Super User

Super User

Bildiyiniz kimi, hər ilin başlanğıcı Hollivudda üç hadisə ilə əlamətdar olur. Öncə “Qızıl Qlobus” mükafatları təqdim edilir, ardınca Şimali Amerikanın ən böyük kinotənqid təşkilatı sayılan “Critics Choice” Assosiasiyası (CCA) öz mükafatlarını təqdim edir, yekunda da “Oskar”lar öz sahiblərini tapırlar. Ötən həftə sizlərə “Qızıl qlobus” qaliblərini təqdim etmişdik. Ötən gün gecə saatlarında isə “Kino Tənqidçilərin Seçimi” Mükafatlarının təqdimetmə mərasimi keçirildi. Bu, 28-ci mərasim idi. 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən kinonun ən yaxşılarını elan edir. 

 

Ən yaxşı film - “Everything Everywhere All at Once”

 

Ən yaxşı rejissor - Den Kvan və Deniel Şaynert (“Everything Everywhere All at Once”)

 

Ən yaxşı orijinal ssenari - Den Kvan və Daniel Şaynert (“Everything Everywhere All at Once”)

 

Ən yaxşı uyğunlaşdırılmış ssenari - Sarah Polley (“Women Talking”)

 

Ən yaxşı aktyor - Brendan Freyzer (“The Whale”)

 

Ən yaxşı aktrisa - Keyt Blanşett (“Tar”)

 

Ən yaxşı ikinci plan aktyoru - Ke Huy Kuan (“Everything Everywhere All at Once”)

 

Ən yaxşı ikinci plan qadın rolu - Ancela Bassett (“Black Panther: Wakanda Forever”)

 

Ən yaxşı gənc aktyor və ya aktrisa - Qabriell la Bell (“The Fabelmans”)

 

Ən yaxşı aktyor heyəti - “Glass Onion: A Knives Out Mystery”

 

Ən yaxşı operator işi - “Top Gun: Maverick”

 

Ən yaxşı montaj - “Everything Everywhere All at Once”

 

Ən yaxşı vizual effektlər - “Avatar: The way of water”

 

Ən yaxşı makiyaj və saç düzümü - “Elvis”

 

Ən yaxşı quruluşçu rəssam işi - “Babylon”

 

Ən yaxşı kostyum dizaynı - “Black Panther: Wakanda Forever”

 

Xarici dildə ən yaxşı film - “RRR”

 

Ən yaxşı komediya - “Glass Onion: A Knives Out Mystery”

 

Ən yaxşı cizgi filmi - “Guillermo del Toro's Pinocchio”

 

Ən yaxşı mahnı - “RRR” (“Naatu Naatu”)

 

Ən yaxşı musiqi - “Tar” (Hildur Gudnadouttir)

 

Ən yaxşı televiziya filmləri barədə isə növbəti xəbərimizdən oxuya biləcəksiniz.

 

Şəkildə:  Ən yaxşı film - “Everything Everywhere All at Once” və Ən yaxşı komediya - “Glass Onion: A Knives Out Mystery”

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri kimi daxil olan xalqımızın qəhrəmanlıq salnaməsi, eləcə də milli müstəqillik və azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilən 20 Yanvar faciəsindən 33 il ötür. Bu münasibətlə yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanmış “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətinin yaydığı məlumata görə, nakam məhəbbət haqqında olan ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. 

Qeyd edək ki, səhnə əsərində əsas obrazları Əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasov və başqaları canlandıracaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Kaliforniyada bir mənzildə yanğın, 23 iyul, 2022-ci il. Həmin yay bu Amerika ştatını dəhşətli meşə yanğınları bürümüşdü. 

Foto: Noah Berger/AP Photo

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tamaşada Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək. Musiqi Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunacaq.

İki hissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndəri isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

*

Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsərdir. Ulu öndər özü müsahibələrində belə deyirdi: “Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin "Ölülər" pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. "Ölülər" pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir... Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir..."

*

Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı. Müntəzəm olaraq teatr tamaşalarını izləyən ümummilli lider yaradıcı heyətlə görüşüb, öz tövsiyə və tapşırıqlarını verirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur. 

“Ölülər” tamaşasına biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Günel Balakişi qızı Ağayeva (Günel Balakişi)

1986-cı ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyini bitirib. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində bakalavriat, 2010-2012-ci illərdə isə Sumqayıt Dövlət Universitetində magistratura pilləsi üzrə ali təhsilə yiyələnib.

