Super User
Bu gün YARAT-da Türkiyənin 17 rəssamının “Multiperspektivdə” adlı qrup sərgisi açılır
Bu gün YARAT Müasir İncəsənət Məkanı 17 türk rəssamının – Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E.Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuz – yeni yaradılmış, həmçinin ən son illərin əsərlərindən ibarət "Multiperspektivdə" adlı yeni qrup sərgisini təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu müxtəlif aspektlər və onlar arasındakı təzadların nümayişi sayılacaq sərginin açılışı günündə - yəni dekabrın 1-də daha sonra film nümayişi, panel müzakirələri baş tutacaq, mühazirələrdən ibarət geniş ictimai proqram müzakirəsi təşkil olunacaq.
Sərgi 2023-cü il aprel ayının 30-dək ziyarətçilər üçün açıq qalacaq.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunacaq sərginin kuratoru Fırat Arapoğlu olacaq.
Bu gün sürətli urbanizasiyanı yaşayan dünyaya vertikal baxmaq nə məna kəsb edir? Yerin vertikal quruluşunu necə anlamaq olar? Son zamanlara qədər bizim dünyəvi biliklərimizdə üfüqi perspektiv üstünlük təşkil edirdi, ona görə də coğrafiya düz səthi xəritələrdə göstərilirdi. Geosiyasət anlayışı xəritələr və qlobuslar üzərində təşkil edilmiş ənənəvi milli dövlətlərə aiddir.
Müasir milli dövlətləri, coğrafi və geosiyasi elmləri formalaşdırmaq üçün xətti perspektiv zəruri idi. Coğrafiya və geosiyasət dövlətlərin üfüqi dünyagörüşündə regional güc və ərazi uğrunda necə mübarizə apardıqlarını izah edirdi. Belə bir perspektiv dünyanın üçölçülü quruluşunu nəzərə almır. İncəsənət, memarlıq və geologiyada bununla bağlı müzakirələr aparılsa da, gündəmdə hələ də xətti perspektiv mövzusu üstünlük təşkil edir.
İngilis coğrafiyaşünası Dorin Massi 1994-cü ildə yazırdı ki, "xəritədə sərhədlər yerləri müəyyən etmir". Əslində, onlar "sosial münasibətlərdə və şəbəkələrin anlamasında ifadə olunan məqamlardır". Çağımızda bu münasibətlərin əksəriyyəti kiçik yerlərdən keçir. "Multiperspektivdə" isə onların dünya miqyasında bir-biri ilə qarşılıqlı və vertikal şəkildə təşkil olunmuş əlaqələrinə əla nümunədir. Sərgi insan təcrübəsi ilə sıx şəkildə üst-üstə düşən material və coğrafi baxımından multiperspektiv formaları araşdırır. Vertikal və digər məkan metaforaları ünsiyyəti yenidən qurub yaratmaq üçün işləyir; vertikal birbaşa sosial həyatın fiziki təcrübəsindən irəli gəlir və insanların sosial və siyasi dünyanı necə qavramasına və formalaşmasına fəal təsir göstərir.
Konseptual olaraq, sərgi sürətlə urbanizasiyalaşan dünyamızın siyasi, sosial və şəhər mübarizəsini belə çoxölçülü və tənqidi perspektivdən təqdim edir. Sərgi bütün hadisə, mühit və dünyaları təsvir etmək, təcrübədən keçirmək və təhlil etmək, habelə bunun necə baş verdiyini problem kimi vurğulamaq üçün vertikal metaforalardan istifadə edir. Biz buna nail olduqda, bu, şəhərə, siyasətə, həyata və coğrafiyaya tənqidi, vertikal və həqiqətən də hərtərəfli baxışlarımızı inkişaf etdirərək "dünyanı yenidən görməyə" imkan verəcək.”
Şəkildə: Setenay Alpsoy
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
“Bir gün eşitdim ki, yoxdur həyatda...” - Yusif Nəğməkarın yeni şeiri
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikaaında sizlərə şair Yusif Nəğməkarın “Yoxu sevdim” şeirini təqdim edir.
