Super User

Super User

Понедельник, 10 Март 2025 13:44

Günün fotosu: Fransa qoşunlarını Seneqaldan çıxardı

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Fransa, Senegaldan qoşunlarını çıxarmaq üçün rəsmi prosedura başladığını elan etdi. Cümə günü Paris Qərbi Afrikada yerləşən bu ölkədəki iki hərbi obyekt üzərində nəzarətdən imtina etdiyini açıqlayıb.

Hərbi bazaların təhvil verilməsi, 2024-cü ilin sonlarında Senegal prezidenti Bassiru Diomay Fay tərəfindən xarici qoşunların ölkədən çıxarılması tələbini bildirdikdən sonra baş verib.

"Fransa tərəfi 2025-ci il martın 7-də Marşal və Sən-Əkzüperi rayonlarındakı obyektləri və yaşayış yerlərini Senegala təhvil verib", - deyə Fransanın Senegal səfirliyinin bəyanatında bildirilir. - Həmin rayonlar, Xann parkı ilə yaxın yerləşir və 2024-cü ilin yayından bəri geri qaytarılmağa hazır idi."

 

Foto:AP

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirovun təşəbbüsü və cəmiyyətin İdarə Heyətinin yekdil qərarı ilə qurumun nəzdində Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub.

Bizimlə söhbətində S.Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinin günü-gündən müxtəlif sahələr üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bunun üçün elm və incəsənət sahələrinin bundan sonra Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının nəzdində fəaliyyət göstərməsinə qərar verilib.

Həmçinin bildirilib ki, Ramazan ayı münasibətilə cəmiyyət tərəfindən minlərlə misirli aztəminatlı ailələrə və Misirdə təhsil alan xarici tələbələrə 30 tondan çox ərzaq paylanıb.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fəxrəddin Əsədin  şeirləri təqdim edilir. 

 

Sabaha yağış dedi

sinoptikçi qız indicə, 

uzanıb keçir gecə... 

Mən çıxıb getməıiydim

xəyalların dalınca, 

evlərin bacasından

xatirələr tüstülənən gecələrin birində... 

Eh birdənəm, 

bu gözəlim məmləkət

hayandan baxsan qürbət -

səni xatırlayınca küçələrin birində!  

 

*

Yenə də yağış... 

yenə də külək... 

belə getsə

yeri-göyü fırfıraya döndərəcək. 

Mən körpünü keçməliyəm, 

qarşıda mürgülü küçə, 

tinlər, dalanlar... 

Məni gözləyən gerçəklər, 

nağıla dönən yalanlar... 

Deyirdilər 

ömür özü bir yarışdı, 

bu başından o başına ana yurdun

bir qarışdı... 

Yarıyolda dayanıb

mən sonacan getmədim, 

bilməm iblisəmi uydum, 

nağılamı inammadım?! 

Sınıq körpü üstündə

duyğular, düşüncələr atını çapır, 

külək yağış

suyunu

köhnə günah kimi 

üzümə çırpır... 

 

*

Yanaqların və təbəssümün heyvagülü rəngində,

təkcə gözlərin gömgöy...

ilk dəfə səni belə gördüm, belə sevdim!

İlk görüşün havasından

hələ  başımız açılmamış

illər nə tez ötüb keçmiş?!

Sən yenə də qanad taxa-taxa hər sözümə,

yanağın və təbəssümün heyvagülü rəngində

gülümsəyirsən üzümə.

 

*

Namaz üstündə oxunan

sonuncu dua kimi

uzanır, uzanır gecə...

Qədəhlərin cingiltisindən

heç kim hiss etmir

vaxt

əlimizdə necə can verir?!

Hərdən güzgüdən özümə baxanda

öz taleyindən qaçan adamın

vəziyyətinə düşürəm -

soyuğa düşmüş, üşümüş... 

Sanki qarşıdakı divara

əlimi vurub qayıdanacan

vaxt, zaman ötüb keçmiş!

 

*

İlaxır çərşənbə gecəsi

Aşafarma oğlu

Məmişin evi yandı.

Qazlar, toyuqlar səs-səsə verdi,

itlər hürüşdü.

"Məşədi İbad" tamaşasıydı elə bil

qəssab Ağamirzənin həyətində - 

qonşular baxa-baxa... 

evin sonuncu tiri də

yana-yana düşdü yerə...

Hər yan, sükuta daldı,

Sən də susdun İlahi,

od tutub yanan xatirələrin 

səsini eşidə-eşidə… 

 

*

 

1973-cü ilin məzunlarına

sinif yoldaşlarıma

 

Dostların yolunu gözləyirəm

bu qapının bu tinində,

bir-bir gələcəklər.

