
Super User
TƏLƏBƏ YARADICILIĞI – Fərasət Babazadənin "Qırmızı cild" hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı TƏLƏBƏ YARADICILIĞI rubrikasında ötən ay debütünü maraqla qarşıladığınız Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası tələbəsi Fərasət Babazadənın növbəti hekayəsini təqdim edir: "Qırmızı cild" hekayəsini.
Fərasətin bu hekayəsi də kifayət qədər dolğundur, hətta deyərdik ki, peşəkarlıqla yazılıb. Düşünürük ki, ədəbiyyata yüni imza gəlmək üzrədir.
Uğurlar, Fərasət bəy.
Qız səhər saatlarında universitetə yollandı. Küçələr səssiz idi, yalnız uzaqdan maşınların səsi eşidilirdi. Yolun kənarında bir qoca, boz gödəkçəsinin yaxasını qaldırıb, qara-qara düşüncələrə dalmışdı. Onun yanında yerə səpələnmiş kitablar vardı. Bəziləri köhnə, saralmış vərəqləri ilə çox oxunduğunu göstərirdi, bəziləri isə tərtəmiz, sanki heç toxunulmamışdı.
Qız addımlarını yavaşlatdı. O qocanın hansı dərdi vardı görəsən?
Yaxınlaşanda kitabların arasında iri, qırmızı cildli bir kitab diqqətini çəkdi. Yavaşca kitabın adını oxudu, amma heç nə demədən yerinə qoydu və yoluna davam etdi.
Növbəti günlər hər şey öz axarınca getməkdəydi. Lakin bu qırmızı kitab yaddaşına bir iz salmışdı. Hər səhər keçəndə gözləri həmin kitabı və qocanı axtarırdı. Bu baxışlar boşuna deyildi. Onun içində nə isə qopurdu, qırmızı cildin içində gizlənən naməlum sirr onu çəkirdi.
Bir gün yanında rəfiqəsi ilə eyni yoldan keçərkən, yenə kitabların arasında həmin kitabı gördü və bir anlıq dayandı. Rəfiqəsi onun baxışlarını izləyib astadan soruşdu:
— Sən Yusif müəllimi tanıyırsan?
Qız baxışlarını kitaba dikili saxlaya-saxlaya başını yellədi.
— Yusif əmi köhnə müəllimlərdəndir, — deyə rəfiqəsi davam etdi, — Çox savadlı idi, bir zamanlar tələbələri ona pərəstiş edirdi. Amma indi yaşlanıb, artıq əvvəlki kimi gücü qalmayıb. Ailəsinin maddi vəziyyəti də yaxşı deyil deyirlər... Bu üzdən də o, ən qiymətli varidatı olan kitablarını satmağa başlayıb.
Qızın gözləri hələ də qırmızı cilddə idi. Onun içində nə vardı? Qoca müəllimin ömründən nələr danışırdı bu kitab?
Sanki yollar davam etsə də, qızın ürəyində nə isə yarımçıq qalmışdı. Bəlkə bu kitab onun yaddaşında yox, ruhunda iz buraxacaqdı...
Günlər bir-birinin kölgəsi kimi ötüb keçirdi. Səhərlər eyni idi, yollar eyni, hətta düşüncələr də... Qız hər gün eyni küçədən keçir, eyni baxışla kitablara nəzər salır və sonra yoluna davam edirdi. Amma indi onun içində fərqli bir pıçıltı vardı: "Qırmızı kitab satılsa, ay sonunda gözlədiyim mükafatı alacağam."
Bu fikir artıq beynində sadə bir düşüncə yox, bir hökmə çevrilmişdi.
Qız bu müddət ərzində dayanmadan çalışdı. Gözlərində yorğunluq vardı. Günlər bir-birini əvəz edirdi, lakin onun üçün zamanın anlamı dəyişmişdi. Kitabxananın sakit divarları arasında saatlarla qalır, səhifələrin arasına qərq olurdu.
Bəzən kitabxanadan çıxanda hava artıq qaralmış olurdu. Küçələrdə işıqlar yanır, insanlar evlərinə tələsirdi. Amma o, hələ də beynində vərəqlədiyi kitabların sətirləri ilə addımlayırdı. Bəzən isə otağının dörd divarı arasında gecə yarılarını keçirirdi. Lampa işığında açıq qalan kitablar, üst-üstə yığılmış qeydlər və yorğun gözlər... Ağılda tək düçüncə: "Qırmızı kitab satılsa, ay sonunda gözlədiyim mükafatı alacağam."
