Super User

Super User

Bu gün YARAT İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün ustad dərsləri təşkil olunacaq. Ustad dərsi hazırda əsərləri "METAKOD" sərgisində nümayiş olunan rəssam Leyli Ələkbərova tərəfindən keçiriləcək. 

 

Dərs zamanı ilk növbədə iştirakçılar tekstil dizaynının incəliklərini öyrənəcəklər, daha sonra parçalardan istifadə edərək, abstrakt kollajlar yaradacaqlar.

Yaşı 16-dan yuxarı hər kəs dərslərə qatıla bilər.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

2022-ci ilin mart ayından İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı oldu. 

 

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2022-ci ildən etibarən aktiv bərpa fazasında olan Azərbaycan turizminin təbliğatı əsas hədəf bazarlarında - ənənəvi Türkiyə, Rusiya, İran, BƏƏ və Pakistan istiqamətləri ilə yanaşı, Almaniya, Avstriya, İsveçrə, Polşa, Böyük Britaniya kimi Avropa ölkələrində, həmçinin Cənubi və Mərkəzi Asiya, Yaxın Şərq kimi regionlarda davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2023)

Вторник, 17 Январь 2023 17:00

Sübut olundu: İnsanlığın kökü bu ölkədən başlayıb

 

Tədqiqatçılar indiyə qədər ən böyük nəsil ağacını yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.

Publika.az xəbər verir ki, Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxarıblar və səkkiz müxtəlif məlumat bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək, nəhəng bir ailə ağacı yarada bildilər.

 

Tədqiqatın aparıcı müəllifi Dr Enthony Vilder Vons deyib: "Əslində biz əcdadlarımızın genomlarını yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik".

 

Dr Vons "Reuters"-ə araşdırma haqqında bildirərək vurğulayıb ki, müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir: "Bu əcdadlar, hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alınıb".

 

Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticə, demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.

 

"Məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər", - deyə Vons əlavə edib.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(17.01.2023)

 

 

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

Plastikdən yüngül, poladdan möhkəm material

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri plastikdən daha yüngül, lakin poladdan daha möhkəm olan yeni ultra nazik material hazırlayıblar.

2DPA-1 adlanan yeni material möhtəşəm xüsusiyyətlərə malikdir. Polimer çox nazik və yüngül olsa da, onun möhkəmlik həddi poladdan iki dəfə çoxdur, deformasiyası üçün isə güllə keçirməz şüşədən altı dəfə çox güc tələb olunur. Bundan başqa qaz və mayelər üçün tamamilə keçilməzdir.

Bu materialdan hətta binaların tikintisi üçün də istifadə oluna bilər.

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

 

Sitat: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci il - “Şuşa İli” çərçivəsində müxtəlif beynəlxalq tədbirlər, forumlar təşkil edib. Ötən il ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. 2022-ci il ərzində 1000-ə yaxın QHT nümayəndəsi və blogerin Şuşaya səfərini təşkil olunub. Bundan əlavə, müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib. 

Ötən il ərzində kiçik qrant müsabiqəsi, eyni zamanda, qeyd etdiyim kimi, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” və “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqamətləri üzrə qrant müsabiqələri elan olunub və ümumilikdə 515 layihə maliyyələşdirilib”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

 

Yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil- muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Unutmayaq, unutdurmayaq!” adlı tədbir keçiriləcək.

 

Tədbirdə A.Şaiqin mənzil-muzeyi yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri “Bir eşq hekayəsi” adlı poetik-kompozisiya ilə çıxış edəcəklər. 20 Yanvar şəhidləri İlham və Fərizənin başına gələn hadisələrin canlandırıldığı kompozisiya, uşaqların səsləndirdiyi “Qərənfil”, “Səninləyəm Azərbaycan”, “Şəhidlər”, “Bayatılar” kimi şeirlərlə zənginləşdiriləcək.

