
Super User
Sənin qədər yalan, ölüm kimi acı və günah qədər şirin - HEKAYƏ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
I hissə – Qəfil başlayan sonsuzluq
— Əyləşmək olar?
Nazlı gözlərini qaldırıb baxdı. Qarşısında ciddi sifətli, dərin baxışlı bir oğlan dayanmışdı. Səsi sakit, amma qəribə şəkildə təsirli idi.
— Buyurun.
Aras stulu çəkib əyləşdi. Əslində, bu görüş planlı deyildi. Nə o burada Nazlını görəcəyini bilirdi, nə də Nazlı onun gələcəyindən xəbərdar idi. Amma həyat bəzən elə anlar yaşadır ki, ən təsadüfi görüşlər ən dərin izlər buraxır.
— Burada darıxdırıcıdır, elə deyil? – Aras əlindəki qəhvə fincanını masaya qoydu.
Nazlı gülümsədi.
— İnsan harda olmaq istəyirsə, ora darıxdırıcı olmur.
Aras bir anlıq susdu. Cavab xoşuna gəlmişdi. Bu qız fərqli idi.
— Bəs indi olmaq istədiyin yerdəsən?
Nazlı gözlərini qaçırdı. Bu sualı özü-özünə çox vermişdi, amma cavabı heç vaxt dəqiq olmamışdı.
— Bilmirəm… Bəlkə də.
Aras ona baxdı. Onun baxışlarında qəribə bir sakitlik vardı. Sanki çox şey danışmadan hiss etdirirdi. Nazlı isə içində ilk dəfə bir qorxu hiss etdi. Bu baxışlar tanış idi… Çox tanış. Amma hələ bilmirdi ki, bu tanışlıq onu hansı sona aparacaq.
Bu, bir başlanğıc idi. Amma necə bir başlanğıc, onu zaman göstərəcəkdi.
II hissə – Tanımadığın birini unuda bilməzsən
Nazlı düşünürdü ki, bəzi insanlar qapını döymədən həyatına daxil olur. Aras da onlardan biri idi. Onun gəlişi gözlənilməz, təsiri isə qaçılmaz olmuşdu.
O, həmin gün Nazlının qarşısında oturub sakitcə çayını qarışdıranda belə, sanki çox şey danışırdı. Baxışları, üz cizgiləri, hərəkətlərindəki sakitlik – hər şey Nazlıya tanış gəlirdi. Amma o, bu tanışlığın nədən qaynaqlandığını bilmirdi.
— Sən əvvəlcə insanı tanıyırsan, yoxsa hiss edirsən? – Aras qəfil soruşdu.
Nazlı gülümsədi.
— İnsan hər şeyi hiss edir, amma həmişə tanıdığına inanır.
Aras bir anlıq düşündü. Onun bu cavabı xoşuna gəlmişdi.
— Bəs mən? Məni tanıyırsan, yoxsa hiss edirsən?
Nazlı bu dəfə susdu. Bəzən insan verdiyi cavabın onu hara aparacağını bilmədiyi üçün danışmır. O da bilirdi ki, bu suala verəcəyi cavab hər şeyi dəyişə bilər.
— Əgər tanımasam, bura əyləşməyinə icazə verməzdim. Əgər hiss etməsəm, bu sualı cavabsız qoymazdım.
Aras gülümsədi. İlk dəfə idi ki, o, Nazlının gözlərinin dərinliyində özünü axtarmaq istəyirdi.
— Deməli, bir az tanıyırsan, bir az hiss edirsən… Maraqlıdır.
Nazlı əllərini birləşdirib, masanın üzərində kiçik dairələr cızdı.
— Bəs sən?
— Nə mən?
— Məni tanıyırsan, yoxsa hiss edirsən?
Aras dodaqlarını bir az büzdü.
— Mən səni unuda bilməyəcəyimi bilirəm. İnsan tanımadığı birini unuda bilməz.
Bu cümlə havada asılı qaldı. Bəzən sözlər yuxarı qalxıb bir az düşünməyə vaxt tapır. Nazlı da, Aras da bu sözləri bir az havada saxlayıb sonra qəbul etdilər.
Bu, sevginin başladığı an idi. Amma sevgi həmişə belə başlayır – adicə bir dialoqla, adicə bir baxışla.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Ali İzzətbeqoviç
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Ali İzzətbeqoviçin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Tanrısız bir dünya cənnəti qurmaq xülyasına qapılanlar bu xülyalarının xarabalıqları altında qalmağa məhkumdurlar.
***
Şükürlər olsun ki, tarixə Allah hökm edir.
***
Uca Yaradana and içirik ki, kölə olmayacağıq.
***
Biz savaşda öldüyümüz vaxt deyil, düşmənlərimizə bənzədiyimiz vaxt uduzuruq.
***
...Bu günədək insanlığın böyük simaları daim eyni əxlaqı aşılamışlar. Əxlaqi- həqiqətlər ...əbədidir.
***
Mən Avropaya başım önə əyili getmirəm. Çünki uşaq, qadın və qoca öldürmədik. Çünki heç hansı müqəddəs yerə soxulmadıq. Ancaq onlar bunun hamısını elədilər...
***
Mən hər zaman ölkəmi sevdim və sevərəm... Mən bütün sevgimi azadlığa qurban dedim.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Dünyanı yaşadan qadın - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hərdən susmaq, hərdən danışmaq, hərdən isə həm susub, həm də danışmaq istər bir qadın. Qadın olmaq nə asandır, nə də çətin. Qadın olmaq – var olmaqdır. Həyatverən, yaradan, ilham bəxş edən bir qüvvədir.
Hərdən sükuta qərq olar, hərdən isə sözləri ilə dünyanı silkələyər. O, sadəcə qadın deyil – bəzən ana, bəzən bacı, bəzən də bir dost, bir yoldaşdır.
O, zərifdir, amma zəif deyil. Bəzən coşğun dəniz kimi sərtdir, bəzən də sakit axan bir çay. Qadın olmaq sadəcə var olmaq, yaşamaq deyil, eyni zamanda yaşada bilməkdir.
Qadın varsa, məna var, ümid var, gələcək var.
