Super User

Super User

Суббота, 26 Ноябрь 2022 20:30

Azər Qəribin Malta sərgüzəştləri

Tanınmış səyyah Azər Qərib hazırda Malta adasında səyahətdədir, onun duzlu-məzəli Malta sərgüzəştlərini oxucularımıza təqdim edərik. 

 

Maltaya gəlib balıq yemədin, heşzad.

Soruşdum ofisiantdan ki, may frend, nədir sizin milli mətbəxiniz?

Qardaş sərildi yerə, sonra razqonla başını vurdu divara, əsəbdən titrəmə tutdu bunu ki, ə sən nətər adamsan? Bəgəm görmürsən ki, hər tərəfimiz dənizdir, hansı dağdan düşmüsən?

İstədim Qəbələnin adını verim, fırlama hinduşkadan qəzəllər deyim buna, amma sonra fikirləşdim ki, onsuz da  rayonumuz dillər əzbəridir, bu da həsəd aparsa nə üzərlik xilas edəcək bizi,  nə yanqaşıma, susdum.

Salmon gətirdi mənə, biz tərəfdə buna qızıl balıq deyirlər, amma hardan bilsin bunu Xəzərbilməz, sakitcə vurdum salmonu bədənə.

Utanmaz-utanmaz 20 avro pul da aldı məndən dələduz.

Yeri gəlmişkən, balığın duzu az idi, amma duzlu söhbətlər olan yerdə duzmu lazımdır bizə…?

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2022)

Суббота, 26 Ноябрь 2022 13:42

Üç film, üç qəhrəman və üç rejissor

 

Qadın rejissorlar milli qəhrəmanlar barədə filmlərini təqdim etdilər

 

Xəbər verdiyimiz kimi ölkənin üç qasın rejissoru üç milli qəhrəmanı barədə fiım çəkib və bu filmlərin təqdimatı nəhayət ki, dünən baş tutdu. Nizami Kino Mərkəzində Birinci Qarabağ müharibəsinin Milli qəhrəmanlarına həsr olunmuş 3 sənədli filmin premyerası keçirildi. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan bu üç filmin premyerası anşlaqla keçdi.

Filmlərin siyahısına Milli Qəhrəman Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” (rejissor və ssenari müəllifi Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” (rejissor və ssenari müəllifi Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva, ssenari müəllifi Vüqar Əsgərov) sənədli filmləri daxildir. Nümayiş olunan filmlərdə Milli qəhrəmanlar qadın rejissorların gözü ilə təqdim olunub.

İndisə gəlin filmlərlə yaxından tanış olaq.

 

1.

Rejissor Zülfiyyə Abdullayeva çəkdiyi film Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Şuşa üzərində Mİ-8 helikopterində şəhid olmuş Milli Qəhrəman Səfa Axundovun xatirəsinə həsr olunub. Cəlilabad və Bakı şəhərlərində çəkilişləri olan filmdə şəhidin məktəb yoldaşları, ailə üzvləri onunla bağlı xatirələrini, maraqlı faktları bölüşüblər.

 

2.

Rejissor Kəmalə Mirzəyevanln təqdim etdiyi filmdə Milli Qəhrəman Niyazi Aslanova bir qadın gözü ilə yanaşılıb. Rejissor  deyir: “İndiyədək biz müharibə sözünü eşidəndə içimizdə elə bir kədər, qüssə baş qaldırırdı ki, sanki uçuruma yumalanırdıq. Təqdim etdiyimiz filmdə elə bir sevinc, fəxarət və qürur hissi duyulur ki, illər öncə işlərimizdə bunu göstərə bilmirdik. Film Milli Qəhrəman Niyazi Aslanova həsr olunub və onun döyüş yolunu, həyatını çox geniş şəkildə tamaşaçılara təqdim edir”. 

Kəmalə Mirzəyeva filmin bugünkü gənclik üçün bir nümunə olacağını deyib: “İnsan qəhrəman doğulmasa da, qəhrəman kimi ölməyi bacarmalıdır. Çoxlarına bu əbədi yolçuluq qismət olmur, amma hər kəs şücaət göstərməyə can atmalıdır. Bircə ona sevinirik ki, az da olsa onların xatirəsini əbədiləşdirərək gələcək nəsillərə çatdıra bilirik”.

