Super User
Dekabrın sonlarında Sumqayıtda növbəti kitab bayramı olacaq
Dekabrın 23-24-25-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “İkinci Sumqayıt kitab sərgisi” açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı Nəşriyyatlar Assosiasiyasının mediaya açıqlamasına istinadən xəbər verir ki, ötən il keçirilən ilk sərgi oxucular tərəfindən rəğbətlə qarşılanıb. İkinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitabların təqdimatı ilə seçiləcək.
Ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə keçiriləcək sərgidə kitabsevərlərə 90 faizədək endirimlər tətbiq olunacaq. Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.
Qeyd edək ki, müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş "kids zone"da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olacaq.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Azərbaycanla Tatarıstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub
Azərbaycanla Tatarıstan arasında turizm əlaqələrinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın artırılması məsələləri noyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tatarıstanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sergey İvanov arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən mediaya verilən məlumata görə, görüşdə Fuad Nağıyev pandemiyadan sonra Azərbaycanda turizmin bərpası, son dövrlərdə turizm sahəsində görülmüş işlər, Qarabağın turizm imkanlarının bərpası üçün icra olunan layihələr haqqında məlumat verərək, Rusiya Federasiyası ilə turizm sahəsində əməkdaşlıq əlaqələri çərçivəsində Tatarıstanla da müxtəlif birgə tədbirlərin keçirilməsinin mümkünlüyünü qeyd edib.
Tatarıstanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sergey İvanov öz növbəsində Azərbaycanla turist mübadiləsinin artmasında maraqlı olduqlarını və Kazandan Bakıya birbaşa uçuşların mövcudluğunun turizm əlaqələrinin genişlənməsində əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı təbliğat məqsədli ilə turizm sənaye nümayəndələri və media nümayəndələri üçün birgə infoturların təşkili, turizm məhsullarının tanıdılması üçün müştərək layihələrin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Günün fotosu: Fransada məhbus sayı rekord həddə çatıb
Günün fotosu: Fransada məhbus sayı rekord həddə çatıb
Fransada məhbus sayının rekord həddə çatması ictimaiyyəti narahat edən ən əsas məsələdir. Ədliyyə Nazirliyinin məlumatına görə, ölkə həbsxanalarında hazırda 72809 insan məhkumluq həyatı keçirir.
Belə şey heç vaxt olmayıb.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Şuşa mədəniyyətinin inciləri” layihəsində bu dəfə “Balıq” xalçası
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Balıq“ xalçasına həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qarabağ qrupuna aid “Balıq” adlı məşhur xalça kompozisiyası öz adını ara sahəsində balıq formasına bənzəyən naxışdan alıb. Xalçanın əsas istehsal edildiyi yer Bərdə şəhəri, XVIII əsrin II yarısından isə Şuşa olub.
Xalça “Əfşan” kompozisiyası əsasında qurulub. Təqdim olunan “Balıq” xalçasının ara sahəsində naxışların tərtibatı simmetrik və fasiləsiz rapport əsasında verilib. Burada ara sahə və haşiyə quruluşları naxış tərtibatı ilə yanaşı, həm də Qarabağ xalçaçılığına məxsus xüsusi rəng ahəngdarlığına malikdir.
Bir qayda olaraq, bu xalçalar böyük və uzunsov ölçüdə toxunur. Bu kompozisiyalı dəst xalı-qəbələr XIX əsrdə Qarabağda çox məşhur idi.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Atabəylər” serialının çəkiləcəyi xəbəri ciddi ajiotaj doğurub
İlk serialımız “Atabəylər: Şəmsəddin Eldəniz”in çəkilməsi xəbəri on minlərlə insanda sevinc hissləri yaradıb, sosial şəbəkələrdə müzakirə yaradıb. Ekran işinin yayılan tizeri bəzi istifadəçi tərəfindən tənqidlərə də məruz qalıb.
Çoxu serialı Türkiyədə yayımlanan “Diriliş: Ertuğrul”, “Uyanış: Büyük Selçuklu”, “Alparslan: Büyük Selçuklu” kimi tarixi layihələrə bənzədib. Geyimlər və döyüş səhnələrinin oxşarlığına görə “Atabəylər: Şəmsəddin Eldəniz”in sadalanan serialların təkrarı, plagiatı olduğu iddia edilib.
Bundan əlavə, fraqmentdə “Bütöv Azərbaycan” ifadəsinin səslənməsi də müzakirə yaradıb. İddia olunur ki, tarixi həqiqətlər, o dövrdəki geyimlər və digər mövzular düzgün əks olunmayıb.
“Ədəbiyyat və incəsənət” portalı məsələ ilə bağlı tarixçi Faiq Ələkbərlinin fikirlərinə diqqət çəkir. Tarixçi tənqid edənlərin əksinə olaraq bildirib ki, “Bütöv Azərbaycan” ifadəsinin o dövrdə səslənməsi normaldır:
“Mən izləməmişəm, amma o dövrdə Bütöv Azərbaycan ifadəsinin işlənməsi və bu kimi məsələlər normaldır. Heç kəs nəsə deyə bilməz ki. Zatən o dövrdə Azərbaycana bir bütöv kimi baxılırdı. İfadə kimi səsləndirilməsi də mümkün ola bilərdi. Hesab edirəm ki, bu müsbət haldır. Bütünlükdə işdə bir qüsur ola bilər. Amma belə bir serial yayımlanırsa, həm tariximizi yeni nəsilə doğru-düzgün çatdırmağımız, həm də gələcəyimiz üçün önəmlidir. Çünki bilməlidirlər ki, Azərbaycan xalqı tək 10 milyon deyil, 50-60 milyondur. Onun ərazisi Yeni Azərbaycan Respublikasından ibarət deyildi. Ən azından Dərbənddən, Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər böyük bir coğrafiyanı təşkil edib.
Ola bilər ki, “Diriliş: Ertuğrul”a hansısa səhnələri oxşayır. Burada bir qəbahət yoxdur. Bəzən türk serialllarının özündə də bir-birinə bənzərlik olur. Əsas ideyanı, Azərbaycanın bütövlüyünü, xalqının bir olmasını izləyiciyə çatdırmaqdır. Əgər orada Təbrizin, Həmədanın, Zəncanın, Urmunun, Xoyun da Azərbaycan olması vurğulanacaqsa, bu, böyük işdir. Xalqımızın mədəniyyəti, tarixi, fəlsəfəsi birdir. İnşallah gələcəkdə birlik məsələsi daha da güclənəcək”.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Saf və müdrik insanın - Qarayevin 85 illiyi münasibəti ilə
Sadiq Qarayev yazır
Atamdır deyə bunları yazmıram, bəlkə kiməsə, xüsusilə gənclərə faydası olar deyə yazıram.
