Super User
Sabah 20 yanvardır
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə əbədi yazılıb. Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi olan, qan yaddaşında silinməz iz qoyan hadisələr var, bizdə də bu, 20 yanvar hadisələridir.
Bu gün yanvarın 19-dur, növbəti ildönümündən bizi cəmi bir gün ayırır. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən artıq 33 il keçir...
Ayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir qərinə keçsə də, unutmadıq!” adlı tədbir keçirilib.
Tədbirdə 20 Yanvar hadisələrindən söhbət açılıb, o qanlı gecənin günahsız qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Beynəlxalq hərbi mahnılar müsabiqəsinin mükafatçısı Rauf Məmmədzadənin, respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Vahidov və tələbələrinin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib.
Şəkildə: Rauf Məmmədzadə
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Günün fotosu: Avropada dərmanlar çatışmır
Günün fotosu: Avropada dərmanlar çatışmır
Kəskin respirativ xəstəliklərin və epidemiyanın cövlan etməsi səbəbindən Avropa apteklərində dərman qıtlığı hiss olunur. Əksər ölkələrdə vəziyyət kritik həddə çatıb.
İnsanların immun sistemləri zəifləyib, nu aşkardır.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Səngəçal karvansarası niyə baxımsız haldadır?
Orta əsrlər dövrünə aid olan Səngəçal karvansarası baxımsız qalıb. Bu barədə sosial şəbəkələrdə paylaşılan fotolardan görmək mümkündür.
“Ədəbiyyat və incəsənət” Oxu.az-a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən, paytaxtdan 45 km cənubdakı Səngəçal karvansarası Bakı-Salyan yolu üzərində qərarlaşır. İkimərtəbəli tikili dördbucaqlı formada inşa edilib. Mişar daşından tikilən binanın fasadında olan kitabədə karvansaranın Şirvanşah I Xəlilullahın göstərişi ilə 1439-40-cı illərdə inşa edilməsi barədə qeydlər var.
Karvansara binası hazırda baxımsız vəziyyətdədir. Yerli sakinlər binanın əsaslı bərpaya ehtiyacı olduğunu qeyd edirlər. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırıb. Köklü şəkildə yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.
Artıq üç ildən də uzun bir müddətdir ki, Səngəçal karvansarasının fotolardan gördüyünüz vəziyyətdə olduğu qeyd edilib.
Orta əsr Şirvanşahlar dövlətinə aid olan, yox olmaq təhlükəsi ilə üz-üzə qalan abidə ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Qeyd edək ki, mövzu ilə əlaqədar istifadə edilən fotolar bloqer İradə Qədirovanın paylaşımından götürülmüşdür.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
“Adam hərdən çıxıb getmək istəyir…”
“Poetik qiraət” rubrikasında şair Əlizadə Nurinin “Hamı sol yanını sağ istəyirmiş…” şeirini oxucularımıza təqdim edirik.
Sevinc əkiləndə bizdə varıydıq,
Yada salmadılar biçində, qadın.
Tanrı bir bağlama göndərib mənə-
Heyif ki, sən yoxsan içində, qadın.
Sən hara çəkildin? Sən çəkiləndən,
Bir gün də nəşəm yox, min gün ahım var.
Mən sənə min dəfə “ bağışla” dedim-
Sən elə bildin ki, min günahım var….
Hamı sol yanını sağ istəyirmiş,
Bəlkə yaralara elə yar mənəm?
Qəm mənə nə gözəl heykəl ucaldıb-
Sən demə, hamıdan füsunkar mənəm!
Gəl, gedib oturaq öz küncümüzdə,
Bizim nə işimiz özgə masada?
Adam hərdən çıxıb getmək istəyir,
Lap elə getməyə yar olmasa da…
…Bizim bəxt quşuymuş dumanda azan-
Bu bəxtə ağlayaq, quşa ağlayaq?
Sevgi balamızın tabutu üstə,
Gəl, qoşa ağlayaq, qoşa ağlayaq…
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
"Kimlərin ki, toylarında oxumuşam, ayrılıblar”
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xeyirli axşamlar" verilişində subay olan idmançı oğlu Cahaddan söz açaraq bildirib ki, onu evləndirib, qayınana olmağa tələsir:
"Övladım anadan olandan qayınana olmağa tələsirəm. Cahadın 32 yaşı var. Kimlərin ki, toylarında oxumuşam, görmüşəm ki, onların xasiyyəti tutmayıb və ayrılıblar. Deyirəm ki, oğlum ailə qurmağa tələsməsin. Çünki ayrılıqdan sonra hər iki tərəf və uşaqlar travma alırlar. Ailə qurmaqdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır. Yaxşısı budur ki, güc olsun, amma gec olsun".
Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.
Və çox güman ki, B. Dadaşova oğlunun toyunda əsla özü əsla oxumayacaq.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Ötən il 186 mindən çox şəxs birdəfəlik müavinət alıb
Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilkin məlumatlara əsasən 2023-cü ilin əvvəlində ölkədə pensiyaçıların sayı 1 milyon 115 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 11 faizini təşkil edib.
Həmin dövrdə 417 min nəfər aylıq sosial müavinət, 382 min nəfər isə Prezident təqaüdü alıb. 2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 186 min nəfərdən çox olub.
İlkin məlumatlara əsasən 2023-cü ilin əvvəlinə 66 minədək aztəminatlı ailənin 292 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 88 manat təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Daha doqquz məsələ parlamentin plenar iclasına tövsiyə olunub
Yanvarın 18-də Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və qanun layihələrinin daxil edildiyini deyib. 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə danışan Ziyafət Əsgərov hesabat dövründə komitənin 10 iclasının keçirildiyini, iclaslarda 14 məsələnin müzakirə edildiyini deyib. O, ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verərək bildirilib ki, hesabat dövründə komitəyə daxil olan 158 ərizə, şikayət və təklif aidiyyəti üzrə baxılıb və müvafiq tədbirlər görülüb.
2023-cü ilin yaz sessiyası üçün komitənin iş planı ilə bağlı Ziyafət Əsgərov diqqətə çatdırıb ki, sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub. İş planına “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyini bildirən komitə sədri sənədin Milli Məclisin müzakirəsinə hazırlığı barədə danışıb.
İclasın müzakirəsinə çıxarılan qanun layihələrini müzakirəyə təqdim edərkən Ziyafət Əsgərov layihələrin “Media haqqında” Qanununun icrası ilə əlaqədar hazırlandığını və uyğunlaşdırma xarakteri daşıdığını bildirib.
Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə”də, “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi”ndə və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında” “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, ”Fövqəladə vəziyyət haqqında” “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrində mətn boyu “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitəsi” kimi ifadələrin “media subyektləri”, “media” ifadələri ilə əvəzləmək təklif olunub.
Məsələlərdə deputatlar Bəxtiyar Sadıqov, Aqil Abbas, Elman Məmmədov çıxış edib, fikirlərini bildiriblər.
Müzakirələrin sonunda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihələri isə baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Əminə Ağazadə, Erkin Qədirli, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə və digər rəsmi şəxslər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
“Worldchefs” prezidenti kreativ reseptlə Şuşaya həsr olunmuş “Şuşalı” yeməyini hazırlayıb
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşa şəhərinə səfər edib.
“Ədəbiyyat və incəsənət”
AzərTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Tomas Quqler Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Novruzovla görüşüb.
“Worldchefs” prezidenti “Güllələnmiş heykəllər”, Şuşa qalası, Bülbülün ev-muzeyi və Cıdır düzü ilə tanış olub. Ona Qarabağ mətbəxinə aid “Boyanalı aş”ın və milli mətbəximizin şahı hesab olunan “Şah plov”un hazırlanması nümayiş etdirilib. Tomas Quqler Şuşa şəhərindən ilhamlanaraq kreativ reseptlə yeni yemək hazırlayıb və onu “Şuşalı” adlandırıb.
Qeyd edək ki, Tomas Quqler Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana səfər edib. Səfərin məqsədi qlobal mətbəxlərin kulinariya standartlarının təkmilləşdirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı gücləndirmək, ölkəmizdə qastroturizmin inkişafı ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.
O, səfər çərçivəsində yanvarın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda keçirilən konfransın müzakirələrində iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Reza Deqati 20 Yanvarla bağlı paylaşım edib
Məşhur güneyli fotojurnalist Reza Deqati rəsmi instaqram səhifəsində 20 Yanvarla bağlı paylaşım edib.
O, paylaşımda ATV telekanalıyla birgə hazırladığı “Diqqəti çəkən həqiqət” filmi haqqında məlumat verib.
Bildirib ki, tezliklə yayımlanacaq filmdə Qanlı Yanvar xatirələrini, yaşadığı ağlasığmaz çətinlikləri ilk dəfə olaraq ətraflı şəkildə izləyicilərə çatdıracaq.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək
Fevralın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək.
BMA-nın mətbuat xidmətindən bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq.
Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)