Super User
Yol gedir İrəvana…
Milli QHT Forumunun prezidenti Rauf Zeyni yalnız ictimai-siyasi fəaliyyətlə məşğul olmur. O, həm də yeri gələndə qələmə sarılıb poeziya örnəkləri yaradır.
R.Zeyninin bir neçə bayatısını “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik.
Əzizinəm Zəngəzur, Şuşa, Laçın, Zəngəzur. Gedirik İrəvana, Yolu açır Zəngəzur.
Mən aşiq İrəvana, İrmisdən İrəvana. Ellər salam aparsın, Təbrizdən İrəvana.
Əzizinəm Rəvana, Yol gedir İrəvana. Üçrəngli bayraq ilə, Gedərik İrəvana.
Əzizinəm İrəvan, Bakı, Təbriz, İrəvan. Qarabağ azad oldu, Qaldı Təbriz, İrəvan.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Orta maaş nə qədərdir?
2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz və ya 105 manat artaraq 827,9 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olmuşdu.
2022-ci ilin yanvar-sentyabr aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat olmuşdu. Beləliklə, oktyabrda orta aylıq nominal əməkhaqqı 50 qəpik artıb.
2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6 faiz artaraq 1729,3 min nəfər olmuş, onlardan 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Miqren tutmaları və onun xüsusiyyətləri
Baş ağrıları əksər hallarda miqren xəstəliyi ilə əlaqədar olur. Dünyada miqren ən çox yayılan üçüncü xəstəlikdir və hər 7 nəfərdən birində rast gəlinir.
Bəzən xəstələr adi başağrısı ilə miqreni ayırd edə bilmirlər. Bu barədə məlumat verən həkim-nevropatoloq Məlahət Məmmədova deyib: "Miqren əsasən başın bir tərəfinə əhatə edən şiddətli ağrılarla xarakterizə olunur. Miqren zamanı ağrı əsasən boyun nahiyəsindən başlayır və onun gicgah, ənsə nahiyəsindən gözə qədər yayılması müşahidə edilir. Ay ərzində xəstədə 8 dəfədən az olmayaraq ağrılar olarsa, üç ay müddətində təkrarlanarsa və ağrıların davametmə müddəti 4 saatdan artıq olarsa, xroniki miqren diaqnozu qoyulur".
Miqrendən birdəfəlik xilas olmaq mümkün deyil. Lakin ağrıları azaltmağın yolları var: "Miqrenin tam müalicəsi yoxdur, tutmalar zamanı ən çox ağrıkəsicilər və antidepressantlardan istifadə olunur. Boyun və kürək nahiyəsinə təyin olunan proloterapiya iynələr vasitəsilə əzələ və sinir bağında gərginlikləri, vegetativ sinir sisteminə təsir edərək miqren tutmalarının intensivliyini azaltmaq mümkündür. Həmin üsulla miqren ağrısı və digər əlamətləri - işıq qığılcımları, bulanıq görmə, ürəkbulanma və qusmanı aradan qaldırmaq olur", - deyə həkim-nevropatoloq bildirib.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər Featured
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Bəşər tarixində ilk təcrübə: Yerdən müdaxilə ilə asteroidin trayektoriyası dəyişdirildi
Bəşər tarixində ilk dəfə Yerdən idarəolunan zondla kosmik cismin trayektoriyasının dəyişdirilməsi əməliyyatı həyata keçirilib.
DART zondunun "Dimorf" ("Dimorphos") adı verilən asteroidlə toqquşması NASA tərəfindən canlı yayımla nümayiş olunub.
Elm adamlarının sözlərinə görə, toqquşmadan sonra səma cisminin orbiti dəyişib.
Qeyd edək ki, sözügedən asteroid Yer üçün təhlükəli hesab olunmurdu. Eksperiment sadəcə olaraq Yer kürəsini gələcəkdə belə təhlükələrdən qoruyan sistemin mümkünlüyünü nümayiş etdirmək üçün aparılıb.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Günün fotosu: Davosda əsas mövzu
Günün fotosu: Davosda əsas mövzu
İsveçrədə - Davosda keçirilən İqtisadi forumda əsas mövzu yenə də Ukraynadır. İşğalçı Rusiyanın dünya iqtisadiyyatına vurduğu ziyan başağrısına çevrilib.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Xalq artistindən eksklüziv fotosessiya
Xalq artisti Aygün Kazımova 51 yaşında da gündəmdə qalmaq, tək müğənni kimi deyil, həm də cazibədar xanım kimi qalxdığı mərtəbədən düşməməyin qeydinə qalıb.