 

3.

Rejissor Elnaz Əblucun çəkdiyi filmin çəkilişləri İkinci Qarabağ müharibəsindən əvvəl başlamış və müharibədən sonra davam etmişdi. “Oğlumun gündəliyi” adlanan filmdə Cəlil Səfərovun oğlu bir aparıcı kimi atasının başına gələnləri danışır. 

“Cəlil Səfərov döyüşlərin ilk günü həlak olsa da, Milli Qəhrəman kimi yadda qalıb. Biz filmi çəkməyə başlayanda müharibənin olacağını düşünməmişdik. Ən vacib məqam da odur ki, film müharibədən əvvəl və sonrakı dövrü yaşadığı üçün daha geniş bir zaman kəsiyini əhatə edir”, - deyə Elnaz Əbluc vurğulayır. 

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 

İsveçin paytaxtında "Mədəniyyət kodu - Şuşa" mövzusunda açıq konfrans keçiriləcək. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinin məlumatına əsaslanaraq xəbər verir ki, konfransda Azərbaycandan və digər ölkələrdən Stokholma səfər edən alim və ekspertlər, Şuşa şəhərinin tarixi mədəni irsi haqda tarixi-sosioloji nöqteyi-nəzərdən bəhs edib mövzu ilə bağlı fikir mübadiləsi aparacaqlar. 

Tədbirin aparıcısı "Qobustan" - İsveçdə Azərbaycan Aydınlar Ocağının başçısı, İsveçdə yaşayan professor Səadət Kərimi olacaq.

Tədbirdə Şuşanın qəhrəmanlıq ruhu, Pənahəli xanın şəhər konsepsiyası, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşidbanu Natəvan, Fatma Kəminənin timsalında mütərəqqi Şərq qadını obrazı və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarları və bir çox maraq doğuran faktlar haqqında bəhs ediləcək. 

Qeyd edək ki, tədbir İMG Beynəlxalq Media Qrupu, “SAF” İsveç Azərbaycan Dərnəyi və "Qobustan" - İsveçdə Azərbaycan Aydınlar Ocağının təşkilatçılığı ilə baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

Суббота, 26 Ноябрь 2022 12:05

Bu gün Azərbaycan kəlağayısı günüdür

 

Kəlağayı Azərbaycanın ən qədim məişət tarixinin bur sübutudur, buna görə də bu qadın baş geyiminə diqqət daim hissediləndir. Növbəti dəfə kəlağayı baş rolda olacaq. Özü də bu gün. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı konsert proqramı təqdim ediləcək. Həmçinin İctimai Birlik “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı kitabın və sənədli filmin təqdimatını da keçirəcək. Sözügedən film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihə çərçivəsində ekranlaşdırılıb. Tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlının kəlağayı barədə fikirlərini diqqətinizə çatdırır. 

“2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmin vaxtdan noyabrın 26-sı ölkəmizdə ''Azərbaycan kəlağayısı günü'' kimi qeyd olunmağa başlayıb.

Kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli-mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.

Güllü Eldar Tomarlı qeyd edib ki, olduqca zərif, gözoxşayan baş örtüyü - kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlayıb. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar tək qoruyub saxlayıblar.

Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.

“Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapıb. Elə bu səbəbdən də Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri, tanınmış müğənnilər, muğam ustaları, aşıqlar Beynəlxalq Muğam Mərkəzinin səhnəsində geniş konsert proqramı ilə çıxış edəcək və konsertdə daha çox qədim baş örtüyümüz olan kəlağayıya həsr olunmuş bayatılar, şeirlər, mahnılar səsləndiriləcək”, konsertdən öncə, mənim 150-dən çox qədimi kəlağayılarım, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın milli geyim kolleksiyası və rəssam Gülnarə Məmmədovanın milliliyimizi, Zəfərimizi təcəssüm etdirən rəsm əsərlərinin sərgisi olacaq”.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 

“Gənclik Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" premium kinoteatrında Azərbaycan Film Akademiyasının "Bakının açarı" detektiv filminin qala gecəsi keçirilib.

