Super User

Super User

Четверг, 24 Ноябрь 2022 15:00

Rəsm qalereyası: Qustav Furbye, Avtoportret

Rəsm qalereyası: Qustav Furbye, Avtoportret

Четверг, 24 Ноябрь 2022 10:00

Vahid Əzizin 77-si

 

Azərbaycanın Xalq Şairi Vahid Əziz ömrünün 77-cı baharına qədəm qoydu. Yeniyetməliyimin sevgi şairi Nüsrət Kəsəmənli olduğu kimi gəncliyimin də sevgi şairi Vahid Əziz olub. Onun şeirləri o qədər qəlbimi oxşayıb ki, bir oxumaqla əzbər bilmişəm, bəzən gözüm tutan qızlara ardıcıl söyləyəndə bu qədər şeir bilməyimə təəccübləniblər.

 

Dünyanın yollarına daha göz qoymuram mən,

Dünyada hər bir yolun öz həsrətli gözü var,

Hər açıq pəncərənin bir ümidli səhəri.

Gəlsən qapımı döymə, dəli edərsən məni

 

Varis, “Ədəbiyyat və incəsənət”, (24.11.2022)

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Şuşa şəhərində Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumu keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Şimali Makedoniya, Gürcüstan, İran, Rusiya və digər dövlətlərdən 70-dən çox alim və tədqiqatçı Şuşanın tarixi-mədəni irsi haqqında məruzə ilə çıxış edib. 

Simpoziumun açılışı və plenar iclası Şuşa şəhərində Bülbülün ev-muzeyində reallaşıb. Əvvəlcə Simpoziumun təşkilat komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Simpoziumun Şuşa şəhərində keçirilməsinin əhəmiyyətindən, alimlərin tədqiqat əsərlərinin zənginliyindən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Bülbülün Memorial muzeyi və Şuşa şəhərindəki ev-muzeyinə minnətdarlıq edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Bülbülün ev-muzeyinin direktoru Fəxrəddin Hacıbəyli, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, professor Eynulla Mədətli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri professor Kübra Əliyeva, İtaliyadan bərpaçı-memar, professor Luici Skrinzi, Şimali Makedoniyadan antropoloq, professor Rubin Zemon, Ağsu rayonu Gəgəli kəndindən şəhid valideynləri Əli İbişov, Pərviz Quliyev, Aqil Süleymanov, şuşalı etnoqraf, dosent Pərvin Ahənçi, arxeoloq, dosent Vəfa Mahmudova və digər natiqlər çıxış ediblər.

Simpoziumun məruzəçilərinin bütün çıxışları videolentə alınıb, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yutub kanalında və feysbuk səhifəsində yayımlanıb. Simpoziumun materialları kitabı nəşrə hazırdır və yaxın günlərdə təqdimatı keçiriləcək. 

Simpozium iştirakçıları Şuşa şəhərinin tarix-memarlıq abidələri ilə tanış olublar. Onlar əvvəlcə Cıdır düzü və Molla Pənah Vaqifin məqbərəsi, sonra İkimərtəbəli karvansaray, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Güllələnmiş heykəllər memorialı, Xurşidbanu Natəvanın evinin qalıqları, Gəncə qapısı və qala divarları ilə tanış olublar.

Simpoziumun sonunda qətnamə qəbul olunub. Bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Четверг, 24 Ноябрь 2022 14:20

Madonna ildə 150 min dolları nəyə xərcləyir?

 

Dünyaca məşhur pop ifaçı Madonnanın estetik əməliyyatlarına ildə xərclədiyi məbləğ üzə çıxıb.

“Ədəbiyyat və incəsənət” Qərb mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı sənətçinin Nyu-Yorkda çalışan plastik cərrahı Riçard Vestriç "İldə Madonna ən az 150 min dollarlıq prosedurlardan istifadə edir" deyə, söyləyib.

Əməliyyatlar arasında üzdartma, yağ transferi, dolğu və implantlar yer alır.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

Mərakeş Krallığının Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal Forumu davam edir. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov forumda iştirak etmək üçün Mərakeşdə səfərdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum çərçivəsində Fasın Dar-Bata Muzeyində “Mədəniyyət: sülh üçün olmazsa olmazdır. Muzeylər möcüzə, kəşf, açıqfikirlilik və mədəniyyətlərarası dialoq məkanı kimi” mövzusunda panel keçirilib. İCESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos, mədəniyyət naziri Anar Kərimov, alim, kollektor və xeyriyyəçi Nasser Xəlili və başqa qonaqlar iştirak ediblər. 