Mən Ondan çox şey öyrəndim.
Qarayev deyirdi:
- ən pis xüsusiyyət yaltaqlıq və tamahkarlıqdır. Özündən vəzifəcə böyüklərlə oturub-durmağa cəhd eləmə.
Buna misal da gətirirdi ki, Gəncədə oxuyanda şahidi olmuşdur ki, bir dəllək 4- 5 vəzifəli dostuyla yeyib- içirdi. Mən baxırdım ki, onlar dəlləyi ofisant kimi ora- bura buyrurdular.
- özündən imkanlı insanlarla dostluqdan da qaç. İki dəfə o sənə qonaqlıq verəndə bir dəfə sən verməlisən, edə bilməsən ta bu dostluq yox, qarın otarmaqdır.
Qarayev ALLAHA və elmə inanır. Başqa heç nəyə. Nənəmgil deyirdi ki, o, yeniyetmə olanda gecə görürmüşlər ki, çiyinlərində və alnında işıq yanır. Bunu gedib bir mollaya deyirlər. Onun seyid olmasını güman edirlər.
Mən bu hadisəni dədəmdən soruşanda, gülüb deyirdi:
- o vaxtlar elektrik lampası zadı yox idi. Gecə qaranlıqda yun, ya sintetik köynəyi sürətlə dartıb başımdan çıxaranda, elektriklənib, ani işıq saçırmış, nənəngil də təhsilsiz adamlardı, elə bilirmişlər nurlanırmışam))
Qarayev doğrudan da pəhləvan kimiyidi, çəkisi heç vaxt 65 kq- dan yuxarı olmayıb. Ancaq danışırlar ki, heç kim onun kürəyini yerə vura bilməyib. Bir dəfə üzüm bağlarında idik, qonşu kənddən bir kişi vardı, dirəndi ki, Qarayev gəl güləşək. Nə qədər etdisə o güləşmədi.
Mən pis oldum, yolda soruşdum ki, qorxdun, niyə güləşmədin? Gülüb dedi:
- Sən də onunla eyni ağıldasan. Kişi heç nədən qorxmaz. Onun anası yanında idi. Ananın yanında oğlu yıxmaq olmaz. O qanmır, mənə nə gəlib..
Qarayevə kim söyləsəydi ki, belə qəribə, qorxulu, əcaib yuxu görmüşəm, zarafatla deyərdi ki, gic adam, gic yuxular görər)) Mən onun yuxu yozmaq, fal, filana baş qoşduğunu görmədim.
Və ya kimsə desəydi ki , gözümə nəsə görsəndi, qulağıma səs gəldi, cin, şeytan , filan, deyərdi ki, normal adamlarda belə şey olmur, yəqin ağlın qaçıb)) . O həm də bu sözləri elə zarafatla deyərdi ki, heç kim inciməzdi. Bir dəfə yaxın bir qohum sayıqlamağa başlayır ki, nur , mələk görürəm, səs eşidirəm və s qəribə sözlər danışır. Hamı da yığışıb başına, sakit dayanıb ki, bəs gözlüyün buna vergi verirlər. Dədəm gəlir baxır ki, yazıq qızdırmadan ölür)) həkim çağırırlar , iynədən sonra özünə gəlir.
Qarayev mənə deyirdi:
- kişi hər şəraitdə soyuqqanlı olmalıdır. Həyatdır, hər şey ola bilər. Məsələn , mən səhər ölə bilərəm və ya başqa hadisə olar, burda qeyri- adi bir şey yoxdur. Onda sən özünü itirmə.
Nənəm rəhmətə gedəndə çox qohum əqraba, hamısı da anam tərəfdən , (dədəmin heç bir qohumu , qardaşı, filanı yoxdu, ) 40 gün saqqal saxladı. Dedilər qoy Qarayev tək olduğunu hiss etməsin. O neylədi, 3- cü gün üzünü qırxdı. Dedi , üzüm qaşınır. Mənə isə dedi ki, insana sağlığında hörmət qoyarlar.
Qarayev qeybət etməzdi, heç bunu bacarmırdı da. Çün ki, heç insanların çoxu haqqında məlumatı yox idi. O Eynişteyni, Nopaleonu vəs. tanıyırdı.. Anam soruşurdu ki, filankəsi tanıyırsan, deyirdi yox. A kişi, o filankəsin filanıdı, onu da tanımırsan? Əsəbləşib deyirdi ki, onları tanımağa borculuyam? Məndə də bu xüsusiyyət var hey soruşurlar ki, filsnkəsi tanıyırsan, filan yerdə işləyir, naxçıvanlıdı və s. Deyirəm VALLAH tanımıram..
Qarayev çox işlərdə işlədi, ancaq heç vaxt kommunist partiyasına girmədi. Bir dəfə səbəbini soruşdum. Dedi, təklif etdilər, kimsə 50 m şirinlik istədi. Mən də düşündüm ki, pullu partiya lazım deyil. Dedim bu əsl səbəb ola bilməz. Əsəbləşib dedi ki, o partiya xırda ticarət üstündə atamı tutub, 10 il iş verdi, gedər gəlməzə getdi. Nənən 4 yetimi it zülmüylə böyütdü..
Mən heç vaxt Qarayevin kiminləsə mübahisə etdiyini, dalaşdığını və ya şit zarafat etdiyini, kiminsə eybini lağa qoyduğunu görmədim. Onun zarafatından heç kim incimədi, çünku insan şəxsiyyətinə toxunmazdı.
Qarayev həm də sadəlik simvolu idi. Əqli, fiziki, xarakter baxımından əksəriyyətindən güclü olmasına baxmayaraq, həmişə məclisdə aşağıda oturar, yuxarı qaçmazdı. Bir dəfə səbəbini soruşdum, gülüb, dedi:
- yerin nə fərqi var, yuxarıda oturanda adamın ağlı artır? Ya kvadrat tənlik beyninə girir? Həm də sən necə, hardan baxıb, sübut edərsən ki, ora yuxarıdır?
Nəhayət, Qarayev məndə elmə maraq yaratdı. Heç vaxt vəzifə, ticarət, pul qazanmaqdan danışmadı. Elə bil alimlər aləminin sakinidir.
Qarayev mənim Kimya, biologiya, fizika, riyaziyyatdan ilk müəllimimdir. İndi də o, bu elmlərin əsas qanunlarını bilir.
Anam yaylaqda qoyunun dərisini vannanın üstünə atıb, yununu qırxırmış. Qarayev o tərəfdən gəlirmiş. Anam soruşur:
- a kişi, deyə bilərsən, bu qoyun niyə qaçmır?
- elə bilirsən bilmirəm, ayaqlarını bağlamısan.
- ALLAH evini tiksin kişi, görmürsən bu qoyunun özü yox, dərisidir?))
