Super User
Rusiyanın sülhməramsızları bizim Qarabağdakı yer adlarını YENƏ təhrif edib - “erməniləşdirib”
Əkbər Qoşalı yazır
Rusiyanın sülhməramsızlarının bizim Qarabağdakı yer adlarını təhrif etməsi - “erməniləşdirməsi” ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NÖVBƏTİ DƏFƏ etiraz açıqlaması yayıb.
Hesab edirəm, biz buna qarşılıq olaraq, Rusiya Federasiyasının şəhərlərini, yer adlarını təhrif etməklə deyil, oralar əslində necə adlanmalıdırsa, o şəkildə yazaraq cavab verməliyik.
Örnəyi:
Qroznı yox, CÖVHƏRQALA,
Saratov yox, SARITAU,
Orenburq yox, ORONBOR,
Pyatiqorsk yox, BEŞDAĞ,
Çelyabinsk yox, ÇƏLƏBİXAN,
Kamçatka yox, QAMÇATAN,
Yakutiya yox, SAXAYERİ (SAXASİREE)…
P.S.
Eləcə də, rus dilini azacıq qurdalayası olsaq, görərik, dil qazaxcaya, tatarcaya, ümumən Turan dillərinə nə qədər borcludur… -
çelovek yox, ÇELOBƏY,
denqi yox, TƏNGƏ,
qroşi yox, QURUŞ…
və s. və i.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Səmərqənd Dövlət Universitetində azərbaycanlı alimin “Əmir Teymur fenomeni” adlı kitabının təqdimatı olub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı tarixçi alim, jurnalist Teymur Atayevin müəllifi olduğu “Феномен Амира Теймура” (Əmir Teymur fenomeni) kitabı Daşkənddə “Bilim və intellektual salaxiyat” nəşriyyatında rus dilində nəşr edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinad edərək “Ədəbiyyat və incəsənət” portall xəbər verir ki, tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, üzvləri, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbə heyəti, kitabın müəllifi Temur Atayev və jurnalistlər iştirak ediblər.
Əvvəlcə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nasirov Türk dünyasının böyük şəxsiyyətlər yetişdirdiyini və bu şəxsiyyətlərin həyat yolu, qəhrəmanlıqlarını öyrənmək, gənc nəsilə təbliğ etməyin vacib olduğunu bildirib. Professor Muxtar Nasirov gənclərimizin milli vətənpərvərlik və qəhrəmanlıq ruhunda yetişdirilməsində bu cür əsərlərin xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Türk xalqının böyük oğlu, özbək xalqının iftixarı, yenilməz sərkərdə Əmir Teymur haqqında azərbaycanlı alimin əsəri barədə danışan M.Nasirov elmi-populyar üslubda yazılmış kitabın həm peşəkar tarixçilər, politoloqlar, jurnalistlər, humanitar fakültələrin tələbələri, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov xalqlarımız arasında dostluq əlaqələri haqqında danışaraq, Türk xalqlarının tarixi şəxsiyyətlərimiz, Əmir Teymur, Cəlaləddin Manguberdi, Zahiraddin Bobur kimi tarixi şəxsiyyətlərimizlə fəxr etməli olduğumuzu bildirib. O, azərbaycanlı müəllifin əsərinin əhəmiyyəti haqqında danışaraq, təqdim edilən bioqrafik eskizlərdə müəllifin Teymur şəxsiyyətinin hərbi və siyasi baxışlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsiyyəti “açmağa” çalışdığını vurğulayıb.
Çıxış edən M.Uluqbek adına Milli Universitetin professor, Özbəkistan Fəlsəfə Cəmiyyətinin rəhbəri Negina Şermuxammadova Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə layihə üçün öz təşəkkürünü bildirərək, nəşrdə ilk dəfə olaraq böyük dövlət xadiminin həyatı və şəxsiyyəti ilə bağlı ayrı-ayrı məqamlar, habelə onun təsəvvüf, fəlsəfə, həndəsə, musiqi, dünya ədəbiyyatı, incəsənət və s. kimi kateqoriyalara istinad etməklə nəzərdən keçirildiyini bildirib. Professor Negina Şermuxammedova əsərin gələcəkdə özbək dilinə tərcümə edilərək çapının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, kitaba yazılmış “Ön söz”ün müəllifi özbək tarixçi-alim Şuxrat Salamovdur.