Onun bütün həyatı bir hədəfə – o mükafata yönəlmişdi. Amma o, düşünmürdü... Düşünmürdü, bu yolda nəyi qurban verdiyini, hansı hisslərini səssizcə itirdiyini...
Kitabxanadan çıxanda hava artıq qaralmışdı. Küçələrin sakitliyini yalnız yağışın astaca döyəclədiyi səki daşları pozurdu. O, paltosunun yaxasını qaldırıb addımlarını sürətləndirdi. Lakin nəsə qəribə idi. Həmişəki yerdə nə qocanı gördü, nə də yerdə yığılmış kitabları.
Sanki heç olmamışdılar. Sanki bu küçədə heç vaxt bir qoca oturub düşünməmiş, qırmızı cildli kitab heç kimin gözündə diqqət çəkməmişdi. Qızın beynində bir sual fırtına kimi qopdu: Bütün bunlar həqiqətən baş vermişdimi, yoxsa yorğunçuluqdan beyninin ona oynadığı bir oyunun içində itmişdi?
O, həqiqətən o kitabın adını oxumuşdu? Həqiqətən həmin qocaya baxıb düşünmüşdü? Yoxsa bunların hamısı onun şüurunun yuxu ilə gerçəklik arasında qurduğu bir xəyal idi?
Ancaq suallar yağış damlaları kimi bir-birinin ardınca düşsə də, cavablar yox idi. Qız onları boş verib yoluna davam etdi. Yağış paltarını isladır, ayaq altındakı daşlardan əks-səda verən addımları özündən uzaqlaşırdı. Bəlkə də hər şey gerçək idi. Bəlkə də heç nə real deyildi.
Otağına çatanda hər şey susdu. Çarpayısına uzanıb tavana baxdı. Gözləri hər hansı bir cavab tapmaq ümidi ilə hərəkətsiz tavana zilləndi. Son gecə idi. Göz qapaqları ağırlaşdı. Zaman səssizcə axdı və o, fərqinə varmadan yuxuya getdi...
Ay sonu gəldi. Konfrans başa çatdı. Siyahıdakı adlar açıqlandı. Tələbələrin üzündə təbəssüm vardı, sevinc içində bir-birlərinə sarılırdılar. Amma o qız... O, nə qazandığını, nə itirdiyini tam anlaya bilmirdi. Əlindəki mükafat kağızı sanki bir zamanlar vacib olan, amma indi əhəmiyyətini itirmiş bir əşya idi.
Günlər yenə keçdi. Küçə eyni idi, amma indi o yolu keçənlərdən heç biri kitabları saymırdı. Hətta qırmızı kitabın olub-olmaması da artıq kimisə maraqlandırmırdı. Daha onun digər kitabların yanında qaldığı müddəti hesablayan yox idi.
***
Bir gün bir adam kitablara doğru yaxınlaşdı. O, iri həcimli, köhnə vərəqləri olan qırmızı cildli kitabı əlinə aldı. Barmaqları səthində gəzdi, köhnə vərəqlərin arasında itirilmiş zamanları vərəqləyirmiş kimi. Sonra bir müddət susdu.
Kitabı alıb ödənişi etdikdən sonra onun son səhifəsini açdı. Səhifədə bir cümlə vardı:
"Vəd öncə ümidləri, sonra isə sevgini, hörməti, güvəni öldürər... Sonra öyrənirsən ki, baş verərsə, dözə bilməyəcəyini düşündüyün hər şeyə dözə bilərsən."
Adam uzun müddət kitabın son səhifəsinə baxdı. Sonra başını qaldırıb göyə nəzər saldı. Həmin an qızın addımladığı küçədə, səki kənarında, haradasa bir köhnə müəllim nəfəsini dərin alıb yavaşca buraxdı...
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Xalqına, millətinə kamanı ilə xidmət edən ŞƏFİQƏ EYVAZOVANIN DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Martın 9-u kamançaçalan, xalq artisti Şəfiqə Eyvazovanın 78 yaşı tamam oldu. Bu münasibətlə araşdırma aparıb, onun haqqında nəsə bir təbrik yazısı qələmə almaq istəyirdim. Araşdırma zamanı əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Flora Xəlilzadənin "Simlərdən süzülən duyğular" adlı bu yazısı qarşıma çıxdı. Çox dolğun və gözəl yazı olduğu üçün yazmaq fikrindən daşınıb, həmin yazını sizinlə də bölüşməyi qərar verdim. Flora xanım bu yazını 2013-cü ildə sənətkarın 66 yaşı olarkən ərsəyə gətirsə də, yazı bu gün də öz təravətini itirməyib.