Yenə yaylaqda, dana gedir, Qarayev onu geri qaytarmaq istəyir, düşür dalına, dana qaçır. Babam hirslənib anama xitabən:
- Lala, sən düz deyirsən, bu diplomu oğurlayıb, yandan getmək əvəzinə, dananın dalınca düşüb.
Qarayev:
- bizə institutda dana qaytarmaq öyrətməyiblər.))
Aha, Qarayev, bu da sənin 85 illik yubleyinə kiçik yazı ilə təbrik töhfəsi. Akademik, olmasa xalq yazıçısı , filosof, heç olmasa nazir filan olmadın ki, indi sosial şıbəkələr çal - çağırla yubleyini qeyd etsinlər.))
Amma bir işdə xətrimə dəyib: Soruşdum mənim kitablarıma hansı qiyməti verirsən?
-3 vermək olar. -deyib gülümsədi.
O gün danışdım, dedi hərdən gəl, sifətin yadımızdan çıxmasın.
25 il əvvəl olduğu kimi mən çatana qədər 10 dəfə körpüyə çıxıb, evə gələcək.
Bu yazını Qarayevə oxusam, bilirsiz nə deyər?
- faydasız işlərlə məşğul olma.
İndi gedirəm onu ziyarət eləməyə. Allah bütün atalara can sağlığı versin, ölənlərə rəhmət eyləsin.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2022-ci il
Bir payız günü Aran şəhərində…
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərinə səfər edib. Nazirin səfəri Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış müvafiq plana uyğun olaraq gerçəkləşir.
Səfər barədə dünən ilkin yazı vermişdik. Bu gün səfərin tam təfərrüatını diqqətinizə çatdırırıq.
Səfər çərçivəsində mədəniyyət naziri bir sıra mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.
Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və müxtəlif eksponatlar nümayiş olunur.
Mingəçevir Dövlət Rəsm Qalereyasına gələn nazirə məlumat verilib ki, 1987-ci ildə yaradılan mədəniyyət ocağında hazırda 231 eksponat mühafizə edilir.
Səfər çərçivəsində Mingəçevir Şəhər Tarix Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1968-ci ildə yaradılan muzeyin əsas fondunda 15561 eksponat saxlanılır. Burada e.ə. III-I minilliklərə aid maddi mədəniyyət nümunələri də qorunur. 2009-cu ildə istifadəyə verilən binada 2017-ci ildə cari təmir işləri həyata keçirilib.
Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1956-cı ildən oxuculara xidmət göstərir.
Anar Kərimov mədəniyyət müəssislərində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mədəniyyət ocağı 2000-ci ildən Mədəniyyət evi, 2015-ci ildən Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Hazırda 5 filialı olan mərkəzin 1983-cü ildə inşa edilən binasında 2019-2021-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılıb. Sonra mərkəzin binasında fəaliyyət göstərən Mingəçevir şəhər MKS-nin Nizami Gəncəvi adına 9 nömrəli kitabxana filialına baxış keçirilib.
Səfər çərçivəsində mədəniyyət naziri Mingəçevir Dövlət Dram Teatrına baş çəkib. Nazirə teatrın fəaliyyəti və maddi-texniki imkanları barədə məlumat verilib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə teatrın 50 illiyi qeyd olunub. Mədəniyyət ocağı ölkə əhəmiyyətli memarlıq abidəsi (inv. № 201) olan binada fəaliyyət göstərir.
Sonra nazir Anar Kərimov Mingəçevir şəhər Ü.Hacıbəyli adına Onbirillik Musiqi Məktəbinə baxış keçirib, məktəbdə Mədəniyyət Nazirliyi tərəfindən aparılan əsaslı təmir işləri ilə tanışlıq olub. Nazir yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.
Nazirin diqqətinə çatdırılıb ki, 1954-cü ildə fəaliyyətə başlayan təhsil ocağı 2001-ci ildən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyır. 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Tədris ocağında fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris olunur. 683 şagirdin təhsil aldığı məktəbdə 212 müəllim çalışır.
Anar Kərimov müəssisələrin fəaliyyətinin müasir çağırışlara cavab verəcək səviyyədə qurulması, nizam-intizama əməl olunması, xidmətin və tədrisin keyfiyyətinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Allah Əkrəmə insaf, bizə də səbr versin”
Xalq yazıçısı Anar yazır
Azərbaycan yazıçılarının hörmətli Prezidentimizin səmimi təbrik məktubuyla başlanan XIII Qurultayı demokratik yolla seçilmiş 300-ə yaxın nümayəndənin və mötəbər qonaqların iştirakıyla möhtəşəm şəkildə keçirildi. Bu Qurultayın özəlliyi ondaydı ki, qalib ölkənin yazıçıları onu böyük qürur və fərəh hissiylə keçirdilər. Bu da, təbii ki, məğlub ölkənin maraqlarına xidmət edən içimizdəki manqurtların hədsiz qəzəbinə və hiddətinə səbəb oldu. Qurultayın ünvanına küçə söyüşləri yağdırmaq, yalanlar və böhtanlar uydurmaq məğlubların yeganə təsəllisidir.
Qurultayda görkəmli ədəbiyyatşünas alim, Akademiyamızın Prezidenti İsa Həbibbəyli məruzə etdi, çağdaş ədəbiyyatımızın ən parlaq simaları, Xalq şairləri - Nəriman Həsənzadə, millət vəkili Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vahid Əziz, Xalq yazıçıları - Elçin, akademik Kamal Abdulla, akademiklər - Rafael Hüseynov, Nizami Cəfərov, Millət vəkilləri - Jalə Əliyeva, Aqil Abbas, istedadlı gənclər - Fərid Hüseyn, Ramil Əhməd, Yazıçılar Birliyinin katibləri və başqaları maraqlı təkliflərlə çıxış etdilər. Əkrəm Əylisli isə Qurultaya belə qiymət verir:
"Yazıçılar Birliyinin Qurultayı qurultay deyildi, həyasızlığın və simasızlığın, riyakarlığın, saxtakarlığın yeni bir nümayişi, təntənəsi, atəşfəşanlığı idi. Qurultay gündə bir sifət dəyişənlərin, dünən dediyi sözün bu gün əksini deyənlərin, dahilik iddiasında olan mənəviyyat və ədəbiyyat dəllallarının böyük bayramı idi".
Söyüş ehtiyatının bütün zənginliyindən istifadə edərək ləyaqətli yazıçıları təhqir edən Ə.Əylislini belə yandırıb-yaxan nə olub aya? Əlbəttə, ancaq və ancaq çıxışçıların Anarın çoxillik əməyini müsbət dəyərləndirmələri, mənim yenidən yekdilliklə (iki səs xaric) Yazıçılar Birliyinə sədr seçilməyim. Sifətin dəyişməkdən kim danışsa da, Əkrəm danışmamalıdır, çünki illər boyu onun ancaq mətbuat səhifələrinə çıxardığı bir-birinə daban-dabana zidd olan ədəbi və siyasi mövqelərindən, eyni şəxslərə müxtəlif vaxtlarda tamam fərqli münasibətlərindən sitatlar gətirilsə, qəzetin bir səhifəsini yox, bütün həcmini tutar.