Çıxış edən digər natiqlər oxuculara təqdim edilən Əmir Temur haqqında bioqrafik əsərdə müəllif Teymur Atayev böyük şəxsiyyət Əmir Teymurun hərbi və siyasi qərarlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsin böyüklüyünü, onun qəhrəmanlığını, fərdi keyfiyyətlərini üzə çıxardığını qeyd ediblər.
Sonda çıxış edən müəllif, tarixçi alim Teymur Atayev “Феномен Амира Теймура” kitabının ərsəyə gəlməsi haqqında danışıb, kitabın çapı, təqdimatına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, azərbaycanlı iş adamı Nazim Musazadəyə təşəkkürünü bildirib.
Müəllif özbək və Azərbaycan xalqlarının eyni soykökə, dilə, mədəniyyətə, dinə, tarixə malik güclü xalqlar olduğunu vurğulayaraq, bugünkü beynəlxalq əməkdaşlığın iki ölkənin inkişafına xidmət etdiyini bildirib.
O, xalqlarımızın qəhrəmanlarını, tarixi şəxsiyyətlərimizi daha dərindən öyrənmək, onların irsinin gələcək nəsillərimizə daha geniş çatdırılması və təbliğinin əhəmiyyəti barədə danışıb.
Müəllif əsərdə qeyd edir ki, Əmir Teymurun yaratdığı imperiya öz böyüklüyü, ədalətin hökm sürdüyü bir məmləkət olaraq seçilirdi və elmin, mədəniyyətin paralel olaraq çiçəkləndiyi bu qüdrətli mərkəzləşdirilmiş Turan dövlətini dahi şəxsiyyətdən başqa heç kəs qura bilmədi. O, vurğulayır ki, Teymurun hakimiyyətinin ən mühüm fərqləndirici xüsusiyyəti onun ədaləti idi və hökmdarın planlarında fəth edilmiş xalqlara qarşı “repressiya” və “soyqırım” ümumiyyətlə yox idi.
Təqdimat mərasiminin sonunda müəllif Teymur Atayevin “Əmir Teymur fenomeni” adlı kitabın imza mərasimi keçirilib və kitabın nüsxələri Səmərqənd Dövlət Universitetinin kitabxanalarına bağışlanılıb.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Rövşən Abdullaoğlu ABŞ-dan mükafatla qayıdıb
Maraqlı bir ədəbiyyat xəbəri: Azərbaycanlı yazıçı Rövşən Abdullaoğluna “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həmyerlimiz bu yüksək mükafata iki il öncə “The Man on the Rails” (“Relslər üzərinə uzanmış adam”) əsərinə görə layiq görülmüşdü. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınmış mükafatlandırma mərasimi ABŞ-nın Mayami şəhərində keçirilib.
“Readers’ Favorite” kitablara rəy və mükafat verilməsi ilə məşqul olan, fəaliyyəti BBB (Best Business Bureau) tərəfindən yüksək (A+) dəyərləndirilmiş beynəlxalq ədəbi qurumdur. Adıçəkilən qurum kitabların təhlili üçün tanınmış dilçi alimlər, məşhur yazıçılarla əməkdaşlıq edir.
R.Abdullaoğlu adıçəkilən nüfuzlu beynəlxalq mükafata layiq görülməsi ilə bağlı bunları deyib: “Həmişə kitabların nəhəng təsirindən, mənəvi qüdrətindən danışıram. Bu dəfə isə bir kitab sayəsində okeanın o tayında, çoxmillətli geniş auditoriya qarşısında ölkəmizi təmsil etmək, bayrağımızı açmaq nəsib oldu. Çox qürurvericidir. Bu mükafatı tək özüm yox, sevincimi bölüşən, daim ən fərqli şəkillərdə öz dəstəyini ifadə edən əziz həmvətənlərim adına qəbul etdim”.