Şeir yazmağa orta məktəbdə illərində başlayıb. İlk şeiri 3-cü sinifdə oxuyarkən məktəbin həftəlik divar qəzetində yer alan “Ana laylası” şeiri olub.

“Ulduz” jurnalında, “Manera.az” ,”Adalet. az” portallarında, “Ədəbiyyat” qəzetində şeirləri yayımlanıb.

Sevgi lirikası... Əbədiyaşarlıq qazanmış janr... Güneldə ayrılıqlar yarası hələ qaysaq bağlamamış ayrılıqlardır, oxuduqca sənə də siyarət edir, səni də göynədir.

Bizim üçün darıxmışam,

Şeir yazsam, gələrsənmi? –deyir o. Çox içdən deyir.

 

 

Uzaqlar

 

Bilsəydim, çoxdan gedərdim.

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...

 

Deyirdin, qiymətli olur ara-sıra, qəfil gəlib,

qəfil gedən qonaqlar.

 

Sözünü yerə salmadım,

səssiz olur, əziz olur sözə baxan uşaqlar.

 

Mən də getdim, elə getdim...

Barmağımın uclarında hələ də küt ağrı var.

 

Səs etmədən, ayrılıqdan söz etmədən, gurultusuz:

Qırıb-töküb yox etmədən,

nəyim var ki, o komada mənim səndən başqa onsuz...

 

Uşaqlardan söz açmışkən, sən mənimlə çox oynadın...

Gah oynatdın, gah da atdın...

Daha sənlə oynamıram.

 

Oyun bitib, mən getmişəm.

Mən gedəndə yuxudaydın, oyatmadım...

 

Oyananda ağlamısan,

Oyuncağı axtarmısan...

Sinəmdədir, gizləmişəm,

Mən hamıdan, mən hər şeydən gizlənmişəm...

 

Bilsəm elə, ən birinci elə səndən gizlənərdim.

Bilsəydim, çoxdan gedərdim.

 

Ən azından bilərdim ki, məni gəzən,

Mənim üçün qəribsəyən bir uşaq var...

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...

Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!

 

 

Sənsiz olmur

 

Darıxıram, sənsiz olmur.

Olur, amma, sən, bilmirsən

Sənsiz olmaq necə olur...

 

Necə deyim, anlayarsan?!

Bax, məsələn, yağsız, duzsuz yemək kimi.

Susuz balıq,

Labirint yol,

Tərk edilmiş yaşlı, qoca...

Yetim qalmış uşaq kimi -

Belə olur sənsiz olmaq.

 

Bax, məsələn, bu aralar, aynadan da yan gəzirəm -

Utanıram, gözlərimlə üzləşməyə.

Mən o qədər sən olmuşam:

Gec qalmışam, səni mənə dəyişməyə

 

Nə gülüşüm həmin deyil,

Nə yerişim həmin deyil -

Səmtimi də itirmişəm,

Hara gedim, kimə gedim?

Əynim nazik dolaşıram

küçələri sabah-axşam veyil-veyil...

 

Qollarını aparmısan,

Qoy üşüyüm.

Yatağı da yığmamışam -

səndən sonra buzdur yorğanım, döşəyim.

 

Hər gecənin sabahı var...

İstəmirəm!

Sənsiz gələn sabahları, istəmirəm.

Sevdiyimlə sınamağı, savabları istəmirəm...

 

Günahları istəyirəm,

Yetər ki, gəl...

Günahınla, savabınla, yetər ki, gəl...

Darıxıram!

 

Sənsiz olmur...

Olur, amma...

İndi, bildin sənsiz olmaq necə olur?

Belə olur, sənsiz olmaq,

Olsa, olsa belə olur!

  

 

Dərdin varsa

 

İnsan kimi sürünmədən yaşamaqmı istəyirsən?

Dərdin varsa, dərdini də sevəcəksən,

Əyləncəyə çevirərək....

Başa gələn başmaqçıyam, dərdin varsa, qol-qanad aç

Misal üçün: dur, rəqs elə....

Bacarmırsan, bir şeir yaz,

Yaz dərdini kağız elə.                                                                                                                                                

 

Vərəq-vərəq yaz, sonrasa, elə cır ki,

taleyinin yazısını

Tikə -tikə, xırda-xırda....

Dərdini çox böyütməye,

Keçmişinin tozu kimi, üfür yelə...

 

Suallar ver öz-özünə, öz-özünə müsahib ol,

Pıçıldama ürəyində, çölünə tök içindəkin,

Utanmadan, çəkinmədən, lap ucadan...