Yasəmən ağacında 

Qumrular asta-asta dinir, 

vaxt keçir...

İndicə

bu an

bu qapıdan girəcəklər, 

ehtiyatla,

ürkək-ürkək...

Ötən illərin xatirələrini

saçlarının bəyazında gizlədərək

 

*

Ulduzlu gecə...

uyuyub tar səsinə adamsız küçə.

Neçə gündü bəd xəbərlər gəlir: 

yaxındadır şaxta, sazaq!

Buz bağlayacaq hər yan,

hər yer,

duyğular, sevdalar,

yollar, üzlər, xatirələr,

daha nələr, nələr...

Vecinə deyil

dizimə baş qoyub

mürgüləyən pişiyin -

sənin kimi dünyadan xəbərsiz... 

 

*

Pəncərədə işıq sönüb, 

hər yan sükuta dalıb: 

sən oyaqsan bilirəm. 

Saatlar ötüb keçir... 

bir kimsə yox xəbər verəm, 

Sənə bir çiçək göndərəm. 

Gedirəm, 

ayaq səslərimi küçədə qoyub... 

 

*

Söz verdim, söz verdim bu gün: 

daha güzgülərə baxmayacam! 

Qırmızı-qırmızı 

üzümün qırışlarını, 

saçımın ağını, 

solğun rəngləri göstərir. 

Şəhid xəbərləri gəldikcə ölən 

xəyalların

qanadlanıb uçmaq həvəsini 

göstərmir ancaq... 

 

*

Hər şey birdən-birə oldu: 

küçədə qarşıma çıxdı - 

yaşlı qadındı, 

anama elə oxşayırdı! 

İllah da yerişi, 

boyu-buxunu... 

Elə bil "YouTube"da  izləyirdim 

dünən gördüyüm yuxunu... 

 

*

Allahım,

bütün sabahlar bomboş xulya,

ilğım kimi ötüb keçən günlər

ancaq göz qamaşdırır.

Bəs nədən

ürək belə təlaşdadır?

Guya

Kamal Sunalın qatilləri

ətrafımda dolanır -

atdığım hər addımı

diqqətlə ölçüb-içirəm.

Məsələn:

çayxanalarda,

yas yerlərində

və yorucu tədbirlərdə

bəh-bəhlə dinləyirəm

"1001 Gecə" nağıllarını...

Küçəni keçəndə

yol verirəm

köpəklərə,

uşaqlara,

maşınlara...

Bir tək

özümü

yola verəmmirəm... 

 

*

İllərlə üzlər gördüm, 

gözlər gördüm - 

yarı şeytan, 

yarı, mələk baxırdı. 

Sözlər eşitdim, 

ilanı yuvasından çıxaran. 

Elə o, sözlərlə də 

çəkib, çəkib 

məni saldılar

 ilan çıxan çuxura! 

 

*

Uzun qış gecələri 

nəhayətsiz səmada dolaşan 

ulduzları da tərpədir görən

xatirələr-filan?! 

Yəni ötən günləri yada salmaq, 

nələrisə, kimlərisə xatırlamaq! 

Nə də hərdən 

qaçıb getmək harasa, ulduzlar olmayan yerə... 

Mən qaçanmadım - 

inandım: 

bir gün yer üzündə

qurdla qoyunun 

bir yerdə otlayacağına! 

 

*

Hər gün 

dan yeri sökülüncə, 

quşların cik-ciki eşidilincə, 

pəncərədən baxmaqdı ilk işim.  

Orda-nar ağacında 

Dolaşalar ətcəbala, 

yağış yazmırsa 

ümid var sabaha. 

Dönürəm yatağa... 

gözlərim yavaş-yavaş yumulur. 

Qulaqlarımda dolaşaların səsi, 

üzümdə nəfəsin...  

 

*

Yarasaların səsindənmi diksindi,

avtobus tələsik ötüb keçdi

son şənbə axşamından?!

Qonşunun iti tənbəl-tənbəl donquldandı,

telefonum susur nə zamandı.

İnqilab İsaq axtarardı məni

hər gün zəng edib:

- ay qağa, hardasan, 

nə edirsən-soruşardı...

ordan-burdan söz salıb danışardı...

Mən onun şeirlərylə hər axşam danışdığım kimi.

 

*

Masamın üstündəki kağız parçasından

cırıb atmışam,

yazdığım şeirdə

həsrətin rəngini.

Yaddaşımda

ilişib qalan misra kimidi

ağır-ağır

ötüb-keçən günlərim...

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.

