Super User
Bizim “Mərmər soyuğu” filmimiz Tallinndə mükafata layiq görülüb
Kinomuz barədə daha bir şad xəbər: Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi “PÖFF Tallinn Black Nights” festivalında mükafata layiq görülüb. Xalq artisti Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında mükafatlandırılıb.
O ki qaldı filmin mövzusuna, süjet uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata müxtəlif yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır. Bu, bəzın əndazəsini aşaraq xoşagəlməz hallara da gətirib çıxarır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, quruluşçu rəssam Rafiq Nəsirovdur. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Azərbaycan kinosunun inkişafı naminə daha bir layihəyə start verilir
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə “Start - 2023” film layihəsi müsabiqəsini elan edib. “Ədəbiyyat və incəsənət” portalı müsabiqənin şərtlərini təqdim etməklə kino yaradıcılarını layihədə iştiraka dəvət edir.
Müsabiqə “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətə başlamasının 100-cü ilinə həsr olunur.
Müsabiqə sərbəst mövzuda keçirilir. Müsabiqədə janr məhdudiyyəti yoxdur. Müsabiqədə debüt filmlərini çəkəcək (müraciət edilən kateqoriyada 1-ci və ya 2-ci film) rejissorlar iştirak edə bilərlər.
MÜSABİQƏNİN KATEQORİYALARI
Müsabiqə 2 kateqoriyada keçirilir:
Kateqoriya 1: Bədii film – tammetrajlı və ya qısametrajlı film
Kateqoriya 2: Qısametrajlı animasiya filmi (26 dəqiqəyə qədər)
MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ
Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:
1-ci mərhələ - Layihələrin qəbulu (31 yanvar 2023-ə qədər)
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi (1 fevral – 31 mart 2023)
3-cü mərhələ - Nəticələrin elan olunması (3-7 aprel 2023)
1-ci mərhələ - Layihələrin qəbulu
Müsabiqənin 1-ci mərhələsi kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurasının katibliyi tərəfindən həyata keçirilir.
Müsabiqəyə təqdim edilən sənədlərdə qüsurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.
Layihələrin qəbulu – 31 yanvar 2023-cü il tarixlərində nəzərdə tutulur.
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi
Müsabiqənin 2-ci mərhələsində film layihələri kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurası tərəfindən qiymətləndirilir.
Layihələrin 1 fevral – 31 mart 2023-cü il tarixlərində dəyərləndirilməsi nəzərdə tutulur.
3-cü mərhələ - Nəticələrin elan olunması
Nəticələr 3-7 aprel 2023-cü il tarixlərində kinostudiyanın internet informasiya ehtiyatında (www.azerbaijanfilm.az), sosial şəbəkə profillərində və onlayn media vasitəsilə elan olunur.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
Müsabiqənin 1-ci kateqoriyasında (tammetrajlı və qısametrajlı bədii film) filmoqrafiyasında audiovizual sahədə müəyyən işi olmuş (videoçarx, sənədli film, bədii film, animasiya filmi və s.) və bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müsabiqənin 2-ci kateqoriyasında (qısametrajlı animasiya filmi) bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müraciətlər xarici film istehsalı şirkətləri və fondları, həmçinin yerli maliyyə mənbələri ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir. Müsabiqədə qalib gəlmiş layihələrin ssenarisi üzərində təkmilləşdirmə işi yalnız Ekspert Şurasının rəyi və kinostudiya direktorunun əmri ilə aparıla bilər. Bu halda müraciət edən rejissor/prodüserin və ya kinostudiya rəhbərliyinin təklif etdiyi yeni müəllif layihəyə qoşula bilər. Hər müəllif hər kateqoriyada yalnız bir layihə ilə müsabiqədə iştirak edə bilər.