Hünərli ol, demə baxan dəli deyər                                                                                                        

Sənin dərdindən, mənə nə?

Mənim dərdimdən, sənə nə?

Baxana nə?

Görənə nə?

Kənara nə?

Kənar gəzsin kənardakı....

 

Büdrəsən də, zəifləmə, zəif olma,

 Suçlayacaq "yanındakı".

Qalx ayağa, dərdin varsa, mahnı oxu

Fırça götür, çək dərdini rəsm elə....

Nə edirsən elə,

Amma.........

Aman-aman, yıxılma ha

 

Sən həmişə belə oldun,

Əyrisəndə....

Düzəlməzsən, nə edirsən səhv edirsən

Düz etmirsən,

Rəzilsəndə.....

Ahlarınla, ohlarınla, yorucusan

Məsum rolu oynama heç,

 

Əkdiyini biçirsən, sən

Doğru mənəm, yalnış sənsən                                                                                                           

Bilirsənmi, kim deyəcək, bax, bunları?

Kim daha çox baltalayar, yorulanı, yıxılanı?

Sənin canın, qanın olan yaxınların......

 

Güldün, elə?

Güldün, elə?

Əhsən sənə.....

Dərdin varsa, dərdini də sevəcəksən,

Əyləncəyə çevirərək, gülə-gülə...

Bax, belə...

Bax, belə!

 

 

Bizim üçün darıxmışam

 

Bizim üçün darıxmışam,

Şeir yazsam, gələrsənmi?

Sənə elə möhtacam ki, bu aralar...

Duysan....

Görsən.... Dönərsənmi?!

 

Elə yorub həyat məni...

Bilirsən ki, ağlamaqdan utananam.

Utanmaqdan keçib daha,

Hönkür-hönkür ağlayıram,

Göz yaşımı silərsənmi?

 

Hamı məndən üz çevirib,

Doğmalarım düşmən olub,

Qəlb sirdaşım,

Ürək dostum,

Bilsən, necə təklənmişəm?

 Göz yaşımı silərsənmi? 

 

Hamı məndən üz çevirib,

Doğmalarım düşmən olub,

Qəlb sirdaşım,

Ürək dostum,

Bilsən, necə təklənmişəm?

Gəlib mənə ürək-dirək verərsənmi?                                                                                                    

Baş götürüb getməyə də yerim yoxdur,

Satılmışam...

Dağılmışam....

Ruhum ölüb.

Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.

Mənə həyat verərsənmi?

 

Gənc deyiləm,

Daha canda can qalmayıb.

Oxşadığın saçlarımı görməyəli çox ağarıb.

Bir zamanlar mənə dərman təkcə səndin...

İndi, hər yeməkdən əvvəl… Sonra…dərman!

Eşitsən ki, bir xəstən var,

Gəlib ona dəyərsənmi?

 

Hər gün qonaqsan yuxuma.

Ruhum, gecə olan kimi sənə gəlir.

Nə olarki, sən, gerçəkdə mənə gəlsən,

Qucaqlasan....

Mən də sussam, qayğılardan uzaqlaşsam,

Səndə qalsam....

Yenə məni əvvəlkitək sevərsənmi?

 

Bizim üçün darıxmışam,

Şeir yazsam, gələrsənmi?

 

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

 

 

 

Вторник, 17 Январь 2023 10:15

Simfonik Orkestr Filarmoniyanın səhnəsində çıxış edib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə orkestrin gənc solistlərinin ifalarında Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, konsert proqramında H.Venyavskinin “Əfsanə”, F.Kreyslerin “Prelüd və Allegro”, A.Qlazunovun “Raymonda” baletindən “Böyük Adajio”, L.Bassi-C.Verdinin “Riqoletto” operasının mövzuları əsasında konsert fantaziyası, R.Ştrausun Valtorna və orkestr üçün konserti, A.Gilmanın “Simfonik pyes”, M.Bruxun Violin və orkestr üçün konserti, Y.Kvantsın İki fleyta üçün konserti , A.Vivaldinin Violin, violonçel və orkestr üçün konserti səslənib. 

Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin səsləndirdiyi musiqi nömrələri alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Вторник, 17 Январь 2023 10:00

Dünyanın ən populyar 20 musiqiçisi elan edildi

Dimash.rpo ötən ilin yekunlarına görə dünyanın ən populyar və ən çox gəlir əldə edən 20 musiqiçisinin reytinqini təqdim edib. “Ədəbiyyat və incəsənət” portalı həmin reytinqi diqqətinizə çatdırır. 