Günüm gün görmədi ələmdən başqa...
Sinəmdə gizlətdim qəm-şikayəti...
Sirdaşım kağızdan, qələmdən başqa
Mən kimə danışım bu hekayəti?!.
Gümanım ömrə bel bağlaya bilmir,
Çatdım suallara hey qaşlarımı...
Nə yazıq, kişilər ağlaya bilmir!
Qürurum dəfn etdi göz yaşlarımı...
...O, sevdi...
mən onu sevə bilmədim...
Çəkildi günə dağ,
həm dağ aylara...
Bir addım ahına sarı gəlmədim,
Dərd açdı sulara, qağayılara...
...Bir kəs aramadım heç vaxt o adda...
Peşman yaşamadım tək heyif kimi...
Bir gün eşitdim ki, yoxdur həyatda...
Yoxluğu var etdi ona sevgimi...
Nə sirdir, talelər arınmayanda
Ən sərt arzular da yuxa vurulur?!.
Öz könül varından barınmayanda
İnsan yoxu sevir, yoxa vurulur?!.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Betmenin avtomobili satışa çıxarılıb
Rejissor Tim Bertonun çəkdiyi "Betmen" filmlərində superqəhrəmanın istifadə etdiyi avtomobil satışa çıxarılıb.
“Ədəbiyyat və incəsənət” Qəeb mediasına istinadən xəbər verir ki, 1992-ci ildə ekran işi üçün istifadə olunan "Betmobil"in satış qiyməti isə 1,5 milyon dollardır.
"Chevrolet" brendinin modellərindən birinin əsasında hazırlanan maşın aşağı güclü elektrik mühərriki ilə təchiz olunub və o, saatda 50 kilometr sürətə malikdir.
Üç nəfərlik olan avtomobildə kaskadyor üçün xüsusi gizli oturacaq da var. Elə avtomobilin dəyərini qaldıran da budur.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Koronavirusa tutulmuş Spilberqin səhhəti normaldır
Ən çox oxunan xəbərlərdən biri də budur: Dünyanın tanınmış rejissorlarından olan Stiven Spilberq koronavirusa yoluxması xəbəri yayılmışdı. Bu səbəbdən o, çəkdiyi "Fabelmanlar" ("The Fabelmans") filminin mükafatlandırma mərasimində iştirak edə bilməyib, məşhur rejissor Nyu-Yorkda keçirilən "Gotham Awards" mərasimində bu filmdə iştirak edən aktrisa Mişel Uilyamsa (baş rol ifaçısının anası) mükafat təqdim etməli idi. Lakin "qırmızı xalı"nın açılışına az qalmış tanınmış rejissorun koronavirus testinin cavabının müsbət çıxdığı aydın olub. Beləliklə, 42 yaşlı kino ulduzuna mükafatı Spilberq deyil, aktrisanın layihə üzrə həmkarı Pol Dano təqdim edib.
Bu xəbəri “Ədəbiyyat və incəsənət” portalı Deadline-a istinadən xəbər verir. Qeyd edək ki, amerikalı rejissorun çəkdiyi "Fabelmanlar"da baş rolları Qabriel Labell, Mişel Uilyams, Pol Dano və Set Rogen oynayırlar. Sentyabr ayında premyerası baş tutan film Toronto Film Festivalında "Tamaşaçı simpatiyası" baş mükafatına layiq görülüb. Film Stiven Spilberqin Arizonada yaşadığı illərə - uşaqlıq xatirələrinə əsaslanır.
Maraqlıdır ki, rejissor məhz pandemiyanın onu uşaqlığı haqqında film çəkməyə vadar etdiyini demişdi, indi isə elə koronavirus onun üçün çox əhəmiyyətli bir tədbirdə iştirak etməsinə mane olub.