 

Kinoteatrdan mediaya verilən məlumata görə, filmin rejissoru Zaur Tahirsoy, baş rollarda isə Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli və Anar Əlidir.

Xatırladaq ki, Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da, Bakının yeraltı şəhərinin yerini ancaq şəhərin qoruyucuları bilir. Qoruyuculardan sonuncusu isə günümüzdə tarix müəllimi işləyir. O, açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb onu rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.

Qeyd edək ki, film noyabrın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır", - məlumatda qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət” (26.11 2022)

Суббота, 26 Ноябрь 2022 17:00

Planetin ən dəbli insanı seçildi - Bella Hadid

Ötən gün ən çox manşetləri gəzən xəbər başlıqlarından biri “Ədəbiyyat və incəsənət” portalındakı həmin bu başlıqdır. Fələstin-Niderland əsilli amerikalı supermodel Bella Hadid GQ tərəfindən planetin ən dəbli insanı seçilib.

 

26 yaşlı supermodel nə geyinməsindən asılı olmayaraq  hər zaman dəbli görünə bilən azsaylı məşhurlardandır. Bununla belə, ekspertlərin fikrincə, kişi kolleksiyalarından olan əşyalar Bellaya daha çox yaraşır.

Reytinqdə həmçinin Timoti Şalame, "Tyler, the Creator", Harri Stayls, Zendaya, Kid Kadi, Castin Biber, "Lil Nas X", Emma Korrin, Çon Xo Yon, Lyuis Hemilton, Ostin Batler, Zoi Kravits, Yasmin Finni, "G-Dragon", Adam Sendler, Ceyden Smit, Evan Mok, Lakit Stenfild, Deniel Kaluya, Dominik Kalvert-Lyuin, Florens Pyu, Glliot Peyc, Brett Gelman, "Lizzo", Dua Lipa, Tomas Doerti və Kris Paynın adları var.

Qeyd edək ki, Bella 2019-cu ildə dünyanın ən gözəl qadını seçilib. Həmin vaxt Kosmetik və Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri doktor Culian De Silva "qızıl nisbət" qaydasına görə supermodelin üzünü ən mütənasib hesab edib.

Buyurun, özünüz fotosuna baxıb qiymət verin. 

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2022)

Суббота, 26 Ноябрь 2022 16:30

Tbilisi Akademik Teatrı Bakıda çıxış edəcək

 

Noyabrın 28-29-da Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. Gürcü teatrının kollektivi dünyaşöhrətli yazıçı Lev Tolstoyun “Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı (gürcü dilində) nümayiş etdirəcək. 

 

Tamaşa Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa İli”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır.

Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, videomühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir.

İki il əvvəl hazırlanan maraqlı və qeyri-adi süjet xəttinə malik olan bu tamaşada Gürcüstanın tanınmış aktyorları Nika Kuçava, Ana Vasadze, Manana Kozakova-Tsuladze, Ketevan Tsxakaya, Besiki Barataşvili Georgi (Jaba) Kiladze, Maryam Tskipurişvili iştirak edirlər. 

“Kreyser Sonatası” tamaşasına baxmaq istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

Суббота, 26 Ноябрь 2022 16:00

Habil Yaşarın Ucarda görüşü keçirilib

 

Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialında Əlikənd kənd kitabxanaçısı Lalə Hacıyeva kənd oxucuları ilə yazıçı Habil Yaşarın görüşünü təşkil edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Habil Yaşarın “Azərkitab” yayınlarında yenicə işıq üzü görmüş “Yeddinci ayın yeddisi" kitabı oxuculara təqdim olunub. Sevgi romanına böyük maraq göstərən oxuculara müəllif romanın ərsəyə gəlməsindən danışıb, sualları cavablandırıb. 

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2022)

 

Etibar Əbilov yazır

 

Bəzən hansısa bir alimin elmi fəaliyyəti haqqında "O bir institun işini təkbaşına gördü" deyirlər. Çox vaxt bu sözü gəlişigözəl söz kimi ifadə edirlər. Bu sözdə hardasa mübaliğə də var... Amma istisnalar da var.

Görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov öz fəaliyyəti ilə doğrudan da bir institutun işini görmüş böyük elm xadimi idi.

Mən Abbas müəllimin adını ilk dəfə təbii ki, atamdan eşitmişdim. 1960-cı ildə Elmlər Akademiyasının iclas zalında Səməd Vurgunun yubileyi keçirilərkən Abbas müəllimin adı çıxış edənlərin siyahısında olmasa da o, söz alıb trubinaya keçmiş, bir neçə kəlmə Səməd Vurğundan danışandan sonra heç kəsin gözləmədiyi halda söyləmişdi:

-Bir neçə gün bundan əvvəl eşitdiyim bir xəbərdən hələ də özümə gələ bilmirəm. Ermənistan rəhbərliyi Naxçıvanı  Ermənistana birləşdirmək istəyirlər, hətta işə də başlayıblar. Təcili bu məkrli niyyətin qarşısı alınmalıdır.

Həmin gecədə iştirak edən Azərbaycan yazıçılarının, alimlərinin 90 faizi Abbas müəllimin bu cəsarətli çıxışını alqışlarla qarşılasar da bu cəsarətli çıxış həmin gecədə iştirak edən dövlət rəsmilərinin qorxusuna, həyacanına səbəb olmuşdu və islasa sədrlik edən akademik: -Abbas müəllim hissə qapılır, o, öz səhvini tezliklə başa düşəcək -deyəndə, artıq yerində əyləşmiş Abbas müəllim yüksək və əmin səslə: -Əsla- demişdi.

Və təbii ki, Abbas müəllimin bu qeyri-adi, cəsarətli çıxışına görə başı çox ağrımışdı. Amma Abbas müəllim əsla sınmamışdı. Əslində Abbas müəllim kimi mərd,

cəsarətli insanları sındırmaq qeyri mümkündür.

Abbas müəllim atamın müəllimi olmuşdu.

Amma məni Abbas müəllimlə ilk dəfə tanış edən tərcüməçi Səyavuş Məmmədzadə olmuşdu:

-Abbas müəllim, bu cavan oğlan Neftçaladan İmamverdi Əbilovun oğludur-demişdi.

-Bizim Rəsulun (Rəsul Rzanın) tədqiqatçısı-demişdi Abbas müəllim. Sonra da əlavə etmişdi:

-İmamverdinin müdafiəsində təklif etdim ki, yazdığı elmi işinə görə ona birbaşa doktorluk elmi dərəcəsi verilsin.

Abbas müəllim Rəsul Rza ilə yaxın dost idi. Bunu Rəsul Rza da, Anar da, Abbas müəllimin özü də yazıblar. Onların dostluğunun mən də şahidiyəm.

1978-ci il idi (hansı ay olduğu yadımdan çıxıb). Rəsul müəllim atamı ənənəvi Sabir poeziya günlərinə dəvət etmişdi (Rəsul müəllim Sabir poeziya günlərinin rəhbəri idi). Həmin gün Sabirin heykəlinin qarşısında baş tutan tədbirdə atam da çıxış elədi. Tədbir sona çatdı. Rəsul müəllim bir nəfərin qoluna girib (ayaqlarında problem var idi) asta addımlarla Nizami muzeyinə tərəf gedirdi. Bu zaman bir nəfər orta yaşlı şəxs ona yanaşdı. Həmin adamın yanında bir uşaq var idi. Həmin adam Rəsul müəllimə salam verib əlindəki fotoaparata işarə edərək:

-Rəsul müəllim, olarmı Sizin bu uşadla şəklinizi çəkim?-demişdi. 

Rəsul Rza:

-Niyə olmur- demişdi. Sonra ətrafa boylanıb: -Abbas...Abbas Zamanov -deyə söyləmişdi. Abbas müəllim bir qədər kənarda kiminləsə söhbət edirdi. Rəsul müəllimin səsini eşidib yaxın gəlmişdi. 

Rəsul Rza:

-Abbas, yaxıb gəl, yanımda dayan bu gözəl bala ilə şəkli birlikdə çəkdirək - söyləmişdi. 