Düşünürəm ki, bundan gözəl yazı yazmaq qələmlə mücadiləyə çıxmağa bərabərdir...
SİMLƏRDƏN SÜZÜLƏN DUYĞULAR
Əməkdar jurnalist Flora Xəlilzadə
Kamanı ilə dinləyicilərin məhəbbətini qazanan, qeyri-adi ifa tərzi ilə fərqlənən xalq artisti Şəfiqə Eyvazova 50 ildir ki, professional sənətdədir. Seçilən bir tale yaşayan Şəfiqə Eyvazova kamana könül bağladığı gündən onun simlərində elə bir möcüzə yaratdı ki, hətta üzünü görmədən də belə musiqinin ahəngindən ifaçının kim olduğunu demək mümkündür. Əgər ustad Habil Əliyev kamançanın tarixində yeni bir eranın başlanğıcını qoydusa, Şəfiqə Eyvazova da bu alətdə qadınlar arasında ilk ifaçıdır ki, özünəməxsusluğu və zərifliyi ilə fərqləndi. Kamanla ünsiyyət bağladığı gündən unudulmaz bəstəkarımız Cahangir Cahangirovun musiqilərini dərindən sevən, onun əsərlərini ürəklə, valehedici bir ahənglə ifa etməyi özünə borc bilən Şəfiqə Eyvazova həqiqətən, bu qədim musiqi alətinin vurğunudur. Özünü kamançasız təsəvvür etmir. Əslində, onların ailəsi elə kamança çalanlardan ibarətdir.
Həyat yoldaşı Arif Əsədullayev respublikamızın əməkdar incəsənət xadimidir. İllərdir ki, müxtəlif ansambllarda kamançası ilə fəaliyyət göstərir. Qızı Mehri xanım anasının saldığı cığırda mətin addımlarını atır. Bəzən onların ifalarını bir-birinə qarışdıran da olur. Çünki ana-bala doğmalığı musiqidə də özünü göstərir.
Xəyalımdan çəkilməyən bir xatirə var. Ötən əsrin 80-ci illərində indiki Heydər Əliyev Sarayında Zeynəb Xanlarovanın konserti keçirilirdi. O vaxt bu böyük sənətkarın konsertinə düşmək çox çətin idi. Kassada bilet tapılmazdı. Möhtəkirlər əvvəlcədən biletləri əldə edərək yüksək qiymətə musiqisevərlərə satırdılar. Yadımdadır, biz də o vaxtkı əlli rubla bilet alaraq tamaşaçı olmaq sevincini yaşamışdıq. Zeynəb Xanlarova Azərbaycan səhnəsinə elə bir şuxluq və gözəllik gətirmişdi ki, onun mahnılarından doymaq olmurdu. Gül-çiçəyə qərq olmuş müğənnimiz üzünü salona tutaraq bildirdi: "Mən gedim yükümü boşaldım (qucağındakı gül dəstələrini nəzərdə tuturdu - F.X.), siz də dağlı qızımızın kamanına qulaq asın". Mən Şəfiqə Eyvazovanı səhnədə ilk dəfə onda gördüm. Radiodan, televiziyadan çaldığı musiqilərə çox qulaq asmışdım. Bu dəfə o, bizi "Şur"un sehrinə saldı. Hələ də o musiqinin ahəngindəki məlahət, həzinlik, qəlbə sirayətedici məqamlar qulaqlarımdan çəkilməyib. Şəfiqə xanım səhnədə bir möcüzə yaradırdı. O anda mənə elə gəlmişdi ki, kamanla Şəfiqə xanım birləşərək qeyri-adi bir varlığa çevriliblər. Onları bir-birindən ayırmaq mümkün deyildi. Kaman bu xanımın ürəyindən keçən duyğuları öz simlərində aləmə yayırdı. Bir də onda ayıldıq ki, Zeynəb xanım Şəfiqə Eyvazovanın yanında dayanaraq razılıqla başını yırğalayır və üzünü tamaşaçılara tutaraq: "Ayılın, mənim əzizlərim, bu gözəl qızımızı alqışlayın!" Elə bil ki, insanlar kamandan qopan təranələrin ahənginə qoşularaq uzaqlara qanadlanmışdılar. Özümüzə gələndə alqışdan qulaq tutulurdu.