Təqdim edilməli olan sənədlər paketinə aşağıdakılar daxildir:
* filmin müraciət forması
* filmin layihəsi - loqlayn, sinopsis, tritment (əgər varsa), ssenari. Ssenari beynəlxalq yazılış formatına uyğun olmalıdır: font (şrift): Courier (Courier new) / Şriftin ölçüsü: 12. Tam ssenarisi göndərilməyən müraciətlər nəzərə alınmayacaq;
* filmin ssenari faylında müəllifin və ssenarinin adı ilk səhifədə yer almalı, digər səhifələrdə göstərilməməlidir. Obyektivliyi təmin etmək üçün ssenarilər kodlaşdırılmış adlarla Ekspert Şurasına təqdim olunacaq.
* rejissor şərhi (1 səhifəyə qədər);
* prodüser şərhi (əgər prodüser varsa) (1 səhifəyə qədər) ;
* müəlliflərin şəxsiyyət vəsiqələrinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;
* Ssenarinin müəllifə aid olduğu haqqında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən alınmış müvafiq sənədin surəti;
* Ssenari müsabiqəyə müraciət edən rejissora / ssenaristə / prodüserə və ya hər hansı başqa bir müəllifə (müəlliflərə) aid ola bilər. Əgər ssenari müəllifi rejissordan fərqlidirsə, ssenari müəllifinin rejissora müsabiqədə bu ssenari ilə iştirak etməsinə icazə verməsi haqqında müvafiq icazə məktubu tələb olunur;
* layihənin təxmini büdcəsi;
* filmin istehsal təqvimi - quruluş planı;
* müştərək layihə olduğu halda maliyyələşdirilməni əks etdirən sənədlər (müqavilə, zəmanət məktubu və s.);
* sponsorluq müqaviləsi (müştərək film kimi yerli və beynəlxalq sponsorlar tərəfindən də maliyyələşdiyi halda);
* müəlliflərin CV-ləri (rejissor, ssenarist, prodüser);
* Bütün sənədlər PDF formatında olmalıdır.
* Ssenari və digər sənədlər Azərbaycan dilində təqdim olunmalıdır;
*
MÜKAFATLAR:
Qalib müəlliflər diplomla mükafatlandırılır. Hər kateqoriyada birinci yerin qalibi olmuş layihələrin onu təqdim edən rejissor tərəfindən “Azərbaycanfilm” kinostudyasında istehsal olunması nəzərdə tutulur. Müsabiqədə qalib gələn müəlliflərlə müqavilə bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur. Ekspert Şurasının apardığı müzakirələr məxfi saxlanılır. Müsabiqəyə təqdim olunan layihələrin müəlliflik hüquqları ilə bağlı sonradan yarana biləcək hər hansı mübahisəli məsələyə görə rəhbərlik və Ekspert Şurası məsuliyyət daşımır.
Müsabiqəyə təqdim olunan sənədlər 31 yanvar 2023-cü il tarixinə qədər Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. poçt ünvanına elektron qaydada göndərilməlidir. Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2023-cü il 31 yanvar 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir. Elektron poçt vasitəsilə müraciətlər yalnız “Müsabiqə” başlığı altında göndərilməlidir. Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır. Müsabiqə ilə bağlı təşkilati işlər kinostudiyanın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən həyata keçirilir.
Məlumat üçün:
Telefon: (012) 430-87-84 / 85;
Həftənin iş günləri saat 10:00-17:00;
E-poçt: Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
«Uğur» - hər bir kəsə aid ola bilən ümumi anlayışdır
Əlibala Məhərrəmzadə yazır
«İnsanlar sənə uğursuz olacağını və ya kifayət qədər uğurlu olmayacağını dedikləri zaman ayaqlarını yerə daha möhkəm bas, güclü ol və səni məhv etmələrinə icazə vermə. Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».
Mayk Cordan
Heç vaxt düşünməyin ki, siz heç nəyə qadir deyilsiniz. Valideynlər, heç vaxt övladlarınıza deməyin ki, «səndən bir şey çıxmayacaq». Uğur libası ölçüsüz olduğundan, o, hər kəsin ölçüsünə uyğun gələ bilər. Yetər ki, onu geyinmək istəyi olsun.
