Super User
Rəsm qalereyası: Soltan Soltanlı, “Gimnast"
Rəsm qalereyası: Soltan Soltanlı, “Gimnast"
Kətan, yağlı boya. 100x100 sm. 2022.
www.soltan-soltanli.com
“Çiçəkləyən şaftalı ağacları”na qıyanlar cəzalandırılıb
Xatırlayırsınızsa “Ədəbiyyat və incəsənət” portalı sizə qanqaraldıcı bir xəbər vermişdi.
İqlim fəalları adlanan gənclər Londondakı muzeydə məşhur flamand rəssamı Vinsent Van Qoqun “Çiçəkləyən şaftalı ağacları” əsərini tablosunun çərçivəsini zədələmişdilər.
Budur, xarici medianın yaydığı bu xəbər diqqətimizdən yayınmadı: tutduqları əmələ görə 24 yaşlı Emili Broklbank və 22 yaşlı Luis MakKençi 3 həftəlik həbs cəzasına məhkum ediliblər. Belə ki, hakim Van Qoqun “Çiçəkləyən şaftalı ağacları” əsərini əhatə edən XVIII əsrə aid çərçivənin məhz bu şəxslər tərəfindən zədələndiyini isbat edib.
Qeyd edək ki, iqlim fəalları bir müddət öncə Almaniyanın Potsdam muzeyində Klod Monenin, həmçinin Avstraliyadakı muzeylərin birində saxlanılan Pablo Pikassonun tablosunu da zədələmişdilər.
Mədəniyyətə qənim kəsilən əllər niyə də kəsilməsin?
“Ədəbiyyat və incəsənət” (26.11.2022)
Çingiz Abdullayev: “Mənim üçün janr bölgüsü yox, yaxşı və pis əsər bölgüsü var”
Ölkəmizdə ən çox oxunan bədii ədəbiyyat detektivdir. Bunu danmaq olmaz.
20 aprel 1841-ci ildə Graham's Magazine jurnalında Edqar Allan Ponun "Meyitxana (Morq) küçəsində qətl" adlı hekayəsi dərc edildi. Həmin hekayə tarixdəki ilk detektiv əsər hesab olunur. Növbəti 180 il ərzində bu janr dəfələrlə dəyişdi, əsl ədəbiyyat kimi gah tanındı, gah tanınmadı, lakin sonda bu janr ədəbi janrlar arasında möhkəm yer tuta bildi.
“Ədəbiyyat və incəsənət” portalı detektiv janrının nə olduğu, detektivin arxasında nələrin dayandığı barədə bu janra laqeyd olmayan əcnəbi ədiblərin fikirlərini toplayıb, o cümlədən öz məşhur detektiv ustamız Çingiz Abdullayevdən rəy alıb. Tezliklə yaZı sizlərə təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(26.11.2022)
“Boyu boyumuzdan alçaq qapılar…”
“Ədəbiyyat və incəsənət” portalı Ədəbi qiraət rubrikasında oxucularına Mingəçevirdə yaşayıb yaradan şair Elşən Əzimin “Qapılar” şeirini təqdim edir.
Bilir gedən qışdı, gələn bahardı,
açılır budaqda yarpaq qapılar.
Qara bir üzündə, ağ bir üzündə,
işığa, zülmətə ortaq qapılar.
Bir də görürsən ki, çırpılır üzə,
bir işıq süzülüb sancılır gözə.
Əyilib keçməyi öyrədir bizə,
boyu boyumuzdan alçaq qapılar.
Ürək kəlmə-kəlmə süzülüb gedər,
dünya ağızlarda söz olub gedər.
Söz ayaq altında toz olub gedər,
olmasa dillərə dodaq qapılar.
Kağız qapıları döyür bu qələm,
döyür ki, bir mətləb üstünə gələm.
Açılsa nə fayda, örtülsə nə qəm,
sürtük astanası tapdaq qaılar.
Hardan açılırsa, ora bağlanır,
dönür çərçivələr tora, bağlanır.
Bütün qapılardan sonra bağlanır,
daş qıfıl altında torpaq qapılar.
Bu gün Kukla Teatrı uşaqları “Qoğal” tamaşası ilə sevindirəcək
Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Qoğal” tamaşası nümayiş ediləcək. Bu tamaşanın quruluşçu rejissoru Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.
Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə biləcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.11.2022)
Xalq yazıçısı Mehdi Hüseynin şəxsi mənşəli arxiv sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib
Xalq yazıçısı Mehdi Hüseyn yaradıcılığının pərəstişkarları üçün şad xəbərimiz var. Ədibin şəxsi mənşəli arxiv sənədləri daimi mühafizə məqsədilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib.