Şəfiqə Eyvazova baharın ilk ayında Bakıda anadan olub. Özü belə söyləyir: "Əslində, 8 martda doğulmuşam. Amma pasportuma 9 rəqəmi düşüb. Deyirlər, mən anam üçün taleyin töhfəsi olmuşam. Uşaqlıqdan musiqiyə böyük həvəsim, marağım, məhəbbətim olub". Elə bu niyyətlə də orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illər Teleradio Verilişləri Şirkətinin Xalq Çalğı Alətləri Orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın solisti olub. İlk solo konsertləri ilə tamaşaçı qarşısında çıxış edəndə Şəfiqə Eyvazovanın 18 yaşı vardı. Kamanda ifa etdiyi "Rast", "Çahargah", "Rahab", "Şüştər", "Şur" və s. muğamlar musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanır. Mütəxəssislər də Şəfiqə Eyvazovanın sənətini yüksək qiymətləndirərək onun haqqında xoş sözlər deyirlər. Kaman ustası muğamlarla bərabər, həm Azərbaycanın, həm də xarici ölkə bəstəkarlarının yaradıcılıqlarına tez-tez müraciət edir. Hələ sovet dövründən başlayaraq bu azərbaycanlı qızın böyük məharət və məhəbbətlə ifa etdiyi kamanın xoş sədaları bütün dünyanın möhtəşəm səhnələrindən eşidilib. Özü də hərdən zarafatla söyləyir ki, mən dünyanı bir neçə dəfə dolaşmışam. Vaxtilə SSRİ xalqlarının folklor musiqi festivalında, dünya musiqişünaslarının beynəlxalq simpoziumunda, eləcə də UNESCO-nun xəttilə ABŞ-da keçirilən Şərq xalqlarının musiqi folkloru festivalında uğurla iştirak edən Şəfiqə Eyvazovanın sənət dünyası çoxunu heyrətə gətirdi. Bir sıra xarici ölkələrdə - İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s. yerlərdə qastrol səfərlərində olan Şəfiqə Eyvazovanın kamanı həmişə heyranlıqla qarşılanıb. Dövlət müstəqilliyimizin bərpasından sonra bu kaman ustadının yaradıcılıq coğrafiyası daha da genişləndi. Bu gün fəxrlə deyə bilərik ki, Şəfiqə Eyvazova 2003-cü ildən Türkiyənin "Tekşen-Kara Dəniz" Simfonik Orkestrinin solistidir. Onun ifasında yeni zirvə tapan "Şur", "Şüştər", "Rahab" və bir çox digər muğamlar Azərbaycan Radiosu və Televiziyasının Qızıl Fondunda qorunur.
O, öz sehrli musiqisi ilə böyük sənətkarları da müşayiət edib. Bu gün həmin insanları xiffətlə xatırlayan Şəfiqə Eyvazova söyləyir: "Elə mahnılar var ki, onları eşidəndə çox kövrəlirəm. Çünki vaxtilə bu şərqiləri mən özüm də çalmışam. Kimlərin səsləri yada düşmür? Şövkət Ələkbərova, İslam Rzayev, Gülağa Məmmədov, Rübabə Muradova, Qulu Əsgərov... Allah canını sağ eləsin, Elmira Rəhimova... Bilirsiniz, bu sənətkarların sənətə məsuliyyəti biz musiqiçilərə də xoş təsir bağışlayırdı. Onların həm ifa tərzi, həm səsləri, həm səhnə və özünü apara bilmək mədəniyyətləri, necə deyim sizə, nümunə idilər. Onlardan həmişə öyrənmək gərəkdir".
Xalq artisti Arif Babayev Şəfiqə xanım haqqında böyük ehtiramla danışdı: "Mən onun xətrini çox istəyirəm. Dəfələrlə birlikdə xarici ölkələrə qastrol səfərlərinə getmişik. Çox abırlı, məsuliyyətli, sənətə bağlı və həssas xanımdır. Şəfiqə Eyvazova həm də kamança çalanlar arasında yeganə ifaçı qadındır ki, istər özündən əvvəl yaşayıb-yaratmış instrumental ifaçıları, istərsə də müasirlərini heç zaman təqlid etməmişdir. O, özünəməxsus ifaçılıq ənənəsini yaratmış, ardınca yüzlərlə gəncə bu sənəti sevdirmişdir. Ondakı musiqi duyumu çox güclüdür. İllər boyu öz ifası ilə sübut etdi ki, bizim qadınlar da kamançada necə çala bilərlər və heç də kişilərdən əskik deyillər. İfaçılıq sənətinə özünəməxsus tələbkarlıqla yanaşan Şəfiqə Eyvazova həm də bir daha təsdiqlədi ki, musiqi ifaçılığında qadın-kişi söhbəti yoxdur, sənətkar var. Dünyanın müxtəlif ölkələrində musiqimizi birlikdə təmsil etmişik. Hər dəfə də şahidi olmuşam ki, dilimizi bilməyən, sözümüzü anlamayan əcnəbilər bizim bu xanım ifaçının çalğısını necə rəğbətlə alqışlayıblar.
