən” dərədən çıxaq yuxarı,
“Qatarqaya”dan da bu yana enək.
“Mamalı yolu”ndan keç “Rusqırılan”a,
“Zirnicli bulaq”dan qalxaq “Qısır”a.
Oradan enəndə “Oruc oğlu”na,
“Piyalə bulaq”dan doyunca içək.
“Qısırın boynu”nda bir ayaq saxla,
“İsgəndər ocağı”na bir nəzir bağla.
Daşına üz sürtüb pirin qucaqla,
Çöküb diz üstünə torpağın öpək.
“Qaraçı yurdu”dur dağın ayağı,
“Sudəyən qaya”dan bir az aşağı.
Bax, “Bərə yeri”dir çayın qırağı,
Doqquzdəni yeyək, çiyələk dərək.
“Saqqızlı dərə”də gəzənlər hanı?
“Tüklü təpə”dədir futbol meydanı.
“Palıdlı meşə”si sorur halını,
Gəzdəyin başını gedək, bir görək.
Elə ki, düşmüşük yolun ağına,
Gəl qonaq olaq “Qızlar bulağı”na.
Dodağını söykə buz dodağına,
Göynəyə-göynəyə biz sərinləyək.
“Danalıq” bəzəkli cehiz xalısı,
“Qoç qoruğu” onun bəylik xonçası.
“Nazlı bulağı”nda üzən sonası,
“Lilparlı dərə”dən gəl bir də keçək.
Dolama yollarda durmur ayağım,
Nə gözəl qaynayır “Çoban bulağı”m.
“Qara quzeyin başı” sərin yaylağım,
Əl-ələ verək biz, ürəklə gəzək...
“Ağ qaya”dan kəsə çıxa biləydim,
“Koroğlu” qayasından baxa biləydim.
“Gur bulaq”tək coşub, axa biləydim,
Dərəni, təpəni gəl bir-bir gəzək.
“Gur bulaq”dan aşdı el “məntəqə”yə,
Hərə bir tərəfdə qurubdur dəyə.
Artıq ehtiyac yox bir söz deməyə,
Obada oturub duz-çörək kəsək.
“Məntəqə”dən bəri, “Xınna”ya aşdım,
Gördüm gözəlliyi, düzü, mən çaşdım.
Elə bil sehirli qapılar açdım,
Qırmızı lalədən donunu biçək.
Xaşxaşı yeyirsən təzə bal kimi,
Baxırsan bu yurda nitqi lal kimi.
İstərəm, başına atıb şal kimi,
Laləyə qarışıb bu çöldə bitək.
“Məntəqə” olubdur elin yaylağı,
Çalxanır nehrəsi, tutulur yağı.
Pendiri, motalı, təzə qaymağı,
Köpüklü südündən gəl biz də içək.
Şəlalə dərədə düşübdür səsə,
Üzünə bir sərin dağ yeli əsə.
Bu yerdə çiçəklər düşübdür bəhsə,
“Solmaz çiçəyi”ni çəməndə seçək.
Güldərən, xəyalın yolları aşdı,
Fikrin ana yurdu yenə dolaşdı.
Göyçəni tərk edib elləri, qaçdı,
Kaş “Göyçə gölü”ndə bir dəfə üzək.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
BTMİF TƏQDİM EDİR: Coşkun Karabulutla müsahibə
Cahangir Namazov, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondünün “Türk Mədəniyyəti ünlüləri” layihəsində budəfəki söhbətdaşımız tanınmış türk şairi, jurnalisti və tərcüməçi Cöşkun Karabulutdur.
Söhbətimiz ədəbiyyat, şeir, şəxsi baxışlar və bu günkü gündə şair və yazıçıların cəmiyyətdəki yeri haqqındadır.
—Şeir yazma prosesində ilham və zehni vəziyyət arasında necə bir əlaqə görürsünüz?
—Şeir yazma prosesində ilhamın, bir kəlmə belə olsa qulağa pıçıldanması mənim fikrimcə, şeirin varoluşunun əsasını təşkil edir. İlham, şeirə Tanrısal bir toxunuş kimidir. Şeirin ruhu da məhz bu ilhamda gizlidir. Təcrübə və bilik yığımı ilə də şeir yazanlar var, əlbəttə. Amma məncə, bu cür şeirlər ruhsuz olur. Şeir, insan kimidir, həm ruhu, həm də bədəni olmalıdır.