Tamaşadan sonra A.Şaiq mənzil-muzeyinin böyük elmi işçisi E.Məmmədli “Qanlı yanvar hadisələri” adlı mühazirə ilə çıxış edəcək. Daha sonra M.Rostropoviçin “Şəhidlər xiyabanı” və məcburi köçkün düşərgələrinə etdiyi ziyarətlərindən ibarət videoçarx nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

 

Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Cənub mövzusunda bənzərsiz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 97-ci ildönümü bu gün tamam olur.

 

Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar”-, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.

Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.

Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.

Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.

“Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.

Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.

Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi!...” deyərək onların dərdini də öz dərdinə qatıb, qan-yaş töküb, fəğan qoparıb.

Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Nə qədər ömrüm var sönməyəcəkdi,

Yaşamaq, yaratmaq həvəsim mənim!-, deyən şairin məğrur, bir az da nisgilli poeziyası heç zaman öz dəyərini itirməyəcək.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Вторник, 17 Январь 2023 12:56

Və qəfildən boran dayandı, günəş çıxdı...

Əməkdaşımız Aida Eyvazlının yol qeydləri

 

Qardaş türk elinə, Ata yurdumuza bu səfərimdə ilk olaraq əziz dostum və qardaşım Darxan Kıdıralıya başsağlığı verməyə tələsirdim. Onun  dünyasını dəyişmiş anasının ölüm xəbəri yaxın dostları kimi məni də sarsıtmışdı. 

Yanvarın 5-də təyyarəmiz Astanadakı beynəlxalq hava limanına enəndə hava şaxtalı idi, bir boran var idi ki, ləngər vuran təyyarədən salamat çıxmağımıza da şübhə edirdik. 8 saat gecikmə ilə Ata Yurda yetişdim. Lakin gecə saat 2 olduğundan  gedib  başsağlığı verə bilmədim. Digər bölgələrdə olan səfər görüşlərimi bitirəndən sonra, Astanaya geri dönüşümdə  ilk olaraq görüşdüyüm da dostum Darxan Kıdıralı oldu.  Dərdinə şərik olmaq, üzüntüsünü azaltmaq borcu var idi çiyinlərimdə. Çünki bu türk dünyasının böyük oğlunun seçimi ilə Ötükənə səfərim baş tutmuşdu. Mən o müqəddəs  yerlərdən durulanıb, havalanıb dönmüşdüm.

2014-cü ildən bəri olan görüşlərimizdə  Darxan bəydən anasını hal-əhval tutanda, yalnız “anneniz nasıldır?”-deyə soruşardım. O zaman üzündəki işıq da, nur da çoxalırdı. Nə zaman anasının yanına gedərdisə, mütləq o xoşbəxt anlarının şəklini sosial şəbəkədə paylaşardı. Ancaq heç zaman ailələrimiz haqqında dərin-ətraflı söhbət etməmişdik. Söhbətimiz, sözümüz türk dünyasını bir ailə kimi görmək olmuşdu.

Əvvəlcə  qardaşımızın iş yerinə - Qazaxıstan İnformasiya və  İctimai İnkişaf Nazirliyinə getdim. Görüşdük.  Başsağlığı verdim. Azərbaycandakı dostların da  hüzn bildirilərini çatdırdım. Biləndə ki, iki gün Astanadayam, evinə dəvət etdi.  Məni evində qarşılayan Gülmira xanım boynumu qucaqlayıb “anamız getdi”- deyib, hönkür-hönkür ağladı. Süfrə başında əvvəlcə oğul Darxan anası üçün Qurani Kərimdən dualar oxudu.

