Super User

Super User

Пятница, 25 Ноябрь 2022 10:00

Karvansaranı xilas etmək lazımdır

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Abşeron ərazisində bir sıra abidələrə baxış keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalının Mədəniyyət Nazirliyindən aldığı məlumata görə, İlk olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən sənaye borusuna baxılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ələt azad iqtisadi zonası üzrə layihələndirmə işlərini aparan şirkətin əməkdaşları ilə birgə keçirilən baxış zamanı ətrafında tikinti işlərinin aparılması planlaşdırılan, abidə kimi reyestrə daxil olmayan sənaye borusunun mühafizəsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mühəndis tikililəri tipinə daxil olan belə borular, inşa  texnikasına, dayanıqlı konstruksiyasına və maraqlı kompozisiyasrna görə diqqəti cəlb edir. Bu kimi tikililər ölkəmizin sənaye tarixinin mühüm elementlərindəndir.

Daha sonra Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Karvansara və ovdanlara baxış keçirilib. Bunlar isə tarixi abidələr sayılır və onların uçulub dağılmasının qarşısının alınması çox önəmlidir. 

Xidmət rəisi həmin abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Bu cür baxışlar növbəti aylarda da davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

 

Avstriyanın Lints şəhərində “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (“Palais Kaufmännischer Verein”), ”Bechstein” piano mərkəzinin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriyanın Anton Brukner adına Konservatoriyanın tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” (Vətənimin rəngləri) adlı layihəsinin təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı “Bechstein” piano markasının nümayəndəsi Qeorq Vizenqer tədbiri giriş sözü ilə açaraq, Ayan Məmmədli ilə bir neçə müddətdir əməkdaşlıq etdiklərini və onun istedadını yüksək dəyərləndirdiyini vurğulayıb. Qeyd edilib ki, Ayanın ifasında Azərbaycanın milli musiqilərinin əks olunduğu yeni maraqlı layihənin geniş tamaşaçı auditoriyasını yaxından tanış etmək üçün mərkəz tərəfindən musiqili gecə təşkil edilib. O, Ayan Məmmədlinin uğurlu ifalarının çox bəyənildiyini bildirərək, gələcəkdə yeni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istəyində olduqlarını bildirib.

Gecədə Avstriya parlamentinin deputatı Renate Haytz çıxış edərək tədbirdə iştirak edən Azərbaycan Respublikasının Avstriyadaki səfiri Rövşən Sadıqbəylini, onun şəxsində Azərbaycan diplomatik missiyasının digər nümayəndələrini və bütün tədbir iştirakçılarını ürəkdən salamlayıb. Avstriya ilə Azərbaycan arasında uzun illər mövcud olan əlaqələrdən söz açaraq bildirib ki, hər iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəni sahədə də əlaqələrin daim inkişaf etdirilməsi vacib və önəmlidir. Xanım Haytz Ayan Məmmədlinin bir gənc kimi bu istiqamətdəki fəaliyyətində ona uğurlar arzulayıb.

Gecədə çıxış edən Azərbaycan Respublikasının Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bu il Azərbaycanla Avstriya arasında mövcud olan diplomatik əlaqələrin 30 ilinin tamam olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanla Avstriya arasında mövcud münasibətlərin dərin tarixi köklərə malik olduğunu qeyd etməklə bildirib ki, bu əlaqələr hələ orta əsrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründən başlayıb. O, öz çıxışında, həmçinin Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşmış Yuxarı Avstriya əyalətinin paytaxtı olan Lints şəhəri ilə bir çox sahələrlə yanaşı mədəniyyət sahəsində də təcrübə mübadiləsinin aparılması barədə razılığın əldə olunmasını qeyd edib və bu şəhərdə yerləşən Anton Brukner adına Konservatoriyanın tələbəsi gənc pianoçu Ayan Məmmədlinin bir mədəniyyət nümayəndəsi kimi gələcəkdə bu əlaqələrin inkişafı yolunda layiqli töhfələr verəcəyinə inandığını bildirib. Səfir qeyd edib ki, hazırkı tədbir Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illiyinin tamam olduğu günə təsadüf edir.