“Ədəbiyyat və incəsənət” portalı Milli Arxiv İdarəsinin mediaya açıqlamasına istinadən xəbər verir ki, 2110 sənəddən ibarət olan arxiv Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində müvafiq qaydaların tələbinə uyğun olaraq qəbul edilərək arxiv qaydalarına uyğun işlənilib. 355 saxlama vahidindən ibarət fondun sənədləri 1926-2009-cu illəri əhatə edir. Sənədlərin əsasını müəllifin əlyazmaları (roman və dramlar, pyes və povestlər, ssenari və kinodramlar, hekayələr, məqalələr, xatirələr, məktublar və s.), tərcümeyi-hal və digər təsviri sənədlər təşkil edir.
Təhvil verilmiş sənədlərdən müəllifin “Səhər”, “Qara daşlar” və s. romanlarının əski əlifba ilə olan əlyazmaları, “Səhər” ədəbi ssenarisi, “Fətəli xan” kinodramı və s. ssenariləri, kiçik və böyük həcmli hekayələri, eləcə də klassik və müasir ədəbiyyatın mühüm problemlərinə dair elmi-nəzəri məqalələri diqqəti cəlb edir.
“Ədəbiyyat və incəsənət”
(26.11.2022)
Rafael Hüseynov: Hüseyn Cavidin 140 yaşının belə təntənə ilə qeyd edilməsi əslində onun növbəti böyük qayıdışının başlanğıcıdır
Böyük Hüseyn Caviddən insanlara yadigar qalan misralar içində belə sətirlər də var “Gün dəyişdikcə o hep genc olacaq, Şən könüllərdə pərəstiş bulacaq”. O, bu fikirləri başqa bir şair haqqında desə də, bu sözlər Hüseyn Cavidin özünə də aiddir. Gün dəyişib, əsrlər dəyişib Cavid yenə gəncdir, yenə ürəklərdə pərəstiş tapır. Üzərindən əsr keçdikdən sonra Cavid dönə-dönə yenə insanlara qayıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov İstanbulda Azərbaycan mediasına - AzərTAC-a və
Az TV-yə müsahibəsində bildirib.
İstanbulda mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə toxunan akademik deyib: “Hüseyn Cavid 1906-cı ildə ilk dəfə İstanbula gəlib və İstanbul Universitetində təhsil almağa başlayıb. İndi isə üzərindən bir əsrdən çox vaxt keçdikdən sonra Cavid yenidən İstanbul Universitetinə qayıdıb. Cavid 140 yaşının tamamında yenidən İstanbul Universitetində buranın tələbələri, müəllimləri ilə, İstanbulu ilə görüşür. Bir zamanlar addımladığı dəhlizlərdə yenidən addım atır. Bu Cavidin yenidən dirilişi deməkdir. Hüseyn Cavid 1982-ci ildə unudulmaz ulu öndər Heydər Əliyevin sayəsində uzaq Sibirdən Azərbaycana qayıtdı. Yüz yaşının tamamında əslində o, Azərbaycana geri dönürdü, əsərləri tam halda yenidən nəşr edildi. Bir çox əsərləri ki, illər boyu qadağan edilmişdi səhnələrə gəldi. Azərbaycan insanı və Şərq dünyası Cavidi böyük ölçüdə tanımağa başladı. Hesab edirəm ki, bu gün Cavidin İstanbula qayıdışı, Türkiyədə onun 140 yaşının belə təntənə ilə qeyd edilməsi əslində onun növbəti böyük qayıdışının başlanğıcıdır. Bundan sonra Türkiyədə də Cavidin bütün əsərlərinin Türkiyə türkcəsinə müəyyən qədər uyğunlaşdırılaraq nəşr olunacağına inanıram. Cavid əbədi deməkdir və əbədi olanların qayıdışları əlbəttə ki, bundan sonrakı yüz illər boyu da daim davam edəcək”.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)
İstanbulda Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar simpozium keçirilib
Noyabrın 25-də İstanbulda mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar simpozium keçirilib.
Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbir İstanbul Universitetinin ədəbiyyat fakültəsində təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı Baş Konsulluğun məlumatına istinadən bildirir ki, Simpoziumun rəsmi açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Azərbaycanın bir çox sahələrdə olduğu kimi, ədəbiyyatı ilə də dünyada tanındığını qeyd edib. Hüseyn Cavid yaradıcılığı haqqında danışan Baş konsul şairin əsərlərində insan faktorunun, türklük və milliyətçiliyin əsas yer tutduğunu bildirib.
Baş konsul milli dəyərlərimizin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində türk şairlərinin daima çiyin-çiyinə hərəkət etdiklərini vurğulayıb.
Tədbir iştirakçılarını salamlayan İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal bu ali təhsil müəssisəsinin ədəbiyyat fakültəsinin türklük, xüsusilə də Azərbaycanla bağlı saysız tədbirlərə imza atdığını vurğulayıb.
Hüseyn Cavid kimi yazıçıların türk dünyasının birliyi, qardaşlığı uğrunda gördüyü əvəzsiz işlərə toxunan professor yazıçının Vətəni olan Naxçıvanı türk dünyasını birləşdirən bir yol olmaqla yanaşı, həm də bu birlik adına böyük işlər görən dahi şəxsiyyətlər yetişdirdiyini deyib.
Prorektor Hüseyn Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər körpülərdən biri olduğunu qeyd edib.