 

Məryəm Gözəli

Təbriz

 

HEÇ İŞİN GƏLMƏDİ XOŞUMA DÜNYA

 

Xəyalında sitəm, ürəyində kin,

Unutdun şərəfi, arını yedin,

Həyatın ağ günün, qəlbin sevincin,

Ömrümdən, günümdən daşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Göz etdin gözünə yaman gözlünü,

Xalqa hakim etdin acı sözlünü,

Üzünə, üz tutdun hər min üzlünü,

Üzümdən arımı qaşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Haq söz boyaxlanıb satıldı əldə,

Qananlar boğuldu gözündə seldə,

Elin ağır yükü yer saldı beldə,

Yığdın nə dərd varsa başıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Üzün min üz görüb, hər işin oyun,

Nə zatın bəllidir, nə də ki, soyun

Yasa qərq eyledin çox igid toyun,

Ağını caladın aşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

Dilim həsrət qaldı dadlı dadlara,

Varlığım alışdı, yandı odlara,

Vətən oğulların əydin yadlara,

Baxmadın gözümdə yaşıma dünya;

Heç işin gəlmədi xoşuma dünya.

 

“Ədəbiyyat və incəsənət”

 (10.03.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

XVIII-XIX əsrlərdə İrəvan xanlığında yerləşən Göyçə mahalının Qızılvəng kəndində dünyaya göz açıbdır Aşıq Alı. Və tezliklə dörd ətrafda məşhurlaşıb, adı dillər əzbəri olub.

 

Alı 16–17 yaşlarından aşıqlıq etməyə başlamış və qısa zaman içində uğur zirvəsinə yüksəlmişdir. Çoxlu sayda şagirdi olmuşdur . Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən olan Aşıq Ələsgərdir.

Bir rəvayətə görə Ələsgər və Alı bir məclisdə deyişmiş, müəllim tələbəsi Ələsgərə məğlub olmuşdu.

Aşıq Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. Gəlin onun “Dilimiz” şeirinə nəzər yetirək:

 

Nisgillinin ürəyindən,

Apardı dərdi dilimiz.

Xəstənin, naəlacın,

Dərmanın verdi dilimiz.

 

Bir sözü yüz mənalıdır,

Gör necə sirdir dilimiz.

Mətahını ucuz satma,

İncidir, dürdür dilimiz.

 

Dolandım Bəsrə-Bağdadı,

Salam verdim, anladılar.

Gəzdim İranı, Turanı,

“Qardaş” - deyib, yanladılar,

Osmanlıda türkü dedim,

Gördülər birdir dilimiz.

 

O, 1911-ci ildə elə anadan olduğu kənddə dünyasını dəyişmişdir.

Onun “Aşıq Alı: şeirlər”, “Təcnislər”, “Nə qaldı” və s. kimi kitabları müxtəlif elm mənsubları tərəfindən tərtib edilmişdir.

Vətənimiz Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında anadan olmasının 210 illiyinə həsr olunmuş "Mahalım Göyçədir, Əslim Qızılvəng" adlı yubiley konserti keçirilmişdir.

 

Aşıq Alının, Dədə Ələsgərin ocağına qayıdaraq onların dağıdılmış məzarlarını bərpa etmək, doğma el-obamızda ana dilimizdə yazıb-yaratmaq və sazı-sözü yaşatmaq qəlbimizin ən dərinliklərində alovu sönməyən arzudur.

Biz bu arzumuza tezliklə çatacağımıza inanırıq.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Понедельник, 10 Март 2025 16:36

QISA FİKİRLƏR XƏZİNƏSİndə Namiq Kamal

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Türkiyənin görkəmli şairi, jurmalisti və ictimai xadimi Namiq Kamalın fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Sən gedərsən, yenə getməz şərəfin,

A Vətən, Kəbəmidir hər tərəfin?

 

***

Nə əfsunkar imişsən, ah, ey didari- hürriyyət,

Əsiri- eşqin olduq gərçi, qurtulduq səadətdən.

 

***

Usanmaz özünü insan bilənlər xəlqə xidmətdən.

 

***

Vücudun kim xəmiri mayəsi xaki vətəndəndir,

Nə qəm, rahi vətəndə xak olursa cövrü- möhnətdən.

 

***

Nə yari can imişsən, ah ey ümmidi -istiqbal,

Cəhanı sənsən azad eyləyən min yəsi möhnətdən.

      

 “Ədəbiyyat və incəsənət”

  (10.03.2025)

 

 

 

 

Понедельник, 10 Март 2025 15:34

PORTAL AKADEMİYASINDA - İdarəetmə personalı

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.

