
Super User
Azərbaycanın ilk balerinası QƏMƏR ALMASZADƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın, ümumən Şərqin ilk balerinası ilk balerinası, milli balet sənətimizin inkişafında, formalaşmasında və istedadlı gənc kadrların yetişməsində misilsiz xidmətləri olan, dünyaşöhrətli görkəmli sənətkar, Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110-cu ildönümü tamam oldu.
Gəlin onun ömür-gün yoluna nəzər yetirək.
Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.
Səhnəyə ilk dəfə 1931-ci ildə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb və müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqradda (indiki Sankt-Peterburq) xoreoqrafiya məktəbində peşəsinin incəliklərini dərindən öyrənib. Təhsilini tamamlayaraq Bakıya qayıdan balerina ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlayıb.
Qəmər Almaszadə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edib. O dövrdə Gülyanağın ilk ifaçısı Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirilib. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən coşqun heyranlıqla qarşılanıb.
“Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri Qəmər Almaszadə olub. Milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik, onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Reynqold Qlierin “Qırmızı lalə”, Adolf Adanın “Korsar”, Boris Asafyevin “Bağçasaray fəvvarəsi”, Aleksandr Qlazunovun “Raymonda”, Sezar Puninin “Esmeralda”, Pyotr Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, Lüdviq Minkusun “Don Kixot”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, Aleksandr Kreynin “Laurensiya” baletlərində əsas partiyaları uğurla ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.
Balerina səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib. İlk peşəkar Azərbaycan balerinası olan Qəmər Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynayıb.
O, Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.
Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığının vəhdətini yarada bilib.
Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olub. Görkəmli balet ustası uzun illər Bakı Xoreoqrafiya Akademiyasında milli kadrların hazırlanması üçün böyük əmək sərf edib, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərib. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr verib.
Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil edib. O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməyib.
Qəmər Almaszadə 2006-cı il aprelin 7-də dünyasını dəyişib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Bu gün nasir və tərcüməçi Əli Daşqının doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan şairi, Yazıçılar Birliyinin üzvü Əli Daşqın 1958-ci il martın 11-də Cənubi Azərbaycanın Bostanava şəhristanının Xələc kəndində anadan olmuşdur. Burada ibtidai, Təbriz şəhərində isə orta məktəbi bitirmişdir. Sonra Tehran Politexnik Universitetinin elektronika fakültəsində təhsilini davam etdirmişdir.
Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Bir neçə şəhərdə, o cümlədən Üskü şəhərində ədəbi dərnək yaratmışdır. Təbriz şəhərində yaradılmış Şəhriyar adına ədəbi dərnəyin fəal üzvü, 1992-ci ildən dərnəyin sədrlərindən biri olmuşdur. Eyni zamanda uluslararası Avrasiya mətbuat fondunun ədəbi bölməsinin sədridir.
Təbriz, Urmiya, Sulduz şəhərlərində - universitetlərdə "Türk dili və ədəbiyyatı" fənnini tədris edir. Əsərləri "Yol", "Varlıq" dərgisində, "Geyhan" qəzetində (Tehran), "Fruği azadi" (Təbriz), "Ədəbiyyat qəzeti"ndə, "Yol", "Odlar yurdu" qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir. Ramiz Zöhrabovun "Muğamat", Orxan Kamalın "Yad qızı" əsərlərini farscaya, Şəhriyarın seçilmiş lirik qəzəllərini türkcəyə çevirmişdir.
Lirik şerlərinə mahnılar bəstələnmişdir. Keçmiş Yuqoslaviya, Türkiyə, Azərbaycan və digər ölkələrdə keçirilən ədəbi qurultaylarda iştirak etmişdir.
Kitabları:
1. Payızdan-payıza (şeirlər)
2. Ana nisgili (şeirlər)
3. Türkcə sözlük. I cild
4. Türkcə sözlük. II cild
5. Sadə xəritələr (elmi araşdırmalar)
6. Çiçəklərə bir çiçək (uşaq şeirləri
7. Səhər ağacı (şeirlər və hekayələr)
8. Qar çiçəyi (şerlər)
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Son 300 illik tarixi dəyişdirən lider – İLHAM ƏLİYEV
Gülxarə Əhmədova, Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Deputatı. “Ədəbiyyat və incəsənət” üçün
Hazırda ölkəmiz təkcə region üçün deyil, qlobal konteksdə dəyərləndirə biləcəyimiz önəmli güc mərkəzinə çevrilib. İnkişafın əsas təzahürü isə ölkəmizin həm siyasi, həm iqtisadi, həm də idarəçilik sahəsində yürütdüyü ritorika ilə seçilməsidir.