Amma yəqin ki, rejissor Berlin festivalınadək sağalacaq. Xəbər verdiyimiz kimi, orda ona Qızıl ayı mükafatı verilməlidir.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Ölkəmiz Minsk Beynəlxalq Milad Opera Forumunda təmsil olunacaq
Dekabrın 13-dən 18-dək ənənəvi Minsk Beynəlxalq Milad Opera Forumu keçiriləcək. Belarusun Böyük Teatrı artıq 12-ci dəfə təşkil etdiyi sənət bayramı ilə klassik musiqi xiridarlarını sevindirəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bir neçə ölkə təmsilçisinin, yaxın-uzaq ölkə teatrlarının qatıldığı Opera forumunda Azərbaycan sənətçiləri də iştirak edəcək.
Dekabrın 14-də “Gelikon-opera”nın təqdim edəcəyi C.Puççininin “Turandot” operasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.
Dekabr 16-da isə səhnəyə Q.Donisettinin “Sevgi şərbəti” tamaşasında Sankt-Peterburq Mariinski Teatrının solisti Məhərrəm Hüseynov çıxacaq. O, tamaşada sərgərdan təbib Dulkamaranın partiyasını ifa edəcək. Qeyd edək ki, həmyerlimiz forumun qala-gecəsində də digər 6 ölkə təmsilçisi ilə eyni səhnəni bölüşəcək.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Qalmaqal böyüyür: “Sisters apart” necə olub ki, ölkəmizə yol açıb?
Xəbər verdiyimiz kimi, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş və Almaniya istehsalı olan “Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişini birmənalı şəkildə rədd edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mediaya bildirilib ki, filmin Bakıda nümayişi ləğv olunub.
Xatırladaq ki, Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkələrdə filmin "Landmark"da nümayiş etdirmək niyyətində olduğunu bildirmişdi.
Amma mövzu qapanmaq bilmir. Xüsusən sosial mesia məsələ qaldırıb ki, Mədəniyyət Nazirliyi hansı haqla bu filmə vəsiqə veribsə cavab verməlidir.
Halbuki, filmə Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi verilməyib. İstər nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
“Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə, bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, - deyə məlumatda qeyd olunur.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Filmlərimiz “Moskovskaya premyera” IV beynəlxalq kinofestivalda təqdim olunur
Noyabrın 29-dan başlamış və dekabrın 5-dək davam edəcək kino festivalından söz açırıq.
Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, festivalın proqramına Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistandan olan filmlər daxil ediliblər.
Azərbaycan və Rusiya-Azərbaycan istehsalı olan 5 filmin - “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, “Qobelen”, “Alisanın bir günü” (qısametrajlı film) nümayişi daxildir.
Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi noyabrın 30-da saat 19.00-da “DomJur” kino mərkəzində təşkil olunacaq.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. “Moskovskaya premyera”nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.
Daha ətraflı məlumat əldə etmək üçün Festivalın “mpfest.ru” rəsmi saytına müraciət edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Türkmənlər də anlayıb ki, dünyaya inteqrasiya vacibdir
Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb.
Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər - milli musiqi alətləri ifaçıları iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İran mədəniyyət, incəsənət xadimləri iştirak edirlər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təqdimatı əsasında ölkəmizi sözügedən Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Festivalda Mərkəzin inzibatçısı Yusif Məmmədov, azərbaycanlı ifaçılar Vahid Əliyev, Fatimə İsgəndərova və Özbəkistanda Azərbaycan saz ustadı İlham Abdullayev Festivalda iştirak edirlər.
Mükamal Sarayına ölkə hökumətinin üzvləri, mədəniyyət sisteminin, ictimai təşkilatların rəhbərləri, yaradıcı işçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, qonşu ali təhsil ocaqlarının professor və tələbələri toplaşmışdılar.
Açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Milli musiqi sənəti dünya xalqlarının irsidir” adlı beynəlxalq festival və konfransın iştirakçılarına təbriki oxunub.
Bu böyükmiqyaslı tədbirin əhəmiyyəti də bundan ibarətdir. Türkmənistan liderinin təbrikində deyilir: “Bu beynəlxalq festival və konfrans türkmən xalqının əsrlər boyu davam edən milli musiqi sənətinin dünya ictimaiyyətinə təbliğində, xalqların daha yaxından tanıdılmasında xüsusi rola malikdir. Dünyanı milli musiqi sənəti ilə sıx bağlayır”.