Musiqi sahəsindəki göstərdiyi böyük xidmətlərlə yanaşı, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışan Şəfiqə Eyvazova həm də pedaqoji fəaliyyətlə məşğuldur. Qırx altı ildir ki, müəllim işləyir. Tələbələrinin sorağı müxtəlif yerlərdən gəlir. "Mən həmişə onlarla fəxr etmişəm" - söyləyən Şəfiqə Eyvazova böyük məhəbbət və ehtiramla tələbəsi kaman ifaçısı Munis Şərifovun adını çəkir. Bu gün öz çalğısı ilə tamaşaçı məhəbbəti qazanan Mehri Əsədullayeva da ikiqat sevinc içindədir. O, həm bir ana, həm də bir müəllimi kimi Şəfiqə Eyvazova sənətinin ustad davamçısıdır. "Sənətkar qızı olmaq nə qədər xoşbəxtlikdirsə, bir o qədər də məsuliyyətlidir, çətindir. Mən konservatoriyada oxuyanda tələbə yoldaşlarımdan fərqli olaraq bir qorxu içində idim. Çünki bütün hərəkətlərimdə, dərslərə hazırlaşmağımda, sənətə bağlılığımda təkcə öz adım deyildi, anamın da ismi vardı. Çalışırdım ki, bütün etimadları doğruldum. Bəzən uşaqlar dərsdən yayınıb kinoya, hansısa bir tədbirə gedəndə mən bu "azadlıq"dan məhrum idim. Anamı sevirdim, ona hörmət edirdim, nəvazişindən ötrü ürəyim gedirdi, amma danlağından da çox qorxurdum. Ona görə də bütün tələbəlik dövrü və elə sonra da ona çalışmışam ki, anamın onsuz da ciddi olan simasında bir narazılıq duyulmasın. Xoşbəxtəm ki, həm övlad, həm də tələbəsi kimi mən onun etimadını doğrulda bildim".
Əlbəttə, kamançada çalanlarımız çox olub. Sənətin fədailəri arasında hər kəsfin öz yeri var. Şəfiqə Eyvazova o qüdrətli sənətkarlardandır ki, orta əsrlərdən üzü bəri təriflənən, klassik ədəbiyyatda adı tez-tez çəkilən kamançanın tarixində bir qadın ifaçı kimi öz möhürünü vurdu. Onun avazına yeni xallar, rənglər, ovqatlar, duyğular qatdı. Bu, hər kəsə nəsib olan sənət uğuru deyil ki, çalğısının ilk təranələrindən kamanı dilləndirənin məhz Habil Əliyev, yaxud da Şəfiqə Eyvazova olduğunu dərhal hiss edəsən. Bu şəxsiyyətlərin bir özəlliyi də ondan ibarətdir ki, adi çalğıçı kimi məşhurlaşmadılar. Habil Əliyev də, Şəfiqə Eyvazova da muğamın xarakterinə uyğun bir hekayət yaratdılar. Şəfiqə Eyvazovanın kamandakı möcüzəsinə qulaq asanda adama elə gəlir ki, eşitdiyin o sədalar öz ürəyinin pıçıltılarıdır. Özünəməxsus ifa tərzi ilə seçilən və pərəstişkarlarını sehrləyən xalq artisti Şəfiqə Eyvazova yalnız dinləyiciləri, tamaşaçıları deyil, öz həmkarlarını da valeh edən ustaddır. Bu xanımın Azərbaycan mədəniyyətinin inkişafında öz xidmətləri var. İllərdir ki, ürəyinin səsini kamanda dilə gətirərək bizi ovsunlayır. Əslində, Şəfiqə Eyvazovanın kamanından qopan o ilahi sədalarda dünənimizin nisgili, bugünümüzün ovqatı, sabahımızın ümid dolu anları var.
