Super User

Super User

Вторник, 17 Январь 2023 16:00

Milçək qovan memarın “Sarı gəlini”

Yunus Oğuzun Felyetonu

 

 

 

Bekarçılıqdan milçək qovurdu. Əsnəməsin deyə milçəköldürəni əlindən buraxmırdı. Gözləri həşərat axtarırdı. Belə baxanda işi-gücü vardı. Bekarçılıqdan maaş da alırdı. Sinəsinə "əməkdar" adı da yapışdırmışdı. Bir az ittifaqdan, bir az əməkdarlıqdan, bir qədər icarəyə verdiyi emalatxanadan, qeyri-hökumət təşkilatının həyata keçirdiyi ekspert layihəsindən, saat hesabı dediyi institutdan pulu-parası gəlirdi. Cavanlığında ikiotaqlı mənzili vardı. Şəhərli qızla evlənib onun evinə köçmüşdü. Özününkünü icarəyə vermişdi, ordan da bir miqdar pul gəlirdi. Hələ adını bir siyasi partiyaya da yazdırmışdı.  Ordan da nəsə qoparırdı. Qayınatasının, qayınanasının "toçka"larını fırladır, imkan düşən kimi pul "qattalayır", heç kim də cınqırını çıxara bilmirdi.  Ancaq yenə bekarçılıqdan milçək qovurdu. İşini düzüb-qoşmuşdu, bekarçılığa daha çox vaxtı qalırdı.

Sənəti üzrə heç kim ona iş vermək istəmirdi. Memar idi, özü də kreativ memar. Kreativ, yəni yaradıcı. Bizdə isə yaradıcı adamı sevmirlər, nöşün ki, birincisi, belələri ipə-sapa yatmır, öz bildiyini dədəsinə də vermir, hətta fikirlərində də sərbəstdir. İkincisi, bizdə mentalitet, yəni yaddaşdan gələn adət-ənənə çox güclüdür.

 

Yaradıcı məsələləri heç yaxına buraxmaq istəmirik. Dəyişmək, yenilənmək bizə yaddır. O dee.., elə yenilənmişik ki, Şəkidə-xəstəxanada bir dəstə arvad Nəsimini də yeniləmək istədi. Hamısını işdən qovdular. Di get, bu da sənə yenilənmək,  bu da sənə kreativ.  Hələ bilmirəm bu "kreativ" sözünü bizə nəyə dürtüşdürüblər.  Gül kimi tərcüməsi var - yaradıcı, yenilənmə...

Növbəti milçəyi öldürmək istəyəndə ona zəng gəldi. İcra hakimiyyətində işləyən məmur- memar dostu idi.  Telefonun titrəməsindən  milçək uçub getdi. Heyifsləndi. Bir milçəyin sayı azalmadı.

Dəstəyin o başından səs gəldi:

* Müəllim, zaman dəyişib, - salamsız-kalamsız söhbətə başladı, - işimiz çoxdur, lap çoxdur. Özümüzü hökumətin gözünə soxmalıyıq. İşimizi hər kəsə göstərməliyik. İndi hamı bizdən kreativ olmağımızı istəyir. O dəqiqə yadıma sən düşdün. Kreativ olduğun üçün səndən qaçırdıq. Indi sənin qazanmaq vaxtın gəlib. Özü də elə şeylər fikirləş ki, Azərbaycanda yox, dünyada analoqu olmasın, həm də yuxarıların xoşuna gəlsin,- Milçək qovanı danışmağa qoymadı. - Sabah saat on ikidə gözləyirəm, özü də əliboş gəlmə. Sağ ol.

Telefonun o biri başında səs əvəzinə, düd...düd... gəldi. Söhbət bitmişdi.

 Memarın sevincdən və yaradıcı eşqdən qarnı guruldadı. Düşünməyə, düşündüklərini kağıza köçürməyə başladı...

Səhəri gün saat on ikidə, əlində qovluq dostu məmur-  memarın qarşısında şax-şax oturmuşdu.

Dostu yenə salamsız-kəlamsız mətləbə  keçdi:

* Nooldu, müəllim, bir şey fikirləşə  bildinmi? Umudumuz sənədir. Sənin haqqında başçıya danışmışam, xeyli tərifləmişəm. Demişəm nicatımız sənsən. Danış görək.

