Super User
Musiqi xəzinəmizdən bir iz
Beynəlxalq Muğam Mərkəzində “Salam, Məşədi” kitabının təqdimatı keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Gülhüseyn Kazımova istinadən xəbər verir ki, mərkəzin nəşrləri seriyasından növbəti kitab əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilib.
Təqdimatdan əvvəl iştirakçılar BMM-nin foyesində xanəndənin büstü önünə tər çiçəklər qoyaraq xatirəsini yad ediblər.
Kitabın “Ön söz” müəllifi, Xalq artisti Sərdar Fərəcov qeyd edib ki, kitabda tarixi faktlar, qədim fotolar, dövrümüzün muğam ustadlarının fikirləri, daş valların surətləri səliqəli şəkildə əks olunub. Xanəndənin “Sport-Rekord”, “Pate” firmalarındakı ifalarının 1912-ci ildəki kataloqu elmi məziyyəti daha da artırır. Bu kataloq xanəndənin repertuarı haqında böyük təəssürat yaradır.
Professor Abbasqulu Nəcəfzadə, Əməkdar artist, tarzən Valeh Rəhimov, kitabın redaktoru Kənan Hacı muğam irsimizin öyrənilməsində kitabın dəyərli mənbələrdən biri olduğunu söyləyiblər. Çıxışçılar “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyan xanəndənin irsinin araşdırılmasının önəmini vurğulayıblar.
Ədəbiyyatşünas Əsəd Cahangir, şair, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açıblar.
Bildirilib ki, kitabda muğam tariximizlə maraqlanan oxucular tədqiqatçı Dilqəm Əhmədin xanəndəyə aid Türkiyə arxivlərində aşkar etdiyi sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında yazdığı düşüncələri ilə tanış ola biləcəklər.
Qeyd edilib ki, M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb.1929-cu ildə Vladiqafqaz, Tiflis və başqa şəhərlərdə, Avropanın bir sıra ölkələrində qastrolda olub, daha sonra Türkiyəyə gedib və ömrünün sonuna, 1962-ci ilə qədər qardaş ölkədə yaşayıb, aktiv musiqiçi həyatı keçirib. Tarzən Hüseyn bəy Qasımla birgə “Azərimüzik heyəti” adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər.
Sonra xanəndənin Azərbaycan Dövlət Səs Yazıları Arxivində tapılan ifaları səsləndirilib. Tədbir musiqiçilərin ifaları ilə davam edib.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
“TEAS Press” gənclərin roman müsabiqəsinin II seçim mərhələsinin nəticələrini açıqlayıb
Naşir-yazar münasibətlərinin formalaşmasını prioritet hesab edən
“TEAS Press” nəşriyyat evi növbəti addımı ataraq gənclərin roman müsabiqəsini elan etmişdi ki, bu günlərdə müsabiqənin ikinci seçim mərhələsinin nəticələri bəlli olub.
Təfsilatı “Ədəbiyyat və incəsənət”in nəşriyyat evinə istinadında.
Münsiflər heyəti ikinci mərhələnin qısa siyahısını müəyyənləşdirib. İlk beşliyə Əfrail Abbaszadənin “Mənguberdi”, Əşrəf Əşrəfovun “Gecənin ən qaranlıq anı”, Seymur Həmzəyevin “Nikolas Bonnet – Şərqə aparan hekayə”, Elay İsmayılovun “Günah kolleksioneri” və Pərvin İsmayılovun “Xanədan” əsərləri daxil edilib.
Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaq. Birinci yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək, müəllifin əsəri “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək. İkinci yerin sahibinə 1500 (min beş yüz), üçüncü yerin sahibinə isə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin nəticələri dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, “TEAS Press” nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazıçıların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Qızılorda vilayətində, Sırdərya çayının sahillərində, böyük bir ərazidə ucaldılan Qorqud Ata Memorial Kompleksi barədə
“Dədə Qorqud da dünyada yaşayan bütün türklərin mifik atası kimi, ağsaqqalı kimi abidələşdi...”