Ə.Əylisli davam edir:
"Həmin qurultay gözdən pərdə asmaq, gözə kül üfürmək sahəsində böyük təcrübə sahibi olanların növbəti səlib yürüşü idi. Mən elə bilirdim ki, bu mütrüfanə revanşdan (? - A.) sonra Anar nə etdiyini düşünüb heç olmasa, bir müddət susacaq. Amma Anar susmur, daha da cürətlənib özünəməxsus üslubda, hər sətrindən naftalan iyi gələn üstü bəzək, altı təzək müsahibələr verir".
Əkrəmə "əkrəm üslubunda" cavab verməyi ləyaqətimə sığışdırmıram, ancaq onu demək istəyirəm ki, məni fiziki cəhətdən susdurmağı bacarmasa da, mənəvi cəhətdən susdurmaq Əkrəm kirvəmizin ömrü boyu qəlbini qovruldan kövrək nisgildir. Qurultayqabağı "altı təzək" müsahibələrimin birində Əkrəmdən də danışmışdım, demişdim ki, köhnə dəyərli əsərlərini nəzərə alaraq, Əylislini ədəbiyyat tariximizdən silmək düz olmaz. Başqa bir qurultayqabağı müsahibəm zamanı tənqidçi Əsəd Cahangir belə bir sual vermişdi:
""Söz dünyası"nda ən işıqlı yazı "köhnə dostunuz", təzə "düşməniniz" Əkrəm Əylisliyə, öz təbirinizlə "Əki balaya" həsr etdiyiniz "İşıqlı pəncərə"dir. Yazıçı olmaq kollobrasionistliyə haqq qazandırırmı?".
Bu suala belə cavab vermişdim:
"Yaxşı bildiyin kimi, vaxtilə Əkrəm Əylisliylə yaxın dost olumuşuq. Əkrəmin ilk yazılarını bəyənmişəm və Əkrəm Əylisli haqqında Moskva və Bakı mətbuatında tərifli yazılar yazmışam. Münasibətlərimiz pozulandan, hətta "Daş yuxular"dan sonra da onun təklənməsini istəmədiyim üçün çox illər qabaq rus dilində yazdığım, "Komsomolskaya pravda" qəzetində çap olunmuş məqaləmi ərinməyib dilimizə çevirdim və "Azərbaycan" jurnalında dərc etdim. Əkrəmdən səs çıxmadı".
Müsahibədə dediklərimə bu sözləri də əlavə edim ki, "Daş yuxular"dan sonra bu yazım Azərbaycan mətbuatında Əkrəm haqqında ilk və yeganə müsbət yazı idi. Haqqımda yazdığı və dediyi bütün hədyanlara baxmayaraq bu mənim Əkrəmə münasibətim, bu da onun mənə münasibəti:
"Mən təxminən 2 il bundan əvvəl Anar haqqında çox kəskin bir yazı yazmışdım, yazmışdım ki, sən saxtasan, vəzifə xəstəsisən, sifətinə mələk siması taxıb iblisanə əməllər törətmisən".
Mənim "iblisanə əməllərim" haqqında Ə.Əylisli bircə konkret fakt gətirə bilərmi? Əlbəttə, gətirə bilməz. Yəqin, onun aləmində İblis əməlləri mənim də, başqa namuslu yazıçılarımız kimi, Əylislinin Milli Məclisdə səsləndirdiyi "Gərək torpaqlarımızın bir qismini ermənilərə güzəştə gedək" çağırışına qoşulmamağımızdır. Həqiqətən də Əkrəmin hədsiz-hüdudsuz erməni sevdası yeni bir "Əsli-Əkrəm" dastanında əks olunmağa layiqdir.
Vəzifə xəstəliyinə gəldikdə, vəzifə xəstəsi mən deyiləm, 33 ildir mənim yerimə göz dikəndir. Bütün bu illər ərzində gah deyir ki, mən Yazıçılar Birliyinə sədr olmaq istəmirəm, gah deyir ki, yuxarılardan gətirsələr, olaram. Eyni ildə, eyni ayda, eyni gündə iki müxtəlif qəzetdə bir-birinə zidd fikirlər söyləyir:
Əkrəm Əylisli: Yazıçılar Birliyinə rəhbərlik etmək niyyətində deyiləm. Bundan sonra Yazıçılar Birliyinin heç bir işinə qarışmayacağımı qətiyyətlə bəyan edirəm.
"Bakı Xəbər" qəzeti, 13 yanvar 2006
Əkrəm Əylisli: Yazıçılar Birliyinin sədri olmaq barədə düşünə bilərəm.
"Reytinq" qəzeti, 13 yanvar 2006
Bundan necə baş çıxarasan, istəyir, istəmir? "Bülbül gülüstana gəlsin, gəlməsin?". Ən qısa şəkildə Ə.Əylislinin mövqeyini belə ifadə etmək olar: "Mən Yazıçılar Birliyinə rəhbər gəlmək istəmirəm, amma istəyirəm axı...".
İllər boyu dönə-dönə "mən daha Yazıçılar Birliyinin heç bir işinə qarışmayacağam" - deyir, iki gündən sonra yenə burda kimin sədr olması yuxusunu qaçırır. Sədr olsa hansı işləri görəcəyini, hansı nöqsanları düzəldəcəyini, nələri təklif edəcəyini bir dəfə də olsun bildirməyib, bir nəfər yaşlı, ya cavan yazıçı haqqında xoş söz yazmayıb, yalnız yeri gəldi-gəlmədi özünü şişirdib: "Türkiyədə "Əkrəm Əylisli nəhəngliyində yazıçı yoxdur" deyəndə, yaxud "o vaxt mənim adım bütün SSRİ-də gur-gur guruldayırdı" söyləyəndə, görəsən, əti tökülmür? Özünü kimlə dəyişik salıb, görəsən: Müslüm Maqomayevlə, ya Alla Puqaçovayla? Dahilik iddiasına düşən kimdir?
XIII Qurultaydakı çıxışlara verdiyi qiymətdən bəlli olur ki, ədəbiyyatımızın ən görkəmli simalarına və istedadlı cavanlara nifrət edir. Doxsan faizinə nifrət etdiyin və doxsan faizinin səni qəbul etmədiyi adamlara necə rəhbərlik edəcəkdin? İki-üç züytutanla hansı qurultayı və necə keçirə bilərdin? Eyforiyadan ayıl, özünə bir ayıq gözlə bax. Nə sən mələksən, nə də başqaları iblis. Deyirsən ki, dünyanı neçə rəngdə yazıram, onda yazıçıları niyə ancaq iki rəngdə görürsən - özünü inək südü kimi ağappaq, başqalarını qır qazanı kimi qapqara?