Hər qadın sadəcə sevgi, dəyər və azadlıq istər. Bu dəyərlərə sahib olan qadının bacarmadığı heç nə yoxdur. Ancaq bu dəyərlərdən məhrum olan qadın heç bir gələcək inşa edə bilməz. Qadınlar inşa edər, yaradar, gələcək bəxş edər. Bu dünyanı onların əlindən almayın, çünki dünya bir qadının əsəri olarsa, çiçək açar və daha da gözəlləşər.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Siyasi oyunlar, gizli sövdələşmələr: Putin vaxt qazanır, Tramp tərəf dəyişir
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Son zamanlar dünyada qlobal gərginliyin artması, siyasi çaxnaşmalar, tez-tez tərəf dəyişmələr, təhdidlər, manevrlər, manipulyasiyalar, gizli sövdələşmələr yaşamı daha da çətinləşdirir. Kim tətiyi çəkir, kim mərmini doldurur bilinmir. Tarix sanki təkrarlanır. Dünya sanki lidersizlikdən əziyyət çəkir...
Sözü ilə imzası bir olmayan
Uzun yola çıxan ölkələr tez-tez U dönüşü edərək yön dəyişir. Bir-birlərinin ərazisini zəbt etmək, günahsız insanları öldürmək, yurd-yuvalarından didərgin salmaq dəb halını alıb. Ən pisi isə odur ki, bu ərazilər uğrunda o insanların heç birnin fikri nəzərə alınmır.
Görünən odur ki, dünya düzəni sarsılır, həmrəylik süstləşir, sabit görünən alyanslar sınaqlarla imtahan olunur, iqtisadi, siyasi və müdafiə sahələrində ABŞ və Avropa münasibətlərində pərdəarxası gərginlik müşahidə olunur.
Fransa və Almaniya kimi müstəqil xarici siyasət yürütməyə çalışan güclü ölkələrlə ABŞ və Rusiya arasında ziddiyyətlər daha da dərinləşir. Bu xüsusda Fransa-Rusiya münasibətlərində isə soyuq müharibənin soyuq küləkləri əsməkdə davam edir. Rusiya-Ukrayna savaşı, Qərbin tədbiq etdiyi sanksiyalar artıq Moskva-Paris arasında körpüləri çoxdan yandırıb. Bu körpülər arasında Qərbin Afrikada qurduğu körpülərdə yanmaqda davam edir.
Digər tərəfdən, Rusiya-Ukrayna savaşında Rusiya Qərbin yorulacağını hesab edərək uzunmüddətli strategiya yürüdür. Beləliklə ABŞ-da Prezident seçkilərində Trampın qalib gəlməsi və yeni istiqamətin təyin edilməsi müharibənin siyasi nəticələrini çılpaqlığı ilə ortaya qoyur.
Dünya həqiqətən lidersizlik böhranı yaşayır. İndiki şəraitdə qlobal sabitlik üçün vahid baxış, düzgün siyasət, həmrəylik və dostluq nümayiş etdirmək tələb olunur. Tarix sübut edir ki, belə dönəmlər adətən yeni güc mərkəzlərinin meydana gəlməsi ilə nəticələnir. İndi isə əsas sual budur: Mövcud nizam pozulacaqsa Rusiyanın təhdidi, Fransanın təlaşı işə yarayacaqmı?
Yeni dünya nizamı yoxsa nizamsızlıq? Toqquşan maraqlar, rus təhdidi, Fransanın təlaşı
“Ədəbiyyat və incəsənət” portalına müsahibəsində Naxçıvan MR Ali Məclisinin deputatı, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Tramp öncəsi kollektiv Qərb-Rusiya münasibətləri, Ukraynanın işğalı ilə əlaqədar kollektiv Qərbin anti-Rusiya siyasət yeritməsi və ona qarşı tətbiq olunan sanksiyalar, Ukraynanın dəstəklənməsi, Trampın prezident seçilməsindən sonra ABŞ siyasətinin kəskin U dönüşü etməsi, ABŞ-Ukrayna danışıqları və münasibətlərin kəskinləşməsi, ABŞ-Rusiya münasibətlərinin bundan sonra necə olacağı, Avropanın mövcud vəziyyəti, Avropa ilə ABŞ arasında yaşanan gərginliklər, yaradılan və dağılan ittifaqlar və başqa bu kimi məsələlər son günlərdə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, dəyirmi masalarda, elmi dairələrdə, beynəlxalq arenada daha çox müzakirə olunan mövzulara çevrilib. Ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələri, politoloqları, analitikləri və elm adamlarının məsələyə yanaşmaları, böyük güclərin bir-birilərinə qarşı açıq-aşkar təhdid yağdırmaları məsələnin son dərəcə ciddi olduğundan xəbər verir. Lakin bunu da xüsusilə qeyd etmək lazım gəlir ki, bəzən bu maneələr böyük güclər tərəfindən bir-birlərinə qarşı siyasi, iqtisadi, hərbi vasitə kimi planlı şəkildə yaradılaraq geosiyasi səhnəyə çıxarılır.
Günümüzdə böyük güclər arasında dünyanın strateji baxımdan əhəmiyyət daşıyan bölgələrinə nəzarət uğrunda rəqabət və “nüfuz savaşı” gedir. Bu mübarizədə uğrunda rəqabət aparılan bölgələrin rəyi belə nəzərə alınmır. Belə vəziyyətdə milli dövlətlərin gücü və suverenliyi, beynəlxalq münasibətlər sistemindəki yeri getdikcə zəifləyir ki, nəticədə ölkələr xaosa sürüklənir. Bu baxımdan tarixin təkərar olunduğu, yəni geosiyasi maraqların toqquşduğu bu dövrdə sülh, beynəlxalq hüquq və ədalət haqqında nikbin fikir söyləmək qeyri-mümkündür.
Ümumiyyətlə hər kəsi düşündürən belə bir sual var: müharibələr niyə baş verir? Cavab son dərəcə sadədir: ədalətin bitdiyi yerdə müharibələr baş verir. Ədaləti tənzimləyən sistem nədir? – beynəlxalq hüquq. İşə yarayıbmı? – Xeyr! Beynəlxalq hüquq dünyanın aparıcı dövlətləri üçün həmişə arxa planda olub. Böyük güclər üçün sadəcə geosiyasi maraqlar var.
Nizam, yoxsa nizamsızlıq?!
Beynəlxalq siyasətdəki hansısa davranış və ya hərəkət super güclərin xeyrinə və ya zərərinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir. Yəni böyük güclər “istisna faktor”u rolunu oynayır. Bu, böyük güclərin “Dünya Nizamı”dır. Nizam, yoxsa nizamsızlıq?! Amerikanın məşhur diplomat və siyasi xadimlərindən mərhum Henri Kissincerin təbirincə desək, heç vaxt Dünya Nizamı olmayıb.