 

 

İdarəetmə personalı

 

İnvestisiyalar biznes-plana deyil, konkret insanlar üçün ayrılır. Buna görə bu ən vacib bölmələrdən biridir. Bölmə rəhbər qrupun necə təşkil olunduğunu və onun hər bir üzvünün  əsas rolunu təsvir etməlidir. Böyük olmayan bir firmanın inkişafının ilkin mərhələsində kifayət dərəcədə  balanslaşdırılmış komanda toplayacağı az ehtimal olunandır. Bu səbəbdən də sizin rəhbər qrupun həm güclü, həm də zəif tərəflərinə diqqət etmək düzgün olardı.

Bu bölmədə sizin partnyorlar, onların imkan ve təcrübəsi haqqında da məlumat olmalıdır. Partnyorların nailiyyətlərinin siyahısını tərtib edin, bu, onların biznes-planda nəzərdə tutulmuş məqsədləri əldə etmək qabiliyyəti haqqında qənaətə gəlməyə imkan verər.

 

Növbədə: Mənbələr və tələb olunan vəsaitin həcmi

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Понедельник, 10 Март 2025 15:05

“Gəncliyə müraciət” – Muhterem Şahin

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən Humay Yılmazın çevirimində Muhterem Şahinin “Gəncliyə müraciət”ini təqdim edəcəyik.

Bu gün bu sayaq mövzuların çox aktual olmasını nəzərə almağınız vacibdir.

 

 

Muhterem ŞAHİN

GƏNCLİYƏ MÜRACİƏT

 

Ey gənc dost! Ey igid könüldaş! Ey təmiz vicdanlı, saf ürəkli insan!

Sözümüz sənədir. Hər canı can bildik. Sənin yanında olmaq üçün gəldik. Dostcasına salamlaşmağa, sevda bağçasından gül dərməyə, məhəbbət otağını bəzəməyə gəldik. Sözləri, hekayətləri təkcə nağıl kitabından oxumuruq. Dünyanın və əsrin qəlbindən keçənlərdən xəbər veririk. Səni özünə şahid tuturuq, sözə aid, gözə aid nə varsa, sənə şahid tuturuq.

Ey ür'yi mərhəmətli bahadır!

İnsanlıq bir böhran içindədir, bunu sən də bilirsən. Bu, sadəcə, bir böhran və çöküş deyil, həm də dəlilik və çirkinlikdir. Kirlənmiş, qatılaşmış, daşlaşmış bir dövrdür bu. Haqdan qaçan, həqiqətə düşmən bir dövrdür... Bəzi ölkələrdə müharibə, terror, zülm, aclıq və yoxsulluq baş alıb gedir. Yaxın Şərqdə, Asiyada, Afrikada qan su yerinə axır. Eyni adı daşıyanlar bir-birini boğazlayır. Bir tikə çörəyə, bir qurtum suya həsrət uşaqlar var. Hər gün gözümüzün içinə baxa-baxa həyatdan köçürlər. Bəzi ərazilər qıpqırmızı, qapqara, bombozdur...

Sən də bilirsən, ən işıqlı dövr qaranlığa qərq olur. Ölüm, aclıq, zülm, yoxsulluq çoxlarının axırına çıxıb. Amma əksinə, pulun, rahatlığın, var-dövlətin içində üzənlər, nəfslərinə korluq çəkdirməyənlər də az deyil. Əbu cəhllər qitə-qitə gəzir, əbu ləhəblər sürü-sürü dolaşırlar... Nuha, İbrahimə, Yusifə, Əhmədə rast gəldinmi? İrqlər arasında dava, savaş, dinlər arasında münaqişə aləmi qatıb-qarışdırıb. Və mən, sən, o – hər birimiz, sadəcə, tamaşa edirik. Sanki bir romandan quraşdırılmış filmi izləyirik. Necə də üzücü, qəribə, necə də böyük ziddiyət, həyasızlıq, dəhşətli bir səhnə...

Ey həqiqət yolçusu!

Kirlənməmiş, xarab olmamış və çürüməmiş bir sən qalmısan, bir də məsum  uşaqlar. Hə, bir də heç bir zaman gerçəyin, yaxşılığın, doğrunun, ədalətin ətəyindən qopmamış geniş ürəklilər... Salam olsun insan olaraq doğulub insan olaraq qalanlara. Sionizm, kapitalizm, kommunizm, materializm, konformizm insanı, cəmiyyəti, ölkələri istismar edir, əridib yoxa çıxarır. Hər birinin ayrı-ayrı dəyirmanları var. Və bu dəyirmanlar məni, səni, onu üyüdüb sovurur. Ölürük, can veririk.

Ey müqəddəs əmanəti daşıyan can!

