Super User
Günün fotosu: Heç hənanın yeridir?
Günün fotosu: Heç hənanın yeridir?
Ukrayna ilə müharibəylə gündəmi zəbt edən Rusiya cəbhədən gələn ardıcıl məğlubiyyət xəbərlərinin fonunda gündəmi dəyişib. Rusiya Dövlət Duması ölkədə homoseksualizmin, lesbiyanlığın, pedofiliyanın təbliğini qadağan edib.
Foto Euronews-undur.
“Ədəbiyyat və incəsənət”
(25.11.2022)
YARAT-da performans üzrə ustad dərsi keçiriləcək
YARAT Müasir İncəsənət Mərkəzindən daha bir xoş sürpriz. Noyabrın 28-də bu məkanda türk rəssam Nezaket Ekicinin iştirakı ilə “Qısa, lakin intensiv” adlı performans üzrə ustad dərsi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı YARAT-dan mediaya verilən açıqlamaya istinadən xəbər verir ki, dərslər zamanı rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirəcək və iştirakçılarla birgə çıxış edəcək. Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edəcək. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrənəcəklər. Performans vasitəsilə öz ideyalarını təqdim etməyi və müəyyən mənada, sənət əsərini həyata keçirməyi öyrənəcəklər, çünki performans, mahiyyət etibarilə, bir fikrin zamanla idarə edilməsi və bir sənət əsərinin "hərəkətə gətirilməsini" ehtiva edir.
Nezaket Ekici Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltaraşlıq üzrə incəsənət təhsili alıb. O, 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsəri təqdim edib. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.
Bu gün Beynəlxalq Muğam Mərkəzində Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecədə ifaçıları Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu AMEA Folklor İnstitutu nəzdində “Qorqud” ansamblı müşayiət edəcək.
Ustad tarzən, bəstəkar-pedaqoq, Prezident təqaüdçüsü Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğuldur. Onun “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir. Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, tarzən-pedaqoqun muğamlarımızın və yallılarımızın nota köçürülməsində xidmətləri böyükdür. Naxçıvanda yaşayıb-yaradan sənətkar bütün ömrünü milli musiqi mədəniyyətimizin inkişafına, muğamlarımızın, musiqi xəzinəsinin zənginləşməsinə, xalqımızın musiqi təhsili sahəsində ləyaqətli, intellektual musiqiçilər nəslinin yetişməsinə sərf etmişdir.
“Əsəbiyyat və incəsənət” (25.11.2022)
Bu gün qadın rejissorlar gündəmdə olacaqlar
Feminizm çiçəklənməkdədir deyəcəklər çoxları. Bu gün Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq. Filmlərin siyahısına Milli Qəhrəman Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” sənədli filmi (rejissor Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” filmi (rejissor Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva) sənədli filmi daxildir.
Qeyd olunan filmlər Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb. Artıq uzun müddətdir studiyada Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
“Əsgər bağı” filmində şəhid övladı və qazi baş rolda çəkilib
Yeni layihələr sıralayan Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalı AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına istinadən bildirir ki, növbəti film “Əsgər bağı” adlanır.
Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.
E.Əkbərov 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
E.Mirzəyev isə 2020-ci il oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.
Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.
Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.
Dedikcə maraqlı film alınıb, baxmağa dəyər.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
“Salam Məşədi” kitabı şuşalı xanəndə Məşədi Fərzəliyev barədədir
Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilmiş “Salam, Məşədi” adlı nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın təqdimat mərasimi noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Kitabda həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın “Sport- Rekord”, Fransanın “Pate” firmalarının tərtib etdiyi kataloqlar da əks olunub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır. Muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər. (Yeri gəlmişkən, bu barədə portalımızda məlumat getmişdi).
Kitaba “Ön söz”ü Xalq artisti, bəstəkar Sərdar Fərəcov yazıb.
“Çapar” yayınlarında hazırlanan nəşrin redaktoru Kənan Hacıdır.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Bu gün Şuşa Teatrının səhnəsində “Medeya” tamaşası nümayiş olunacaq
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında Evripidin "Medeya" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Maraqlı bir mövzudan - qadın intiqamından bəhs edilən tamaşa teatrın rejissoru Mir Qabil Əkbərovun quruluşunda hazırlanıb.
Qeyd edək ki, “Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Medeya əri Yazonu çox sevir. Yazon isə bu sevgiyə biganədir. Medeyanın sevgisi o qədər böyük idi ki, o, əri Yazonun xəyanətinə görə öz övladlarını da öldürməyi gözə alır. Səhnə əsərinin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Milyon dollar versinlər və haqqında film çəksinlər
Dünya musiqisi ulduzu Rihanna öz həyatını əks etdirəcək daha bir sənədli film üçün müqavilə imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Bildirilib ki, sənətçi "Apple" şirkəti ilə milyon dollarlıq razılaşma əldə edib.
Həmin ekran işində Rihannanın övlad sahibi olduqdan sonra səhnəyə qayıdışı, "Super Bowl"a hazırlıq mərhələsi yer alacaq.