Bu inkişaf yolu 1993-cü ildə əbədiyaşar lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıtması və hakimiyyətdə olduğu dönəmdə dövlətçiliyin bütün istiqamətlərində ciddi islahatlar həyata keçirməsi ilə başlandı. Xaos sistemi aradan qaldırıldı, siyasi institutlaşma, ordu quruculuğu, iqtisadi sıçrayış, sosial islahatlar yolunda önəmli addımlar atıldı. Dövlətçiliyin bütün sferaları intensiv inkişaf mərhələsinə keçid etdi. Ölkənin bugünkü qüdrətini stimullaşdıran əsas məqam isə ümummilli liderin siyasi kursunun əmin əllərə keçid etməsi oldu. 2003-cü ildə xalqın siyasi iradəsinin təcəssümü olaraq onun siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev prezident seçilərək Heydər Əliyev məktəbini uğurla davam etdirəcəyi ilə bağlı vədlər verdi.
Həmin tarixdən başlayaraq həm daxili, həm də xarici siyasətdə dərin islahatlar dövrü başladı və atılan bütün addımlar onun vədlərinə sadiq lider olduğunu xalqa və dünyaya göstərdi. Dövlətçilik ənənələrinin gücləndirilməsi, sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamik siyasət, siyasi təhlükəsizlik və dayanıqlı sabitlik yüksək intellektli, praqmatik düşüncəli İlham Əliyevin nail olduğu uğurların çox kiçik qismidir. Siyasətin bütün sferalarında atılan addımlar və əldə olunan nailiyyətlər Əliyevin dünya siyasətini mükəmməl bilən və iqtisadi biliklərə dərindən yiyələnən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu sübut etdi.
Fenomenal şəxsiyyət İlham Əliyev bu kimi məziyyətləri və xalq sevgisi ilə ölkəsini dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirməyi bacardı.
Müzəffər lider İlham Əliyev kariyerasının zirvəsi isə ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, işğalçılığa son qoyması oldu. Son 200 ilin torpaqlarımızı geri qaytaran yeganə lideri kimi tarixə düşən İlham Əliyev təkcə torpaqlarından didərgin düşmüş, ata-baba yurdlarından qovulmuş köçkünlərin deyil, bütün xalqın qəlbində taxt qurmağı bacardı.
Dünyada gərgin kataklizmlərim tüğyan etdiyi, münaqişələrin eskalasiya həddini yaşadığı, beynəlxalq güclərin isə acizlik və laqeydlik nümayiş etdirdiyi bir vaxtda İlham Əliyev öz peşəkar diplomatiyasına, xalq birliyinə və ordu qüdrətinə arxalanaraq düyünlənmiş, status-kvo vəziyyəti qorunmağa çalışılan, bir çox böyük güclərin maraqlarının toqquşduğu Qarabağ problemini həll etdi. Rəsmi Bakı münaqişənin sülh masası arxasında həlli istiqamətində bütün səylərini ortaya qoydu, dialoq üçün imkanlarını əsirgəmədi, 30 ilə yaxın müddətdə danışıqlara maraqlı olan tək tərəf oldu. Fəqət qarşımızda müharibədən, vandalizmdən ilhamlanan bir təcavüzkar dövlət və bu dövlətin təcavüzkarlığından yararlanaraq riyakar maraqlarını həyata keçirməyə çalışan sözdə “vasitəçi” güclər var idi.
Sülh üçün bütün addımları atsaq da, hərçənd qarşımızda dayanan düşmənin də hansı xislətdə olduğunu anlayacaq dövlət zəkasına sahib liderimiz var. İstər Heydər Əliyevin, istərsə də İlham Əliyevin bu yöndə siyasəti həm də paralel olaraq ölkənin qüdrətlənməsinə, uğurlu xarici siyasət yürüdülməsi ilə diplomatik manevr imkanları qazanmağa yönəldi. “Qüdrətli diplomatiyası, inkişaf etmiş iqtisadiyyatı, güclü ordusu olan dövlət hər şeyə qadirdi” şüarıyla həlli mümkünsüz olan, çıxılmaza salınan problemin həllinə nail olduq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tək Azərbaycan deyil, dünya tarixinə qızıl hərflərlə yazılan böyük Zəfərə imza atdı. Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun sonradan Vətən müharibəsi adı alan əks-hücum əməliyyatları tarixi ədalətin bərqərar olmasıyla nəticələndi. Zəfər salnaməsi olan 44 günlük Vətən Müharibəsi yalnız torpaqlarımızın işğaldan azad edilməsi, işğalçılığın aradan qaldırılmasıyla nəticələnmədi. Həm də heçə sayılan beynəlxalq hüququn tətbiqi, ədalətin təcəllisi, separatizmin ləğvi, eləcə də regionun siyasi mənzərəsinin yenidən formalaşdırılması ilə nəticələndi. Bu qələbə bizi növbəti böyük hədəflərə götürdü. Bu qələbə bizdə ədalətsizliyi ədalətli olmaqla aradan qaldırmağa inam yaratdı. Bu qələbə bizdə bir dövlətin yalnız öz gücü hesabına supergüclərə meydan oxuya biləcəyinə inandırdı. Nəhayət, bu qələbə bizə bir liderin xalqını və dövlətini sevdiyi təqdirdə, haqqlı və güclü olduğu təqdirdə aşa bilməyəcəyi heç bir problemin olmadığına inandırdı. “Ədalətsiz güc zalım, gücsüz ədalət acizdir” deyiminin real təcəssümü oldu baş verənlər. Aciz olduğumuz dönəmdə torpaqlarımızı itirdik, lakin güclü olunca əsla zalım olmadıq. Zalımlığa qarşı mübarizədə qalib gəldik. İndiki dönəm üçün əsas hədəfimiz sülh danışıqlarının Azərbaycanın haqlı maraqlı istiqamətində davam etməsi, Ermənistanın sabotaj ritorikasından yayındırılması, Bakı və Ankaranın sülh əlinin sıxılması və sülh müqaviləsinin imzalanmasıdır. İrəvan artıq öncəki siyasətini davam etdirmək imkanlarına sahib deyil.