Bu dəfə eksklüziv fotosessiya ilə.
Onun şəkillərini fotoqraf Ruslan Nəbiyev lentə alıb. İfaçının makiyajını isə məşhur vizajist Günəş Qasımova edib.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı
Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə APA-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.
“Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır”, - o vurğulayıb.
Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
DOST mərkəzlərində yeni rekord qeydə alınıb
DOST mərkəzlərində bir gün ərzində 5722 vətəndaş müraciəti qeydə alınıb.
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, yanvarın 16-da gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 961 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 683 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1972 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 1078 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 233 nəfər, Abşeron DOST Mərkəzinə isə 795 nəfər vətəndaş müraciət edib. Bu, DOST mərkəzlərinin indiyə qədərki fəaliyyəti ərzində ən yüksək göstəricidir.
Müraciətlərin 24,61 faizi pensiya, 23,45 faizi sosial müavinətlər, 19,85 faizi məşğulluq, 10,61 faizi əlillik, 3,76 faizi sosial xidmət, 2,94 faizi vahid əlaqələndirmə mərkəzi, 0,73 faizi əmək münasibətləri və 14,05 faizi yardımçı xidmətlərlə əlaqədar olub.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
O, Bakıdakı mənzilinin qapısını heç vaxt arxadan bağlamazdı...
Könül Siyavuşqızının telessenarisi
Salam, xoş gördük sizi, hər birinizə gözəl gün, xoş ovqat arzusu ilə, amallarınız, əməlləriniz gözəl olsun, ömrünüzə bəzək qatsın deyib, dünyanı bəzəyən, cahana səs salan şəxsiyyətlərimizin, adını tarixə qızıl hərflər yazdıran elm, sənət fədailərinin işıqına toplaşmaq həvəsilə bir araya gəlmişik sizinlə...
Musiqi
1-ci pərdə
Müdriklərin bir deyimi var, deyirlər ki, tarixi dəyişmək mümkünsüzdür, yalnız yüz ildən bir doğulan böyük şəxsiyyətlər ona təsir edərək sürətləndirib yubatmaq, yaxud yönəldib, səmtini dəyişdirmək qüdrətimə malik olurlar...
Bəzən xalqının taleyində müstəsna rol oynayan elə dühalara rast gəlirsən ki, onları nəinki tarixi prosesin yaradıcısı, hətta cəsarətlə tarixin özü kimi dəyərləndirirsən. Bütün ölkələr təntənəni də, çətinliyi də, faciəni də özünə dönəndə, öz ayaqları üstündə dayanmaq istəyəndə yaşayır. Vətənin uğurunun da, faciəsinin də yükü onun böyük oğullarının çiyninə düşür. Xalqımız zaman-zaman böyük bəlalar yaşasa da, bu cür şəxsiyyətlərdən xali olmayıb. Və XX əsrin əvvəlində Azərbaycanın mədəniyyət tarixində baş verən köklü, təməlli dəyişiklik də təsadüfi deyildi, zaman-zaman buna gəliş hiss olunmaqda idi...
1908- ci il, soyuq yanvar aıyını köhnə tarixlə 12- si, yeni tarixlə isə 25-i... Tağıyev teatrının qarşısında izdiham toplanıb. Afişalara boylananlar M. Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında Ü. Hacıbəylinin bəstələdiyi eyniadlı “Leyli və Məcnun” operasının adını oxuyur. Bir azdan bu izdiham teatra daxil olacaq, zəng çalınacaq və Azərbaycan xalq mahnıları və muğam parçalarının, milli folklrumuzun zəngin nümunələrinin yer aldığı möhtəşəm bir əsəri seyr edəcək... Və mədəniyyət tariximizin bumu sayılan bu hadisənin həkk olunduğu bu günə yə sıradan bir gün kimi sayıb, ötüb keçəcəklər. Bu izdihamın içində heç də hamı sənətə, şeirə, musiqiyə qiymət verənlərdən ibarət deyildi, bədxahlar, Üzeyir bəyin uğuruna inanmayanlar da, arzu etdikləri müvəffəqiyyətsizliyin baş verəcəyindən əmin olanlar, uğursuzluq görməyə gələnlər də çox idi...
