Super User

Super User

1993-cü ilin avqust ayında işğal olunan Füzuli şəhəri bir talelər toplusu olaraq bizə iki əks qütblü yolun yolçusu olan Füzuli sakinlərini nümayiş etdirir. Bu, erməni artilleriyasının dayanmadan şəhəri dağıdan mərmilərindən şəhəri məcburən tərk edən gənc, iki balaca uşaq anası, müəllimə Hürrüyə Hüseynova və əksinə, Bakıdan gələn, Füzulini qorumaq üçün əlinə silah alan bəstəkar-şair Rasim Müzəffərlinin hekayələridir.

Hər iki hekayə 1993-cü ildə reportyor Vahid Naxışın kamerasına həkk olunaraq tamaşaçının ixtiyarına “Qaytarılan torpaq” sənədli filmi ilə 2022-ci ildə rejissor Vahid Mustafayevin dramaturju xətti ilə təqdim olunur.

 

“Ədəbiyyat və incəsənıt” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, ANS Şirkətlər Qrupunun, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun, Balans Milli Rəqəmsal Bərpa Studiyasının təqdimatında Cinema Plus kinotearında ssenarist və rejissor Vahid Mustafayevin “Qaytarılan Torpaq” sənədli filminin təqdimatı baş tutub. 

1993-cü ildə ekstremal şəraitdə, güllələrin altında çəkilən real insan taleləri, illər sonra filmin qəhrəmanlarının yenidən o yerlərdən keçərək yaşadığı hisslər, yarımçıq qalan və yenidən doğan ümidlər və əlbəttə 30 il əvvəl qəhrəmanların Füzulidən çıxaraq itirdikləri və qoruduqları dəyərlər filmin ana xəttini təşkil edir. 

Filmin leytmotivində Torpağa olan münasibətdən bəhs edilir... Müəllifin fikirincə, biz torpaqları tərk edəndə o viranə və xaraba qalır və əksinə biz onun hətta bir ovucunu da olsa qoruyanda hər zaman onun tam şəkildə qaytarılmasına ümid qalır!

Vahid Mustafayev, çəkdiyi real kadrlardakı məkanları 2022-ci ildə yenidən filmində müqayisəli istifadə edərək,  1993-cü il avqustun 23-də olan vəziyyəti tam aydınlıqla bizə nümayiş etdirir. Gözəl və 90-cı illər üçün müasir infrastruktura malik şəhər 29 il Ermənistan hərbi qüvvələrinin işğalı altında qalaraq görünməyən vandallıqla tamamilə ləğv olunub. Bu dəhşətli hadisələri Füzulini tərk edən Hürrüyə xanım və əksinə şəhərə daxil olan Rasim Müzəffərli necə xatırlayırlar? Niyə Hürrüyə xanım doğma şəhərini tərk etdi və ya niyə Rasim müəllim əlindəki silahla Füzulini xilas edə bilmədi? Bu və digər tariximizi formalaşdıran suallara “Qaytarılan Torpaq” filmində cavab tapılır.

Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri, habelə Füzuli ictimaiyyəti üçün təqdim edilən “Qaytarılan Torpaq” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

“Şuşa İli” çərçivəsində tədbirlər planına uyğun olaraq, mədəniyyət müəssislərində təşkil edilən tədbirlər davam edir. Bu məqsədlə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində respublikanın ali təhsil müəssisələri, elmi təşkilatları və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Milli mədəniyyətimizin Şuşa salnaməsi” adlı elmi-praktiki konfrans keçirilib. 

 

“Ədəbiyyat və incəsənıt” portalı Azərbaycan Dövlət Teatr Muzeyinin mediaya açıqlamasına istinadən məlumat verir ki, konfransda  muzeyin direktoru Sevinc Milkayılova çıxış edərək, mövzunun aktuallığından və əhəmiyyətindən danışıb. Ardınca Qarabağ və Şuşa mövzusuna aid muzey eksponatları əsasında hazırlanmış videoçarx izlənilib. 

Konfransda sənətşünaslıq doktoru, professor Aydın Talıbzadə “Dilin tanıtdığı müqəddəs Şuşa - semantik rekonstruksiya”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Şuşa musiqiçilərinin irsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin interpretasiyasında”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyyə Nəcəfova “Azad Şuşa obrazı - Vətənpərvərliyin və milli qürurun poetik ifadəsi”, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Zeynalova “Koroğlu, Qaçaq Nəbi və Osmanlı paşalarının obrazları Şuşada toxunmuş Qarabağ xalçalarında”, Xəzər Universitetinin müəllimi Mədinə Karahan “Əhməd bəy Ağaoğlu şəxsiyyət kimi”, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “Qarabağda aşkarlanmış muzey sərvətlərində erməni saxtakarlığı”, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Quruçay mədəniyyəti və onun yayılma arealı”, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin böyük elmi işçisi Əli Abuzərov “Şuşa şəhərinin muzey turizmi potensialı” və digər mövzularda məruzələr dinlənilib. 