Aida Eyvazlı yazır
... 7 yurd qurub, 7 ocaq yandırdı. Eli başına yığdı Qorqud Ata-- Dədə Qorqud. Ulu türk ellərinin ulu qəhrəmanı haqqında yazılanlar, bu günümüzə qədər gəlib çıxan hər cümlə əslində türk ulusunun, türk elinin, türklərin tarixi, mədəniyyəti, coğrafiyası kimi mühüm mənbədir. Nə yaxşı ki, ən əvvəl Dədəmiz Qorqud haqqında özümüz daş kitabələrə yazdıq. Törənimizi pozanların içərisində yaşayıb yaradan dəyərli alimlər də oldu ki, türk yazısını, türk tarixinı, mədəniyyətlərinə öz kitablarına köçürdülər. Elxanilərin saray həkimi və vəziri olmuş Fəzlullah Rəşidəddin XIV əsrin əvvəllərində “Öğuznamə” əsərində yazırdı ki, Qorqud çox uzun ömür sürüb. Digər bir bir Şərq tarixçi alimi Şeybanilər nəslindən olan Əbilqazi Bahadır xan da “Türklərin səcərəsi” adlı əsərində yazırdı ki, Qorqud 5 xanın vəziri olub. F.Rəşidəddinin və Əbül-Qazi Bahadır xanın “Oğuznamə”lərində əks olunan el ağsaqqalı, müdrik şəxs olan Dədə Qorqud dastanda, demək olar ki, bütün boylarda iştirak edir, öz ağıllı məsləhətləri ilə Oğuza yol göstərərək ən çətin anlarda belə ona mənəvi dayaq olur. Oğuz elinin başçıları həm toyda, həm yasda, həm də düşmən tərəfindən basqıya məruz qaldıqda onun müdrikliyinə ehtiyac duymuşlar. Dastanda Dədə Qorqud simasında Oğuz elinin düşünən beyni, müdrik el ağsaqqalının obrazı ümumiləşdirilmişdir. Qazan xan başda olmaqla tərəfdarları simasında isə xalqın qəhrəmanlıq tarixi öz əksini tapmışdır. Qorqudun Sırdərya ərazisində yaşadığı zamanlarda ərazilərə Dəşti Kıpçaq da deyiblər. O zaman bu tayfalar və Qorqud tayfası hələ müsəlmançılığı qəbul etməmişdilər.
Uzaq-uzaq əsrlərdən, qərinələrdən, illərdən bəri daş kitabələri sındırılıb pozulsa da, ruhları sınmayan türklər qədim əcdadlarını hər zaman nəsilbənəsil yaddaşlardan- yaddaşlara ötürdülər. Dədə Qorqud da dünyada yaşayan bütün türklərin mifik atası kimi, ağsaqqalı kimi abidələşdi. Bu günümüzə qədər gəlib çıxan yazılı ədəbiyyatlarda, mənbələrdə Qorqudu belə xarakterizə edirdilər. O Qazaxıstanın Qızıl Orda şəhərindən keçən Sırdərya çayının sahillərində VIII-IX əsrlərdə doğulub və yaşayıb , qobuzun da ilk yaradıcısı Qorqud ata olub. O həm musiqi qoşub, həm də aşıq kimi nəğmələr söyləyib. Türk soylarının Izın tayfasından olan Qorqudun anası qıpçaq qızı idi. Atasını adı Karakoja (Qaraxoca) olub.
Türk ellərinin bu ağsaqqalı haqqında çox rəvayətlər gəzir.Onu da deyirlər ki, bir dəfə mələklər yuxusuna gələrək, ona belə deyirlər: “ Bir ağac parçasını götürüb, inək dərisinə bürü, sonra, öz atının quyruğunun tüklərindən o ağac parçasına bərkit”. Çox gənc yaşlarında bu yuxunun təsirindən ayılan Qorqud yuxuda gördüklərini edir, ilk qopuzu yaradır. Barmaqlarını əlindəki təzə alətin üzərinə çəkəndə ətrafa heyrətamiz bir səs yayılır. O gündən Dədə Qorqud o qobuzundan ayrılmır.