"Daş yuxular" biabırçılığından sonra arzuladığı vəzifədən həmişəlik umsuq olduğunu dərk etsə də, öz xoşuyla tərk etdiyi təşkilata sədr yeri yenə də daima beynini qurcalayır. "Kim olur-olsun, təki Anar olmasın". İllər boyu bu amalla yaşayır. Mən 35 il ərzində beş qurultayda yekdilliklə (son qurultayda iki səs istisna) seçilərək çətindən çətin sədr vəzifəsini daşıyıram. Əkrəmin bu vəzifə uğrunda mübarizəsi tarix əvvəl qeyd etdiyim kimi 33 ildir. Ona görə ki, təşkilatımıza rəhbər seçilən kimi Əkrəmi bura katib gətirdim. İki il normal işlədik. Demə, katib olandan iki il sonra sədrlik sevdasına düşübmüş. Mənim kabinetimlə qonşu otaqda məni devirmək planları tərtib edirmiş. Bu barədə ancaq son illərdə Xalq yazıçısı, rəhmətlik Sabir Əhmədlinin xatirə kitabından xəbər tutdum. Sabir Əhmədli yazır:
"Onda Əkrəm Əylisli də Xalq Cəbhəsinə yaxın idi. İstəyirdilər ki, Yazıçılar İttifaqının üstündən qələm çəksinlər, Anarı eşiyə atsınlar və yeni, Xalq Cəbhəsinə uyarlı bir təşkilat, Xalq Cəbhəsinə sədaqətli bir yaradıcılıq birliyi yaratsınlar. Bu işi Əkrəmgil başlamışdılar. Məni də qoşmaq istəyirdilər. Yazıçılar İttifaqına hücum çəkir, Anarı, Çingiz Abdullayevi hədələyir, ultimatum verirdilər: "Çıxıb getsinlər bunlar! Getməsələr avtomat silahla gəlib əzəcəyik!". Bir kərə Əkrəmin otağında, o da Yazıçılar İttifaqının katiblərindəndi, amma İttifaqı dağıtmaq istəyirdi, hə, onun necə bir Yazıçılar İttifaqı yaratmaq istədiklərini öyrənmək istədim. Sonra təklif etdim: "Bizim sayılan, hörmətli ədiblərimiz də orda olsunlar" İsmayıl Şıxlının, Bayram Bayramovun, İsa Hüseynovun adlarını çəkdim. Onda yeni Yazıçılar ocağı yaratmaq istəyən cavan Alışarlı incik halda mənə bildirdi: Siz o adamların adını çəkirsiniz, biz onlardan qurtulmaq istəyirik". Aydın oldu kimə tapşırılacaq, kim olacaqdı yeni təşkilatın üzvləri. Dəlisov, çılğın oğlanlarmı, bir sanballı əsəri, yazısı olmayan xalqçılarmı? Hər hansı yaradıcılıq ocağının başçısı hər şeydən qabaq adlı-sanlı sənətkar, yaradıcı insan, həqiqi yazıçı olmalıydı, onu saysınlar. Elə bunun üstündə də cəbhəçilərin yeni Birlik, İttifaq yaratmaq istəkləri baş tutmadı".
Sabir Əhmədli - "Yazılmayan yazı"
xatirə romanından.
Bundan əvvəl küçə adamları müxtəlif idarələrə soxulub idarə başçılarını avtomatla hədələyərək vəzifəsindən uzaqlaşdırmışdılar. Bundan ilham alaraq "mənim üstümə tankla da gəlsəydilər Anarın əleyhinə getməzdim", - deyə bəyan edən Əkrəm Əylisli tankı olmadığı üçün məni avtomatla vəzifəmdən uzaqlaşdırmağa hazırlaşırmış.
Bu niyyət baş tutmadı və baş tuta bilməzdi. Min cəfaya, əziyyətə, müqavimətə sinə gərərək mən və rəhmətliklər Yusif Səmədoğlu, Fikrət Qoca, Arif Əmrahoğlu, indiki katiblər Yazıçılar Birliyini dağılmağa, parçalanmağa qoymadıq, ədəbiyyatımızın keçmişinə və indisinə müxalif qüvvələrin təşkilatı ələ keçirməsinə imkan vermədik, pedafiliyanı, zoofiliyanı tərənnüm edən pornoqrafik qrafoman "antiədəbiyyatı" yaxın buraxmadıq, binamızı "Yazıçı" nəşriyyatı kimi hərraca qoyub satmadıq, bağlatmadıq, qəzetimizi, jurnallarımızı saxladıq, Azərbaycan yazıçılarının müqəddəs ocağını "zori balayan ocağına" çevrilməsinin qarşısını aldıq. Budur bizim Əkrəmin təbirincə "iblisanə əməllərimiz".
Mənə xoş münasibət bəsləyən, etibarsızlıq etməyən hər kəs anında Ə.Əylislinin gözünün düşməni olur. Böyük şairimiz, xalqımızın sevimlisi Ramiz Rövşən dostluğumuza sadiq qaldığına görə, mənə qarşı əkrəmsayağı nankorluq etmədiyinə görə və ən əsas da Qurultayda məni dəstəklədiyinə görə Əkrəm onu burda gətirmək istəmədiyim küçə sözləriylə təhqir edir. Vicdanlı jurnalist Taleh Şahsuvarlı "Anarın, Ramiz Rövşənin namini sənə vermərik Əkrəm Aqulisli" adlı yazısında Əylislinin ləçər qara-qışqırığına layiqli cavab verib. Bundan sonra abrına qısılıb susmaqdansa, Əkrəm illər boyu dönə-dönə təkrar etdiyi kif atmış yalanlarına qəttəzə uydurmalar əlavə edir. Doğrusu, bu peşəkar yalançının növbəti iftiralarına cavab vermək həvəsim yox idi. Qurultaydan sonra tək-tük uğursuzların ədəbi xuliqanlığına, tərbiyəsizliyinə cavab vermədiyim kimi. Sadə bir həqiqəti bildiyim üçün: çağdaş ədəbiyyatımıza xor baxanlar bundan sonra da hər yeni uğurumuzdan dilxor olacaqlar. Yeri gəlmişkən, mətbuatda, TV kanallarında, saytlarda haqq işimizə qahmar duran çox sayda insanlara dərin minnətdarlığımı bildirirəm. Əkrəmin uydurmalarını ancaq ona görə konkret faktlarla təkzib edirəm ki, məsələdən xəbərsiz olanların bəziləri bu iftiraları həqiqət saya bilər. "Yeni Müsavat" qəzetində "Əkrəm Əylislidən Anar haqda sensasion açıqlamalar" manşetiylə dərc etdiyi mətndə Əkrəm yalanlarını məhz buna görə ifşa etməyi lazım bilirəm. Onu da bilirəm ki, gətirdiyim konkret faktların heç birini təkzib edə, dana bilməyən Əylisli üstümüzə yeni söyüşlər yağdıracaq, bir pors çirkab atacaq. Olsun, ağlı başında oxucular kimin kim olduğunu yaxşı bilir. Beləliklə, Ə.Əylisli deyir:
"O vaxt Anarı vəzifəyə təklif edənlərdən biri (biri yox, birincisi - A.) mən olmuşam. Təklif isə Mərkəzi Komitə katibi Həsən Həsənovdan gəlib. O, mənə və bütün orada Anarı müdafiə edənlərin hamısına bircə-bircə zəng edib demişdi ki, İsmayıl Şıxlını yıxın, Anarı onun yerinə gətirin. Biz də bunu etmişdik, mən də etmişəm". ("Yeni Müsavat" qəzeti 11 noyabr 2022).
