Super User

Super User

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Diaspora Komitəsinin və Azərbaycanın Vaşinqtondakı Səfirliyinin dəstəyi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın təşəbbüsü və təşkilatçılığı ilə Nyu-Yorkdakı “Karnegi Holl”da “Dostluq körpüləri” adlı konsert təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Nazirliyindən verilən məlumata görə, dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsertdə tanınmış musiqiçilər – violin ifaçısı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova, eləcə də Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Virtuozlarının Beynəlxalq Orkestri (NYIVO) iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun həyat və yaradıcılığı barədə məlumat verib.

Gecədə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın Piano və orkestr üçün ərəb mövzuları əsasında konserti (ABŞ premyerası), Cerri Brubeykerin aranjimanında “Corc tərəfindən Gerşvin”, Faruk Kancanın “Vox in Terra” (“Terrada səs”) əsəri və Feliks Mendelsonun Violin və orkestr üçün e-moll konserti (op. 64) səsləndirilib.

“Dostluq körpüsü” (Bridge of Friendship) adlandırılan musiqili gecəyə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, diplomatlar, ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər qatılıblar.

Tədbirlə bağlı Nərgiz Əliyarova öz fikirlərini bölüşüb: “Mən xoşbəxtəm ki, Azərbaycanın böyük bəstəkarının 100 illik yubileyinin məhz anadan olduğu gündə, dünyanın ən möhtəşəm konsert salonlarının birində 8 aylıq hazırlıqlar nəticəsində ərsəyə gətirdik.”

Qeyd edək ki, konsertə 1400-dən artıq tamaşaçı tamaşa edib.  

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

Суббота, 26 Ноябрь 2022 14:00

Terror bütün dinlərdə lənətənlənən bir əməldir

 

Mirsamir Məmmədov yazır

 

İsrailin tarixi paytaxtı Yerusəlim şəhərində radikal fələstinli terrorçular tərəfindən terror aktı törədilmişdir. Törədilən qanlı terror nəticəsində 16 yaşlı gənc öldürülmüşdür. Çoxlu sayda da yaralı olduğu bildirilir. 

 

Terror bütün dinlərdə lənətənlənən bir əməldir. Terror səmavi dinlərdə və ALLAH dərgahında ağır və səmavi cinayətdir. İsraildə terror törədənləri kin və nifrətlə lənətləyirik. İsraildə törədilən bütün terrorların  və bütün qanlı əməllərin arxasında İran rejimi dayanır. İran molla rejimi fələstinli radikal terrorist qurupları himayə edərək daim İsraildə onların əlilə terror törədilməsinə çalışır. 

İsrail dövləti və Yəhudi xalqı daim terrordan əziyyət çəkir. İsrail əraziləri mütamadi radikal ərəblər və fələstinlilər tərəfindən terror hücumuma məruz qalır. Mülki vətəndaşların sıx olduğu ərazilərdə‚  inzibati dövlət obyektlərində‚ iri ticarət mərkəzlərində hər gün günahsız mülki sakinlərə qarşı qanlı terror hücumları yaşanır. Xüsusən Qəzza zolağından Həmas və İslami Cihad Terror təşkilatlarının yerləşdiyi ərazidən İsrailə mütəmadi terror hücumları həyata keçirilir və raketlər atılır. 

Bu qanlı cinayətləri nifrətlə pisləyirik.

Qardaş İsrail dövlətinin və qardaş Yəhudi xalqının acısını paylaşırıq. Yəhudi xalqına dərin hüznlə başsağlığı verir və əmin edirik ki, terrorçulara və terrorizmə qarşı mübarizədə qardaş İsrail dövlətinin yanındayıq.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş bədii-sənədli filmin təqdimat mərasimini keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinə istinadən xəbər verir ki, premyerası Azərbaycan Dövlət Film Fondunda keçirilmiş film-tamaşa “Üzeyir Hacıbəyli: bir portretin ştrixləri” adlanır.