Sonra ana Qəndgül (qazaxca Kantkul deyirlər) haqqında xatirələr baş aldı. Onu bildim ki, Darxan bəyi dünyaya gətirən ana 31 yaşında dul qalıb. Ailənin başçısı Kuandık ağa 36 yaşında dünyadan köçəndən sonra ana sinif müəlliməsi əmək haqqı ilə övladlarını tək böyüdüb. Darxan oğul 8 yaşından ailənin həm atası, həm kişisi, həm də çörək qazananı olub. Sonra qardaş və bacılarının da əlindən tutub, işığa, yola çıxarıb. Əri dünyadan köçəndən sonra Qəndgül ana palçıqdan yoğurub kərpic-kərpic ucaltdığı ər evindən, həyətindən heç zaman uzağa, çölə-bayıra çıxmayıb.  Getdiyi yer müəllimə işlədiyi məktəb, gəldiyi yer ocağının başı olub. Ata evi yaşadığı Tülkibas rayonunun 4 kilometrliyində olsa da, bircə dəfə anası rəhmətə gedəndə ata evinə gedib. Deyib ki, mənim dünya həyatım bitdi. Bazarlığı, güzarlığı da övladları edib.

Darxan Kıdıralı ailə həyatı qurandan sonra isə, xanımı Gülmira ilə əl-ələ verib, ananın və bacı-qardaşının əyin-başını təzə saxlayıblar. Ana isə təzə paltarı olan kimi, gəlinin ona aldığı paltarları da, sırğa-bəzəyi də bu geyimlərdən, bu bəzəklərdən xoşlanan qonşusuna, qohumuna  bağışlayıb. Dünya malına  dönüb baxmayıb, dünya malında gözü olmayıb.

Süfrə başında xatirələr çözüləndə bildim ki, yalnız 2020-ci ildə ananın səhhətində pozğunluq özünü büruzə verəndə, xərçəng xəstəliyi aşkar olunanda, ilk dəfə Astanada yaşayan oğlu Darxanın evinə gəlməyə razı olub. Onda da gəlin Gülmira həmişə olduğu kimi yenə də ananın qulluğunda dayanıb.

Bir də ki, keçən ilin sonunda ananın səhhəti yenə pisləşəndə oğul onu öz evinə gətirib.

Analar-atalar üçün  axıdılan göz yaşları hər zaman qəlbimin içini yandırıb. Ata-ana yoxluğunun nə olduğunu ata-anasızlıq ağrısını yaşayanlar bilər. Yara, ayrılıq təzə olanda insanı necə yandırır, bu ayrılığı yaşayanlar bilir. Darxan bəy danışırdı ki, anam gözlərini əbədiyyətə yumduğu  31 dekabr gecəsi  Astanada bir tufan başladı ki, gəl görəsən... 

Ömür boyu anasızlıq ağrısını yaşayan əbədiyyət şairimiz Nüsrət Kəsəmənlininn “Bir ana gətirdik...” şeri başımda fırlanırdı.

 

Küləklər bu axşam dönmüşdü neyə,

Kədər hıçqırırdı hey için-için.

Bir ana gətirdik dəfn eləməyə,

Gətirdik, torpağa tapşırmaq üçün.

 

Yollar qabar-qabar, kündə-kündədir,

Yollar ürək kimi boşalır, dolur.

 Günəşli gündə də, qarlı gündə də

 Qəbristan yolları yağışlı olur.

 

Ömür sarayından bir kərpic düşüb,

Kim təsəlli versin, Kim qovsun qəmi?!

Çiyinlər üstünə bir körpü düşüb

Ölüb, Xudafərin körpüsü kimi...

 

Bir ana gətirdik dəfn eləməyə,

Bir oğul gözündə heç idi dünya.

Günəş tələsirdi dağdan enməyə,

Bəlkə utanırdı bu gidi dünya...

 

Bir oğul ağlayır hey yana-yana,

Yanğı söndürməyə bulağa dönmüş.

İndicə tabutdan duracaq ana

Deyəcək: - Üzüldün, anası ölmüş!

 

Nə səbrə yer qalıb, nə də niyyətə,

Kədərli-kədərli çatılıb qaşlar.

Bir ana gəlibdir əbədiyyətə

Hörmətlə ayağa durubdur daşlar.

 

Gedirik... Nisgildir yolları yoran,

O təzə daşa da qəriblik endı.