Şəfiqə Eyvazova çox sevdiyi "Rahab"ı çalırdı. Bu ağırtaxtalı xanımın zərif ruhundan qopub simlərdən haraylanan duyğularında bir insanın şərəfli ömrü boylanırdı. Əlli ildir ki, o, öz kamanı ilə arzu və istəklərini dilə gətirir. Əlli ildir ki, Şəfiqə Eyvazova xalqına, millətinə kamanı ilə xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Mikayıl mələk adıdır... – JURNALİSTİN YUBİLEYİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ozündən böyük bacı və qardaşları, valideyinləri də texniki sahələrdə çalışıblar. Necə deyərlər, onadək nəslində humanitar sahədə çalışan olmasa da, nədənsə onda yazı-pozuya həvəs olub. Elə ona görə də, orta məktəb dövründən yazı-pozu ilə məşğul olmağa başlayıb və mütəmadi olaraq mətbuat orqanlarında çıxış edib. 1988-ci ildən bu günə qədər isə tam mətbuat sahəsində çalışır. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiri işləyir...
Söhbət əməkdar jurnalist Quliyev Mikayıl Nəriman oğlundan gedir. O, 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İndiyədək "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. Və əmək fəaliyyətinə 1988-ci ildə "Zavod həyatı" qəzetində başlayıb. 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub. Milli komanda ilə bağlı çəkilən bir neçə televiziya filminin ssenari müəllifidir. 1989-cu ildən SSRİ, Azərbaycan müstəqillik qazandıqdan sonra isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. 1983–85-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ermənilərə qarşı döyüşlər vaxtı (1993–1994-cü illər) hərbi müxbir kimi milli orduda xidmət edib. Müharibə veteranıdır. "Zəngilanın süqutu" kitabının müəllifidir...
Deyir ki:- “Yurd həsrəti dünyanın ən ağır dərdidir. Bu ağrı ilə nəsibimizə yazıldığından həyatımızın hər anını o torpaq harayı ilə yaşamışıq. Səhərlər gün işığında, gündüzlər xatirələrimizdə, axşamlar xəyalımızda, gecələr yuxumuzda düşmən tamdağında olan torpaqlarımızda gəzmişik. Bir an belə yolumuzu, izimizi, cıxırımızı, gülümüzü, otumuzu, susuzluqdan quruyan ağaclarımızın budağını, çör-çöpümüzü belə unutmamışıq. Daxilən yana-yana, kömürə dönüb kül olana qədər sızlamışıq. Bu gün haqq dünyasında olan valideynlərimizin qaysaq bağlamayan yaralarının ah-naləsində yanmışıq. Anamın atama ehtibar etdiyi evimizin imdad dilyən açarının harayından qovrula-qovrula qalmışdıq. Yurd dərdi qəddimizi əymişdi. Uşaq vaxtı gəzdiyimiz, oynadığımız torpaqlar, başına fırlandığımız və budaqlarını sındırdığımız ağaclar, əzdiyimiz otlar, qırdığımız kol-kos üçün darıxmışdıq. Torpaqdan güc almaq hissiyyatımızı itirmişdik, yurdda qalan xatirələrimizi danışmaqdan usanmışdıq. Havasına, suyuna, torpağına əsir kimi möhtac idik. Dünyasını dəyişənlərimizin son arzuları qarşısında acız qalmışdıq. Şükür Allaha prezident, Ali baş Komandan İlham Əliyevin Azərbaycan tarixinə bəxş etdiyi qəhrəmanlıq salnaməsi nəticəsində işğal altında olan torpaqlarımızın azad olundu. Bu torpaqlar arasında digər rayon və kəndlərimizlə yanaşı, Zəngilan rayonunun da adının çəkilməsi həyatımı bir an içərisində dəyişdi. Artıq yurd həsrəti tarixdə qaldı.”
Çox dinamik və enerjili adamdır. Xoş aurası ilə insanlarda şəfqət hissi oyada bilir və əziyyət çəkən adamlar ona ürək açmaqda çətinlik çəkmirlər. İntuitiv düşünmə tərzi var, bədii təxəyyülü çox güclüdür. Səxavətli, qayğıkeş, son dərəcə sadiq və qayğıkeşdir. Emosialarını vaxtında cilovlamağı bacarır. Dostları arasında müdrikliyi ilə tanınır. Tənqid edib qəlb qırmağı xoşlamır. Səhvləri insanlıq halı kimi qəbul edir və onları tez də bağışlayır...