Belə rəvayət edirlər ki, Qorqud dünyaya gələndə də təbiət öz möcüzəsini göstərir. O doğulan gün Günəş tutulması baş verir, birdən birə dünya qaranlığa bürünür, tufanla birlikdə yağış yağır, şimşəklər əsir, ildırımlar çaxır. İnsanlar yaman qorxuya düşürlər. Qorqud ana bətnindən azad olan kimi bütün bu tufanlar dayanır. Hər yer işığa bürünür. Türk elində xüsusi hörmət malik olan Dədə, Ata Qorqudun dünyaya gəlişini el içində belə rəvayət edirlər. “O dünyaya gəlməmişdən əvvəl hər yer qaranlığa, tufana büründü, o bizi qorxutdu. Biz “QORXDUQ” və ya “KORKTIQ”. Beləcə , bir “QORQUD” adı yaranır, yeni dünyaya gələn oğlanı Qorqud çağırırlar.
Qorqud dədəmiz deyirdi ki, nə olursa olsun, adamlar insani keyfiyyətlərini itirməməlidirlər. İnsan üçün ən böyük faciə mənəviyyatın itirilməsidir. “ Qapısıni qonaq açmayan evin başına uçsun, atının yemədiyi yerdə otun bitməsin; suyundan içirmirsən, axar suların qurusun; atasına şərəf gətirməyən oğlun doğulmasın”, “İnsan nə qədər istəsə də, bacardığından artıq yeyə bilməyəcək” – deyən Qorqud əslində bu öyüdləri ilə türkləri birliyə çağırırdı. Dünyanı addım-addım dolaşıb , türk ellərində gəzən Qorqud dədmiz belə bir vəsiyyət də etmişdi ki, insan üçün ən gözəl yer Vətənidir, yurdudur.
Bəzən Qorquda mif, nağıl qəhrəmanı da deyənlər tapılır. Lakin o, mifoloji bir qəhrəman olsaydı, yəqin ki, qobuzunda bəstələdiyi 20-yə yaxın mahnı və musiqi çələngindən bu günümüzə qədər 11-i lentə alınmazdı. Qazaxıstan Dövləti onun bu musiqilərini əbədiləşdirə bilib. Hətta 2015-ci ildə UNESKOnun “Mədəni İrs” layihəsi çərçivəsində dünyanın bir çox ölkələrində “Qorqud Ata” adlı elmi simpoziumlar keçirərək, onun musiqilərini, irsini dünyaya yaydılar. Dədəmiz Qorqud əlinfdə qobız türk elllərini gəzirdi. Hər zaman təbiətlə harmoniyada idi. Yəqin ki, təbiət qoynunda kaman, tar, saz havasını dinləmisiniz. Təbiətlə harmoniyada olanda həmin musiqi alətlərindən gələn səsin də ahəngi tamam başqa olur. İnsan eşqlənir, havalanır, Tanrıya yetişmək istəyir, haqqa tapınır. Belə anlarda hiss edirsən ki, könül dünyan oxuyur, gəncləşirsən. Qədim kirtablarda da Korkut Atanın qobuza bağlılığını təbiətlə bağlılıqdan ayırmırlar. Çünki insan təbiətə inananda, sığınanda daha güclü, daha yenilməz olur. Hətta uzunömürlülüyün sirrini də təbiətlə harmoniyaya bağlayanlar var. Deyilənlərə görə Dədə Qorqudun 95 il, bəzi mənbələrdə isə 193 və ya 400 il yaşadığı iddia olunur.
O da məlumdur ki, “Kitabi-Dədə Qorqud” dastanının “Təpəgöz” boyu 1815-ci ildə alman şərqşünas alimi, Prussiyanın İstanbuldakı səlahiyyətli nümayəndəsi, səfiri, görkəmli tərcüməçi Henrix Fridrix fon Dits (1784-1791) tərəfindən Drezden Kral Kitabxanasında tapılmış və elm aləminə təqdim olunmuşdu. Oğuz tayfalarının epik janrda bu günümüzə qədər gələn yazılı abidəsində Qorqud həm müəllif, həm də əsərin baş qəhrəmanı, rəvayətçisi kimi təqdim olunur: “Bayat tayfasında Qorqud adlı uzaqgörən, müdrik bir el ağsaqqalı var idi, onun bütün dedikləri həyata keçirdi. Oğuz elinin bütün mübahisələrini Qorqud Ata həll edirdi. İnsanlar hər hansı bir işi onun xeyir duası olmadan başlamazdılar. İnsanlar onun dediklərini şəksiz yerinə yetirirdilər”.