Daş deyil, elə bil bizdən nigaran

Analar yollara boylanır indi...

 

Qəndgül ana  40 il ərzində ətrafdakılarına, doğmalarına, onu axtaranlara sevgi-işıq bağışlamışdı.

Qəndgül ana 1 yanvarda dünyaya gəlmişdi. 1 yanvarda isə övladlar böyük qardaşın evində yığışıb ananın doğum gününü qeyd edəcəkdilər.  71 yaşı tamam olan günü Ananı dəfn edəndən sonra isə göydən günəş boylanacaqdı. Tufan da, boran da sozalıb gedəcəkdi. Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”-yəni “qayıtdı!”. Qəndgül  ana da Tanrının yanına gülə-gülə, ağrısız qayıtmışdı.

Gülmira xanım danışırdı ki, “inanırsınız, iki ay ərzində xərçəng bədənində şaxələnsə də, ağrıları olmadı. Hansısa bir qüvvə anamızdan ağrıları almışdı. Ana qollarımın üstündə dəyişdi dünyasını…”.

Qəndgül ananı əvvəlcə 40 il yaşadığı evə aparıblar. Kəndə çatanda Günəş göydən boylanıb. Hava durulanıb. Qəndgül ananı dərgahına apardığına görə Tanrı sevinirdi yəqin. Günəş göy üzündə Tanrının təbəssümüdür axı.

Darxan bəy ana cənazəsini çiyninə alanda bir də onda baxıb ki, anasını gəlin köçən zaman ata evindən gətirdiyi xalçaya büküblər.  O xalça ki, uzun illər idi bu evdə  gözə görünməmişdi. Ana özünə bu dünyada övladlarından başqa bir var-dövlət istəməmişdi. Dünya malı kimi ata evindən gətirdiyi bir xalçası qalmışdı. O da son mənzilə gedəndə yenə ona yoldaş oldu.

Tanrı yaratdığı bəndəsi Qəndgül üçün güllü-şəkərli həyat verməsə də, övladları böyüyəndən sonra, Darxan bəyin işığına təkcə digər üç övladı deyil, bütöv türk dünyası işıqlandı.  Haraya getdisə, özü ilə müəllimə anasından və acı həyatdan aldığı dərsləri şirin və sakit tərzdə anlatdı Darxan bəy.

 

Yazıma nöqtə qoymaq istədiyim bu məqamda isə sevgili şairimiz Nüsrət Kəsəmənli şerindəki bəzi məqamları Darxan oğulun hissləri ilə eyniləşdirmək istəyirəm.

İndi Tülkibas kəndində bir ana uyuyur. Darxan Kıdıralını dünyaya gətirən ana.  40 illik atasızlıq ağrısını çiyinlərində daşıyan oğul, Nüsrət Kəsəmənlinin yazdığı məqamda idi:  “Bir oğul ağlayır hey yana-yana, yanğı söndürməyə bulağa dönmüş…”,  bir də “Bir ana gəlibdir əbədiyyətə, Hörmətlə ayağa durubdur daşlar!”.

O daşlar ki, elə türk dünyasının məktublarıdır, o daşlar ki, o kitabələr ki, Kutluq xaqanın yazdığı məktubdur… O daşların dilini bilmək üçün dünyaya oğul gətirən ana həqiqətən də ölməz ki, qayıdıb əbədiyyətə qovuşar!.

Məqamın kutlu olsun, Qəndgül ana.

Başınız sağ olsun, Darxan bəy! Təki bütün analar dünyadan oğullarından razı və rahat köçsün. İllərini bir kənd evində keçirən ana oğlunu ən ali rütbədə görüb, dünyadan köçübsə, əlbəttə hətta məlun xərçəngin ağrılarını da hiss etməyəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

 

 

Söhbətimiz ABŞ-da təsis edilmiş “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının  barədədir, təşkilatın şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir. 