 

Paneldə çıxış edən nazir Anar Kərimov mədəniyyətin dünyada sülhün bərqərar olmasında oynadığı roldan söz açıb. Bildirib ki, muzey və abidələr xalqların mədəni kimliyinin əsas göstəricisidir. Böhranlar və müharibələr zamanı muzeylərin bəzi hallarda hədəf alındığını təəssüflə qeyd edən Anar Kərimov Azərbaycanın bu sahədə ən çox zərər çəkən ölkələrdən olduğunu bildirib. Diqqətə çatdırıb ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində tarixi-mədəni irsə qarşı misli görünməmiş vandalizm həyata keçirilib.

 

Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” barədə məlumat verib, bu qlobal çağırışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Bakı Prosesi” çərçivəsində BMT də daxil olmaqla bir sıra aparıcı təşkilatların tərəfdaşlığı ilə ölkəmizdə Dünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilib.

 

Anar Kərimov çıxışında 2021-ci ildə Azərbaycan Respublikası tərəfindən elan edilmiş “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası barədə də məlumat verib. Deyib ki, bu çağırışın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri  yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.

 

Xatırladaq ki, ölkəmiz 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən VII Qlobal Forumuna ev sahibliyi edib.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Xəbər verdiyimiz kimi dünən Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı olaraq yubiley gecəsi barədə qısa xəbər paylaşandan sonra daha geniş xəbəri oxucularımıza çatdırırıq.

 

Yubiley gecəsində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Fikrət Əmirovun 100 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət səviyyəsində qeyd olunur. İlin əvvəlindən Azərbaycanda və ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu sırada Fikrət Əmirova həsr olunmuş beynəlxalq bəstəkarlıq müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun buraxılması və UNESCO-da gerçəkləşən yubiley konsertini xüsusilə qeyd etmək olar.

Diqqətə çatdırılıb ki, 12-23 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş musiqi festivalı keçirilir. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Uzun illərdən sonra ilk dəfə Fikrət Əmirovun “Sevil” operası onun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub.

“Günümüzdə Azərbaycanın musiqi incilərindən danışarkən Fikrət Əmirovun yaradıcılığı ilk olaraq xatırlananlar sırasındadır. Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Azərbaycan və dünya musiqisinə bəxş etdiyi simfonik muğamlar bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir”, – deyə Vaqif Əliyev vurğulayıb.

Ötən əsrin 50-ci illərində, sovetlər dövründə, ABŞ-dakı “Karnegie Hall”da “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin böyük uğuru olduğunu vurğulayan Vaqif Əliyev bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegie Hall”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirin keçirildiyini qeyd edib.

Yubiley gecəsində maestro, Xalq artisti Rauf Abdullayevin, dirijorlar – Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Əyyub Quliyev və Mustafa Mehmandarovun idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı, həmçinin Xalq artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, solistlər – Xalq artistləri Alim Qasımov, Yeganə Axundova, Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Anar Şuşalı və başqaları çıxış ediblər.

Bir sözlə, yubiley gecəsi dahi sənətkarın adına layiq olub.

 

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 74 il ötür.

 

Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.

1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə “Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunub.

Maddi ehtiyac səbəbindən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olub. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və başqa başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.

Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazıb.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

O, 1948-ci ilin 23 noyabrında, 63 yaşında vəfat edib.

Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır. 

Qeyd edək ki, Üzeyir Hacıbəyovun doğum günü - 18 sentyabr uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət” (23.11.)

Günün fotosu: Avropa Parlamenti özünün 70 illiyini qeyd etdi

 

70 illik münasibətilə Avropa Parlamenti ötən gün xüsusi iclas keçirdi, sədr Roberto Metsola çıxış edərək Avroparlamentin gördüyü qlobal işlərə işıq saldı. Və əlamətdar gündə Avropa Parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi də tanıdı, bununla bağlı qətnamə qəbul edilib.

Sənəd qeyri-hüquqi qüvvəyə malikdir.

 

“Ədəbiyyat və incəsənət”. (23.11.)

Foto: Euronews

Üzümüzə gələn ilin ilk kino hadisəsi siyahısında qərarlaşmış 73-cü Berlin Beynəlxalq Film Festival fevral ayında keçiriləcək. Festivalın rəsmi sosial media hesablarına istinadən “Ədəbiyyat və incəsənət” portalı bu maraq kəsb edən xəbəri yayır. 