Dastanda bəhs olunan bütün hadisələrdəki yer adları Sırdərya sahillərindəki, Orta Asiya və Qafqazdakı yer adları ilə uyğun gəlir.
Bütün türk ellərində, xüsusən Azərbaycanda olduğu kimi, Qazaxıstanda da Qorqud Ataya məhəbbət bu günə qədər saxlanmaqdadır. Yuxarıda qeyd etdiyimniz kimi, bir neçə əsr bundan əvvəl Qızılorda vilayətinin Toretam stansiyasından 5-6 km kənarda Sırdərya çayının sahillərində qədim bir kurqan var idi. Deyilənlərə görə, burada Qorqudun uşaqlıq illəri keçmiş, bu yerlərdə böyüyb- boya-başa çatmışdı. Onun məzarının da Sırdərya sahillərində olmasını zaman-zaman yazılı abidələrdə rast gəlinib. 1929-cu ildə türk kökənli Abubəkir Axmetcanoviç Divayev Sırdərya kənarından keçərkən, burada bir muzey kurqan görərək, fotosunu tarixləşdirir. Yerli camaat ona bu kurqanın Qorqud Ataya məxsus olduğunu söyləyirlər. Sonralar çayın suyu çoxaldığından, sovet illərinin bu muzey kurqana etinasız münasibətindən abidə təbii daşınmalara və aşınmalara məruz qalır, sel suları kurqanı yuyub aparır. Və nə yaxşı ki, fotoqraf həmin o kurqanı əbədiləşdirə bilib.
1980-ci ildən etibarən Qazaxıstanın Qızılorda Vilayətində, Sırdərya çayının sahillərində Qorqud Atanın adını əbədiləşdirmək üçün Mərkəzdən, yəni rəsmi Moskvadan icazə alınır. Türk ellərinin atası, dədəsi Qorqudun adına layiq, Dədə Qorqud Qobuzuna hörmət əlaməti olaraq böyük bir ərazidə Qorqud Ata Memorial Kompleksi ucaldılır. 4 hissədən ibarət olan abidənin hündürlüyü 8 metrdir. Yuxarı hissəsində 40 ədəd boru yerləşdirilib. Burada hava küləkli olanda ətrafa Dədə Qorqud qobuzundan süzülən, gözəl müsiqilər yayılır. Küləyin əsmə səmti, havanın dəyişkənliyi ilə açıq təbitətdə oxuyan abidədən gələn müxtəlif musiqi sədaları ətrafa yayılır.
Maraqlı cəhətlərdən biri də odur ki, bu yerlərdə təbiətin bütün fəsillərində küləklər əsir.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” layihəsində Şuşanın şəbəkə sənəti
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir. Yeni təqdimat da maraqlı oldu.
“Ədəbiyyat və incəsənət” portalı muzeyin yaydığı xəbərə istinadən bildirir ki, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın şəbəkə sənətinə həsr olunub.
Şuşaya gələn səyyahların qeydlərində göstərilirdi ki, bu şəhərin böyük evləri özünün abadlığı və vitrajlı pəncərələri-şəbəkələri ilə digər Qafqaz şəhərlərinin evlərindən fərqlənir. Rus rəssamı V.V.Vereşaginin rəsmləri buna çox gözəl sübutdur. Onun əsərlərində göründüyü kimi, şəhərin oyma pəncərələri binanın planlaşdırılmasından asılı olaraq tavandan döşəməyə qədər otağın bütün divarını yaxud onun bir hissəsini əvəz edirdi. Hər cür pəncərələr döşəmədə parlaq xalçalarla uyğunluq və çoxrəngli ornamentlərlə hazırlanmış divar naxışları ilə şən saray əhval-ruhiyyəsi yaradırdı.