İlham, ruhun dərinliklərindən gələn bir səsi eşitməkdir, o səsin varlığı şeirin mənasını təşkil edir.
Şeir, bir ürəyin izində var olmalıdır, yalnız ağıl ilə deyil, ürəyinin səsi ilə.
—Yaradıcı prosesinizdə ən çox qarşılaşdığınız maneələr nələrdir?
— Yazma prosesində heç bir maneə mənə əngəl ola bilməz. Yeter ki, düşünmə qabiliyyətim, ağlım və ürəyim sağlam olsun. Lakin kitab hazırlama prosesi tamamilə fərqli bir hekayədir. Kitab çap etmək həqiqətən çox bahalı bir işdir. Bir də oxuyanların sayı çox azdır, xüsusən şeir və düşüncə yazıları kimi janrlara maraq daha da azdır.
Populyar kitablar çox satılır, amma şeir, dərin düşüncələr və ya insanın ruhuna toxunan mətnlər çox az maraq doğurur.
Yenə də, bu prosesin çətinliklərinə baxmayaraq, yazmağa davam etmək, içimdəki həqiqəti xaricə çıxarmağın bir yoludur.
Yazmaq, bəzən yalnız özünü tapmaq üçün də edilir.
—Şair olaraq insanlıq və əxlaq anlayışlarını necə təyin edərdiniz? Bunları şeirlərinizə necə daxil edirsiniz?
—Mənim ən böyük prinsipim əvvəlcə insan olmaqdır. Erdemli olmaq, vicdanla və doğru ilə yaşamaq, sonra şair, yazıçı, rəssam və ya başqa bir peşə sahibi olmaq nə olursa olsun. İnsan, ilk növbədə insan olmalıdır.
Əgər bir şair yazdıqlarına inanmır və həyatını buna uyğun şəkildə yaşamırsa, o zaman yazdıqlarının heç bir əhəmiyyəti yoxdur. Bir şairin sözləri, ruhunun əks-sədasıdır; əgər o ruh həqiqi və səmimi deyilsə, oxucusu da bunu hiss edər. Bir insanın səmimiyyəti, onun yazılarında ən çox önə çıxmalı olan xüsusiyyətdir. Yazmaq, yalnız sözlərin rəqsi deyil, bir ruhun ifadəsidir.
—Özünüz üçün ən yüksək insani fəzilət nədir və bunu necə qorumağa çalışırsınız?
—Səmimiyyət, mənim üçün ən vacib şeydir. Yazılarımda, düşüncələrimdə və ya həyatımda heç vaxt heç kimi istifadə etmək, çıxar üçün hərəkət etmək istəmirəm. Səmimi olmaq, içdənliklə və dürüstlük ilə bir şeylər ifadə etmək çox önəmlidir.
Həqiqi səmimiyyət, maddiyyatın və ya çıxarın kölgəsindən uzaq bir həyat sürməyi tələb edir. Yalnızca həqiqi şəxsiyyətimi əks etdirərək, həm insan olaraq, həm də bir sənətkar olaraq doğru yolu izlədiyimi düşünürəm. Səmimiyyət, mənim üçün yazının ən vacib xüsusiyyətidir.
—Yaradıcı ruh halına müsbət təsir edən amilləri necə təyin edərdiniz? Bir yaradıcı olaraq dostlar və ailənin rolu nə dərəcədə əhəmiyyətlidir?
—Yaradıcı ruh halını təsir edən əsas amillərdən biri, insanın öz daxili harmoniyasını tapmasıdır. Fiziki mühitin rahat olması, düşüncələrin sərbəst axmasını təmin edir. Yaradıcı şəxs üçün ailə və dostların rolu böyükdür; onlar yalnız dəstək verməkdə deyil, həm də ilham mənbəyi olurlar.
Ailə mühiti, yaradıcı insanın özünü ifadə etməsi və daxili sükunətini tapması üçün vacibdir. Huzurlu bir ailə, yaradıcı ruhu qidalandıran ilk mənbədir . Beləliklə, yaradıcı düşüncənin inkişafı, yalnız xarici mühitlə deyil, ətrafınızdakı insanlarla da sıx bağlıdır.
—Şairin daxili dünyası və ruh halı şeirlərinə necə əks olunur? Belə ruh hallar şeirlərinizi necə formalaşdırır?