Görəsən, ağ yalan olduğunu özü də gözəl bildiyi bu uydurmaları dilinə gətirəndə heç utanıb-qızarmır? Ondan başlayaq ki, guya gizli partiya tapşırığını yerinə yetirməkçün məxsusi olaraq Əylisdən dəvət olunan Əkrəm o vaxt Əylisdə deyildi, çabacaq Bakıda idi.
Allaha şükür ki, Həsən müəllim sağ-salamatdır, lazım bilsə ona qarşı da olan bu böhtanı özü təkzib edə bilər. Təbii ki, o vaxt Mərkəzi Komitənin inşaat məsələləri üzrə katibi Həsən Həsənovun həmişə dərin hörmət bəslədiyi İsmayıl Şıxlını yıxmaq fikri Əkrəmin çirkin iftirasıdır. Həsən müəllimin guya kimlərəsə bircə-bircə zəng edib Anarı dəstəkləməsini tapşırması isə Əkrəmin daş yuxularında gördüyü sayaqlamalardır. Bir vaxtlar Əkrəm yeri gəldi-gəlmədi iftixarla deyirdi ki, Anarı Yazıçılar İtttifaqına mən rəhbər gətirmişəm. İndi isə bu işi tapşırıqla etdiyini söyləyir. Həm də yaddaşında problemlər olduğu üçün hər dəfə ayrı-ayrı versiyalar irəli sürür. "Yalançının yaddaşı olmaz" belə yerdə deyiblər. Bir ara siyasi konyunkturaya uyğunlaşaraq deyirdi ki, Anar bu vəzifəyə DTK sədri Vaqif Hüseynovun təkidiylə gəlib.
Əkrəm Əylisli: "1987-ci ildə Yazıçılar İttifaqının Plenumunda kadr məsələsinə baxılırdı. O zaman KQB-nin sədri Vaqif Hüseynov idi və Anar da bilavasitə onun namizədiydi. Anarın Yazıçılar Birliyinin sədri olmasını o tələb etmişdi".
"Reytinq" qəzeti, 13 avqust 2006
Ay Əkrəm! Danos verəndə heç olmasa bir tarixləri də nəzərdə tut da.
Yazıçılar İttifaqının 1987-ci il 18 iyun Plenumunda mənim rəhbərliyə namizədliyimi, doğrudan da, ilk olaraq Əkrəm Əylisli irəli sürdü. İndi heç olmasa özü özüyçün müəyyənşləşdirsin kimin tapşırığını yerinə yetirirmiş, Həsən Həsənovun, ya Vaqif Hüseynovun? Bu bir. İkincisi, həmin Plenum zamanı Vaqif Hüseynov heç Bakıda da deyildi, Moskvada başqa vəzifədə idi. DTK sədri isə Yazıçıların 1987-ci il Plenumundan iki il sonra 1989-cu ildə oldu. Bəlkə Əkrəm Vaqif Hüseynovun gələcəkdə DTK sədri olacağını əvvəlcədən bildiyi üçün onun Moskvadan verdiyi göstərişə əməl eləyib. Əkrəmə məsləhət edərdim ki, iftiralarının birinin üstündə qəti dayansın, onu yazıb saxlasın, yeni Yalan uyduranda əvvəlkinə bir nəzər atsın. Zarafat bir yana qalsın, Ə.Əylisli görəsən, özü dərk edirmi ki, bu yalan versiyalarıyla ilk növbədə özü özünü rüsvay edir.
1987-ci ildə ölkədə vəziyyət elə dəyişmişdi ki, partiya orqanları yazıçıların seçiminə birbaşa müdaxilə edə bilmirdilər. Əkrəmin sözlərindən belə çıxır ki, mənim namizədliyimi öz iradəsiylə deyil, müti buyruq qulu təkin kimlərinsə tapşırığıyla irəli sürüb. Üstəlik, Plenumda mənim namizədliyimi dəstəkləyənləri də aşağılayır, guya onlar da məni öz iradələriydə deyil, tapşırıqla dəstəkləyiblər. Heyif ki, onların demək olar hamısı rəhmətə gedib, yoxsa bu iyrənc böhtana özləri cavab verərdi.
Ə.Əylislinin illər boyu çeşidli versiyalarla ortaya atdığı yalanları dəfələrlə real faktlarla təkzib edilibsə də bir daha bu məsələyə qayıtmağa, olanları olduğu kimi təqdim etməyə məcburam. Qoy bu məsələlərdən bixəbər olanlara, özəlliklə yeni nəsillərə bir ibrət dərsi olsun.
Plenum ərəfəsində Həsən Həsənov məni yanına çağırdı: - İsmayıl müəllim vəzifəsindən getməsini israrla təkid edir, dedi. - Əgər Plenum buna razılıq versə, sənin namizədliyin məsələsi qalxsa, bunu kim təklif edə bilər? Əkrəmin təmənnalı və saxta dostluğunun səmimiyyətinə o vaxt uşaq sadəlövhlüyüylə inandığım üçün bir an da düşünmədən: - Əkrəm Əylisli - dedim.
Həsən müəllim dərhal Əkrəmə zəng elədi, mənə dediklərini təkrar etdi: - İsmayıl müəllim istefasında israrla təkid edir. Ərizəsi qəbul olunsa, səncə, Birliyə kim rəhbər ola bilər? Əkrəm də dərhal: Ancaq Anar, - dedi və Əylisdə tikdirdiyi ev üçün bir maşın daş göndərilməsini xahiş etdi.
Həsən müəllim gülüb: - Əşşi, bu asan işdir - dedi. - Məsələ bu cür qoyulsa təklifini ver.