Təqdimat mərasimində filmin yaradıcı heyəti, QSC rəsmiləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

QSC-nin “Sabah” Yaradıcılıq Studiyasında hazırlanan “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır, bəstəkarın 18 il heç nə qələmə almamasının əsl səbəbləri işıqlandırılır.

Filmin yaradıcı heyəti bu film-tamaşanı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ərsəyə gətiriləcək iriçaplı bədii filmin başlanğıcı hesab edir. Filmi ərsəyə gətirənlə Üzeyir bəylə bağlı ekran əsərinin ardının olacağını, yeni bir filmin tamaşaçıları gözlədiyini bildiriblər.

“Üzeyir Hacıbəyli: bir portretin ştrixləri” film-tamaşasının quruluşçu rejissoru Adil Azay, ssenari müəllifi Afaq Vasifqızı, Üzeyir Hacıbəylini canlandıran aktyor isə Ədalət Əbdülsəmədovdur.

Qeyd edək ki, “Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

 

Bədii-sənədli film bu gün saat 16:15-də AzTV-də yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 

Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 11-ci plenar iclası keçirilib. Hibrid formatda keçirilən iclasda 46 ölkə və təşkilatdan 50 nümayəndə iştirak edib. İclasda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Murad Əliyev təmsil edib.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, tədbir zamanı AŞ-nin mədəniyyət, irs və landşaft istiqamətlərində olan konvensiyalarının və tövsiyə sənədlərinin icra vəziyyəti haqqında müzakirələr aparılıb, üzv ölkələr tərəfindən aparılan işlər barədə qısa hesabat verilib. Həmçinin iclasda üzv ölkələr arasında təcrübələrin paylaşılmasında akademik dairələrin, müstəqil ekspertlərin və gənclərin rolundan söz açılıb. Əlavə olaraq iclas zamanı AŞ-nin xüsusilə mədəniyyət və irs sahəsi üzrə ixtisaslaşmış digər layihələri barədə geniş məlumat verilib və Azərbaycan da daxil olmaqla fəal ölkələrə göstərilən dəstəyə görə təşəkkürlər edilib.

Bununla yanaşı, müvafiq sahələr üzrə dayanıqlı sülhün və süni intellektin mədəniyyət sahəsinin inkişafında töhfəsi əsas müzakirə mövzularından olub.

Bu xüsusda, M.Əliyev çıxış edərək Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlər, mədəni irsimiz və ölkəmizin irəli sürdüyü “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” qlobal çağırışı kimi təşəbbüslər barədə məlumat verib, AŞ ilə əməkdaşlıq perspektivləri barədə danışıb.

İclasın sonunda CDCPP-nin Bürosuna seçkilər keçirilib. Büronun növbəti iki il üçün sədri vəzifəsinə Norveç təmsilçisi Terye Birkrem Holand öz namizədliyini irəli sürmüş və keçirilən səsvermə nəticəsində yekdilliklə seçilib.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) noyabrın 25-də “JW Marriott Absheron Baku” hotelində Azərbaycan mədəniyyəti mövzulu bir tədbir keçirib, tədbirin qonağı mədəniyyət naziri Anar Kərimov olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş iştirakçılarını salamlayan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli palatanın 2022-ci il üçün strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib, qarşıda duran planlardan bəhs edib.

Sonra “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu mədəniyyət naziri Anar Kərimovu təqdim edib və görüşdə iştirakına görə minnətdarlığını bildirib.

Dəvətə görə təşəkkür edən Anar Kərimov deyib ki, hər bir xalqın qürur duyduğu sahələrdən biri onun mədəniyyətidir. Çünki mədəniyyət xalqların dəyərlərini, adət-ənənələrini, kimliyini göstərir: “Biz də, sözsüz ki, qədim və zəngin mədəniyyətimizlə fəxr edirik. Buna görə də mədəniyyətimizin daha da inkişafı, gələcək nəsillərə ötürülməsi üçün əlimizdən gələni etməliyik”.

