Super User
Polşada “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr olunub
Polşa-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfə olaraq “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, kitab Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib. Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir.
Kitabda Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyi münasibətilə 30 nağıl toplanıb. Belə ki, 15 Azərbaycan nağılı polyak dilinə, 15 Polşa nağılı isə Azərbaycan dilinə tərcümə edilib. “Apostrof-A” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Vrotslav Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru İlahə Kərimovadır.
Kitab Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən Polşanın 20-ə yaxın dövlət kitabxanasına hədiyyə olaraq paylanılıb. Həmçinin kitab Azərbaycan diasporu adından Polşada uşaq evlərinə, məktəblərə və uşaq bağçalarına da ödənişsiz şəkildə təqdim edilib.
Xatırladaq ki, Zəfər Günü ərəfəsində “Azərbaycan-Polşa nağılları” kitabının Varşavada da təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Qadın ağlamaqçün yaranmayıbdı...
Redaksiyanın poçtundaAzərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun iki şeiri var. Hər iki şeir qadınlar barədədir. Şeirləri diqqətinizə çatdırırıq.
Qadının özünə minnətdaram mən!
“Mənim həyatımın nə mənası var,
Sizin üzünüzdə gülüş olmasa”.
Xalq şairi Nəriman Həsənzadə
İnsanın özündən xəbərsiz, inan,
Narahat duyğular bu gün də yatmır.
Duyub yaşadıqca ömrün gününü,
Bəzən görürsən ki, nəyinsə çatmır.
Sonradan keçdikcə ömürdən günlər,
İlk görüş, ilk gülüş yadına düşür.
Sən demə, bu ömrün ən çətin günü,
Gəlib bu dünyada qadına düşür.
Duyulsa, uzaqdan nəfəsi yenə,
Bu dünya qayğıya bürünəcəkdi.
Könlünü almaqçün dağların özü,
Qadın arxasınca sürünəcəkdi.
Axı çox həssasdı bütün varlığı,
Dünəni, bu günü qoruyur bütün.
Qadının özünə minnətdaram mən,
Belə həssas qəlbli olduğu üçün.
Qadın ağlamaqçün yaranmayıbdı...
Soykökə bağlılıq, yurda bağlılıq,-
Qəhrəman bir yurdun canında olmuş.
At çapan Koroğlu dəlilərinin,
Sapandı, qılıncı yanında olmuş.
Əsrlər boyunca ər meydanında,
Fərhadtək qayanı bir ana yarmış.
Yaxşı ki, bir xalqa xidmət göstərən,
Cəsur bir diyarda qadınlar varmış.
Ömrün sınağından üzü ağ çıxmış,
Min igid gözündə darda da belə.
Yaşınıb, utanıb, çəkinməmişdi,
Boranda, şaxtada, qarda da belə.
Şairlər bir yurddan geri qayıtmaz,
Qadının hüsnündən ilham almamış.
Nigar da, Həcər də qəhrəmanlıqda,
Koroğlu, Babəkdən geri qalmamış.
Qəlbi ovsunlayan siyah telləri,
Kim sənə dedi ki, daranmayıbdı?!
Üzündə sevinci görəndə bildim,
Qadın ağlamaqçün yaranmayıbdı…
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Kino hara, teatr hara?
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
MİRZƏAĞA ƏLİYEV
(1883-1954)
***
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında çəkilən üç filmdən ikisində rol almışam. İlk dəfə 1916-ci ildə çəkilən “Arşın mal alan” filmində Süleyman obrazını yaratdım. Səssiz film idi. Rejissor Boris Svetlov çəkmişdi. Nümayiş zamanı canlı musiqi parçalarından istifadə olunurdu. Amma film Üzeyir bəyin xoşuna gəlmədi. İlk nümayişdən bir neçə gün sonra Quba meydanında üz-üzə gəldik. Hal-əhval tutduqdan sonra Üzeyir bəy başını bulayıb dedi:
– Mirzəağa, artislər əllərindən gələni ediblər. Sənin Süleymanına, Hüseynqulu Sarabskinin Əsgərinə, Əhməd Ağdamskinin Gülçöhrəsinə söz ola bilməz. Ancaq mənim istədiyim bu deyildi.
– Bəy, bəs nədən narazı qaldın? Kimin oyunu sənin xoşuna gəlmədi? Ürəyincə olmayan nədir, Üzeyir bəy?