Tədbirdə çıxış edən musiqi gecəsinin səbəbkarı, gənc pianoçu Ayan Məmmədli bildirib ki, bu layihəni hazırlamaqda əsas məqsəd milli musiqi əsərlərinin bütün dünyaya tanıdılması və xarici ölkələrlə mədəni əlaqələrimizin gələcək yeni istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verməkdir. Ayan Məmmədlinin tədbirdə təqdim etdiyi “Bayatı-Şiraz” muğamı, Azərbaycanın xalq mahnıları olan “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı gəlin” mahnıları, Fikrət Əmirovun və Avropa bəstəkarlarının əsərlərindən səsləndirdiyi bəzi nümunələr tədbir iştirakçıları tərəfindən böyük hərarət və alqışlarla qarşılanıb. Tədbirin sonunda gecənin təşkilatçısı “Bechstein” piano şirkətinin nümayəndəsi Qeorq Vizenqer gənc pianoçu Ayan Məmmədliyə həm yerli Avstriya tamaşaçılarına həm də azərbaycanlı qonaqlara belə maraqlı musiqi axşamı bəxş etdiyi üçün öz dərin təşəkkürünü bildirib və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

 

 “Ədəbiyyat və incəsənət”

(25.11.2022)

 

Tural Turan yazır

 

 

Ermənistanda çap olunan azərbaycanlı müəllifləri ürəkdən təbrik edirəm! Böyük uğurdur. Ardı gəlsin. 

İllər əvvəl bu haqda yazmışdım. Demişdim ki, düşməni məğlub etmək istəyirsənsə və ya onunla dostlaşmağı düşünürsənsə, qarşı tərəfə mədəniyyətlə, şeirlə, nəsrlə yaxınlaşmalısan.

Təəssüf ki, onlar bu dəfə də bizi qabaqladılar. Özlərini sülhə əl uzadan ilk tərəf kimi göstərə bildilər. Biz yenə də ermənilərə uduzduq. 

Mən illərdir Yazıçılar Birliyinə, onun rəhbərliyinə bu barədə açıq müraciətlər etmişəm. Qulaqardına vurdular. 

Onlara bu sərf etmirdi. Çünki Kreml qafalı adamlara bu cür unikal ideyalar lazım deyil. 

Onlara ucuz tədbir keçirib şəkil paylaşmaqla görüntü yaratmaq sərf edir. 

Ermənistanda Azərbaycan yazıçılarını çap etdiyinə görə Zara Hatutyana və digərlərinə təşəkkür edirəm! 

Heç olmasa, ardını biz gətirək və gələn dəfə özümüzünküləri təbrik etmək diləyi ilə...

 

Redaksiyadan: 

Bu mövzu ciddi fikir ayrılıqları yaradıb. “Düşmən düşməndir, heç bir yaxınlıqdan söhbət gedə bilməz” deyənlər də əksəriyyətdir. Biz əks fikirdə olanların da mövqelərini dərc edəcəyik. 

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

Четверг, 24 Ноябрь 2022 19:30

Türkoloq Xaqani Ədıboğlu vəfat edib

 

I Qarabağ müharibəsinin qazisi, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin Mətbuat xidmətinin rəhbəri, istedadlı qələm sahibi, türkoloq Xaqani Ədəboğlu (Rzaquliyev) haqqın dərgahına qovuşub. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına şair Əkbər Qoşalı məlumat verib. 

Əsasən türkçülük mövzularını tarixi aspektdə araşdıran Xaqani Ədəboğlu 4 sanballı kitabın müəllifiydi.

Onu Azərbaycan uğrunda qılınc və qələmini eyni kəskinliklə işlədən fədakar cəngavər obrazı ilə təsvir edənlər haqlıdır.

Xaqani Ədəboğlu usta qələm adamı olaraq 30 ilə yaxındır Azərbaycanın, türk ölkə və topluluqlarının başına gətirilən müsibətlər haqqında, erməni cinayətləri barədə, sözün həqiqi mənasında tarix yazırdı.