Amerikalı strateq Paraq Xanna haqlı olaraq qeyd edir ki, Dünya Nizamı özünü qloballaşma, demokratiya, insan hüquqları və başqa adlar altında gizlətsə də, geosiyasətlər həmişə qarşı-qarşıya gəlib və toqquşub. Bu baxımdan sülh haqqında müsbət mənada düşünmək və o fikrə qapılmaq nədənsə məntiqə uymur. Bilirik ki, müharibələrdə sülh olmaz, uzlaşma olar. Digər tərəfdən, strategiyada sülh anlayış yoxdur. Bu anlayışa ədəbiyyatlarda daha çox rast gəlinir. Sülh anlayışı hərbi terminologiyada müharibəyə hazırlıq dövrüdür. Sülh anlayışı beynəlxalq arenada masaya əyləşən zaman uzlaşılan sazişin adıdır. Beləliklə, müharibəni başladan və sülhü təmin edən millətlər deyil, dövlətlərdir.
Günümüzdə beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, insan hüquqlarına hörmətlə yanaşılan bir qrum kimi BMT fəaliyyət göstərsə də, Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər istənilən ölkəyə bu təşkilatın icazəsi olmadan istədiyi miqdarda hərbi qüvvə göndərə və orada müharibəni körükləyə bilər. Bu da təbii ki, beynəlxalq hüquqa və liberal dəyərlərə uyğun gəlməyərək insan haqlarının və dövlətlərin ərazi bütövlüyünün kobud surətdə pozulmasına gətirib çıxarır. Buna görə də bir çox ölkələrdə ajitasiyaların, oyunların, iğtişaşların və müharibələrin sonu görünmür.
Qlobal miqyasda baş verən hadisələrin təhlili onu deməyə əsas verir ki, dövlətlərin ərazi bütövlüyünün pozulması, təzyiqlər, müdaxilələr, xaos, geosiyasi rəqabət, güc nümayişi ilə “sülh ideyası” carçısı olmaq arasında böyük paradoks vardır. Hal-hazırda yüksək tonla “dünyada sülh və əmin-amanlığın təmini”, “regionlarda sabitliyin yaranmasına xidmət” kimi səslənən şüarların arxasında şübhəsiz ki, müəyyən məqsədlər durur. Çox maraqlıdır ki, dünyanın bütün böyük dövlətlərinin şüarlarında həmin prinsiplər səslənir. Gündəmə gətirilən şüarlar əlbəttə ki, real məqsədləri ört-basdır etmək üçündür.
“Downing street 10” hələ son sözü deməyib!
Rusiyanın geosiyasi prioritetləri analiz edildiyində çox önəmli məqamlar ortaya çıxır: BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiya ona qarşı çıxan və meydan oxuyan dövlətlərin ərazi bütövlüyünü pozur və ya təhdid edir. Artıq Avropada Putinin rus imperializmini yenidən canlandırdığına dair ciddi şəkildə fikirlər səsləndirilir, Rusiyanın təhdidə çevrildiyi qeyd olunur. Xüsusilə Fransanın bu məsələdə aktivlik nümayiş etdirdiyi vurğulanmalıdır. Təsadüfi deyil ki, martın 5-də prezident Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa Birliyini müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çalışıb. Rusiya prezidenti Vladimir Putin isə fransalı həmkarına sərt cavab verərək, Makronun timsalında hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu və bunun ağır nəticələrini unutmalarının vacibliyini bildirib.
Təbii ki, bunun müəyyən səbəbləri var. Vaxtilə Napoleonun Rusiyadan böyük itkilər hesabına geri qayıtması, bununla yanaşı, İkinci Dünya müharibəsi dövründə Hitler Almaniyasının cəmi bir həftə ərzində Fransa üzərində qələbə qazanması fransızların şüuraltında psixoloji vahimə yaradıb. Bu baxımdan fransızlarda rusofobiyanın olduğunu qeyd etmək yerinə düşər.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Avropa təhlükəsizliyi üçün Fransanın nüvə potensialından istifadə planını Rusiyaya qarşı təhdid kimi qiymətləndirib. Makron fikirlərində və təlaşında haqlıdırmı? Sözün həqiqi mənasında Fransa güc itirib, müstəmləkələrində mövqeyi zəifləyib. Bəs, Qoca qitə – Avropanın taleyi necə olacaq? Onun taleyi özündən asılı olacaq, yoxsa kənar dövlətlərdən? Rusiya necə? Avropa üçün bir təhdiddirmi? Bu da sual olaraq qalır, amma onun da tükəndiyi istisna olunmamalıdır. Qənaətimizcə, bu kimi qarşıdurmalar fonunda unutmamalı olduğumuz bir xüsus var: “Downing street 10” hələ son sözü deməyib!
Putinin Makron haqqında son açıqlamaları və realizm prizmasından dünya nizamı böhranı
Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Bayram Əliyev vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları şəxsi intriqadan və iki ölkə arasında konfliktdən daha çox beynəlxalq münasibətlərin sistemik çərçivəsi içində güc transformasiyasının və güc rəqabətinin göstəricisi idi. Eyni zamanda, Putin ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı vasitəçiliyini xüsusi qeyd edərək, Makronun Avropa sülh təkliflərini arxa plana keçirməyə çalışır. Bu, Rusiya liderinin Qərbə, xüsusilə də Avropaya qarşı üstünlük vurğusunun, Amerikasız Avropanı ciddiyə almadığının da göstəricisidir. Bu qarşıdurma iki lider arasındakı şəxsi gərginlikdən daha çox, dünya nizamında dərinləşən böhranı əks etdirir.
Beynəlxalq münasibətlərin nəzəri çərçivəsindən bu hadisələr beynəlxalq sistemin anarxik təbiətini və güc mübarizəsini vurğulayır. Hans Morqentau və ya Con Merşaymer kimi nəzəriyyəçilər dünya nizamını mərkəzi hakimiyyətin olmaması ilə izah edirlər—dövlətlər öz maraqlarını və təhlükəsizliyini təmin etmək üçün rəqabət aparırlar. Rusiya-Ukrayna müharibəsi və Putinin Qərblə qarşıdurması bu prinsipi təsdiqləyir. Putin üçün Ukrayna, Rusiyanın geosiyasi bufer zonasıdır və NATO-nun genişlənməsi birbaşa təhlükə kimi qəbul edilir. Makronun nüvə çətiri təklifi və Avropa birliyi çağırışı isə Fransanın öz gücünü və təsirini artırmaq cəhdidir. Bu xüsusən Trampın ABŞ-ın Avropaya dəstəyini zəiflətməsi fonunda mühüm əhəmiyyət kəsb edir.