– Bilirsən, Mirzəağa, “Arşın mal alan”ı teatrda da oynayırlar. Özü də demək olar ki, kinoda oynayan artistlərin əksəriyyəti oynayır, əgər kinonu o teatrdan yaxşı alındıra bilməyəcəyiksə, bu, bizə başucalığı gətirməz. Məncə, nümayişi dayandırmaq lazımdır.
Elə də oldu. Ertəsi gün Üzeyir bəyin təkidi ilə, filmin nümayişini dayandırdılar.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası dekabr ayı üçün tədbirlər planını açıqlayıb.
2 dekabr - Xalq artisti, dirijor Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
5 dekabr – Xalq artisti, tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert. (Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı)
6 dekabr - Braziliya Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu)
9 dekabr - SSRİ Xalq artisti, dirijor, bəstəkar Niyazinin 110 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
17 dekabr – Braziliyanın Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
20 dekabr -“Yeni adlar” layihəsi çərçivəsində konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri)
22 dekabr - Xalq artisti, bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbi)
23 dekabr - Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
24 dekabr - Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrin 30 illiyinə həsr olunmuş konsert.
26 dekabr - “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)
27 dekabr - Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
28 dekabr - Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
29 dekabr - “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
“Rast” filmi Niyazinin 110 illiyinə töhfədir
Azərbaycan Televiziyası daha bir mükəmməl işə imza atıb. Beynəlxalq Muğam Mərkəzində bu televiziya tərəfindən çəkilən “Rast” filminin təqdimatı keçirilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, film dünyaşöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin 110 illiyinə həsr olunub.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova bildirib ki, hələ 1967-ci ildə lentə alınan “Şur” televiziya filmi (rejissor Arif Qazıyev) muğam və xalq mahnılarımızın rəngarəngliyini ortaya qoymuşdu. “Rast” filmi də bu ideya əsasında çəkilib: “110 illiyi ilə bağlı böyük maestronu yad etmək bizim borcumuzdur. Niyazi nəinki böyük dirijor, həm də təbliğatçı və maarifçi idi. Biz bu ənənələri qoruyaraq muğam sənətimizi musiqimizi gələcək nəsillərə çatdırmağa xidmət edən layihələri alqışlayırıq”.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Xalq artisti Sərdar Fərəcov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxışlarında “Rast” filminin muğamlarımızın geniş kütlə arasında tanınmasına vəsilə olacağını vurğulayıblar.
Qeyd edilib ki, Azərbaycan muğamı özünün qızıl dövrünü yaşayır. “Rast” muğamının musiqi sənətimizdəki yeri haqqında bəhs edən natiqlər filmin ərsəyə gəlməsində zəhməti olanlara təbriklərini çatdırdılar.
Çıxışlardan sonra film nümayiş olunub. Niyazinin “Rast” simfonik muğamı səslənən filmdə Xalq artistləri Ramiz Quliyev (tar), Şəfiqə Eyvazova (kamança), Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Əməkdar incəsənət xadimi Aqil Məlikovun (xanəndələr) ifaları lentə alınıb. Xanəndələri Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestri və Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edir.
Filmin ideya müəllifi görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, quruluşçu rejissoru Elnur Məmmədov, rejissoru Natiq Novruzov, musiqi redaktoru Əməkdar incəsənət xadimi Çingiz Abbasovdur.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Urfan Cəfərov beynəlxalq müsabiqədə uğur qazanıb
Londonda keçirilən "Golden Time Talent 2022" Beynəlxalq Opera ifaçılarının vokal müsabiqəsində azərbaycanlı vokal ifaçısı Urfan Cəfərov növbəti uğura imza atıb.
“Ədəbiyyat və incəsənət” portalı Urfanın mediaya açıqlamasına istinadən xəbər verir ki, o, dünyanın 18 ölkəsi arasında UNESCO-nun Prezidenti olmaqla, 53 unikal tərkibli münsiflər heyətinin rəyi ilə Qran-Pri qazanaraq “Qızıl səs” adına layiq görülüb.
U.Cəfərov bu il həmçinin Amerikanın Nyu-York şəhərində keçirilən "American Protege International Vocal Competition 2022" adlı opera ifaçılarının beynəlxalq vokal müsabiqəsində də 21 ölkə iştirakçısı arasında birinci olub.
Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, dünyaşöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olub və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
“Qurani-Kərim”in məşhur müfəssirini aciz duruma düşürən yanlışlıq
Professor Ramazan Siracoğlu xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün yazır
Gah bir hərf qüsuruyla edər "nadir"i "nar",
Gah bir nöqtə süqutuyla "göz"ü "kor" eylər.