Ənənəvi məşhur Mayami Beynəlxalq Kitab sərgisi ilə eyni vaxta keçirildiyi üçün sərgiyə qatılan nəşriyyat təmsilçiləri də mərasimdə iştirak etmək fürsəti qazanıblar. Təşkilatçılar açılışı etdikdən sonra yazıçıların, kitab sektorunda fəaliyyət göstərən şəxslərin çıxışlarına yer verilib.
Qeyd edək ki, mükafatın təqdimat mərasimində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və Azərbaycan-Amerika Gənclər Təşkilatının rəhbəri Nabat Eminova da iştirak ediblər. Mərasimdən sonra diaspor fəalları R.Abdullaoğlu ilə Amerikada ölkəmizi və mədəniyyətimizi tanıtmaq məqsədilə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bu günə kimi Rövşən Abdullaoğlunun 27 kitabı işıq üzü görüb. Azərbaycanda çap olunan kitablarının əksəriyyəti bestseller olub, əsərləri türk, ingilis, rus, ərəb dillərinə tərcümə edilib. Bundan əlavə, yazıçı Amerikanın nüfuzlu beynəlxalq ədəbi qurumlardan müsbət rəylər, fərqlənmə nişanları alıb. Onun ən son çap olunmuş “Koramal” romanı Qarabağ savaşına həsr olunub.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
İlk azərbaycanlı xeyriyyəçi qadın bilirsinizmi kim olub?
Ellada Məmmədli yazır
Əminəm ki, aranızda çox az adam bilir ki, Təzəpir məscidini öz şəxsi hesabına bir azərbaycanlı xanım tikdirib.
O, öz səxavəti və xеyirxahlığına görə ad qazanmış, nеft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yеtimlərin müalicəsini öz üzərinə götürmüş, Tatar küçəsində (indi A. Topçubaşov) hamam tikdirmişdi. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi.
Söhbət məşhur azərbaycanlı xeyriyyəçi Nabat Aşurbəyovadan gedir. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani Idarəsi yеrləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı mеmar, Sankt-Pеtеrburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə еtmişdir. Sonrakı illərdə Zivər bəy Bakı şəhərinin ilk baş mеmarı olmuşdur. Nabat xanım Zivər bəyə xeyli vəsait vеrərək, onu məşhur məscidlərin mеmarlığını öyrənmək üçün Şərq ölkələrinə еzam еtmişdir.
Nabat Aşurbəyova ilk azərbaycanlı xeyriyyəçi qadın hesab olunur. 2013-cü ildən Təzəpir məscidinin yerləşdiyi küçənin adı dəyişdirilərək Nabat Aşurbəyova adlandırılmışdır. Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayеvin həyat yoldaşı olub. Onların bir oğlu (Hacı Abbasqulu Rzayеv) və 2 qızı vardı – Əşrəf (Zülеyxa) xanım və Gülbəstə xanım.
Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim еdir. Lakin, Bakı qubеrnator idarəsi pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə vеrir. Əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə еlə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Alеksandr Nеvski pravoslav kilsəsini kölgədə qoyardı.
Lakin qısa minarə ilə tikilməsinə bеlə baxmayaraq, Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq vеrən gözəl mеmarlıq abidəsi oldu. Məscidin özülünə birinci daşı
qoyması üçün Nabat xanım, öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xеyriyyəçi, milyonçu Hacı Zeynəlabdin Tağıyevi dəvət еdir. 9 ildən sonra, məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Lakin Nabat xanım öz arzusunun sona yеtdiyini görmür. 1912-ci ildə - 117 yaşında ikən vəfat edir. Onun ölümündən 2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu Rzayеv başa çatdırır. Nabat xanım və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn еdilmişlər.
Allah onlara rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Nazir Anar Kərimov Mingəçevirdə mədəniyyət işçiləri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərində bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olduqdan sonra mədəniyyət işçiləri ilə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri və nazirliyin məsul əməkdaşları iştirak ediblər.
Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyən etmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda bu sahədə fəaliyyət göstərən insanların nazirlik tərəfindən aparılan islahatlara cəlb edilməsi, mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə vermələrinə nail olmaq da əsas vəzifələrdəndir.