Şuşada sənətkarlıq yaxşı inkişaf etmişdi və ənənəvi şəbəkə istehsalı üçün usta və ağac axtarışı problemi yox idi. Pəncərə çərçivələri və şəbəkələr mismarsız və standart taxtadan yığılırdı. Pəncərə şəbəkəsinin bir kvadrat metri bir-birinə yapışdırılmış 3-5 min belə taxtadan ibarət olurdu. Rəngli şüşələr şəbəkələrdə radial şüalı 10-12 şüa ulduz yaradırdı. Seçilmiş rəsm simmetrik şəkildə təkrar olunurdu. Pəncərə qalxıb enirdi. Şuşa şəbəkələrinin rəsmlərinin ümumi görünüşü isə Şəki şəbəkələrindən zərif və mürəkkəbdir.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Albaniyada keçirilən musiqi festivalında bizimkilərin uğuru
Azərbaycanlı gənc musiqiçilər Albaniyada keçirilən “Kënga Magjike” musiqi festivalında uğurla çıxış edib.
Festivalda iştirak edən “Mamagama” qrupunun xəbərinə istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qrupun üzvləri Asəf Mişiyev və Roman Zilyanyev “Ən yaxşı xarici artist” mükafatına layiq görülüblər.
Qeyd edək ki, “Kenga Magjike” 1999-cu ildə yaradılmış musiqi müsabiqəsidir. Bu mərasimdə dünyanın müxtəlif ölkələrini təmsil edən sənətkarlar öz musiqi bacarıqlarını nümayiş edirlər.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
“Əbdürrəhim bəy, hazırlaş, tamaşaya dirijorluğu sən edəcəksən...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
HÜSEYNQULU SARABSKİ
(1879-1945)
Ustalıq edir, su satır, dəmirçi, daşyonan işləyirdim, arabir kefim yaxşı olanda səsimi başıma alıb özüm üçün oxuyurdum. Sən demə, Üzeyir bəy Hacıbəyli mənə göz qoyurmuş. Bir gün “Nicat” cəmiyyətinə getdiyim yerdə yolda rastlaşdıq. Məni görəndə üzü güldü.
Dedi:
– O gün teatrda idim, nə gözəl “Hicaz” oxuyurdun. Çox bəyəndim. Mən bir “Leyli və Məcnun” operası yazıram.
– Oynaram, – dedim, – sən piş şey yazmazsan.
O vaxtlar Üzeyir bəy “İslamiyyə” mehmanxanasında qalırdı, ünvanını verib: – İki gündən sonra gələrsən, bir görüşərik, – söylədi. Dediyi vaxt getdim, görüşdük, məşqə başladıq. 1908-ci ildə “Leyli və Məcnun” operasını səhnəyə qoyanda məni Məcnun oynamağa dəvət etdi. Bu hadisə bütün həyatımı dəyişdi. Amma tamaşanın baş tutmaması üçün çalışanlar da çox idi. Orkestrə dirijorluq edəcək adam son anda gəlməkdən imtina etdi. Orkestrin özü pərən-pərən idi. Biletlər satılmışdı, tamaşaya az qalmışdı. Üzeyir bəy çaş-baş qalmışdı. Tamaşaya 2-3 saat qalmış Üzeyir bəy tamaşanı tar üçün nota yazdı. Dirijor məsələsinə gələndə:
– Əbdürrəhim bəy, hazırlaş, tamaşaya dirijorluğu sən edəcəksən, – deyib, üzünü Əbdürrəhim bəy Haqverdiyevə tutdu.
Əbdürrəhim bəy çaşıb qaldı.
– Üzeyir bəy, mən necə dirijorluq edə bilərəm? – yazıçı etiraz etmək istəyirdi, amma Üzeyir bəy onu inandıra bildi.
– Şuşada hər kəs musiqidən baş çıxarır, sən də şuşalısan, üstəlik, musiqi savadın da var, notu bilirsən, sadəcə, orkestrə kömək elə, qalanın mən edərəm, – Üzeyir bəy qətiyyətlə fikrini tamamladı.