Konfrans məruzələr ətrafında diskussiyalarla davam edib. 

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Пятница, 02 Декабрь 2022 20:00

Kamera və Orqan Musiqisi zalının dekabr repertuarı

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı dekabr ayı üçün tədbirlər planını açıqlayıb.

 

3 dekabr – “Ötən illərin xatirəsi” adlı Abonement №2 konserti. (Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu)

10 dekabr - “Klassik musiqidə rəqs janrı” adlı Abonement №2 konserti. (Azərbaycan Dövlət Fortepiano Triosu)

17 dekabr – Xarici bəstəkarların əsərlərindən ibarət Abonement №2 konserti. (Azərbaycan Dövlət Simli Kvarteti)

24 dekabr - Abonement №2 konserti. (“Cadenza” orkestri)

24 dekabr - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin konserti.

26 dekabr - Xalq artisti Fidan Hacıyevanın şagirdlərinin konserti.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

“Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ləğv olunması barədə xəbəri ötən gün Mədəniyyət Nazirliyi APA-ya açıqlayıb. 

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ilə əlaqədar təqdim olunan videoçarxlar kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olmadığına, müsabiqə şərtlərini ödəmədiyinə və tələb olunan texniki göstəricilərə cavab vermədiyinə görə müsabiqənin nəticələri ləğv olunub.

Qeyd olunub ki, müsabiqəyə təqdim olunan işlərə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, bu sahənin tanınmış mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən baxılıb.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

Azərbaycanın turizm potensialı Özbəkistanın Daşkənd şəhərində keçirilən “Daşkənd Beynəlxalq Turizm Sərgisi – TİTF 2022”də tanıdılır.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə sərgidə ölkəmizin turizm imkanları, xüsusilə müalicəvi və sağlamlıq turizm potensialı təbliğ olunur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinin məlumatına əsasən bildirilir ki, “İpək Yolu turizmi” mövzusuna həsr edilmiş sərginin ilk günündə baş tutmuş plenar sessiya zamanı Agentlik sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın turizm sahəsindəki bu günədək olan təcrübələr və gələcək planlar haqqında təqdimatla çıxış edib.

Dekabrın 2-dək davam edəcək sərgidə Özbəkistandan olan turizm şirkətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün B2B (Biznesdən biznesə) görüşlər təşkil olunur, Azərbaycanın turizm məhsulları, müalicəvi kurortlar və hotellər haqqında məlumat verilir. 

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Пятница, 02 Декабрь 2022 13:00

“Sunayın rəng dünyası” uşaqları sevindirəcək

 

Uşaq yazarı Mehriban Nağıyevanın yeni şeir kitabı işıq üzü görüb. "Sunayın rəng dünyası" adlı kitabda balaca oxucular üçün bir-birindən maraqlı şeirlər yer alıb. 

Bu kitab müəllifin sayca 13-cü kitabıdır. Rəngarəng şəkillərlə dolu kitabdakı rəsmlərin müəllifi isə 275 nömrəli tam orta məktəbin sinif şagirdi Sunay Salmandır. Sunay rəsm çəkməyi çox sevir. Sinif rəhbəri Mədinə Məmmədova Sunayın bu istedadını görərək maraqlı təşəbbüs irəli sürüb. O, bu şəkilləri toplayaraq uşaq yazarı Mehriban Nağıyevaya göndərib və Sunayla bərabər kitab hazırlamaq ideyasını irəli sürüb. Nəticədə uşaqlar üçün çox maraqlı bir kitab ərsəyə gəlib. Kitabda yer alan “Xarıbülbül”, “Zəfər nəğməsi”, “Sunayın rəng dünyası” və digər şeirlər balaca oxucuların marağına səbəb olacaq.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Пятница, 02 Декабрь 2022 17:00

“Yenə yağış yağır bu boş şəhərə…”

“Ədəbiyyat və incəsənət” portalı Poetilk qiraət rubrikasında gənc şair İntiqam Yaşarın “Yağış” adlı yeni şeirini təqdim edir. 

 

 

Yenə yağış yağır bu boş şəhərə,

Yenə ağacların duası çindir.

Adamsız şəhərdə bir ağac olmaq,

Susuz səhralardan daha çətindir.

 

Meyvəsi kölgədir, kölgəsi meyvə,

Uduzur ömrünü gündə bir yoxa.

Bu ağac bəxtindən haçan yarıya,

Öyrənib ümidi hey boşa çıxa.

 

Göylər...ümid yeri...son güman yeri,

Göylər əl uzadar yerdəkilərə...

Yarı yolda qalmaz göydən gələnlər,

Gec də olsa çatar yerdəkilərə.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Bu gün və sabah Bakıda moda bayramı düzənlənəcək. Muğam Beynəlxalq Mərkəzində ölkənin rəsmi moda həftəsinin AFW-in 13-cü mövsümünün numayisi keçiriləcək. Və yenə də moda dünyasının ən maraqlı və parlaq adları seçilmiş ictimaiyyətə təqdim olunacaq.