Musiqi
İlk operanın “ Leyli və Məcnun”un səhnələşdirilməsi Azərbaycan mədəniyyət tarixində böyük hadisə idi və bu tarixi prosesdə baş verənləri, o zaman bir o qədər də dərk edilməyən, layiqli qiymətini almayan, əslində isə dünya əhəmiyyətli mədəni hadisəni istiqamətləndirən, bununla da Azərbaycan musiqisinin və mədəniyyətinin tarixində bir ilk kimi imza atan Üzeyir bəy Hacıbəyli oldu...
Üzeyir Hacıbəyli Azərbaycanın taleyindən nəğmə kimi keçən bir şəxsiyyətdir. Müasir musiqimizin yaradıcısı, baş tacı adlandırdığımız Üzeyir bəyin tərcümeyi halını oxuyanda adam sözün yaxşı mənasında heyrətlənməməyə bilmir. Bir insan bir ömrə bu qədər işi necə sığışdırıb? Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müəllim, pedaqoq... Hər biri də yüksək səviyyədə, hər biri ayrıca tədqiqat mövzusudur. Lakin bəstəkarlığını bir tədqiqata sığışdırmaq mümkün deyil. Çünki onun operaları, musiqili komediyaları, xor və orkestr üçün bəstələri, kamera-instrumental əsərləri, marş, kantata, fantaziya, romans və mahnıları hər biri ayrıca araşdırılmalıdır və araşdırılıb, yenə də ehtiyac var, çünki Üzeyir şəxsiyyəti, sənətkarlığı bitib-tükənməzdir.
Musiqi
Üzeyir bəyin musiqiçi kimi fəaliyyəti təkcə yaradıcılıqla məhdudlaşmır. O, Azərbaycanda musiqili teatrın və konservatoriyanın əsasını qoyub, çoxsəsli xor kollektivini və notla ifa edən xalq çalğı alətləri orkestrini yaradıb. Xalq mahnılarının, muğamların ilk tədqiqatçılarından olub, dərsliklər və not kitabları yazıb. Xüsusi komissiya yaradaraq, respublikamızı qarış-qarış gəzib, səsi və ifaçılıq qabiliyyəti olan uşaqları tapıb, təhsil almaları üçün imkan yaradıb.
Bildiyiniz kimi, Üzeyir bəyin övladı yox idi. O, bütün tələbələrini öz doğma övladı hesab edirdi. Şahidi olanlar dəfələrlə danışıb və yazıblar ki, Üzeyir bəyin qapısı tələbələrin üzünə həmişə açıq idi. O, Bakıdakı mənzilinin qapısını heç vaxt arxadan bağlamazdı. Tələbələr çox rahat şəkildə onlara gedir, yemək yeyir, şəxsi problemlərini dilə gətirirdilər.
Təsəvvür edin, iki daşın arasında uşaqlar üçün doğma dilimizdə “Hesab məslələri” dərsliyini də yazıb, jurnalistlər və hərbçilər üçün türk-rus, rus-türk lüğətini tərtib edib, sevdiyi maraqlı hekayələri Azərbaycan dilinə çevirib, məzhəkələr, felyetonlar, yumoristik pritçalar yazmağı da özünə borc bilib bu dahi şəxsiyyət... Bir sözlə, əlinə düşən hər fürsətdə öz xalqı, öz vətəni üçün nəsə faydalı bir iş görüb. Onu xatırlayanda ürəyini məşəl kimi yandırıb əlində tutaraq ətrafına işıq saçan əfsanəvi bir qəhrəman canlanır yaddaşımızda.
Bildiyiniz kimi, onun ozamankı sovet rəhbərləri yanında böyük nüfuzu vardı. Xüsusən, “Koroğlu” operası Stalin tərəfindən yüksək qiymətləndiriləndən sonra Üzeyir bəy SSRİ-nin ən sayılıb-seçilən şəxsləri sırasına qatıldı. O dövrə aid bütün ali mükafatlara layiq görüldü; Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, "Lenin ordeni" və "Qırmızı əmək bayrağı" ordeni laureatı oldu. Eyni zamanda yüksək vəzifələr tutdu ki, bu da respublika üçün böyük işlər görmək fürsəti yaradırdı. Azərbaycan Elmlər Akademiyasının akademiki, professor idi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru vəzifələrində işləmişdi.