Regionda yeni siyasi konfiqurasiya yaradılıb ki, bu mənzərədə Fransa kimi güclərin at oynatması üçün real zəmin mövzud deyil. Regionun yalnız region ölkələri üçün olduğunu 3+3 formatını gündəmə gətirməklə də təsdiqləmiş olduq. Vətən müharibəsinin başa çatmasından az sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatı Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq platformasıdır. Həmin əməkdaşlıq formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Bu minvalla region ölkələrini bir araya gətirmək, əməkdaşlıq sferalarını gücləndirmək və kənar gücləri bölgədən kənarlaşdırmaq hədəflənir. Bu hədəflərə isə nail olmağın əsas amili məhz bölgədə sülhün və sabitliyin bərqərar olmasıdır. Biz buna qələbə ilə əldə etməyi bacardıq.
Bu qələbə ölkəmizin həm regionda, həm də qlobal məkanda nüfuzunu və rolunu artırdı. 2020-ci ilə qədər bir çox fundamental layihələrə imza atan, qoca qitənin enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan indi daha geniş layihələr üçün sabit platforma formalaşdırıb. Təkcə enerji sektoruna diqqət yetirməklə İlham Əliyevin yürütdüyü titanik enerji diplomatiyasının ölkəmizə nələr qazandırdığını anlamaq mümkündür. Bu gün Rusiya-Ukrayna müharibəsinin bir çox qlobal risklərlə müşayiət olunduğu vaxtda Qərb cinahı Rusiyaya qarşı misli görünməmiş sanksiyaları Rusiya neftindən və qazından əhəmiyyətli dərəcədə asılı olan Avropa İttifaqı ölkələrində ciddi narahatlıq doğurub. Onlar qaz tədarükünün alternativ mənbələrini axtarır, mümkün şaxələndirmə variantları barədə düşünürlər.
Belə bir həssas dönəmdə karbohidrogen ehtiyatları ilə zəngin, strateji neft-qaz boru kəmərlərinə sahib Azərbaycan bu asılılığı aradan qaldırmağı bacardı. Hazırda Mərkəzi Asiya qazının Azərbaycan üzərində nəqli imkanları genişləndirilir. Beləliklə, ölkəmiz istər enerji, istər nəqliyyat-tranzit sahəsində Şərqlə Qərbin birləşdiricisi rolunda çıxış edir. Bu rolun güclənməsində ərazi bütövlüyünün təminatının ardınca gündəmə gələn, təməlləri formalaşdırılan Zəngəzur dəhlizi də xüsusi rol oynayacaqdır. Bu kontekstdə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli atılıb. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb. Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu olacaq Zəngəzur dəhlizi Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını ən qısa marşrutla ən qısa vaxtda həyata keçirməklə dünyada tüğyan edən iqtisadi infilyasiyaya müsbət yöndən böyük təsir göstərəcək.
Dövlət başçısının uzaqgörən siyasəti sayəsində Azərbayacan təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda sivilizasiyalararası dialoq sahəsində ciddi addımlar atır. Təsadüfi deyil ki, bu istiqamətdə təşkil olunan ən mötəbər tədbirlərə Bakı ev sahibliyi etməklə qalmır, özündə bir çox sivilizasiya daşıyıcısı olan toplumları tam tolerant mühitdə birləşdirir. Mötəbər tədbirlərə ev sahibliyi həm də ölkəmizin qüdrətini, günü-gündən yüksələn nüfuzunu, böyük güclərin Azərbaycana etimadını göstərməklə yanaşı, inkişafını və prinsiplərini beynəlxalq ictimaiyyət qarşısında təqdim etmək baxımından da önəmlidir. Bir neçə ay sonra dünyanın ən böyükmiqyaslı tədbiri olan, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 adlı tədbirin ölkəmizdə keçirilməsi də sadaladıqlarımızın növbəti bariz nümunəsidir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” kimi müəyyən edilib. Bu faktor bir daha ölkəmizin bütün sahələrdə uğurlu addımlar atdığını, etibarlı tərəfdaş kimi dünyada tanındığını göstərir.