Zəng sənin üçün, mənim üçün, hamımız üçün çalınır. Müqavimət göstərməyəcəksənmi? Müdafiə etməyəcəksənmi? Qarşı çıxmayacaqsanmı? Bir hərəkətin, bir vuruşun olmayacaqmı? Pislərə və pisliyə qarşı hayqırmayacaqsanmı? Haqqı dəstəkləyib, onu yüksəklərə qaldırmayacaqsanmı? Bil ki, gözün, qulağın, dilin və əlin sənə xəyanət edəcək  bir gün. O gün gəlmədən özünə gəl. Qalx, düzlən, dik dur və ağlınla, ürəyinlə düşün, fikirləş, mən kiməm, nəçiyəm, niyə gəldim, haraya gedirəm deyə. Özünə sual ver! Sorğu-sual et, bildiklərini, öyrəndiklərini və ya bilmədiklərini soruş! "Bilənlər bilməyənlərlə eyni ola bilərmi, səncə?" Hər şeyi bilən elə demirdimi?

Ey qiymətli can!

Bir çağırışımız var sənə, bir dəvətimiz, bir müjdəmiz var. Özündən qopub gələni sözə tökən, içindəki iztirabı dilə gətirən, tərtəmiz dillə yazılmış şanlı məktubumuz var. İnsanı, kitabı və həyatı oxu deyə, buyuran və qələmə and içən Qüdrətin, həqiqət sirrinə vaqif olmaq muradıyla yola çıxanlar adına arzumuz, sevdamız var. Bu müjdə, bu məktub, bu sevda gənc ürəklərdir. Ürəyini fəda edənlərə salam olsun!

Ey Anadolunun sinəsi dağlı övladı!

Gen ürəkləri şəhərin o biri ucundan qaçaraq gələn adamın hayqırışların bil! Hirada əks-səda qoparan və insanlığın vicdanına səslənən müqəddəs əmrin aydınlığına pərvanə olanları bil!  Daşlara müqaviməti, hüzuru, birlik ruhunu həkk edən Bilgə Kağanın vəsiyyətini bil. Sultan Alparslanın duası, Şeyx Ədəbalinin yuxusu, Osman bəyin döyüşünü bil! İyirmi bir yaşındaykən çağ açıb çağ sonlandıran dədəmiz Fatihin cahangir ruhu və ağlı, dünyanı tutacağına inanan Yavuzun cəsarəti, qanunlar yazan Süleymanın ədalət sirri, aləmə diz çökdürən Mustafa Kamalın milli mücadiləsini bil! Gənc ürəkləri Yunisin misralarında əks olunan eşqi, sevgini və tolerantlığı bil. Qaracaoğlanın, Dadaloğlunun, Aşıq Veysəlin, Neşet Ertaşın sazından qopan sevgisin, hayqırışın, baxışın və üsyanın bil! Mehmet Akifin iztirabın, şikayətin, əzəmətin, şeirin bil! Sən də bizə qoşul!

Bura ölkəsi, milləti, dövləti, vətəni, bayrağı, dəyəri, prinsipi üçün döyünən ürəklərin elm və bilik otağıdır. Birlik, bərabərlik, qardaşlıq, dostluq ocağıdır. Mədəniyyət, sənət, ədəbiyyat, fikir, elm məktəbidir. Oxuyan, yazan, düşünən, danışan, müzakirə edən, ortaya bir şey qoyan, mübarizə aparan azad ruhların öz evidir. Ulu çinarın kölgəsində xəyallar quran və məmləkət türküləri oxuyan aşıqların dost məclisidir. Bulaqdan çağlayan tərtəmiz su ilə yaşıllaşmış, bərəkətli torpaqların  bərəkətli qarışığıdır. Bayraq adamlara və onu yerə düşürtməyənlərə salam olsun!

Gəl, qardaşım! Bil, qardaşım!

Bu, millət və məmləkət üçün yaxşı işlər görmək uğrunda ümid, həyəcan, həvəs, sevgi  hiss edən, elm, hikmət, qardaşlıq duyğusu ilə bağlanan yeni gənçlik çatısıdır. Cənnət kimi gözəl Türkiyəmizin hər bölgəsindən, hər şəhərindən, hər qəsəbə, hər kəndindən, hər məhəlləsindən ürəklə gəlib yığışdığı, hər cür işlərinin dəyərləndirildiyi bir gənclik məktəbidir. Atelye, salon, səhnə və kürsüdür. Gəl əl-ələ, yan-yana, çiyin-çiyinə verək. Kitabın, qələmin, sözün, yazının bağçasından, əsrlərdən o yana ətri yayılan bir qırmızı gül diləyirəm. Həqiqətə  yetişmək arzusu ilə yola çıxanların ucalığına və müdrikliyinə çataq.