 

“Şindler siyahısı”, “Yura dövrünün parkı”, “İndiana Cons”, “Sıravi Rayanı xilas etməli”, “Transformerlər”, “Vestsayd əhvalatı” kimi filmlərlə adını kino tarixinə yazdırmış görkəmli Amerikalı rejissor Stiven Spilberq Berlin festivalının fəxri iştirakçısı olacaq. Onu təşkilatçılar fəxri “Qızıl ayı” mükafatı ilə mükafatlandıracaqlar. 

76 yaşlı rejissor yaratdığı “Çənələr”, “Yadplanetlilər” və “Yura dövrünün parkı” kimi filmlərlə dünya kinosuna verdiyi töhfələrə görə təltif olunacaq. 

Festival zamanı rejissorun yeni filmi olan "Fabelmanlar" adlı yarımavtobioqrafik dramı da nümayiş etdiriləcək.

Ekran əsəri kinematoqrafçının formalaşmasına və onun kinoya olan sevgisinə həsr olunub. Filmdə əsas rollarda Qabrielle LaBelle, Mişel Uilyams və Pol Dano çəkilib. 

“Fabelmanlar” artıq Toronto Film Festivalında tamaşaçıların rəğbətini qazanıb. Rejissor bu ekran əsərini karyerasının “ən şəxsi filmi” adlandırıb.

Ümid edirik ki, tezliklə azərbaycanlı kinosevərlər də bu filmə baxa biləcəklər. 

Qeyd edək ki, dünyaşöhrətli rejissor həmçinin 100-dən çox film və serialın ssenari müəllifi, eləcə də prodüseri olub. O, 19 dəfə “Oskar” mükafatına namizəd olub və 3 dəfə həmin mükafata layiq görülüb. Onun bir neçə “Qremmi”, “BAFTA”, “Qızıl qlobus” kimi də nüfuzlu kino mükafatları vardır. 

Gözləntidə olan “Qızıl ayı” da onlarla yanaşı qoyulacaqdır.

 

Filologiya elmləri doktoru Vaqif Yusifli Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin xətti ilə çap edilən “Ruhumuzun yaz havası” almanaxının təqdimat mərasimində deyib: “Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin Mingəçevirə həsr etdiyi poeması və Səməd Vurğunun “Muğan” poeması yadıma düşür. Bu gün təqdim olunan və bölgədə yaşayan müəlliflərin poeziya, nəsr və publisistika nümunələrindən ibarət “Ruhumuzun yaz havası” almanaxı ölkəmizdə işıq şəhəri kimi tanınan Mingəçevirdə ədəbi mühitin qaynarlığından xəbər verir. Yeni almanax ayrı illərdə dərc edilən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” toplularından sonra sayca dördüncüdür və burada 31 söz adamının yaradıcılığından nümunələr verilib.”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi açıb. O, qeyd edib ki, tək paytaxtda deyil, bölgələrdə yaşayıb-yaradan şair və nasirlərin yaratdığı ədəbi nümunələrin təbliği, gənc müəlliflərin üzə çıxması sahəsində uğurlu iş diqqət çəkir. 

Əməkdar jurnalist, şair Adil Cəmil Mingəçevir ədəbi mühitinin son illərdə formalaşması, gənc ədəbi qüvvələrin istiqamətləndirilməsində, onların ədəbi mühitə çıxmasında bölmənin rəhbəri, şair İsmayıl İmanzadənin xüsusi rolundan danışıb. 

Təqdimat mərasimində çıxış edən Əlirza Xələfli, Əjdər Yunus Rza, İlahə Qəhrəman və başqaları az tanınan, ədəbi mühitdən uzaq olan, paytaxtdan uzaqda yazıb-yaradan şair və yazıçıların fəaliyyət göstərdiyi bölgə yazarlarının əsərlərindən ibarət almanax barədə xoş sözlər söyləyiblər.

Almanaxın “Ön söz”ündə deyildiyi kimi, “hər deyilən söz dillər əzbəri olmadığı kimi, hər yazılan əsər də yaddaşlarda iz sala bilmir. Yalnız ruha dad verib könüllər oxşadıqca zaman səddini aşıb keçən əsl sənət nümunələri ölümsüz olur”. 

Tədbirdə “Ruhumuzun yaz havası” almanaxının da belə xoş aqibətlə üzləşəcəyinə inam bildirilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.