Sadalanan bu uğurların və sadalanmağa zaman yetməyən digər nailiyyətlərin memarı özünü dünya siyasətində təsdiqləyən və işıqlı gələcəyə doğru ölkəsini, xalqını inamla irəlilədən müzəffər lider İLHAM ƏLİYEVdir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasına töhfələr vermiş CANƏLİ ƏKBƏROV
Könül, “Ədəbiyyat və incəsənət”
Görkəmli xanəndə, Xalq artisti, professor Canəli Əkbərovun anadan olmasından 85 il ötdü. Ecazkar musiqi ifa edən, muğam və təsniflərin misilsiz ifaçısı olan, üstəlik, opera sahəsində də parlayan ustad sənətkarın xatirəsi daim qədirbilən xalqının yaddaşında qalacaq.
Xanəndənin həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salaq. O, 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxuyub. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil alıb və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənib. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub.
Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən sənətkar 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaradıb.
Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib.
Onun yetişdirdiyi çox sayda tələbələr var ki, bəziləri musiqi aləmində ad çıxarmağa müvəffəq olublar.
Sənətkar milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. İfasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutmaqdadır və tutacaq da.
O, həm də milli mədəniyyətimizi uğurla təmsil edib, dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb.
Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.
Canəli Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Gənclər Kitabxanasında Milli Teatr Günü münasibətilə silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 10 Mart - Milli Teatr Günü münasibətilə silsilə materiallar – biblioqrafik icmal, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, hazırlanan biblioqrafik icmalda xalqımızın böyük mədəni sərvəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, Prezident İlham Əliyev tərəfindən imzalanan və Azərbaycan peşəkar milli teatrının inkişafına xidmət edən bir sıra dövlət sənədlərinin tam mətni, görkəmli şəxslərin teatr sənəti haqqında söylədikləri dəyərli fikirlər yer alır.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal materialda Ulu Öndər Heydər Əliyevin teatra və yaradıcı insanlara göstərdiyi diqqət və qayğı, Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı çərçivəsində görülən işlər, Azərbaycan teatrlarının dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməsi haqqında məlumatlar öz əksini tapır. Materiallarda “Milli teatr haqqında”, “Görkəmli səhnə ustaları” və “Rejissorlar” başlıqları altında “Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Azərbaycan teatr tarixi”, “Hüseyn Cavid və Naxçıvan teatrı”, “Azərbaycan müəlliflərinin əsərləri akademik teatrda”, “Səhnəyə qovuşan cığırlar” kimi 30-dan artıq kitabın biblioqrafik təsviri, qısa annotasiyası və elektron keçidi təqdim edilir.
“Böyük mədəniyyət, tükənməyən sevgi – Milli teatr” adlı virtual kitab sərgisində milli operetta aktyorluğunun inkişafında misilsiz xidmətləri olan, Xalq artisti Nəsibə Zeynalova, yaddaqalan obrazlarla bu gün də qəlblərdə yaşayan Xalq artisti Bəşir Səfəroğlu və digər korifey sənətkarlar haqqında məlumat verilir, onların tamaşalarından fraqmentlər nümayiş olunur.
Gənclər Kitabxanasında "10 Mart - Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik vəsaitlər sərgilənir.
Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Parisdə ICESCO və Azərbaycan nümayəndələri arasında görüş olub
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Parisdə Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı, Misir, İtaliya, Yaponiya, Qazaxıstan, Mərakeş, Oman, Qətər, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistanın diplomatik nümayəndəliklərinin əməkdaşları ilə ikitərəfli görüşlər təşkil edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC təşkilatın mətbuat üçün açıqlamasına istinadla məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti ilə görüşdə mədəni irs abidələrinin qorunması, bu sahədə müştərək layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Təşkilatın məlumatında qeyd olunub ki, bu görüşlər ICESCO-nun 53 üzv dövlətində Ümumdünya İrs obyektlərinin narahatedici vəziyyətinə yeni vizyonu təqdim etmək məqsədi daşıyırdı. Belə ki, 2024-cü ilin may ayında yoxolma təhlükəsi ilə üzləşən obyektlər siyahısına daxil edilmiş Ümumdünya İrs obyektləri ilə bağlı geniş araşdırma aparılıb və onun nəticələri təcili hərəkətə keçmək üçün əsas olub.
Bu təşəbbüsləri irəli sürmək üçün təşkilat üzv dövlətləri və qlobal tərəfdaşları fəal iştiraka çağırır. UNESCO-da iştirak edən həm üzv, həm də qeyri-üzv dövlətləri ICESCO-nun mədəniyyət və irs sahəsində prioritetləri və fəaliyyətləri barədə məlumatlandırmaq üçün məlumat görüşü də keçirilib. Bu səy Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası və qarşıdan gələn əsas tədbirlər kontekstində iki humanitar təşkilat arasında tərəfdaşlığı gücləndirməyə yönəlib.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Adil Kərimli: Mədəni və yaradıcı sənayeyə diqqət günü-gündən artmaqdadır
İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət günü-gündən artmaqdadır. Bu metodologiya ətrafında Azərbaycanda da müəyyən addımlar atılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat zamanı çıxışında deyib.