Bir məsələyə diqqət çəkmək istəyirəm. Gizlətmirəm ki, İsmayıl Şıxlı istefasında israr edərsə, Mərkəzi Komitə onun yerinə məhz mənim seçilməyimi istəyirdi, amma o vaxtkı duruma görə işə bilavasitə qarışa bilməzdi. Həsən Həsənov da Əkrəmə: - "Anarın namizədliyini irəli sür" demədi, ancaq onun rəyini soruşdu. Əkrəm Əylisli də öz iradəsiylə, öz seçimiylə, könüllü şəkildə mənim adımı çəkdi (kim bilir bu vaxt könlündə nə varmış). Hər halda hadisə məhz belə olmuşdu.
Plenumdan qabaq Rəyasət Heyətinin iclasında mən İsmayıl müəllimin istefa ərizəsini geri götürməsini, qalıb işləməsini təklif etdim. Plenumda çıxış etməsələr də, Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi Ramiz Mehdiyev və Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə iştirak edirdilər.
Plenumun işi haqqında dəqiq və dürüst məlumat vermək üçün stenoqramdan mənə aid parçaları olduğu kimi gətirirəm.
Əkrəm Əylisli: Yoldaşlar! Mənə elə gəlir ki, Yazıçılar İttifaqının işi barəsində ətraflı danışmaq lazımdır. Yazıçılar Birliyində əsaslı dönüş yaratmalıyıq. Bu əsaslı dönüşdə Birinci katibdən çox şey asılıdır. Yazıçılar İttifaqında təcrübəli adamlar, istedadlı yoldaşlar vardır. İsmayıl Şıxlı yoldaş burada çox əsəbiləşir, yorulur. Mənə elə gəlir ki, orta nəsil bu işin öhdəsindən gələ bilər. Bu işin öhdəsindən gələn adam vardır. Mən də bunu sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu, yoldaş Anardır. Bu adam Azərbaycan mədəniyyətinin kökünü bilir. Çox savadlı, təcrübəli yoldaşdır. Bundan başqa, sovet ədəbiyyatını, dünya ədəbiyyatını gözəl bilir. Azərbaycan və rus dillələrini mükəmməl bilir. Mən bugünkü plenumda belə bir təklif irəli sürürəm, Anar çox istiqanlı, əvvəl də qeyd etdiyim kimi, çox istedadlı adamdı. Mən yenə də qeyd edirəm ki, Anar Birinci katib seçilsin, mənim fikrim belədir. Bu qədər.
Mövlud Süleymanlı: Bütün bu ab-havanı dağıtmaq üçün sağlam, çevik və ittifaq səviyyəsinə çıxara biləcək bir adam təklif edirəm, o adam Anardır.
Qabil: Anar burada, mən ciddi deyirəm, 10 gün də davam etməz.
Sabir Azəri: İsmayıl Şıxlı yoldaş gedir, belə deyirlər ki, Anar Birinci katib olsun. Mən burada açıq deyirəm ki, Anar da burada heç bir şey etməyəcəkdir.
Tofiq Bayram: Mən bizim ədəbiyyatımızın vicdanlı, ən obyektiv istedadlı nümayəndərindən biri Anarı Yazıçılar İttifaqının katibi vəzifəsinə seçilməsini təklif etmək istəyirəm. Onda təzə qüvvələr vardır, yeni fikirlər vardır. Yazıçılar İttifaqında bu ab-havanı dəyişə bilər. Anar müəllim öz vicdanının əleyhinə getməz. Mən Anarın Yazıçılar İttifaqının katibi olmasını istəyirəm.
İsi Məlikzadə: Əgər İsmayıl müəllim qalsa yenə bu çətinliklərə rast gələcəkdir. Yenə də İsmayıl müəllim ərizə verəcəkdir. Mən Anarın namizədliyini irəli sürən adamların təklifləriylə razılaşıram. Ən layiqli adam Anardır. O, bizim Yazıçılar İttifaqının Birinci katibi seçilsin.
İsa İsmayılzadə: Bizə Anar kimi ziyalı lazımdır. Onu bu işə cəlb etmək lazımdır. Anar öz sinəsini qabağa verəcək, nə cür lazımdır elə də işləyəcəkdir. Anar kimi rəhbər bizə lazımdır. Mən də burada təklif edirəm ki, Anar seçilsin. Bu adam bizim ən gözəl ziyalımızdır. Bu qədər.
Nurəddin Babayev: İsmayıl Şıxlı yoldaş öz xoşuna gedir. Anar isə ən layiqli yoldaşdır. Bu adama da heç bir söz ola bilməz.
Xəlil Rza: Mən İsmayıl Şıxlının bu hərəkətini mənəvi qəhrəmanlıq hesab edirəm. Kaş həyatımızın bütün sahələrində belə qəhrəmanlarımız olsun. Deməliyəm ki, Anarın vəziyyəti heç də yaxşı deyil. Çünki Azərbaycan ədəbiyyatının vəziyyəti olduqca ağırdır. Azərbaycan ədəbiyyatının çiçəklənməsi üçün imkan yoxdur. "Ədəbiyyat qəzeti" şeirdən qorxan ən böyük orqandır. Bizdə şeirdən qorxmayan Sabir Rüstəmxanlı yoldaşdır, bir də Yusif Səmədoğlu. Ona görə də biz Anara köməklik etməliyik.
İsmayıl Şıxlı: Yoldaşlar, demək istəyirəm ki, əvvəla mən ərizə vermişəm, mən yenə də öz ərizəmin yerinə yetirilməsini xahiş edirəm. Mərkəzi Komitəyə də böyük razılığımı bildirmək istəyirəm ki, mənim xahişimi nəzərə aldı. Rəyasət Heyətinin üzvlərinə də minnətdarlığımı bildirmək istəyirəm ki, onlar mənim qalıb işləməyimi təklif etdilər. Ona görə də vəziyyəti özüm üçün bir daha dəqiqləşdirmək istəyirəm. Yenə də təkrar edirəm ki, bu vəziyyətdə Yazıçılar İttifaqında işləmək qeyri-mümkündür. İndi isə 2 qat, 3 qat işləmək çətin olacaqdır. Mən 70 yaşa gəlmişəm. Heç kəsə yumruq göstərməmişəm. Göstərə bilən adam da deyiləm, olmayacağam da. Mənim təbiətim belədir. Mən bunu ona görə demək istəyirəm ki, mənim varisim olan adam qoy bu vəziyyəti görsün ki, nə kimi çətinliklər var. Mən vəziyyəti başa düşürəm. Anar daha canlı və daha enerjili adamdır. Ədəbiyyatımıza köməklik edən adamlar lazımdır. Xahiş edirəm ki, mənim ərizəm təsdiq edilsin.