 

Musiqi biznesi dünyanın ən rəqabətli bazarlarından biridir. Başgicəlləndirici şöhrət ilə kəskin eniş, qəfil bir-birini izləyir. Bəzi musiqiçilər illərlə diqqət mərkəzində qalmağı bacarlar. Aydındır ki, onlar böyük müğənnilərdir, amma bu zirvədə qalmağa kifayətdirmi? Əlbəttə, yox. 

Yaxşı menecmenti mənimsəmək və daim tələb olunan musiqini yaza bilmək - bunlar  dünya şöhrətinin yalnız ən bariz maddələridir. 

Təqdim edilən 2022-ci il üçün dünyanın ən populyar 20 müğənnisinin bu siyahısında bəzi gənc ulduzları və bəzi veteranları görürük, onların hamısında illərdir bu cür siyahılarda davam etmək üçün bütün üstünlüklərə rast gələrsən. 

 

1. The Weeknd 

2021-ci ildə The Weeknd  Billboard-ın təqdim etdiyi 10 ən məşhur musiqi mükafatları qazandı, habelə iHeartRadio Music Awards-ın 5 mükafatına sahib oldu, o cümlədən o, ilin ən yaxşı artisti adını qazandı, bu da onu dünyanın ən populyar müğənnisi etdi. 

31 yaşlı musiqiçi R&B və pop janrlarında ərsəyə gətirdiyi musiqilərlə sevilir. 

Karyerasına qarışıqlarla başlayaraq getdikcə ticarət platformalarında şöhrət qazandı. Onun albomları milyonlarla insanın ürəyinə toxunur, onun qaranlıq və romantik çalarları dərhal bizim ən zəiflərimizi ağladır. Bəzilərimizi lap özümüzdən çıxır. Onin ən populyar albomlarını xatırlayaq: Beautu Behind the Madness, Starbou və s. 

Təkrar edirik, bizim günlərdə The Weeknd dünyada nömrə biridir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Azərbaycanın tanınmış teatr rejissoru, aktyor, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi münasibətilə Ankarada anım mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Tofiq Kazımov–100” adlı fotosərginin açılışı keçirilib. 

Böyük sənətkarın zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. 

Rəsmi hissə və paneldən ibarət mərasimdə Xalq artisti Tofiq Kazımovun həyat və yaradıcılığından bəhs olunub. 

TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, professorlar İsrafil İsrafilov, Cahangir Novruzov və gənc teatrşünas Atabəy Barış çıxışlarında Tofiq Kazımov yaradıcılığını milli mədəniyyətimizin tükənməz xəzinəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, böyük sənətkarın əsərlərini tamaşaçıya sevdirən ən mühüm cəhətlər Azərbaycanın teatr məktəbində mühüm irsə çevrilib. 

İzmir Dövlət Teatrının baş rejissoru Murad Çidamlı professor İsrafil İsrafilovun qələmə aldığı “Tofiq Kazımovun rejissorluq dərsləri” kitabından bəhs edib. 

Xalq artisti Tofiq Kazımovun qızı rejissor Aytən Kazımova atasının yaradıcılığına verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib. 

Çıxışlarda qeyd olunub ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Görkəmli rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin reallıqları əks olunur. Onun əsərlərində insanların real həyat tərzi və düşüncə qabiliyyətləri müxtəlif bədii və fəlsəfi formalarda geniş ictimaiyyətə təqdim olunur, sevilir və yaşayır.

Mərasim Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən birgə təşkil olunub. 

Xatırladaq ki, uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Ötən il ərzində ölkəmizdə gənc sahibkarların 91 layihəsi maliyyələşdirilib və bu məqsədlə 14 milyon manat vəsait ayrılıb. Bu barədə Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.

 

Diqqətə çatdırılıb ki, 2021-ci ildə isə 63 gənc sahibkar 2,7 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.

Amma çox təəssüf ki, gənc sahibkarlıq fəaliyyətində mədəniyyət sahəsi əsla təmsil olunmur. Yəni, heç kəs özəl prodakşn, səsyazma studiyası, nəşriyyat, teatr truppası yaratmır. Bu sahələrin gəlir gətirməyən sahə olmaları öz sözünü deyir.

Eləcə də intellektual biznes kölgədə qalmaqdadır. 

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Понедельник, 16 Январь 2023 16:35

Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında dərc edilib

 

Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş “Mən tələsmirəm” və “Əyilmə!” şeirlərinin yayımına başlayıb.

 

Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru ədəbiyyatşünas alman alimi Kerstin Krapsdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.