Nazirin sözlərinə görə, Mədəniyyət Nazirliyi UNEC-lə birlikdə mədəni və yaradıcı sənaye sahələrini təsnifatlaşdırıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
CƏLİL XƏLİLOV: “Ermənistan sülh istəyirsə, bu şəxsləri Azərbaycana verməlidir”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında İrəvanın Azərbaycanın daxili işlərinə qarışmaq siyasətini tənqid edib. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Bakıda erməniəsilli şəxslərlə bağlı keçirilən məhkəmə prosesindən narahatdır. Prezidentin köçməkçisi qeyd edib ki, İrəvan “məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”.
Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ermənistanın Hikmət Hacıyevin məlum çağırışından nəticə çıxarmalı olduğunu bildirib:
“Ermənistan hakimiyyəti bəlli bir müddətdir ki, Bakıda erməni cinayətkarları ilə bağlı keçirilən məhkəmə prosesini gözdən salmağa, bu prosesin obyektivliyini şübhə altına almağa çalışır. İrəvan yaxşı bilir ki, məhkəmə zamanı təqsirləndirilən şəxslərin verdiyi hər bir ifadə onların qanlı əməllərini bir daha ifşa edəcək, Paşinyan rejimi üçün hüquqi məsuliyyət yaradacaq. Buna görə də Ermənistanda şəffaf və obyektiv keçirilən məhkəmə prosesi haqqında həqiqətdən uzaq fikirlər formalaşdırmağa cəhd edirlər. Bu isə hörmətli Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Azərbaycanın daxili işlərinə qarışmaq, ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdidir.
Ermənistan beynəlxalq hüquqla yasaqlanan bu cür müdaxilələrdən əl çəkməli, Bakıdakı məhkəmə prosesi əleyhinə təbliğat aparmağı dayandırmalıdır.
Bununla yanaşı, İrəvan vaxtiylə Azərbaycana qarşı ağır cinayətlərə yol verən şəxsləri də ölkəmizə təhvil verməli, onları himayə etməkdən imtina etməlidir. Söhbət ilk növbədə Sərkisyan, Köçəryan, Ohanyan və s. kimi şəxslərdən gedir.
Xatırladaq ki, onların bir çoxu öz cinayətlərini mediaya verdikləri müsahibələrdə açıq etiraf ediblər. Belə olan halda həmin şəxsləri himayə etmək, bu şəxsləri Azərbaycana verməmək cinayətkarlarla həmrəylik sərgiləmək, onların cinayətinə haqq qazandırmaqdan başqa bir şey deyil. Belə bir mövqe isə Ermənistanın beynəlxalq hüquqdan uzaq olduğunu göstərməklə yanaşı, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün də ciddi təhdiddir.
Buna görə də İrəvan həqiqətən də sülhə hazır olduğunu göstərmək istəyirsə, ilk növbədə xalqımız qarşısında ağır cinayətlər törədən bu şəxsləri Azərbaycana təhvil verməli, bununla da ədalətə və hüquqa hörmət etdiyini isbatlamalıdır”.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Tələbələr şair Şəhriyar Del Gerani ilə görüşüblər
Azərbaycan Universitetinin "Ulduz" jurnalında təcrübə keçən tələbələri ilə şair Şəhriyar Del Geraninin görüşü baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilmiş görüşdə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs və jurnalın şöbə redaktoru Taleh Mansur da iştirak edib.
Görüş zamanı ədəbi proses və yaradıcılıqla bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Şəhriyar Del Gerani şeirlərini səsləndirib, tələbələrə imzalı kitablarını hədiyyə edib. Qeyd edək ki, "Ulduz" jurnalının təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çəçivəsində bundan əvvəl şair Qəşəm Nəcəfzadə, İntiqam Yaşar, Ayşən Rəhimli və Taleh Mansurla da görüşlər keçirilib.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Teatr günü münasibətilə 7 PƏRDƏLİ TAMAŞA
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
1-ci pərdə. Teatrın Mahiyyəti.
Teatr, insanın özünü, cəmiyyətini və varlığını axtararkən qarşılaşdığı ən əsas vasitələrdən biridir. Amma teatr, yalnız bir əyləncə forması deyil, o, insanın əzabları, sevincləri, ümidi və qorxularını üzə çıxaran, ruhunun dərinliklərini meydana gətirən bir gücdür. O, bir növ insanın həyatını əks etdirən, bəzən işıqlandıran, bəzən isə qaranlıqda saxlayan bir aynadır. Burada tamaşaçı yalnız bir obrazı izləməz, həm də öz ruhunun və mənliyinin müxtəlif qatlarını kəşf edər. Teatr, insanın varlıq məsələlərinə dair suallarını səhnədə axtarır, özünün və başqalarının məğlubiyyətlərini və zəfərlərini izləyərək mübarizə apardığı bir aləmdə, bir tərəfdən özünü tapmağa, digər tərəfdən isə itirməyə çalışır.