 

“Gelin tanış olalım,

İşi kolay kılalım,

Sevelim, sevilelim,

Dünya kimseye kalmaz.” (Yunus Emre)

                                 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

                                                         

 

 

 

 

 

 

Понедельник, 10 Март 2025 11:01

İki ən qatı düşməniniz – KİTAB BƏLƏDÇİSİNDƏ

İnci Məhəmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Daxili intizamın varlığı uğur təminatçısı olduğu kimi, onun yoxluğu da uğursuzluğun əsas səbəbidir. Onun yoxluğu bizi bəhanələr gətirməyə və özümüzü ucuz satmağa vadar edir. Uğur, xoşbəxtlik və nailiyyətin iki ən qatı düşməni Az müqavimətli yol və Səmərə Faktorudur.

 

Az müqavimətli yol, insanları istənilən vəziyyətdə daha asan olana qaçmağa vadar edən amildir. Biz hər bir işdə kəsə yol axtarırıq. İşə son dəqiqədə gəlirik və saat tamam olan kimi ofisi tərk edirik. Asan qazanc və tez varlanmaq yolları axtarırıq. Zamanla, zəhmət tələb edən lakin uğur üçün lazımlı işləri görmək əvəzinə asana qaçmağa adət edirik. 

 

Səmərə Faktoru isə Az müqavimətli yolun başqa bir forması olub, uğursuzluğa səbəb olaraq daha böyük fəsadlar törədir. Bu prinsipin məğzi: insanlar istədiklərinə nail olmaq üçün daha asan və qısa yollar axtararaq hərəkətlərinin nəticəsinin gələcəkdə nəyə səbəb olması haqda qətiyyən narahat olmurlar. Başqa sözlə, insanlar, lazım olanı etmək əvəzinə, asan, maraqlı və səmərəli görünəni edirlər. 

 

Hər gün və hər dəqiqə bizim daxilimizdə, lazımlı, düz, amma çətin olan işi görməklə, daha asan, maraqlı və heç bir faydası olmayan işi görmək arasında mübarizə gedir. Əldə edə biləcəyimiz uğurları qazanmaq istəyimiz həqiqidirsə, onda hər gün və hər dəqiqə Az müqavimətli yola tərəf axının qarşısını alaraq, özümüzü lazım olan işi görməyə vadar etməklə daxilimizdəki mübarizəni udmalıyıq.

 

Brayan Treysi /Bəhanələrə yox (“Daxili İntizamın Gücü”)

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

 

Sevinc hissi ilə sizləri "Sözlərin Sehri" hekayə yarışmasının qalibləri ilə tanış edirik! Bu yarış Life Academy platformasının rəhbəri Humay İsayevanın(Humay Həyatın) təşəbbüsü ilə həyata keçirilib. I yerin qalibləri - Könül Məmmədova və Fidan Xəlilova, II yerin - qalibi Xədicə Hacıyeva!

Bu gün 2-ci yerin  qalibi -   Xədicə Hacıyevanın" Sükutdan əbədiliyə" adlı hekayəsini təqdim edirik.

                                   Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Sükutdan əbədiliyə...

“Bilmirəm necə bașlayacağam, çünki mənim üçün çox çətindiryazmaq, hislərimi cümlələrə çevirmək, nə qədər ağır olsa da, amma bir yerlərdənbaşlamalıyam...”

Külək kəndin dar yollarında sərt əsirdi. Göydən süzülən yağış damlaları torpağaqarışdıqca, sanki təbiət də bir sirr danışmağaçalışırdı. Hər damla bir xatirəniyuyur, amma Novruzun adı yaddaşlardan silinmirdi.

O, hər kəsin tanıdığı, güvəndiyi, həyatı ilə mübarizə aparan, amma heç vaxtşikayət etməyən bir gənc idi. Kasiblığın ən çətin yollarından keçib gəlmişdi.Amma onun üçün yoxsulluq heç vaxt zəiflik deyildi. O, öz taleyini öz əlləri iləyazanlardan idi.

Uşaq yaşlarından hər şərəitdə işləməyə- torpağa, günəşə, yağışa alışmışdı.Meyvə yığar, satar, su daşıyar, günün istisində tarlada çalışardı. Soyuq, qar, yağış deməzdi. Onun soyuqda donan, günəşdən yanan əlləri, yağışda islanan ayaqları hələ uşaqkən həyatla mübarizə apardığını göstərirdi. Gecə yorğun düşsə də, səhər yenə məktəbə gedərdi. Onun o günəşdən yanmış üzü o qədər məsum, ümidli, həm də fikirli olurdu ki... Amma həmişə gözlərində birparıltı vardı—böyük arzuların parıltısı.