Möhtəşəm tamaşa oldu.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalara işə qəbul üzrə test imtahanı keçirilib
Kitabxana işi üzrə aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalarda peşəkar insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə həmin müəssisələr üzrə vakant vəzifələrin tutulmasının müsabiqə əsasında həyata keçirilməsi qərara alınmışdır.
Mədəniyyət Nazirliyinə istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə əsasında Nazirliyin sistemində olan kitabxanalara işə qəbul zamanı “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq hər bir vəzifənin əmək funksiyalarına dair müəyyən edilmiş normativlər üzrə həmin vəzifəyə iddia edən şəxslərin bilik səviyyəsinin və peşə hazırlığının, o cümlədən məntiqi təfəkkürünün və dünyagörüşünün yoxlanılması həyata keçiriləcəkdir.
Mədəniyyət Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə noyabrın 28-də Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.
Test imtahanın nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda, nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.
Məlumat üçün bildiririk ki, keçirilən test imtahanı üçün tərtib olunmuş sual kitabçası kitabxana işinə dair normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sualı özündə ehtiva edib.
Namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 70 faiz (35 düzgün cavab), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 60 faizi (30 düzgün cavab) və digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 50 faizi (25 düzgün cavab) müsbət nəticə əldə etməlidirlər.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Xalq artisti Rauf Hacıyevin 100 illiyi Filarmoniyada qeyd olunacaq
Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinin qeyd okunacağı məkan və zaman bəlli olub. Dekabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bu münasibətlə konsert proqramı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov, solist violin ifaçısı Ceyla Seyidova) çıxış edəcək.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev həmçinin respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə də nüfuz qazanıb.
Qeyd edək ki, bəstəkarın 100 illiyi ölkə başçısının müvafiq Sərəncam ilə silsilə tədbirlərlə qeyd olunur.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Mədəniyyət naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Qəbulların məqsədi sakinlərin müraciət və problemlərinin yerində dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılmasıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ayın 29-da Yevlax Şəhər Heydər Əliyev Mərkəzində görüş keçirib. Görüşdə Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon sakinləri, eləcə də digər rayonlardan qəbula yazılmış vətəndaşlar iştirak edib.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2005-ci ildən fəaliyyət göstərən mərkəzdə xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.
Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən, işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, şəhidin adının təhsil ocağında əbədiləşdirilməsi, şəhidlər haqqında sənədli filmlərin yerlərdə nümayişinə dəstək göstərilməsi, fəxri adın verilməsi, mədəniyyət ocaqlarının fəaliyyəti və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Diqqət! “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı sərgi açılacaq
Söhbət Özbəkistandan gedir. Dekabrın 9-da Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ölkənin elm, təhsil nümayəndələri, alim və tədqiqatçıların iştirakı ilə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinın açılışı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Özbəkistan Mədəniyyət Nazirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək göstərir.
Daşkənd Dövlət Pedaqoji Universitetin mərkəzi foyesində nümayiş etdiriləcək sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə aid tarixi xəritələrinin surətləri nümayiş etdiriləcək.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Toplantısı çərçivəsində Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu və Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyinin təşkilatçılığı ilə nümayiş etdirilən Türkistanın unikal xəritələri və tarixi fotoşəkillərinin də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində nümayişi nəzərdə tutulub. Bu xəritələr məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edilmiş və türk xalqlarının tarixini və yayılmasını əks etdirir.
Türkistan və Qafqazlara dair tarixi xəritələrin sərgisinin keçirilməsi barədə təklif Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla keçirilən görüş zamanı irəli sürüb. Görüşdə Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən “Yustinian hakimiyyətinin sonlarına doğru Avropa” (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini Samir Abbasova hədiyyə edib. Xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.
Samir Abbasov görüş zamanı xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyanın bir sıra muzeylərində yanlış xəritələrin sərgiləndiyini bildirib. O, regiona dair saxtalaşdırılmamış və həqiqəti əks etdirən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)