 

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatın məlumat yayıb və bu məlumatda bildirilir ki, ölkəmizdə müharibə iştirakçılarının, şəhid ailə üzvləri və qazilərin psixoloji reabilitasiyası istiqamətində dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla dövlətimizin bu istiqamətdə gördüyü işlərə yaxından dəstək vermək, yerli mütəxəssislər hazırlamaq məqsədilə ötən ilin mayından həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi çərçivəsində ikinci müalicə növünün təlim proqramına start verilib. 

“PAŞA Sığorta” şirkətinin dəstəyi ilə reallaşan uzunmüddətli layihənin məqsədi şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması, gələcəkdə bu istiqamətdə peşəkar təcrübənin artırılmasıdır. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinin nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən tibb müəssisələrinin klinik psixoloqları üçün təlimlərin növbəti mərhələsinə başlanılıb. 

Qeyd edək ki, ötən ilin oktyabrında posttravmatik stres pozuntusu diaqnozlu xəstələr üçün ən səmərəli iki müalicə üsullarından biri koqnitiv işlənmə terapiyası üzrə 24 psixoloq üçün təlimlər təşkil olunub. 

Bu dəfə isə ikinci müalicə üsulu sayılan Yazılı Ekspozisiya Terapiyası üzrə 17 psixoloq üçün təlim proqramları təşkil edilib. Layihəni uğurla başa çatdıran iştirakçılar arasından yaxın beş il ərzində həm də beynəlxalq təlimçi kimi Azərbaycanda peşəkar psixoloqların hazırlanması istiqamətində fəaliyyət göstərəcək mütəxəssislər hazırlanacaq. 

Dekabrda yazılı ekspozisiya terapiyası üzrə 12 həftəlik ilkin təlimləri uğurla tamamlayan iştirakçılar müvafiq sertifikatlar aldıqdan sonra bu müalicə üsulu üzrə növbəti təlimlərə vəsiqə qazanıblar. 17 klinik psixoloq iki gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin yazılı ekspozisiya terapiyası üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərdə iştirak edəcəklər. Bu mərhələdə pasiyentlərlə individual işlərin aparılması, tapşırıqlar, qiymətləndirmə meyarları və sair istiqamətlər üzrə psixoloqların növbəti mərhələyə hazırlıqları təmin ediləcək. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə - superviziyalara başlayacaqlar. 

Burada iştirakçılara beş sessiyalıq tapşırıqlar veriləcək, həmçinin protokollar üzrə müalicə olunan xəstələrin gedişatını izləmək üçün davamlı qiymətləndirmə (müalicədən əvvəl, ərzində və sonrası) üzrə razılaşdırılmış vahid yanaşmanın tətbiqi, təlim zamanı dörd posttravmatik stres pozuntusu diaqnozlu qazi ilə müalicə kursu keçməsi planlaşdırılır. Yaxın üç ay ərzində ABŞ ekspertləri layihə iştirakçılarına praktiki dəstək göstərəcək. 

Hazırda “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” layihəsi çərçivəsində koqnitiv işlənmə terapiyası və yazılı ekspozisiya terapiyası kitablarının Azərbaycan dilində nəşri, həmçinin Azərbaycan dilində “CPT Coach” ilk psixoloji mobil tətbiqin yaradılması işlərini tamamlamaq üzrədir. 

Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir. 

 

Posttravmatik stres pozuntusundan əziyyət çəkən insanlar (070) 573-06-55 və (070) 528-49-43 telefonları nömrələrinə zəng edib ödənişsiz müalicə kursuna yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Вторник, 17 Январь 2023 19:00

“İnanıram” tamaşasının premyerası olacaq

Yanvarın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram” adlı səhnə əsərinin premyerası olacaq. 

Teatrın mətbuat xidmətinin məlumatına görə, səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. 

 

Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı görmədən şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə o ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib. Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır. 

Xatırladaq ki, tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa İli”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı”nda nümayiş etdirilərək ikinci yerə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.