—Şair ruh halini yoluna qoymadan yazmamalıdır, çünki şair əvvəlcə özü nümunə olacaq bir ruh halına sahib olmalıdır. Fani və keçici olanın içindən əbədi və daimi olana, mütləq olana, sonsuza necə gediləcəyini özündə həll etmiş olmalıdır ki, əsərlərinə yansıtabilsin və yol göstərən ola bilsin. Əks halda, şairin param-parça ruh halı ilə məşğul olmağa heç kəsin vaxtı yoxdur.
—Sizi ən çox ilhamlandıran Türk ədəbiyyatı təmsilçiləri kimlərdir? Onların əsərləri sizin yaradıcı prosesinizə necə təsir etdi?
—Əskilərdən Yunus Əmrə, Əli Şir Nəvai və Ahmət Yəsəvi, həyatın müvəqqəti deyil, əbədi gözəlliklərini və həqiqətini kəşf etməyimdə mənə ilham verib. Onların hikmət dolu sözləri, insan ruhunun dərinliklərinə toxunur. Yenilərə gəldikdə isə, Nazim Hikmətin sosial şeirləri, Özdemir Asafın insanın iç dünyasına işarələri, Məlix Cevdət Andayın müasir dünyanın çətinliklərinə dair düşüncələri və Sunay Akının təbəssüm yaratmaqla həyatın mənasını axtarışları mənim şeir tərzimi formalaşdırıb. Bu şairlər, həm dil, həm də məna baxımından mənə böyük təsir göstərib.
—Ədəbiyyatda şəxsi fikirlərinizi ifadə edərkən sizin üçün ən vacib şey nədir?
—Şeir, həyatın gizli qatlarını ortaya çıxarmağa çalışan bir işıq arayışıdır. Görünənin arxasında gizlənən həqiqətləri tapmaq, zamanın sonsuzluğunda bir iz qoymaq istəyidir. Şair, yalnız öz iç dünyasında deyil, oxucunun ruhunda da bu işığı yandırmaq istəyir. Sözlər, qanadlarını bərpa edib uçmaq üçün hazırlanmış birer arzusudur; hər biri bir yola, bir gerçəkliliyə açılan pəncərədir. Həyatın dərinliklərini sevmək, o dərinliklərə göz açmaq və onları insanlara göstərmək, bir növ varoluşun özüdür.
— Qarşılaşdığınız ən böyük sınaqlar və çətinliklər nələrdi? Bu təcrübələr yaradıcı prosesinizə necə təsir etdi?
— Həyatımda qarşılaşdığım ən böyük problem, dünyanın keçici olduğunu ən yaxşı bilməli olan din adamlarının belə, bu dünyada əbədi qalacaqlarını düşünərək mal-dövlət toplama həyəcanıdır. Halbuki, hər şeyin bir sonu var. Bu dünyadakı varlıq bir nağıl kimi qısa, bir anlıqdır. Əsl zənginlik, əbədi olanı bu fani dünyada tapmaqdadır. Şairin ən böyük vəzifəsi, fani bədənlə sonsuzluğa gedən yolu axtarmaq və öz oxucularını da bu yola dəvət etməkdir. Həyat keçicidir, amma bu keçici dünyada hər anın içində ölümsüzlük gizlidir. Şair, oxucularına bir məna tapmağa çağırır:
"Fani olanı dərk edərək, əbədi olanı hiss etmək."
Ona görə də hər şair, öz varlığını yalnız keçici dünyada deyil, zamanın ötesindəki həqiqətləri tapmaq üçün qoyur. Hər bir kəlmə, bir addım, bir qanad, sonsuzluğa gedən yolda atılan bir addımdır.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Gürcüstanda azərbaycanlılar şahmat turniri keçiriblər
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Evində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qızlararası şahmat turniri keçirilib.
Turnirin məqsədi gənc şahmatçılar arasında intellektual bacarıqları inkişaf etdirmək və dostluq əlaqələrini gücləndirmək olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə yarışda GAİM, İnkişaf və Təhsil Mərkəzi, Saral İnkişaf və Təhsil Mərkəzi, Qaraçöp Parlaq Gələcək Tədris Mərkəzi (Saqareco), Marneuli bələdiyyəsi şahmat məktəbinin yetirmələri iştirak ediblər.
Parlaq Gələcək Tədris Mərkəzindən Nuray Hacıyeva birinci, Yetər Əliyeva üçüncü, GAİM-dən Zəhra Allahverdiyeva ikinci, Alina Yaqubova isə üçüncü yerə çıxıblar.