Dünya nizamı hazırda böhran içindədir, çünki birqütblü hegemonluq (ABŞ-ın liderliyi) çoxqütblü beynəlxalq sistemə transformasiya olur. Rusiya və Çin kimi dövlətlər öz regional hökmranlıqlarını gücləndirir, Qərb isə parçalanma ilə üzləşir. Beynəlxalq münasibətlərin aparıcı nəzəriyyələrinə görə bu keçid stabillikdən çox münaqişə doğurur, çünki sistemin hegemonu gücsüzləşəndə beynəlxalq münasibətlərin digər aktorları bu boşluğu doldurmağa çalışır. Putinin Trampa yönəlməsi və Makronu kənara atması, ABŞ-ın hələ də əsas güc kimi qaldığını, lakin Avropanın özünü təsdiq etməkdə çətinlik çəkdiyini göstərir.
Bu böhran güc balansının yenidən formalaşması ilə nəticələnə bilər. Rusiya öz “yaxın çevrəsini” saxlamağa çalışır, Makron isə Avropanı birləşdirməyə cəhd edir. Beynəlxalq münasibətlərin nəzəri kontekstində yaxın gələcəkdə əməkdaşlıqdan çox rəqabət üstünlük təşkil edəcək. Çünki XXI-ci əsrdə hələ də XIX-cu əsrin sistemik xüsusiyyətləri özünü qoruyur və dövlətlər bir-birinə etibar etmir. Bu mənada bu dövlətlərin hər biri öz gücünü maksimallaşdırmağı və təhlükəsizlik məsələsini prioritetləşdirir.
Nəticə olaraq isə iki regional güc hesab edilən dövlətlərin prezidentləri Putin və Makronun bir-birinə qarşı sözləri sadəcə şəxsi tənqid deyil, dünya nizamında dəyişən güc dinamikasının əksidir.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
GAP Antologiyasında Məryəm Gözəlinin “Qisas” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.
Məryəm Gözəli
Təbriz
QİSAS
Ürəyim dağ, gözüm bulud,
Güləm, şaxta kəsir məni.
Duy məni sən təbiətdən,
Dinlə, lalə əsir məni.
Hər insanın həyatının,
Bənzəri var təbiətə.
Sanki mənəm sarı yarpaq,
Pay olmuşam bu dəhşətə.
Dondurduqca buzu şaxta,
Daş ürəklər gözdən keçir.
Arı güldən şəhd əmən tək,
Qanımı bu yaşam içir.
Gülüşlərim yaz çiçəyi,
Göz yaşlarım gül üstə nəm.
Həyat gündür, ömrümsə qar,
Gün dəydikcə yanır sinəm.
Şimşəklərdir hönkürməyim,
Ağlayarkən için çalar.
Xəzan mənim yaşamımdır,
Qisasını yazdan alar.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
İlahi işıq – GÜLNARƏ CƏMALƏDDİN POEZİYASI
Mənsurə Xələfbəyli, AYB-nin üzvü, “Turan” ədəbi məclisinin həmsədri. “Ədəbiyyat və incəsənət” üçün
Yol çıxmışam, üzü həqiqətə doğru. Yalanlardan uzaq bir aləmə səfər edirəm - səninlə dərdləşməyə gəlmişəm. Hər sətrində dünyalar gizlənir, hər sözün zamanı və məkanı aşaraq insan ruhunun dərinliklərinə enir, bu dünyanı o dünyaya birləşdirən körpü olur. Hardan başlayım, bilmirəm?! Əlimə sığan kitabın kainata sığmır:
Anamın ağrısınnan
bir qış günü doğuldum.
Bükdülər dünyanın qar kimi bələyinə,
Üstümə yendi, ağı deyərkən mürgüləyən anamın ağır qolları.
O vaxtdan yuxuma kökündən qopan palıd ağacları girdi hər gecə.
Atdılar, məni isitmək üçün ocaqların gözünə
çatdılar anamın qollarını hər gecə.
Ağrılardan doğulub, ağrılara şahid olaraq, sanki istəmədən dünyaya atılmağın yasını tutur. Çığırır var gücü ilə qışın soyuq üzünə, param- parça edir gecənin səssizliyini. Ananın qolları yuxusuzluq və əziyyət içində ağı deyir, balasının taleyini laylasının dili ilə oxşayır. Dünya bir qar bələyi- gözəl və soyuq.
Bir körpə doğulur isti ocaqda – o ocaq palıd ağacı kimi köklü, budaqları geniş, qədim və möhkəm bir nəsildən şaxələnib qalxır.
İnsan bir yolçudur – Səməndər quşu kimi yanmalı və külündən doğulmalı, palıd ağacı kimi düşdüyü torpaqda kök salmalı.
Öyrətdilər, yerlə göy arasında üzü Allaha sarı,
lal bir ağac ömrü yaşamağı.
Lal bir ağac ömrü– səssizlik, düşüncə və tənhalıq içində yaşamaqdır. Ağac burada həyatın simvoludur. İnsan kimi, ağac da torpaqdan qidalanır, böyüyür, lakin yerində sabit dayanır. İnsan da həyatı boyunca böyüyür, inkişaf edir, amma bir çox hallarda hadisələrin içində susur, danışmağa taqəti qalmır. O, fırtınalar qarşısında bükülür, amma yıxılmır. İnsan da həyatın çətinlikləri qarşısında dözür və gücünü Allah sevgisində tapır.
Şairin yaradıcılığı yalnız ətrafındakı dünya ilə deyil, həm də öz daxili dünyası ilə əlaqəlidir. Hər yeni yazdığı seirdə, o, özünü və dünyasını daha dərindən anlamağa çalışır. Hər yazı, onun özünə, doğru bir səyahətdir:
Sevdiyi dərd olur, oxşadığı qəm,
Kəfəni əynində gəzir şairlər.
Gahdan leysan kimi tökür, tökülür,
Hamı danışanda susur şairlər.
Şairlər, bəzən özlərini dərd və qəm ilə sarmış bir cəmiyyətdə tək qalırlar. Onlar kəfəni əynində gəzdirirlər – həyatla ölüm arasındakı sərhəd, hər an üzləşdikləri bir reallıqdır.
Şairin varlığı bədənində yox, sözündə yaşayır. Fiziki ölüm, əslində, onun üçün son deyil, çünki şairin ruhu sözündə əbədi qalır.