 

AFW-nin 13-cü mövsümünün əsas mövzusu Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Bu da təəccüblü deyil, çünki Azərbaycan Moda Həftəsinin baş prodüseri Sayat Dossıbayev həm də Qazaxıstan Moda Həftəsinin təsisçisidir, onun sayəsində AFW podium həmişə bu iki ölkənin ən dəbli dizaynerlərinin görüş yerinə çevrilir.

Azərbaycan Moda Həftəsinin 13-cü mövsümünün iştirakçıları arasında bir çox yerli və xarici dizaynerlərin adı var. Qazaxıstanı nümayisdə aşağıdakı brendlər təmsil edəcək - Shogy, Nomade, Usaliev, A-Sain kids, Asheri. Dizayner İrina Diosa AFW-də Özbəkistanı təmsil edəcək. Yarışda Azərbaycanı aşağıdakı adlar təmsil edəcək - Fəxriyyə Xələfova, La Şyla, Soul Desire, Mario Russo, Ny Gyul. Menzer Zekizade Fashion məktəbinin məzunları Röya Bəşirova, Ramilya Mehdiyeva və Sultan Məmmədova da debüt kolleksiyalarını təqdim edəcəklər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Trend.az-a istinadən məlumat verir. 

Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyasının qərarı ilə dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Azərbaycan Moda Həftəsinin təşkilat komitəsi bu mühüm hadisəni nəzərdən qaçıra bilmezdi, ona görə də bu gün əlillər üçün ilk adaptiv moda brendi Kekalove-nin xüsusi nümayisi AFW podiumunda teqdim olunacaq.
Əsas şou proqramı ilə yanaşı, butik sahiblərinə, mətbuat nümayəndələrinə və moda həftəsinin qonaqlarına dizaynerlərlə birbaşa ünsiyyət qurmaq, yeni el isleri ile tanış olmaq imkanı yaratmaq ücun Azərbaycan Moda Həftəsinin ənənəvi Showroomu keçiriləcək. Azerbaijan Fashion Week-in əsas məqsədi məhz bu Showroom da uzun bir vasitəçi zəncirindən yan keçərək və axtarış vaxtina qənaət edərək qarderobunda yeni bir şey axtaranlar ucun nezerde tutulub.

2015-ci ilin may ayında Azərbaycanda Azərbaycan Moda Həftəsinin ilk mövsümü keçirilib və bu, ölkədə Moda Həftələrinin başlanğıcı olub. Bu genişmiqyaslı layihə bir çox cəhətdən ölkədə moda bazarının belə görünməsinin əsas səbəbi oldu, çünki o dövrdə mövcud olan bir neçə modelyer öz fəaliyyətlərini ayrıca aparır, özlərini tanıtmaq üçün xeyli səy göstərirdilər. Azərbaycan Moda Həftəsi məhz moda sahəsində çalışanların hamısının səylərini birləşdirən platformaya çevrilərək, dizaynerləri, alıcıları, yerli və xarici mətbuatı, eləcə də paytaxtın bütün modasevərlərini və moda qadınlarını birləşdirən platformaya çevrildi. . Mövcud olduğu on mövsüm ərzində Azərbaycan Moda Həftəsi ən mühüm moda hadisəsi statusunu saxlamışdır
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Böyük Britaniyanın “Financial Times” qəzeti 2022-ci ilin ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AiF nəşrinə istinadən məlumat yayır.

 

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl, məşhur amerikalı müğənni Billi Ayliş, həmçinin partiya qalmaqalında adı hallanan Finlandiyanın Baş naziri Sanna Marin də siyahıda yer alıblar.

Siyahıda həmçinin Kolumbiyanın vitse-prezidenti Fransia Yelena Markes Mina, ABŞ Ali Məhkəməsinin ilk qaradərili hakimi Ketanji Braun Cekson, Pakistandakı daşqın probleminə diqqət çəkən iqlim naziri Şerri Rəhman, həmçinin builki Nobel Sülh Mükafatını qazanan “Vətəndaş Azadlıqları Mərkəzi” Ukrayna İnsan Hüquqları Təşkilatının rəhbəri Aleksandra Matviyçuk da var.

Qəzet bu il İranda gənc Məhsa Əmininin polis tərəfindən saxlanmasından sonra ölümünün ardınca etiraz aksiyalarına qoşulan iranlı qadınları da reytinq siyahısına əlavə edib.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şuşa İli”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filmi ərsəyə gətirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı İctimai Birliyə istinadən xəbər verir ki, əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan sənədli filmdə Şuşada işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır. Filmin adı Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir. 

Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edir. Filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs olunur.

Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

Qeyd edək ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” adlı layihəsi bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olub. “270-ci səhifə“ adlı film bu layihə çərçivəsində hazırlanıb. Filmin tezliklə həm yerli ictimaiyyətə, həm də xarici dillərdə beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.