Sonda qaliblər medallarla mükafatlandırılıb, iştirakçılara isə diplomlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Gənclər Kitabxanasında Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi ilə əlaqədar olaraq material hazırlanıb
Bugün Azərbaycan səhnəsinin böyük sənətkarı, Xalq artisti, komediya ustası Bəşir Səfəroğlunun anadan olmasının 100 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artistinin həyat və səhnə fəaliyyətindən bəhs edən “Güldürən və düşündürən komediya ustası” adlı material hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, Kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən biblioqrafik icmalda Bəşir Səfəroğlunun biblioqrafiyası, həyat və fəaliyyətinin əsas tarixləri haqda məlumatlarla yanaşı, “Bəşir Səfəroğlu sizin üçün kimdir?” başlığı altında mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və jurnalistlərin Xalq artisti haqqında söylədikləri dəyərli fikirlər, maraqlı faktlar yer alır. Materialda Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Güldürən və düşündürən komediya ustası”, tanınmış jurnalist, yazıçı Tahir Abbaslının “Bir aktyorun “PORTRET”ləri..Və onların cəmindən törəmiş “Bəşir Səfəroğlu AvtoPORTRETİ”...” kimi məqalələrin tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Bəşir Səfəroğlu haqqında məlumatların yer aldığı “Azərbaycan teatr tarixi”, “Azərbaycan Teatr Ensiklopediyası”, “Səhnə fədailəri”, “Həzin ömrun nağılı”, “Bəşir Səfəroğlu: sənətdə keçən ömür”, “Güldürərək düşündürən teatr” kimi 10-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələri sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə mədəni əlaqələrini genişləndirir
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşaya rəsmi səfəri çərçivəsində Polşa Respublikasının Senatının vitse-marşalı Mixal Kaminski ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüş zamanı Türk dünyası və Polşa arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni irsin qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xanım Raimkulova Fondun Türk dünyasının mədəni və tarixi irsinin qorunması və təşviqi sahəsində gördüyü işlər, eləcə də Polşa ilə bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri barədə məlumat verib.
O, Polşada yaşayan türk mənşəli icmaların – tatarların və karaimlərin mədəni irsinin qorunması və öyrənilməsi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Senatın vitse-marşalı cənab Kaminski Polşanın tarixi və mədəni irsin qorunmasına böyük önəm verdiyini qeyd edərək, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev iştirak ediblər.
Görüş tərəfləri maraqlandıran digər məsələlər üzərində müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Dahi Nizaminin yaradıcılığı gözəl rəsm əsərləri üçün mənbədir
Könül, “Ədəbiyyat və incəsənət”
Yadınızdadırsa Nobel mükafatçısı, tanınmış Türkiyə yazıçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanında Nizami “Xəmsə”sinin rəngkarlıqda təsvirindən də söz açılır.
Bunu elə-belə xatırlatmadım.
Türkiyədə dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəviyə həsr olunmuş layihələr reallaşdırılır. O cümlədən də rəngkarlığa aid bir layihə.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə, il ərzində Türkiyədə “Nizami Gəncəvi əsərləri miniatürlərdə” adlı rəsm müsabiqəsi və sözügedən əsərlərin sərgisini açacaq. Və bu barədə də AzərTAC xəbər yayıb.
Layihəyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi də müvafiq dəstək göstərəcək.
Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ankara şəhər Mədəniyyət və Turizm müdiri Erhan Karakaya arasında keçirilən görüşdə razılıq əldə olunub.
Qeyd edək ki, müsabiqə məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzi, Ankara Etnoqrafiya Muzeyi və Rəsm, heykəllər Muzeyinin mütəxəssislərindən ibarət Təşkilat Komitəsi yaradılacaq. Bu ilin mart ayında Nizami Gəncəvinin anım günlərindən başlayacaq müsabiqəyə dahi şairin doğum günlərində - sentyabr ayında yekun vurulacaq.
Türkiyəli rəssamlar arasında elan olunan müsabiqəyə əsasən Nizami Gəncəvinin “Xəmsə” personajlarının motivləri əsasında işlənən miniatürlər - rəsm əsərləri təqdim olunacaq və əsərlər hazırlanarkən Azərbaycan-Türk təsviri sənət ənənələri əsas götürüləcək.
Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə Simfonik Orkestrinin iştirakı ilə dahi Nizami Gəncəvinin əsərlərindən ibarət “Şan-şöhrəti cahana sığmaz Türklərin” adlı Azərbaycan və Türkiyə vokalçılarının ifasında Ankarada möhtəşəm konsert proqramının keçirilməsi nəzərdə tutulur.