Söz müqəddəsdir, insanın varlığını zamanın fövqünə çıxarır. Həqiqi söz yalnız bir dövrün deyil, bütün zamanların içindən keçə bilir və həqiqi söz qurban tələb edir.
"Kəfəni boynunda gəzir" ifadəsi dərin mənaya malikdir. Həqiqəti deyən hər kəs ölümə bir addım yaxındır. Şairin gücü də buradadı; o, kəfənlə barışır, ölüm qorxusunu aşır. Bilir ki, ən qorxulu şey ölmək yox, sözü diri-diri basdırmaqdır. Bəlkə də, buna görə bəzi şairlər öz dövrlərində anlaşılmır.
Şairin səsi zaman-zaman təkcə qadağalarla deyil, həm də cəmiyyətin laqeydliyi və anlamazlığı ilə boğulub. Bəzən ədalətsizliyə qarşı harayın susdurulması yox, eşidilməməsi ən ağır cəzaya çevrilir. Bir şairin sözünə zamanında dəyər verilmədikdə, onu dinləmədikdə – əslində, elə o an şairi öldürmüş olurlar.
Tarixə nəzər salanda həqiqəti çəkinmədən söyləyən, axına qoşulmaq istəməyən, gördüyünü fərqli yanaşma ilə xalqa çatdıran filosoflar, şairlər SÖZünün qurbanı olub.
Sokrata ölüm hökmü olaraq zəhər içirdilər, Həllac Mənsuru işgəncə ilə qətlə yetirdilər, Nəsimini diri- diri soydular, C.Brunonu yandırdılar. Tarix daha necə SÖZ adamının ölüm hökmünə,ölüm fərmanına şahid oldu. Lakin həqiqi söz adamının vicdanı heç bir zaman susmadı, haqqı deməkdən çəkinmədi. Azadlıq aşiqləri zaman- zaman xalqın qəhrəmanlarına çevrilir, tarixdə əbədi iz qoyur, ölümsüzlüyə yüksəlirlər:
Azadlıq! nə biçim şey bu?!
bir içim su.
Dəxi içmək nə çətin, ya Rəbb!
Nə çətin şey.
İçdikcə içilməz.
Qıllncla biçilməz,
biçilən şeydə bi qan qoxusu.
Azadlıq - zülmət gecədə
mavi duman
qorxusu,
keçdikcə keçilməz.
Azadlıq su kimidir—onu içmək istəyənlər çox, amma dadına vara bilən azdır. O, nə qılıncla biçilir, nə də zorla alınır; azadlıq insanın içində doğularsa, gerçəkdir. Gecənin qaranlığında mavi duman kimi görünür—əlçatan sayılır, amma yaxınlaşdıqca uzaqlaşır. Bəlkə də azadlıq əldə edilən deyil, qovuşmaq üçün yorulmadan yürüdüyün yoldur.
Getdin... Tələsdiyin yolun buydumu
Qaralı, qurulu baxtın mübarək.
Çiyinlər üstündə köçürsən, qardaş.
Bu bərli- bəzəkli taxtın mübarək.
Bu bənddə dərin hüzün və acı ilə yoğrulmuş, kədərin ən ağır anını tək bir nəfəsdə hiss etdirən sətirlər yer alır. "Getdin…" – ümidsizlikdir. Şair burada ölümün qəfil və amansız çağırışını bir kəlmə ilə vurğulayır.
"Qaralı, qurulu baxtın mübarək,"-" Baxt" artıq qara libasa bürünüb.
"Qardaş " şeiri insanın vaxtsız ölümünə yazılmış sadəcə şeir deyil, bir fəryaddır. Kədər, etiraz və acizlik iç - içə keçib. Baxana sadəcə sözlərdir, amma hiss edən üçün ürəyə toxunan ahdır..
Qəfil tökdü bu dünyanın yağışı,
Yetim arzum səpələndi dalınca.
Ağlayırdım gilə- gilə bu qışı,
Nəm üzümü söykərək balınca.
Ocaq çatdım alovunnan, odunnan
Gözlərimdə isinmirdi gözlərin.
Əriyirdi damcı- damcı dilimdə,
Ürəyimdə şama dönən sözlərin.
Əllərini çox söykəmə qəlbinə,
Üşüyəcək isitsən də odunda.
Bu sevgini əllərinə pıçılda,
Bəlkə qaldı əllərinin yadında.
Bu misralar dünyanın qəfil və gözlənilməz dəyişkənliyini ifadə edir. “Qəfil tökdü bu dünyanın yağışı” – həyatın insanı hazırlıqsız yaxalayan çətinlikləri, gözlənilməz hadisələri simvolizə edir.
“Yetim arzum səpələndi dalınca” – arzuların həyata keçmədən dağıldığını göstərir. Burada “yetim” sözü xüsusi vurğudur: tək qalmış, himayəsiz, reallaşmaq üçün imkan tapmamış arzular... Fəlsəfi yanaşmadır. Arzular bir fırtınada sovrulan yarpaqlar kimi yox olub gedir – insanın planları, ümidləri kainatın qarşısında kiçik və gücsüzdür.
Bir az dünyaya qarışdı başım,
Bir az göz yaşımla oynadım.
Yaşın sevgi vaxtında dərdə alışdım,
Bir az gicbəsər şeirlər yazdım,
Bir az ömrün tənhalığında dolaşdım,
Arada vaxt tapıb qaçdım sənsizliyə
Səni sevməkçün
olmadı,
qurtulammadım.
Şeir insanın həyat, sevgi və ağrı qarşısında çarəsizliyini, axtarışını və qurtuluş ümidini əks etdirir.
Gülnarənin şeirləri daxili ağrını, qadın ruhunun çırpınışlarını ifadə edir. Onun şair taleyi mənə Emili Dikinson, Anna Axmatova kimi öz dövrünün qəliblərinə sığmayan qadın yazarların taleyini xatırladır:
Unutdur, Allahım unutdur mənə.
Sevgini, həsrəti, nifrəti.
Ya da ki, kor elə hər şeyə, görməsin gözüm.
Bu boyda ürəkdə bu boyda dünyanın
dərdini mən necə daşıyım?!
Bu boyda sevgiynən
Bu daş adamlar içində
Dünya deyilən bu fanidə
Mən necə yaşayım?