Üzeyir bəyin yüksək milli düşüncə və vətənpərvərlik hissləri ilə 30-cu illərin repression ət maşınından salamat çıxması hər şeydən əvvəl tanrının iradəsi idi və tale onu bu xalq üçün qoruyurdu. “Koroğlu”nun premyera tarixinə baxsaq hər şey aydın olar – 1937. Sizcə, həssas qəlbi və böyük intellekti olan bəstəkar o illərdə günahsız repressiyaya məruz qalanları görmürdümü? Onların günahsız olduğunu bilmirdimi? Əlbəttə, görürdü və bilirdi. Elə buna görə, cəmi iki il sonra onda şəkər xəstəliyi aşkarlandı və həkimlər xəstəliyin mənbəyinin əsəb və gərginlik olduğunu söylədilər.
Xatırladım ki, həmin il Moskvada ittifaq miqyaslı milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə Üzeyir bəy də münsiflər heyətində təmsil olunurdu. Ermənilər ondan şikayət edərək, Bakıdan gələn iştirakçılar içərisində ermənilərin olmadığını və bunun Üzeyir bəy tərəfindən qəsdən edildiyini bildirirdilər. Soyuqqanlı və səbirli olmasına baxmayaraq, bu hadisə onu çox əsəbiləşdirmiş, səhhətinə böyük zərbə vurmuşdu.
Qeyd olunan fakt Üzeyir bəyə qarşı ilk hücum deyildi. Hələ 1918-ci ildə Bakı qırğını vaxtı Üzeyir bəyin evini atəşə tutmuşdular. O, demək olar ki, ölümdən qurtarmışdı. Üzeyir bəy həm millətçi ermənilərdən, həm də ruspərəst azərbaycanlılardan qorunmalı idi. Onu daha bir ölüm təhlükəsindən Nəriman Nərimanov xilas etmişdi. Belə ki, Stalinin stolunun üstünə gedən “Vətən xainləri” siyahısında Üzeyir bəyin də adının olduğunu eşidən Nərimanov həmin siyahını tapmış, öz əlləri ilə cırıb atmışdı.
2-ci pərdə
Üzeyir bəyin Bakıdakı evinə atılan güllələr düz 74 il sonra Şuşada onun büstünə atıldı. Azərbaycan hökumətinin səyi nəticəsində güllələnmiş üç büst – Üzeyir bəyin, Bülbülün və Natəvanın büstləri Rusiya vasitəsi ilə Azərbaycana gətirildi və indi paytaxtımızdakı İncəsənət Muzeyinin həyətində saxlanılır.
Üzeyir bəy ən ağır illərdə doğma sənəti ilə həm təskinlik tapır, həm də mübarizə aparırdı. Uvertüranın döyüşkən melodiyaları təkcə Üzeyir bəyin özünü deyil, bütün Azərbaycanı ayaqda saxlayırdı və saxlayır. Hacıbəyli yaradıcılığı sənətkarlığın elə bir mərhələsi idi ki, Stalin kimi müstəbidləri də heyran qoyur, etirafa məcbur edirdi.
Üzeyir bəy iki respublikaya himn yazmışdı. Həm milli qüvvələrin yaratdığı müstəqil respublikaya, həm də onu devirərək qurulan sovet respublikasına. Onun istedadının işığı bir-birindən fərqli iki dünyaya da çatırdı. Yetər ki, orda Azərbaycanın adı olsun.
Hər il 18 sentyabr tarixini dahi bəstəkarın doğum günü şərəfinə Milli Musiqi günü kimi qeyd edirik. Milli Musiqi günü əslində, Üzeyir bəy nəslinin ən istedadlı yetirmələrindən olan Niyazinin təşəbbüsü ilə gerçəkləşib. Belə ki, dahi dirijor Üzeyir bəyin ölümündən sonra hər il bu günü xüsusi qeyd edir, rəhbərlik etdiyi dövlət simfonik orkestrinin ifasında onun əsərlərindən səsləndirirdi. Bu nəcib təşəbbüs uzun zaman bir ənənə halını alaraq yaddaşlarda yer eləməyə başlayıb. Nəhayət, 1995-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin gün mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi rəsmiləşib.