Nazirliyin mədəniyyətə strateji baxışları haqqında məlumat verən Anar Kərimov bildirib ki, niyyətimiz mədəniyyətin davamlığını qorumaq, mədəniyyəti həyat tərzimizin ayrılmaz və zəruri parçası kimi təşviq etmək, eyni zamanda, onu müstəqilliyimizin bir təzahürü olaraq inkişaf etdirməkdir: “Biz, həmçinin mədəniyyətin iqtisadi inkişafa töhfəsini də artırmaq istəyirik. Nazirlik azərbaycanlı kimliyini ucaldan, xalqımızı mənəvi baxımdan zənginləşdirən, yaradıcılığı və innovasiyanı təşviq edən bir mədəniyyət yaratmağa çalışır. Bunu reallaşdırmaq üçün konkret addımlar atmalıyıq. Burada bizim üçün ən önəmli beş fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu istiqamətlər şəffaflığın təmin edilməsi, səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması, effektivliyin artırılması və rəqəmsallaşdırmanın aparılmasıdır. Mədəniyyət Nazirliyi özündə 5 minə yaxın müəssisə birləşdirir. Bu müəssisələrdə 45 minə yaxın insan çalışır. Bu sistemə şəffaflığın gətirilməsi, idarəetmənin təkmilləşdirilməsi və effektivliyin artırılması ən vacib məsələlərdən biridir”.

Cari ildə tarix-mədəniyyət abidələrinin qorunması və qeydiyyatı haqqında söz açan nazir bildirib ki, bu ilin ilk on ayı ərzində 54 abidə pasportlaşdırılıb, 273 abidənin isə mühafizə zonalarının layihələndirilməsi aparılıb. Bu addımlar həm də abidələrə kənar müdaxilənin qarşısının alınması məqsədilə atılır: Son iki ildə abidələrin pasportlaşdırılması və layihələndirilməsi statistikasında müsbət tendensiya müşahidə olunur.

Anar Kərimov, həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətini canlandıracaq innovativ əyləncələr layihəsi haqqında da məlumat verib, kino sahəsində, işğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpası istiqamətində nazirlik tərəfindən görülən və görüləcək işlərdən danışıb. Nazir bu sahələrə dövlət-özəl sektor tərəfdaşlığının önəmli töhfə verə biləcəyini də diqqətə çatdırıb.

Sonra “AmCham Azərbaycan”ın rəhbərliyi tərəfindən nazirə xatirə hədiyyəsi təqdim olunub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədov Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” haqqında məlumat verib. Söyləyib ki, serialda tariximizin ən şərəfli dövrlərindən biri olan XII-XIII əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi mənzərəsi ilə yanaşı, elmi və mədəni mühitini təmsil edən şəxsiyyətlərin obrazı canlandırılacaq: “Çalışmışıq ki, şanlı tariximizi mükəmməl şəkildə ekranlaşdıraq. Gələcək nəsillər bu filmə baxıb tariximizlə fəxr eləsinlər”.

Daha sonra “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filminin treyleri nümayiş etdirilib.

Sonda “Amcham Azərbaycan”ın birinci vitse-prezidenti İlqar Mehdi və qurumun Marketinq, kommunikasiya və biznesin inkişafı üzrə İşçi qrupunun sədri Aysel Süleymanova çıxış edərək film haqqında fikirlərini bölüşüblər.

Tədbir haqqında daha geniş məlumatı gün ərzində oxucularımıza təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

 

Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa İli”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün - noyabrın 25-də işə başlamış və ayın 30-dək davam edəcək festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.

Festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat Komitəsinə göndərilən 20-dən artıq tamaşa arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.

Bundan əlavə, festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində tamaşaçılar K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.