Görüş zamanı Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar, nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, gələcək planlar barədə danışılıb, həmçinin yerlərdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Anar Kərimov bildirib ki, mədəniyyət işçiləri dövrün tələbləri, eləcə də nazirliyin qarşısında qoyulan vəzifələrə uyğun olaraq işlərində dönüş yaratmalıdırlar. Peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın olmağı mühitdə inkişafa nail olmaq çətindir. Qeyd edilən bu nüanslar daim diqqətdə saxlanılmalıdır.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdən sonra mərkəzin foyesində konsert proqramı təşkil edilib. Konsertdə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs qrupu “Zəfər” rəqsi, “Kamera” ansamblı “Aşıqsayağı”, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına Onbirillik Musiqi Məktəbinin müəllimlərdən ibarət vokal qrupu “Gülür ellər”, VIII “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı Sabir Hüseynov "O xal nə xaldır", Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət “Xarıbülbül” xor kollektivi “Cənnətim Qarabağ” musiqi nömrələrini təqdim ediblər.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Əkbər Qoşalı “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib
Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin "Мәдәнияттәге казанышлар өчен" - "Mədəniyyət sahəsində uğurlara görə" medalı ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, medalı Bakıda səfərdə olan Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət Mükafatı laureatı Rkail Zəydulla təqdim edib.
Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən Tatarıstanla ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəlui fəaliyyət göstərir. O, "Gənc tatar şeiri" antologiyasını Bakıda nəşr etdirib, bir neçə tatar yazarını yaradıcılıq örnəklərinin azərbaycancaya çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib. Əkbər Qoşalı Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə çıxış edib.
Türk dünyasının qaynayıb-qarışmasında, ədəbi-mədəni əlaqələrinin qurulmasında Əkbər Qoşalının zəhməti danılmazdır.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Kəbleyi, adam sənin evində məşq eləməkdən həzz alır...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
Cahangır Zeynalov (1865-1918)
Maddi imkanım yaxşı idi, odur ki, həmişə kasıb aktyorlara, rejissorlara əl tuturdum. O vaxt evim indiki İstiqlaliyyət küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişdiyi yerdə, indi Şahmat klubu var ha, bax, orada idi. Otaqların birini məşq üçün ayırmışdım, hələ səhnə kimi bir yer də düzəltdirmişdim orada. Hüseyn Ərəblinski cavan idi, səhnədə ilk addımlarını atırdı. Mirzəağa Əliyev, Mirmahmud Kazımovovski, Hacıağa Abbasov, Məhəmməd bəy Əlvəndi, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi sənət adamları tez-tez evimə gələr, həmin səhnədə məşq edərdilər. Məşqdən sonra qonaqlarıma süfrə açardım. Bir gün yenə məşq edirdik.
– Kəbleyi, adam sənin evində məşq eləməkdən həzz alır, – Mirmahmud Kazımovski dedi.
– Hə, vallah, düz deyirsən, ay Miri, – gənc Ərəblinski onu sözünə qüvvət verdi, – adam məşqdən çox, məşqin qurtarmağını gözləyir.
– Yəni belə tez yorulmusan? – təəccüblə xəbər aldım.
– Yox, Kəbleyi, mən məşq eləməkdən yorulmamışam, məni mətbəxdən gələn bozbaşın iyi hayıl-mayıl eləyib, – Hüseyn zarafatla söylədi.
Sonra xəbər tutum ki, iki gündür qarın dolusu yemək yemir.
***
Bir gün Əbdürrəhim bəy Haqverdiyev, Hüseynqulu Sarabski, Əbülfət Vəliyevlə bir yerdə “Qubernat” parkında gəzişirdik. Bir də gördük Ərəblinski başını aşağı salıb, pərt-pərt ora-bura baxır. Bizi görəndə özünə toxtaqlıq verib yaxınlaşdı. Salam-kalamdan sonra xəbər aldım:
– Nə olub ay, Hüseyn? Sözlü adama oxşayırsan. –
Hamı nəzərlərini ona dikmişdi. Hüseyn qoltuğundakı qəzetlərin arasından bir kağız çıxarıb bizə uzatdı.
– Kəbleyi, bu, Əbdürrəhim bəyin “Ağa Məhəmməd şah Qacar” əsərinki rollardı. Xeyli də rol var. Tamaşanı qoymaq üçün çoxlu pul-para lazım olacaq. Gəlsənə, tamaşanın xəzinədarlığı boynuna götürəsən. Səni bir balaca xərcə salmağımıza nə deyirsən?