Qeyd edək ki, populyar ifaçının həyatı ilə bağlı daha əvvəl sənədli film təqdim olunub.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Bakılı oğlan sözü küləyə heç vaxt uçurmaz
Bəhram Bağırzadənin Fikrət Əmirovun yubiley tədbirini tənqid etməsinə tədbir iştirakçılarının reaksiyaları
Dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubiley tədbiri birmənalı qarşılanmayıb. Tanınmış aktyor, bakılı oğlan Bəhram Bağırzadə yubiley tədbirini öz facebook statusunda tənqid edib, bu gecəyə görə məyus olduğunu dilə gətirib. Bəhramın statusu belədir: “Bu gün, yeni minillikdə mən, artıq 50 yaşlı insan dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim". Bəs tədbir iştirakçıları buna necə reaksiya veriblər?
“Ədəbiyyat və incəsənət” portalı mediaya açıqlamaları izləyərək belə qənətə gəlib ki, tədbir iştirakçıları Bəhramın fikirləri ilə əsla razı deyillər.
Gecədə çıxış edən Xalq artisti Alim Qasımov sözügedən tənqidi statusu görmədiyini deyib:
"Bəhramın Fikrət Əmirova nə işi var ki? Mən eşitməmişəm, görməmişəm. Nə sözü var, onu bilməmiş nə deyim? Onunla salam-sağolum var. O deyə bilməz axı. Həmişə dahilərin hörmətini saxlayıb, necə deyə bilər?".
Xalq artisti Gülyanaq Məmmədova isə konserti tamaşaçı kimi izləmədiyini, ona görə də bir rəy verə bilməyəcəyini deyib:
"Mən onun yazdığından xəbərsizəm. Siz deyirsiz, indi bilirəm. Nəsə deyə bilmərəm, çünki pərdəarxasında olmuşam. Ancaq növbə mənə çatanda çağırıblar, çıxıb oxumuşam. Bilirəm ki, ancaq Fikrət Əmirovun balet əsərləri, milli musiqiləri səslənib. Mənim çıxışımdan öncə də xalq musiqisi ilə bağlı fikirləri eşidilirdi. Mən də "Reyhan" mahnısını ifa etmişəm. Xalq çalğı alətləri orkestri də müşayiət edib. Düzü, yazıdan xəbərsizəm. Bəlkə ümumi konserti bəyənməyib. Mən də bilmirəm rejissoru, ssenarisi necə olub.
Məşqlərdə gördüm ki, iki orkestr var. Fikrət Əmirov bizim dahi bəstəkarlarımızdan biridir. Üzeyir Hacıbəyov, Qara Qarayev və F. Əmirovun əsərləri dünya arenasında səslənib. Bəlkə daha möhtəşəm bir tədbir istəyiblər. Amma orkestr da çox gözəl ifa edirdi. Onun əsas əsərlərini simfonik orkestr səsləndirdi. Mən tamaşaçı kimi izləsəm, bəlkə öz fikrimi bildirərdim. Lakin pərdəarxasında olduğum üçün münasibət bildirməyim düzgün olmaz. O tamaşaçı kimi orada olub, onun da fikrinə hörmətlə yanaşmaq olar. Axı xalqın hər bir nümayəndəsi Fikrət Əmirovu sevir. Biz də gedəcəyik, onun əsərləri yaşayacaq. Tamaşaçı kimi fikrini bildirib, qarşı çıxa bilmərik. Hər kəs öz fikrində sərbəstdir, umduqlarını bildirə bilər. Şərəf duydum ki, o konsertdə mən də iştirak etmişəm".
Əməkdar artist Almaz Orucova da sözügedən paylaşımdan xəbərsiz olduğunu qeyd edib:
"Həmin açıqlamasını oxumamışam. Bilmirəm, niyə bu fikirdə olub? Hər kəsin şəxsi düşüncəsi var, hörmətlə yanaşa bilərəm. Amma "Yaradıcılığının dəfnində iştirak etdim" sözünü anlamıram. Orada Fikrət Əmirovun əsərlərini ifa olunub. Başqa bir bəstəkarın yaradıcılığından heç bir əsər səslənməyib ki, belə bir münasibət olsun. Yenə də öz fikridir. Orada böyük orksetrlar çıxış edib. Səhnəyə çıxanlar da Xalq və Əməkdar artistlər olublar. Bilmirəm, bəlkə də konkret kiminsə ifasından narazı qalıb. Bir söz deyə bilmərəm. Lakin biz məşqlərdə də olduq. Özümüz də zövq aldıq. Məncə, möhtəşəm konsert hazırlanmışdı. Fikrət Əmirov dahi bəstəkardır. Onun əsərləri orkestr üçün yazılıb. Yüngül mahnılar da bəstələnməyib ki, belə deyilsin".
Amma gəlin unutmayaq ki, od yanmasa tüstü çıxmaz. Bəhram Bağırzadə kifayət qədər zövqlü insandır. Sözü də küləyə uçurmağı sevmir.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)
Konserti ilə rekord qıran Orxanın xanımından qalmaqallı paylaşım
Reper Orxan Zeynallının (AİD) xanımı Ülviyyə Məmmədova onunla bağlı qalmaqallı status paylaşıb.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, o, instaqramda repçinin səhifəsini işarəliyərək bu sözləri qeyd edib:
"Orxan, xahiş edirəm, məni tək və sakit burax. Məni axtarma, narahat etmə! Sənin ikiüzlülüyünün həyatımda yeri yoxdur".
Qeyd edək ki, cütlük 2015-ci ildə ailə qurub.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)