Ocağı sönməsin, ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Bazasında mina və partlamamış hərbi sursatların təhlükəsindən qorunma ilə bağlı təlim kursunda iştirak ediblər.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

Təlim kursuna Dövlət Xidmətinin Salyan və Şabran regional idarələrinin əməkdaşları da qatılıb.

Təlimin təşkil olunması işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması və mühafizə tədbirləri zamanı mina və partlamamış hərbi sursatlardan qorunma ilə bağlı maarifləndirmə və təlimatlandırma məqsədi daşıyır.

Tədbirdə ANAMA-nın məsul əməkdaşları tərəfindən iştirakçılara mina və partlayıcı sursatlar, partlamamış sursatlar, minalanmış ərazi və təhlükəsizlik nişanları barəsində geniş məlumat verilib, hər bir mövzuya uyğun olaraq təqdimatlar nümayiş olunub.

Təlimdə minanın piyada əleyhinə və tank əleyhinə kimi növləri, formaları, partlayıcı sursatların ümumi əlamətləri, təhlükəsizlik nişanlarının mənası və əhəmiyyəti, minalanmış ərazinin relyefinin xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda təlim iştirakçılarına ANAMA tərəfindən hazırlanan işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsinə dair fərdi təlimat kitabçası təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

 “Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçdiyi  "Regionlarda xalça sənətinin inkişafına dəstək" layihəsinə yekun vurmuşdur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində Mingəçevir şəhərində, Ağdam, Bərdə, Qazax, Ağstafa və Şəmkir rayonlarında gənclərin, peşə təhsili mərkəzlərinin müəllim və tələbə heyətinin, mədəniyyət işçilərinin iştirakı ilə bir sıra görüşlər keçirilib. 

Canlı ünsiyyət formatında baş tutan məlumatlandırıcı sessiyaların məqsədi gənclərin xalça sənətinə və ümumilikdə mədəni irsimizə marağını artırmaq, bu sahəni inkişaf etdirmək üçün problemləri öyrənmək və müvafiq tövsiyələri verməklə gənc nəslə dəstək olmaqdır. 

Tədbirlər tanınmış rəssamların, xalçaçıların ustad dərsləri ilə müşayiət olunub.

Üzümüzə gələn gün isə “NUR Art House” qalereyasında “Azərbaycan xalçaçıları” İctimai Birliyi “Regionlarda xalça sənətinin inkişafına dəstək" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəkdir.

Четверг, 24 Ноябрь 2022 16:57

Qara cüməyə böyük kitab endirimləri

 

Dünyanın ən böyük onlayn kitab satışı platforması olan “Litres” qara cümıyı böyük kitab endirimləri təklif edir. Bu barədə “Ədəbiyyat və incəsənət” portal platformanın rəsmi satış səhifəsinə istinad edərək məlumat verir. Belə ki, bu gündən başlayaraq noyabrın 27-dək hətta ayrı-ayrı kitablara 90 faiz endirim təklif olunur.

 

Bu arada platform həm də oxucularına ən çox satılan, ən böyük təlabat duyulan kitabların siyahısını da təqdim edir.

 

Gəlin bu siyahıya göz gəzdirək.

 

 

 

Mark Menson. “Pofiqizmin zərif incəsənəti. Xoşbəxt yaşamağın paradoksal üsulu”. Janr: Psixologiya və özünüinkişafetdirmə.

 

Müəllif nəyi iddia edir? Onu ki, xoşbbəxtliyə qovuşmaqda əsas son hədəf deyil, əsas gedilən yoldur. Qəribə məntiqdir, deyilmi? Müəllifədn başqa bir məsləhət. Bir cüt əsas şeyləri seçib digər şeylərdən vaz keçməlisiniz ki, həm az yorulasınız, həm də məqsəddən yayınmayasınız.