M. Füzuli
Hörmətli oxucuların mühakiməsinə təqdim edilən yazının yazılmasına səbəb bu il anadan olmasının səksən illiyi qeyd olunan görkəmli şərqşünas alimimiz, Şərq ədəbiyyatının məşhur bilicisi, klassik və müasir musiqimizə dərindən bələd olan mərhum akademik Vasim müəllim Məmmədəliyevin YouTube kanalından izlədiyimiz maraqlı söhbəti oldu. Seyid Əzim Şirvani haqqında şövqlə, dərin sayğı ilə bəhs edən Vasim müəllim məşhur əruz ustadı, Qurani-Kərim müfəssiri rəhmətlik Əli Fəhmiyə istanədən bildirir ki, bir dəfə bir şəxs mərhum Əli Fəhmidən xahiş edib ki, S. Ə. Şirvaniyə aid bir rübaini onun üçün açıqlasın. Vasim müəllimin sözlərinə görə, ixtisasca həkim olsa da klassik ədəbiyyatımızı və ərəb dilini yaxşı bilən Əli Fəhmi təqdim olunan rübainin ikinci misrasını izah etməkdə çətinlik çəkib. Bu yazıda biz Əli Fəhmi kimi dahini düşündürməyə vadar etmiş çətinliyin əsl səbəbini açmağa çalışacağıq.
Füzuli ədəbi məktəbinin layiqli nümayəndəsi, görkəmli maarifçi şairimiz Seyid Əzim Şirvaninin 1967-ci ildə Bakıda kitab halında nəşr olunmuş şeirlərinin bəzilərində tərtibçinin gözdən qaçırdığı qüsurlar 2005-ci ildə təkrar nəşrdə də təshih edilməmişdir. O qüsurlardan biri haqqında olan fikirlərimizi hörmətli oxucularla bölüşmək istəyirik.
Ey rədi qılan rübab eşqində kəbab,
Qanunə üsul ilə yetirdin mizrab.
Ta gül yüzə tar zülfüvi saz etdin,
Çəng oldu bu yüzdən neçə yüz xanəxərab.
(Bax:S. Ə. Şirvani, I c., Bakı, 1967 (2005), s.341)
Əruz vəzninin həzəc bəhrində (həzəci-müsəmmən) olan bu rübainin ilk misrasındakı sözün yanlış oxunması rübaini tamamilə mənasız hala gətirmişdir. Həmin misradakı “Ey” nidasından sonra gələn söz “rəd” deyil, “Də’d” şəklində yazılmalıdır. Ərəb əlifbasında “rə’d” - رعد - və “Də’d”- دعد - yazılış baxımından bir-birinə bənzədiyi üçün tərtibçi mexaniki olaraq onu “rə’d” şəklində oxumuşdur. Görünür, Qurani-Kərimdə “Rə’d” adlı surənin mövcudluğu (on üçüncü surə) və həmin surənin “وَيُسَبِّحُالرَّعْدُبِحَمْدِه – Və yusəbbihu’r rə’du bi həmdihi- Və göy gurultusu minnətdarlıqla Onu öyür” sözləri ilə başlaması, hörmətli tərtibçinin diqqətini yayındırmış və o da S. Ə. Şirvaninin haqqında bəhs olunan rübaisinin ilk misrasını yanlış oxumuşdur:
“Ey rədi qılan rübab eşqində kəbab.”
Əminliklə söyləmək olar ki, S. Ə. Şirvani “rə’d” yox, “Də’d” yazıb. Məsələ burasındadır ki, Şərq ədəbiyyatında “Də’d və Rübab”- دعد و رباب - geniş yayılmış məhəbbət dastanı vardır. Ərəb şairi İbn Nədimin məsnəvisində Də’d və Rübab iki gözəl cariyənin adı olsa da Əmir Muizzinin, Fələki Şirvaninin, Nasir Xosrovun və Əfzələddin Xaqaninin təqdimatlarında Də’d gənc bir oğlan, Rübab isə gözəl bir xanımdır. Ənvəri və Xaqaninin əsərlərini şərh etmiş Məhəmməd bin Davud Şadiabadinin mülahizəsinə görə, Də’d şahzadə oğlan, Rübab isə kəniz bir qız imiş.