Novruz bir neçə dəfə bizimlə məktəbdən evə doğru gəlmişdi. O, çox mehriban,sakit təbiətli bir uşaq idi, amma ürəyi zarafatla, gülüşlə dolu idi. Hər zamanətrafındakılara sevinc gətirir, məzəli sözləri ilə bizi güldürməyə çalışırdı.Sən demə, onun öz dünyası varmış, sehrli, sirli, rahat, isti,”həyatdan uzaq” dünyası. Onun heyvanlara olan sevgisi də bir başqa cür idi—səmimi, qayğıkeş, saf… Novruz nəinki sahibsiz heyvanlara yemək verər, yaralı quşları əlləri ilə sağaldar, hətta meşədə tənha qalmış balaca canlını da qoruyardı. Amma ən çox sevdiyi, sanki ruhunun bir parçası olan iti idi—balaca, ipəksayağı tükləri olan sadiq dostu. Hər axşam onu sığallayaraq, -Sən də mənim kimi güclü olmalısan,- deyərdi.

İti də ona isinişmişdi, sanki sahibinin içindəki fırtınaları duyurmuş kimi başını Novruzun dizlərinə qoyar, gözlərini yumub sakitcə mırıldayardı. Novruz əlini onun tükləri arasında gəzdirdikcə, bəlkə də, bütün çətinliklər, həyatın amansız sınaqları bir anlıq unudulurdu. O və iti—iki səssiz dost, iki əbədi sirdaş…

İdmanı çox sevirdi, cüdoya gedirdi, onun üçün çox mükəmməl bir hobbi idi. Hər yarışda birinci olurdu. Amma o, öz medallarını divara asıb fəxr edə bilmirdi, heç vaxt öyünməzdi, daima çalışardı. Çünki onun üçün qələbə bir mərhələ idi—ardınca başqa mübarizələr gəlirdi. Və o mübarizələrdən biri əsgərlik oldu.

İlk dəfə çağırış mərhələsi zamanı həkimlər ona baxıb yoxlayan zaman başlarını buladılar.

-Çox arıqsan, sənin xidmətin mümkün deyil.

Amma Novruz ruhdan düşən deyildi. Axı o, həyat boyu bütün çətinliklərə inadla sinə gəlmişdi. Daha çox mübarizə aparırdı, daha çox çalışırdı.

Gecələr pəncərədən ulduzlara baxırdı. İçindən keçən arzuları bilmək çətin deyildi — o, Vətənə xidmət etmək istəyirdi.

Nəhayət, çəkisini artırmağa da nail oldu, onu əsgər apardılar. Dərhal da müharibə şəraitinə görə ön cəbhəyə yol alası oldu. Döyüş meydanına yollandı. Həyatın sərt üzünü görmüşdü, amma bu, onun ruhunu sındırmırdı.

Qış gəldi. Ona məzuniyyət verdilər. Kəndə qayıdanda hər kəs hiss etdi ki, o əvvəlki Novruz deyildi. Daha çox susurdu. Daha çox insanlara baxdıqca fikrə dalırdı.

Anasının əllərindən bərk-bərk tutdu, atasının gözlərinə uzun-uzun baxdı. Nə isə ürəyinə damıbmiş kimi, -Halallıq verin, -dedi.

Sonuncu dəfə kəndin yollarında addımladı. Son dəfə uşaqlıq dostları ilə oturdu. Son dəfə tanıdığı hər kəslə, müəllimləri ilə vidalaşdı.

-Tezliklə görüşərik, -dedi.

Amma bir daha heç vaxt qayıtmayacaqdı…

Aprelin 2-si…

Kəndə qayıdırdım. Yol boyu sükut çökmüşdü. Dayanacaqda dayandım. Birdən kimsə pıçıldadı:

-Mahnıları söndürün…

Səsim titrədi:

 - Niyə?..

- Şəhidimiz var…

Ürəyim sanki sıxıldı. Soruşdum:

-Kimdir?..

Adını eşidəndə dünya sanki dumanlandı. Bir addım belə ata bilmədim. Yağış yağırdı. Amma bu dəfə o, torpağa can vermirdi. Bu dəfə yağış yas tuturdu…

Evimə çatanda hələ də inanmırdım. Bəlkə, sadəcə yuxudur? Bəlkə, səhv var?

Amma kənddəki sükut hər şeyi deyirdi. Onun yenicə qazılan məzarı mənə həyatın reallığın göstərdi. Yox, yox , yuxu deyil, ”şəhidlər həqiqətən seçilmiş olur” –“hər şeyi” daha yaxşı başa düşdüm.

Novruz qayıtmışdı… Lakin bu dəfə onu tabutda gətirmişdilər. Bayraq çiyinlərdə titrəyirdi. Onun adı fəryadlarla deyilirdi. Anası torpağı qucaqlamışdı, atası susmuşdu.