Elçin: Bir təklif vermək istəyirəm. Burada bütün müzakirələrə qulaq asdıq, İsmayıl Şıxlı yoldaş təklif verdi ki, məni azad edin. Anarı isə səsə qoyaq.
Ramiz Mehdiyev: (İclası o aparırdı). Başqa təkliflər yoxdur ki? Təklif edirəm ki, Anarın Birinci katib seçilməsinə kim tərəfdardırsa, xahiş edirəm səs versin. Kim əleyhinədir? Yoxdur. (alqışlar) Beləliklə, Anar Azərbaycan SSR Yazıçılar İttifaqının Birinci katibi seçilir. Söz indi Anarındır.
ANAR: "Əziz yoddaşlar! Bu gün mən çox həyəcanlıyam. Ona görə ki, mənə böyük etimad göstərdiniz. Məni Yazıçılar İttifaqının Birinci katibi kimi şərəfli bir işə seçdiniz. Mən burada söz verirəm ki, nə qədər qüvvəm var, əlimdən gələni edəcəm. Burada mən bir təklif vermək istəyirəm. İsmayıl müəllimin xidmətləri minnətdarlıqla qeyd olunsun, İsmayıl Şıxlı yoldaşa çox böyük hörmət edirəm. Ona görə yox ki, o öz vəzifəsini mənə verdi. İsmayıl müəllim çox nəcib bir insandır (alqışlar)".
Vəssəlam. Hadisə bax belə olmuşdu.
İsmayıl müəllimlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz sonralar da davam etdi. Rəfibəyli babalarım haqqında da bəhs etdiyi "Ölən dünyam" povestinin əlyazmasını mənə göndərmişdi. Əsəri çox yüksək qiymətləndirərək, İsmayıl müəllimə məktub yazdım və məktubumu qəzetdə dərc etdim. Qazaxda və Bakıda İsmayıl müəllimin sağlığında və vəfatından sonra keçirilən bütün yubileylərində çıxış etmişəm. İsmayıl Şıxlı haqqında "Doqquzuncu portret" adlı yazı yazdım.
IX Qurultayımızda Əkrəmin mənə qarşı gözlənilməz namərd hərəkətindən sonra və demə əvvəlcədən razılaşdırdıqları kimi, mənə qarşı təxribatçı çıxış zamanı Abbas Zamanov ayağa qalxıb natiqin sözünü kəsdi və "təklif edirəm burda Anara qarşı belə təhqiramiz çıxışlar edilməsin" - dedi. Yusif Səmədoğlu mənim sədr seçilməyimi təklif etdi və ilk olaraq o və İsmayıl Şıxlı mandatlarını qaldırdılar. Bundan sonra BÜTÜN nümayəndələr (o cümlədən Əkrəm Əylisli də) lehimə səs verdilər.
Bu qurultayda Yazıçılar Birliyinin Ağsaqqallar şurasını yaratdıq və mənim təklifimlə bu Şuranın ilk sədri İsmayıl Şıxlı oldu.
Təəssüf ki, müəyyən illərdə İsmayıl Şıxlının Birinci katib vəzifəsindən getməsiylə bağlı möhtəkirlik edən aravuranlar tapıldı. Bu çirkin təşəbbüslərə ən layiqli cavabı qeyrətli kişinin qeyrətli oğlu Elçin Şıxlı verdi:
"1987-ci ildə növbəti dəfə sədr seçiləndən heç bir il keçməmiş, o, istefa haqqında ərizə yazaraq Yazıçılar Birliyinin Plenumunu çağırdı. Yəni istefası qəbul edilməsə belə işdən gedəcəkdi. Elə həmin Plenumda İsmayıl Şıxlı Anarın Yazıçılar Birliyinə sədrliyinin namizədliyni irəli sürüb".
"Azadlıq" qəzeti, 19 mart 2004
Şərhə ehtiyac varmı? Elçin Şıxlı davam edir:
"Özünü yazıçı, şair adlandıran bəzi adamlar deyirlər ki, əgər Anar və Əkrəm Əylisli atamı Yazıçılar Birliyinin sədrliyindən devirdiklərini etiraf etməsələr və yaxud bunun necə baş verdiyini izah etməsələr bu məsələni özləri ifşa edəcəklər. Bunlar hamısı yalandır, İsmayıl Şıxlını devirməyiblər və devirə də bilməzdilər. Mən istəməzdim ki, atamın adından kimlərsə öz məqsədləri üçün möhtəkirlik etsin. Əgər bundan sonra da kimsə bu cür möhtəkirlik etsə çalışacam ki, buna son qoymaqçün həmin adamların ağzını yumum".
"Azadlıq" qəzeti, 19 mart 2004
Qəribədir ki, bu barədə möhtəkirlik edənlərin biri də elə Əkrəmin özü idi və atdığı iftiralar bumeranq kimi öz üstünə qayıtdı.
Bu mərd mövqeyinə görə Elçin Şıxlıya bir daha minnətdarlığımı bildirirəm.
Yazımın sonunda bir söz demək istərdim. Kin, nifrət, həsəd ilk növbədə bu hissləri yaşayanların ömrünü çürüdür. Ən böyük biclik - düzlükdür. Həqiqət həmişə hikkədən güclüdür.
Bu il dekabr ayında Əkrəm Əylislinin 85 yaşı tamam olur. 44 günlük zəfər savaşımızdan sonra Azərbaycan Ermənistana sülh təklif etdiyi kimi, mən də Əkrəmlə nə şəkildəsə ünsiyyət qurmaq, yubileyilə bağlı fikir mübadiləsi etmək istəyirdim. Əkrəm bunu "mələk maskası" sayır saysın, mənim BİR sifətim var, pandemiya dövründən başqa maska-filan da taxmıram. Bəlkə bu mənim zəifliyimdir, amma heç kəsin, özəlliklə haçansa çörək kəsdiyim adamın təklənməsinin, pisikdirilməsinin əleyhinəyəm. Amma Qurultayın nəticələrindən başqa, heç bir səbəb olmadan Əkrəm bəyanatlarıyla bütün körpüləri yandırdı. Əgər Robinzon kimi adada tək qalmaq istəyirsə, öz seçimidir.
Allah Əkrəmə insaf, bizə də səbr versin.
(“Ədəbiyyat qəzeti”)
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Xurşidbanu Natəvan” tamaşası hazırlanır
Xan qızı Natəvan səhnəyə dönür. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşa hazırlanır. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı yeni yaradıcılıq işinin üzümüzə gələn ay premyerası keçiriləcək.
Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), Əməkdar artist Anar Heybətov (Knyaz Xasay), Əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), Xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), Əməkdar artist Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruz (Nəvvab), Əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), Xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), Əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) və iştirak edəcəklər.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb.
Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.
Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)