 

Sonda isə o deyir ki, mən ironik tonda yazsam belə, insanları hardasa sırtıqlığa, hər şeyi ürəyə almamağa, daha az həssaslığa çağırsam belə, hər halda haqlıyam. Çünki bu cür olmağı bizdən dövr tələb edir.

 

Bəs siz necə düçünürsünüz?

 

 

 

Robert Kirosaki. “Varlı ata, kasıb ata”. Janr: Biznes.

 

Zamanın sınağından çıxmış bu bestseller bütün satış reytinqlərində öz siqmentində birincilik əldə edib. Bu əsər insanlara ailə münasibətlərini necə qurmağı öyrədir. Müəllifin doğma atası sadə müəllim olub, az qazanıb və qazancını artırmağın yollarını da düşünməyib. Amma müəllifin dostununsa atası  investisiyada fərlənərək sürətlə varlanmaqda olub. Kirosaki atasının acı  təcrübəsində varlanmağın yollarını göstərir və deyir ki, “könlü balıq istəyən quyruğunu buzlu suya qoyar”.

 

 

 

Edit Yeva Eger.”Vergi. Daxili azadlığın 12 açarı”. Janr: Praktik psixologiya və antistress.

 

Həyatını müsbətə dəyişmək istəyən hər kəs üçün çox vacib bir kitab. Gələcəyinizi dolu edin, keçmişinizi boşaldın deyir müəllif. Həyatı yaxşılığa doğru dəyişməyin yolunda çox şey əngəl ola bilər: nifrət, qorxu, utanc, günah, dərd, bədbəxtçiliklər. Amma bu daxili destruktiv hallarla mütləq barışmaz mübarizə aparmaq mümkündür.

 

Faciəli həyat yaşayan, doğmalarını itirən, karyera uğursuzluqları ilə üzləşən, amma sınmayan, əyilməyən bu xanım öz həyat yolunu oxucusuna örnək gətirir. Deyir, nə olursa olsun, bircə, təslim olmayın.

 

 

 

Fil Nayt. “Ayaqqabısatan. Nike kompaniyasının tarixini onun banisi danışır”. Janr: Bioqrafiya, memuar.

 

Ameriaklı milyarder, biznesmen, dünyaşöhrətli Nike brendinin yaradıcısı, şəxsi əmlakı 40 milyard dollar olan Fil Nayt öz həyat hekayətini o qədər rəvan və aydın nəql edir ki, oxuyan onun yolunu məmnuniyyətlə getmək istəyir.

 

Haçansa o, adi mühasib olub. Ancaq çox şey istəyib. Bilib ki, istəklərinə nail olmaq üçün ölkələr gəzməli, fərqli mədəniyyətlərlə tanış olmalıdır. Və Asiya ölkələrinə səyahət edərkən idman ayaqqabılarının - krossovkaların maraqlı modellərini görüb. Onda ki, Avropa və Amerika hələ bu ayaqqabıları geymirdi, elə Avropa və Amerikada ən sevilən idman ayaqqabısı da Çin ketaları idi. Fil Nayt öncə krossovkaları ucuz alıb Amerikada baha satmaq planı quraraq bu planla fəaliyyətə başlayıb, zaman yetişəndə isə öz fabrikini açıb.

 

Çətinliklər hər tərəfdən üstünə yerisələr də bu inadkar və fədakar şəxs yolundan dönməyib.

 

 

 

Corc R.R.Martin. “Taxt-tac oyunu”. Janr: Fentezi

 

Yeri gəlmişkən, Azərbaycanda da çox populyar olan bu əfsanəvi fentezi öz növbəsində superpopulyar serialın yaranmasına da şərait yaradıb, dünyada yüz milyonlarla insan hazırda həm eyniadlı kitabı oxuyur, həm də teleseriala baxır.

 

Hadisələr uydurma bir ölkədə cərəyan edir. Burada orta əsrlər əxlaqı bərqərardır. Vesteros materikini hakimiyyəti zəbt etmiş Barateon sülaləsi idarə edir. Tayvin Lannister Kralın dostu və himayəçisidir. Onun qızı Serseya isə Kralın həyat yoldaşıdır.