Teatrın tarixi, insanın öz varlığını kəşf etməyə başladığı dövrlərə qədər gedib çıxır. Teatr, çox qədim zamanlarda, təbiət hadisələri və insanın bu hadisələrə reaksiyasını təmsil edən ritual və mərasimlərlə başlamışdır. Təbiətə olan heyranlıq və onun qarşısında göstərilən qorxu, ilk dramatik ifadələrin əsasını qoymuşdur. Bu mərasimlərdə müəyyən obrazlar, xüsusi geyimlər və jestlər istifadə olunaraq, müəyyən bir təcrübə, ya da hadisə səhnələşdirilirdi. Bu çox sadə və primitiv bir formadan başlasa da, zamanla teatr təkcə təbiət hadisələrini deyil, həm də insanın daxili dünyasını əks etdirməyə başlamışdır.
Teatrın yaranışı, əsasən Yunanıstanın qədim dövrünə təsadüf edir. Burada, miladdan əvvəl VI əsrdə, Dionis bayramları çərçivəsində dramatik performanslar meydana gəldi. Bu dövrdə teatrın atası sayılan, Eshil, Sofokl və Euripid kimi dramaturqlar, insanın daxili mübarizələrini və sosial həyatını səhnədə təmsil etməyə başladılar. İlk Yunan teatrları, hələ də əksər teatr prinsiplərinin təməlini təşkil edən orijinal qida ilə - jestlər, musiqi, xori və dialoqlarla zəngin idi.
Bu dövr, teatrın əsası olaraq qəbul edilir, çünki burada yalnız əyləncə yox, insanın daxili aləmi və sosial təzyiqləri nümayiş etdirilirdi. Yunan teatrı, insanın həyatının mənası və varlığının məqsədini axtaran fəlsəfi əsərlər yaratdı. Eyni zamanda, Roma İmperiyasının dövründə teatr daha da inkişaf etdi və müxtəlif növ tamaşalarla zənginləşdi.
Teatrın inkişafı, Yunan və Roma mədəniyyətlərindən sonra, Avropada, xüsusən də Orta əsrlərdə geriləyərək, teatr çox zaman dini təbliğat vasitəsi kimi istifadə edilməyə başlandı. Amma 16-cı əsrdə Avropada Renessansın yüksəlməsi ilə teatr yenidən öz klassik və müasir formalarına qayıdıb, Şekspir kimi böyük dramaturqların ortaya çıxması ilə zirvəyə çatdı.
2-ci Pərdə Azərbaycan Teatrının İnkişafı
Azərbaycan teatrı, xüsusilə 19-cu əsrdə böyük bir mədəni dönüşüm yaşadı. Teatrın müasir forması burada, ilk dəfə olaraq, milli kimliyin bir vasitəsi olaraq meydana gəldi. Əgər əvvəlki dövrlərdə teatr yalnız klassik və dini mövzularla məhdudlaşırdısa, Azərbaycan teatrı artıq öz dilində və xalqın həyatını əks etdirən mövzularla tamaşaçılara təqdim edilməyə başladı. İlk peşəkar teatr tamaşaları 19-cu əsrin sonlarından etibarən Bakıda meydana gəldi və bu dövrün əsas dramaturqları Cəfər Cabbarlı, Hüseyn Cavid kimi simalar oldu. Onlar, teatrın yalnız xalqı əyləndirmək deyil, həm də cəmiyyətin sosial problemlərini səhnədə canlandırmaq kimi böyük bir məqsəd güddüyünü göstərdilər.
İlk Azərbaycan teatrı, 1873-cü ildə Bakıda fəaliyyətə başlamışdır. Bu, həm də Azərbaycanın mədəniyyət həyatında yeni bir dövrün başlanğıcı oldu. Teatrın yarandığı dövr, həm də Rusiya İmperiyasının Azərbaycanda təsirinin artdığı, Avropa mədəniyyətinin ölkəyə daxil olduğu bir zaman kəsiyinə təsadüf edir. İlk Azərbaycan teatrının təşəbbüskarı, böyük maarifçi və yazıçı Mirza Fətəli Axundov oldu. O, “Lənkəran xanının” əsəri ilə Azərbaycan dramını ilk dəfə səhnəyə daşıdı və bu, Azərbaycan teatrının əsası sayılır. Axundov, həmçinin, dram janrında, xüsusilə komediya və fars ədəbiyyatından istifadə etməklə, Azərbaycan teatrını Avropa teatrına yaxınlaşdırmağa çalışmışdır.
Bu dövrdə teatr yalnız əyləncə məqsədini daşımırdı, eyni zamanda maarifləndirmə vasitəsi olaraq, xalqın mədəniyyətinə, sosial vəziyyətinə və həyatına dair dərindən düşünməyə dəvət edirdi. Səhnə əsərləri, tez-tez, təhsilin və maarifləndirmənin vacibliyini vurğulayan, müasir dünyaya açıq mesajlar verən əsərlərdən ibarət idi. Həmçinin, bu dövrdə teatr, bir çox dəfə siyasi və sosial məsələləri müzakirə etməyə imkan verən bir platforma rolunu oynayırdı.