Fikirləşmədən cavab verdim:
– Mənim bütün var-dövlətim, bu millətin maarif-tərəqqisi üçün peşkəşdir. Mənim bu gözlərim üstə. Mən oldum sizin xəzindarınız. Hə, de görüm kefin açıldı, ya yox?
O, gün elə bil Hüseynə dünyanı bağışladım. Yerə-göyə sığmırdı.
***
Səhnəmizdə qadın aktyorlar yox idi, qızım Nəsibənin aktyor olmağını arzulayırdm. Ancaq 1918-ci ilin 17 martında Bakıda erməni daşnaklarının törətdiyi məlum hadisələr başladı. Məcbur olub həyat yoldaşım Hüsniyyə xanımla, körpə Nəsibə qızımı götürüb İranın Ənzəli şəhərinə, qayınatamın yanına getdim. Oktyabrın əvvəlində ara sakitləşdi, “Ardahan” gəmisi ilə Bakıya qayıdanda fırtına qopdu, 8 gün dənizdə qaldıq, natəmizlik baş alıb getdi, ağır xəstələndim. Nəfəs ala bilmir, qızdırmadan od tutub yanırdım.
Qonşularım üstünə həkim çağırdı. Həkim məni müayinə edib köks ötürdü:
– Yatalaq xəstəliyə tutulmusan, Kərbəlayi, – dedi, – sənə ciddi müalicə lazımdır.
Nəfəsim kəsilə-kəsilə həkimə baxdım. Onun gözlərindəki ümidsizliyi görəndə hər şeyi başa düşdüm.
– Yəqin, ömür bura qədərmiş, həkim, – dedim, – ürəyim arzularla doludur, Azərbaycan teatrının xoş günlərini görmək istəyirdim, ancaq nə etmək olar. İnanıram ki, gələcək nəsillər mədəniyyətimizin inkişafında bizim də xidmətlərimizi unutmazlar.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Qaliblərin filmlərini “Azərbaycanfilm” çəkəcək
Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə “Start - 2023” film layihəsi müsabiqəsini elan edib. “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətə başlamasının 100-cü ilinə həsr olunan müsabiqə sərbəst mövzuda keçirilir.
Müsabiqədə janr məhdudiyyəti yoxdur. Müsabiqədə debüt filmlərini çəkəcək (müraciət edilən kateqoriyada 1-ci və ya 2-ci film) rejissorlar iştirak edə bilərlər.
Müsabiqə 2 kateqoriyada keçirilir:
Kateqoriya 1: Bədii film – tammetrajlı və ya qısametrajlı film
Kateqoriya 2: Qısametrajlı animasiya filmi (26 dəqiqəyə qədər)
Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:
1-ci mərhələ - Layihələrin qəbulu (31 yanvar 2023-ə qədər)
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi (1 fevral – 31 mart 2023)
3-cü mərhələ - Nəticələrin elan olunması (3-7 aprel 2023)
1-ci mərhələ - Layihələrin qəbulu
Müsabiqənin 1-ci mərhələsi kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurasının katibliyi tərəfindən həyata keçirilir.
Müsabiqəyə təqdim edilən sənədlərdə qüsurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.
Layihələrin qəbulu – 31 yanvar 2023-cü il tarixlərində nəzərdə tutulur.
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi
Müsabiqənin 2-ci mərhələsində film layihələri kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurası tərəfindən qiymətləndirilir.
Layihələrin 1 fevral – 31 mart 2023-cü il tarixlərində dəyərləndirilməsi nəzərdə tutulur.
3-cü mərhələ - Nəticələrin elan olunması
Nəticələr 3-7 aprel 2023-cü il tarixlərində kinostudiyanın internet informasiya ehtiyatında (www.azerbaijanfilm.az), sosial şəbəkə profillərində və onlayn media vasitəsilə elan olunur.
Bəs müsabiqənin şərtləri hansılardır?