 

Uzun illər ölkə inkişaf edir, çiçəklənir. Zira, növbəti çevriliş baş verir. Kimlər bunu edirlər və nə yolla edirlər? Kitab buna cavab verir. Özü də teleserialdan fərqli şəkildə. Mütəxəssislər deyir ki, kitab filmdən daha dərindir.

 

 

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

 

Siyasi aləmdə Azərbaycanla qarşıdurmaya gedən Fransa mədəniyyət müstəvisində Azərbaycana təslim olub. Belə deyə bilərik. 

Azərbaycan musiqi sənətinin korifeyi, dünya mədəniyyətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun anadan olmasının 100 illiyini Fransanın Mezzo televiziyası da qeyd edəcək. 

Bununla bağlı televiziya kanalı süjet yayınlayıb, kanalının internet səhifəsində isə bəstəkarın balet və simfonik konsertlərinin yayımlanacağı ilə bağlı proqram açıqlanıb. 

Gəlin proqrama nəzər yetirək. 

Düz 23 gün ərzində - dekabrın 1-dən 23-dək Monte-Karlo operasında Rauf Abdullayevin dirijorluğu ilə Monte-Karlo Filormonik Orkestrinin ifasında bəstəkarın “Kürd-Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” kimi simfonik muğamları, “Azərbaycan kapriççiosu” və “Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı” kimi bəstələri təqdim ediləcək. 

Onu da bildirək ki, “Şeyx Sənan” operasından “Kor ərəbin mahnısı” xanəndə Alim Qasımovun ifasında yayımlanacaq. 

Əlbəttə ki, qürurvericidir.

 

Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, rəssam Təranə Mustafayeva “Golden Tıme Talent” müsabiqəsinin qalibi olub. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir   ki, 68 nominasiya üzrə keçirilən müsabiqədə Təranə Mustafayeva rəssamlıq üzrə vitraj və interyer rəsmləri nominasiyalarında əsərlər təqdim edib. Müəllifin "Mələk" əsəri 1-ci, "Budda" əsəri 2-ci yerə layiq görülüb.

Qələbə sevincini bölüşən rəssam deyib: “Müsabiqə haqqında sosial şəbəkələrdən öyrəndim və istedadlı insanlarla yarışmaq istədim və qalib gəldim. Beynəlxalq dərəcəli diplom, heykəlcik və medalla mükafatlandırıldım. Bundan əlavə, İngiltərənin paytaxtı London şəhərində keçiriləcək sərgilərdə iştirak etmək imkanı qazandım”.

Qeyd edək ki, 7 ildir fəaliyyətdə olan “Golden Tıme Talent” dünyada yaradıcı kollektivlər və solo artistlər arasında populyar bir müsabiqədir. Müsabiqənin əsas özəlliyi London, Gürcüstan, Suriya, Yunanıstan, BƏƏ, Rusiya olmaqla 56 ölkədən seçilən münsiflər heyətidir. Bu mövsümdə dünyanın 17 ölkəsindən 5000-dən artıq iştirakçı 68 nominasiya üzrə yarışıb.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

 

Bu gün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş görkəmli vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Çırpınırdın Qara dəniz” adlı tədbir və “Əhməd Cavad 130” adlı məlumat bazasının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxananın mediaya məlumatına istinadən xəbər verir ki, tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, təhsil işçiləri, muzey, kitabxana əməkdaşları, məktəblilər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bütün həyatını milli istiqlal ideyalarının gerçəkləşməsinə həsr etmiş, bir əlində qələm, bir əlində silah əsarətə, zülmə, istismara qarşı daim mübarizə aparan, milli istiqlal şairi Əhməd Cavadın bütün həyatını, canını, varlığını türkçülük və turançılıq ideyalarına həsr etdiyini söyləyib. O, Əhməd Cavadın vətənə, torpağa, Azərbaycan Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr etdiyini və onun tək Azərbaycan şairi deyil, Turan dünyasının şairi olduğunu vurğulayıb. Şairin yaratdığı ədəbi-ictimai ənənələrin bu günün yaddaşına, müasir gəncliyin şüur və əqidəsinə ötürüldüyünü, Əhməd Cavad ömrünün isə xatirələrdə, xalqımızın rəşadətli tarixində bu gün də yaşadığını bildirib. Onun sözlərinə bəstələnən Azərbaycan Dövlət Himninin bu gün azad olunmuş Azərbaycan torpaqlarında, Qarabağda, Şuşada səsləndirildiyini böyük qürur hissi ilə dilə gətirib. 