Bu həm xoş münasibət, gəm etibar, doğmalıq jesti idi. 

Abbas Zamanov böyük tədqiqatçı idi. Onun Mirzə Cəlil, Sabir, ümumiyyətlə "Molla Nəsrəddin ədəbi məktəbinin" nümayəndələri haqqında tədqiqatları sadəcə olaraq heyrətamızdir. Toplayıb nəşr etdiyi "Sabir müasirlərinin xatirələrində" kitabını dönə-dönə, zövq alaraq oxumuşam. Həmidə xanımın xatirələrini də rus dilindən tərcümə edib çapa hazırlayan Abbas müəllimdir.

Sovet dönəmində Türkiyə ilə Azərbaycanın mədəni, ədəbi əlaqələrinin inkişafı sahəsindəki fəaliyyəti də əvəzsiz olub. Öz puluna aldığı nə qədər kitabı Ərzurumdakı Atatürk universitetinə göndərmişdi və

həmin universitetdə "Abbas Zamanov kitabxanası" fəaliyyət göstərirdi.

...Həmin o uzaq illərdə rəhmətlik atam Bakiya getmişdi. Kiçik bacımı da özü ilə aparmışdı. "Azərbaycan qadını" jurnalında Baş redaktorla - unudulmaz Xalidə xanım Hasilova ilə görüşürlər. Xalidə xanım bacıma bir necə kitab bağışlayır. Bir qədər söhbət edib görüşüb ayrılırlar. Vestibüldə Abbas Zamanovla qarşılaşırlar. Abbas müəllim atamla nə barədəsə söhbət edir. Bacım deyir, birdən Abbas Zamanov mənə:

-Qızım, kitablarına baxmaq olar?- dedi və kitabları məndən alıb bir-bir baxmağa başladı. Həmin kitablardan birini ayırıb:

-Qızım, bu kitabı Abbas müəllim səndən xahiş edəcək, əvəzində sənə çoxlu kitablar göndərəcək- dedi.

Bu, Məcid Şamxalovun məşhur "Qaynana"əsəri imiş. Sonra atama izah edib: “Türk dostlarımızdan biri neçə vaxtdır ki, bu kitabı məndən iştəyir. Tapa bilmirdim. İndi rahat oldum. Bu kitabı Türkiyəyə göndəcəm.”

Atamın arxivində Abbas müəllimin atama yazdığı çoxlu sayda məktubları, avtoqrafla göndərdiyi kitabları var. O məktublarda ifadə olunan fikirlər Abbas  müəllimin böyük şəxsiyyətindən, böyük vətəndaşlığından, böyük İnsanlığından xəbər verir. Bu məktublardakı fikirlər həm də Abbas Zamanovun Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə sonsuz,

aşırı sevgisinin yüksək ifadəsidir...

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 Hafiz Əhmədov yazır

 

 

 "Gənclər ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər, gələcəyə ümidlə baxsınlar. Ümidi isə reallaşdıracaq olan sadəcə özləri, zəhmət və cox çalışmalarıdır. Tək formula – çox çalışmaqdır" - Azərbaycanlı məşhur avtomobil dizayneri Samir Sadıxovun sözləridir bunlar.

 

Peşəkar avtomobil dizayneri Samir Sadıxov tərəfindən hazırlanmış konsept avtomobilin təqdimat mərasimi keçirilib. ABŞ-ın Los Angeles şəhərində təşkil olunan tədbirdə yeni üçüncü nəsil “Genesis X Convertible” avtomobili təqdim olunub. Samir mərasim zamanı fikirlərini media mənsubları ilə bölüşüb: "Son zamanlar üzərində işlədiyim avtomobili sizlərə təqdim etmək istərdim. Bu layihə Genesis X modellər seriyasının sonuncu, üstü açıq veriyasıdır. Bu il yay aylarında, çox qısa bir vaxtda dizayn rəhbərlərimin köməyi ilə birgə dizayn etdik. Avtomobil iki qapılı, elektro motorlu idman üslüblu bir modeldir. Və dizayn etdiyim bu avtomobilin Kaliforniyada, belə bir məkanda təqdim edilməsindən böyük şərəf duydum..." 