Şeir insanın daxili kədərini, sevgisini və həsrətinin ağırlığını, bu dünyada qarşılaşdığı haqsızlığı əks etdirir. Gülnarə burada həm üsyan edir, həm də şikayət edir. Şeirə diqqətlə yanaşdıqda, şairin Allahdan umduğu "unutdurma" istəyi onun ruhunun qəmli və yorğun olduğunu göstərir.
Nədənsə Gülnarənin bu şeirini Emili Dikinsonnun "I measure every grief I meet" (Mən qarşıma çıxan hər kədəri ölçürəm) adlı şeiri ilə müqayisə etmək istədim. Emili deyir:
Mən qarşıma çıxan hər kədəri ölçürəm
Onun nə qədər dərin olduğunu görmək üçün –
Onun mənimki ilə eyni olub-olmadığını –
Və onu necə daşımaq mümkün olduğunu.
Və hər iki şeirdə iztirabın qaçılmaz olduğu və bunun insan ruhuna vurduğu zərbə açıq-aydın görünür.
A.Axmatovanın "Mən öyrəndim sadə, müdrik yaşamağı" şeiri ilə də oxşarlıqlar var. Gülnarənin şeirində dünya içində yaşamağın çətinliyi var, Axmatova isə həyatın ağırlığını qəbul etməyi öyrənməyə çalışır:
Mən öyrəndim sadə, müdrik yaşamağı,
Hər bir nəfəsə – minnətdar olmağı,
Gecələr göyə baxmağı,
Nəfəs almadan dua etməyi.
Gülnarənin sevgidən doğan şeirlərini diqqətlə oxuyanda insana duyulan sevgi deyil, daha dərin, ilahi bir bağlılıq axtarışını görürsən. Onunmisralarında sanki Nəsiminin ruhu var - qəlb Allahı istəyir, amma dünya, iztirab və insanın zəifliyi onu bu sevgidən ayırır. Həqiqi sevgi – qurtuluşun özü ola bilər. Amma ona yetişmək elə də asan deyil. İlahi eşqə çatmaq istəyən, amma dünya yükündən qurtula bilməyən bir ruh var. Nəsimi kimi, Gülnarə də sanki haqqa çatmaq istəyir, amma dünya onu geri çəkir.
Şeirlərində dünyanın içində Allahı axtarmağın və ona tam çata bilməməyin fəlsəfəsi var. Bəlkə də bu yanğı, bu axtarış insanı diri saxlayır.
Sənin dərdin zülümdü,
Zülmünə qurban olum.
Ən son ucu ölümdü,
Ölmünə qurban olum.
Baş da baş açmır başdan,
Adam boylanır daşdan.
Süzülüb gəlir yaşdan,
Dilminə qurban olum.
Nə ürəkdən gülən var,
Nə geriyə dönən var.
Nə sirrini bilən var,
Bilminə qurban olum.
Mənəm sənin çoxundan,
Bircə dənə dənəm dən.
Səni yerdə itirib,
Göy üzündə gəzən mən.
Göndərdiyin Qurandı,
Sənə hər şey əyandı.
Qiyamətin bəyandı,
Helminə qurban olum.
Qəlbi Allah sevgisi ilə döyünən Gülnarə Cəmaləddin poeziyasına işıq salmağa çalışdım. Onun misralarında təkcə sözlər deyil, ruhun yanğısı, sualları və axtarışları var. O, şeirləri ilə həm üsyan edir, həm də səssizcə dua edir. Oxucu onun dünyasına daxil olduqca, bu səsin sadəcə bir şairin deyil, kainatın dərinliklərindən gələn bir nida olduğunu hiss edir.
Bəlkə də, həqiqi poeziya elə budur—insanı düşündürən, ruhuna toxunan və qəlbini ilahi bir işıqla dolduran…
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Sağsağan yuvası - HEKAYƏ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Qarabağda Xanoğlan adlı bir oğlan yaşayırdı. Çox dəliqanlı və igid bir oğlan idi. Qarabağ xanlarının nəslindən olan bu şəxs heç vaxt rus hakimiyyətini qəbul etmirdi, çünki babalarının yaratdığı dövləti işğal edən çar Rusiyası bununla kifayətlənmədi, zamanla onun nəsil-kökünü qətlə yetirdi, sürgün elədi. Hətta o, 2-ci dünya müharibəsinə getməmək üçün özünü dəliliyə qoymuş, onu aparmağa gələn komisarlıq üzvlərinə palıd ağacına çıxaraq bir necə dəfə güllə atmışdı. Bu palıd ağacı onun bəy keçmişindən qalan və zamanın gərdişinə, rus imperiyasına boyun əyməyən tək varlıq idi. Elə Xanoğlan da gücünü bu palıddan alırdı. Qışda Ağdamda - Kəbirli elində olan Xanoğlan yayı isə Kəlbəcər və Laçın yaylaqlarında keçirirdi. Qarabağı ovcunun içi kimi tanıyırdı, hər yanını qarış-qarış gəzmişdi.
İndi isə 90 yaşlı Xanoğlan neçə vaxt idi yatağında yatırdı. Qocalıq onun taqətini və şuxluğunu əlindən alımışdı. Ata minməyə çalışanda yıxılıb ayağını sındırmışdı. Həkimin dediyinə görə, ayağının sağalması üçün yaşının sayı qədər gün keçməli idi. Xanoğlan kişi yaxşı bilirdi ki, bu sözlər ona təsəlli vermək üçündür. Ayağa duracağına ümidini itimişdi…
Günlər bir-birini əvəz edirdi. Xanoğlan kişi bu günlər ərzində öz keçmişi ilə üz-üzə qalmışdı. Demək olar ki, hər gün uşaqlığından bu günə kimi həyatını kino kimi gözünün önünə gətirib izləyirdi. Çox qəribə idi, 90 illik bu ömür 1-2 saatlıq kinoya dönürdü. Deməli, cəmi 2 saata sığacaq ömür yaşamışdı Xanoğlan kişi. Öz-özünə həm təəccüblənir, həm də kədərlənirdi: “Ya yaddaşımı itimişəm, ya da mən ….” –deyə fikirləşir, gözlərindən gələn yaşı gizlətmək üçün üzünü pəncərəyə çevirirdi. Bir yandan ayağının ağrısı, bir yandan da keçmişin acı xatirələri onu tamam əldən salmışdı.
Bu gün də onu ziyarətə gələn qonaqlar gedəndən sonar keçmişi ilə üz-üzə qalmışdı. Əslində elə özü də bunu istəyirdi.
İnsanların yersiz diqqəti və yalançı canıyananlığı onu bezdirmişdi.