Milçək qovanın tərifdən hulqumu qalxıb qalstukunun üstünə keçdi. Boğazını arıtlayıb hulqumunu yerinə qaytararaq dedi:

* Kreativ ünvanı düz tapmısız, müəllim. Bilirsən ki, bizim qeyri-maddi sərvətlərimiz yavaş-yavaş YUNESKO-da mədəni irsimiz kimi qeydiyyatdan keçir. Ermənilərə gözdağı vururuq, analarını ağladırıq. - Məmur başını razılıqla yellədi. - Bizim hər şeyimizi öz adlarına çıxarmaq istəyirlər, köpəkuşaqları. Onlarda vicdan-zad qalmayıb. İndi bizim əsas mübarizəmiz onlarladır.  Biz hər işimizdə onları qabaqlamalıyıq. Bunun üçün də qeyri-maddi dəyərlərimizi maddi dəyərlərə çevirməliyik.

Məmur memar heç nə başa düşmədiyindən soruşdu:

* Bunu necə edəcəksən?

* Çox asan, -  qovluğu açıb içindəki eskizləri məmura göstərə-göstərə cavab verdi, - bax. Şəhərimizə gələn turistlərin sayı çoxalıb. Ağ şəhərdə "Sarı gəlin" kompleksi tikirik. Turistləri bu kompleksə apararıq.  Onlar bura daxil olan kimi "Sarı gəlin" havası çalınmağa başlayır. O zaman bütün dünya biləcək ki, "Sarı gəlin" bizimdir, ermənilər bizdən oğurlayıblar. Yavaş-yavaş bunu bütün dünyaya sübut edəcəyik. Həm "Sarı gəlin" maddiləşəcək, həm də biz qazanc götürəcəyik, həm də yuxarıların kreativ ideyalar xoşuna gələcək. Əllərini sənin kürəyindən çəkməyəcəklər.

* Elə bu? - Məmur milçəkqovan məmura baxdı.

* Əlbəttə yox? - Memar şəstlə cavab verdi.- Gör nə qədər qeyri- maddi dəyərlərimiz var. Şəhərdə də gör nə qədər rayonumuz fəaliyyət göstərir. Çatdırsaq qonşu şəhərlərə də keçə bilərik, - O barmağını bir- bir qatlamağa başladı. - Bunun "sazı" var, "dolması", "lavaşı",  canım sənə desin, "balabanı", nə bilim e... "Çırpınırdı Qara dənizi", "Covkan"ı, "Novruz bayram"ı var. Hansını deyim?

Məmur baxdı ki, dostu kreativ danışır. Onu təriflədi:

* Afərin sənə! Sənin bu kreativliyin ermənilərin anasını ağladacaq...

Bir neçə gündən sonra "Sarı gəlin" kompleksi təsdiqləndi. İndi qalıb o biri kreativ təkliflər. Onlar da yaxınlarda həyata keçər.

Amma, onlardan heç biri demədi ki, ermənilərin analarını harda ağlatmaq lazımdır ki,  dilləri dilçəklərindən çıxmasın.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Nəcib təşəbbüs: Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC tərəfindən 4933 saxlama vahidi fotosənəd daimi mühafizə məqsədilə Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilib.

 

Təhvil verilən sənədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il üzrə fəaliyyətini əks etdirən fotosənədlərdən ibarətdir. 

Belə ki, sözügedən sənədlər dövlət başçımızın işğaldan azad olunmuş ərazilərə səfərlərini, həmin ərazilərdə yenidənqurma, bərpa işləri, o cümlədən nəqliyyat, enerji, aqrar, hərbi infrastrukturun qurulmasını özündə əks etdirir. Bundan əlavə Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan-Ermənistan münasibətləri üzrə keçirilmiş beynəlxalq müzakirələr, görüşlər, Qlobal Bakı Forumunda iştirak, xarici KİV nümayəndələrinə verilmiş müsahibələr və digər fəaliyyət sahələrinə aid olan fotosənədlər də təqdim olunan sənədlər içərisində əhəmiyyətli yer tutur.

Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Bu gün Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti keçiriləcək. Musiqi gecəsində “Bayatı Kürd” və “Qatar” muğamlarını VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Fuad Əzizzadə, Ülkər Abdullayeva və Daşqın Kürçaylı təqdim edəcəklər. 

 

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Вторник, 17 Январь 2023 12:30

Humanitar elmlər üzrə 240 elmi iş tamamlanıb

Elmimiz öz yolu ilə gedir, sadəcə, bu barədə insanları məlumatlandırmaq lazımdır. 