İnformasiya xidməti və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Əhməd Cavadın 130 illiyi ilə əlaqədar olaraq Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi silsilə tədbirlər haqqında məlumat verib. Sonradan kitabxana əməkdaşları tərəfindən hazırlanan “Əhməd Cavad 130” adlı məlumat bazasını təqdim edərək, burada ədibin həyat və yaradıcılığını əks etdirən məlumatların, onun haqqında söylənilən dəyərli fikirlərin yer aldığını, bundan əlavə, Əhməd Cavadın müəllifi olduğu əsərlərin, dövrü mətbuatda çıxan məqalə və şeirlərinin, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələrini və digər məlumatların olması haqqında danışıb.

Cəfər Cabbarlı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı babasının adını daşıdığı Respublika Gənclər Kitabxanasının onun üçün çox doğma bir məkan olduğunu söyləyərək, bu tədbirin məhz mədəniyyət ocağında təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib. Qəmər xanım Əhməd Cavad yaradıcılığından bəhs edərək, Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyət göstərən, çalışan istiqlal şairimizin əziz xatirəsinin bu gün də qəlblərdə yaşadığını söyləyib.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə öz çıxışında Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bir epoxanın inciləri olduğunu, lakin təəssüf ki “Qırmızı terror”un qurbanı olaraq öz yaradıcılıqlarına vaxtsız son qoymağa məcbur edildiklərini bildirib. Əzizağa müəllim öz çıxışında Əhməd Cavadın Azərbaycan bayrağına, Turan və türkçülük ideyalarına əbədi sədaqətindən, misilsiz sevgisindən danışıb.

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova Əhməd Cavad yaradıcılığı haqqında qələmə aldığı məqalədən parçalar oxunub. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında “Çırpınırdı Qara dəniz” şerinin yazılma tarixindən danışaraq, Əhməd Cavadın yaradıcılığında müstəsna əhəmiyyətə malik olan vətənpərvərlik mövzusunun əhəmiyyətini vurğulayıb. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşan, qanı, canı bahasına doğma Vətənini qoruyan, Azərbaycana şanlı Zəfər tarixini yaşadan Azərbaycan əsgərinə Əhməd Cavad poeziyasının bir yürüş marşı, vətənpərvərlik çağırışı olduğunu söyləyib. 

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmaları İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva öz çıxışında Azərbaycan milli ideyasının poeziyada ən fəal tərənnümçüsü olan Əhməd Cavadın dünyagörüşündə islamçılıq və türkçülüyün bir vəhdət təşkil etdiyini söyləyərək, görkəmli ədibin millət və dinə münasibətdə türk-islam sintezindən çıxış etməsini və ömrünün sonuna qədər də bu ideyasına sadiq qaldığını söyləyib.

Tədbirdə BDU-nun hazırlıq kursunun türkiyəli tələbələri “Çırpınırdın Qara dəniz”, “Can Azərbaycan”, “Şəhidlər” şeirlərini, “Çanaqqala türküsü” nəğməsini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə Əhməd Cavadın “Səhər-səhər”, “Azərbaycan bayrağına”, “Qaldı”, “Dönür” və digər şeirlərini səsləndiriblər.

Tədbir boyunca Əhməd Cavadın sözlərinə yazılmış musiqilər səsləndirilib, kitabxana əməkdaşları tərəfindən görkəmli ədibin həyat və yaradıcılığına həsr edilən videomaterial nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.