Azərbaycanın teatr tarixi ilə bağlı çox vacib bir məqam, teatrın mədəniyyətin təkcə bir parçası deyil, eyni zamanda bir millətin varlıq mübarizəsinin göstəricisi olaraq inkişaf etməsidir. 20-ci əsrdə bu, daha da açıq şəkildə göründü. Həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan teatrı cəmiyyətin mənəvi və intellektual inkişafına böyük təsir göstərmişdir.
Azərbaycan teatrı, tarix boyunca sadəcə bir sənət forması olaraq mövcud olmayıb. O, millətin mübarizəsinin, xalqın cəmiyyətə və öz kimliyinə olan münasibətinin təzahürüdür. Bu teatrın yaranması, Azərbaycanın tarixi inkişafı ilə sıx bağlıdır. Azərbaycan xalqı əsrlər boyu özünü ifadə etməyə çalışıb və teatr da bu ifadə formalarından biri olub. Azərbaycan teatrı, bir xalqın sadəcə əyləncə və əyləndirici fəaliyyətinə xidmət etməyib, əksinə o, xalqın ruhunu, mədəniyyətini, keçmişini və ən böyük arzularını dünyaya təqdim etməklə, cəmiyyətin sosial, siyasi və mədəni inkişafına təsir etmişdir.
3-cü pərdə: Cəfər Cabbarlı və Hüseyn Cavid
Azərbaycan dramaturgiyasının ilkin inciləri arasında yer alan Cəfər Cabbarlı, həmçinin Hüseyn Cavid kimi böyük simalar, teatrın özünəməxsus bir fəlsəfi təfəkkürə sahib olduğunu göstərmişlər. Onların əsərləri, yalnız cəmiyyətin sosial şərtlərinin təhlili ilə kifayətlənməyib, həm də insanın öz varlığına qarşı olan suallarını, əzablarını, sevinclərini və sarsıntılarını səhnəyə gətiriblər. Cəfər Cabbarlı, dramatik şəkildə insanın daxili mübarizələrini təhlil edərək, dövrün qəddar reallığını və insanın cəmiyyətdəki yerini dərinləşdirir. Onun əsərləri yalnız dövrün nəslinin əksini tapmaqla qalmır, həm də insanların varoluşunda hər zaman sual olaraq qalacaq kədərləri və üzüntüləri səhnəyə çıxarır.
Hüseyn Cavidin əsərləri isə insanın daxili aləminə daha çox müraciət edir. Cavidin dramaları, sadəcə sosial məsələlərlə deyil, eyni zamanda mənəvi və fəlsəfi mübarizələrlə əlaqədar vacib suallar verir. Hüseyn Cavidin əsərlərindəki mürəkkəb obrazlar, tamaşaçını yalnız bir dövrün nağılına deyil, həm də insanın daxili qaranlıq dünyasına doğru bir səyahətə çıxarır. Bu dramalar, insanın içindəki nəhəng ziddiyyətləri, həsrətləri və arzusunu ortaya qoyaraq, teatrın nə qədər qüdrətli bir vasitə olduğunu bir daha sübut edir.
4-cü pərdə: Nəsibə xanım..
Azərbaycan teatrında bir çox böyük sənətkar yetişmişdir. Lakin, Nəsibə Zeynalova, Azərbaycan teatrının zirvələrindən biri kimi, bir çox digər sənətkarlar ilə müqayisədə öz dərin və zəngin təhlili ilə fərqlənir. Onun səhnədəki varlığı, təəccüblü dərəcədə özünəməxsus idi. Zeynalovanın hər bir obrazı, bir həyatı yaşadığı, onun uğurları və uğursuzluqları ilə birləşən bir təcrübəyə çevrilirdi.
Onun teatrda, həm də fəlsəfi olaraq təqdim etdiyi obrazlar, yalnız cəmiyyətin əksini deyil, insanın daxilindəki mənəvi və psixoloji gərginlikləri əks etdirirdi. Nəsibə Zeynalova, teatrın yalnız bir oyun deyil, bir həyat təhlili olduğunu göstərərək, tamaşaçını da hər bir dramada özünü tapmağa çağırırdı. O, teatrın məhz insanın özünü daha dərindən anlamasına imkan verdiyini çox yaxşı başa düşürdü.
Nəsibə Zeynalova, Azərbaycan teatrında bir dövrün rəmzi olmuş, həm sənətkar, həm də humanist bir şəxsiyyət olaraq səhnəyə hakim olmuşdur. Onun hər bir obrazı, bir insanın həyatındakı böyük dəyişiklikləri və daxili çətinlikləri əks etdirən bir simvol idi. Zeynalova, teatrın bir sənət forması olduğunu göstərməkdən daha çox, onun içindəki fəlsəfi və ruhsal dərinlikləri ortaya qoymuşdur. Zeynalovanın hər bir tamaşada iştirak etməsi, səhnə ilə daha dərindən əlaqə qurmağına gətirib çıxarır, öz obrazlarında yalnız xarakterləri deyil, həmin xarakterlərin həyatda keçirdiyi məğlubiyyətləri və qalibiyyətləri göstərir. Zeynalova teatrda yalnız oyun deyil, bir fəlsəfi düşüncəni təqdim edir, insanların iç dünyalarındakı dəyişiklikləri çox yüksək səviyyədə çatdırır.