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədov onun haqqında yazır:
“Ermənistan Azərbaycana qarşı elan etmədən ədalətsiz müharibəyə başlamısdı. Əraziləri camaat, ordu hissələri, milis dəstələri müdafiə edirdi. Xarici havadarlarından kifayət qədər hərbi dəstək alan düşmənin hücumlarının, həmlələrinin qarşısı cəsarətlə, qətiyyətlə alınırdı. Bu döyüşlər haqqında informasiyalar xalqın inamına güvən ola bilərdi, olurdu. Ona görə də müxtəlif mətbu orqanların əməkdaşları kimi, o vaxt "İki sahil" qəzetinin əməkdaşı olan Mikayıl Nərimanoğlu da cəbhə bölgəsindən məlumatlar, reportajlar hazırlayırdı. O, həm bir jurnalist kimi, həm də bir zəngilanlı kimi Zəngilanı müdafiə edənlərə "söz havadarı" olmağa gedirdi...”
Mikayıl mələk adıdır. Son nəfəsinədək bu müqəddəs adı daşıyacaq qəhrəmanımın martın 9-u 60 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Bu gün Milli Teatr Günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün martın 10-dur və bu tarixin Azərbaycan mədəniyyətində xüsusi adı var - Milli Teatr Günü. Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Gəlin bu yola birlikdə nəzər yetirək.
Bu yola nəzər yetirməzdən öncə isə bir xatırlatma edək ki, Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
İndi isə vəd etdiyimiz tarix barədə.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.
Və təbii ki, Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub.
O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Cahangir bəy Zeynalov, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında Sovet dönəmi bir ayrı, müstəqillik dönəmi bir ayrı rol oynayıb.
Son illərdə isə milli teatrımız inkişafında yeni mərhələyə qədəm qoyub ki, bu da özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir.
Ulu Öndər Heydər Əliyev hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.
Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
Azərbaycan teatrının uğurları qarşıdakı illərdə də artacağına hər birimiz inanırıq.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Milli Tеatr Günü münasibətlə Milli Kitabxanada sərgi açılıb
10 mart Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir. Bu münasibətlə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edən “10 mart - Milli Tеatr Günü” adlı geniş kitab sərgi istifadəçilərə təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Azərbaycan teatrının tarixi, təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi, elmi-nəzəri prinsipləri, sənət ocaqlarının fəaliyyəti, görkəmli, məşhur, unudulmaz, fədakar teatr xadimləri, səhnə fədailəri və s. haqqında, müəlliflərin apardıqları elmi-nəzəri teatrşünaslıq araşdırmaları Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, XIX əsrin ikinci yarısında Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin parlaq, eyni zamanda, şərəfli səhifəsidir. 1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsəri Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən "Nəciblər klubu"nda oynanılıb və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyulub.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə simaları yetişib.
Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
Ağdamda “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ötən gün, martın 9-da Ağdam Muğam Mərkəzində “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Millət vəkili Bəxtiyar Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlı, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qasım bəy Zakir nəslinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər. Daha sonra görkəmli ədibin yaşadığı Xındırıstan kəndində iştirakçılar tərəfindən müxtəlif ağac və gül kolları əkilmişdir.
Ağdam Muğam Mərkəzində davam edən konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Qasım bəy Zakirin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınmasından bəhs etmişlər.
Tədbirin gedişində Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Haşımova tərəfindən çəkilmiş ədibin portreti və tədbirdə iştirak edən alimlərin müxtəlif mövzulara aid kitabları Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova təqdim edilmişdir.
Tədbirin bədii hissəsində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri konfrans iştirakçılarına təqdim edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2025)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində qiraət günü keçirilib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və aktyor Kamran Ağabalayevin iştirakı ilə qiraət günü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentindən verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunmuş ilk qiraət günü ədəbiyyatda qadın mövzusu, Azərbaycan qadınlarının tarixi və cəmiyyətdəki roluna həsr olunub.
Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında şair İlqar Fəhminin yaradıcılığından şeirlər, musiqi nömrələri ifa olunub.
Davamlı təşkili nəzərdə tutulan layihənin məqsədi həssas əhali qruplarından olan şəxslərin mütaliəyə marağının artırılması, ədəbiyyatımızın müasir nümayəndələri ilə yaxından tanışlığına imkan yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)
Gülüş klubunda Onlayn və Oflayn
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əziz qadınlar, əgər siz 6 martda qiymətli hədiyyə və bahalı çiçək buketi almısınızsa, demək, sevgilisiniz. 7 martda hədiyyə və çiçək almısınızsa, demək, iş yoldaşısınız. 8 martda yalnız hədiyyə almısınızsa, demək, həyat yoldaşısınız.