 

Qısa tərcümeyi hal:

Samir Sadıxov - 1990-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya göz açıb. Anası həkim, atası isə mühəndisdir. Gəncədə Azərbaycan – Türk liseyində orta təhsil alıb. İtaliyanin Turin şəhərində olan Istituto Europeo di Design – Nəqliyyat dizaynı fakültəsində bakalavr təhsili alıb. Almaniyanın Pforzheim Universitetində Nəqliyyat dizaynı fakültəsində isə magistr təhsili alıb. Samir Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, 2011-ci ildə Ferrari World Design Contest dizayn müsabiqəsində ikinci yeri tutan Ferrari Xezri Competizione Edition layihəsi ilə məşhur olub. Gənc yaşında bir çox uğura imza atan azərbaycanlı dizanyer “Ferrari World Design Challenge 2014” müsabiqəsində qalib olmaqla məşhurluq qazanıb.

O, 30 dizayn məktəbi, 500 tələbə arasında bir neçə turu keçərək, ilk pilləyə yüksəlib. Bundan başqa, o, Cadillac C-Ville və XTS konseptlərini layihələşdirib. Eləcə də Rezvani Beast (“Heyvan”) markalı avtomobil də azərbaycanlı dizayner tərəfindən layihələşdirilib, həmin avtomobil Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub.

Samir Sadıxov təxminən 6 ay ərzində dizayn üzərində işləyib. Azərbaycanlı gənc dizayner Red Dot Design Award-ın 4680 layihəsi sırasında “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb. Qeyd edək ki, Red Dot Design Award yer kürəsinin dizayn Mərkəzi olan Essen (Almaniya) şəhərində yerləşən Şimali Reyn-Vestfaliya İnstitutu (alm. Design Zentrum Nordhein Westfalen) tərəfindən təqdim edilən dizayn sahəsində nüfuzlu mükafatdır. Mükafatlanmış işlər, Essendə Red Dot dizayn muzeyində sərgilənir. Bu muzey müasir dizaynın nailiyyətlərinin nəhəng toplusudur.

 

Samir Sadıxov hazırda dünyanın çox nüfuzlu avtomobil şirkətində dizayner olaraq çalışır. Ondan müsahibə almaq arzum çox böyük idi. Şükür ki, virtual olsa belə, bunu reallaşdıra bildim. Samir Sadıxov ona ünvanladığım suallarımı məmnuniyyətlə cavablandırdı.

 

- Necə oldu ki, siz avtomobil dizayneri olmaq qərarına gəldiniz? 

 

– Uşaqlıqdan avtomobillərə qarşı xüsusi marağım olub. Hər zaman avtomobil eskizləri çəkməyi sevirdim, lakin yoldaşlarımdan fərqli olaraq, var olan avtomobilləri çəkməyi sevmirdim, hələ də sevmirəm. Hər zaman istəyirdim ki, öz fantaziyamda olan yeni bir avtomobil çəkim. Orta məktəbdə oxuyarkən belə bir məşğuliyyətin, peşəkar səviyyədə etməyin mükün olduğunu öyrəndim və o gündən qərarım dəyişmədi. Nəhayət, avtomobil dizayneri oldum.

 

– Sizcə, peşəkar avtomobil dizayneri necə olmalıdır? Bunun üçün nələr tələb olunur?

 

– Avtomobil dizayneri olmaq üçün əsas iki şərt vacibdir. Dizayn etmək üçün xəyal gücü və rəssamlıq qabiliyyəti önəmlidir. Çünki xəyalınızda təsəvvür etdiyiniz dizaynı canlandırmağın ən ideal və tez üsulu onu yaxşı çəkməkdir. Dizayner olmaq üçün bu çox vacibdir. Şirkətlər və universitetlər adətən işə qəbul prosessində birinci bu xüsusiyyətlərlə önəm verirlər. Dizayn ideyalarının yenilikçiliyi və dizaynların necə təsvir olunduğuna diqqət yetirirlər. Əsas rəqabət də bunun üzərində gedir.

 

- Gündəlik iş rejiminiz necədir? 