Əlbəttə ki, Nizami yaradıcılığı istənilən incəsənət sahəsi üçün geniş bəhrələnmək və ilhamlanmaq mənbəyidir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Gözündə kədər olan ən komik aktyorumuz - BƏŞİR SƏFƏROĞLUNUN 100 İLLİYİ MÜNASİBƏTİLƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Uşaqlıqdan onun tamaşalarından fraqmentləri müxtəlif proqramlardan seyr edirdim, həmişə də atam deyirdi ki, “bu rəhmətlik kimi indi aktyorlar nə gəzir”.
Xüsusən. Əliağa Ağayevlə olan “yavaş-yavaş yandı” səhnəsi, yaxud da, guya arağı tərgitdiyi məhşur səhnə... Bunlar yaddaşlardan əsla silinməz.
Və bir də o, hazırda komediya səhnəmizdə aparıcı yer tutmuş, məşhur Söylü obrazını yaratmış Afaq Bəşirqızının atasıdır.
Bəli, cəmi 44 il ömür yaşamış böyük komediya akytoru Bəşir Səfəroğlunun bu gün anadan olmasının 100-cü ildönümü tamam olur.
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.
Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək, tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.
Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu tez-tez həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist, 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Mən başlığı əbəs yerə belə qoymadım. Həqiqətən də, böyük aktyorun üzü gülsə də gözləri həmişə qəmli olardı. O, keçirdiyi sarsıntı dolu həyatın acılarını gözlərində daşıyırdı. Olsun ki, həm də vaxtsız öləcəyinin kədəri də gözlərinə çökmüşdü.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Bu gün 3-cü - Yel çərşənbəsidir
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Novruzun gəlişini müjdələyən 4 şərşənbədən 3-cüsü - Yel çərşənbəsidir. Bu çərşənbə özündə yazın nəfəsini, təbiətin canlanmasını yelin hərrəti ilə ehtiv edir.. Bu çərşənbyəə xalq arasında “Külək çərşənbəsi”, “Yelli çərşənbə” də deyirlər.
Martın 18-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək. Xatırladaq ki, bu il üçün yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir.
Bu günkü Yel çərşənbəsinin özəllikləri bəs nədir? Bu çərşənbədə yerin altındakı sular oyanır, hava isinməyə başlayır və küləklər torpağa can verir. Yel oyanan suyu hərəkətə gətirir, ağacların tumurcuqlanmasına, təbiətin yenidən doğulmasına səbəb olur.
Azərbaycan folklorunda yel mifoloji obraz kimi təqdim olunur. Deyilir ki, Yel baba dağları, çayları, düzləri gəzib, torpağa həyat verir, toxumların cücərməsinə yardım edir.
Yel çərşənbəsi ilə bağlı xalq arasında bir çox maraqlı inanclar və adətlər var. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır. İnsanlar açıq havaya çıxaraq öz arzularını küləyə pıçıldayır, onun bu istəkləri uzaqlara aparıb Tanrıya çatdıracağına inanırlar.
Folklorumuzda belə bir rəvayət var ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir - ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzilbaşına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.
Yel çərşənbəsini bölgələrimizdə müxtəlif cür qeyd edərlər. Ümumiliklər də az deyil. Hər yerdə Novruzunəsas atributu olan tonqallar qalanır, evlərdə südlü plov və ya bulqur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir (müasir dövrümüzdə isə hazırını alırlar). Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Şimal bölgəsində Yel çərşənbəsi günü küləyin istiqamətinə xüsusi diqqət yetirilir. Yaşlılar deyirlər ki, isti yel əsərsə, yaz erkən gələcək, soyuq yel isə qışın bir qədər də uzanacağına işarədir.
Qərb bölgəsində xalq arasında belə bir inanc var ki, əgər çərşənbə axşamı külək qapını döyərsə, bu, evə qonaq gələcəyinə işarədir. Həmçinin uşaqların küləyə ürək sözlərini deyib, arzularının çin olmasını istəməsi bu bölgədə məşhur adətlərdəndir. Cənub bölgəsində isə Yel çərşənbəsi daha çox bolluq və ruzi rəmzi kimi qəbul edilir. Burada insanlar bağlarda, bostanlarda küləyin səsini dinləyir və əkinçiliklə bağlı proqnozlar verirlər. Həmçinin bu bölgədə külək duaları etmək və küləyə qovurğa səpmək adəti var. İnanca görə, bu, gələcək məhsulun bol olmasını təmin edir.