Müsabiqənin 1-ci kateqoriyasında (tammetrajlı və qısametrajlı bədii film) filmoqrafiyasında audiovizual sahədə müəyyən işi olmuş (videoçarx, sənədli film, bədii film, animasiya filmi və s.) və bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müsabiqənin 2-ci kateqoriyasında (qısametrajlı animasiya filmi) bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müraciətlər xarici film istehsalı şirkətləri və fondları, həmçinin yerli maliyyə mənbələri ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir. Müsabiqədə qalib gəlmiş layihələrin ssenarisi üzərində təkmilləşdirmə işi yalnız Ekspert Şurasının rəyi və kinostudiya direktorunun əmri ilə aparıla bilər. Bu halda müraciət edən rejissor/prodüserin və ya kinostudiya rəhbərliyinin təklif etdiyi yeni müəllif layihəyə qoşula bilər. Hər müəllif hər kateqoriyada yalnız bir layihə ilə müsabiqədə iştirak edə bilər.
O ki qaldı mükafatlara, qalib müəlliflər diplomla mükafatlandırılır. Hər kateqoriyada birinci yerin qalibi olmuş layihələrin onu təqdim edən rejissor tərəfindən “Azərbaycanfilm” kinostudyasında istehsal olunması nəzərdə tutulur. Müsabiqədə qalib gələn müəlliflərlə müqavilə bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur. Ekspert Şurasının apardığı müzakirələr məxfi saxlanılır. Müsabiqəyə təqdim olunan layihələrin müəlliflik hüquqları ilə bağlı sonradan yarana biləcək hər hansı mübahisəli məsələyə görə rəhbərlik və Ekspert Şurası məsuliyyət daşımır.
Müsabiqəyə təqdim olunan sənədlər 31 yanvar 2023-cü il tarixinə qədər Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. poçt ünvanına elektron qaydada göndərilməlidir. Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2023-cü il 31 yanvar 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir. Elektron poçt vasitəsilə müraciətlər yalnız “Müsabiqə” başlığı altında göndərilməlidir. Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır. Müsabiqə ilə bağlı təşkilati işlər kinostudiyanın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin xatirəsi anılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycan şairi, mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anım günü ilə bağlı tədbir təşkil edilib.
“Ədəbiyyt və incəsənət” portalı Baş İdarənin mediaya açıqlamasına istinadən məlumat verir ki, oxuculara xidmət şöbəsinin Abonement bölməsinin müdiri Lalə Səlimova şairin vəfatından 170 il ötdüyünü qeyd edərək, onun yaradıcılığından danışıb və Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazdığını, eləcə də bu dillərdə poeziya ənənələrini inkişaf etdirdiyini vurğulayıb.
Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Mirzə Şəfi Vazehin Azərbaycanın görkəmli şairi və maarifçisi olduğunu deyib: “Şairin təsis etdiyi "Divani-hikmət" ədəbi fəlsəfi məclisi Gəncə şairlərinin, ziyalılarının böyük marağına səbəb olub. Onun həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü Tbilisi şəhəri ilə bağlı olub və o, "Tiflislə əlvida" şeirində öz düşüncələrini qələmə alıb”.
Tədbir iştirakçıları M.Ş.Vazehin zəngin yaradıcılığından danışaraq onun Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirdiyini qeyd ediblər.
Sonda Mirzə Şəfi Vazehə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək
Dekabrın 3-dən 27-dək Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək. Sözügedən festival Prezidenti İlham Əliyevin bəstəkarın 100 illiyi haqqında imzaladığı müvafiq Sərəncama əsasən Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival çərçivəsində R.Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya baş tutacaqdır. Tədbirlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsertlərdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, R.Behbudov adına Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, “Qaya” Dövlət Ansamblı, Xalq artistləri – Adilə Əliyeva, Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova, ifaçı Fərid Əliyev, tanınmış estrada müğənniləri Zaur Əmiraslanov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, tanınmış caz kollektivləri “Bakustik Caz”, “Səbinə Hacıyevanın Caz Triosu”, “DiHaj”, “H3 Collective”, Vüsal Rzasoyun rok qrupu və başqa heyətlər iştirak edəcəkdir.
Xatırladaq ki, 1922-ci il təvəllüdlü bəstəkar 1997-ci ildə - 75 yaşında vəfat edib.
Bir sözlə, featival maraqlı olacaq.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)