 

– Standart iş rejimi ilə çalışırıq. Həftədə 5 gün işləyirik. Əsas iş rejimi layihə üzərində olur. Əgər konsept bir modelin üzərində işləyiriksə, proses 1 il çəkir. Əgər istehsala gedəcək seriya avtomobilidirsə, 2 – 3 il çəkir. Gündəlik işimiz isə avtomobilin dizayn prosesi ilə bağlıdır. Bəzən yeni avtomobil üzərində eskizlər, bəzən 3D formatla layihələr hazırlayırıq, bəzən isə hansısa modelin detallarını yenidən dizayn edirik.

Avtomobil insanlıq tarixinin ən vacib kəşflərindən biridir. Həyatımızı asanlaşdıran, bizi bir-birimizə tez və rahat qovuşduran vasitədir.

 

- Avtomobil istehsalı o qədər də asan başa gəlmir. Ən çətin proses nədən ibarətdir?

 

– Avtomobilin ən çətin hissəsi onun monokokunun ve şassisinin hazırlanmasıdır. Sonra isə ona uygun olan mühərrik ve transmissiya sisteminin hazırlanmasıdır.

 

– Gələcək avtomobil dizaynlarını necə təsəvvür edirsiniz? 

 

– Avtomobil dizaynı heç vaxt inqilaba uğramayıb, hər şey təkamüllə olub, inkişaf edib və yeni formalara sahib olub. Düşünürəm ki, gələcəkdə də avtomobillər texnologiyaya uyğun dizaynlara sahib olacaq. Dizayndakı ən çox dəyişikliklərin səbəbi texnologiya və yeni çıxan qanunlardır. Bunların işimizə təsiri çox olur.

 

- Dizayner olmaq üçün fitri istedad lazımdır, yoxsa ağıl? 

 

– İstedad 20 faiz, çalışmaq və zəhmət isə 80 faiz…

 

- Siz özünüz hansı avtomobillərə üstünlük verirsiniz?

 

– Praktik, əlverişli, ekonomik və sürətli avtomobilə daha çox üstünlük verirəm. Bunları özündə birləşdirən modellər mənim üçün daha məqsədəuyğundur.

 

- Artıq dünyada özü idarə olunan avtomobillərin dövrü başlayır. 

 

– Avtonom avtomobillər qaçılmazdır və üzümüzə doğru gələn inqilabi texnologiyadır və bu texnologiya dünya sənayesində ciddi dəyişikliklərə səbəb olacaq. Buna uyğunlaşmalıyıq, yoxsa geridə qalacağıq.

 

- Azərbaycana gəlirsinizmi? Çalışdığınız yerdə ölkəmizə qarşı insanların münasibəti necədir?

 

– Təəssüf ki, işlərimə görə Azərbaycana gec-gec gəlirəm. Gələndə isə maksimum ailəm və sevdiklərimlə vaxt keçirməyə çalışıram. İş yerimdə tək azərbaycanlı olduğum üçün mənə maraq pozitivdir və çalışıram ki, ölkəmizi yaxşı təmsil edim.

 

- Azərbaycanda iş qurmaq istərdinizmi? Bu istiqamətdə planlarınız nədən ibarətdir? 

 

– Plandan əlavə xəyallarım və arzularım var. Bu sahədə planları reallaşdırmaq üçün hökumətimiz və iş adamları dəstək olmalıdırlar. Uğurlu iş ortaya qoymaq üçün ciddi investisiya və plan lazımdır.

 

- Sonda gənclərə nələri məsləhət görərdiniz?

 

- Gənclərə ən əsas məsləhətim budur ki, dayanmadan öz üzərlərində çalışsınlar, xəyallarının ardınca getmək üçün özləri özlərini motivasiya edib, bütün maneələrə üz döndərib onlara qarşı vuruşsunlar. Ölkədəki və ya cəmiyyətdəki vəziyyətə görə ruhdan düşməsinlər və gələcəyə ümidlə baxsınlar. Ümidi isə reallaşdıracaq olan sadəcə özləri, zəhmət və cox çalışmalarıdır. Tək formula – çox çalışmaqdır!

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.