O, 10 martda, Azərbaycan teatrının yaranış günündə dünyadan köçdü. Bu, sadəcə bir təsadüf ola bilməzdi. Teatr onu öz ruhu kimi apardı. Bəlkə də, bu, səhnənin ona olan sonuncu borcu idi.
5-ci Pərdə: Teatrın Fəlsəfəsi - Həyatın Sözlərlə İfadesi
Teatr yalnız bir sənət forması deyil, həm də həyatın ən dərindən və mürəkkəb şəklini izah edən bir dilə çevrilir. Teatrda hər bir oyun, bir insanın öz varlığını, kimliyini və əzablarını tapma yoludur. İnsanlar zaman-zaman teatrda əylənmək və rahatlamaq üçün yer alsalar da, əslində teatr onları daha çox öz iç aləmlərinə, özlərinə qarşı sorğulara yönəldir. Burada izləyici yalnız bir tamaşa görmür, o, həm də öz həyatının mənasını tapmağa, yaşadığı sosial və mədəni ziddiyyətləri anlamağa çalışır. Teatrda insanın yaşadığı qarşıdurmalar və içindəki vacib suallar səhnəyə çıxır və tamaşaçıya dərindən düşündürən anlar yaradır.
6-cı pərdə: Sonuncu suallar
Teatrın mahiyyətinə dair ən böyük sual hələ də qalır: Teatr bizi nəyə çağırır? İnsan öz varlığını teatrda nə dərəcədə tapa bilər və onu tapdıqdan sonra nə olur? Həyatın ən böyük sualları ilə qarşılaşan teatr, bir tərəfdən bizə cavablar verməyə çalışır, digər tərəfdən isə o sualları daha dərinə salır. Teatr, insanın özünü tapmaq üçün mübarizə apardığı bir döyüş meydanı olduğu qədər, onun qorxularını və zəifliklərini də üzə çıxarır. Ancaq sual qalır. İnsan özünü teatrda tapan zaman, bu tapmaca tamamlanmış olurmu? Və nəhayət, teatrın özü bizə nəyi izah edir?
İndi isə teatrın özünün mütləq sualları meydana çıxır. İnsan öz daxili dünyasını teatrda tapırmı? Yoxsa, bu yalnız bir nümayiş, bir illüziya deyilmi? Teatr insanı hər zaman öz dərinliklərinə çəkir, amma haçansa son bir cavab verir? Biz necə bir varlığı, hansı məqsədlə və hansı şəraitdə tam olaraq öz varlığımızı teatrda əks etdiririk? Əgər teatr insanın özünü axtarmaqdan ibarətdirsə, bəs özümüzü tapdıqda, nə baş verir? Sən bu səhnədə kimsən?
Bu dünya böyük bir teatrdırsa, sən yazılmış bir obrazsan, yoxsa öz taleyinin müəllifi?
İnsanlar iki cürdür:
– Tamaşaçılar, oturub başqalarının oynadığı həyatlara baxanlar.
– Aktyorlar, başqalarının yazdığı rolları oynayanlar.
Amma bir az daha dərinə getsək.. Bəs rejissorlar haradadır?
Bəlkə, həqiqi azadlıq nə tamaşaçı olmaqdır, nə də aktyor. Bəlkə, həqiqi azadlıq pyesi yazmaqdır?
7-ci pərdə: Sıra səndədir.
Hər insan bir aktyordur. Hər kəs bir pyesdədir. Hər kəsin bir rolu var.
Amma problem budur:
– Əksər insanlar oynadıqları rolu seçmirlər.
– Onlar başa düşmürlər ki, bu dünya həqiqətən də bir teatrdır.
– Onlar aktyor olduqlarını unudurlar və rollarını ciddi qəbul edirlər.
Sən də bir obrazsan, əziz oxucu. Amma sual budur: bu rolu sən seçmisən, yoxsa sənə verilib?
Teatr sənə bir dərs öyrədir:
– Həyat bir oyundur. Amma onu necə oynamaq sənin əlindədir.
– Sən ya yazılmış bir obraz kimi yaşayırsan, ya da öz taleyinin müəllifi olursan.
10 mart – Azərbaycan teatrının doğum günü.
10 mart – Nəsibə Zeynalovanın ölüm günü.
Birində səhnə açıldı.
Digərində səhnə bağlandı.
Ancaq bilirsənmi? Teatrda pərdə heç vaxt həqiqətən bağlanmır.
İndi səhnədə kim var? -Sən.
Sən ya bu oyunun bir parçasısan, ya da səhnədə duran aktyorları izləyən bir tamaşaçı. Amma unutma, əziz oxucu. Teatrda boş yer yoxdur.
Bəs sən öz yerini seçdin? Aktyorsan? Tamaşaçı? Ya rejissor?
Pərdə açıqdır.
Tamaşa davam edir..
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)