“2022-ci ildə AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 8 istiqamətin 39 problemi üzrə 98 mövzu, 504 iş üzərində tədqiqat aparılıb. 98 mövzudan 27-si, 504 işdən 240-ı tamamlanıb.”

 

Bu sitatı yanvarın 16-da AMEA Rəyasət Heyətinin iclasında akademik Arif Həşimov çıxışı zamanı bildirib. 

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Günün fotosu: Almaniyada leysan 

yağışlarının 

 

 

Leysan yağışları Almaniyanın Nidderau-Ayhen əyalətini bu hala salıblar.

© AP Photo/Michael Probst

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Robin Şarma «Titulsuz lider»

 

Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.

Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.

Növbəti hissələrdən birinə mütləq Robin Şarmanın insanlığa xitabən yönələn qiymətli kəlamlarından seçdiyim 30-luğu təqdim edəcəyəm.

 

 

 “Ədəbiyyat və incəsənət”

(17.01.2023)

 

Yola saldığımız 2022-ci ildə digər mədəniyyət ocaqları kimi, muzeylər, qalereyalar da pandemiya məhdudiyyətlərinin aradan qalxması ilə normal fəaliyyətlərini bərpa edə biliblər. Lakin quru sərhədlər hələ də bağlı olduğundan bu müəssisələri ziyarət edənlərin arasında xarici qonaqların sayı bir qədər azlıq təşkil edir. Ümumiyyətlə, 2021-ci illə müqayisədə 2022-ci ildə muzeyləri ziyarət edənlərin sayında artım müşahidə edilir. Bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir neçə muzeydən alınan statistik məlumat da təsdiqləyir.

 

Ötən il Azərbaycan Milli Xalça Muzeyinin 70 min 608 ziyarətçisi olub. Bunlardan 38 min 313-ü yerli, 32 min 295-i isə xarici qonaqlardır. Qeyd edək ki, 2021-ci ildə bu göstərici ümumilikdə 14 min 398 nəfər olub.

 

Azərbaycan Milli İncəsənət Muzeyində də ziyarətçi sayı artıb. Keçən il kompleksi ümumilikdə 25min 109 nəfər (2021-ci ildə 13 min 938 nəfər) ziyarət edib. Onlardan 1322-si xarici, qalanı isə yerli vətəndaşlardır.

 

İl ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və filiallarına 8731 ziyarətçi gəlib. Muzeyin əsas binasını ziyarət edən 5528 nəfərdən 428-i xarici, qalanı isə yerli vətəndaşlar olub. Muzeyin filialları – Niyazinin Mənzil-Muzeyi, Qara Qarayevin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyi və Xalq çalğı alətləri daimi sərgisinə 3203 ziyarətçi baş çəkib. Onlardan 95-i xarici qonaq olub.

 

Azərbaycan İstiqlal Muzeyinə ötən il ümumilikdə 6590 ziyarətçi gəlib. Bunlardan 6095-i yerli vətəndaş, 495-i isə xarici qonaqdır.

 

Milli Azərbaycan Tarixi Muzeyindən verilən məlumata görə, 2022-ci ildə muzeyi 12 min 800 nəfər ziyarət edib. Bunlardan 8275-i yerli vətəndaş, 4525-i əcnəbidir.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edənlərin ümumi sayı 6933 nəfər olub. Bunlardan 4777-si yerli, 2156-sı isə əcnəbi qonaqdır.

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə gələn ziyarətçilərin ümumi sayı ötən il 1683 nəfər olub. Onlardan cəmi 23 nəfər əcnəbi ziyarətçidir.

 

Üzeyir Hacıbəylinin ev-muzeyindən verilən məlumata görə, ötən il dahi bəstəkarın ocağını ümumilikdə 716 nəfər ziyarət edib və onlardan da 17-si xarici qonaq olub.

 

Hüseyn Cavidin ev-muzeyindən bildirdilər ki, yola saldığımız ildə muzeyin ümumilikdə 1326 nəfər ziyarətçisi olub.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Вторник, 17 Январь 2023 12:15

Akademik Musiqili Teatr yeni premyeraya hazırlaşır

Fevralın 4-ü Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun ad günüdür. Bu münasibətlə də Akademik Musiqili Teatrda bəstəkarın “Nəğməmə inan” musiqili komediyası (libretto və mahnıların mətini Mixail Şerbaçenko, redaktəsi Cavid İmamverdiyevə məxsusdur) səhnələşdirilir. 

 

Səhnə işinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanov, dirijoru Səməd Süleymanlıdır.