Festival çərçivəsində Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda ustad dərsi keçib.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Пятница, 25 Ноябрь 2022 17:13

Qısa tamaşalar festivalına start verildi

 

Bu gün ölkə teatrlarında Vətən Müharibəmizə həsr olunmuş 4.4 Qısa Tamaşalar Festivalı start götürüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, zəngin  proqrama malik festivalda hal-hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən hazırlanmış və müsabiqəyə qatılmış "İnanıram" mono tamaşası təqdim olunmaqdadır.  Tamaşanın müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Elşad Rəhimzadə, baş rolun ifaçısı aktrisa Zemfira Əbdülsəmədovadır.

Bu gün adıçəkilən istedadlı gənc dramaturqun daha bir mono tamaşam Sumqayıt Dövlət Dram Teatrında nümayiş olunacaq. "Pələng" növbəti dəfə Sumqayıt Teatrına gəlir. Rejissor Ümid Abbas, baş rolun ifaçısı Kamran Muradlıdır.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

 

Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardan biri də Xalq yazıçısı İmran Qasımovdır. Tək elə bir əsər - “Cəbhədən cəbhəyə” kifayətdir ki, onun böyüklüyünü sübut edək. Bu gün onun  anadan olmasının 104-cü ildönümü tamam olur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İmran Qasımov çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. 

Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

Dramaturq və kinossenarist İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olub. O, açıqfikirli bir ailədə böyüyüb, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətlər əxz edib. Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynayıb. 1914-cü ildə vəfat etmiş əminin adını dörd il sonra dünyaya gələn qardaşı oğluna vermişlər. Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Azərbaycanın Peterburqda ali təhsil almış ilk mühəndislərindən biri idi. Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşə malik qadınlarından olub.

İ. Qasımov 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub. Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında əvəzsiz xidmətləri olan İ.Qasımov uzun müddət Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir" (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır" , "Arzu", "Xəzər üzərində şəfəq" və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.

İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə" filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.

Onun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.

Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdəndir. Onun yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alıb. İmran Qasımov ömrü boyu müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərə imza atıb. Yazdığı əsərlər oxucular tərəfindən maraqla qarşılanıb. 

Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.

O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrdə səfər edən yazıçı müxtəlif görüşlər keçirib, maraqlı adamlar haqqında xatirələr yazıb.

İmran Qasımov 63 il ömür yaşayıb. O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Пятница, 25 Ноябрь 2022 19:00

Azərbaycanda 16-cı əsrə aid heykəl aşkarlanıb

Cəlilabadın Buravar kəndində yerləşən köhnə qəbiristanlıqlarda daş buğa və daş qoç fiqurları aşkar edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu Baku TV-yə açıqlama verən tarixçi Elşad Əmənov bildirib. O, Cəlilabadın tarixin izləri üstündə tikildiyini qeyd edib:

“Yerin altında neolit, mezolit dövrünə qədər faktlarımız var. Kiçik ölçülü qoç fiqurunun uzunluğu təxminən 70 santimetr, hündürlüyü 30-35 santimetrdir. Sözügedən heykəl təxminən 16-cı əsrə aiddir”.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşü keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də tərəfdaşlığı ilə Mərakeşin Fəs şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) 9-cu Qlobal Forumu zamanı keçirilən xüsusi görüşdə BMT-nin Baş katibi Antoniu Quterreş və Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa ilə yanaşı, BMT-nin 73 və 75-ci Baş Assambleyalarının prezidentləri Maria Fernanda Espinosa və Volkan Bozkır, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Çexiyanın sabiq baş naziri Yan Fişer, Ərəb Liqasının sabiq baş katibi Amre Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq baş nazirin müavini Eka Tkeşelaşvili, ICESCO-nun sabiq baş direktoru Abdulaziz Altvaijri, o cümlədən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və NGBM-nin baş katibi qatılıblar.

Görüş zamanı son hadisələrə və dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. Eyni zamanda, baş katibə mərkəz tərəfindən reallaşdırılan Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı və keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.

Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində Mərkəz tərəfindən xüsusi nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabı və Mərkəzin 10 illiyinə həsr olunmuş xatirə hədiyyəsi baş katibə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.