Yenə xəyala daldı. Hər şey həmin hadisədən sonra başlamışdı…
Bir dəfə nənəsinin cücələrinə bir sağsağan dadanmışdı. Həmin sağsağan Xanoğlanın dədə-babasından miras qalan qoca palıd ağacında yuva qurmuşdu. Nənəsi hər gün deyinir, quşu lənətləyirdi. Xanoğlan ağacda yuvası olan sağsağanı qorxutmaq üçün bir necə dəfə havaya güllə atsa da, quş qorxmurdu. Yuvanı uçutmaq üçün ağaca çıxdı, yumurtaları görəndən sonra kor-peşman ağacdan düşdü. Bunu nənəsinə danışdı, nənəsinin ürəyi yumuşaldı, cücəli toyuğu cücələr böyüyənə kimi hində saxlamağı qərarlaşdırdı.
Bir dəfə Xanoğlanın nənəsinin səsini eşidən qonşudakı erməni Siranuş qarı Xanoğlana deydi ki, sənə bir sirr verim, gələn il o sağsağan həmin ağacda yuva qurmasın.
Xanoğlan “Nə sirrdir elə?” soruşanda qarı dedi:
-Qalx ağaca, yuvadakı yumurtaları götür, gətir isti suya sal, qoy yerinə. Bala çıxmasa, quş özü çıxıb gedəcək.
Siranuş qarının fitnəsinə uyan Xanoğlan onun dediyi kimi etdi. Quşlar yayın sonuna kimi yumurtaların üstündə növbə ilə yatdılar. Axırda ana quş yumurtaları çalxalamaqdan və aclıqdan quruyub öldü. O ölən gün erkək quş fəryad etdi. Səs-küy saldı. Elə cikkilti saldı ki, onun səni bütün kəndi bürüdü. Sanki quş Xanoğlana və onun yurduna bəla yağdırırdı.
Bir müddət keçdi. Xanoğlan evləndi. 3 övladı oldu. Xoşbəxtlik uzun sürmədi. Yoldaşını qısqanclıq üstündə dəfələrlə döyən Xanoğlan illər sonra onunla ayrıldı... Yadındadır, yoldaşını yenə döymüşdü, qadın uşaqlarını götürüb evdən çıxan günü həmin sağsağan yenə ağaca qonub, həmingünkü kimi fəryad edirdi. Xanoğlan əsəbdən və çarəsizlikdən palıq ağacına qoşalülə ilə atəşə açdı. Amma sağsağanı vura bilmədi. Sağsağan daha da yüksək səslə fəryad etməyə başladı. Axırda Xanoğlan tüfəngi atıb, qulaqlarını tutdu və evə qaçdı, küncə sıxılıb carəsiz şəkildə ağladı.
Əmiləri və atası Sibirə sürgün olandan sonra ilk dəfə idi ki, ağlayırdı...
Bir neçə ildən sonra Xanoğlan qonşu kənddən yenidən evləndi. Bu qadından da 2 uşağı oldu. Yoldaşı hamilə idi... Əvvəlki qadından olan oğlu atasını ikinci yoldaşından olan uşaqlara qısqandığı üçün ov tüfəngi ilə həyətə gəldi ki, uşaqları öldürsün, bu zaman paltar yuyan hamilə qadın övladlarını qorumaq üçün özünü qabağa verdi, tüfəngi oğlanının əlindən almağa çalışdı. Bu zaman güllə açıldı... Həmin hadisə olanda Xanoğlan barama üçün həyətdə çəkil qırırdı. Güllənin səsinə qapıya qaçdı. Qadın qan içində çabalayır, övladları isə onu qucaqlayıb ağlayırdılar…
Gördüyü mənzərədən Xanoğlanın ayaqları tutuldu, dili qurudu, gözləri bərələ qaldı. Ağlayan övladlarının və sağsağanın səsi onun qulağını batırırdı. Həmin günü ana sağsağanın ölüm günü gəlib durdu Xanoğlanın gözlərinin qabağında...
Yoldaşı öldü. Oğlu isə həbsxanaya düşdü…
Təsərrüfatla məşğul olan Xanoğlana mütləq kömək lazım idi. Həm yetim uşaqlara baxmağa, həm də mal-heyvanı sağmağa mütləq qadın lazım idi. Bir necə ilə sonra yenidən ailə qurdu. Bu müddətdə Qarabağ mühairbəsi başladı. 1-ci yoldaşından olan ikinci oğlu könüllü hərbiyə yazıldı. O, kəşfiyyat bölüyündə rabitəçi oldu. Uğurlu əməliyyat keçirən kəşfiyyatçıların qələbə xəbərini mərkəzə çatdıran rabitəçiyə çox qəribədir ki, "Sağsağan" kod adı verilmişdi. Axı el arasında sağsağan xeyir xəbər gətirən elçidir. Oğlunun kod adını eşidən Xanoğlan ilan görmüş adam kimi dik atıldı, onu nöbvəti bədbəxtiyin gözlədiyini artıq duymuşdu...
1992-ci ilin yayı idi, palıdın kölgəsində oturan Xanoğlan kişinin qulaqlarına yenə sağsağanın səsi gəldi, çay stəkanı əlindən yerə düşdü, qulaqlarını tutub qaçdı evə.. Bir gün sonra oğlunun cənazəsi qapıya gəldi. Qadınların qışqırtısı, ağlaşması və yenə sağsağanın səsi iynə kimi Xanoğlan kişinin beyninə və qəlbinə batırdı…
Xəyaldan ayıldı. Az qala ürəyi ağzında çıxacaqdı. Ağlamaqdan üzü, gözü, ağ saqqalı suyun içində idi. Yenə 90 illik ömür 1 saatlıq lent kimi gözünün önündən keçdi. Nə edə bilərdi, keçmişə qayıdıb səhvlərini düzəldə bilərdimi? Anlayırdı, anlayırdı ki, bu mümkün deyil. 90 il özündən qaçmışdı, səhvləri ilə üzləşməkdən qorxmuşdu. Ancaq yaxşı bilirdi ki, bundan qaçış yoxdur…
Oğlunun cənazəsi gələndən sonra evini tərk etmişdi. Kənddən çıxıb dədə-baba qışlağında mal-heyvan saxlayırdı. Sanki hər şeydən qaçırdı. Bəzən fikirləşdi ki, Allah ömrünü uzatmaqla onu cəzalandırır. İndi ayağı qırılmışdı deyə kənddəki evinə gətirmişdilər. Artıq öz-özünə qəbul etmişdi ki, bu onun sonudur. Filtrsiz siqaretini yandırıb birdəfəyə ciyərinə çəkdi. Siqaterin kötüyü dırnaqlarını yandırırdı, amma Xanoğlan kişi bunu hiss etmirdi. Gözləri pəncərədə idi. Onu gözləyirdi. Xəbər göndərmişdi ki, qızım Bəyim gəlsin, mənə halallıq versin. Bəyim birinci yoldaşından olan qızı idi.