Səhnə əsərində rolları Fərid Əliyev (Sərvər Səttarov), Nərgiz Kərimova (Tatyana Voloşina), Emil Heydərov (Şahmar Kərimov), Mehriban Zalıyeva (Vika Petroviç), Rauf Babayev (İqor Qudimov), Boris Qrafkin (Boris Qrafkin) oynayırlar. Tamaşada xor və balet artistləri də iştirak edirlər.

Fevralın 4-5-də premyerası nəzərdə tutulmuş tamaşada hadisələr iki yaradıcı insan arasında münasibətlərdən bəhs edir. Rejissor tamaşaçılar üçün maraqlı qalsın deyə hadisələri açmasa da, əsas ideya məhəbbət və fədakarlıqdır.

Qeyd edək ki, bu tamaşadakı mahnıların bir qismi indi də Polad Bülbüloğlunun repertuarındadır.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Вторник, 17 Январь 2023 12:00

İlin ən yaxşı televiziya filmləri elan edildi

Ötən gün gecə saatlarında Hollivudda “Kino Tənqidçilərin Seçimi” Mükafatlarının təqdimetmə mərasimi keçirildi. Bu, 28-ci mərasim idi. 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən televiziya kinosunun ən yaxşılarını elan edir. 

 

 

Ən yaxşı dram - “Better Call Saul”

 

Dramda ən yaxşı aktyor - Bob Odenkirk (“Better Call Saul”)

 

Dramda ən yaxşı aktrisa - Zendaya (“Euphoria”)

 

Dramda ən yaxşı ikinci plan aktyoru - Cankarlo Espozito (“Better Call Saul”)

 

Dramda ən yaxşı ikinci plan qadın rolu - Cennifer Kulidc (“The White Lotus”

 

Ən yaxşı komediya - “Abbott Elementary”

 

Komediyada ən yaxşı aktyor - Ceremi Allen Uayt (“The Bear”)

 

Komediyada ən yaxşı aktrisa - Cin Smart (“Hacks”)

 

Komediyada ən yaxşı ikinci plan aktyoru - Henri Vinkler (“Barry”)

 

Komediyada ən yaxşı köməkçi aktrisa - Şerl Li Ralf (“Abbott Elementary”)

 

Ən yaxşı mini serial - “The Dropout”

 

Miniserial və ya telefilmdə ən yaxşı aktyor - Deniel Redkliff (“Weird: The Al Yankovic Story”)

 

Miniserial və ya telefilmdə ən yaxşı aktrisa - Amanda Seyfrid (“The Dropout”)

 

Miniserial və ya telefilmdə ən yaxşı ikinci plan aktyoru - Pol Uolter Houzer (“The Black Bird”)

 

Miniserial və ya telefilmdə ən yaxşı ikinci plan qadın rolu - Nisi Neş (“Monster: The Jeffrey Dahmer Story”)

 

Ən yaxşı cizgi serialı – “Harley Quinn”

 

Ən yaxşı televiziya filmi - “Weird: The Al Yankovic Story”

 

Ən yaxşı xarici dildə serial - “Pachinko”

 

Şəkillərdə: Ən yaxşı dram - “Better Call Saul” (qapaq fotosu), Ən yaxşı komediya - “Abbott Elementary” və Ən yaxşı cizgi serialı – “Harley Quinn”.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Azərbaycanda hotellərin ulduzlaşması prosesinə başlanıldığı gündən 150 hotel tərəfindən müraciət daxil olub ki, onlardan 44 hotel 5, 4 və 3 ulduz dərəcələrinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib. 100-dən çox hotel isə hələ də ulduz dərəcəsi ala bilməyib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib. 

“Ulduz dərəcəsinin verilməsindən sonra 3 il ərzində hotellər mütəmadi olaraq monitorinq olunur və həftəlik olaraq hotelin vəziyyəti ilə bağlı hesabat təqdim edilir. Milli Ulduz Təsnifatı zamanı, həmçinin hotelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir. Bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Hotel bu tələblərə cavab vermədikdə isə ona verilən ulduz dərəcəsi ləğv olunur. Bundan əlavə, respublika ərazisində sertifikatsız fəaliyyət göstərən hotellərlə maarifləndirici görüşlər keçirilir və onlara Milli Ulduz Təsnifatı, ulduz təsnifatının hotellər üçün yaratdığı üstünlüklər barədə informasiya təqdim olunur”, -deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Turizm haqqında” Qanuna əsasən, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz kateqoriyası üçün müraciət etməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.