Üzeyir bəy 1948-ci il noyabrın 23-də, ömrünün 63-cü payızında - islam peyğəmbəri ilə eyni yaşda dünyasını dəyişdi. Dahi bəstəkar da peyğəmbər kimi Tanrı tərəfindən ona həvalə olunan missiyasını sonacan yerinə yetirdi və adını Azərbaycan tarixinin şərəf lövhəsinə yazdırdı. Onun ölümü kiçikdən böyüyə hər kəsi, bütün Azərbaycan xalqını sarsıtdı, ziyalıların, dostlarının, məsləkdaşlarının axıtdığı göz yaşı bu itginin nəhəngliyindən, əvəzsizliyindən xəbər verirdi. Və bu yerdə yaxın dostu, böyük şair S. Vurğunun onun ölümündən təsirlənərək qələmə aldığı, Üzeyir bəyi “Bir qocaman qartal ” adlandırdığı “Ölüm sevinməsin qoy” adlı şeiri yada düşür.
BİR QOCAMAN QARTALIN QANADLARI DAYANDI
O BİR DAHA QIY VURUB DAĞLARDAN KEÇMƏYƏCƏK
DÜNYA ÖZ YERİNDƏDİR YENƏ SƏHƏR OYANDI
O VƏTƏN DAĞLARININ SUYUNDAN İÇMƏYƏCƏK
ÖLÜM SEVİNMƏSİN QOY ÖMRÜNÜ VERMİR BADA
EL QƏDRİNİ CANINDAN DAHA ƏZİZ BİLƏNLƏR
ŞİRİN BİR XATİRƏTƏK QALACAQDIR DÜNYADA
SEVƏRƏK YAŞAYANLAR SEVİLƏRƏK ÖLƏNLƏR
BUDUR BAXIR ÜZÜMƏ BAXIR SƏNƏTKAR GÖZÜ
YENƏ GÜLÜR DANIŞIR NƏFƏS ALIR ÜZEYİR
SÜZÜLÜR QƏLB EVİMƏ ONUN HƏR ODLU SÖZÜ
RÜBABININ SƏSİNDƏN QANAD AÇIR MİN ŞEİR
O SABAH DA BİZİMLƏ ADDAIMLAYIR YANAŞI
KOROĞLUDAN OXUYUR YENƏ ZƏFƏR ORDUMUZ
EY FÜZULİ ŞEİRİNİN BİR BƏSTƏKAR QARDAŞI
ŞÖHRƏT TAPDI ADINLA BİZİM ANA YURDUMUZ
MƏN BU KİÇİK ŞEİRİMİ YAZIRAM GÖZ YAŞIMLA
ÇÜNKİ VİDALAŞIRAM BİR ÜRƏK SİRDAŞIMLA
Üzeyir Hacıbəyli şübhəsiz ki, dahi insan idi. Dahi kimdir? Epoxa yaradan şəxs. Biz ən azı peşəkar musiqi sahəsində Üzeyir bəyin epoxasının adamlarıyıq. Zaman nə qədər irəli getsə və musiqimiz nə qədər inkişaf etsə də Üzeyir bəy bizi gələcəkdə qarşılayır. Keçmişdən yola salır, gələcəkdə gözləyir... Dünyanı bəzəyən bütün dahilər kimi...
Şəkillərdə: Üzeyir Hacıbəylinin dəfn mərasimindən görüntülər
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Bodo Şefer, «Qaliblərin qanunları» - Adi insanı uğurlu insana çevirən kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Bodo Şefer. «Qaliblərin qanunları»
Avropanın bir nömrəli maliyyə konsultantı, yazıçı və biznesmen, dünyanın bir çox ölkələrində seminarları anşlaqla keçən Bodo Şeferə, təsadüfi deyil ki, «Maliyyə Motsartı» adını veriblər. Milliyyətcə alman olan Bodo Şeferin təqdim etdiyi qanunlardan ən birincisi – («Gərək tənbəl olmayasan») – haradasa, onun özünün bütün həyat və fəaliyyətinə bir işıq tutur. Çünki, Bodo Şeferə görə, bütün uğurlara çatmaq üçün çalışqan və yalnız çalışqan olmaq məcburidir.
Bodo Şefer insanları iki canlıya bənzədir: ördəyə və qartala. O, yazır ki, ördəklər daim qaqqıldayırlar, başqalarının yanlarında özlərinə bəraət qazandırmağa cəhd göstərirlər, qartallar isə heç nəyə baxmadan fəaliyyətdədirlər.
Qalib olmaq üçün, əziz oxucularım, Bodo Şeferin təbirincə, ördək yox, qartal olmaq lazımdır!
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)