Kəndin səması qapqara idi. Sanki günəş də gizlənmişdi. Novruzun kəndə gətirildiyi saatlar səma da onun üçün ağlayırdı. Yağış dayanmadan yağırdı. Onun anasının fəryadı kəndin hər küncünü bürümüşdü. Bu mənzərəni xatırlamaq belə insanın qəlbini parçalayar.

Pəncərədən onun bayrağa bükülmüş tabutunu gördükdə gözümdən sadəcə isti yaş axdığını hiss etdim. Heç nə hiss edə bilmirdim, ağlaya bilmirdim, gözümün qarşısında nə əziyyətlərlə böyüyən uşaq indi bayrağa bükülmüşdü.Bəlkə də çoxumuzun bəyənmədiyi həyatı Novruz yaşaya bilməmişdi. Həqiqətən  bunu düşünmək məni çox yandırırdı.

Şəhid xəbərindən sonra onun bir șəkli gözümün önündən getmir, uzunqulaq üstündə çəkilmiş uşaqlıq şəkli. Bu şəkil onun sadə, amma zəhmətkeş həyatının simvolu kimi yaddaşıma həkk olunub. Onun uşaq ikən çəkdiyi əziyyətləri düşünmək bu gün də məni dərindən sarsıdır. Anasına, onun daim yanında olacağına, gözəl, isti bir evdə, rahat bir həyat yaşadacağına söz vermişdi. İndi özü

elə bil ali zirvədədir ki... Dediyi sözləri əməl etdi, amma yanında olmadı, ola bilmədi...

Hər dəfə Novruzun həyatı haqqında düşünəndə ona cənnətdə doyunca yemək, isti geyim və rahatlıq bəxş edildiyini düşünürəm. Çünki o, həyatı boyunca çox əziyyətlər çəkdi, uşaq yaşlarından günəşin altında əlləri işləməkdən qabar oldu, yeri gəldi, yağışda, qarda üşüdű, ayağı islandı, bəzilərimizin bəyənmədiyi, israf etdiyi qidaların heç birini dadmadı, amma heç vaxt şikayət etmədi.

İndi onun evində onun adına bir otaq var. Amma bu otaq nə qədər dolu olsa da, ürəklərdə yaranan boşluğu doldura bilmir.

Novruzun qardaşı da indi vətəni qoruyur. Amma Novruzun yeri heç vaxt dolmayacaq, o sadəcə ailəsi üçün deyil, həm də bizim üçün əvəzedilməzdir.

Bir oğul tabutuna gücü yetməyən atası tez-tez məzarının başına gedir, göz yaşları ilə şəklini qucaqlayır, torpağı sığallayır, şeirlər yazır.

O, artıq cismən bizimlə deyil. Onun gəlişini gözləyən küçələr boş qalıb. Onun qaçışlarını görməyən yollar səssizdir.

Amma o, ruhən həmişə bizimlədir. Hər səhər sübh çağı, ilk işıq düşəndə, külək kəndin yollarında əsməyə başlayanda—o, bizimlədir.

Novruzun dəfn olunduğu yer, şəhidlik zirvəsinə yüksəlmiş ən müqaddəs məkanlardan biridir -Abuşov Bəhruzun məzarı yanındadır. O, Vətən uğrunda 19 yaşında səhid olaraq əbədiləşdi, gənc yaşında belə böyük bir qəhrəmanlıq göstərdi. Kədər içində, amma qürurla qarşılamalı olduğumuz bir şəhid idi.

Şəhidlərin məzarı başında dedilər: ”Şəhid Bəhruz Abuşov, körpə șəhidimizi- Novruzu qarşıla, onu tək qoyma”

İndi kəndə gəldiyimdə onu yollarda görmürəm. O, bizə gələndə, su götürmək üçün gələndə qarşılaşdığımızda həmişə gülərüz və enerji ilə dolu olurdu. Amma indi, Novruzdan sonra, o yolda heç bir iz qalmayıb, su aparmağa gələn də, qaçan da yoxdur...

Kəndə onun gəlişini gözləyirik, amma heç vaxt o, gəlməyəcək. Novruz şəhid oldu. Amma unutmadıq…

O, bir ad deyil. O, bir hekayə deyil. O, bir qəhrəmandır. Və qəhrəmanlar heç vaxt ölmür.

Novruz Niftalıyev sən bizim ideal qəhrəmanımızsan. Sən öz həyatınla və şəhadətinlə hər birimizə iradə, cəsarət və ədalət dərsi verdin. Bizim yaddaşımızda, mənim qəlbimdə, mən hər zaman var olduqca ucalıqda, əbədi yaşayacaqsan,!

“Bu hekayə real hadisələrə əsaslanır”

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.