Qız iki qardaşının ölümündə və anasının ömür boyu əziyyət çəkməsində atasını günahkar bilirdi. Atasının dəfələrlə çağırışına baxmayaraq, Bəyim gəlmirdi. Bu intizar və həsrət Xanoğlanı ölməyə qoymurdu.
Birdən sinəsində bir göynəmə hiss etdi, nəfəsi daraldı, qulağına sağsağanın səsi gəlməyə başladı. Xanoğlan kişi təlaşa düşdü. Qulaqlarını tutdu, ayağa durub qaçmaq istədi, ayağa dura bilmədi. Buz kimi tər onu basdı. Bu ölüm idi, illərdir Xanoğlan kişinin arzuladığı ölüm…
Qapı açıldı. Günün şüaları ilə bilikdə bir qadın içəri daxil oldu. Günün şüaları qadının üzünü görməyə imkan vermişdi. Xanoğlan bu qadının Bəyim olduğu anladı…Əlini ona sarı uzatdı, gözləri doldu, bir anlıq nəfəsi açıldı:
-Nə yaxşı gəldin, qızım, tez gəl içəri, tez elə qapını ört, sağsağan içəri girməsin…
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Anar mühacirətə gedir?
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
MƏQAMLAR
1.
Moskvada Anarla söhbətimi xatırladım. Millətin adının türk yazılması Azərbaycanda etnik konfliktlərin yaranmasına səbəb ola bilər. Talış, ləzgi, avar və s. Bəs onlar milli mənsubiyyətlərini necə yazdıracaqlar? Həqiqətən, Anar haqlıdır. Bu məsələdə son dərəcə ehtiyatlı olmaq gərəkdir. Bir də, türk yazdırmaqla tarixin təbii nəticəsi – azərbaycanlığımızın üstündən xətt çəkmirikmi?
Yusif Səmədoğlu. Gündəliklərindən
2.
“Müxalifət” qəzetinin redaktoruna
Möhtərəm redaktor!
“Müxalifət”in 12 sentyabr 1992-ci il nömrəsində Aydın Uluxanlının “Yaxşı padşahın nağılı” yazısını oxuduqdan sonra bir daha başa düşdüm ki, səhifələrini şəxsi ambisiya naminə böyük Azərbaycan ədəbiyyatına güclə soxulmaq üçün xalqımın gözəl ziyalısını, görkəmli yazıçımız Anarı təhqir məqsədinə yönəlmiş tendensiyaya xidmət edən bir qəzetin redaksiya heyətinin üzvü ola bilmərəm. Xahiş edirəm məni qəzetinizin redaksiya heyəti üzvlüyündən azad edəsiniz.
Yusif Səmədoğlu
(Məktubun əlyazması mənim arxivimdədir – Anar)
3.
Bu günlər mətbuat orqanlarında yalan məlumat yayılır ki, yazıçı Anar mühacirətə gedib. Yazıçılar İttifaqının katibliyi bildirir ki, Anar Türkiyəyə öz yaradıcılıq məzuniyyəti dövründə İstanbul Universitetində dərs demək üçün gedib. Anar Yazıçılar İttifaqının sədridir və sədri olaraq da qalır. Oxuculardan xahiş edirik ki, Anar və başqa yazıçıları gözdən salmağa çalışan “qəhrəmanlar”ın belə iftiralarına uymasınlar”.
Yusif Səmədoğlu,
Azərbaycan Yazıçılar İttifaqının birinci katibi
“Azərbaycan” qəzeti, 6 mart 1993
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
Şəhidlər barədə şeirlər – Pərviz Novruzov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü
Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pərviz Novruzova həsr edilmiş şeirlə tanış olacaqsınız.
PƏRVİZ NATİQ OĞLU NOVRUZOV
(02.02.2002.-03.10.2020.)
Kürdəmir rayonunun Ərəbxana kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
UNUDULMAZ PƏRVİZ
Hələ kiçik yaşından xətirli –hörmətliydin,
Çox mehriban, gülərüz, şirin söhbətli idin,
İstiqanlı oğuldun, dostluqda ülfətliydin,
Qısaca həyatında qoydun yaxşı əməl, iz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Böyüdün, yaşa doldun, arzuların böyüdü,
Oldun Ərəbxananın cavan, qoçaq igidi,
Ağsaqqallardan aldın nəsihəti, öyüdü,
Həyatda yolun kimi əqidən də oldu düz,
Unutmaz heç bir zama el-oba səni, Pərviz.
Vətən məhəbbətiylə döyünürdü ürəyin,
Sevirdin yurdumuzun hər gülün, hər çiçəyin,
Qarabağ azad oldu, qəbul oldu diləyin,
Arzuların saf idi, xəyalların tər-təmiz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Oxuyurdun kollecdə, dedin orduya gedim,
Artıq zaman yetişib, vətənə xidmət edim,
Necə də fəxr edərəm, “Əsgər!” çağrılsa, adım,
Bu ad hamıya doğma, bu ad hamıya əziz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Alqış ülvi sevginə, alqış mətanətinə,
Hamı heyran qalıbdır vətən məhəbbətinə.
Tab etmədi yağılar sənin rəşadətinə,
Yaddan çıxarmaz heç vaxt qəhrəmanın Horadiz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
Zaman keçir, hərənin həyatı bir cür ötür,
On doqquz il yaşadın gözəl, mənalı ömür,
Şəhid oldun, şəhidlər heç vaxt, heç zaman ölmür,
Səni doğması bilir Gəncə, Naxçıvan, Təbriz,
Unutmaz heç bir zaman el-oba səni, Pərviz.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)
UĞUR QAZANDIRAN KİTABLAR - Norman Vinsent Pil, «Pozitiv düşüncənin gücü»
Könül, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetiririk. Ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan növbətisi Norman Vinsent Pilin «Pozitiv düşüncənin gücü» kitabıdır.
Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100% işləyir.
Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.
Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:
- Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna kəsb etmir. Məna kəsb edən - sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.
- Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.
- Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.
- Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.
- Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(11.03.2025)