İdmanda uğur qazanma etalonlarından biri sayılan məşhur amerikalı basketbolçu Maykl Cordanın yuxarıda qeyd etdiyim kəlmələrini çox bəyənirəm və onu uğur qazanmağa çalışan gənclərə bir örnək heçab edirəm.
İlk dövrlərdə uğurun həmişə ondan yan keçdiyindən üzülən, amma içindəki inam hissinə öz hədsiz çalışqanlığı və məqsədyönlülüyü ilə təkan verən Maykl Cordan sonradan dünya basketbol tarixinin ən yaxşı müdafiəçisi, ikiqat Olimpiya, altıqat NBA çempionu oldu, basketbolun dünyada populyarlaşmasında əvəzsiz rol oynadı. Təsəvvür edin, 1984-cü ildə Nike firması məhz Maykl üçün Air Jordan adlı idman ayaqqabısı hazırladı ki, indi Air Jordan böyük satış həcminə malik məşhur bir brendə çevrilib. Bu gün bu şəxs Oakley Inc. kompaniyasının rəhbəri, «Şarlott Xornets» basketbol klubunun sahibidir. Haqqında hətta film də çəkilib, Çikaqo şəhərində abidəsi də qoyulub.
Özünəinam bir görün nələrə qadirmiş!
Heç vaxt uğurlu insanlara uğurun qızıl nimçədə qismət olmasını da düşünməyin. Bütün zirvəyə gedən yollar daşlı kəsəklidir, şümal, rahat yola əsla rast gəlinməz.
Bəşər elmində ən cahanşümül nailiyyətə imza atan Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn 4 yaşına kimi danışa bilmir, 8 yaşına kimi oxumağı belə bacarmırdı. Dahi Ziqmund Freyd ilk dəfə alimlərə öz nəzəriyyəsini açıqlayarkən itələyib onu səhnədən qovmuşdular. XX yüzilliyin ən nəhəng siyasi lideri Uinston Çörçil yalnız 65 yaşında rəhbər posta gəlmiş, baş nazir kürsüsünə yiyələnə bilmişdi. Dəfələrlə tennis üzrə Devis Kubokuna layiq görülən Sten Smiti yeniyetməliyində yöndəmsiz adlandırıb tennis oynayanların toplarını daşımağa belə layiq bilməmişdilər. Amerikalı ulduz müğənni Bruno Mars uzun müddət istedadsız sayılır, uğur qazana bilmirdi, ailəsi ilə tavanı və döşəməsi olmayan evdə yaşamışdı. Dünya avtomobil sənayesinin ən nəhəng siması Henri Ford ilk dönəmlərdə gücünü fermer təsərrüfatında sınamışdı və qurduğu təsərrüfat tam iflasa uğradığından yarıtmaz adını almışdı. Məşhur Bakı milyonçusu Seyid Mirbabayev uzun illər müğənnilik etmiş, kasıbçılıq çəkmişdi. Dünyaca məşhur Lev Tolstoyu oxuduğu universitetdən dərslərə hazırlıq səviyyəsinin aşağı olması səbəbindən qovmuşdular. Frans Kafka və Vasiliy Rozanov isə ümumiyyətlə, sağlıqlarında gördükləri işin – yazıçılığın və filosofluğun bəhrəsini görməmiş, layiq olduqları qiyməti ala bilməmiş, ehtiyac içində, səfalətdə, ağır xəstəlik keçirərək dünyalarını dəyişmişlər. Yalnız ölümlərindən illər keçəndən sonra onların əsərləri əl-əl gəzmiş, dillər əzbəri olmuşdu.
Bütün uğur hekayətləri müxtəlif olsa belə, onların hamısında əvvəldən sonadək iki personaj iştirak edir: İnam və qətiyyət!
Mən əbəs yerə yazımı ünlü Maykl Cordanın epiqrafı ilə başlamadım ki. Necə gözəl səslənir: «Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».
Mən özüm də nə vaxtsa sıfırdan başlamışam və o vaxt nə davranış qaydaları, nə işgüzar danışıqların aparılması, nə də bu yolda necə hərəkətə başlamaq barədə təsəvvürüm belə yox idi. İşə ciblərim boş halda, yalnız müstəqil və azad olmaq, heç kəsdən asılı olmamaq arzusu ilə başlamışdım. Ən əsası, özümə inanır və qətiyyətli idim!