Müxtəlif dövrlərdə yaşamış ədiblərin əsərlərində Də’d və Rübabın eşqini tərənnüm edən qeydlərə təsadüf olunur. Məsələn, Əfzələddin Xaqani bir qəsidəsində belə yazmışdır:
“Dünyagörmüşdən məsum ürəklinin halını soruşma, ağlamağı burax; Də’d ilə Rübabın nağılını oxuma”—
ازدلعالممپرسحالتصبحدلشبركرعنينمخوانقصهدعدورباب “ (Bax:خاقانی،چاپ اول، تهران، ١٣٣٨، ص.٤١ )
Fələki Şirvani də bir şeirində öz eşqini Də’din Rübaba olan sevgisinə oxşatmışdır: “Rübabın üzüntüsündən ağlayan Də’d kimi, mən hər an boş yerə onun sevgisi üzündən köksümdən nalələr çıxarıram”—
هرلحظهخيرهخيره،برآرمزعشقاوازسينهنالهناله،چودعدازغمرباب ( Bax:١٣٢٢، ص.٢٢فلكيشرواني ،كلیات دیوان،تهران،١٣٤٥ )
Məlikşah Səlcuqinin və Sultan Səncərin saray şairi olmuş Əmir Muizzini bir beytində Də’d ilə Rübabın bir-birinə olan dillərədastan sevgisini Orta əsrlərdə yayğın olan başqa bir məhəbbət dastanının qəhrəmanları “Urva və Əfra”ya bənzətmişdir:
“Dəruni sevgidən söz düşəndə hər zaman Urva və Əfradan, Də’d ilə Rübabdan danışırlar”— هميشهتاكهبهعشقاندرونخبرگويدزحالعروهوعفراوحالدعدورباب
( Bax:معزی، كلیات دیوان، تهران، ١٣٤٥، ص.٤١ )
XIII əsrə aid olan məşhur “Mərzbannamə” əsərində də Də’d və Rübabın əfsanəvi eşqindən söz edilmişdir:
“Bir mütribin qonşusu vardı, onun ifa etdiyi çəngin ahəngini qısqanan Zöhrə ulduzu Rübabın ayrılığından inləyən Də’d kimi tutqundu”—
خنیاگریهمسایهایداشتکهزهرهسعدازرشکچنگاوچونزهرهدعددرفراقرباببجوشآمد
Nümunələrdən də göründüyü kimi, Şərq ədəbiyyatını mükəmməl bilən S. Ə. Şirvani rübaisində təlmih adlanan bədii ifadə vasitəsi ilə öz oxucularına bir zamanlar dillər əzbəri olmuş eşq dastanını, o dastanın qəhrəmanlarını xatırlatmışdır. Başqa sözlə, haqqında bəhs olunan rübaidə şair musiqi aləti rübabla məsnəvi qəhrəmanı Rübabı eyni anda nəzərdə canlandırmışdır. Yəni, S. Ə. Şirvani öz rübaisində tövriyyə adlanan üsulu uğurla tətbiq edərək söz sənəti yaratmışdır.
Vurğunu olduğu gözəl qız Rübabın həsrəti sevgilisi Də’din bağrını yandırdığı kimi, sazəndənin də rübabı dilləndirməsi dinləyənləri, musiqini idrak edənləri eyni qaydada mütəəssir edir. Belə nəticəyə gəlmək olar ki, məşhur söz xiridarı mərhum Əli Fəhmini aciz duruma düşürən səbəb kitabdakı şeirin yanlış şəkildə yazılması olub. S. Ə. Şirvaninin haqqında bəhs etdiyimiz rübaisinin birinci misrası “Ey Rə’di qılan Rübab eşqində kəbab” şəklində yazılmalıdır.
Bəlkə də, bu yazılanlar siyasiləşən həyatımızda bəzilərinə çox önəmsiz görünə bilər. Lakin bizcə, klassik irsimizi doğru şəkildə öyrənib gələcək nəsillərə qüsursuz şəkildə çatdırmaq olduqca faydalı işdir və bizim hamımızın vətəndaşlıq borcumuzdur.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Nə qədər "yeyib-içmişik"?
2022-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,7 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artmışdır.
2022-ci ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,4 faiz, fərdi sahibkarlar üzrə 2,1 faiz, bazar və yarmarkalarda 4,0 faiz artmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 401,5 manatlıq, o cümlədən 225,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 175,9 manatlıq qeyri-ərzaq malları almışdır.
Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt, Şuşa şəhərlərindən və Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, vətəndaşlar dekabrın 11-dək nazirliyin Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Bakıda Türkiyəyə qarşı Almaniyanın kino-təxribatının qarşısı alınıb
Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş və Almaniya istehsalı olan “Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.
Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişini birmənalı şəkildə rədd edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mediaya bildirilib ki, filmin Bakıda nümayişi ləğv olunub.
Xatırladaq ki, Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkələrdə filmin "Landmark"da nümayiş etdirmək niyyətində olduğunu bildirmişdi.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)