Simpozium məruzələrlə davam etdirilib.
İstanbul Universitetinin ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Develinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəlinin ədəbiyyatımızın görkəmli nümayəndəsinin həyat və yaradıcılığı, ədibin əsərləri və türk dünyası üçün gördüyü əvəzsiz xidmətlərini özündə əks etdirən məruzələri dinlənilib.
Məruzələrdə bəzi insanların həyata hər kəs kimi gəlsələr də, hər kəs kimi getmədikləri, Hüseyn Cavidin də belə şəxsiyyətlərdən biri olduğu qeyd edilib.
Bildirilib ki, üzərindən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq bu gün də Hüseyn Cavidin əsərlərinin oxunması, sevilməsi və şairin öyrənilməsi bunun ən böyük sübutudur.
Ədibin həyatının bəzi məqamlarına xüsusi toxunulan çıxışlarda şairin İstanbul Universitetində təhsil aldığı illər haqqında danışılıb.
Qeyd edilib ki, Hüseyn Cavidin erməni əsilli hakimin qarşısına çıxarıldıqda İstanbul Universitetində təhsil aldığı müəllimləri ilə bağlı verdiyi tam və dəqiq məlumat onun universitet illərinin öyrənilməsinə işıq tutub.
Sonra Hüseyn Cavidin xatirəsinə həsr edilən qısametrajlı bədii film nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Mərasimdə Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova və azərbaycanlı aktrisa Nigar Bahadırqızı şairin şeirlərini səsləndiriblər.
Sonra Xalq artisti Əlixan Səmədov və Türkiyədə yaşayan həmvətənimiz Elgün Quliyevin ifasında Azərbaycan musiqiləri dinlənilib.
Hüseyn Cavid kimi insanlar üçün dünya gəlirli-gedərli deyil, belə şəxsiyyətlər əbədi yaşayırlar.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)
Əziz uşaqlar, “Doğma diyar Azərbaycan” uşaq rəsm müsabiqəsi sizi gözləyir
Diqqət! Balaca dostların, ən azından, onlara bu xəbəri çatdıran valideyinlərin nəzərinə. Ucalmaq, tay-tuşlarınızdan seçilmək, fərqlənmək zamanı yetişib, əziz uşaqlar.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularını, həmçinin vətənpərvərlik və vətən sevgisi hisslərinin formalaşmasına xidmət, habelə böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə “Doğma diyar Azərbaycan” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsi davam edir.
Əziz uşaqlar, sizin sərəncamınızda daha 4 gün var, müsabiqədə iştirak etmək istəyənlər noyabrın 30-dək Bakı Xətai Sənət Mərkəzinin feysbuk səhifəsində (https://www.facebook.com/groups/xetaisenetmerkezi) təqdim etdiyi əsərin fotosu ilə bərabər yarışmaya qatıla bilərlər.
Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.
Seçim 3 yaş kateqoriyası üzrə (11 yaşa qədər, 11-16 və 16-21 yaş arası) aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək.
Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. e-mail ünvanına müraciət edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqəyə “Qəhrəmanlıq və hərbi vətənpərvərlik, musiqi və sənət alətləri”, “Sənət nümunələri, müxtəlif peşə sahibləri, yaşayış bölgəsi və təbiət”, “Simalar və dahi şəxsiyyətlər, tarixi abidələr və mətbəx nümunələri” və “Əşya və geyim nümunələri və mədəni müxtəliflik” mövzularında işlənmiş əsərlər təqdim olunmalıdır.
Uğurlar!
“Ədəbiyyat və incəsənət” (26.11.2022)
Vaqif Əliyev: “Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir.”
Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda təntənə ilə qeyd olundu.
Bu münasibətlə tanınmış şəxslərin söylədikləri fikirləri “Ədəbiyyat və incəsənət” portalı olaraq dərc etməkdəyik.
Bu dəfə növbə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevindir:
-Fikrət Əmirovun 100 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət səviyyəsində qeyd olunur. İlin əvvəlindən Azərbaycanda və ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu sırada Fikrət Əmirova həsr olunmuş beynəlxalq bəstəkarlıq müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun buraxılması və UNESCO-da gerçəkləşən yubiley konsertini xüsusilə qeyd etmək olar.
Diqqətə çatdırım ki, 12-23 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş musiqi festivalı keçirilib. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Uzun illərdən sonra ilk dəfə Fikrət Əmirovun “Sevil” operası onun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub.
Günümüzdə Azərbaycanın musiqi incilərindən danışarkən Fikrət Əmirovun yaradıcılığı ilk olaraq xatırlananlar sırasındadır. Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Azərbaycan və dünya musiqisinə bəxş etdiyi simfonik muğamlar bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir.
Ötən əsrin 50-ci illərində, sovetlər dövründə, ABŞ-dakı “Karnegie Hall”da “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin böyük uğuru olduğunu xüsusən vurğulamaq istəyirəm. Bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegie Hall”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirin keçirildiyini qeyd etməliyəm.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)