Siz də qətiyyətli olun. Onda mütləq bacaracaqsınız. Özü də uğurla bacaracaqsınız!
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
“Hamı ölüb… torpaq sağdı…”
“Ədəbiyyat və incəsənət” portalı Ədəbi qiraət rubrikasında sizlərə Əlizadə Nurinin “Allah, bu nə oynamaqdı…” şeirini təqdim edir.
O aşıq çoxdan ölsə də,
Barmağı saznan oynayır…
Söz oynayır göy üzüylə
Qələm də söznən oynayır.
Yol qurtardı… dayan, adam,
Sənin deyil o yan, adam.
…Qəmiylə oynayan adam
Elə bil köznən oynayır…
Hamı ölüb… torpaq sağdı.
Mən axsağam, yol axsaqdı?
Allah, bu nə oynamaqdı-
Göz yaşı göznən oynayır?!
Bu ömürdü, ya səfərdi?
Hara baxırsan- çəpərdi…
Tək o nəğmə bəxtəvərdi-
Bİr gözəl qıznan oynayır…
Səni sevdim, sən də uzaq…
Bəlkə bu bəxtə uduzaq?
…Üstünü çırpan bir uşaq
Oturub toznan oynayır…
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
“Qağayı” tamaşası maraqla izlənilib
Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dahi rus klassiki A.Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.
Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsilə qabardılıb.
Tamaşaçılar tamaşanı alqışlarla qarşılayıblar.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Sitat: “Yaxşı sənətkar olmağın o demək deyil ki, yaxşı insansan”
“Ədəbiyyat və incəsənət” Daycest bölümündə əməkdat artist Mətanət İsgəndərlinin fikirlərini dərc edir. Bizcə, insanları yaxşı tanımaq üçün onları dinləmək vacibdir.
“İnsanlara güvənib azalıb. O qədər inanmışam, o qədər güvənmişəm, sonda da gözləmədiyim hərəkətləri onlardan görmüşəm. Ürəyi təmiz insanlar üçün bu fani dünyada yaşamaq olduqca çətindir. Qarşımdakına inanmışam. Bəzən ürəyimin təmizliyindən övladlarım da əziyyət çəkib".
Bu açıqlamasından daha sonra Mətanət İsgəndərli deyib:
"Yaxşı sənətkar olmağın hələ sənin yaxşı insan olmağın demək deyil. Özünü dağ başına qoymaq yaxşı hal deyil. İnsanlara yuxarıdan aşağı baxmaqla sən Allahı qəzəbləndirə bilərsən. Şan-şöhrətə çatdım, amma bu mənim başımı gicəlləndirmədi. Dünyadan gedəndə nə var-dövlət, nə də şan-şöhrət aparırsan. Özünü sadə, insan kimi apar, qoy öləndən sonra rəhmət oxusunlar" deyə müğənni bildirib.
Sənətçi qazancını sənətinə qoyduğunu deyir.
"Bütün qazancımı sənətimə qoymuşam. 600-ə yaxın mahnım var, hələ neçəsi var ki, heç oxumamışam. Sonuncu qəpiyim də olub aranjimana vermişəm. Gedib borc edib aranjiman etdirmişəm. Özü də ən bahalı aranjimanları mən etdirmişəm. Bu sənətə pul qoymaq lazımdır ki, pul götürəsən. Amma inanın ki, məqsədim pul götürmək də olmayıb. Heç vaxt var-dövlətimlə öyünməmişəm. Çünki əvvəlindən görmüşəm" deyə müğənni bildirib.
Müğənni son günlər daha da məşhurlaşan "Qərib payız" mahnısından danışıb.