Yel çərşənbəsi Naxçıvan bölgəsində xüsusi özəllikləri ilə seçilir. Bazar ertəsi axşamı kəndlərdə uşaqlar qapı pusmaq (qapıya qulaq asmaq) adətini icra edirlər. Eşidilən ilk sözlər uşaqlar üçün bir növ bələdçi olur. Əgər yaxşı sözlər eşidilərsə, həmin il uğurlu keçəcək, əgər pis sözlər eşidilərsə, ehtiyatlı olmaq lazımdır. Həmçinin burada qədimdən külək enerjisinə böyük önəm verilib və insanlar bu çərşənbədə küləyin səsinə diqqətlə qulaq asıblar. Naxçıvan da süfrələr bol çərəzi ilə də seçilir.
Yel çərşənbəsi qədim adət-ənənələrimizin yaşadıldığı, təbiətin oyanışının sevincini hiss etdiyimiz xüsusi gündür. Bu çərşənbədə əsən küləklər hər kəsə ruzi-bərəkət, uğur və xoş xəbərlər gətirsin.
Yel çərşənbəniz mübarək, istəkli oxucularımız!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
.
Uzaqgörənliklə düşün! – KİTAB BƏLƏDÇİSİNDƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Harvard universitetinin sosioloqu doktor Edvard Banfild Amerika sosioiqtisadiyyatinin mobilizə edilməsi məqsədi ilə əlli illik təhqiqat aparmişdır. Və bu təhqiqatdan sonra belə bir nəticə çıxarmışdır ki, böyük uğur əldə etmiş insanların hamısı üçün əsas səciyyəvi cəhət gələcək perspektivi görmək bacarığıdır.
Banfild, “zaman perspektivini”, “şəxsin indiki addımlarını hansı gələcəyə hesablayıb atması” kimi izah etmişdir. Başqa sözlə, ən uğurlu insanlar, uzaqgörənliklə düşünən insanlardır. Onlar necə gələcək istədiklərini, hansı nailiyyətlərə can atdıqlarını müəyyən etmək üçün bacardıqları qədər uzağa baxırlar. Onlar həmin bu məqsədləri nəzərə alaraq bu gün müəyyən işləri görmək, müəyyən işlərdən isə imtina etməyi qərara alırlar.
Uzaqgörənliklə düşünmək praktikası isə karyeraya, şəxsi münasibətlərə, evliliyə və pula tətbiq edilir ki, qarşıdakı hissələrdə bunları ətraflı müzakirə edəcəyik. Uğurlu adamlar, indiki fəaliyyətlərinin gələcəkdə əldə etmək istədikləri nailiyyətlərinə uyğun olmasını təmin edirlər. Onlar daim şəxsi intizama riayət edirlər.Yəqin ki, uzaqgörənliklə düşünmədə ən önəmli söz qurban verməkdir. Uğurlu insanlar ömürləri boyu gələcək böyük nailiyyətlər naminə bugünkü cılız mükafatlardan imtina edirlər.
Qurban vermək bacarığını gunlərlə, aylarla, hətta illərlə kiçik əyləncələri qurban verib vaxtlarını, uğurlu gələcək qurmaq üçün vacib olan şəxsi inkişaflarına və təhsillərinə sərf edən insanlarda görə bilərsiniz.
Lonqfellou bir dəfə yazmışdır:
“Uca zirvələr güclü insanlar tərəfindən,
Edilməmişdir fəth qəfil sıçrayışlarla.
Yatarkən digərləri şirin yuxuda,
İrəliləyirdilər onlar gecələri də.”
Sizin bu gün planlaşdırmaq və zəhmət çəkmək bacarığınız əyləncəli olmasa da, lazım olan işləri görmək intizamınız uğurlu gələcəyinizin açarıdır. Uzaqgörənliklə düşünmək bacarığı inkişaf etdirilə bilən xüsusiyyətdir. Bu bacarığınızı inkişaf etdirdikcə, bugünkü hərəkətlərinizə tam nəzarət edə bildiyinizdən, gələcəyinizin nə qədər uğurlu olacağını daha dəqiqliklə deyə biləcəksiniz. Bu fərqli düşünənlərin xüsusiyyətidir.
Brayan Treysi/ Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)