Sonra Mükəmlər sarayının səhnəsində konsert olub. Zəngin mədəni proqram musiqi əsərlərinin rəngarəngliyi, müxtəlif xalqların qədim xanəndəlik və ifaçılıq sənətinin nadir nümunələri Festivalda iştirakçılara təqdim olunub.
Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılora vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xorazm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Buxara şəhəri, Qırğızıstandan gəlmiş “Etno-Oş” folklor-etnoqrafiya qrupunun ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər.
Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.
Tədbirlərdə Türkmənistan dövlət və hökumət nümayəndələri, TÜRKSOY təşkilatının rəhbəri və nümayəndələri, nazirlik və idarələr, ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri, Aşqabad Forumuna qatılan ölkələrin alim və ekspertləri də iştirak ediblər.
Noyabrın 30-da Dövlət Mədəniyyət Sarayının Mükəmlər Sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanışı, diplomların təltif edilməsi və Türkmənistan incəsənət ustalarının konserti keçiriləcək.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Mədəniyyət Nazirliyində Tatarıstanın mədəniyyət naziri ilə görüş keçirilib
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı qonağı səmimi salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb.
Sevda Məmmədəliyeva 2022-ci ilin 28-29 noyabr tarixlərində Tatarıstanın Qabdulla Karieva adına Gənc Tamaşaçılar Teatrı tərəfindən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Nizami Gəncəvinin Leyli və Məcnun poeması əsasında tamaşanın nümayişi üçün qarşı tərəfə təşəkkürünü bildirib və bu səhnə əsərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini ifadə edib.
Azərbaycanda təhsil almış nazir İrada Ayupova, uzun müddətdən sonra Azərbaycana səfəri və Bakı şəhərinin yüksək surətlə inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanda tarixən çoxsaylı zəngin mədəni tədbirlərin keçirilməsi ənənəsinin bu gün də davam etdiyinin şahidi olduğunu bildirib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk xalqlarını birləşdirən birgə layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətli tədbirlərdə qarşılıqlı iştirakın önəmi vurğulanıb.
Nazir cari ilin 4-9 dekabr tarixlərində Tatarıstanın Kazan şəhərində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci ilin Konvensiyasının 50 illiyinə həsr olunan beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdırıb və Nazirliyin rəsmilərini bu forumda iştiraka dəvət edib. O, həmçinin, Tatarıstanda keçirlən teatr, folklor, ənənəvi uşaq oyun festivalları, o cümlədən, türk irsi ənənələrinə və onların təbliğinə yönəlmiş beynəlxalq tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verilməsi, xüsusilə, gənclər arasında elm sahəsində əməkdaşlığın qurulması, Tatarıstanda türk xalqlarının tarixi üzrə uşaqlar arasında olimpiadanın keçirilməsi və bu tədbirlərdə Azərbaycan tərəfinin iştirakının önəmini vurğulayıb.
Görüşdə Azərbaycanda və Tatarıstanda türk xalqlarına aid çoxlu sayda qədim əlyazmaların mövcud olduğu bildirilib, bu əlyazmaların araşdırılıb oxunulması üçün süni intellekt əsaslı texnologiya sahəsində birgə əməkdaşlığın zəruriliyi qeyd edilib.
Görüş zamanı 2023-cü ilin üçün Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, habelə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkədə təşkili nəzərdə tutulan tədbirlərdə birgə əməkdaşlıq barədə məlumat mübadiləsi aparılıb. Görüşün sonunda növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, və bu əlamətdar günlər çərçivəsində festivallarda iştirak, birgə kino günlərinin təşkili, o cümlədən, mədəniyyət sahəsi ilə bağlı gənclər forumunun keçirilməsi müzakirə olunub.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)
Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətində yer alıb
Noyabrın 29–dan dekabrın 5–dək Moskva şəhərində MDB ölkələrinin 4–cü Beynəlxalq “Moskva premyerası” kino festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının məlumatına əsasən xəbər verir ki, Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi 4–cü kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
Qeyd edək ki, bu festivalın tarixi 2003–cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019–cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.