"Müğənni o ab-havaya düşməsə ondan heç nə inandırıcı alınmaz. Bu mahnını oxuyanda çox dərdli idim, böyük haqsızlıqlar qarşısında imtahan verirdim. Kefimin kök vaxtında bu mahnını gedib oxuya bilməzdim. Mən o harayı, o dərdi bu mahnı vasitəsilə çatdırmaq istəyirdim. Səs rejissoruna dedim ki, qapını bağla, heç kimi otağa buraxma, mən istəyirəm ki, içimi bu mahnıya töküm. Hönkürtü ilə bu mahnını oxumuşam" deyə müğənni bildirib.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Rəsm qalereyası: Vinsent Van Qoq, “Çiçəkləyən şaftalı ağacları”
Bu gün Tbilisi Akademik Teatrı Bakıda çıxış edəcək
Bu gün və sabah Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. Gürcü teatrının kollektivi dünyaşöhrətli yazıçı Lev Tolstoyun “Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək. Tamaşa gürcü dilində oynanılacaq. Burda istinad npqtəsi bu deyimdir: incəsənətin dili olmaz.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa İli”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır.
Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, videomühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir.
İki il əvvəl hazırlanan maraqlı və qeyri-adi süjet xəttinə malik olan bu tamaşada Gürcüstanın tanınmış aktyorları Nika Kuçava, Ana Vasadze, Manana Kozakova-Tsuladze, Ketevan Tsxakaya, Besiki Barataşvili Georgi (Jaba) Kiladze, Maryam Tskipurişvili iştirak edirlər.
“Kreyser Sonatası” tamaşasına baxmaq istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərlər.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Bu gün “Sarəng” sənədli filminin təqdimatı olacaq
Bu gün “Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyat və incəsənət” portalı xəbər verir ki, Nizami Kino Mərkəzində reallaşacaq sənədli filmitTanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edir.
Ekran əsəri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Ekran əsərinin ideya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Məsləhətçisi Nurəddin Ədiloğludur.
Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
Məşhur professordan ŞOK XƏBƏRDARLIQ: Bütün xəstəlikləri marqarin yaradır
Türkiyənin məşhur kardioloqu və daxili xəstəliklər üzrə professoru Canan Karatay marqarin yağı kimi qarışıq yağların xərçəng riskini artırdırdığını bildirib.
ATV kanalının səhər proqramında qonaq olan Karatay həkimlərin standart açıqlamasına qarşı çıxaraq bütün xəstəliklərin genetik olmadığını isbatlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Karatay bir çox xəstəliklərin kökünün yanlış qidalanmadan qaynaqlandığını bildirib.
"Şəkərli, qazlı içkilər çox təhlükəlidir. Xüsusən də meyvəli şirələrin tərkibin də brom adlı kimyəvi maddə var. Bu maddə zəhərdir. Orqanizmdəki bütün xəstəlikləri də o, törədir”.
Professor həmçinin vurğulayıb ki, qarpız və qovun mövsümü başlayanda, xəstələrində böyrək problemləri artır. Sidik turşusunun miqdarı çoxalır. Odur ki, qovun və qarpızı miqdarından artıq qəbul etməyin.
Əvəzində qırmızı ət, yumurta, lobya, həmçinin qurdlu almaya üstünlük verin. Qurdunu qəbul etmədən almanı yeyin. Çünki bu almalar çox faydalıdır.
Karatay həmçinin iki cür yağın xərçəngə səbəb olduğunu bildirib.
O deyib ki, 1950-ci ildən başlayaraq marqarin yağının Türkiyəyə ixrac olunması ilə ölkədə xərçəng və ürək xəstəlikləri geniş yayılmağa başlayıb. Çünki marqarinin tərkibində trans yağlar var.
Karatay onu da bildirib ki, hətta təbii yağı da çox isidəndə qarışıq yağ maddələri meydana çıxır. Odur ki, qızartmadan qaçmaq lazımdır.
Təbii ki, ölkəmizdə kərə yağının, eləcə də keyfiyyətli bitki yağlarının qiymətlərinin ceyran belinə çıxması səbəbindən hamı ucuz marqarın yağlarına qaçır. Biz pulumuza qıymır, canımızasa qıyırıq.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)