2.
Dərdayılın ekiz oğlu olur. Adlarını Onlayn və Oflayn qoyur.
3.
-A kişi, biz Manaf Ağayevin mahnıları ilə böyümüşük e.
-Bağışlayın, boyunuz neçədir?
-Bir əlli iki.
4.
Yarıtmazın əlinə qılınc verib deyirlər ki, get əjdahanı öldür, qızı xilas elə. O gedib əjdahanı öldürüb qızı xilas edib də qıza deyir:
-Mən əjdahanı öldürüb səni xilas etdim.
Həmsöhbəti qəhqəhə çəkir:
-Bədbəxt, sənin öldürdüyün qız idi. Əjdaha mənəm.
5.
Həkim xanım pasientə:
-Mənim sizin öskürəkdən xoşum gəlmədi.
Xanım pasient:
-Yaxşı, doktor, çalışaram daha yaxşı öskürüm.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)
ADİL KƏRİMLİ: “Müəssisələr öz fəaliyyətini qarşıya qoyulan vəzifələrə uyğun şəkildə qurmalıdır”
Martın 7-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemindəki qurumların fəaliyyətinə həsr olunan "Səhnəarxası: hesabat, müzakirə və yeni imkanlar" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayıb, dövlətin mədəniyyət siyasətinin əsas hədəflərini diqqətə çatdırıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafını daim diqqətdə saxladıqlarını, bu sahəyə yüksək qayğı göstərdiklərini bildirən nazir deyib ki, Mədəniyyət Nazirliyi sistemindəki müəssisələr öz fəaliyyətini qarşıya qoyulan vəzifələrə uyğun şəkildə qurmalıdır.
Toplantının məqsədi müəssisələrin fəaliyyətində hesabatlılığın və şəffaflığın təmin edilməsi, işçilərdə komanda ruhunun möhkəmləndirilməsi, kollektiv əməkdaşlığı və birgə iş bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Sonra tədbir panellərlə davam edib.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovun moderatorluğu gerçəkləşən I panel "Pərdənin arxasında: teatrların mövcud vəziyyəti, görülən işlər və gələcəyə baxış" mövzusuna həsr olunub.
Nazirliyin Muzey və daşınar mədəni irs sektorunun müdiri Könül Cəfərovanın moderatoru olduğu "Eksponatların arxasında: muzey və dövlət qoruqlarında mədəni irsin qorunması, cari islahatlar, və gələcəyə baxış" adlı II paneldə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış ediblər.
"Səslərin arxasında: konsert sənayesinin bu günü, nailiyyətlər və yeni perspektivlər" adlı III panel nazirin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşib.
Toplantının sonuncu - IV paneli "Sətirlərin arxasında: kitabxanaların inkişaf dinamikası, əldə edilən nəticələr və yeni dövrün çağırışları" mövzusuna həsr olunub.
Hər bir panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə həmçinin, "Yüksəliş" müsabiqəsinin qalibinə xasiyyətnamə təqdim edilib.
Dövlət başçısının müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib.
Eyni zamanda nazirliyin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.
Sonda musiqi nömrələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)
Musiqi Festivalı davam edir - "MİN BİR GECƏ" TƏQDİM OLUNDU
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın “Min bir gecə” baleti təqdim olundu.
Əlbəttə ki, bu əsrarəngiz tamaşanın hər bir nümayişi incəsənətsevərlər üçün bir bayramdır.
"Ədəbiyyat və incəsənət" portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, tamaşada əsas rolları Yuliya Ferştandt (Şəhrizad), İlya Manayenkov (Şəhriyar), Liana Praga (Nuridə), Seymur Qədiyev (Nuridənin sevimli qulu) ifa etdilər.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu baletmeyster Əməkdar incəsənət xadimi Nailə Nəzirova, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, bədii tərtibatı Xalq rəssamı Toğrul Nərimanbəyova məxsusdur.
Okiqaldı Fikrət ƏmirovI ÜmumrespublikaMusiqiFestivalınıngedişatına, birneçə gündürki, Bakı və Gəncə əhalisi üçünunudulmazanlarbəxş edənfestivala sabah – martın 9-da yekun vurulacaq.
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)